date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-01-08
5,916
Amerikadan Türkiyəyə qadağa – Fərman
ABŞ Ticarət Nazirliyi terrorla mübarizə idarəsi bir türk şirkətinin iki "Boinq" təyyarə mühərrikini İrana satmasına qarşı qərar qəbul edib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, nazirliyin saytında da yayımlanan qərarın imza tarixinin 3 yanvar olduğu və ikinci əl mühərriklərin təsliminin bu gün edilməsinin gözlənildiyi bildirilib. Qərarda alıcı şirkət olaraq isə İrana məxsus Pouya Hava Yollarının adı hallanır. İrana "Boinq" mühərriklərini satan türk şirkəti 3 K Hava və Lojistikin müdiri Engin Borluca "Assosayted Press"ə verdiyi açıqlamada ABŞ-ın məhdudlaşdırmalarının ABŞ xaricində həyata keçirilən alış-verişleri də əhatə etdiyini bilmədiyini və şirkətinin məsələni həll etməyə çalışdığını söyləyib. Borluca qeyd edib ki, ABŞ-ın bu addımı şirkətə böyük ziyan vuracaq. Ticarət nazirinin müavini David Millsin imzası ilə verilən fərmanında 3 K və Pouya ilə birlikdə, mühərrikləri Türkiyəyə göndərdiyi bildirilən "Adaero İnternational Trade" adlı şirkətə də ağır cəza tətbiq ediləcəyi qeyd olunur. Qərara görə, şirkətlər 180 gün ərzində ABŞ-ın nəzarət siyahısında olan hər hansı bir məhsulun ticarətini edə bilməyəcək. Həm də banklar daxil olmaqla, digər şirkətlər də həmin şirkətləri maliyyələşdirə bilməyəcəklər. "Adaero İnternational Trade" və Pouya Hava Yollarından məsələ ilə bağlı hələ açıqlama verilməyib.
2014-01-08
5,917
Gəncədə yanğın
Gəncədə yanğın hadisəsi baş verib. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kəpəz rayonunda ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 23:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
2014-01-08
5,918
Neft yenidən bahalaşıb
Yanvarın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,24 dollar və ya 0,2% artaraq 1 barelə görə 93,67 dollar təşkil edib. Məlumata görə, yanvarın 7-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,62 dollar və ya 0,6% artaraq 107,35 dollar olub (APA).
2014-01-08
5,919
"Opel" qəza törətdi - Fotolar
Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində, Elman Qasımov küçəsində qeydə alınıb. 90 NA 391 dövlət nömrə nişanlı "VAZ-2107" və 90 ET 453 dövlət nömrə nişanlı "Opel" markalı avtomobillərin toqquşması nəticəsində "Opel"in sürücüsü, 42 yaşlı Teymurov Məzahir Zülfü oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Qəzanın səbəbləri Suraxanı Rayon Polis İdarəsində araşdırılır.
2014-01-08
5,920
ABŞ Cənubi Koreyaya əlavə qoşun göndərəcək
ABŞ Cənubi Koreyaya əlavə qoşun və hərbi texnika göndərmək qərarına gəlib. İTAR-TASS-ın məlumatına görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Stiven Uorren deyib. S.Uorren qeyd edib ki, həmin tədbirlər çoxdan planlaşdırılıb: Bu, bizim Koreya yarımadasında təhlükəsizliyin təmin edilməsinə üstünlük verməyimizlə əlaqədardır". Fevral ayında Koreya Respublikasına 9 ay müddətinə təqribən 800 hərbi qulluqçunun göndərilməsi nəzərdə tutulur. Söhbət, həmçinin 40 ədəd M1A "Abrams" tankından və təxminən eyni sayda döyüş maşınlarından gedir. Mütəxəssislərin qeyd etdiyi kimi, hazırda Cənubi Koreyada 28 minə yaxın amerikalı hərbi qulluqçu var (Trend).
2014-01-08
5,921
Fətullah Gülənin görüşdüyü azərbaycanlı... kimdir? – ÖZƏL
Axar.Az-a özəl mənbələrdən maraqlı bir məlumat daxil olub. Xəbərdə deyilir ki, Türkiyədəki son "rüşvət qalmaqalı"ndan sonra ciddi şəkildə gündəmə gələn Fətullah Gülənin görüşdüyü azərbaycanlılar arasında bir maraqlı isim də var: bu, gənc fəal, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyevdir. Mənbə bildirir ki, görüş əslində 2008-ci ildə, B.Hacıyev ABŞ-da təhsil aldığı zaman baş tutub. B.Hacıyev ağıllı və intellektual bir gənc kimi Harvard Universitetində təhsil alan nurçu tələbələrin diqqətini çəkib. Onlar azərbaycanlı tələbəyə F.Gülənlə görüşməyi təklif ediblər. Bəxtiyar Hacıyev təklifi qəbul edib. Onlar daha bir neçə gəncin də iştirakı ilə F.Gülənin Pensilvaniyada yerləşən iqamətgahında görüşüblər. Həmin görüşdə nədən danışılıb, B.Hacıyevə nələr təklif edilib? Bu barədə əldə etdiyimiz məlumatları dəqiqləşdirməyə çalışırıq. Bizi izləyin...
2014-01-08
5,922
“Zakir Həsənov gələndən sonra çörəyimiz kəsilib”
Prezident İlham Əliyevin 14 dekabr 2013-cü il tarixli sərəncamı əsasında 2014-cü il yanvarın 1-dən etibarən 1996-cı ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə sərəncamda nəzərdə tutulmuş başqa Azərbaycan Respublikası vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılıblar. Yanvarın ilk həftəsi bayram günləri olduğundan, çağırışçılar bu gündən etibarən ordu sıralarına yola düşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə çağırılıblar. İlk iş gününün səhəri xidmətə yola düşəcək olan dostumuzla bərabər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinə yollandıq. Məqsəd həm dostumuzu müşayiət etmək, həm də idarədəki prosesi izləmək idi. Cəmşid Naxçıvanski küçəsi 68-də yerləşən İdarənin qarşısında valideynlər və çağırışçılar toplaşmışdı. Özümüzü jurnalist yox, çağırışçı yaxını kimi təqdim edib ətrafdakılarla söhbətə cəhd etdik. Çağırışçılardan əksəriyyəti düşdükləri hərbi hissəni öyrənməyə gəldiyini bildirirdi. Bir valideyn isə hərbi hissəni öyrəndikdən sonra deyirdi ki, oğlunu hərbi hissəyə özü aparacaq. Daha maraqlı, bir az da təəccüblü hadisə isə çağırışçılardan bəzilərinin idarənin əməkdaşına rüşvət təklif edərək xidmətə ayın sonu yollanmalarını xahiş etdikdə yarandı. Biz də fürsətdən istifadə edib, idarənin əməkdaşı ilə əsgər qohumu kimi danışdıq, cəhd etdik, heç olmasa, ayın sonuna qədər ləngitməsi üçün "ənənəvi qayda"dan istifadə etmək istədiyimizi dedik: - Yox e, qardaş, mümkün deyil, - hərbçi israrla imtina etdi. – Elə bilirsiz mən istəmirəm? Sadəcə, mümkün deyil. Təzə nazir gələndən sonra çörəyimiz kəsilib. Daxili komissiya yaradıb və bu tip hallar olduqda komissiya tərəfindən ciddi şəkildə araşdırılır. Tutsalar, anamı ağladarlar...
2014-01-08
5,923
“Azərsu” ASC abunəçilərə xəbərdarlıq etdi
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Səbail Sukanal İdarəsi yeni ünvana köçüb. "Axar.az"a "Azərsu" ASC-nin mətbuat xidmətindən daxil olan məlumata görə, indiyə qədər Səbail rayonu Əhəd Yaqubov küçəsi 83 ünvanında fəaliyyət göstərmiş idarə hazırda Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 151 ünvanında yerləşir. Abunəçilərin diqqətinə çatdırılır ki, su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı yeni ünvana müraciət etsinlər. Əlaqə telefonu: (012) 502-46-99 Məlumatda həmçinin Səhmdar Cəmiyyətin Nəsimi Sukanal İdarəsinin də ünvanı dəyişdirildiyi bildirilib. Hazırda Nəsimi Sukanal İdarəsi Bakı şəhəri Nəsimi rayonu Alı Mustafayev küçəsi 1D ünvanında fəaliyyət göstərir. Əlaqə telefonu: (012) 530-53-21, 530-53-24
2014-01-08
5,924
Mövqelərimiz atəşə tutulub
"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-01-08
5,925
Qarabağdan danışan “prezident”
"Konfliktin həll olunmaması və dünya ictimaiyyəti tərəfindən tanınmaması Qarabağı digər tanınan ölkələrin əldə etdiyi imkanlardan məhrum edir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə qondarma "Dağlıq Qarabağ Respublikası"nın "eks-prezidenti" Arkadi Qukasyan çıxış edib. O, erməni mənşəli kapitalın Dağlıq Qarabağa çoxdan gəldiyini bildirib: "Erməni mənşəli kapital Qarabağda çoxdan var. Bizim əsas problemimiz xarici kapitalla bağlıdır. Bu isə hazırki problemli şəraitimizlə bağlıdır".
2014-01-08
5,926
1720-ci adam: Süleyman Rüstəm şeirimi adına çıxmışdı - Video
"Belə qəmli dayanma" mahnısının müəllifi Bəlkə də onu çoxları tanımır. Amma elə bir adam tapılmaz ki, onun sözlərinə yazılan mahnıları zümzümə edib, bu mahnıların ovsununu yaşamasın. "Belə qəmli dayanma", "Gözləyirəm yolunu" və dövrünün başqa dillər əzbəri olan mahnıları bu gün də sevilə-sevilə dinlənilir. Hələ illər öncənin çox populyar olan, hər kəsin ürəyinin tellərini oynadan "Tələbəyəm, hələ mehəm, bu günümə, sabahıma cavabdehəm" misraları ilə könülləri oxşayan mahnını necə, görəsən eşitməyən, eşidib sevməyən və eşidibsə, sevibsə unudan varmı? Bu mahnının misraları gənclik illərimizin yaddaşına hakim kəsilməyibmi? Unutmuşuqmu bu sözləri? İnanmıram! Hələ gənclik illərində şair dostlarına, eləcə də, kifayət qədər məşhur, tanınmış yazarlara bədahətən dediyi və dillər əzbəri olan həcvlər necə? Yaddan çıxırmı, unudulurmu? Müşahidələrim və apardığım kiçik sorğu birmənalı şəkildə "yox" deyir. Bəs özü niyə unuduldu, yaddan çıxdı, yada düşmədi? Bu suallarla onu axtardıq. Uzun axtarışlardan sonra telefon nömrəsini tapdım, sonra özünə darıdıq - Gəncədəymiş. Vədələşdik. "Bakıya gələndə zəngləşərik,- dedi. Ardınca: - Gəlməliyəm, həkimim dərmanlar yazıb, kurs müalicəm davam etməlidi,- deyəndə isə gələcəyinə arxayın oldum. Yerlə göyün arasında... Beləliklə "İtkin düşmüş" şair Şamxal Rüstəmlə "Axar.az"ın redaksiyasında görüşdük. Yaşı altımışı keçib, amma daha yaşlı görünür. Utancaq görünüşü var. O qədər yavaş danışır, sanki kimisəni narahat etmək istəmir. Salam-kalamdan sonra soruşur: - Faiq, nə məsələdi? Səndən sonra Vasiflə danışdım, amma bir söz demədi. Dedi, axtarırsa, görüş də... - Şamxal bəy, çoxdandır görünmürsüz, haralardasız? - Yerlə göyün arasında... - Yerlə göyün arasında bir yer tapa bilmirsiz? - Belə də, hər halda ürəkaçan yer deyil bu aralıq qalmaq üçün... - Nə işlə məşğulsuz? - Heç bir işlə, həkimlərə dostluq edə-edə yaşamaqla məşğulam. - Demək işləmirsiz, bəs necə dolanırsız? - Əvvəllər radioda işləmişəm, indi ta işləmirəm. Pensiya alıram. İkinci qrup əliləm. - Demək olar ki, dərc olunmursuz, heç olmasa yazırsızmı? - Hə, son vaxtlar çox az dərc olunuram. Heç yerə getmirəm axı. Amma yazmağına, yazıram. Yazıb atıram, qalır. Amma özüm heç yerdə çap olunmuram. - Şamxal müəllim, siz kifayət qədər tanınan şair olmusuz. Şerinizin birində dediyiniz kimi, sizi kimin qarğışı tutdu? Bəlkə siz özünüz özünüzə qənim kəsilmisiniz? Dostlardan, ədəbi mühitdən uzaq düşmüşünüz? Nəyə görə belə edirsiniz, bəlkə bir incikliyiniz var? - Xeyr, qarğış-zad da tutmayıb. Mən elə doğulandan beləyəm. Elə deməzdim. Heç kimdən incikliyim də yoxdur. Yaşamağım elə dostlarım və dərmanların hesabınadır, – stolun üstündəki dərman dolu selafon torbanı göstərir.- Dərmanlar acıdır, amma həyata qaytarır, ağrılarımı azaldır. Heç vaxt könül qırmamışam - Şeirləriniz əsasən gənclərin cib dəftərçələrində olardı. Bu şeirlərlə könül alıb, könül qıranlar çox olub. Bəs siz özününüz necə, çox qızların könlünü qırmısınız? - Heç vaxt könül qırmamışam. Başımı əyib, özüm üçün yazmışam. İndi də elə. Yazmaqla içimi boşaldıram. Heç vaxt çap olunmaq arzusu ilə yaşamamışam. Dostlarım sağ olsun, şeirlərimi dildən-dilə yayıblar... - Bəlkə, elə dərc etdirmədiyinizə görə də bəziləri şeirlərinizi öz adına çıxır? Yaxşı ki, Vasif Süleyman şeirlərinizi toplayıb dərc etdirir, sizin müəlliflik hüququnuzu bərpa edir. - Yox, elə şey olmayıb. Olub e, səhvən, nə bilim, nə təhərsə olub... 1982-ci ildə mənim şeirimə "Elə qəmli dayanma" mahnısı yazıldı. Yəqin indi çoxdan unudulub. Bəlkə də yox. Bax, həmin mahnının sözləri elan ediləndə başqa birinin adı çəkilmişdi. Süleyman Rüstəm deyib ki, o şeiri gənclik illərimdə yazmışam - Kim idi o? - Süleyman Rüstəmin adı ilə getmişdi. Bu rəssamın səhvindən olub. O da yəqin məni tanımırmış, ona görə. Ş.Rüstəm yazılıb, fikirləşib ki "Ş" olmaz, "S" olar. Süleyman Rüstəmə zəng vurub təbrik ediblər ki, çox gözəl mahnıdır, onunsa cavabı maraqlı olmuşdu. Demişdi ki, yadıma gəlmir, yəqin gənclik illərimdə yazmışam. Onda gənc idim. Radioda işləyirdim. Sonra Gəncə-Qazax zonası üzrə müxbir oldum. O vaxt zonalar ləğv olundu. Bütün zonalar, müxbir ştatları ləğv olundu. Qaldıq işsiz. Mahnılarım isə çoxdur. Manana "Gözləyərəm yolunu" oxuyur. Heç adımı da demirlər. Floranın ifasında da mənim mahnılarım səslənir. İndi o mahnıların hamısı fonddadır. - Hər dəfə oxunanda qonorar alırsınız? - Xeyr, bir dəfə o vaxt verdilər. Amma əvvəllər çox alardım. Hər radioda, televiziyada, konsertlərdə, zəhmətkeş qarşısında, kolxoz-sovxozda oxunanda qonorar yazılardı. Onda hər şeyin yiyəsi, işini bilən vardı. Sonra çağırıb bir dəfəlik 5-10 şirvan verib elədilər fondun mahnısı... - Deyəsən gənclik illərinizdən elə adamayovuşmaz olmusuz, kimlər idi sizin daha çox ünsiyyət qurduğunuz dostlar? - Adamayovuşmaz deyiləm ki... Adamın gərək öz babı ola. O dövrlərdə Siyavuş Sərxanlı, Nüsrət Kəsəmənli, Musa Ələkbərli ilə tez-tez görüşərdik. - Rayonda vəziyyət necədir? Dolanışıq mümükündür? - Elə burdakı kimi. Bilirsən də mən indi Şəmkirdə - Dəllər qəsəbəsində yaşayıram. Elə orda da doğulmuşam. Allaha şükür övladlar, xeyli nəvələr. Yaşayırıq da,– siqaret yandırır. - Həkim bu gün mənə deyir ki, yenə siqaret çəkirsən? Dedim hə... Dedi, axı sənə siqaret çəkmək olmaz. Bir vaxtlar daha çox içib-çəkirdim. Sonra dayandırdım. Artıq bunlardan uzağam. O vaxtlar buna alışmışdıq (boğazına çırtma vurur. – İçkini nəzərdə tutur). Fərman Kərimzadə dedi ki, Hikmət Ziya təmsili bronlayıb - Musa Ələkbərli ilə bağlı xatirələriniz çoxdur, deyəsən yaxın dost olmusunuz... - Bəli, daim birlikdə gəzirdik. O, çox yaxşı şair və dostdur. Musa ədəbiyyatı qurtarıb, mən isə jurnalistikanı. Əvvəllər mən təmsillər yazırdım. Amma Fərman Kərimzadə məsləhət gördü ki, şeir yazam. "Təmsillə sən heç vaxt şair kimi imzanı tanıda bilməzsən, Hikmət Ziya oranı bronlayb",– dedi. O, məni şeirə istiqamətləndirdi. Sovet hakimiyyəti dağıldı, amma kitabım çıxmadı... - Nə vaxt ilk kitabınız çıxdı? - Kitablarımın hamısını özüm nəşr etdirmişəm. Publilistika, Şəhidlər haqqında... Şeirlər. Sovet dövründə şeirlər kitabım nəşr olunmalı idi "Gənclik" nəşriyyatında. İlyas Tapdıq kitabımın çıxacağını desə də, o vaxtdan gözüm nəşriyyatlardadır, Sovet hakimiyyəti dağıldı, amma kitabım çıxmadı... - Gəldiniz Bakıya oxumağa. Təhsil aldınız, qazandığınız, tapdığınız, itirdiyiniz nə oldu? - Qazandığım, bir ev oldu. Amma çox şey itirdim. Sağlamlığımı itirdim, dostlarımdan, ailəmdən uzaq düşdüm. Həmişə ailəm mənim üçün narahat olurdu. İndi 25-30 yaşım olsaydı, daha çox şeylər əldə edə bilərdim. Mən özüm də hiss edirəm ki, artıq yaş yetişib. Fikrim rayona getməkdir. Qazandığım dostlarım oldu. Onlar da yoxa çıxır, bəziləri dünyasını dəyişdi, bəziləri də yeni dünyaya alışdı. Qaldım göylə yerin arasında. Səhhətimdə problemlər var, həkimlər dərman yazır, mən də pensiyamı verib alıram... İtirdiklərimi saymaq istəmirəm... Məni Məmməd İsmayıl işdən çıxartdı - İtkilərdən danışdınız. Dediniz sağlamlığınızı, iş yerinizi itirdiniz. Getdiniz rayona işlədiniz. Sonra ixtisara düşdünüz. Necə oldu? - O vaxt hamını ixtisara saldılar. Məmməd İsmayılın dövrü idi. Cəbhə dövrü idi də. Malik Fərrux tələbə dostumuz Yunis Hacıyevin işdə qalması üçün Məmmədd İsmayılın yanına giribmiş. Məmməd qağa demişdi ki, bir də belə bir xahişlə gəlsən, sən də ərizəni yaz çıx işdən. - Neçə şeiriniz olar? - Saymamışam. Yazıram, qalır. Dərc olunan olunur, dərc olunmayan qalır. - Bəlkə ona görədir ki, sizin bəzi şeirlərinizi öz adına çıxanlar olur. - Olmaz elə şey, adam başqasının əməyini öz adına necə çıxa bilər? Dəmir Gədəbəyli hansı şeir xoşuna gəlirsə, mən yazardım, deyir - Məsələn mənə bir bəstəkar sizin "Bilsəydim məni kimin qarğışı tutdu" şeirinizi Dəmir Gədəbəylinin adından deyib və iddia edirdi ki, Dəmir müəllim bu şeiri onun yanında öz şeiri kimi təqdim edib. - Dəmir elə eləməz. Bilirsən, o vaxt Dəmirlə birlikdə işləyirdik. Onda bir xasiyyət var, hansı şeirdən xoşu gəlirdisə, onu mən yazardım deyirdi. Bir dəfə mənim şeirlərim üçün də elə demişdi. O, şeirimi isə çox sevirdi, elə bil mənim taleyimi yazmısan, deyirdi. - Tələbəlik illərindən şair kimi tanınırdın. Elə bir "Tələbə" şeiriniz sizin poeziyanın möhürbəndi oldu desək, yanılmarıq. - O vaxtı "Tələbə" mahnımın məşhur olması belə oldu da... Belə ki, tələbələr arasında müsabiqə keçirilirdi, qərara alınmışdı ki, kimin şeiri yaxşı olsa, onun da şeirinə mahnı yazılacaq. Elə də oldu. Ən yaxşı mənim şeirim sayıldı. Şeirimə mahnı bəstələndi. Müsabiqəyə hardasa 25-ə yaxın şeir təqdim olunmuşdu. Tələbələr idi hamısı. Sonra televiziyada həmin qalib şeir səslənəcəkdi. Mən çox istərdim ki, öz ifamda təqdim olunsun o şeir. Amma Həsən Kərimov var e, sonralar Səbaelin İcra Başçısı da işlədi, onun indi həyat yoldaşı olan tələbə yoldaşımız oxudu. - Niyə özünüz oxumadınız ki? - Mən özümü televiziyaya çox adaptasiya edə bilmirdim. Çünki fotogenik deyiləm deyirdilər. O vaxt görkəmə hədsiz üstünlük verirdilər. Şair olmasından asılı olmayaraq,- deyir və utancaq şəkildə əlini salavat çevirirmiş kimi sifətində gəzdirir,- dedilər, qəşəng deyilsən, sifətin yaraşıqlı deyil... - Dostlarınız sizi unutmur ki? - Xeyr, tez-tez gəlirlər, daim xatırlayıb, yada salırlar. Açığı, yaşamağımda köhnə və yeni dostların dəstəyi var. Mənəvi dəstəyi... elə maddi dəstəyini əsirgəməyənlər də olur, amma mən razı olmuram. - Bəs sizin necə, unutduqlarınız varmı? - Mən neynəmişəm özüm-özümə eləmişəm. Həmişə özüm-özümü günahlandırıram. Tənbəllik ucbatından dayandırdım hər şeyi. Heç buna tənbəllik də deməzdim e... nə bilim. Mənə bax, redaksiyaya mane olmuruq ki, söhbətimizlə? Adam utanır e, müsahibə verməyə, nə etmişik axı. Vallah, arada fikirləşirəm ki, mən necə oldu bu dərdlərlə 60 yaşı adladım bəri tərəfə... Belə bir şeir yazmışdım: Deyirdim bu dərdlər öldürər məni, Ürəyim dərdlərdən böyükmiş demə.... Öldürə bilmədi dərdlərim məni, – inan, yadıma sala bilmirəm şeiri, amma hər gün bunu dilimin ucunda gəzdirirəm, özüm-özümə hesabat-sorğu verirəm... Heç vaxt xalq şairi olmaq istəməmişəm - Şamxal bəy, xalq şairi olmaq istəmisiniz? - Heç vaxt. Əvvəllər bəlkə də ola bilərdi ki, belə fikir beynimdən keçsin, indi isə əsla. Məndə çap olunmaq sevinci kimi hisslər yoxdur artıq. O vaxt olsaydı, bəlkə də, amma indi içimdə bu cür arzu yoxdur. Xalq şairi olub da neynəyəcəm? Onda xalq axtarıb məni tapacaq, şeirimi əzbərləyəcək? Sən Məmməd Araza, Sabir Rüstəmxanlıya, Zəlimxan Yaquba baxma, onları xalq bu adsız da sevib və sevəcək. Camaat xalq şairlərindən qaçır... Bilirsən, sevinc öz vaxtında gələndə yaxşıdır. Hətta mənim "Məni tələsdirməyin" adında şerim də var. Heç vaxt tələsməmişəm nəyəsə. O dövrdə olan yaxşı hər şeyə indi baxanda görürəm ki, heç də yaxşı şey deyil. - O vaxtlar mahnılara, dərc olunan şeirlərinizə görə qonorar alırdınız. Sizcə, Yazarlar Birliyində vəziyyət necədir? Əvvəlki səmimiyyət qalıbmı orda? - Olan şey qala bilər. Amma o vaxt gənc yazarlara qayğı var idi. İstəyirdilər ki, kimsə üzə çıxsın. Diqqət çox böyük idi. Ev verirdilər, yaradıcılıq ezamiyyətinə göndərirdilər, çox şey vardı... O vaxt birliyə Mirzə İbrahimov rəhbərlik edirdi. Osman Sarıvəllidən o vaxtdan bəri cavab gözləyirəm - O vaxtlar AYB-nin üzvü oldunuz? - Yox, əşi. Üç ildir ki, AYB üzvüyəm. Birlikdə 1720-ci adamam. Mənim o birlikdən inanın ki, heç "kartoçkam" belə yoxdur. Onlar özləri mənim ora üzv olmağımı istədilər. Mən heç vaxt üzərinə düşmədim. O vaxtlar istəmişdim, mane olmuşdular, amma kimin adamı vardısa, elə o zaman da zəmanət–zad yazdırıb üzv olurdu. "Kartoçka"mı hazırlamaq üçün şəklimi isə Vaqif Yusifli məndən məcbur aldı. Sonra biletimi gətirdi. - Deyirsiz ki, gərək adamın olaydı? Bəs, yazıların bədii səviyyəsi, buna fikir vermirdilər? - Verirdilər. Adamın olaydı ki, təqdim edəydilər də, onlar da bədi keyfiyyətə fikir verəydilər. Ya da gərək üzlü olaydın, soxula biləydin. Mən acizəm də elə şeylərdə... AYB-yə üzv olmaq üçün göndərmişdilər ki, Osman Sarıvəli yazıarıma baxsın. Gəldim və Osman Sarıvəllidən o vaxtdan bəri cavab gözlədim. O, kitabımı "Gənclik" nəşriyyatına göndərdi, Əzizə Əhmədovanın yanına. Onda o, nəşriyyatın direktoru idi. İlyas qağa da baş redaktor. Nəşriyyat məni çox yubatdı. Elə deyirdi ki, bu gün-sabah... Sonda artıq yoruldum. Bir dəfə Sabir Rüstəmxanlı mənə dedi ki, sənin kitabın çıxır. Bəs mənə niyə deməmisən? Sevinirdi o da, məni təbrik etdi. Amma kitabım çıxmadı. Kitablar isə ard-arda çıxırdı... Valideynlərimə paxıllıq edirdilər Yarımçıq qalan arzularım o qədər maraqsızdır ki... o vaxtlar kənddə valideynlərimə paxıllıq edirdilər ki, oğlu getdi Bakıya, ali məktəbə qəbul oldu. Mən şeir yazmağa başlayanda hələ orta məktəbdə oxuyurdum. 1970-1971-ci illərdə rəhmətlik Siyavuş Sərxanlı Tofiq Bayram, Sabir Rüstəmxanlı ilə birlikdə olurduq. Siyavuşla Sabir bizə tez-tez gəlirdi. İlk şeirm isə ikinci kursda oxuyanda dərc olundu. "Ədəbiyyat və İncəsənət" qəzetində. Uşaqlar məni təbrik edir ki, şeirim çıxıb. Mən təəccübləndim ki, nə tez çıxıb belə. Məmməd Araz şeirimi bəyənibmiş, deyib ki, bu şeiri olduqca tez verin. Radiodan, televiziyadan yaxşı qonarar alardım. Mən tələbə vaxtı indikindən daha çox pul qazanırdım... Pulun böyük əksəriyyətini dostlarla xərcləyirdik. Daha sonra evləndim, övladlar-filan... - Övladlara yurd-yuva sala bildinizmi? - Mən burda tək yaşayırdım. Sonra ata-anam rəhmətə getdi deyə mən rayona getməli oldum. Bakıdakı beş otaqlı evimi isə övladlarıma təhvil verdim. İndi qızlar köçüb gedib, evdə isə iki oğlum yaşayır. Övladlarımdan biri türk vətəndaşı ilə ailə qurub. - Birdən fırlandı hər şey gəlib 70-ci illərə düşdü. Oxucu sevgisi qazandınız. Əvvəllər olduğu kimi. Əvvəllər sizə paxıllıq edirdilər? - Bilmirəm. Amma paxıllıq edənlər var idi, təbii ki... Bunu hər növbəti şeirimdə hiss etmək olurdu. Amma paxıllıq edənlər əsla hiss elətdirməzdi. - Hazırda çağdaş ədəbiyyatını bəyənirsinizmi? - Mən artıq mütaliədən uzağam. Həvəsim qalmayıb. Arada gəncləri oxuyuram. - Bəs nəyə həvəsiniz var? - Sadəcə, dostlarıma can sağlığı arzulayıram.
2014-01-08
5,927
Layiq və pis islamçı Türkiyə...
Hüquqa dönüş mövsümü Biz azərbaycanlılar üçün illərdir doğru tanıya bilmədiyimiz ölkələrin başında Türkiyə gəlir. "Gəliyorum, gediyorum" öyrənəndən sonra, "Qurdlar Vadisi"ndə xəyalı dolaşan çoxları bu cəmiyyətin içindəkiləri rahatlıqla oxuduğunu düşünərək, mülahizələrinin yanlışlığını israrla davam etdirirlər. Onlar üçün ya yaxşı olan layiq Türkiyə var və pis islamçı Türkiyə var, ya da yaxşı İslamçı Türkiyə və pis layiq Türkiyə var. Və bütün tənqidlər və təqdirlər də bu ehkamlar üzərindən boy verir. Əslində isə bizim təsəvvürlərimizdən kənarda qalan gərçək, Türkiyə cəmiyyətinin alt qatlarında yer alan dinamizmdir və bu da addım-addım siyasəti də, sosial-iqtisadi yaşamı da yenidən şəkilləndirən bir amilə çevrilməkdədir. Türkiyə siyasətində, ictimai həyatında, bürokratiyasında, ordu ierarxiyasında, dini-mistik quruluşunda, iş dünyasında, eləcə də mediasında şəkillər, görüntülər üzərində dərhal sabit bir görüş formalaşdırdığını zənn edərsənsə, bu cəmiyyətin aşağıdan qaynayan dinamizmini təhlil etməkdə xeyli çətinlik çəkərsən. Türkiyə ilə müqayisədə sıradan azərbaycanlılar Rusiya cəmiyyətinin xarakterini daha tez açır və burada daha asanlıqla, hətta dil baryerinə rəğmən, özünə uzunmüddətli oturacaq yeri müəyyənləşdirə bilir. Çünki burada hüququn işləməsi ilə bağlı problemlər olsa da, insan xarakter olaraq gizli həyat tərzinə sahib deyil və başqalarının davranışında da narahatedici məqamlar axtarmağa meylli görünmür. Açıq içkisini içər, intim həyatını istədiyi tərzdə yaşayar, əyləncəsini başqasının ölçüləri içində məhdudlaşdırmaz və bu da həmin cəmiyyətə uyğunlaşmaqda çətinlik yaratmaz. Rusiyada saldırqan tutum adətən iki amildən qaynaqlanır: birincisi, gəlmələr rus cəmiyyətinin normalarını pozaraq ona öz istəklərini zorla qəbul etdirmək istəyəndə və ikincisi, dövlət adına birilərinin hansısa siyasəti miqrantları bəhanə edərək tətbiq etmək istəyəndə. Bu cəmiyyətin sərbəstliyində bizlər həm mədəni hədəfi olmayan bir insan topluluğunu təmsil etdiyimizə görə, həm də qapalı ailə və məhəllə çevrələrindən gəldiyimizə görə, görmədiyimiz günün dadını çıxarmağa o qədər aludə oluruq ki, qarşımıza sərt bir dövlət siyasətinin şapalağı çıxanda total və savadlı müqavimət davranışı göstərə bilmirik. Fikrimcə, Rusiya cəmiyyətinin xarakterini oxusaq da, öz xaraktersizliyimiz burada bizləri intellektual mənada nə fərdiləşdirə bilir, nə də təşkilatlandıra. Müşahidəm göstərir ki, Almaniyaya uyğunlaşmaq bir qədər daha az problemli olur. Orada hüquqa vərdiş etməyən elementləri cəmiyyətin hüquqa bağlı xarakteri dərhal sındırır və burada hüquq hər şeyi sıfırlaya bilir: qabadayılığı da, köntöylüyü də, başqasının həyatına burun soxmağı da, öz həyatını başqasının dedı-qodusunu nəzərə alaraq düzənləməyi də... Fərdi düşüncə sistemi oturuşmuş insanlar üçün belə bir cəmiyyət daha faydalı bir özünütəkmilləşdirmə fürsəti yaradır. Türkiyədə isə bizim yanlış istiqamət götürmə, inteqrasiyada tələsməmək lüksümüz mövcuddur. Necə olsa, ərköyün davranışımızı qardaşlıq naminə yola verə biləcək bir dövlətdən və cəmiyyətdən söhbət gedir. Ona görə də Türkiyə cəmiyyətində yaşayaraq onun təməl strukturunu anlayan azərbaycanlı qardaşlarımızın sayı elə də çox deyil. Bu isə aramızdakı məsafəli münasibətin davam etməsinə, bir-birimizi doğru çözə bilməməyimizə gətirib çıxaran əsas amillərdir. Bizlərin Türkiyə ilə bağlı təsəvvürlərimizdə ilk öncə cəmiyyətin strukturu barədə bilgi yetərsizliyi durur. İlk öncə parlamentar sistem, partiya modelli rəqabət, sendika şəbəkəsi, bələdiyyə mexanizmi haqqinda nəzəri bilgilərimiz olduğundan, bunlar öz ölkəmizin həyatında praktik yaşamda təkrar-təkrar gündəmə gəlmədiyindən, bu kimi təsir mexanizmlərinin necə işləməsini təyin etməkdə haqlı olaraq çətinlik çəkirik. Digər tərəfdən bizdə dövlətın qorunma instinktində polis mühakiməsi önə çıxarkən, Türkiyədə uzun illər mövcud olan ordu dövləti imici indi-indi dəyişməyə başlayıb və son on ilə qədər siyasətin hüdudlarını birbaşa və dolayı yolla ordu müəyyənləşdirib. Həm də Türkiyə bizim kimi xammal dövləti olmadığından, neftin fontanı və qazın iyi ilə deyil və təşəbbüs fontanı ilə büdcəsini doldurmaq məcburiyyətindədir. Bizdə dövlətin hüququ var, Türkiyədə isə yaxşı-pis hüquq dövləti var. Bununla belə, hüququn ideologiyanın aşağı pilləsinə sıxışdırılması sistem içində sabit bir münasibətlər sistemini qurmağa imkan tanımır. Təsəvvür edin ki, illər öncə AKP-nın bağlanması haqqında qərar Anayasa məhkəməsində bir səs çoxluğu ilə qəbul olunsaydı, o zaman tarixin gedişi hansı xarakterdə aktyorlarla davam edəcəkdi. O zaman ipdən dönən AKP hakimiyyəti bu zaman eyni ideolojı yanaşma ilə siyasi qərarlarla hüququ yönləndirməyə, yenidən tərtib etməyə çalışır. İndi Türkiyə cəmiyyəti məhz bu təzadı çözməyə çalışır. Hüququn siyasiləşməsinin ən sonda siyasətin hüquqdan uzaqlaşmasına gətirən bir mərhələ olduğunu anlayanlar üçün bu proseslərin narahatlıq yaratması da anlaşılandır. Türkiyə əslində tarixən olduğu kimi, bu gün də təriqətçilik vərdişi ilə yönəldilən bir cəmiyyətdir. Burada layıqlik də bir təriqət xüsusiyyəti daşıyır. Çünki burada təriqətçiliyin dini məzmunundan deyil, sosial xarakterindən doğan idarəetmə anlayışı var. Yaxşı-pis Hüquq dövləti hüquq şüurunun prinsipcə təriqət vərdişinin, camaat qərarının, Atatürkçü düşüncənin altında sıxışıb qalmasına imkan tanımamalıdır. Digər tərəfdən, Türkiyə cəmiyyətinin alt sütununda bələdiyyə idarəetmə anlayışı artıq o səviyyədə yerləşib ki, hökumət özü bir çox hallarda bələdiyyələrdən asılı vəziyyətdə olur. Ona görə də hökumət səviyyəsində baş verən çalxalanmaları dərhal bir sistem çöküşü olaraq izah etmək tamamilə yanlışdır. Anladığım qədər, Türkiyənin əsas problemi sevgi artıqlığı və hüquq əskikliyidir. Sən burada müxtəlif kəsimlərlə söhbət edərkən hər kəsin başqasına iradının bu və ya digər subyektə sevgisinin, sayğısının az olmasından başladığını sezəcəksən. Solçu və layiq kimsə üçün Atatürk sevgisinin qabardılması, dindar kəsim üçün peyğəmbər sevgisi, cəfərilər üçün Əhli Beyt sevgisi, ələvilər üçün Əli sevgisi, camaat üçün ayrılıqda öz şeyxinin sevgisi hüququn üzərinə çıxarıldığına görə cəmiyyət sevgi ilə hüququn məsafəsini dəqiq təyin edə bilmir. Vaxtilə layiq düşüncənin təmsilçiləri ideoloji yanaşmanı önə çəkərək hüququ arxa planda tuta bilirdilərsə, sonra dini kimliklə siyasətin üst qatında yerləşənlər də fərdi həyatda normal qarşılanacaq dini şüuru, ictimai həyatda cinahlaşmadan çəkinməyərək eynilə layiq kəsim kimi hüquq şüurundan üstün tutma vərdişindən uzaqlaşa bilmədilər. Nəticədə ideoloji, siyasi, dini, peşə maraqlarına görə hüquq, insana görə hüquqdan indiyədək bir addım öndə oldu. İndi 17 dekabr Türkiyəsindən sonrakı tarix üçün belə bir dəyişmə fürsəti yaranıb. Son vaxtlar Türkiyədə Baş Nazirin Vəkillər Kollegiyası başqanı ilə, yəni ölkənin əsas hüquq təmsilçiləri ilə görüşərək çözüm yolları araması bəlkə də ən müsbət hadisələrdən biri sayılmalıdır. İdarəçilikdə hüquq cinahı ilə məsləhətləşərək addımlamaq yeni modeli doğura bilər. Türkiyə həm layiqlik, həm də dinçilik ehkamından hüquqa transformasiyanı doğru yürüdə bilərsə, Yaxın Şərq üçün, həm də bizim Azərbaycan üçün hüququn ideologiyaya qalib gələ bildiyi bir dövlət nümunəsi ola bilər...
2014-01-08
5,928
Venesuela gözəli və əri güllələndi
Venesuelada 2004-cü ilin gözəllik müsabiqəsinin qalibi və onun həyat yoldaşı güllələnib. 29 yaşlı Monika Spir və irlandiyalı əri Tomas Berriyə hücum edərək öldürən şəxslər cütlüyün 5 yaşlı qızını da yaralayıblar. Ancaq qız ayağından yaralandığına görə sağ qalıb (AzNews.az). Hadisə Venesuela gözəlinin maşınının yolda dayanması zamanı baş verib. Polis daha sonra yolda dayanan maşınlarda cəsədləri aşkarlayıb. Qız təcili xəstəxanaya çatdırılıb və həyatı üçün təhlükə aradan qalxıb. Qeyd edilir ki, Venesuela gözəli ailəsi ilə bərabər Amerikada yaşayıb və tətil üçün qısa müddətə Venesuelaya gəlib.
2014-01-08
5,929
Ramil Usubov 3 rayonda polis rəisini dəyişir
Daxili İşlər naziri Ramil Usubovun əmri ilə bir neçə rayonun polis şöbəsinin rəisləri dəyişdiriləcək. Verilən məlumata görə, bununla bağlı nazirin əmri artıq hazırdır. Yaxın zamanda əmrin rəsmən elan ediləcəyi gözlənilir. Dəyişdiriləcək polis rəislərinin adı da artıq məlumdur. Bunlar Biləsuvar Rayon Polis Şöbəsinin rəisi, polkovnik Saleh Abdullayev, Lənkəran Rayon Polis Şöbəsinin rəisi, polkovnik Möhübbət Hüseynov, Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytenant Namiq Camalovdur. Hazırda AzNews.az bu rayonların polis şöbələrinin rəisi vəzifəsinə təyin ediləcək şəxslərin adlarını dəqiqləşdirir.
2014-01-08
5,930
Zakir Həsənov sərəncamını nədən geri oxuyub? – Özəl
Müdafiə Naziri Zakir Həsənov bir müddət əvvəl vəzifədən azad edib, hərbi hissələrin birinə daha aşağı vəzifəyə göndərdiyi general-mayor Fazil Aşumovu yenidən mühüm posta təyin edib. "Axar.az"ın əldə etdiyi məlumata görə, Yeni il ərəfəsində məzuniyyətə göndərilən və daha sonra vəzifədən azad edilən Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisi general-mayor Fazil Aşumov Prezident İlham Əliyevin fərmanı ilə yaradılan 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun Rabitə rəisi təyin olunub. Məlumatda bildirilir ki, Zakir Həsənov Rabitə rəisinin nazirlikdəki vəzifəsinə xitam verdikdən sonra, onu Şəmkirdəki hərbi hissələrin birinə aşağı vəzifəyə göndərib. Lakin qısa müddətdən sonra aşağı vəzifəyə göndərilərək cəzalandırıldığı güman edilən general-mayorun Naxçıvanda yaradılan Əlahiddə Ümumqoşun Ordusunun Rabitə rəisi kimi mühüm vəzifəyə təyin olunması müəmma doğurub. Bildirilir ki, Müdafiə nazirinin yanvarın ilk həftəsində yeni tədris ilinə hazırlığını yoxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Fazil Aşımov Əlahiddə Ümumqoşun Ordusu Komandanı general-leytenant Kərəm Mustafayevə təqdim edilib.
2014-01-08
5,931
Rus politoloqdan Türkiyəyə Dağlıq Qarabağ hiddəti
"Türkiyənin apardığı siyasət erməni-türk münasibətlərinin yenilənməsinə imkan verməyəcək". "Axar.az"ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə rus politoloqu Viktor Nadein-Rayevski çıxış edib. O, Türkiyənin yalnız Azərbaycanın mövqeyini tutmaqdan başqa heç nə etmədiyini bildirib: "Türkiyə prosesə Azərbaycanın prizmasından yanaşır. Konflikti Azərbaycanın anladığı kimi anlayır. Onlar hələ də Azərbaycanın hakimiyyəti altında yaşamaq istəməyən xalqların seçimlərini anlamırlar".
2014-01-08
5,932
Goranboyda keçmiş məhkumu döyə-döyə öldürdülər
Goranboy rayonunda qətl hadisəsi baş verib. Goranboy Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb (APA). Kənd sakini, əvvəllər məhkum olunmuş 1960-cı il təvəllüdlü Etibar Cəmşid oğlu Verdiyev naməlum şəxslər tərəfindən döyülərək qətlə yetirilib. Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.
2014-01-08
5,933
Hollandiyada yetişdirilən yeni gül - “Azəri”
Holland Azərbaycan Dostları Cəmiyyətinin (Dutch Friends of Azerbaijan - DufoA) təşəbbüsü ilə Hollandiyada Azərbaycan xalqının şərəfinə xrizantema gülünün "Azəri" adlı yeni növü yetişdirilib. Bu barədə məlumatı Holland Azərbaycan Dostları Cəmiyyəti yayıb. Bununla da Niderland Krallığının tarixində ilk dəfə olaraq güllərin nəinki dahi şəxsiyyətlərin, həmçinin, ayrıca xalqların şərəfinə adlandırılması ilə bağlı sertifikat verilib. Qeyd edək ki, 2013-cü ilin mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıda keçirilən Gül bayramında Azərbaycanın Holland Dostları Assosiasiyası yetişdirdikləri xrizantemin (payızgülü) yeni növünə qürurlu, ləyaqətli, cəsarətli olan Azərbaycan xalqının "Azəri" adının verilməsi qərara alınıb. Bununla bağlı Gül bayramında xüsusi sertifikatın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və "DufoA" Assosiasiyasının prezidenti Marion van der Veqt imzalayıblar. Beləliklə də, dünyada xalqın adı verilən yeganə gül həyata vəsiqə alıb. Holland Azərbaycan Dostları Cəmiyyəti gələcəkdə də dahi yazıçılarmıza, şairlərimizə və tarixi şəhərlərimizin adı ilə adlandırılacaq güllərin dünyada ən çox ziyarətçisi olan Keukenhof parkında əkilməsini planlaşdırır. Daha iki gül - "Alstrumeriya" adlı tünd qırmızı gül növü məqsədyönlülük simvolu kimi hər bir azərbaycanlının yaralı yeri olan Qarabağın, ağ rəngli gül isə hüzn simvolu kimi Şuşa şəhərinin şərəfinə yetişdirilib. Tünd qırmızı gül, əsasən, qan və atəş təsəvvürünü yaradır. Bu, bir tərəfdən, gözəllik və həyat , digər tərəfdən isə intiqam və müharibəni simvolizə edir. Ağ rəngli gül isə bir növ digər rəngləri neytrallaşdırır, matəmi və kədəri ifadə edir. Holland Azərbaycan Dostları Cəmiyyəti Hollandiyada yetişdirilən yeni gül növünün Azərbaycanın işğal edilmiş ərazilərindən biri olan Xocalının şərəfinə "DufoA" adlandırılması təşəbbüsünü irəli sürmüşdür.
2014-01-08
5,934
Baş nazir üçün ayağa qalxmayan məhbus general danışdı
Bu gün də olsa, yenə eyni hərəkəti edərəm MHP-nin millət vəkili, "Ergenekon" məhkəməsində mühakimə olunaraq 2010-cu ildə həbs olunan Xüsusi Təyinatlıların keçmiş komandiri general-leytenant Əngin Alan Çanaqqaladakı tədbirdə Baş nazir R.T.Ərdoğan gələndə ayağa qalxmaması haqqında ilk dəfə maraqlı açıqlama verib. "Axar.az"ın "Milliyət"ə istinadən verdiyi xəbərə görə Əngin Alan bu açıqlamanı verib: "Baş nazir tədbirə gələn kimi tədbir başladı. Mən də onu ən yaxında olanlarla birlikdə ayaq üstə qarşıladım. Hətta cənab Baş nazir əlimi sıxıb, "necəsiniz, paşam, yaxşısınız inşallah" deyə kefimi soruşdu. Baş nazir kürsüyə çıxdı. Nitqinin axırında da Türkiyə Silahlı Qüvvələri (TSQ) xaricində hər kəsə təşəkkür etdi. Hərbi tərbiyəmə görə, bunu qurumuma qarşı haqsızlıq olaraq gördüm. Və TSQ adına davranış sərgilədim, Baş nazir nitqini bitirib, yerinə gəldiyi vaxt ayağa qalxmadım. Bu gün olsa, yenə eyni hərəkəti edərəm".
2014-01-08
5,935
1164 ölü, 2948 yaralı - Rəsmi
Azərbaycan Respublikası ərazisində 2013-cü il ərzində 2846 yol nəqliyyat hadisəsi baş verib. Baş vermiş yol qəzaları zamanı 1164 nəfər ölüb, 2948 nəfər müxtəlif dərəcəli bədən xəsarətli alıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. Şöbə rəisinin sözlərinə görə, 2012-ci illə müqayisədə hadisələrin sayı 46, ölüm sayı 4, xəsarət alanların sayı 49 fakt azalıb (Trend). Kamran Əliyev bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.
2014-01-08
5,936
Dərman yox idi, ölürdük?
Dünyada ən çox kitab oxunan ölkələr sırasında Azərbaycanın adını görmək yəqin ki, hələ uzun illər bizə nəsib olmayacaq. Çünki statistik məlumatlara nəzər salanda bunun mümkünsüzlüyünü anlamaq üçün elə də böyük hesablamalara ehtiyac yoxdur. Sən demə, almanlar dünyanın ən çox kitab oxuyan millətidir, bu ölkədə ortalama, gün ərzində 28, Yaponiyada 24 dəqiqə kitab oxuyurlar. Türkiyədə də vəziyyət ürəkaçan deyil - 24 saat ərzində cəmi 13 saniyə... Azərbaycanda durumu araşdırmaq üçün uzun-uzadı, dəruni bilgilərə ehtiyac yoxdur. Elə ən populyar yazarın kitabının tirajına baxanda hər şey özlüyündən məlum olur. Cəmi 500-1000 tirajla çıxan kitabların satışına baxandasa, Qəribi lap ağlamaq da tuta bilər. Demək belə... Biz kitab oxuyan toplum deyilik. Bunun səbəblərini araşdırmaq, ortaya çıxan nəticələri də dartışmaq olar, amma vallah, məncə, bütün bunlara elə də ehtiyac yoxdur. Kitab oxumuruq, əvəzində seriala baxmağı xoşlayırıq. Oturub kimin nə alıb, nə verdiyini dartışmaq varkən, özünü bu ləzzətli söhbətdən məhrum edib kitab oxumaq kimin nəyinə lazımdır? Biz kitab oxumuruq, çünki dünyagörüşümüzün dedi-qodu ilə formalaşmasına üstünlük veririk. Yəni deməyim o ki, biz bu dünyanın dünyəvi işləri qala-qala sənət, ədəbiyyat, mədəniyyət ilə məşğul olmağı artaq iş hesab edirik. Bir də almanlar oxuyub da nə olub ki? Dünyada iki böyük müharibəni onlar başlatmayıblar ki... Yaponlar oxuyur nə olur, oxumaqdan yeyib-içmək də yadlarından çıxıb, bapbalaca qalıblar. Axı bu avropalılar oxuyub da nə çıxıb ortaya? Olsa-olsa, xəstəliklərin əlacını tapırlar, texniki yeniliklər icad edirlər. Kimə lazımdır axı bu ixtiralar, texniki nailiyyətlər? Dərman yox idi, elə yıxılıb ölürdük? Allah qüvvət versin dədə-baba qaydasına, ot-ələfdən dərman hazırlayıb xəstə adamı dipdiri edirdilər. Bax, elə bu interneti götürək, kimə lazımdır dunyanın bu ucunda oturub bir dəqiqənin içində istədiyin o bir ucdakı adamla danışmaq. Adamı bir həsrət çəkib ağlamağa, vüsala yetişib bunun həyəcanını yaşamağa da qoymurlar. Bir adam ki, masanın üstünə əyilib karandaşın ucunu dili ilə isladıb "əvvəla salam, salamdan sonra mən yaxşıyam, sizin də yaxşı olmağınızı Uca Allahdan arzulayıram" cümlələri ilə başlayan məktubu qurtarandan sonra zərfin ucunu da diliylə isladıb ağzını yapışdırmadı, poçt qutusuna salmadı, bunun nə ləzzəti?! Eh, bu çox oxuyub başımıza bəla olan almanlar, yaponlar bizim dədə-babadan qalma nəyimizə varsa, axırına çıxacaqlar. Bir sözlə, kitab-filan oxumağa ehtiyac yoxdur, Allah versin serilalı, musiqini, əyləncəni... Hə, alver yadımdan çıxmışdı. Allah alver etmək qabiliyyətimizə də... bərəkətmi versin deyim, yoxsa kəssin, bax bunu bilmədim!..
2014-01-08
5,937
Ərdoğana xəbərdarlıq bu kitabla gəlib – İddia/Video
""Gülənçilər" hökuməti qabaqcadan xəbərdar edib". "Axar.az" məlumat verir ki, bu informasiya Türkiyə mətbuatında yer alıb. Mətbuat gülənçilərə yaxın yazar olan Əli Çimənin "Qırıq heykəl" kitabı ilə hökumətə mesaj göndərildiyini bildirib. Kitabda Ərdoğanın tək adam kimi dövləti idarə etməsi və İsrail əleyhinə siyasətinin nə zamansa ona qarşı dönəcəyi qeyd edilib. Xüsusilə kitabda Türkiyənin fırtına yaşayacağı bir hekayə ilə qeyd edilib. Kitabın tanıtım videosunda da bununla bağlı xəbərdarlıq jurnalistlərin diqqətini çəkib. Mətbuat kitabın İsrailin Türkiyədən "Mavi Mərmərə" hadisələrilə üzr istəməsindən 10 gün əvvəl çap edilməsinə xüsusilə diqqət ayırıb. Qeyd edək ki, Əli Çimən jurnalist fəaliyyətinə "Zaman" qəzetində başlayıb. Kitabın tanıtım videosunu təqdim edirik.
2014-01-08
5,938
Dünən ölkədə 59 cinayət baş verib
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 24-ü "isti izlər"lə açılıb. "Axar.az" DİN-in rəsmi saytına istinadən bildirir ki, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Xuliqanlıq zəminində törədilən 8 cinayətdən 4-ü və 1 soyğunçuluq faktının üstü açılıb. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.
2014-01-08
5,939
Nazirliyin Həsən Əliyev küçəsindəki soyqırımı - Foto
Bakı şəhəri Nərimanov rayonunun Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən binanın sakinləri səhəri ağackəsən mişarların səsi ilə açıblar. Binanın həyətindəki ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişi ilə kəsilir. "Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, binanın həyətinə toplaşan bir neçə sakin ağacların kəsilməsinə etiraz edib. Sakinlərdən Vəliyev Qədir Kamil oğlu müxbirimizə bildirib ki, ağacları guya yolda quraşdırılmış kameraya mane olduğuna görə kəsirlər: "Adını qoyublar ki, kameraya mane olur. Gedin, baxın, orda ağaclar heç bir kameraya, işıqfora mane olmur. Özümüz əkmişik ağacları. Binanın qabağındakı bütün ağacları - hamısını şəxsən özüm əkmişəm. Sakinlərin öz zəhməti hesabına böyüdülüb bu ağaclar". Özünü təqdim etməyən və nə isə məlumat verməyə ixtiyarı olmadığını deyən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı isə suçlamalara belə cavab verdi: "Mənim məlumat verməyə ixtiyarım yoxdur. Nazirliyin göstərişini Bakı Şəhər İcra Hakimiyyətinin işçiləri yerinə yetirir, biz nə özbaşınayıq, nə də özümüz üçün kəsirik bu ağacları".
2014-01-08
5,940
Vatikanda yeni seks skandalı
İsveçrə mühafizəçilərinin keçmiş bir üzvü ruhanilər sinfinə mənsub bəzi üzvlərin ona cinsi əlaqəyə girmək üçün yaxınlaşmağa çalışdıqlarını iddia edib. Katoliklərin ruhani lideri Papa və Vatikanın təhlükəsizliyinə cavabdeh olan İsveçrə mühafizəçilərinin keçmiş bir üzvü kardinallar, yepiskoplar və ruhanilər sinfinə mənsub bəzi üzvlərin ona cinsi əlaqəyə girmək məqsədilə yaxınlaşmağa çalışdıqlarını deyib. 1978-2005-ci illər arasında, keçmiş Papa II İohan Pavelin vaxtında xidmət edən mühafizəçi İsveçrənin "Şvayz am Sontaq" qəzetinə verdiyi müsahibədə "onunla cinsi əlaqəyə girməklə bağlı 20-25 hadisə yaşandığı" iddiasını irəli sürüb. Bir dəfə gecə saatlarında bir kardinalın cib telefonundan ona zəng vuraraq yataq otağına dəvət etdiyini bildirən keçmiş mühafizəçi Vatikanda Papalıqdan sonra ən əhəmiyyətli mövqedəki "Dövlət Katibliyi"nin (Nazirlər Kabineti) bir üzvünün də ona cinsi münasibət təklif etdiyini bildirib.
2014-01-08
5,941
Mavi fəal Ərdoğanı məhkəməyə verdi
"İbnə" "tvit"inə görə Türkiyənin Baş naziri R.T.Ərdoğan, Ləvənt Pişkin adlı şəxsdən prokurorluğa şikayət edib. Prokurorluqda ifadə verən Pişkin də adekvat olaraq Ərdoğana qarşı məhkəmə iddiasıyla çıxış edib. "Axar.az" xəbər verir ki, Ləvənt Pişkin, Ərdoğanın "Ələvilik Hz. Əlini sevməkdirsə, mən tam bir ələviyəm" açıqlamasından sonra "tviter"də "Ərdoğandan "tam bir ibnəyəm, ibnəliyi sizdən öyrənməyəcəyik" açıqlamasını gözləyirəm" yazmışdı. Buna görə Ərdoğan şərəf və ləyaqətini təhqir etdiyi iddiası ilə Pişkindən prokurorluğa şikayət etmişdi. Prokurorluğa yazılı ifadə verən Pişkin də şəxsiyyətinin alçaldığı iddiası ilə Ərdoğandan şikayət verib. "LGBT" (Lezbi, Gey, Biseksual, Transseksual) aktivisti olan Ləvənt Pişkin "Radikal"a açıqlamasında məlum "tvit"i haqqında danışıb: "Onsuz da bütün işlərimizdə ibnəliyin bir təhqir olmadığını izah etməyə çalışırıq, ancaq bunu başa düşən yoxdur. İnsan özü-özünü təhqir edərmi?"
2014-01-08
5,942
Zakir Həsənov Türkiyədən gələn nümayəndə heyəti ilə görüşdü
Müdafiə naziri Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən Bakıda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, korpus generalı Atilla Gülanın rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin general və admirallarından ibarət nümayəndə heyətini qəbul edib. "Axar.az"ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Türkiyə Respublikası Silahlı Qüvvələrinin ali rütbəli zabitlərini salamlayan Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu qeyd edib. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunan general-polkovnik Z.Həsənov işğal edilmiş torpaqlarımızın azad edilməsinin bölgə üçün vacibliyini vurğulayıb və Azərbaycan tərəfinin işğal faktı ilə barışmayacağını bildirib. Qonaqlar Azərbaycana səfərdən məmnun qaldıqlarını bildirərək, Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən danışıblar. Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.
2014-01-08
5,943
Yardımlı icra başçı PA-nın göstərişinə əməl edə bilmir – Özəl
Yardımlı Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Azər Əkbərov tutduğu vəzifədən azad edilib, amma onun yerinə kadr tapa bilmirlər. Bu barədə "Axar.az"ı məlumatlandıran qaynağın sözlərinə görə, Prezident Adminstrasiyasının paytaxt və bölgələrdəki icra strukturlarında başçının humanitar məsələlər üzrə müavini postuna həmin rayondan olan intellektli, gənc xanımların təyin edilməsi tapşırığına əməl etmək üçün Yardımlının icra başçısı öz müavini Azər Ələkbərovu işdən azad edib. Ancaq bir aydan artıqdır ki, azad olunan müavinin yerinə sözügedən parametrlərə uyğun xanım namizəd tapa bilmir. Xəbərdə qeyd olunur ki, Yardımlı kimi ucqar və klassik ənənələrə bağlı rayonda Prezident Administrasiyasının tələblərinə uyğun gələn xanım namizəd tapmaq müşkülə çevrilib. Bu rayondan olan ziyalı və cəmiyyətə açıq gənclərin böyük əksəriyyəti paytaxtda məskunlaşıblar, ali təhsildən sonra öz həyatını rayonda quran gənc xanımlar isə mühafizəkar ənənənin davam etdirildiyi Yardımlıda hansısa vəzifə tutmağa ehtiyat edirlər. Yalnız tibb və təhsil sahəsində çalışmaqla - müəllim və həkimliklə kifayətlənirlər. İşdən azad edilməmişəm Yardımlı Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini vəzifəsində çalışmış Azər Əkbərov "Axar.az"a açıqlamasında vəzifədən azad edilməsi xəbərini yalanladı: "Hazırda Yardımlıda deyiləm, amma bu, o demək deyil ki, vəzifəmdən çıxarılmışam. Tamamilə yanlış informasiyadır. Vəzifəmdən çıxarılmamışam. Öz işimdəyəm. Sadəcə, indi rayonda deyiləm". Namizədlərimiz var Yardımlı Rayon İcra Hakimiyyəti Ümumi şöbəsinin müdiri Zakir İmanov isə "Axaraz"a Azər Əkbərov işdən uzaqlaşdırıldığını təsdiqlədi: "Azər Əkbərov hazırda müavin vəzifəsini icra etmir, bir müddət əvvəl öz ərizəsinə əsasən vəzifəsindən uzaqlaşdırılıb. Hazırda onun yerinə təyinat olmayıb". Zakir İmanov humanitar məsələlər üzrə müavin vəzifəsinə namizədlərin müzakirə olunduğunu da etiraf etdi: "Namizədlər arasında xanımlar da, kişilər də var. Heç bir yaş limiti yoxdur, sadəcə, dövlətimizin apardığı siyasətə uyğun olaraq, gənclərə daha çox önəm verilir. Amma təbii ki, son qərarı rəhbərlik verəcək".
2014-01-08
5,944
Qubada xəvaricilərə qarşı gecə əməliyyatı
Dünən gecə Qubada radikal dini qruplaşmalara qarşı əməliyyat keçirilib. Publika.Az-ın yerli mənbələrdən əldə etdiyi məlumata görə, əməliyyat gecə saat 01 radələrində Qubanın Rustov və İkinci Nügədi kəndlərində baş tutub. MTN-nin yerli polislə birgə keçirdiyi əməliyyat nəticəsində 4 nəfər həbs edilib. Həbs edilənlərdən birinin adı Vəfanur Məmmədov Qeybulla oğlu olduğu deyilir. O, Rustov kənd sakinidir. İkinci Nügədi kəndindən isə Nizami adlı bir şəxsin həbs edildiyi deyilir. Adı məlum olmayan daha iki nəfər saxlanılıb. Onların xəvaricilər olduğu deyilir. Hadisənin təfərrütlarına aid əldə etdiyimiz məlumata görə, qruplaşma Vəfanurun həbsdə olan atası Qeybullanın qaçış plnaını hazırlayıblar. Belə ki, Qeybulla Məmmədov da radikal dindarlardandır və xəvaricilərlə əlaqələrə malikdir. O əvvəl qanunsuz silah saxladığına görə həbs edilib, daha sonra buraxılıb. Növbəti dəfə isə dələduzluq üstündə həbs edilib. Hüquq-mühafizə orqanları hadisədən əvvəlcədən xəbər tutaraq bunun qarşısını alıb. Saxlanılanlardan partlayıcı maddələr, kustar üsulla hazırlanmış əl qumbaraları aşkarlanaraq götürüldüyü deyilir.
2014-01-08
5,945
Bakıdakı qanlı davanın iştirakçıları tutuldu
Bakıda baş vermiş kütləvi qanlı davanın iştirakçıları tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini Əfləddin Muradovdan 1 qramdan artıq həşiş götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, o, Bakı şəhər sakini Mirzə Niftullayevlə birlikdə yanvarın 2-də Bakıxanov küçəsində Şabran rayon sakini Amid Ağalarova və Bakı şəhər sakini Elnur Cəfərov bıçaq xəsarəti yetirib. A.Ağalarov, E.Cəfərov, Nail Hacıyev, Zaur, Qara və Namiq adlı şəxslər yanvarın 2-i saat 06:30 radələrində, Rəşid Behbudov küçəsində xuliqanlıq zəminində Bakı şəhər sakinləri Azad Sultanovu və həmin gün saat 07:15 radələrində, R.Behbudov küçəsində Səbuhi Mehrəliyevi döymüşlər. Hadisədən sonra S.Mehrəliyev və A.Sultanov Naxçıvan şəhər sakini Emil Zeynalovun idarə etdiyi "Kia" markalı avtomobillə Şamxal, Zamiq adlı şəxslə birlikdə hadisə yerindən uzaqlaşarkən, saat 07:25 radələrində Bakıxanov küçəsində həmin şəxslər arasında təkrarən münaqişə baş verib, hadisə zamanı M.Niftullayev və Ə.Muradov A.Ağalarova və E.Cəfərova bıçaq xəsarətləri yetiriblər. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ağdaş rayon sakini Nail Hacıyev tutulmuş və ondan 2 qramdan artıq həşiş götürülüb. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Amid Ağalarova, Elnur Cəfərova xəsarət yetirən Mirzə Niftullayev, Naxçıvan şəhər sakini Emil Zeynalov, Bakı şəhər sakini Zamiq Quliyev, Bərdə rayon sakini Şamxal Həsənov, İmişli rayon sakini Emin Qasımzadə tutulublar.
2014-01-08
5,946
ABŞ Ukrayna xalqına dəstək qətnaməsini qəbul etdi
ABŞ Ukrayna xalqına dəstək haqqında qətnamə qəbul edib. "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə səfir Cefri Payet çıxış edib. Qətnamədə Ukrayna hakimiyyətinin güc tətbiq etməsi qəti şəkildə pislənilib: "Biz Ukrayna hakimiyyətini dinc aksiya iştirakçılarına qarşı güc tətbiq etdiyinə görə pisləyirik. Biz Ukraynadakı bütün qüvvələri dialoqa başlamağa çağırırıq. Bütün siyasi partiyaları antisemit və nifrətlə köklənmiş bütün çıxışlardan çəkinməyə çağırırıq". ABŞ həmçinin bundan sonra aksiya iştirakçılarına hücum olacağı halda hökumət üzvlərinə sanksiyalar tətbiq edəcəyini də bildirib.
2014-01-08
5,947
Rafiq Tağının qətli ilə bağlı cinayət işi dayandırılıb
Rafiq Tağının qətli ilə bağlı başlanmış cinayət işi üzrə icraat dayandırılıb. Bu barədə "Axar.az"a məlumatı Rafiq Tağının hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov verib. O, Baş Prokurorluqdan bu gün məktub aldığını və məktubda icraatın dayandırılmasının qeyd olunduğunu deyib. Həmçinin vəkil qərarla bağlı şikayət verəcəklərini bildirib. Xatırladaq ki, yazıçı-publisist Rafiq Tağı 19 noyabr 2011-ci ildə yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib.
2014-01-08
5,948
Fətullah Gülən Bəxtiyar Hacıyevlə nə söhbət edib? – Müsahibə
"Fətullah Gülən mənə kifayət qədər sadə, təvazökar, xüsusi ambissiyaları olmayan xarizmatik insan təsiri bağışladı" Bu gün saytımızda yayımlanan özəl xəbərdə Bəxtiyar Hacıyevin Fətullah Gülənlə görüşən ən gənc tələbə olduğu bildirilib. Hazırda Türkiyədə baş verənlər fonunda bu görüş xüsusilə diqqət cəlb edir: görüşdə məqsəd nə imiş? Hansısa razılaşma olubmu? Onun Fətullah Gülənə münasibəti, ümumiyyətlə, onunla etdikləri söhbət haqqında Bəxtiyar Hacıyev suallarımızı cavablandırdı. - Fətullah Gülənlə görüşməkdə məqsədiniz nə idi? - Belə bir görüş olub, amma xəbərdə qeyd etdiyiniz kimi xüsusi bir təklif olmayıb. Bu görüşlə bağlı dəvət mənə 2008-ci ildə, ABŞ-da tələbə olanda gəldi. O vaxta qədər artıq bizim universitetdə bir çox dövlət və hökumət başçıları ilə görüşlərimiz olmuşdu. Həmin dövrdə qeyri-formal liderliklə bağlı mövzuları keçdiyimizə görə heç bir formal vəzifəsi olmayan bir şəxsin milyonlarla insana necə liderlik etməsi maraqlı idi. Buna görə də təklifi qəbul etdim və onun Pensilvaniyada yerləşən iqamətgahına getdim. - Söhbət hansı istiqamətdə getdi? Onu Azərbaycanla bağlı nələr maraqlandırırdı? - Fətullah Gülənin iqamətgahına dünyanın bir çox yerlərindən insanlar gəlir və mütəmadi olaraq orada mənəvi söhbətlər gedir. Biz çatanda da bir ümumi dini, mənəvi söhbət gedirdi. Bu ümumi söhbətdən sonra bir neçə nəfərlə birlikdə bizimlə ayrıca görüşdü. Görüşdə xüsusi mövzu yox idi, sadəcə, dərslərimizlə və s. maraqlandı. Azərbaycan ilə bağlı xüsusi bir şey soruşmadı, amma bu hərəkatın xaricə açılan ilk qapısı Azərbaycan olduğuna görə, ölkəmizə xüsusi simpatiyası hiss olunurdu. Söhbətin sonunda öz imzası ilə mənə qol saatı da hədiyyə etdi. - Sizcə, Fətullah Gülən necə adamdır? - Mənə kifayət qədər sadə, təvazökar, xüsusi ambissiyaları olmayan xarizmatik insan təsiri bağışladı. Hər halda, heç bir formal vəzifəsi olmayan bir şəxs dünyanın 100-dən çox ölkəsində məktəblər, universitetlər açılmasını təşviq edirsə, bir çox elm, dövlət və biznes adamı onunla məsləhətləşir, onun təşəbbüslərinə dəstək verirsə, bunun özü çox şey deyir. - Son günlər Türkiyədə Fətullah Güləni dövlət içində dövlət yaratmaqda günahlandırırlar. Sizcə, Gülənin Türkiyədəki proseslərdə rolu nə qədərdir? - Ona simpatiyası olan kifayət qədər Türkiyə vətəndaşı var. Təbii ki, bu insanlar da müxtəlif sahələrdə olduğu kimi, dövlət qulluğunda da çalışırlar. Amma bəzi hadisələrin arxasında Gülənin dayandığına inanmıram. Çünki bəzən elə şeylər baş verir ki, o hadisələr bu hərəkatın təməl dəyərlərinə ziddir. Məsələn, heç vaxt inanmaram ki, kiminsə məhrəm görüntülərinin yayılmasında bu hərəkata yaxın şəxslər dayansınlar. Belə hadisələr göstərir ki, kimsə Ərdoğan hakimiyyəti ilə Gülən tərəfdarlarının narazılığından istifadə edərək, iki tərəfi bir-birindən daha da uzaqlaşdırmaqda maraqlıdır. - Gülənin Pensilvaniyadakı iqamətgahı necə bir yerdir? Orada Gülənin ətrafinda kimlər var? - Xüsusi mühafizə olunan, yaşıllıqlar arasında, bir neçə mərtəbəli iqamətgah idi. Orada bir çox ölkədən, əksəriyyəti Türkiyədən olan şəxslər var idi və bəziləri bir neçə gün qonaq qalaraq onun söhbətlərini dinlədiklərini deyirdilər. Binanın alt mərtəbəsində isə qonaqlar üçün yeməkxana vardı. - Bəs, bu gün necə, Gülən və ya gülənçilərlə hər hansı əlaqəniz qalırmı? - Mən 2010-cu ildə parlament seçkilərində iştirak etdikdən sonra həbs edildim. Bundan sonra bacardığım qədər çalışıram ki, hətta bu hərəkata yaxın olduğu deyilən liseylərə də getməyim. İstəməzdim ki, kimsə mənim siyasi baxışlarım, həbsim və fəaliyyətimi bəhanə edib, Azərbaycanda bir çox insanın keyfiyyətli təhsil almasına töhfə verən bu təhsil qurumlarına problem yaşatsın. Bu yaxınlarda sosial şəbəkələrdə məzunu olduğum Ağdaş liseyinin fotosu qarşıma çıxdı. Lisey illərim, o bina üçün çox darıxdım, xatirələr gözümün önündən keçdi. Bir anlıq özümə "həftə sonu get liseyə, bir çay iç və qayıt" dedim. Amma dərhal fikrimdən vaz keçdim. İstəmirəm ki, mənim siyasi baxışlarıma görə kimlərsə bəhanə edib liseylərə problem yaratsınlar. - Nurçuluğa munasibətiniz necədir? - Yaşadıqları ölkələrin qanunlarına, Konstitusiyalarına qarşı olmayan, başqalarına zərər verməyən, əksinə, xeyir verməyə çalışan bütün insanlara münasibətim normaldır. - Fətullahçılar Türkiyədəki kimi Azərbaycanda da müxtəlif yerlərə öz adamlarını yerləşdirə bilərmi? Ümumiyyətlə, nə vaxtsa onların Azərbaycan qarşı olacaqları ehtimalı nə qədərdir? - Bu hərəkatın 100-dən çox ölkədə qurumları var. İnanmıram ki, həyatları boyunca dünya nemətlərindən belə imtina etmiş, hər zaman Allahın razılığını qazanmağa çalışmış könüllülər hərəkatının bütün dünyanı ələ keçirmək kimi bir niyyəti olsun. Onların siyasi ambissiyalarının olduğunu zənn etmirəm. Çoxları buna inanmır, amma tarixə baxsaq, bir çox könüllülər hərəkatı, bir çox ideya insanının dünyanın daha yaxşı yer olması üçün bir çox dəyişikliklərə səbəb olduqlarını görərik. - Azərbaycandakı bəzi təhsil müəssisələrinin Fətullah Gülənin təbliğatını həyata keçirdiklərini söyləmək olarmı? - Azərbaycandakı təhsil müəssisələri bu hərəkatın dünyaya açılan ilk müəssisələridir və ilk dəfə Naxçıvanda Heydər Əliyevin xeyir-duası, dəstəyi ilə olub. H.Əliyev həmin dövrə qədər SSRİ-də ən yüksək postları tutmuş, kifayət qədər dövlətçilik təcrübəsi olan, dünyanın düzənini anlayan bir şəxs idi. Hər halda, o, belə bir təşəbbüsə xeyir-dua veribsə, bunun kiminsə təbliğatı olmadığını, ölkəmiz və dünya üçün müsbət təşəbbüs olduğunu da bilib. - Gülən hərəkatın ən birinci şəxsidir. Deyilənə görə, onunla görüşmək fətullahçıların bir üzvünə çevrilmək deməkdir... - Bildiyimə görə, "camaat" (fətullahçılar) rəsmi üzvlüyü olmayan bir şəbəkədir. Kimsə özünü ora yaxın saya və ya saymaya bilər. F.Gülən ilə bir çox insan, o cümlədən, müxtəlif ölkələrin jurnalistləri, təqdiqatçıları görüşüb, bu hərəkat haqqında tədqiqatlar ediblər. Bu o demək deyil ki, onlar da "camaat" üzvüdürlər. - Sizcə, Türkiyədə kim qalib gələcək: Gülən, yoxsa Ərdoğan? - Məncə, Türkiyədə kifayət qədər ağıllı, dövlətini və xalqını sevən dövlət adamları var ki, onlar bu gərginliyin aradan qalxması üçün təşəbbüs göstərəcəklər və gərginliyin Türkiyənin gələcəyinə zərbə vurmamasına nail olacaqlar.
2014-01-08
5,949
Suriyada daha bir azərbaycanlı mücahid öldürülüb - Foto
Suriyada daha bir azərbaycanlı mücahidin öldürüldüyü barədə xəbər yayılıb. "Axar.az" "Apa" ya istinadən xəbər verir ki, bu barədə məlumatı türk mücahidlərinə məxsus saytlar yayıb. Məlumata görə, həlak olan mücahid Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan "İraq-Şam İslam Dövləti" qruplaşmasının üzvüdür. Mücahidlər onun meyitinin fotosunu sosial şəbəkələrdə yaysalar da, adını açıqlamayıb, sadəcə azəri şəhid olduğunu qeyd ediblər. Qeyd edək ki, son bir həftədə Suriyada daha üç azərbaycanlı mücahid öldürülüb. Onlar "İraq-Şam İslam Dövləti" qruplaşması və "Əl-Nüsra Cəbhəsi"nin sıralarında döyüşən Namiq Əsgərov, "Azəri Seyfullah" ləqəbli Soltan və "Primorskiy Muhammed" ləqəbli Azərbaycan vətəndaşlarıdır.
2014-01-08
5,950
Gülağa Aslanlı AXCP-ni düşüncəsizlikdə suçladı
"Bizim Milli Şuradan getməyimizi gələcək parlament seçkilərində hakimiyyətlə sövdələşməyə girib deputat mandatı alamqda ittiham edirlər, bu tamamilə absurd iddiadır! Bu iddiaları irəli sürmək isə siyasi savadsızlıq və düşüncəsizliyin nümunəsidir". Bunu Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı partiyanın Milli Şuradan getməsindən sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ittihamına cavab olaraq "Axar.az"a bildirdi. Gülağa Aslanlı Müsavat Partiyasının ölkə siyasətinin gündəmini zəbt edən qərara ətraflı şərh verdi: "Müsavat Partiyası 100 illik tarixi olan bir partiyadır və bu vaxta qədər düz bildiyini həyata keçirib. Müsavat Partiyasının qəbul etdiyin qərarları ilkin vaxtda həzm də bilməyən qüvvələr olub, amma çox az bir zamanda qərarların düzgünlüyünü etiraf etmək məcburiyyətində qalıblar. İndiki halda da həmin vəziyyətdir. Biz qəbul etdiyimiz qərara görə tənqidlərin olacağını gözləyirdik. Amma təəssüf edirik ki, tənqidlərlə bərabər, təhqirlər də oldu. Bu isə yolverilməzdir. Çünki ən azı Azərbaycan cəmiyyəti Müsavat Partiyasını və partiyanın başqanını çox yaxşı tanıyır. Xalqımız bilir ki, Müsavat Partiyası heç vaxt hakimiyyətlə separat danışıqlara getməyib və bunun nəticəsidir ki, Müsavat Partiyasının başqanı heç vaxtı parlamentə buraxılmayıb. Bu iddiaları irəli sürmək siyasi savadsızlıq və düşüncəsizlikdir".
2014-01-08
5,951
Göyçayda "həkim terroru" 1 can aldı
Başından travma alan xəstəni reanimasiyaya qəbul etməyiblər; şok vəziyyətində olan vətəndaş xəstəxanada həkimlərin gözü önündə keçinib. Yanvarın 8-də Göyçayda bədbəxt hadisə baş verib. İbrahimov Rasim Rəhim oğlu yıxılaraq baş nahiyəsindən travma alıb. Yaxınlarının dediyinə görə, onu yaralı halda təcili şəkildə xəstəxanaya çatdırsalar da, R.İbrahimovu Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirməyiblər. Səbəb kimi də bu göstərilib ki, şok vəziyyətində olan xəstəni ayıltmaq üçün elektroşok cihazı yoxdur, bu üzdən onu reanimasiyaya qəbul etmək mümkün deyil. Bir müddət xəstəxanada qalan R.İbrahimov həkimlərin gözü önündə can verib (Musavat). R.İbrahimovun oğlu Ramiz İbrahimov əməkdaşımıza deyib ki, atası xəstəxanaya gətiriləndə canı üstündə olub, o, sadəcə həkim səhlənkarlığı üzündən keçinib: "Xəstəxananın bu işə məsul olan şəxslərinin hərəkətlərindən aidiyyəti qurumlara müraciət edərək, onların cəzalandırılmasını tələb edəcəm, bu işi belə qoymayacam".
2014-01-08
5,952
Ermənistan siqaretin ən çox çəkildiyi üçüncü ölkədir
Ermənistan kişilər arasında siqaretin ən çox çəkildiyi üçüncü ölkədir. Ermənistan KİV-ə istinadən verilən məlumata görə, bu barədə Amerika Tibb Assosiasiyasının jurnalında deyilir. Məlumata görə, 2012-ci ildə bu göstərici üzrə Şərqi Timor (61 faiz) birinci olub. Sonrakı yerləri, müvafiq olaraq, İndoneziya (57), Ermənistan (51,5), Rusiya (51) və Kipr (48) tuturlar. Qadınlar arasında siqaretin ən çox çəkildiyi ölkələr isə Yunanıstan (34,7) və Bolqarıstandır (31,5). (Trend)
2014-01-08
5,953
Əsgərimiz intihar etməyib, öldürülüb – Fakt
"Mənim oğlum intihar etməyib, öldürülüb". Bu sözləri 27 iyun 2013-cü ildə həlak olmuş Dövlət Sərhəd Xidmətinin əsgəri Xəzər Səmədovun atası Ağa Səmədov "Axar.az"a yazdığı məktubunda qeyd edib. O, redaksiyamıza göndərdiyi məktubda oğlunun intihar etmədiyini, qəsdən güllələnərək qətlə yetirildiyini bildirib. Əsgərin atası bunun oğlunun ölümündən düz 11 saat sonra istintaq tərəfindən tam sübuta yetirildiyini də yazıb: "Artıq Cəlilabad Rayon Hərbi Məhkəməsində iş sona yetib. Oğlumun qəsdən öldürüldüyü istintaq tərəfindən tam sübuta yetirilib. Onu öldürən əsgər Saxalov Şamil Aydın oğludur. Burada zastava rəisinin də əli var. Amma onun işi bura qoşulmadı. Dedilər ki, hərbi prokurorluqda aparılacaq, amma heç bir xəbər yoxdur". Ağa Səmədov oğlunun intihar etməsi ilə bağlı yalan xəbəri hərbi hissə komandirinin yaydığını bildirib. O, indiyə qədər oğlunun adının intihar edən əsgərlər sırasında olmasından şikayətçi olduğunu söyləyib. Qeyd edək ki, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin 08.12.2013-cü ildə yaydığı hesabatda Füzuli rayonundan hərbi xidmətə çağırılan Səmədov Xəzər Ağa oğlunun DSX-nın verdiyi məlumata əsaslanaraq intihar etdiyi bildirilmişdi. Məlumatda əsgərin silahla davranış qaydalarını pozması nəticəsində öldüyü söylənilmişdi.
2014-01-08
5,954
Səbuhi Rəhimliyə ağır itki üz verib
Tanınmış astroloq Səbuhi Rəhimlinin ailəsi ağır itki yaşayıb. Səbuhi Rəhimlinin yaxınlarının "Axar.az"a verdiyi məlumata görə, tanınmış astroloqun atası Kamal Rəhimli bu gün səhər saatlarında dünyasını dəyişib. Allah rəhmət eləsin!
2014-01-08
5,955
Bu gün Leyla Bədirbəylinin doğum günüdür
Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artisti Leyla Bədirbəyli 1920-ci ilin yanvarın 8-də Bakıda anadan olub. Milli kinomuzu Leyla xanımsız təsəvvür etmək mümkün deyil. İstedadlı aktrisa "Arşın mal alan", "Səbuhi", "Fətəli xan", "Dəli Kür", "Sevil", "Onun böyük ürəyi", "Dərviş Parisi partladır", "Görüş" və s. filmlərdə oynadığı unudulmaz obrazlarla hər kəsin yaddaşında iz buraxıb. Aktrisanın ilk rolu Rəsul Rzanın əsəri əsasında hazırlanmış "Vəfa" tamaşasında olub. Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat edib.
2014-01-08
5,956
İranda film çəkilişi zamanı partlayış baş verib, 5 nəfər ölüb
İranda film çəkilişi zamanı faciə baş verib. "Axar.az" "Apa" ya istinadən xəbər verir ki, hadisə bu gün Tehran-Qum avtobanının 35-ci kilometrliyinə yerləşən Müqəddəs Müdafiə Kino Şəhərciyində rejissor Məsud Dehnəməkinin çəkdiyi "Moraciaha" (Müraciət edənlər) filminin çəkilişləri zamanı olub. Nəticədə 5 nəfərin həlak olduğu, 2 nəfərin yaralandığı bildirilir. Belə ki, faciə daha güclü partlayış törətmək üçün benzindən istifadə edilməsi nəticəsində baş verib. Nəticədə şəhərciyin maşın parkındakı bir neçə avtomobil də yanıb. Ölənlərdən biri Müqəddəs Müdafiə Kino Şəhərciyinin direktoru Əli Əkbər Rəncirdir. Bundan əlavə, kaskadyor Rza Fərəci, iki fəhlə və bir gözətçi yerindəcə ölüb. Yaralılar yaxınlıqdakı xəstəxanaya qaldırılıblar.
2014-01-08
5,957
Nazim Süleymanov “Neftçi”dən getdi
Bu gün "Neftçi" PFK-nın baş məşqçisi Nazim Süleymanov istefa ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib. "Neftçi" PFK-nın baş məşqçisi Nazim Süleymanov istefası ilə bağlı klubun rəsmi saytına açıqlama verib: "Neftçi" son üç mövsümün çempionudur və hədəf yenə birincilikdir. Mən isə hazırki şəraitdə komandanı çempion edəcəyimi düşünmürəm. Ona görə də bu gün istefa ərizəmi klub prezidentinə təqdim etdim. "Neftçi" də çalışdığım müddətdə işimə heç kim tərəfindən müdaxilə olmayıb və qısa müddətdə birgə işlədiyim bütün kollektivə təşəkkür edirəm. Klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm ki, mənim qərarımı anlayışla qarşıladı. Mənim üçün hər zaman doğma olan "Neftçi"yə gələcək oyunlarda uğurlar arzu edirəm." Nazim Süleymanovun istefa ərizəsi qəbul edilib və təcrübəli mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulanıb. Nazim Süleymanov bugünkü məşqdən əvvəl komanda üzvləri ilə görüşüb və sağollaşıb. Qeyd edək ki, komandanın məşq prosesinə rəhbərlik fiziki hazırlıq üzrə məşqçi Ruben Sellesə tapşırılıb.
2014-01-08
5,959
Yeganə Hacıyeva: “Müsavatın Milli Şuradan çıxması gözlənilən idi”
Müsavat partiyası başqanının keçmiş müşaviri Yeganə Hacıyeva ilə Müsavatın Milli Şuranı tərk etməsi barədə, həm də istefasının səbəbləri barədə söhbətləşdik. Xatırladaq ki, Yeganə Hacıyeva ötən ay tutduğu postdan istefa verib, partiya sıralarından ayrılmışdı. Yeganə xanımla istefa verdiyi gün görüşsək də, o bir çox məqamları açıqlamaq üçün bir az da gözləməyi məqbul bilmişdi. Nəhayət, Yeganə Hacıyeva ilə növbəti görüşümüzdə suallarımıza cavab ala bildik. Hakim partiyaya qoşulardım... - Müsavat partiyasının Milli Şuradan çıxma səbəbi nədir? - Əgər siz məndən soruşsanız ki, Müsavatın Milli Şuradan çıxması sizin üçün gözlənilməz oldumu? – Yox. Mən bunu may ayından bilirdim. Bunun əvvəl-axır belə olacağı aydın idi. Partiyalara və digər təşkilatlara edilən müttəfiqlik təklifi də Milli Şuranı tərk etdikdən sonar tənqidlərə məruz qalmamaq üçün atılan addım idi. Bu günlərdə oxuyuram ki, bir çox müsavatçılar məni karyerist adlandırırlar. Karyerist olsaydım, 2005-ci ildə Müsavat partiyasına niyə gəlirdim?! Hakimiyyətdə olan partiyaya qoşulmaq daha doğru olmazdımı?! - Sizin Müsavat partiyasından istefanız Müsavatın Milli Şuradan çıxma istəyi ilə bağlı idi? - Bu barədə uzun müddətdir danışıqlar gedirdi. İstefam nəticənin belə olacağını bildiyim üçün idi. Bundan başqa zaman-zaman açıq suallar olurdu, o suallara cavab tapmırdım. Və tapdığım cavablar da mənim xoşuma gəlmirdi. Mən səkkiz il Müsavat partiyasının üzvü, 2003-cü ildən təəssübkeşi olmuşam. 2005-ci il 14 noyabr Parlament seçkilərindən sonra rəsmən Müsavat partiyasının sıralarına qoşuldum. Sonrakı 8 illik fəaliyyətimdə sakit dövrlər də oldu, aktiv dövrlər də. Son bir ildə isə mən hər gün Müsavat partiyasında oldum, partiyanın hər qərarının şahidi oldum, proseslərin hər addımından xəbərim oldu. O proseslər mənim öncələr təxmin etdiyim, amma qəbul etmədiyim şeyləri mənə aydın elədi. Çoxlu suallar yarandı idarəçiliklə bağlı, çox şeylər oldu... Sualı İsa Qəmbərə vermək daha doğru olardı - Hansı suallar yarandı? - Bunu açmayaq. Çünki fikirləşirəm ki, bunu mənim açmağım doğru olmaz. - Müsavat İctimai Palatadan da, Azadlıq blokundan da, Demkonqresdən də çıxan tərəf olub. Sizcə, bunun səbəbi nədir? - Düşündürücü sualdır. Səbəbləri partiyanın rəhbərliyi daha yaxşı bilər. Sualı İsa Qəmbərə vermək daha doğru olardı. Mənə gəldikdə, fikirləşirəm ki, Müsavat partiyasında verilən hər hansı bir qərarın İsa Qəmbərin razılığı olmadan verildiyinə inanmıram. 2005-də Milli Məclisdə deputat mandatı alan şəxslər... - Müsavat daxilində Milli Şuradan çıxmağını dəstəkləyənlər kimlərdir? - Dəstəkləməyənlər daha çoxdur. Qubad İbadoğlu dəstəkləmir, Tofiq Yaqublu dəstəkləmir, sıravi üzvlərin böyük çoxluğu Milli Şurada qalmağın tərəfdarı idi. Milli Şuradan çıxmağın tərəfdarları əsasən 2005-ci ildə Milli Məclisdə deputat mandatı alan şəxslər və digərləridir. O kəsim çıxmağın tərəfdarıdır ki, biz o kəsimi küçələrdə görmürük, konfranslarda görmürük. - Milli Şuradan çıxmağın tərəfdarı olan şəxslərin arqumentləri nədir? - Milli Şuradan çıxmaq istəyənlərdə arqument görmədim. O sualların cavabını, əlbəttə, onlar özləri də verəcək. - Fuad Qəhrəmanlı Müsavatın hökümətlə sövdələşməsindən söz edib... - Mən danışanda faktlar varsa, danışmağı doğru sayıram. Tanıdığım qədərilə Fuad bəy də danışarkən faktlarla danışan biridir. Biz hələ 20 il də müxalifətdə qalacağıq - Hazırda gedən prosesləri necə dəyərləndirirsiniz? - Biz elə məqama gəlmişik ki, Azərbaycanda cəmiyyət və müxalifət ayrı-ayrı anlama gəlir. Ortada bir idarə olunmayan, çoxluğa güvənini, inamını itirmiş, hər şeydən narazı kontingent var. Əksər müxalifətçilər deyir ki, insanlar qorxduğu üçün küçəyə çıxmır. Özünü yandıran bir cəmiyyətə, yəni qorxusunu özünü yandıracaq dərəcədə aşmış bir cəmiyyət nədən qorxa bilər ki?! Məsələ burda gəlir güvənin, inamın üstünə. Cəmiyyət inanmır bəlkə. Yəqin ki, inanmır. Müxalifət, partiyalar başa düşməlidirlər ki, onlar bu ölkədə nəyisə bu cəmiyyət üçün edirlər. Apardığımız mübarizə o vaxt nəticə verər ki, bu, cəmiyyət tərəfindən qəbul olunsun, cəmiyyət bizim nə etmək istədiyimizi anlasın və bizə dəstək versin. Cəmiyyət dəstək verməsə, biz hələ 20 il də müxalifətdə qalacağıq. Bu ölkədə kimsə nəyisə yaxşılığa doğru dəyişmək gücündədirsə, mən ona ancaq dəstək verə bilərəm. Ətrafımızda elə firqələr var, onlar hesab edir ki, bu dəyişikliyi ya biz etməliyik, ya da heç kim. Bu, tamamilə səhv yanaşmadır. - Sizcə, Milli Şuranın aqibəti necə olacaq? - Buna birlikdə qərar verəcəyik. Cəmil müəllim, Koordinasiya şurasının üzvləri və digər dostlar birlikdə qərar verəcəyik. Hər işdə bir xeyir var. Mən çoxluq kimi son bir ayda fikirləşirdim ki, qoy təmizləmə olsun. Təmizləndikdən sonra daha yaxşı olacaq. Mən optimistəm.
2014-01-08
5,960
Prokurorluq Rafiq Tağı qətlinin istintaqına aydınlıq gətirdi
Baş Prokurorluq mərhum yazıçı-publisist Rafiq Tağının ölümü ilə bağlı başlanmış cinayət işinin icraatının dayandırılması barədə xəbərlərə aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, hazırda bu iş üzrə zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir: "Əvvəllər də məlumat verildiyi kimi, 19 noyabr 2011-ci il tarixdə Rafiq Tağıyevin həyatına qəsd edilərək qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət törətmiş şəxsin müəyyənləşdirilməsi məqsədilə prokurorluq və daxili işlər orqanlarının təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İbtidai istintaq zamanı irəli sürülmüş fərziyyələrin yoxlanılması istiqamətində mümkün olan bütün zəruri və təxirəsalınmaz istintaq və prosessual hərəkətlər, əməliyyat tədbirləri yerinə yetirilsə də, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılıb. Lakin təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə əməliyyat tapşırıqları göndərilib və hazırda da bu istiqamətdə zəruri əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir. Cinayət işi üzrə icraatın dayandırılması üçün nəzərdə tutulan hallar aradan qalxdıqda və təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün olan prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti yarandıqda iş üzrə icraatın təzələnməsi təmin olunacaq".
2014-01-08
5,961
İlqar Vəlizadə: “Qarabağ Gömrük İttifaqının tərkibinə daxil olacaq”
Son günlər Ermənistan mətbuatında Dağlıq Qarabağ və Sürix protokollarıyla bağlı açıqlamalar daha çox yer almağa başlayıb. Dağlıq Qarabağ konfliktinin gələcək taleyi və bunun Azərbaycan üçün təsirlərini siyasi ekspert İlqar Vəlizadə ilə öyrənməyə cəhd etdik. - Ermənistan mətbuatında Sürix protokollarının tam iflası ilə bağlı açıqlamalar yer alıb. Sizcə, Sürix protokolları həqiqətənmi iflasa uğradı? - Sürix protokolları ümumiyyətlə 11 bənddir. Bunların da hamısı sıra ilə qəbul edilib. Bəndlərə, sadəcə, olaraq əməl etmək lazımdır. Ardıcıllığa baxanda təxminən birinci, ya ikinci bənddə tərəflər arasında tarix komissiyalarının yaradılmasının şərt kimi ortaya atıldığını görmüş olarıq. Komissiya iki dövlət arasında olan münaqişəli məsələlərə aydınlıq gətirməli idi. Həmin bu ilk bəndlərə ermənilər skeptik yanaşdılar və ümumiyyətlə, onlar bu bəndlərin qəbul olunmasını istəmirdilər. Digər məsələlərin həlli də məhz bu komissiyaya bağlanırdı. Buna görə də Sürix protokolları tam mənada işə düşmədi. Ermənistan ümumiyyətlə, protokolları imzalamazdan əvvəl Türkiyə ilə Azərbaycan arasında yaxınlığa nəzər yetirməli idi ki, indi həmin protokolları reallaşdıra bilsin. Ermənistan bundan nəticə çıxartmadığına görə hazırda protokollar iflic vəziyyətindədir. - Sizcə, Ermənistan Gömrük İttifaqının tərkibinə qəbul olunan zaman Dağlıq Qarabağ rəsmi İrəvanla vahid iqtisadi məkan kimi göstəriləcəkmi? - Birmənalı olaraq Dağlıq Qarabağ heç bir zaman Ermənistanla hüquqi baxımdan vahid iqtisadi məkan kimi göstərilməyəcək. Buna heç kim, hətta Rusiya belə icazə verməz. Hazırda Ermənistan Qarabağla sərhədində hələ post da yaradır. Amma bütün bunlara baxmayaraq, Ermənistan de-fakto Dağlıq Qarabağla təşkilatı bağlamaq istəyir. Müqavilə imzalansa, Qarabağ de-fakto Gömrük İttifaqının tərkibində olacaq. Hətta müştərək yaradılmış şirkətlərin istehsal və ya idxal etdikləri mallar, Dağlıq Qarabağ məhsulları digər ərazilərə də yollanacaq. - Onda belə çıxır ki, faktiki olaraq Gömrük İttifaqı Dağlıq Qarabağla ticarət əlaqəsi yaratmış olacaq. - Faktiki olaraq bunu istisna etmək mümkün deyil. Çox güman ki, belə də olacaq. Burada nəzarət mexanizmi çalışmalıdır. Gömrük İttifaqının üzvləri buna nəzarət etməlidir. Yəqin ki, Azərbaycan hər zaman belə bir informasiya aldıqda öz etirazını Rusiya və digər ölkələrə bildirəcək. - Amma Ermənistan rəhbərliyi hər zaman çıxışlarında Dağlıq Qarabağla heç bir zaman sərhəd-keçid məntəqələri yaratmayacağını deyir. - Mən bununla bağlı informasiyanı KİV-lərdən almışam. Ola bilsin bu, Ermənistan cəmiyyətində əks-səda doğurub ki, belə reaksiya gəlib. Reallığa qalanda, Ermənistan rəhbərliyinin dediklərinin hamısı blefdir. Axı onlar bunu öz partnyorlarına necə izah edəcəklər? Gömrük İttifaqına daxil olan ölkələri belə bir öhdəliyi öz boyunlarına götürüblər ki, bütün sərhəd olan yerlərdə xüsusi postlar quraşdırsınlar. Ermənistan bütün ətrafında olan ölkələrlə sərhəd keçid məntəqələri yaratmalıdır. - Gələcəkdə Azərbaycana Dağlıq Qarabağdan təzyiq metodu kimi istifadə edilə bilər. Yəni Azərbaycan da təzyiqlərin nəticəsində məcburiyyət qarşısında qalıb Gömrük İttifaqını seçə bilər. - Azərbaycanın bu təşkilata üzvlüyü gündəmdə deyil. Çünki Azərbaycanla Gömrük İttifaqının tələbləri bəzi hallarda üst-üstə düşmür. Gömrük İttifaqının üzvləri öz ərazi vahidləri içərisində bir-birilə şəbəkə qurublar. Bizdə isə belə şey yoxdur. Azərbaycanın iqtisadi dövriyyəsi onlarla uyğun deyil. Bizim yalnız kənd təsərrüfatı məhsullarımız Rusiyaya ixrac olunur. Ölkənin qalan sahələri isə digər ölkələrlə bağlıdır. Başqa bir məsələ Ümumdünya Ticarət Təşkilatı ilə bağlıdır. Rusiya və Qazaxıstan bura üzvdür. Azərbaycanı isə hələ qəbul etməyiblər. Biz gərək ya qəbul olaq, ya da hər hansı yaxınlığımız olsun ki, Gömrük İttifaqına daxil ola bilək. - Bəs ölkənin yürütdüyü balanslı siyasət gələcəkdə pozula bilərmi? - Mən kəskin şəkildə deməzdim ki, biz blokada içərisindəyik. Misal kimi Norveç və ya İsveçrəni göstərərdim. İsveçrə heç bir təşkilatın üzvü deyil, amma Avropada öz mövqeyini qoruyub saxlayır. Süni yaradılmış bu ittifaqlar ümumiyyətlə, Azərbaycan üçün xeyirli deyil. Ermənistan və Ukraynanın timsalında bunun bərbadlığını görmək mümkündür. Bu iki ölkəni zorla təşkilata üzv etmək istəyirlər. Ona görə də düşünürəm ki, Azərbaycan bu siyasi vəziyyətdən maksimum yararlana bilər. Yəni biz rahat siyasi alverimizi apara bilərik. Bunun gələcəkdə nə dərəcədə faydalı olmasıni isə yalnız vaxt göstərəcək. - Bəs 2014-cü ildə Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı nə gözləmək olar? - Əsaslı heç bir dəyişiklik olmayacaq. Sadəcə, konfliktə yanaşma tərzləri nisbətən dəyişilə bilər.
2014-01-08
5,962
Hesablama Palatası Bakı meriyasını yoxlamağa başlayır
Bu gün Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclası keçirilib. Kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Dövlət Neft Akademiyasına ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına, Bakı şəhər Təcili Tibbi Yardım avtobazasına ayrılan vəsaitlərin proqnozlaşdırılmasına və icrasına, habelə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən və dövlət büdcəsinin ehtiyat fondlarından Bakı şəhərinin yenidənqurma və abadlıq işlərinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramları təsdiq olunub (AzNews.az).
2014-01-08
5,963
Güləndən sonra yeddi adam – Şok iddia
"Camaat"ın (fətullahçılar) mətbuat üzrə nümayəndəsi kimi görünən adlar əslində hər kəsi yanıltmaq üçün atılmış addımdır". "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə köşə yazarı İsa Tatlıcan çıxış edib. O, əslində mətbuatda Fətullah Güləndən sonra gələn adamlar kimi göstərilən şəxslərin doğru olmadığını deyib: "Camaat daxilində qərarlar əslində yeddi nəfərlik bir heyət tərəfindən alınır. Yaxşı bəs bu heyət kimdir? "Camaat"a yaxın olan dostlarımız əsasən Mustafa Özcan, Şərif Əli Təkalan, Məhmət Əli Şəngül, İsmail Böyükçələbi, Ərdoğan Tüzün, Abdullah Aymaz, Naci Tosun kimi adamların aldığı qərarlar daha effektivdir". Qeyd edək ki, bir müddət öncə mətbuat siyahıda yer alan Abdullah Aymazın Fətullah Gülənin xələfi olacağı ilə bağlı məlumat yaymışdı. O həmçinin "camaat" daxilində ən çox kitab müəllifi kimi də tanınır.
2014-01-08
5,964
Nazir müavini avstriyalı səfirlə görüşdü
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Avstraliyanın daimi iqamətgahı Ankarada olmaqla, Azərbaycanda da akkreditə olunmuş səfiri İan Biggsi fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Xarici İşlər Nazirliyi yayıb. Nazir müavini səfirə Azərbaycan ilə Avstraliya arasında ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfələrinə görə təşəkkür edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. İan Biggs səfir qismində fəaliyyətinin uğurla həyata keçirilməsi üçün Azərbaycan Respublikası Hökuməti tərəfindən yaradılmış şəraitə və göstərilmiş yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Görüş əsnasında ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında müzakirə və fikir mübadiləsi aparılıb.
2014-01-08
5,965
Doğan Holdinq Ərdoğandan üz çevirdi
"Doğan Group rəsmən öz mövqeyini seçdiyini elan edir". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə türkiyəli köşə yazarı Nazlı Ilıcak çıxış edib. O, AKP-dən üz çevirdiklərini bəyan edib. "Əvvəldə yazdıq. AKP-Gülən savaşında baş nazir Rəcəb Tayyib Ərdoğan bizi dəftərdən sildi". Qeyd edək ki, "Doğan Group"un tərkibinə Türkiyənin kifayət qədər məşhur olan "Hürriyet", "Radikal", "Posta" qəzetləri, Kanal D, CNN Türk və digər kanallar daxildir.
2014-01-08
5,966
Müsavat Partiyası yenidən bəyanat yaydı
Müsavat partiyası müxalifət qüvvələri arasında ittihamlara birətərəfli qaydada moratorium qoyulması haqqında bəyanat verib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir: Müsavat Partiyası Milli Şurada fəaliyyətini dayandırmaq haqqında 06 yanvar 2014-cü il tartixli rəsmi açıqlamasında Milli Şuranı tərk etdiyini bildirsə də, bu qurumda fəaliyyət göstərən qüvvələrə uğurlar arzulamaqla yanaşı, onlarla həm ikitərəfli, həm də çoxtərəfli funksional əməkdaşlığa bundan sonra da hazır olduğunu bəyan edib. "Təəssüf ki, Müsavat Partiyasının bu xoşməramlı mövqeyi bəzi siyasi qüvvələr tərəfindən adekvat qarşılanmadı. Müsavat Partiyasının müttəfiqlik barədə saziş imzalamağı təklif etdiyi bəzi siyasi qüvvələr belə münasibətlərin qurulmasından imtina etməklə yanaşı, Müsavat Partiyasına qarşı böhtan və təhqir kampaniyasının yeni mərhələsinə start verməsi Müsavat Partiyası və AXCP arasında münasibətlərin gərginləşməsinə şərait yaradır. Müsavat Partiyasına qarşı təhqir və böhtanların sosial şəbəkədə və mətbuatda yer alması xüsusilə yolverilməzdir. Müsavat Partiyası haqqında yayılan böhtanlar içərisində guya partiyanın öz siyasi kursunu dəyişməsi, 2015-ci ildə keçiriləcək Parlament seçkilərində mandat əldə etmək məqsədi ilə hakimiyyətlə separat danışıqlara getməsi kimi absurd bir iddianın irəli sürülməsi xüsusi ikrah hissi doğurur. Müsavat Partiyası fəaliyyət göstərdiyi bütün dövrlər ərzində avtoritar rejimlə heç zaman separat danışıqlara getməyən, rejimə qarşı barışmaz mövqe tutan bir partiya kimi fərqlənib. Məhz Müsavat Partiyasının bu mövqeyinə görə İsa Qəmbər başda olmaqla Müsavat Partiyasının rəhbərliyinə daxil olan heç bir kəs bütün seçki kampaniyalarında fərqli üstünlüklə qalib gəlmələrinə baxmayaraq Əliyevlər rejimi dövründə parlamentə buraxılmayıblar. 2005-ci il seçkiləri zamanı bir neçə partiya üzvünün parlamentə daxil olması isə həmin şəxslərin halal qələbəsi hesabına baş verib. Yalnız bu faktlar Müsavat Partiyasının hakimiyyətlə separat danışıqlara gedə bilməsi ilə bağlı absurd iddiaların heçə endirilməsi üçün kifayətdir. Müsavat Partiyası onun ünvanına söylənilən təhqir və böhtanlara əhəmiyyət verməyərək öz işini ölkədə demokratik islahatların aparılması, fundamental hüquq və azadlıqların təmin edilməsi məqsədi ilə partiya Məclisinin qəbul etdiyi "2014-cü ilin Fəaliyyət istiqamətləri" sənədinə əsasən davam etdirir. Müsavat Partiyası Məclisinin son toplantısında bəyan edilib ki, hakimiyyət Novruz bayramına qədər siyasi məhbusları azad etməsə və ölkədə köklü siyasi islahatlara başlamasa, partiya 2015-ci ildə ölkədə keçiriləcək Avropa Oyunlarının boykot edilməsi istiqamətində fəaliyyətə başlayacaq. Müsavat Partiyası hakim rejimə qarşı demokratiya uğrunda mübarizə apardığını iddia edən partiya və birliklərin də bu istiqamətdə qərar qəbul edəcəyi halda birgə fəaliyyət göstərilməsini məqsədəuyğun hesab edir və bu məqsədlə ölkədə fəaliyyət göstərən bütün real müxalifət qüvvələrinə müraciət edir. Müsavat Partiyası KİV-lərdə və sosial şəbəkələrdə partiyanın, onun liderlərinin ünvanına səsləndirilən həqiqətdən uzaq fikirlərin, xüsusilə təhqir və böhtanların yolverilməzliyini bir daha diqqətə çatdıraraq, bu gündən həmin fikirlərə münasibət bildirməmək haqqında birtərəfli qaydada moratorium qəbul etdiyini bəyan edir və partiya öz üzvlərinə açıqlamalarında bu qərarı nəzərə almağı tövsiyə edir". ("Musavat.com")
2014-01-08
5,967
ARDNŞ ötən il 143 min metr quyu qazıb
2013-cü ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 4217 metr qazma işi həyata keçirib. Bu sahədə görülmüş işlərin 4190 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2013-cü ilin yanvar-dekabr aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 142 656 metr qazma işi görülüb ki, bunun da 135 665 metri istismara, 6991 metri kəşfiyyata aid olub. (Trend)
2014-01-08
5,968
Narkotik məkanı Əfqanıstandan siqaretə qadağa
Əfqanıstanda ictimai yerlərdə siqaret çəkmək artıq qadağandır. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əfqanıstan parlamenti ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanunu təsdiqləyib. Qanunu pozanlara 6 dollar pul cəzası kəsiləcək. Ölkədə qanunla siqaretə tətbiq olunan vergi də artırılıb.
2014-01-08
5,969
Türk sənətçiləri Bakıda konsert verəcək - Foto
Yanvar ayının 23-də Bakıda Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə "Türk musiqi axşamı" adlı tədbir təşkil olunacaq. "Bir millət, iki dövlət" devizi altında baş tutacaq konsertdə Bakı Musiqi Akademiyasının türk tələbə və doktorantları, Türkiyənin tanınmış sənətçiləri iştirak edəcək. Onlar arasında müğənni Mustafa Yıldızdoğan, klarnet ifaçısı Hüsnü Şənləndirici, solistlər Elif Nun, Osman Özəl, Mehmet Bitməz, Ərcümənt Əkin, Kadir Verim, Gürkan Çakmak, Coşqun Karadəmir, Emirhan Kartal və Ata Bahri Çağlayan, Ərgün Şənləndirici, Ceyhun Çeliktən də olacaq. Konsert Şövkət Məmmədova adına Opera Studiyasının konsert salonunda keçiriləcək. İki saata yaxın davam edəcək tədbirdə ifaçıların repertuarından seçilmiş musiqi parçaları, sevilən türk xalq, türk sənət və estrada, eləcə də Azərbaycan musiqi nümunələrinin ifa olunması nəzərdə tutulub. (ANS)
2014-01-08
5,970
Məhkuma qazanın içində telefon "sovqat"ı - Foto
3 saylı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təcridxanada saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Elçin Xanlar oğlu Əliyevə qardaşı Ramil Xanlar oğlu Əliyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı içərisində toyuq ətindən hazırlanmış yemək olan qazanın dibinə xüsusi üsulla yerləşdirilmiş, dəmir parçası ilə örtülmüş 2 ədəd "Nokia", bir ədəd "XpressMusic" markalı mobil telefon aparatları və 2 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. (Trend)
2014-01-08
5,971
Ərdoğan mərasimə qeyri-adi geyimdə gəldi - Foto
Türk və yapon mühəndislərin ortaq şəkildə ərsəyə gətirdiyi "TÜRKSAT 4A" peyki Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakıyla təşkil edilən mərasimdə təqdim olunub. Ərdoğan Yaponiyada rəsmi proqram daxilində "TÜRKSAT 4A" və "TÜRKSAT 4B" peyklərinin hazırlandığı Tokiodakı "Mitsubişi Elektrik" firmasının peyk istehsal mərkəzini ziyarət edib, sonra isə peykin təhvil verilmə mərasiminə qatılıb. Xüsusi xələt və bone geyərək mərasimdə iştirak edən Baş nazir çıxışında bu proyektin Yaponiya ilə kosmos əlaqələri, elm, texnologiya sahəsində icra edilən ortaq işlərdə əldə olunan müvəffəqiyyətin konkret bir göstəricisi olduğunu bildirib. O, bu işlərə 2011-ci ilin mart ayında başlanıldığını söyləyərək, fikirlərinə bunları əlavə edib: "Mitsubişi Elektrik" firmasıyla imzalanan müqaviləyə atdığımız addımın bir hissəsini bu gün tamamlamış olduq. Bu gün televiziya verilişlərimiz və peyk informasiya siqnallarımız Avropanın hər yerinə və Asiyanın böyük bir hissəsinə çatır. Təhvil-təslim prosesini reallaşdırdığımız "TÜRKSAT 4A" peyki sayəsində isə televiziya verilişlərimiz və peyk informasiya siqnallarımız artıq Afrika qitəsini də əhatə etmiş olacaq". Mərasimdə daha sonra Baş nazir Ərdoğan, "TÜRKSAT"ın müdiri Özkan Dalbay və "Mitsubişi" şirkətinin rəhbəri Keniçiro Yamanişi təqdim olunan mükafatın altına imza atıb.
2014-01-08
5,972
Avropa Birliyindən Türkiyəyə sərt tələb
Avropa Birliyi (AB) Türkiyədə polislərin kütləvi işdən çıxarılması ilə bağlı narahatlıq bildirib. Avropa Komissiyasının rəsmi təmsilçisi Olivye Bayi AB-yə namizəd ölkə kimi Türkiyədən "bir sıra rəhbərlər" tərəfindən pozuntular və korrupsiyaya yol verilməsi barədə açıqlamaları təhqiq etməyi tələb edib. Bir az öncə Ankarada 350 polisi işdən çıxarıblar. Korrupsiya qalmaqalı fonunda 16 vilayətin polis rəisləri işdən çıxarılıb. (ANS)
2014-01-08
5,973
Ağ Evdən xüsusi kadrlar - Foto
Türkiyənin "Haberturk" qəzetinin xəbərinə görə, ABŞ prezidenti Barak Obama, həyat yoldaşı Mişel Obama və qızları Saşa və Malianın ev sahibliyi etdiyi Ağ Ev 2013-cü ilin ən yaxşı fotoşəkillərini yayımlayıb. ABŞ prezidenti Barak Obamanın həm iş, həm özəl həyatından fotolar təqdim edən Ağ Evin rəsmi fotoqraf xidmətinin şefi Piti Souzanın çəkib seçdiyi fotolar böyük marağa səbəb olub.
2014-01-08
5,974
Bakıda yaşayış evi yandı
Bakı şəhərində yaşayış evində yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının tavanı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-08
5,975
Türkiyə ilə müqavilə Yaponiyada aranı qarışdırdı
Baş nazir Rəcəb Tayyib Ərdoğanın Yaponiyaya səfəri çərçivəsində "Mitsubishi" şirkətinin Sinopda keçirilən nüvə enerji stansiyasının inşaatını öz üzərinə götürməsini nəzərdə tutan razılaşma Yaponiyada etirazlara səbəb olub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, etirazlara səbəb müqavilədə uranın və plutoniumun zənginləşdirməsini nəzərdə tutan maddənin yer alması nüvə silahı ilə bağlı narahatçılığa səbəb olub. Yapon Asahi Şimbun qəzetinin verdiyi məlumata görə, Yaponiya Xarici İşlər Nazirliyindən bir səlahiyyətli nümayəndənin verdiyi açıqlamada əldə edilən razılaşmanın Türkiyə tərəfinin istəyi üzərinə reallaşdığını bildirib.
2014-01-08
5,976
Göyçayda 3 uşaq atasını elektrik vurdu
Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. "Axar.az"ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün Göyçay şəhərinin Vidadi küçəsindəki 10 saylı mənzildə qeydə alınıb. 1955-ci il təvəllüdlü İbrahimov Rasim Rəhim oğlu yaşadığı evin tavanındakı lampanı dəyişərkən onu elekrtik cərəyanı vurub. Rasim İbrahimov elektrik cərəyanının təsiri nəticəsində yerə yıxılaraq kəllə-beyin travması alıb. Üç uşaq atası olan Rasim İbrahimov rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının maşını ilə mərkəzi rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
2014-01-08
5,977
ABŞ vertolyotu qəzaya uğradı: 4 ölü
ABŞ Hava qüvvələrinə aid vertolyot qəzaya uğrayıb. "Axar.az"ın əldə etdiyi məlumata görə, hadisə İngiltərənin şərq sahilindəki Norfolk şəhərində yerləşən hərbi baza yaxınlığında baş verib. Qəza sonrası polis yerli camaatı hadisə yerindən təxliyə edərək 400 metr diametrində bir sahəni nəzarətə götürüb. Pentaqondan verilən açıqlamada 4 ABŞ əsgərinin öldüyü bildirilir. Polis hadisə ilə bağlı araşdırma aparır.
2014-01-08
5,978
“Palmali”dən “Bakı” tankeri açıqlaması - Video
"Palmali" şirkətlər qrupuna məxsus "Bakı" tankeri Liviya sahillərində atəşə tutulub. Məlumatlara görə, Liviya limanından tankerə neft yüklənən zaman gəmiyə Liviya əsgərləri tərəfindən xəbərdarlıq edilib. Amma xəbərdarlığa məhəl qoyulmadığına görə hərbi gəmilər "Bakı" tankerinə atəş açıblar. Liviyanın Milli Neft Korporasiyasından verilən məlumatda da hadisənin həqiqətən baş verdiyi və tankerin Azərbaycana məxsus olduğu bildirildi. Məsələ ilə bağlı "Palmali" şirkətlər qrupu da açıqlama verib. Şirkətin vitse-prezidenti İbrahim Nəbioğlu məsələnin təfərrüatlarını danışıb: "Bu "Palmali" donanmasının ən önəmli afromax tipli gəmilərindən biridir. Həqiqətən də bu hadisə Liviyanın quru sərhədləri yaxınlığında baş verib. Bu bizim gəmiyə qarşı pirat hadisəsidir. Yəni quldurlarının hücumudur. Bizim gəmiyə və onun ekipajına heç bir zərər dəyməyib". İbrahim Nəbioğlunun sözlərinə görə, bu onlara qarşı ilk belə hadisədir və bunun kökündə Liviyada mövcud olan siyasi proseslər dayanır. O, quldurların məqsədinin gəmini ələ keçirtmək olduğunu deyib. "Lakin bu baş tutmayıb. Hazırda "Bakı" tankeri Malta sularındadır". (ANS)
2014-01-08
5,979
“Qızıl teşt”in müəllifi "Qaçhaqaç"dadır
Bir zamanlar ədəbi aləmdə "Qızıl teşt" əsərilə səs salmış yazıçı Seyran Səxavətlə qısaca söhbətləşdik. Onun nə üzərində işlədiyi, nələr yazmağı planlaşdırdığını öyrənmək istədik... Bəlli oldu ki, ötən il "Azərbaycan" jurnalında dərc olunan "Qaçhaqaç" romanını kitab halında dərc etdirmək istəyir. - Oxuculara məlum olan "Qaçhaqaç" romanımın 2-ci hissəsi "Azərbaycan" jurnalının ilk nömrəsində dərc olunub və fikirləşirəm ki, onu da artıq romanın birinci hissəsi kimi kitab halında dərc etdirməliyəm. Bu roman birinci hissədə olduğu kimi, mənim öz həyat yolumdan, tərcümeyi-halımdan bəhs edən bir əsərdir və ikinci hissədə də bu davam edir. Ümümiyyətlə, öz portretimi yaratmaq istəmişəm və belə bir addım atmaqla fikirləşmişəm ki, hamıdan yaxşı Seyranı özüm tanıyaram. Ona görə də ömrüm, günüm haqqında yazmaq qərarına gəldim. Birinci kitab hardasa 450 səhifəyə yaxın idi, yaxında ikinci hissə də oxucuların ixtiyarına veriləcək. Bu bir yazıcının, bir azərbaycanlının, gəncin, körpənin körpəlikdən üzü bəri tərcümeyi-halıdır. - Xatirə kitabınız başqalarının memuarlarından nə ilə fərqlənir? - Bu adi memuar deyil, bədii tərcümeyi-haldır. Süzgəcdən keçmiş, yaddaqalan hadisələrin toplusudur. Mən heç nəyi zorla yadımda saxlamıram. Hadisə özü yadda qalmalıdır. - Yeni əsər üzərində işləyirsinizmi? - İndi əsər üzərində işləmirəm. Bir-iki aya yəqin ki, yaradıcılıq fəaliyyətimə başlayacam. Yazmağa başlayacağım əsərlərim barədə danışmağı sevmirəm və belə düşünürəm ki, bu mənə düşmür. Ümumiyyətlə, yazacağım əsər haqqında danışanda, bu mənim öz şəxsi fikrimdi, adam bir az boşalır. Hətta yazacağım çox vacib bir əsər haqqında çox danışmışam, sonra yarımçıq qalıb.
2014-01-08
5,980
Dünyaya bənzər planet kəşf olundu
Dünyaya bənzər özəlliklərə sahib planet kəşf edilib. "Axar.az" məlumat verir ki, bu kəşfi Harvard Universitetinin Astrofizika Araşdırmalar Mərkəzi edib. Alimlər yeni kəşf edilən planetin Yerlə eyni həcmdə olduğunu bildiriblər. Yerdən 200 işıq ili uzaqlıqda yerləşən planetin öz oxu ətrafında 23 saat ərzində döndüyü bəlli olub. Alimlər burada orta istiliyin təxminən 104 dərəcə olduğunu ehtimal edirlər.
2014-01-08
5,981
Dağıntılar altından körpə sağ çıxarıldı - Foto
Dünən Suriyanın paytaxtı Dəməşqdə yaşayış yerinin bombalanması nəticəsində çox sayda insan həlak olub. "Axar.az"ın əldə etdiyi xəbərə görə, Suriya prezidenti Bəşər Əsədə bağlı ordu birliklərinin müxtəlif şəhərlərdə müxalifət qüvvələrinə qarşı həyata keçirdiyi hücum nəticəsində 8 uşaq, 11 qadın olmaq üzrə 75 nəfər həyatını itirib. Dağılan binaların altından ölü və yaralıların çıxarıldığı bir vaxtda dağıntıların altından körpə tapılıb. Verilən məlumatlara görə körpə dağıntıların altından sağ olaraq çıxarılıb.
2014-01-08
5,982
“Xəzər Lada” MMC yandı
Zaqatala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan "Xəzər Lada" MMC-nin 40 kv.m olan avtotəmir boksunun tavanı 25 kv.m sahədə yanıb. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, avtotəmir boksunda təmirə dayanmış "VAZ" markalı minik avtomobilin salonu da yanıb. Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-08
5,983
Rusiya ilə Suriya "Cenevrə-2"ni müzakirə etdi
Suriyanın istəyi üzərinə rusiyalı və suriyalı diplomatlar Moskvada "Cenevrə-2" konfransının detallarını müzakirə edib. "Axar.az" Cihan xəbər agentliyinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Rusiyanın Orta Şərq üzrə xüsusi nümayəndəsi və Xarici işlər nazir müavini Mixail Boqdanov, Suriyanın Moskva səfiri Riad Haddad ilə görüşüb. Görüşdə Suriyadakı son vəziyyət və "Cenevrə-2" yığıncağı müzakirə edilib. Xatırladaq ki, Rusiya və ABŞ-ın dəstəklədiyi Suriya böhranının həlli ilə bağlı beynəlxalq konfrans İsveçrədə 22 yanvarda keçiriləcək.
2014-01-08
5,984
Prezident təsdiq etdi: polis müdirləri dəyişdirildi - Fərman
Daxili İşlər Nazirliyinin qərarına əsasən 15 ilin əmniyyət müdirləri dəyişdirilib. "Axar.az" Hürriyyət-ə istinadən xəbər verir ki, Ankara, Diyarbəkir, İzmir, Adana, Antalya, Bursa, Ərzurum, Gaziantep, Hatay, Qocaəli, Malatya, Mersin, Sakarya, Samsun və Trabzon əmniyyət müdirləri mərkəzi idarələrə təyin edilib. Ankara əmniyyət müdürlüyünə Qırıqala əmniyyət müdiri Qədri Qartal təyin edilib. Vəzifədən kənarlaşdırılan müdirlərin yerinə təyin edilən 24 addan 8-i istisna olmaqla digərlərinin polis Baş müfəttişi olması təəccüb doğurub. Qərarla bağlı fərman rəsmi mənbələrdə yayımlanıb. Prezident Abdullah Gülün imzası olan fərmanı təqdim edirik.
2014-01-09
5,985
Ərdoğanın oğlu Azərbaycandadır - İddia
Bilal Ərdoganın Qəbələdəki "Qafqaz" Hoteldə qaldığına dair iddialar var. Türkiyənin bir sıra internet saytlarında ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın bir müddətdir Qəbələdəki "Qafqaz" Hoteldə qalması haqqında xəbərlər yayılıb. Azərbaycanda olan qaynaqlara istinadən yayılan xəbərlərdə bildirilir ki, baş nazir Ərdoğan 17 dekabr Böyük Rüşvət əməliyyatından sonrakı dalğada oğlunun həbsi təhlükəsi yarandığı üçün onu ölkədən çıxarmaq qərarına gəlib. Bilal Ərdoğan üçün ən etibarlı məkan kimi isə Azərbaycan seçilib. Yada salaq ki, Türkiyənin hakim partiyasına korrupsiya və rüşvət əməliyyatı ilə vurulan zərbə baş nazir Rəcəb Tayyib Ərdoğanın ailəsinə qədər gedib çıxmış, ilk günlər istintaqı aparan Müammer Akkaş Bilal Ərdoğanın istintaqa çağırılması haqqında order imzalamışdı. Orderdə istintaqa Bilal Ərdoğanın şübhəli qismində çağırılma səbəbi kimi gəlir məqsədi ilə qanunsuz dəstə yaratmaq, qurulan dəstəyə üzv olmaq göstərilirdi. Ancaq bu olaydan bir neçə gün sonra Muammer Akkaş istintaq prosesindən kənarlaşdırıldı. Akkaş mediaya açıqlamasında bu məsələnin baş nazirin xüsusi təlimatı ilə həyata keçirildiyini bildirdi. Akkaş iddia edirdi ki, 100 milyard dollarlıq daha bir korrupsiya faktının izinə düşüb və AKP bu məsələdə 7 dekabr Böyük Rüşvət əməliyyatından daha böyük ziyan çəkəcək. Prokuror Akkaş işdə şübhəli şəxs qismində keçən şəxslərin də adını mediaya təqdim etmişdi. Onların arasında Bilal Ərdoğanın Səudiyyə Ərəbistanında olan iki ortağı da vardı. Yerli qaynaqlar siyahı açıqlanandan sonra hər iki iş adamının özəl uçaqla tələsik Türkiyəni tərk etdiyini yazırdı. Türkiyənin "Hürriyyet" qəzetinin yaydığı xəbərdə isə bildirilirdi ki, 17 dekabrda həbs edilən İstanbulun Fateh Bələdiyyə başqanı bir neçə hektarlıq torpaq sahəsində dövlət vəsaiti hesabına tikilən binanı baş nazir Ərdoğanın ailə üzvlərinə məxsus TÜRGEV vəqfinə 25 illiyinə bağışladığı üçün istintaqa cəlb edilib. TÜRGEV-in İdarə Heyətinin üzvü olan Bilal Ərdoğanla bərabər Ərdoğan ailəsinin daha 11 üzvü vəqfin təsisçiləri sırasındadır. Əməliyyatın ilk günlərində noyabr ayında bəlli olmayan qaynağın TÜRGEV-ə 3 milyon lirə vəsait köçürməsi haqqında da xəbər yayılmışdı. Bunun ardınca yerli media baş nazirin kiçik oğlu olan gənc Bilal Ərdoğanın qısa zamanda Türkiyənin ən zəngin şəxsləri sırasına yüksəlməsinin tarixçəsi haqqında ard-arda məqalələr dərc etdi; iş həyatına qida sənayesi ilə başlayan Bilal Ərdoğanın bir neçə il içərisində tekstik, kosmetika, tikinti, gəmiçilik sektoruna daxil olduğu, iri uluslararası layihələr həyata keçirdiyi xəbərləri gündəmə gətirildi. Müxalifətin və sosial media vasitəsi ilə vətəndaşların son dərəcə sərt tonda təpkilərinə baş nazir Ərdoğan özünə xas olmayan həyəcanlı bir tərzdə cavab verdi. Baş nazir 30 mart bələdiyyə seçkilərində namizədlərinin müəyyən edilməsi məqsədilə AKP-nin regionlarda düzənlədiyi mitinqlərdəki çıxışında TÜRKEV-in xeyriyyəçiliklə məşğul olmasını vurğuladı: "Mən çox fəxr edirəm ki, ailə üzvlərim belə xeyirxah işlərlə məşğuldur. Fateh bələdiyyəsinin TÜRGEV-ə 25 illik istifadə üçün verdiyi bina aspirantlar üçün yataqxanadır. Bu, Bilal Ərdoğanın oteli deyil ki... TÜRGEV-dən başlayaraq mənə gəlib çatmaq istəyirlər". Türkiyədəki bir sıra qaynaqlar onu da iddia edir ki, Bilal Ərdoğan atasının hakimiyyəti üçün gərgin günlərdə ölkədən çıxaraq Qəbələdə öz təşəbbüsü ilə yerləşib. Azərbaycan hakimiyyət orqanlarının bu məsələdə AKP ilə eyni səfdə dayandığı da bəllidir. Ən azından ona görə ki, 17 dekabr Böyük Rüşvət əməliyyatına görə həbs edilənlərdən biri Sədərək Gömrük Keçid Məntəqəsinin rəhbəri Mirməhəmməd Seyidovdur. ("Musavat.com")
2014-01-09
5,986
Milyarderin kasıb avtomobili - Foto
"Feysbuk"un rəhbəri Mark Zukerbergin istifadə etdiyi avtomobilin fotoları yayılıb. Dünyanın ən zəngin isimlərindən olan bu şəxs, sən demə, çox da bahalı olmayan "Volksvagen GTİ" sürür. 20 milyard dollarlıq sərvətinin olmasına baxmayaraq, M.Zukerberqin olduqca təvazökar addımı görənləri heyrətləndirib. Bu qədər sərvətin qarşısında o, cəmi 30 min dollarlıq maşına üstünlük verib. Ancaq Zukerberq hər zaman bu qədər təvazökar olmayıb. Qonşularından qurtulub təkbaşına yaşamaq üçün aylar öncə evinin ətrafındakı mənzilləri 30 milyon dollara satın alan Zukerberq uzun müddət medianın gündəmindən düşmədi.
2014-01-09
5,987
Bir ayda dəm qazından 60 nəfər zəhərlənib
Son bir ay ərzində, demək olar ki, hər gün ən azı 2 nəfər dəm qazından zəhərlənir. Yeni ildə 7 nəfər isə dünyasını dəyişib. Paytaxtda dəm qazından daha iki nəfər boğularaq ölüb. Onlardan biri Nizami rayonu Məhəmməd Şərifli küçəsi 1a ünvanında kirayə yaşayan 38 yaşlı Arzu Məmmədova olub. Ev sahibinin sözlərinə görə, onun cansiz bədəni evin digər bir otağını kirayə üçün başqa şəxsə göstərilən zaman ümumi olan hamam otağında aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, dəm qazının digər qurbanı Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Zümrüd Hüseynova olub. Son bir həftə ərzində isə dəm qazından zəhərlənənlərin sayı 6 nəfərə çatıb. 1 saylı şəhər xəstəxanasının toksikoloqiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, zəhərlənmə ilə gətirilən bütün xəstələr müvafiq tibbi yardimdan sonra ambulator müalicə üçün evə buraxılıb. Ümumilikdə isə keçən ilin son ayında 42 nəfər dəm qazı ilə zəhərlənmədən xəstəxanaya müraciət edib. Bunlardan 26-sı hazırda xəstəxanada müalicə olunurlar. Yeni ilin ilk ayına gədikdə isə xəstəxanalara artıq dəm qazı zəhərlənməsi ilə bağlı 14 müraciət olunub, bunlardan 6-sı hələ də xəstəxanadadır. Azəriqaz İstehsalat Birliyi isə dəm qazının iysiz olduğundan bədbəxt hadisənin qarşısının alınması üçün müvafiq təhlükəsizlik tədbirlərin görülməsini tövsiyə edir. Kustar üsulla hazırlanmış standartlara uyğun olmayan qaz cihazlarının vətəndaşlara birbaşa təhlükə yaratdığını bildirən birliyin mətbuat katibi Araz Ağayev evin hər bir otağina aid mütləq qaydada yerinə yetirilməli qaydalarının olduğunu deyib: "Bundan əlavə abonentlərin qaz qurğularina özbaşına müdaxilənin də qadağan olunduğunu deyən Azəriqaz rəsmisi tüstü bacalarin təmizlənməsini də vacib şərt kimi qeyd etdi. Deməli ilk növbədə təhlükəsizliyimiz barədə özümüz düşünməliyik, təbii ki, əgər növbəti qurbanin özümüzün olmağini istəmiriksə. (ANS)
2014-01-09
5,988
Millət vəkili rüşvət alarkən saxlanıldı
Rumıniyada iqtidardakı koalisiyanın mühafizəkar millət vəkili George Koman həbs olunub. "Axar.az"ın xarici mənbələrə istinadən xəbərinə görə, 19 dekabrda dövlət idarəsinə bir nəfəri işə düzəltmək üçün 700 avro rüşvət alarkən görüntülənib. Bundan sonra 27 dekabrda millət vəkilinin məclisdəki taleyi ilə bağlı səsvermə keçirilib. Millət vəkilinin toxunulmazlığı 190 səsə qarşı 34 səslə qüvvədə qalıb. Eyni gün məhkəməyə gətirilən millət vəkili şərti azadlığa buraxılıb. Ancaq Korrupsiyaya qarşı Mübarizə İdarəsi qərara etiraz edərək, millət vəkilini avtomobilində saxlayaraq həbsxanaya aparıb.
2014-01-09
5,989
Qırmızı xərçənglərin köçü - Foto
Avstraliya sahillərində Şaxta baba adası kiçik, dağlıq, amma yaşıllıqlarla örtülmüş bir adadır. Hər il noyabr ayında bu ərazilər inanılmaz bir təbiət hadisəsinə şahid olur. Milyonlarla qırmızı xərçəng nəsil artırmaq üçün dənizə doğru köç edir. İlin bütün vaxtını meşədə keçirən xərçənglər burdan çıxıb bütün ada boyu hərəkət edirlər. Avstraliyada payızda baş verən bu köç təxminən 15 milyon xərçəngin eyni vaxtda hərəkəti deməkdir. Artıq ada sakinləri hər il təkrarlanan bu köçə alışıb. Hətta onlara kömək məqsədilə avtomobil yolları bağlanır və ya yollara hərəkəti məhdudlaşdıran işarələr vurulur. Bəzi məntəqələrdə isə məhz xərçənglərin keçməsi üçün nəzərdə tutulan keçidlər tikilib.
2014-01-09
5,990
Pakistanda ordu ilə militanlar arasında qarşıdurma: 13 ölü
Pakistanın cənubunda yerləşən Vəziristan bölgəsində ordu ilə militanlar arasında qarşıdurma baş verib. "Axar.az"ın əldə etdiyi məlumata görə, qarşıdurma nəticəsində 10 militanın, 3 əsgərin öldüyü bildirilib. Hücumu hələ də boynuna götürən olmasa da, həmin bölgədə Taliban Pakistan təşkilatı təsirli gücə malikdir.
2014-01-09
5,991
Yuxuda görülən rənglərin mənaları nədir?
Yuxuda gördüyümüz rənglər əslində nələri ifadə edir? Ağ və gümüş: Ay və qadına xas duyğuların yüksəlişə keçdiyini təmsil edir. Safın, təmizliyin, barışın, işığın və işıqlığın rəngidir. Yuxuda ağ rəng görmək o adamın iç dincliyə ehtiyac duyduğunu göstərir. Platin və bənövşəyi tonları: Həyat gücünü işarələyən bənövşəyi tonları yuxuda görmək həyat sevgisinə, səyahətlərə və yeni xəbərlərə işarədir. Adamın gerçək həyatda özünə inamı təmin etməsi və yaxın bir dost axtarışında olmasını təmsil edir. Ayrıca hissi anlayışda həm artımı həm də əskikliyi işarə edir. Qəhvə və torpaq rəngləri: Maddə və torpağın rəngini yuxuda görmək duyğu, həyəcan və fərdi dəyişmə mənasını verir. Adamın həyat şərtlərinə, ruhi vəziyyətinə görə fiziki komfort, rahatlıq axtarışı və dünya zövqlərini rədd etməsi mənasını verir. Qırmızı və alov tonları: Yuxuda qırmızı rəng görmək həyata arzusunu, cinsəlliyi və şəhvəti izah edər. Eyni zamanda hirsi və tələsikliyi də təmsil edər. Adamın böyük eşq yaşadığına, ya da bir hadisəyə çox-çox əsəbiləşməsinə işarə edir. Mavi və mavi tonları: Həyat gücü, enerji və hissləri işarə edir. Yuxuda mavi rəng görmək sədaqət, ağıl və məntiq deməkdir. Adamın sakitliyini və dincliyə qovuşmasını işarə edir. Ayrıca ədalətin rəngidir. Çəhrayı və gül rəngləri: Duyğuları və eşqi izah edir. Sevinci, xoşbəxtliyi və xəyalları təmsil edən çəhrayı rəng romantik və cadulu bir əlaqəyə şərh olunur. Sarı və parlaq rənglər: Günəşi və kişini işarələyən sarı rəng hisslərin, enerjinin və xoşbəxtliyin təmsilidir. Şüurlu davranışların, məntiqi və gerçəklərin simvoludur. Nəfəs sarı, cəsarət itkisi və böyük itkilərə işarə edir. Qara: Qaynağı bilinməyən bir narahatlıq halını təmsil edir. Qara ölümü xatırladan bir rəngdir, lakin ölümlə birlikdə təyin olunacaq yeni doğuşun simvoludur. Yeni qapıların açılmasına və başlanğıca işarə edir. Narıncı: Sağlamlıq, enerji, güc və məntiqi işarələyən narıncı rəng yuxuda görüldüyü zaman möhkəm ünsiyyət və ictimai bir həyat istəyi mənasını verir. Adamın özündən məmnun olmadığı yerləri dəyişdirmə arzusudur. Yaşıl: Sağlamlığı, həyatı, inkişafı, böyüməyi və ümidləri işarə edir. Tünd yaşıl rəng görmək qısqanclıq, təcrübəsizlik və gücsüzlükdür.
2014-01-09
5,992
Məşhurlarımızdan kimlər Marsa gedərdi?
Marsa gedərdim, daha göz yaşları görmək istəmirəm Bildiyiniz kimi, Holland şirkəti "Mars One" Marsa səyahət təşkil edir. "Mars One" təşkilatı 2018-ci ildə başlayacaq bir layihə üçün 200 mindən çox insanın müraciət etdiyini açıqlayıb. Marsda davamlı yaşamaq üçün şərait qurmaq istəyən "Mars One" qurumu ilk göndərdiyi qrupdan 4 nəfərə ömürlük Marsda yaşamaq, geri qayıtmamaq şansı verəcək. Marsa getmək üçün müraciət edənlər arasında Türkiyə vətəndaşları da var. Azərbaycandan da belə bir səfərə çıxmaq istəyənlərin olub-olmadığını öyrənmək istədik. Arvad-uşağı qoyub heç Rusiyaya getmək olmur Köşə yazarı Zamin Hacı bu layihənin nağıl olduğunu dedi: "Mən Qoç bürcüyəm, himayədarım Mars planetidir. Ən azı ona görə getmək istəyərdim. Rey Bredberinin "Mars xronikaları" da vaxtilə çox sevdiyim əsər olub. Amma indiki halda arvad-uşağı qoyub heç Rusiyaya getmək olmur, gəl gör Mars olsun. Həm də o layihə daha çox nağıldır. İndi Marsa adam göndərməyə texniki imkanlar yoxdur". Haqsızlıq yorub mәni Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan başa düşülməməkdən bezdiyini bildirdi: "Gedәrdim, çünki yerdә işlәrimi bitirmişәm... Bir az teatrım vә ailәm üçün darıxacam, o da anlaşılandı! Haqsızlıq yorub mәni, daha göz yaşları görmək istəmirəm, başa düşülmәmәkdәn bezmişәm, yerin cazibә qüvvәsi amansızdı..." Nə Marsa, nə Yupiterə... Yazar Elçin Mirzəbəyli qeyd etdi ki, Marsa getmək üçün heç bir tutarlı əsas görmür: "Nə Marsa, nə Yupiterə, nə də başqa bir planetə gedərdim. Sevdiyim insanlardan bir neçə günlüyə ayrılanda belə, mənim üçün dözülməz olur. Marsa getməyə heç bir tutarlı əsas görmürəm". Gözümü qırpmadan gedərdim Tarix elmləri namizədi Altay Göyüşov: "Mars yaşamalı yer deyil, güllü çiçəkli, cənnət kimi bir yer olsaydı, gedərdim". Yazar Kənan Hacı bildirdi ki, gözünü qırpmadan gedərdi: "Əgər həmin Holland şirkəti doğrudan da belə bir xeyirxah iş görərsə, mən gözümü qırpmadan gedərdim. Səbəbi də odur ki, bu planetdə yaşamağı bacarmadım, bəlkə orda nəsə etdim. Həm də bu dünyanın adamları məni çox yorub". Yerdən tək mən olmaq şərti ilə... Şairə, yazar Sevinc Çılğın Bakı üçün "sino getdiyini" bildirdi: "Mənim Marsda nə itim azıb? Mən Zahirsiz nəfəs ala bilmərəm. Bakı üçün də "sino gedirəm". "Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədlisə bildirdi ki, Marsa yalnız bir halda, dönməmək şərti ilə gedərdim ki, ora məndən başqa Yerdən kimsəni aparmasınlar. Yerdəki adamların xislətinə, necə deyərlər, dabbaqda gönünə bələd olduğum üçün onlarla birlikdə Marsda yaşamaq, elə Yerdə yaşamaq kimi bir şey olacaq. Səbəbə gəlincə, Yerdən bezdiyim üçün Marsa gedərdim, amma dediyim kimi, Yerdən tək mən olmaq şərti ilə". "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu fikrini çox səmimi şəkildə, qısa və konkret bildirdi: "Marsa bir az tərəddüd edirəm, amma Venera olsaydı, məmnuniyyətlə gedərdim". Yəqin ki Marsda qızılgül yoxdur... REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli qətiyyətlə getmək istəmədiyini dedi: "Yox, getmərəm, 2018-də Cümhuriyyətin 100 illiyidir, bunu Azərbaycanda qeyd etmək, burada Cümhuriyyəti bərpa etmək istəyirəm". Yazar Cəlil Cavanşirin cavabı isə onun obrazına nisbətən çox optimist oldu: "Mən təkliyi, adamsızlığı sevən adamam. Ömürlük Marsda qalmağı isə seçmərəm. Çünki bu gəzəgəndə missiyamı başa vurmamışam. Belə bir şansım olsa, getməzdim. Elə adamlar var ki, onların səsini həftədə bir dəfə eşitməsəm, dəli olaram. Bir də qızılgül qoxusu. Yəqin ki, Marsda qızılgül yoxdur..." Sorğudan belə bəlli oldu ki, getmək istəyənlərin sayı istəməyənlərdən azdır. Demək ki, biz öz Yerimizi Marsa dəyişmədik.
2014-01-09
5,993
Yeni iddialı “Galaxy” planşeti gəlir
Cənubi Koreyanın "Samsung" şirkəti Las-Veqasda keçirilən "CES 2014" sərgisində 2560x1600 təsvir ölçüsünə malik 12,2 düym diaqonallı sensor displeylə təchiz edilən "Galaxy Note Pro" planşet kompüterini nümayiş etdirib. "Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən bildirir ki, bu, Cənubi Koreya istehsalçısının "TabPRO 12.2" modeli ilə birlikdə bu cür ekran ölçüsündə təqdim etdiyi ilk planşetlərindən biridir. Kommunikasiya imkanlarından asılı olaraq qurğu səkkiznüvəli "Exynos 5 Octa" (Wi-Fi və 3G-ni dəstəkləyən model) və ya dördnüvəli "Qualcomm Snapdragon 800" prosessoruna (LTE şəbəkəsini dəstəkləyən versiya) əsaslanır. "Galaxy Note Pro" modelinin 8 meqapikselli arxa və 2 meqapikselli ön kamera, 3 giqabaytlıq operativ yaddaş, 32-64 tutumlu fləş-yaddaş, "Action Memo" funksiyaları ilə yanaşı, "S-Pen" stilusunun (elektron qələm) köməyi ilə məlumatların daxil edilməsi və 9500 milliamper saat tutumlu "S Finder" batareyası və "Android 4.4 KitKat" əməliyyat sistemi kimi texniki xüsusiyyətlərini sadalamaq olar. "Samsung Galaxy Note Pro 12.2"-nin ölçüləri 295,6 x 204 x 7,95 mm, çəkisi 750 qram (Wi-Fi ilə təchiz olunmuş model) və ya 753 qram (3G/LTE-ni dəstəkləyən model) təşkil edir. Bundan başqa, "Galaxy Note Pro 12.2" ilə birlikdə texniki xüsusiyyətlərinə görə onun bənzəri olan "TabPRO 12.2" planşet kompüter modeli (S-Pen ilə təchiz edilməyən) də istehsal olunacaq. "Samsung Galaxy Note Pro 12.2"-nin satışa çıxarılması və qiyməti haqqında hələlik məlumat verilmir. Planşet "Android 4.4 KitKat" əməliyyat sistemi ilə təchiz edilməklə satışa çıxarılacaq. Şirkət yeni qurğuda çoxsaylı servislərlə yanaşı, əvvəlcədən quraşdırılmış əlavələrin də yer alacağını bildirib.
2014-01-09
5,994
Gəncədə ev yandı
Bu gecə Gəncə şəhərində ev yanıb. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 256 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsin tavanı 128 kv.m ev əşyaları qismən və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Yanğın saat 03:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
2014-01-09
5,995
Komaya düşən qadın öldü - Həkim terroru/Fotolar
Mingəçevir Mərkəzi Xəstəxanasında doğuş zamanı körpəsini itirərərk komaya düşən 1979-cu il təvəllüdlü Esmira Yadulla qızı Ocaqverdiyeva bu gün vəfat edib. Qadının ailə üzvlərinin verdiyi məlumata görə, bu gecə dünyasını dəyişən qadının ölümünə həkim səhlənkarlığı səbəb olub. "O, həkim səhlənkarlığının qurbanı oldu. Özləri qadını bu vəziyyətə saldılar, sonra da sağalda bilmədilər". Dünyasının dəyişən Esmira Ocaqverdiyeva bu gün saat 13:00-da Biləsuvar rayonu Nəriman kəndində torpağa tapşırılacaq. Qeyd edək ki, E.Ocaqverdiyeva ötən ilin sonu - 28 dekabrda doğuş sancıları ilə Mingəçevirdə doğum evinə gətirilib. Müayinə zamanı həkimlər uşağın tələf olduğunu bildiriblər. Doğuşdan sonra isə kəskin qanaxma baş verib və xəstə əməliyyat edilib. Buna baxmayaraq, qadın komaya düşüb. Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasından verilən məlumata görə isə, qanaxmaya hamiləliyin son ayında qadının səhhətində yaranan problem, böyük ehtimalla yüksək təzyiq səbəb olub. Doğuşdan sonra kəskin qanaxma baş verib və bunun qarşısını almaq üçün Esmira Ocaqverdiyeva əməliyyat edilib. Qanaxmanın qarşısı alınsa da, bu dəfə qadın komaya düşüb. Həkimlər onun yaşama ehtimalının az olduğunu bildiriblər. Xəstənin yaxınları uşağın ölümünü və ananın koma vəziyyətinə düşməsini həkim səhlənkarlığı səbəbindən baş verdiyini qeyd ediblər. Xəstəxana rəhbərliyi isə xəstəyə vaxtında bütün tibbi yardım göstərildiyini və hər hansı həkim səhlənkarlığının olmadığını deyir. Xatırladaq ki, Mingəçevirdən olan millət vəkili Aydın Mirzəzadə komaya düşən ananı nəzarətə götürmüşdü. Xəstənin müalicəsi üçün Bakı şəhərindən təcrübəli reanimatoloq göndərilmişdi. Onun vəziyyətində müsbət irəliləyişlərin olduğu deyilsə də, qadının həyatını qurtarmaq mümkün olmayıb (ANS).
2014-01-09
5,996
Bakıda zəncirvari qəza - Fotolar
Bakıxanov küçəsindəki körpünün yaxınlığında dairəvi yolda hərəkət edən "Toyota RAV" markalı avtomaşın qarşıda hərəkət edən və yol kənarında dayanan 4 "Mercedes Benz"ə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Dövlət Yol Polisinin Yasamal rayon Şöbəsinin hadisə yerində olan əməkdaşlarının verdikləri məlumata görə, ilkin ehtimalla qəzaya səbəb sərxoş vəziyyətdə olduğu iddia edilən "Toyota RAV" markalı avtomaşının sürücüsü olub. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb. Faktla bağlı Dövlət Yol Polisinin Yasamal rayon Şöbəsində araşdırma aparılır.
2014-01-09
5,997
Hava ABŞ-a 5 milyard dollar ziyan vurub
ABŞ-da yanvar ayının əvvəlindən başlayan kəskin şaxtalar ölkəyə 5 milyard dollar ziyan vurub. Bu barədə havanın biznesə təsirini araşdıran "Planalytics" şirkəti məlumat yayıb. Arktikadan gələn soyuq hava kütlələri ABŞ-ın mərkəzi və şərq ştatlarını cənginə alıb. Şaxtalardan 200 milyondan çox insan əziyyət çəkir. İnfrastrukturda ciddi ziyan dəyməsə də, ən azı 21 nəfərin dünyasını dəyişdiyi xəbər verilir. "Plananalytics"in verdiyi məlumata görə, 2010-cu ildə soyuqlar 25-30 milyard dollar zərər vurub. Həmçinin ekspertlər hesab edirlər ki, şaxtalar ABŞ iqtisadiyyatını 17 trilyon geri salır. İqtisadçılar hesab edirlər ki, hava şəraiti yaxşılaşdırılması daha çox pərakəndə ticarət və xidmət sahəsində olan insanlara müsbət təsir edəcək (ANS).
2014-01-09
5,999
Cəbhədə atışma: düşmən susdurulub
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" məlumat verir ki, erməni silahlı bölmələri dünən Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-01-09
6,000
Məşhur jurnalist Qarabağ haqqında proqnoz verdi
"Dağlıq Qarabağ konfliktinin inkişaf mexanizmini proqnozlaşdırmaq elə də çətin deyil". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə "Eurasia.net" saytında Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq üzrə ixtisaslaşmış məşhur jurnalist Coşua Kuçera çıxış edib. O, prezidentlərin 2013-cü ildəki görüşünü konfliktin inkişafında müsbət hal adlandırıb: "Bu müsbət addımlara baxmayaraq, sərhəddə hələ də atışmalar baş verir və indiyə qədər dayanmayıb. Mənə elə gəlir ki, bu gedişatla konfliktin yenidən başlanması, sadəcə, zaman məsələsidir".
2014-01-09
6,001
Türkiyə səfiri redaktorlarla bir araya gəldi - Foto
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun Azərbaycanın bir qrup qəzet redaktorları ilə səfirlikdə səhər yeməyi formatında bir araya gəlib. Səfir redaktorları salamlayaraq deyib ki, bu görüşün xüsusi gündəmi yoxdur. Dostcasına bir səhər yeməyi yeyək dedim. Amma təbii ki, kimin ürəyində nə varsa, ondan danışacaq (Musavat). Səhər yeməyi səmimi bir atmosferdə keçib.
2014-01-09
6,002
Kürd dili rəsmi dil oldu
İraqda kürd dili rəsmi dil olub. İraq parlamentində ərəd dili ilə yanaşı kürd dilinin də rəsmi dil olması barədə qərar qəbul olunub. Ölkə televiziyalarının yaydığı məlumatlara görə, kürd millət vəkili Şilər Əziz bundan sonra ərəb dili ilə yanaşı kürd dilinin də ölkənin əsas rəsmi qurumlarında istifadə olunacağını bildirib. Onun sözlərinə görə İraq parlamentində türk və erməni dillərinin də ölkənin rəsmi dili olması barədə təkliflər irəli sürülüb (ANS).
2014-01-09
6,003
ABŞ-ın Fətullah Gülənlə bağlı möhtəşəm hesabatı - Hökm
Uzun illərdir Fətullah Gülən hərəkatını dərindən araşdıran mərkəzi ABŞ-da yerləşən Orta Asiya Media Tədqiqat İnstitutu (MEMRI) hazırladığı hesabatla dini təriqətin qəribə əlaqələrini aşkarlayıb. "Axar.az" xəbər verir ki, hesabatda bir ABŞ məhkəməsinin verdiyi hökmdə belə yazılıb: "Gülən ABŞ üçün fövqəladə qabiliyyətlərə sahib bir miqrantdır". Gülənin nəzarətində 25 milyard dollar var Cəmi 20 səhifəlik hesabatda əvvəlcə Fətullah Gülənin Türkiyənin siyasi arenasına quruluş verməyə çalışan bir fiqur olduğu bildirib: "Bunu elədiyi vaxt həm iqtidar partiyası içindəki tərəfdarlarından istifadə edir, həm də hərəkatın fantastik dərəcədə böyük media imperiyasını, maliyyə quruluşlarını, banklarını, müəssisələrini, minlərlə məktəb və universitet, işıq evləri (nurçu gənclərin qaldığı evlər) və oxşar qurum və quruluşlardan yaranan beynəlxalq şəbəkəsini hərəkətə keçirir. Fətullah Gülən bir maliyyə imperatorudur. Ən zəif ehtimallara görə, 25 milyard dollarlıq əsrarəngiz bir büdcəsi var". Məhkəmənin qərarı: "Gülən ABŞ-ın xeyrinədir" "Fətullah hərəkatı"nın lobbi yaratmaq üçün böyük maddi qaynaqlardan istifadə etdiyi deyilən hesabatda bu ifadələrə yer verilib: "Əmrindəki bütün təşkilatlar və universitetlər (böyük pullar axıtmağa davam etdiyi "Georgetown" universiteti də daxil olmaqla) ABŞ-da və Avropada Gülənin konfranslarını təşkil edir. 2007-ci ilin oktyabrında İngiltərədə "Lordlar Evi" Fətullah Gülənin şərəfinə bir konfrans təşkil edib. ABŞ-da bir Federal Məhkəmə Amerika Milli Təhlükəsizlik Departamentinin və Miqrasiya İdarəsinin Gülənin yaşıl kart müraciətini "təhsil sahəsində fövqəladə bacarıqlara sahib olan şəxs" kriteriyasına uymadığına görə rədd qərarı geri qaytarılmışdı. Amerika Milli Təhlükəsizlik Departamenti Fətullah Gülənin təhsil sahəsində bir mütəxəssis, ya da pedaqoq olaraq deyil, "çox böyük və təsirli dindar və siyasi hərəkatın holdinqlər sahibi olan lider" olaraq təqdim etmişdi. Məhz bundan sonra Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agentləri Corc Fidas və Qraham Fuller, Amerikanın Türkiyədəki keçmiş səfiri Morton Abramoviç Gülən üçün dəstək məktubu yazıb. Məktublar işə yarayıb. 16 iyul 2008-ci ildə Amerika vilayət hakimi Stüart Dalzell bir etibarnamə yayımlayıb. Bu etibarnamə ilə Amerika Miqrasiya İdarəsi Gülənə 1 avqust 2008-ci ilə qədər "fövqəladə bacarığa sahib olan miqrant" olduğu əsası ilə işləmək icazəsinin verilməsini tələb edirdi. Nəticədə, məhkəmə Gülənin Amerikada yaşamaq istəyən şəxslərdə görmək istədiyi "Birləşmiş Ştatların xeyrinədir" məcburiyyətinin yerinə yetirildiyi qərarını verib. Gülən şəbəkəsinin təməlində hazırlıq kursları və məktəblər var Hesabatda Gülən hərəkatının təhsil sahəsinə ciddi maraq göstərdiyi qeyd olunub: "Fətullah Gülən şəbəkəsinin təməlində təhsil qurumları var. Gülənin təhsil şəbəkəsi möhtəşəmdir. Araşdırmalara görə, Türkiyədəki iki milyon hazırlıq kursları şagirdlərinin 75%-i Gülənin məktəblərində oxuyur. Gülən bütün Türkiyəyə yayılmış minlərlə seçmə məktəbi, üniversitetləri və tələbə yataqxanalarını nəzarətində saxlayır. Türkiyə xaricində dünyanın hər yanına yayılmış Gülən hərəkatı yüzlərlə orta məktəb, təxminən 110 ölkədə onlarla universiteti nəzarətdə saxlayır. Gülənin məktəblərində təhsil alan gənclər gələcək üçün hüquq, siyasət və təhsil karyeralarına hazırlaşırlar. Həmin gənclər arasında indi icra hakimləri, hakimlər, Türkiyə Silahlı Qüvvələrində (TSQ) zabitlər var. Hətta nazirlər var ki, bunlar Gülənlə məsləhətləşmədən heç bir şey edə bilməzlər". MEMRİ hesabatından Türkiyə tarixində indiyə kimi heç kimin Fətullah Güləninki qədər Türkiyə cəmiyyətini kökündən dəyişdirməyə çalışan bir siyasi hərəkatı olmamışdı.
2014-01-09
6,004
Qəzaya düşən aparıcının kimliyi məlum oldu - Yeniləndi
10:16 Bu gün saat 10:00 radələrində Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Hövsan qəsəbəsində, "Hyundai" markalı avtomobil Hövsan kanalına düşüb. Nəticədə avtomobildə olan sərnişin dünyasını dəyişib, sürücü isə xilas ola bilib. Sürücünün İTV telekanalının əməkdaşı olduğu bildirilir. Lakin hələlik onun kimliyi müəyyən olunmayıb. Hadisə nətcəsində isə sürücünün bacısı 32 yaşlı Pərvanı Valeh qızı Məmmədova boğulub. Dünyasını dəyişən qadının Səhiyyə Nazirliyinin əməkdaşı olduğu bildirilir. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili yardım həkimləri, polis, prokurorluq və digər hüquq-mühafizə orqanlarınınə məkdaşları cəlb olunub (ANS). *** 10 :47 Qəzaya uğrayan avtomobilin sürücüsünün İTV-nin aparıcısı Rafiq Məmmədov olduğu bildirilir. Qəzada dünyasını dəyişən Pərvanə Məmmədova Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.
2014-01-09
6,005
Volqoqrad terroruna görə 700 həbs
Rusiyanın Volqoqrad vilayətində baş verən terror hadisələrində şübhəli bilinən 700-dən çox insan polis tərəfindən saxlanılıb. Verilən məlumata görə, ölkə Daxili İşlər Nazirliyi Volqoqrad vilayətində antiterror əməliyyatı həyata keçirib. Əməliyyatlar nəticəsində terror aktları zamanı hadisə yerində olan insanlar şübhəli qismində saxlanılıb. Nazirlikdən bildiriblər ki, məsələ ilə əlaqədar 6 minə yaxın obyektdə və 2500-ə yaxın mənzildə araşdırma aparılıb. Verilən məlumata görə, polis əməliyatlar zamanı terror hadisələrində iştirak etməkdə şübhəli bilinən 12 cinayətkarı da saxlayıb. Xatırladaq ki, Volqoqrad vilayətində silsilə baş verən terror aktları zamanı 34 nəfəf həlak olub, yüzlərlə insan isə xəsarət alıb (ANS).
2014-01-09
6,006
“Google” əməkdaşları işə katerlə gedəcək
"Google" şirkəti avtobuslardan imtina edərək əməkdaşlarını Kaliforniyadakı ofisinə katerlə aparmağa başlayıb. "Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, internet şirkəti San-Fransisko limanında icarəyə götürdüyü 149 sərnişin tutumlu katerdən əməkdaşların Silikon vadisinə səhər işə, axşam isə evlərinə çatdırılması üçün gündə iki dəfə istifadə edir. "Google" nümayəndələri bildiriblər ki, katerdən istifadə sınaq məqsədilə həyata keçirilir və sınaq müddətinin nə vaxtadək davam edəcəyi məlum deyil. Bundan başqa, şirkətin katerin icarəsinə görə nə qədər pul ödəməsi barədə məlumat verilmir. Şirkət San-Fransisko sakinlərinin 2013-cü ilin sonunda başlayan etirazları səbəbindən avtobuslardan imtina etməli olub. Belə ki, bir qrup nümayişçi "Google" və "Apple" şirkətlərinin əməkdaşlarını aparan avtobusun qarşısını kəsərək nəqliyyat vasitələrindən birinin şüşələrini sındırıb, eləcə də əməkdaşlardan Oklendi tərk etməyi tələb edən şüarlar səsləndirib, vərəqələr paylayıb. San-Fransiskonun şəhər və rayonlarının əhalisi texnoloji şirkətləri regionda həyat tərzinin, xüsusilə şirkətlərin öz əməkdaşları üçün kirayələdiyi mənzillərin qiymətinin artmasında səbəbkar bilir. Belə ki, son ildə San-Fransiskoda kirayə mənzillər üçün qiymətlər 10 faizdən çox artıb, eləcə də, bu müddət ərzində məhkəmənin qərarı ilə zorla evdən çıxarılma hallarında 25 faizlik artım qeydə alınıb. "Google"un mənzil-qərargahı San-Fransisko körfəzinin cənub hissəsindəki Mauntin-Vyu şəhərində yerləşir. Baş ofisdə ümumilikdə 10 minə yaxın əməkdaş çalışır.
2014-01-09
6,007
“Deputat” Qarabağın müstəqilliyindən danışdı
"Kaliforniya Assambleyasına Dağlıq Qarabağın müstəqilliyinin tanınması haqqında təqdim olunmuş qanun layihəsi ümumamerika siyasətinin bir parçası hesab olunmalıdır". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə tanınmamış Dağlıq Qarabağ Raspublikasından olan "deputat" Vaqram Atanesyan çıxış edib. O, Kaliforniya Assambleyasına təqdim edilmiş qanun layihəsini müsbət qiymətləndirib: "Artıq bəzi ştatlar və şəhərlər Qarabağın müstəqilliyinin tanınması haqqında ABŞ hökumətinə müraciət ediblər. Bu halda bizcə, müsbət qiymətləndirilməlidir. Mənim fikrimcə, artıq ABŞ-da Dağlıq Qarabağın müstəqilliyinin tanınması ştat qanunvericilik orqanları səviyyəsində davam etdirilir". Qeyd edək ki, bir müddət öncə Kaliforniyanın qanunvericilik orqanının üzvü Mayk Qatto Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsi hazırlayıb assambleyaya təqdim etmişdi. Qanun layihəsi təsdiqlənəcəyi halda o ABŞ prezidenti və senata göndəriləcək.
2014-01-09
6,008
Bakının mərkəzində söküləcək ərazilər - Siyahı
Bakının mərkəzi hissəsində yaşıllıq normadan xeyli azdır. Paytaxtda yaşıllığın artırılması ilə bağlı ayrı-ayrı tikililərin, heç bir tarixi əhəmiyyəti olmayan, texniki cəhətdən dayanıqlığını itirmiş və insan həyatı üçün təhlükəli olan binaların sökülməsi nəzərdə tutulur. Bu barədə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib (Trend) . Şöbə müdiri sökülməsi nəzərdə tutulan bəzi ərazilərin adlarını açıqlayıb: "Bakıda "Sovetski" adlanan ərazinin sökülməsi barədə fikirlər hələ Sovet dövründə səslənirdi. Sovet hökuməti dağıldı, amma "Sovetski" sökülüb qurtarmadı. Bir şey də deyim ki, "Sovestki"nin sökülməsi məsələsinə yanaşma kütləvi olmalıdır. Mənə də müraciət edirlər ki, orada hətta hava olmayan, günəş şüası düşməyən zirzəmilərdə yaşayan insanlar var. Təbii ki, onlar oradan köçmək istəyir. Amma həmin ərazidə iş yerləri, biznes fəaliyyəti ilə bağlı obyektləri olan, bundan əlavə çox gözəl, hətta tarixi əhəmiyyəti olan evlərdə, binalarda yaşayan insanlar da var ki, onlar köçmək istəmirlər. Bu baxımdan, oradakı söküntü işlərinə fərdi yanaşmaq lazımdır. Hesab edirəm ki, bundan ötrü müvafiq işçi layihəsi hazırlanacaq. Biz yaxın gələcəkdə bunun reallaşmasının şahidi ola bilərik". Şöbə müdirinin sözlərinə görə, diqqət mərkəzində olan yerlərdən biri də "Kubinka" adlanan ərazidir: "Orada da vəziyyət çox acınacaqlıdır. Özü də son vaxtlar orada çoxmərtəbəli uca binaların tikilməsi ilə azmərtəbəli binalarda yaşayanlar üçün çətin vəziyyət yaranıb, həmin ərazinin ekoloji durumu bir az da mürəkkəbləşib. Təbii ki, sökülməsi yox, abadlaşdırılması gözlənilən ərazilərdən biri də "Kubinka" olacaq". C.Qocayev, həmçinin qeyd edib ki, "Papanin" adlanan ərazidə də söküntü işlərinin aparılması ehtimalı yüksəkdir: "Papanin" Sovet dövründə insanlara ev tikməyə imkan verilmədiyi zamanlarda yaranıb. Orada əsasən bir gecəyə sıx yanaşı tikilmiş, heç bir sanitar şəraiti olmayan, günəş şüası düşməyən, havalanmayan evlər yerləşir. Bu ərazilərin sökülməsi doğru olardı. Qeyd edim ki, burada söküntünün dövlət hesabına aparılmasından söhbət getmir. Hansısa sərmayədar, sahibkar bu ərazidə biznes məqsədilə müəyyən ərazini alıb orada yeni obyektlər tikə bilər. Bakı şəhərinin müfəssəl planlaşdırma layihəsində nəzərdə tutulan parametrləri pozmamaq şərtilə bu qayda "Sovetski"də də tətbiq oluna bilər. Ola bilsin ki, sadaladığım bu ərazilər sökülmək üçün açıq elan edilsin. Çünki bu yerlərin sökülməyə, daha doğrusu abadlaşdırmaya verilməsi potensialı daha yüksəkdir. Bu ərazilərin abadlaşdırılması, oradakı insanların həyatının yaxşılaşdırılması gündəlikdə duran vacib məsələlərdən biridir". Dövlət Komitəsi rəsmisi bildirib ki, bu işlərin bir qismi dövlət, digər qismi isə investorların hesabına aparıla bilər: "Lakin əvvəlki dövrlərdən fərqli olaraq bu dəfə yanaşma başqa cür olacaq. Yəni, əvvəllər gəlib 5-6 evin yerini alıb orada çoxmərtəbəli bina tikirdilər, qalan ərazi isə belə də qalırdı. Amma bundan sonra belə olmayacaq, kompleks yanaşma tətbiq ediləcək, yəni ətrafda artıq başqa evlər qalmayacaq".
2014-01-09
6,009
Prokuror Zəkəriyə Öz: “Ərdoğan yanıma adam göndərdi”
Türkiyədə rüşvət qalmaqalı ilə bağlı cinayət işinin istintaqı ilə məşğul olan prokuror Zekeriya Öz maraqlı açıqlamalar verib. Prokuror yazılı açıqlamasında baş nazir Rəcəb Tayyib Ərdoğanın onun yanına adam göndərdiyini bildirib: "Baş nazir tərəfindən yanıma göndərilən adamlar ondan üzr istəyən bir məktub yazmağımı, hökümətə qarşı addımların dayandırılmayacağı təqdirdə zərər görəcəyimi bildirdilər. Əgər baş nazir iddia etdiyi kimi 22 dəfə ölkədən çıxdığım isbat edilərsə istefa verəcəyəm". Prokuror həmçinin Dubayda ailəsi ilə bərabər bir həftəlik istirahətin pulunun rüşvət qalmaqalına görə saxlanlan iş adamə Əli Ağaoğlunun şirkəti tərəfidnən ödənilməsi ilə bağlı məlumatlara da münasibət bildirib: "Dubayda bir həftə istirahət etdiyim və 77 500 lirə xərcin Əli Ağaoğlu tərəfindən ödənilməsi xəbərləri həqiqəti əks etdirmir. Dubay tətili 3 gün davam edib və 5 ildir ki, səmimi dostum olan Halil İbrahim Demirhan tərəfindən təşkil olunub. Mətbuatda iddia edildiyi kimi 77 min lirə yox, 4250 dollar ödənilib".
2014-01-09
6,010
Doğuş zamanı daha bir ölüm - Həkim terroru
Lənkəranda doğuş zamanı daha bir ölüm hadisəsi qeydə alınıb Lənkəran Şəhər Polis İdarəsindənverilən məlumata görə, ötən gün saat 09:45-də rayon xəstəxananın doğuş şöbəsində Lənkəran rayonu, Qumbaşı kənd sakini Miriyeva Aysel Mirkərim qızının doğuş zamanı uşağı ölüb (AzVision.az) . İlkin araşdırma zamanı müəyyən edilib ki, 01.10.1986-cı il təvəllüdlü 37 həftəlik hamilə Miriyeva Aysel Mirkərim qızı doğuş sancıları ilə Lənkəran MRX-nın doğuş şöbəsinə daxil olub və həmin şöbəndə qeysəriyyə əməliyyatı olunub. Nəticədə A.Miriyevanın yeni doğulmuş uşağı ölüb. Faktla bağlı araşdırma aparılır.
2014-01-09
6,011
“Auto FM” Anar Məmmədova məxsus deyil” - Yeniləndi
11 :31 Nəqliyyat naziri Ziya Məmədovun oğlu Anar Məmədov yeni radio kanalı açıb. "AzərTAc"ın verdiyi məlumata görə radionun direktoru Elnur Baimov radio barədə açıqlama verib: "Bizim başqa radiolardan fərqimiz ondan ibarətdir ki, biz Nəqliyyat Nazirliyi nəzdində Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinin kameraları vasitəsilə yollardakı vəziyyəti daim izləyirik və saatda bir neçə dəfə bu barədə məlumat veririk, məsələn, Gəncə prospektində qəza baş verib, sıxlıq var, alternativ yol kimi Şıxlinski küçəsindən istifadə edin. Radionun hədəfi ölkənin ən böyük FM dalğası olmaqdır. Buna görə də, radionun fəaliyyətinə peşəkarlardan ibarət komanda cəlb olunub. Gün ərzində efirdə ən sol xəbərlər, müxtəlif əyləncəli, intellektual proqramlar təqdim olunacaq. "Azərbaycanda ilk dəfə olaraq, bizdə 2 radio serialı çəkiləcək. Səhərlər "Taksist" serialı, axşamlar isə "Tıxac" serialı efirə gedəcək", - deyə, E.Baimov vurğulayıb. Qeyd edək ki, "Auto FM" radiosunun təqdimatı yaxın vaxtlarda baş tutacaq. Xatırladaq ki, sözügedən radio Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur. *** 13:15 "Auto FM" radiosunun heç bir şəxsə aiddiyyəti yoxdur "Auto FM" radiosunun direktoru Elnur Baimov radionun Anar Məmmədova məxsus olması xəbərini təkzib edib. E.Baimov qeyd edib ki, 107.7 tezliyi Nəqliyyat Nazirliyinin Nəqliyyatı intellektual idarəetmə mərkəzinə ayrılıb və onun nəzdində fəaliyyət göstərir. O, həmçinin radionun hədəfinin ölkənin ən populyar FM dalğası olduğunu diqqətə çatdırıb (AzVision).
2014-01-09
6,012
Hakan Şükür ABŞ-a getdi: Səyahətə?
Hakan Şükür Türkiyə Hava Yollarının təyyarəsi ilə səhər yerli vaxtla saat 07:25-də Nyu Yorka uçub. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakan Şükür səhərin erkən saatlarında Atatürk Aeroportunda VİP salonuna gəlib. İdman paltarları geyən H.Şükür ABŞ ziyarəti ilə bağlı suala gülümsəyərək belə cavab verib: "Səyahətə gedirəm".
2014-01-09
6,013
Yeni ilin ilk günündə damarlarını kəsən gənc qız - Foto
İntihar hadisələrinin aktual olduğu bu günlərdə intihara cəhd etmiş 19 yaşlı bir qızla söhbətimizi təqdim edirik O, bu il yanvarın 2-si gecə yaşadığı mənzildə damarlarını kəsərək intihara cəhd edib. Adilə Nağıyeva 1994-cü ildə Yevlax rayonunda doğulub. Valideynləri Yevlaxda ailə həyatı qurduqdan sonra Bakıya köçüblər. Adilə ailənin böyük övladıdır. Ondan bir il sonra qardaşı dünyaya gəlib. Bakıda yaşadıqları ilk illər maddi vəziyyətləri çox yaxşı olub. Adilə bunları ona nənəsinin danışdığını deyir. Daha sonra vəziyyət getdikcə pisləşməyə doğru gedib. Atadan başlayan faciə Belə olduqda Adilənin atası Natiq yoldaşı və iki körpə uşağını Yevlaxa göndərib. Söz verib ki, maddi vəziyyət düzəldikdən sonra onları geri qaytaracaq. 1998-ci il iyunu, Adilənin dördüncü doğum günündə atadan zəng gözləsələr də, səs çıxmayıb. Natiqdən xeyli müddət xəbər almamaları, üstəlik də ad günündə zəng etməməsi ailəni narahat edib. Adilənin nənəsi Natiqin Yevlaxdan olan və Bakıda işləyən dostuna zəng vuraraq onu tapmasını xahiş edib. Dostu Natiqlə əlaqə yarada bilmədiyi üçün polisə müraciət edib. Bir müddət keçdikdən sonra polis Natiqi evdə asılmış vəziyyətdə tapıb. Adilə deyir ki, atasının əmilərinə və başqa tanışlarına borcu olub. İşləri heç cür yoluna qoya bilməyib və çıxış yolunu özünü öldürməkdə görüb. Natiqin ölümü onun hamilə olan yoldaşını sarsıdıb. Atasının Yevlaxda torpağa tapşırılmasından bir müddət sonra 1998-ci il sentyabrında Adilənin əkiz qardaşları dünyaya gəlib. Bəla bəla ardınca Oktyabrın 1-də isə Adilənin anası İlahə özünü asaraq intihar edib. Adilə həmin günləri belə xatırlayır: "Anam bazara gedəcəyini deyib, bizi evdə qoydu. Bayıra çıxmayaq deyə, qapını bağlamışdı. Axşama yaxın nənəm gəlib qapını açdı. Anam özünü həyətdə ağacdan asmışdı". Valideynlərinin intihar etməsindən sonra Adilə və üç qardaşı 2 il ana nənəsinin himayəsində yaşayıb. Ona və kiçik qardaşlarına xalası baxırmış. 2000-ci ildə nənəsi Adilə və qardaşlarını Bakıda SOS uşaq kəndinə yerləşdirib. Adilə həmin günü yaxşı xatırladığını, çox ağladığını deyir: "Ancaq nə nənəmi, nə də xalamı günahlandırıram. Xalam bizə görə nişanını qaytardı, əkizlər böyüyənə qədər onlara baxdı. Onların da öz həyatı var. Bizə baxmağa məcbur deyildilər". SOS-da keçən günlər Adilədən SOS-da keçirdiyi günlər haqqında soruşduqda həmin günləri həyatının ən maraqlı günləri olduğunu deyir: "Oyun oynayırdıq, rəqsə gedirdik. Maraqlı idi. Nənəm ara-bir bizə dəyməyə gəlirdi. Biz böyüdükcə nənəm gec-gec gəlməyə başladı. Bayramlarda rayona onları ziyarətə gedirdim. Bu yeni il onlardan ayrı keçirdiyim ilk yeni ildir". Faciənin kulminasiyası Adilə 2010-cu ildə Bakı Texniki Kollecinin Neft və Qaz yataqlarının istismarı fakültəsinə daxil olub. Ötən il kolleci bitirib və elə o ilin avqustunda SOS uşaq kəndini tərk edib. Müstəqil yaşamağa, işləməyə başlayıb. Nəhayət, söhbəti gətiririk həmin günə. Yəni Adilənin intihara cəhd etdiyi, damarlarını kəsdiyi tarixə. Yanvarın 1-dən 2-nə keçən gecə. - Həmin gün nə baş vermişdi? - Xüsusi heç nə baş verməmişdi. Evdə xeyli adam var idi. Dost-tanış gəlmişdi. Belə desək, yeni il sonrası məclis idi. Sadəcə, bəzən çoxlu adamı bir yerdə görəndə problemlərim yadıma düşür. Əhvalım yaxşı deyildi. - Yadına nə düşmüşdü? - Bu yaxınlarda qardaşıma zəng eləyib siqaret çəkdiyimi dedim. Ona görə dedim ki, başqasından yox, elə özümdən eşitsin. Cavabında mənə dedi ki, sən adda bacım yoxdur. Mən də dedim, yaxşı. Problemlər çoxdur. Qardaşlarım tez-tez bölməyə düşür. Gah onu döyürlər, gah bunu. Qısası, həmin axşam uşaqlarla otura bilmədim. Gedib yatdım. Yuxudan duranda evdə heç kim yox idi. Həmin an içimdəki boşluğun sanki daha da böyüdüyünü hiss etdim. Tualetə girib araq şüşəsini görəndə beynimdən damarlarımı kəsmək keçdi. Əslində, heç vaxt özümə ziyan yetirmək kimi bir fikrim olmayıb. Hər zaman özümü qorumuşam. Ancaq həmin vaxt mən, mən deyildim. O Adilə, indi danışan Adilə deyildi. Şüşəni sındırdım. Əvvəl sağ qolumdan başladım. Ağrı hiss eləmirdim. Ümumiyyətlə, heç nə hiss etmirdim. Sağı bitirdikdən sonra, sola keçdim. Ancaq artıq haldan düşmüşdüm. Ona görə sol qolumu yaxşı kəsə bilmədim. Xoşbəxtlikdən Adilə damarlarını kəsəndən az sonra ev yoldaşı gəlir. Və onu təcili xəstəxanaya çatdırır. Həkimlərin səyi nəticəsində Adilənin həyatını xilas etmək mümkün olur. İntihardan sonrakı yol Bundan sonra nə edəcəyini, nələr planlaşdırdığını soruşduqda hələ ki, bu barədə qəti bir fikrə gələ bilmədiyini deyir: "Hələ ki, bilmirəm. Çıxıb getmək istəyirəm bu ölkədən. Türkiyəyə getmək istəyirəm. Ola bilsin sabaha-biri günə fikrim dəyişəcək. Fikirlərim tez-tez dəyişir. Bəlkə də Türkiyəyə getsəm, hər şey daha pis olacaq. Dostlarım da getməməyimin tərəfdarıdır. Ona görə yəqin ki, qalacağam. Qalıb həyatımı quracağam. Necə quracağam? Onu dəqiq bilmirəm. Nə olar, olar..."
2014-01-09
6,014
Əli Kərimli Müsavatı öhdəlikdən imtinada ittiham etdi
AXCP sədri Əli Kərimli Müsavat Partiyasının Milli Şuranı tərk etməsindən sonra bu qurumda baş verənlərə münasibət bildirib. AXCP sədri bu barədə "Facebook" səhifəsində qeyd edib (AzNews.az). O qeyd edib ki, Milli Şuranın təsis sənədi olan bəyannamədən bu hissəni mütləq yenidən oxumaq lazımdır: "Bütün bunları nəzərə alaraq, biz, bu sənədi imzalayanlar - Azərbaycanda avtoritarizmdən demokratiyaya dinc keçidi seçkilər vasitəsilə təmin etmək; - Demokratiyaya keçid dövründə birgə səylərlə ölkəmizdə sabitliyi qoruyub saxlamaq; - Hüququn aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasının, vətənimizin və xalqımızın davamlı və hərtərəfli inkişafının əsaslarını yaratmaq; - Azərbaycanın müstəqilliyinin, suverenliyinin qorunub saxlanılması, ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq məqsədilə vətəndaş hərəkatında - Demokratik Qüvvələrin Milli Şurasında (bundan sonra Milli Şura) birləşdiyimizi bəyan edirik. Bildiririk ki, əsas məqsədimiz Azərbaycan Konstitusiyasının 1-ci maddəsinin "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır" müddəasına uyğun olaraq, xalqın həqiqətən də hakimiyyətin mənbəyi olmasını təmin etmək, onun zəbt edilmiş hakimiyyətini özünə qaytarmağa nail olmaqdır." Necə iddia etmək olar ki, Milli Şuranın hədəfi müəyyənləşməyib? Necə iddia etmək olar ki, Milli Şura prezident seçkilərində iştirak etmək üçün yaranmışdı? Belə bir sənədi qəbul etmək, bu sənədin əsasında digərləri ilə birlikdə təşkilat yaratmaq həm də üzərinə məsuliyyət götürmək deməkdir. Belə iddialı məqsədlərlə yaradılan təşkilatın(MŞ-nın) təsisçisi olmaq həm də tərəfdaşlar və bütövlükdə xalq qarşısında üzərinə müəyyən öhdəliklər götürmək deməkdir. O öhdəliklərdən yarı yolda imtina etmək olmaz. Ona görə də AXCP-nin Milli Şuraya dəstəyi davam edir. Məqsədin böyüklüyü, prosesin çətinliyi bizi qorxutmur. Belə bir ülvi məqsədlə-xalqımızın zəbt edilmiş hakimiyyətini özünə qaytarmaq məqsədilə çətin bir yola çıxmağımızdan peşman deyilik. Bu yolu sona qədər getməyə hazır olanlarla yola davam edəcəyik".
2014-01-09
6,015
Azərbaycanın 55.555 futbolçusu var – Maraqlı
2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılıb. Hazırda sistemdə 55 min 555-ci şəxs qeydiyyatdan keçib. AzərTac-ın məlumatına görə, 55 min 555-ci şəxs - 2004-cü il fevralın 28-də doğulmuş Rəsul Fətullayev AFFA ilə "Bakcell"in birgə həyata keçirdiyi "Futbol Bakcell ilə" layihəsinin iştirakçısıdır. R.Fətullayev layihə çərçivəsində Yasamal rayonundakı Süleyman Dadaşov küçəsi, 577-ci məhəllədə AFFA-nın inşa etdiyi meydançada məşq edir.
2014-01-09
6,016
Ordunun yardım fonduna nə qədər vəsait yığılıb? - Rəsmi
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 2014-cü il yanvarın 1-dək 50 milyon 754 min 514 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədi ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
2014-01-09
6,017
Milli Məclisə telefonla giriş qadağan olundu
Azərbaycan Milli Məclisinə smartfon və android tipli telefonla giriş qadağan olundu. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun verdiyi məlumata görə, təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil olan bütün şəxslər bu modellərdən olan mobil teleonlarını girişdə mühafizəçilərə təhvil verəcək, binanı tərk edəndə isə geri götürəcəklər. "Bu, Milli Məclisə daxil olan hər kəsə aid olunacaq. Burada vəzifə bölgüsü aparılmayacaq. Deputatlardan tutmuş Milli Məclisə gələn qonaqlar və jurnalistlərin hamısı həmin modeldən olan telefonları binaya daxil olarkən girişdə qoyacaqlar. Təhlükəsizlik baxımından və standartlara uyğun olaraq bəzi avadanlıqların Milli Məclisə keçirilməsi qadağandır". Belə bir təcrübənin olduğunu deyən Akif Təvəkküloğlu onu da bildirdi ki, prosesi yerinə yetirmək üçün hər bir şərait var (Modern.az).