date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-01-18
6,742
Pərvizdən Dil Dərsi
DİL DƏRSİ Gündüzlər - iş... Axşamlar - "ah keçmiş..." Gecələr - "gecmişşş..." ...mış, miş, muş, müş... Sən demə, bizə ömür adına yazılmış gün belə, gün altında qoşa şəklimiz belə yoxmuş... gedək, dostum, bizimçün şəkilçi düşünülməmiş... "Ayr.96%" Gözlədiyimdən tünd oldu bu ayrılıq, Bəs-bəlli tər-təmiz sevgidən çəkildiyi. Bir əlli deyə-deyə aludəsi oldum bu zəhrimarın, və mən əməlli-başlı keflənməyimin fərqindəyəm indi, Bax, dilim də söz tutmur, Üzüm də əcayib dartılıb dörd yana, Bu suratda millətin üzünə çıxmaq ayıb. Gedim bir az içim ayılım, Və sənə söz Bu gündən biryolluq atıram daşını ayrılığın... Heç sən də yoxsan dünyada... Sənə məktub yazıram, Ha yazıram, yazıram. Ha pozuram, pozuram. Oxunacaq bir söz belə qalmadı, sətirlər qara-qura, Elə bil, ağlama deyil, hələ qaralamadı Yazıb bir "hə" istəyirəm, Yazıram, əlimdə dəftər-qələm yox, Heç sən də yoxsan dünyada, "bir giləm", Məni sevdiyinə "bir cıqqan" da şübhəm yox. QUŞLAR DÖYMƏYİN AYNAMI Qəlbimi az döyündürün, Yalan yerə sevindirin, Bircə gün dayanın-durun, Quşlar, döyməyin aynamı... Aynada nə görmüsüz, dən? Özünü aldatmaq nədən... Bəxtimi oyadarsız birdən, Quşlar, döyməyin aynamı... Aynam mənim eynimdi, eyy, Cəftəsizdi, neynim, de, eyy? Oturun lap çiynimdə, eyy, Quşlar, döyməyin aynamı... Saçımın dənin dənləyin, Başımdan çəni dənləyin. Nə olar, məni dinləyin, Quşlar, döyməyin aynamı... Gözlərimi oyun, durun, Əynini lüt soyundurun. Haçansa bir doyun, durun, Quşlar, döyməyin aynamı... DƏLİ ADAM Bir il də basdırdın getdi, Bu gün çıxır ili, adam! Sənə ömürlük iş düşür, Ay illər qatili adam. Gizlənqaç oynama Haqnan, Nə böyüknən, nə uşaqnan, İçin görünür uzaqdan, Aynalı, şüşəli adam... İtər, əriyər içində, susar, kiriyər içində, ölər çürüyər içində... yenə də nəşəli adam. Çatır ixtiyar yaşına, çaşıb qalırsan işinə: ağ tük çıxammır başına - qat-qat, mərtəbəli adam. Bu dünyası soyuq məzar, "soyuq məzar"dan kim bezar? Durub, bir də şeir yazar məzardakı ölü adam? Dəli adam... Dəli adam... Redaksiyadan: Bu gün – 18 yanvar tanınmış yazıçı Pərvizin doğum günüdür. "Axar.az" kollektivi olaraq öz sevimli iş yoldaşımızı təbrik edir və onun nəzərinə çatdırırıq: "Səninlə birgə çalışmaqdan qürur duyuruq, Pərviz!"
2014-01-18
6,743
Ağstafada yardımçı tikili yandı
Ağstafa rayonunda yanğın hadisəsi baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən bildirir ki, Ağstafa rayonu, Aşağıgöycəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-18
6,744
Dünən ölkədə 76 cinayət baş verib
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 76 cinayət faktı qeydə alınıb, onların da 31-i "isti izlər"lə açılıb Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 36 nəfər tutulub.
2014-01-18
6,745
Mircəfər: “Kolxoz malını əhaliyə böldüyünə görə...” - Foto
(Əvvəli ötən sayımızda) SSRİ-də kommunizmi ilk "quran" kənd Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırovun kəndə gəlməsi, kolxozun uğurları ilə bağlı ölkədə yaxşı mənada yaranan ajiotajın sonucu kimi də xarakterizə olunurdu. Bu haqda kənd əhalisi elə indiyə qədər danışır və çox güman ki, danışılacaq da. Kənd ağsaqqalları, ağbirçəkləri ilə söhbətimdə hər bir kəs özünün yaddaşının bir küncündə qoruyub saxladığı həqiqətləri nəql edir. Hələ uşaqlıq vaxtlarımda atamın da maraqlı söhbətlərinin tərkib hissəsi kimi o günlərin xatiratları vardı. Qəfil gələn qara "Zim" Rəhmətlik atamın dediklərindən: "Hamımız kolxozda işləyərdik. Dünyamalı Məmmədovun ailə üzvləri, qohumları, əmisi uşaqları və onların da ailə üzvləri kolxozun müxtəlif sahələrində çalışardı. O, heç kəsə fərq qoymazdı. Tələbkar idi. Bir dənin itkisinə yol verməzdi. Briqadirlər də ondan geri qalmazdı. Taxıl biçini, pambıq yığımı zamanı hətta boylu gəlinlər, uşaqlı analar, məktəblilər də işə cəlb olunardı. İş günlərimizə görə əmək haqqı olaraq məhsul bölünərdi. Kənddə kasıb adam demək olar ki, yox idi. Mən məktəbli idim. Həm dərsə gedər, həm də kolxozda "uçotçik" – hesabdar işləyirdim. Əslində hesabdar köməkçisiydim. İşimin öhdəsindən yaxşı gəlirdim. Amma mənə bu adla əmək günü verilirdi. Arabaçı işlədiyim vaxtlar da olub. 12-13 yaşım olardı. Bir dəfədə kolxoz idarəsinin qarşısında durmuşdum. 1948-ci ilin avqustuydu. Kolxozda taxıl biçini başa çatmışdı. Əmək gününə çox böyük məhsul düşmüşüdü. Məhsulun vaxtında və itkisiz toplanmasında bizim də əməyimiz vardı. Dünyamalı əmim uşaqların əməyinə xüsusi olaraq dəyər verirdi. Kefim kök idi. Kənd klubunun və idarəsini qarşısındakı qarağacın altında özümü kölgəyə verirdim. Elə bu zaman, qara rəngli "Zim" maşını dayandı. İçindən ortaboylu, hərbi geyimdə, eynəkli və zəhmli bir kişi düşdü. Küçədə məndən başqa heç kəs yox idi. Yanına çağırdı. Adımı soruşdu və sonra "Dünyamalının evini tanıyırsan?" - deyə soruşdu. "Hə",- dedim. Mənə dedi ki, get, onu çağır. Bu adamı tanımırdım, elə-belə adama da oxşamırdı. - Onu evində tapmaq olmaz, indi sahədə olar, taparam,- dedim və evə tərəf yox, əks istiqamətə gedib qonşu həyətlərdən dolanaraq sədrin evinə gəldim. Sədr xrom çəkmələrini çıxarıb ayaqlarını ləyəndəki sərin suya salıb dincəlir, yorğunluğunu çıxarırdı. Əmidostum Güləbətin çay süzürdü. Zəhmli qara kəhər atı da həyətdəki tut ağacına bağlanmışdı. Ona qərib bir adamın maşınla gəldiyini və onu soruşduğunu dedim. Əvvəlcə məhəl qoymadı, çayını içdi. Sonra təhər-töhürünü soruşdu. Qərib, zəhmli adamın necə göründüyünü danışdım . Cəld yerindən qalxdı, çəkmələrini geyindi. - Bu odur, sən dedin evdəyəm? – soruşdu? - Yox, dedim ki, sahədə olarsan. Dünyamalı əmim atın üstünə sıçradı və çölə-sahəyə tərəf çapdı. Təxminən yarım saatdan sonra o, tərləmiş atla sahədən gəlirmiş kimi yorğun halda kolxoz idarəsinə tərəf yaxınlaşırdı. Mircəfər Bağırov Dünyamalını sahədən, iş başından gələrkən gördü. Mircəfərin əlini vurduğu tut ağacı M.Bağırov həmin gün pambıq tarlasında olur, meyvə bağını gəzir, məktəbdə baş çəkir, klubla maraqlanır, kənd xəstəxanasına gedir. Fəhlə-kəndli yeməkxanasında aşpazdan çömçəni alır və qazanın içini yoxlayır. İri ət parçalarını yuxarı qaldırıb, yenidən qazanın içinə tökür. Kənd məktəbinin və yeməkxananın qarşısındakı qocaman tut ağaclarına əlini çəkir. Üzünü Dünayamalıya tutub: - Yaxşı məhsulu var, inşallah gələn il gəlib tutundan yeyərik,- deyir. Lakin üzündə, sifət cizgilərində heç nə hiss olunmur. Kolxozdan onun sədrindən tam razı qalıb-qalmadığı bilinmir. Kolxozun göstəricisi isə bütün İttifaqda nümunə göstərilir, Moskvada çıxan partiyanın orqanı olan "Pravda" qəzetində geniş materiallar dərc olunurdu. Bağırov getdiyi günün səhəri isə kənd əhalisi şoka düşür. Rəhbərin sığalladığı ağaclardan biri, məktəbin qarşısındakı tut ağacı dibindən doğranmışdı. Yuxarılara yazılan şikayət məktublardan birində, bu ağacın doğranması kolxoz sədrinin Mircəfər Bağırova olan nifrəti kimi göstərilmişdi: "Dünyamalı yoldaş Bağırovun bəhrəsini yemək istədiyi ağacı doğratdırıb". Kənd sakini Həmidulla Əsgərov isə yeməkxananın qarşısındakı tut ağacı haqda bizə bunu deyir: - Biz məktəbli idik. Yaşlı kişilər deyirdi ki, seyidin – Mircəfərin əli dəydiyinə görə bu ağac növbəti il, çox məhsul verdi... SSRİ-də Kommunizmin qurulması haqda ilk bəyanat Həmin il dəmyə üsulu ilə əkilən taxıl üzrə SSRİ də ən yüksək göstərici əldə olunmuşdu. Adambaşına hər iş günü üçün görünməmiş miqdarda məhsul bölünür. Hektara 33,1 sent məhsul az deyildi və SSRİ-də çox böyük bir göstərici kimi qəbul olunmuşdu. Yaşlı adamlar deyir ki, əgər kolxozda bir nəfər işləyirdisə, onun qazancı 5 nəfərlik ailənin illik dolanışığına və xeyir-şərinə bəs edirdi. Həmin il kənd sakinlərindən 3 nəfərə - Dünyamalı Məmmədov, Novruz Babayev və Qüdrət Ələkbərova Sosialist Əməyi Qəhrəmanı adı verilir. Sədr ilin yekunu üçün nəzərdə tutulan iclasda kolxozda Kommunizmin qurulması bəyanatını verir və bu haqda iclasın qərarını yuxarılara göndərir. Ölkə şok içindədir Kolxozun bütün üzvilərinin maddi təminatı kolxozun ehtiyat fondu hesabına ödənilir. Hər ailəyə iki və daha artıq (ailənin kolxozda işləyən üzvilərinin sayı əsas götürülür) çörək verilir. Hər gün iki dəfə kənd əhalisi kolxozun ayrı-ayrı yeməkxanalarında pulsuz, özü də keyfiyyətli yeməklə təmin olunur. Səyyar mağazalar – "avtolovka"lar (səyyar dükan.- red.) kəndin içində gəzir, əhalinin geyim təminatını ödəyir. Hər kəsə bir cüt ayaqqabı, üst və alt geyimləri paylayır. Kənd cavanlarının toyları müasir komsomol toyları kimi kolxozun hesabına edilir. Məktəbi qurtaran şagirdlər Bakıya, Kirovabada (Gəncə), Salyana sənət məktəblərində oxumaq üçün göndərilir. Mexanizator, zootexnik, baytar həkimi, elektrik, hesabdarlıq kurslarında təhsil alan kənd cavanlarının bütün təminatı kolxozun ehtiyat fondundan təmin edilir. Ali məktəb və texnikomlara oxumağa gedən uşaqların da sayı az olmur. Onların da təminatı kolxozun hesabına ödənilir. Təhsilə və səhiyyəyə önəm verilir. Qabaqcıl kolxoz olduğuna görə respublikanın məşhur xanəndələri və aktyorları zəhmətkeşlərə konsert verirlər. Sədr Bolqarıstanı fəth edir Sovetlər Birliyi müharibədən sonra əsarətdə saxladığı Avropa ölkələrində də islahatlar aparır, kommunizm ideyalarını orda da yayırdı. 3.000-çilər hərəkatı yaranmışdı. Sovetlər birliyinin bütün sahələrdə qabaqcıl nümayəndələri bu ölkələrə ezam olunur və orada öz təcrübələrini paylaşırdılar. Azərbaycandan da 10 nəfər təsərrüfat qabaqcılı Avropaya ezam olunur. 1949-cu ildə Dünyamalı Məmmədovu Sosialist ölkəsi olan Bolqarıstana göndərilir. Onun təcrübəsindən istifadə olunur, ölkədə kolxoz quruculuğuna start verilir. Bolqarıstanda qurub-yaratdığı kolxoza Dünyamalı Məmmədovun adı hələ sağlığında verilir. 1949-cu ildə Bolqarıstandan sonra onun haqqında xoş sözlər yayılır. Kolxoz haqda moskvalı jurnalistlərdən biri "Doğru yol" adlı kitab yazır. Moskvada çıxan "Selskiy jizn" qəzetinin xüsusi müxbiri Selyuk da "Kommunizmə gedən yol" adlı kitabını bütünlüklə bu kəndə və onun təsərrüfat başçısı Dünyamalı Məmmədova həsr edir. Sov. İKP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri Dmitri Volkaqanov kəndə gəlir. "Pravda" qəzetinin baş səhifəsində 4 nömrə ard-arda yazılar dərc olunur. İşıqlı gələcəyə düşən qara kölgə Yaşlı adamlar deyir ki, "Zəhmət" kolxozunun qazandığı uğurlar heç də birmənalı qarşılanmırdı. Bütün dövrlərdə olduğu kimi bədxahlar, gözü götürməyənlər yuxarılara şikayət dolu məktublar yazır, kolxozun yaradıcısını, bütün həyatını onun inkişafına həsr edən adamı partiya və dövləti aldatmaqda suçlayırdılar. Anonim yazılan məktublarda onun göstərilən sahədən çox torpaq sahəsini əkməkdə, kolxozun hesabına varlanmasından, qızıl və digər zinət əşyaları toplamasından bəhs edirlər. İnsanlarla münasibətdə kobud olması, kolxozçuları incitməsi və sair bu şikayətlərin tərkib hissəsi olur. Bütün bunlar adı SSRİ və Avropada yaxşılığa hallanan bir kolxozun və onun sədrinin işıqlı sabahının üstünə düşən qara kölgə idi. Kolxoz malını əhali arasında böldüyünə görə... 1952-ci ilin noyabr ayında onu həbs edirlər. 1953-ün yanvarında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə, şöhrəti Avropanı bürüyən kolxoz sədrinə 18 il həbs – sürgün hökmü çıxarılır. Onunla birlikdə daha 11 nəfər kənd sakini, "Zəhmət" kolxozunun zəhmətkeşi müxtəlif illərlə həbs cəzası alır. Lənkərandakı məşhur Qala – türməyə etap olunurlar. Mircəfər Bağırovun birbaşa göstərişi ilə onun əmlakı müsadirə olunur. Məhkəmənim hökmü ilə bütün titulları əlindən alınır. Sosialist Əməyi Qəhrəmanı qızıl ulduzu və iki Lenin ordenindən məhrum olunur. Evindəki bütün əmlakı kənd klubuna gətirilir. "Tolka" deyilən bir satış yarmarkası yaradılır. İki ay müddətinə kənd əhlindən heç biri heç nə almır. Qiymətlər nə qədər aşağı salınsa da, əmlakı olduğu kimi qalır. Bu kənd adamlarının ona olan rəğbətindən irəli gəlirdi. Elin qınağından qorxanlar da vardı ki, onlar da açıqcasına bazarlıq etməkdən çəkinirdilər. Davamında oxuyacaqsınız: Sədrə və kolxoza xəyanət edənlər kim idi? Mircəfər Bağırov sədrin həbs olunmasında nəyə görə maraqlı olub? Voroşilovla görüşən Zərri nənə Bağırov haqda ona nə deyib? Rudenkonun məktubunda nə yazılmışdı? Heydər Əliyev köhnə inqilabçıya yubileyində nə göndərdi? Sosialist Əməyi Qəhrəmanı, köhnə inqilabçı Dünyamalı Məmmədov kolxozçularla nahar fasiləsində Dünyamalı Məmmədovun "Sosialist Əməyi Qəhrəmanı" kitabçası
2014-01-18
6,746
Mehriban Vəzir Elçibəyin oğluna etiraz etdi
"Ərturqut bəy deyir ki, atamın ruhunu dinc buraxsınlar. Haqlıdır. Amma işin başqa yönü var. Danışan kəs kiminsə atasından danışmır, öz lideri, böyüyü, müəllimi Elçi Bəydən danışır. Ona görə də, rahatsız olmaq lazım deyil. Elçi Bəy evin deyil, Elin Bəyi, Elin Elçisidir. Sizin qədər, bəlkə daha çox, onu sevən, adını yaşadan, yolu ilə gedən, hətta "adından istifadə edir" dediyiniz hər kəsindir". Bunu Milli Şuranın üzvü Mehriban Vəzir Elçibəyin oğlu Ərturqut Əliyevin AXCP – Müsavat qarşıdurmasında tərəflərin Elçibəyin adından istifadəsinə etiraz bildirməsinə cavab olaraq "Feysbuk" profilində yazıb. Mehirban Vəzir bildirir ki, Elçi Bəyin çevrəsində minlərlə insan var ki, bu gün də Bəylə onun arasında heç bir ailə, övlad, varis, sözçü yoxdur. Bir özü, bir Allahıdı… "İnsanlar dara düşəndə Allaha, Qurana and içirlər. Doğruçu da belə edir, yalançı da. Çünki Allah, düzü-əyrisi ilə hamının, bütün bəndələrinin Allahıdır. Və hər kəsin Allaha sığınmaq hüququ var. Elçi Bəy də elə insani və siyasi dəyərlərdən biridir ki, söz sahibləri hər zaman onun varlığında sığınacaq bulacaqlar. Onun adı hər zaman hallanacaq. Çoxlarımız vicdanı ilə baş-başa qalanda "Bəy, məni bağışla" deyəcək. Hətta sağlığında ona haqsızlıq edənlərin, onu anlamayanların belə bu gün ona pənah aparması normal haldır. Dünən anlamadığımı bu gün anlayıramsa, izin verin… anlayım". "Elçi Bəyi, həm də aramıza girmiş zaman anlatmaqdadır", - deyə, yazıçı-publisist fikirlərini izah edib. Xatırladaq ki, Ərturqut Əliyev partiya funksionerlərini Elçibəyin adından istifadə etməkdə günahlandıraraq, onlardan atasının ruhunu dinc buraxmalarını istəyib.
2014-01-18
6,747
Qubad İbadoğlu: “Avtokreditlər dayandırıla bilməz”
"İstehlak kreditləşməsi qanunla tənzimlənir və belə bir şeyin baş verə biləcəyinə inanmıram. Ola bilər ki, qaydalarda dəyişiklik edilsin. Ancaq ümumilikdə maşın kreditlərinin dayandırılması real deyil." Bu sözləri "Axar.az"a açıqlamasında "İqtisadi Tədqiqatlar Mərkəzi"nin rəhbəri Qubad İbadoğlu dedi. O bildirdi ki, maşınlar üçün kreditin verilməsinin tamamilə dayandırılması mümkün olmayan bir şeydir: "İstehlak kreditləşməsinin qaydalarına dəyişiklik edə bilərlər. Ancaq bütövlükdə maşın kreditləşməsinin dayandırılması inandırıcı görünmür". İqtisadçı ekspert Milli Bankın arayışsız verilən kreditlərə qoyduğu qadağadan da danışdı: "İstehlakçılar bir bankdan krediti başa vuran kimi başqa banklardan kredit götürürlər. Həm də qəbul edilmiş yeni qərar onu göstərir ki, istehlakçıların banklardan götürdükləri kreditləri qaytarmaq ehtimalı aşağı düşüb. İstehlak kreditlərini qaytarmaqla bağlı problemlər var. Kreditlərin özünün də faizində yüksəklik özünü göstərir. Düşünürəm ki, bu qərar son nəticədə çoxalan kredit borclarının qarşısını almaq üçündür. " Xatırladaq ki, Milli Bank minikreditlərin və avtokreditlərin dondurulması barədə banklara göstəriş verib.
2014-01-18
6,748
Rejissorun alpinizmdən başlayan yolu
Eltən Qədimbəyli 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univerisiteti Teatr-Kino fakültəsi rejissorluq ixtisası üzrə bakalavr, 2009 ildə isə K.Karoqo adına Kiyev Dövlət Kino, Televiziya və Teatr Univerisitetində magistraturanı bitirərək, televiziya rejissoru diplomunu qazanıb. Hazırda bu Universitetdə aspiranturanın 3-cü kursunda təhsil almağa davam edir. "Regional Televizyaların Proqram Prinsipləri" mövzusunda elmi iş üzərində işləyir. Onunla müsahibəni təqdim edirik. - Eltən bəy, uğur yolunuz haradan başladı? - İşimə dövlət televiziyasında rejissor asisstenti olaraq başladım. Sonra "Xalq yaradıcılığı" redaksiyasında fəaliyyətimi davam etdirdim. Orda iki ilə yaxın işlədim, sonra məni "Gənclik" redaksiyasına rejissor təyin etdilər. Bu ikinci mərhələ idi. Artıq rejissor kimi başlamışdım fəaliyyətə və ilk müəllif verilişim "Zirvə"nin çəkilişlərinə başladım. "Zirvə" verilişi o vaxt yeniyetmə və gənclərə peşə seçimlərinə kömək etmək üçün hazırlanan maarifləndirici bir veriliş idi. Mən əsasən ekstremal peşə sahələri ilə maraqlanırdım və alpinizimdən başladım. İlk çəkilişimin mövzusu alpinistlər oldu. Alpinistlərdən sonra mən mühafizəçilər, aşpazlar, boksçular, dənizçilər, qaydasız döyüşlə məşğul olan insanlar və bir necə peşələri tanıdan verilişlər çəkdim. Verilişlərdə qəhrəmanlarımdan müsahibələr də alırdım. Bu verilişlər dövlət televiziyasında yayımlandı. - Həyatda ən böyük uğurunuz nə olub? - Ən böyük uğurum hələ olmayıb. Çünki hesab edirəm ki, böyük uğuru qazanmağın üzərində indi işləyirəm. Çünki hər qazandığımız uğurdan sonra "ondan daha yaxşısı var həmişə" deyə düşünürəm. Mütləq maksimum yoxdur. Çünki "ən"lər heç vaxt bitmir. Həmişə ən yaxşısını etmək bizim həyat fəlsəfəmizin bir parçasıdır. - Eltən bəy, öz həyatınızı filmə çəksəydiniz adını necə qoyardınız? - Səmimi olaraq deyirəm, həyatımı filmə çəkmək istəməzdim, çünki mənim həyatımdan daha maraqlı həyatlar var. Amma məni sevənlərə nəsə bir yadigar, əmanət saxlamaq istərdim. Yəqin ki, acı təcrübələrimi canlandırardım filmdə... Həyatımda etdiyim kiçiyindən tutmuş ən böyüyünə qədər bütün səhvlərimi filmdə verərdim ki, o filmi izləyənlər nəticə çıxarsınlar. Hər bir insan səhvlərini həmişə yadında saxlamalıdır, acı çəkmək üçün yox, nəticə çıxararaq bir daha təkrar etməmək üçün... - Yəqin ki, bütün insanlar kimi ruh düşkünlüyü yaşadığınız anlar olub. Belə vəziyyətlərdən necə çıxmısınız? - Əlbəttə, hər adam kimi mənim də ruh düşkünlüyü yaşadığım anlar olub, Amma mənim düşüncəmə görə, hər insanın psixoloji dayaq nöqtələri var. Bu psixoloji dayaq nöqtələri insanın həyatında qazandığı uğurlardır, onun kiməsə etdiyi yaxşılıqlar, sevdiyi və ona inanan, güvənən, eyni zamanda onun inandığı və güvəndiyi insanlardır. Ruhdan düşəndə vaxt ilə düşdüyüm daha çətin vəziyyətləri və onlardan çıxdığım anları gözümün qabağında canlandırıram... Daha çətin günlərim olub və onun öhdəsindən gəlmişəmsə, bunun da öhdəsindən gələ bilərəm deyə düşünürəm. Nə olursa-olsun, nə qədər kritik vəziyyət olursa-olsun, heç vaxt ruh düşkünlüyü o vəziyyətdən çıxmağa kömək etmir. Amma etiraf etməliyik ki, bəzən o halda olmağın da müsbət tərəfləri var. O anda sahib olduğun şeyləri qiymətləndirirsən, onların nə qədər qiymətli olduğunu bir daha dərk edirsən. Əslində çətin vəziyyət, problem yaxşı şeydir. Yəni düşünün, siz o problemə pozitiv yanaşanda, onu həll etdiyinizdə gücünüz daha da artır. Hər bir problem - bir imkandır. Hər bir problemdən üzü ağ çıxdığında özünü daha güclü, daha ağıllı, daha müdrik, daha pozitiv hiss edirsən, özünü eyni zamanda ətrafındakılara isbatlayırsan. Problem insanların həyatında vacibdir, lazımdır. - Həyatınızdakı uğurları göz önünə gətirdikdə yanınızda kimləri görürsünüz? - Əlbəttə ki, sevdiyim insanları... Sevdiyim insanlar deyəndə başda ailəm və dostlarım gəlir. O insanlar ki, məni uğur qazansam da, qazanmasam da sevirlər. O insanlar ki, məni uğurlarım üçün deyil, mən olduğum üçün sevirlər. İnsan həyatda sevdiyi insanları xoşbəxt etmək üçün yaşayır. Yanımda o adamları görürəm ki, arxamca yox, yanımda getmək istəyən insanlardır və düz və ya səhv olmağımdan asılı olmayaraq həmişə mənimlədirlər. Qısası, siz düz olanda hər kəs sizin yanınızdadır, əsas odur ki, siz səhv olanda yanınızda kimdir? Dünyada səhvsiz insan yoxdur. Bir sözlə, hər kəsin çətin anında qapından çıxdığı zaman qapını açıb əlini tutan sənin dostundur. - Yaradıcılığınıza nələrisə dəyişmək və ya əlavə etmək istəyərdinizmi? - Mən yaradıcılıq deyəndə bu məsələyə bir az geniş müstəvidə baxıram. Mənə görə yaradıcılıq, sadəcə, incəsənət sahəsi deyil. Yəni bu təkcə rəssamlıq, musiqi, heykəltəraşlıq deyil. İncəsənət sahəsindəki yaradıcılıq sahəsindən danışırıqsa, mən çox şey etmək istəyirəm. Təəssüf ki, fəaliyyətim hələlik təkcə televiziya sahəsindədir, mətbuat sahəsində müəyyən məqalələr yazıram. Amma çox istərdim ki, çox yaxşı bir rəsm əsəri çəkim, yaxşı bir tamaşa hazırlayım, bədii film çəkim, gözəl bir geyim dizaynını verim, özümə məxsus müəyyən aksesuarlar dizayn edim. Yəni incəsənətin bütün sahələrində özümü sınamaq istərdim. Hətta belə mahnı yazmaq, mahnı oxumaq istərdim. Yəni bunlar planlarda var. Əslində bütün insanların daxilində yaradıcılıq, bildiyi və ya daha üzə çıxara bilmədiyi istedad var, bütün insanlar mahnı yaza bilər, müəyyən ixtiralar edə bilər, kitab yaza bilər, rəsm çəkə bilərlər. Mən hesab etmirəm ki, bunun üçün xüsusi istedad lazımdır. Sadəcə, bəzi insanların yaşadıqları hadisələr və ətrafında olan insanlar qabiliyyətlərin yerləşdiyi beyindəki qabiliyyətləri açmağa müvəffəq olurlar, bəziləri isə yox. Baxmayaraq ki, mənim əsas işim rejissorluqdur, mən istərdim ki, incəsənətin bütün sahələrində özümü sınayım. - Hansı musiqiləri dinləyirsiniz və musiqi sizə nə verir? - Musiqi Allahların dilidir. Mənə görə musiqi bu dünyada insanları hansı dildə olmasından aslı olmayaraq, hər kəsin paylaşa biləcəyi və bir-birini başa düşə biləcəyi bir dildir. Musiqi yeganə dildir ki, bütün insanlar bu dildə bir-birini çətinlik çəkmədən başa düşür. Bir peşəkar olaraq özümə icazə vermirəm ki, hansısa bir musiqi janrını dinləməyim. Muğamdan tutmuş caza, roka kimi bütün musiqi janrlarını dinləyirəm. Yemək və musiqi ilə aram yaxşı olduğundan onlarda ayrı-seçkilik etməyi xoşlamıram. Hər şeyi dinləyir, hər şeyi yeyirəm. - Eltən bəy, ən çox nəyin xəyalını qurmusunuz? - Çox şeyi xəyal etmişəm, eyni zamanda, indiyə kimi qurduğum xəyalların bir çoxunu həyatda gerçəkləşdirmək üçün Allah mənə şans verib. Əslində, xəyal deyə bir şey yoxdur. İnsan normal düşüncəyə malikdirsə, reallaşdıra biləcək xəyalları qurmalıdır və onları reallaşdırmalıdır. Xəyal bizim irəliyə və gələcəyə doğru planlarımızdır. Amma iddiası özündən böyük olan insanlar var, elə xəyallar qururlar ki, onları heç cürə gerçəkləşdirə bilmirlər. İndi də bir çox xəyallarım var, çalışıram ki, onları reallaşdırım. - Özünüzü 5 il sonra necə təsəvvür edirsiniz? - Çox yaxşı… Səhvlərindən daha çox nəticə çıxarmış, daha çox təcrübə əldə etmiş, dost qazanmış, kitab oxumuş, özünü yetişdirmiş, maraqlı informasiyaları beyninə yerləşdirmiş adam kimi görürəm. - Hansı əsərin qəhrəmanı sizə daha yaxındır? - Mənə elə gəlir ki, hər bir insan öz əsərini özü yazır. İnsan həyata başlayanda ona bir ağ vərəq və qələm verirlər. Ağ vərəq onun həyatıdır, qələm də özü… Onun özü orada nə yazırsa odur. - Əsas hədəfiniz? - Hədəflərim çoxdur. Azərbaycanı dünyada təmsil etməkdir fikrim... Vətənimizin dünyadan intellektual, elmi, hər hansı ixtira sahəsində geridə qalmasını istəmirəm. İstəyirəm biz də dünyaya hansısa ideyalar verək. Əminəm ki, Azərbaycanın yeraltı və yerüstü sərvətlərindən daha çox ən böyük sərvəti insanlarıdır, insan kapitalıdır. Ən böyük məqsədim Azərbaycanda ideya bankını yaratmaq və azərbaycanlıların dünyaya verə biləcəyi ideyaların tapılmasına əmək vermək və bu ideyaların ortaya çıxıb beynəlxalq müstəvidə işıq üzü görməsinə nail olmaqdır. - Daha çox gənclərlə işləmisiniz, bu günün gənclərini necə görürsünüz? - Əslində, bu günün və dünənin gəncləri yoxdur. Gənc həmişə gəncdir. O nəticədə yaşadığı cəmiyyətin gəncidir. Mən indi burada oturub ağsaqqallar kimi "bizim vaxtımızda belə deyildi" demək istəmirəm. Sizə bir maraqlı misal deyim, 1916-cı ildə Avstryanın Vyana şəhərində çar Karl Frans Jozef öz həyat yoldaşı ilə xalqın içində keçib gedir. Həyat yoldaşı çarşab geyinir. Çox qəribə bir faktdır. Soruşa bilərsiniz niyə? O vaxtı dünyanın ən qüdrətli və ən güclü dövlətlərindən biri Osmanlı İmperiyası idi. Osmanlının imperatoru həmişə xanımlarını məhz bu cür geyindirirdi. Avstriya kralı da ona oxşamaq üçün öz həyat yoldaşını qapalı geyindirirdi. Nəyi demək istəyirəm. Bu gün Avropa bizdən mədəni cəhətdən deyil, maddi cəhətdən, insanların yaşam tərzinin daha yuxarı olmasına görə üstündür. Buna görə də bizim gənclərimiz özlərini amerikalılara və avropalılara daha çox oxşadırlar. Hesab edirlər ki, onlar bizdən daha ağıllıdırlar. Hər bir insan maddi olaraq daha yaxşı yaşayan insanı daha ağıllı və daha mədəni hesab edir. Busa absurddur. Bu gün Azərbaycana nifrət edən gənclər var. Soruşsan niyə? Kimsə bizdən daha yaxşı yaşayır deyə, öz mentalitetinə, soykökünə nifrət etmək olmaz. Biz özümüzü sevməsək, uğur qazana bilmərik. İnsan özünü sevməli, zəif cəhətlərini etiraf etməlidir. Düşünün, özünə hörmət etməyən insana başqası necə hörmət edə bilər ki? İnsan özünə qiymət verdiyi zaman güclü olur, pul qazana bilir, həyata möhkəm yapışır və s.
2014-01-18
6,749
“Zaman”ın baş redaktoru Ərdoğana “yezid” dedi – Video
Türkiyənin Baş naziri R.T.Əroğanın Gülən hərəkatını Xaşxaşilərə bənzədiyinə görə, "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlı cavab olaraq Baş nazirə "yezid" deyib. "Axar.az" xəbər verir ki, müsəlmanların tarixində Kərbəla zülmünün banisi olaraq tanına Yezidi sitat gətirərək, Əkrəm Dumanlı bunları deyib: "Yezid üç il hakimiyyətdə olmuş bir şəxsdir. Və bu üç ildə qəhrəman olmuş şəxsdir. Əgər ədalətdən əlini üzməsəydi İslam tarixi onun haqqında tamamilə başqa şeylər yazaq idi. O vaxt siyasətin qoyqoyçuları (ərəxçinin qıl verənləri – red) Yezidin başını bişirə-bişirə bir yerə gətirdilər. Mənim qorxum o cür hadisənin olmasıdır".
2014-01-18
6,750
İqtisadi böhran: Bankların kütləvi iflası
Dünəndən etibarən artıq Azərbaycanda mini kreditlərin verilməsi dayandırılıb. Buna səbəb kimi isə həmin kreditlərin daha çox risk kateqoriyasında olması göstərilir. Ən azından bəzi mütəxəssislər artıq bu tip kreditlərin Azərbaycanda problem yaradacağı ilə bağlı həyəcan təbili çalmışdılar. Görünür, dövlətin birdən-birə sistemə belə sərt müdaxiləsi artıq yaxınlaşan təhlükədən xəbər verir. Əgər 2008-2012-ci il dünya iqtisadi böhranına nəzər yetirsək, bu tip kreditlər ucbatından nələrin baş verdiyini görmək olar. Baş vermiş oxşarlıqlarla sizi tanış edirik. ABŞ banklarının kütləvi iflası 2008-2012-ci illəri əhatə edən dünya maliyyə böhranı başda ABŞ və Avropa Birliyi olmaqla bir çox ölkələrin əziyyət çəkməsinə səbəb oldu. İqtisadi böhran bir sıra tanınmış bankların iflasına gətirib çıxardı. Hadisələrin gedişi zamanı vəziyyət o həddə yetişdi ki, bankların iflası zəncirvari xarakter daşımağa başladı. 2007-ci ildə "Bear Stearns" bankı ipoteka kreditlərilə bağlı böhran yaşadığını elan etdi. Böhranlara əsas səbəb kimi isə ABŞ banklarının geri qaytarılması mümkün ola bilməyəcək kreditlərin sayının həddən artıq olması göstərildi. Geri qaytarılması mümkün olmayan kreditlərin göstəricisinin çox olması bir sıra bankların iflas etməsinə səbəb oldu. Bear Stearn 2007-ci ildə süqutunu bəyan etdi. Daha sonra isə JP Morqan Ças iflas etmiş bankı aldığını bəyan etdi. "Bear Stearns"ın yolunu tezliklə digər banklarda davam etdirdi. Leman Brothers və Merrill Lynch bu böhranın qurbanı olan növbəti banklar oldular. Lakin iflas təkcə bununla bitmədi. Qısa bir müddət sonra American İnternational Group siğorta şirkəti müştərilərinə onların istəklərini yerinə yetirə bilməyəcəyini söyləyib, tamamilə iflas etdiyini vurğuladı. Böhran qısa müddət ərzində dünyanı öz toruna keçirdi. Washington Mutual və Wachovia kimi məşhur banklar artıq onların da dünya iqtisadiyyatında rolu olmadıqlarını dedilər. ABŞ hökuməti vəziyyətin kritik olduğunu görüb oyuna müdaxilə etmək qərarına gəldi. Nəticədə Konqres ölkə iqtisadiyyatı üçün 700 milyard dollarlıq xilas paketini ayırdı. 2008-2012-ci illərdə iflas edən ABŞ banklarının siyahısını təqdim edirik: Alov Avropaya da sıçradı ABŞ-dakı böhran tezliklə Avropaya da sıçradı. Öncə İslandiyanın 3 ən böyük bankı iflas etdi. 2008-ci ildə isə İslandiya kronu avro qarşısında 40% dəyər itirdiyini və inflyasiyanın 15 % olduğunu bəyan etdi. Böhran Böyük Britaniya daha sonra bütün ittifaq ərazisinə yayıldı. Ən ağır vəziyyət isə İtaliya, İrlandiya, Yunanıstan, Portuqaliya, İrlandiyada yaşandı. Nəticədə bu ölkələrdə yavaş-yavaş bankların çökdüyünü açıqladılar. Nəticə Yuxarıdakı məqamlar dövlətin atdığı sərt addıma haqq qazandırmağa imkan verir. Ən azından sonuncu statistikaya nəzər yetirsək, bankların geri qaytarılması mümkün olmayan ümumi kreditlərinin həcminin 1 milyard AZN olduğunu görmüş olarıq. Bununla bərabər bu tip halların qarşısını almaq üçün tədbirlərin daha da sərtləşdiriləcəyi nəzərdə tutulur. Belə ki, yaxın zamanlarda avto-kreditlәrin verilmәsinin iş yerindәn arayış tәqdim etmәklә bәrpa olunması nəzərdə tutulur. Lakin kreditlәrin hәcmi maaşlara adekvat ayrıldığına görә, әvvәlki kimi böyük mәblәğdә kredit almaq mümkün olmayacaq. ABŞ və Avropa İttifaqı təcrübəsi sonradan üst-üstə yığılıb qalan, geri alınması mümkün olmayan kreditlərin nə ilə nəticələnəcəyini göstərir. Ümid etməyə dəyər ki, Milli Bankın atdığı bu sərt addım mütəxəssislərin verdiyi bütün bədbin proqnozların darmadağın olmasına kömək edəcək.
2014-01-18
6,751
Binəqədidə əxlaqsızlıq yuvasını təşkil edən saxlanılıb
Kürdəmir rayon sakini Aytəkin Muxtarova saxlanılıb. "Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon sakini Aytəkin Muxtarova saxlanılıb. Buna səbəb, Binəqədi rayonu ərazisindəki mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi və qadınları fahişəliyə cəlb etməsidir.
2014-01-18
6,752
İranlı diplomat öldürüldü
Yəmənin paytaxtı Səna şəhərində iranlı diplomat naməlum şəxslər tərəfindən güllələnib. Bu barədə Fars agentliyi xəbər verir ( Trend ). Məlumata əsasən, İranın Yəməndəki səfirliyinin Maliyyə İdarəsinin rəhbəri aldığı güllə yarasından ölüb. O, Səna şəhərində evinin qarşısında öldürülüb.
2014-01-18
6,753
Ermənistanda sosial partlayış: mitinqlər başladı
Ermənistanda sosial partlayışla elaqədar mitinqə start verildi. "Axar.az" xəbər verir ki, bu dəqiqələrdə İrəvanın Azadlıq meydanında "Pensiya sisteminin məcburi maliyyələşdirilməsi" hökümətin hazırladığı qanuna qarşı geniş aksiyalara start verilib. Aksiya iştirakçıları dörd tələb irəli sürüblər. Bura sözügedən qanun layihəsinin antikonstitusion olmasından tutmuş, ehaliyə ətraflı məlumatların verilməsi daxildir. Aksiya iştirakçıları mitinqi şəhərin müxtəlif prospekt ve küçələrində keçirməyi planlaşdırırlar.
2014-01-18
6,754
Tələbənin ölümündə yeni ilginc nüanslar
Texniki Universitetin tələbəsi intihar etməyib. "Axar.az" xəbər verir ki, bu açıqlamanı mərhumun yaxın dostları öz "Feysbuk" səhifələrində yerləşdiriblər. Onlar Etibar İmaməlizadənin ölümü ilə bağlı yeni nüansların ortaya çıxdığını bildiriblər. Belə ki, tələbə iki nəfər tərəfindən döyülərək ağaca asılıb: "Onun asıldığı yerin yaxınlığında Çevik Polis Alayı yerləşir. Bundan başqa, evdən çıxanda əlində olan bəzi yazıların nüsxəsini çıxartmaq adı ilə gedib, amma evə onun meyitini gətiriblər". Mərhumun dostları döyən şəxslərin görüntülərinin olduğunu və bunların artıq polisin əlinə keçdiyi haqqında məlumat veriblər. Hazırda şübhəli şəxslərin saxlanılaraq dindirildiyi bəlli olub. Qeyd edək ki, Etibar İmaməlizadə Azərbaycan Texniki Universitetinin tələbəsi olub. Bir müddət öncə onun özünü asdığı haqqında məlumat yayılmışdı.
2014-01-18
6,755
ATV telekanalının üzü 2013-cü ilin gözgüsündə...
ATV telekanalına "İlin şirkəti" milli mükafatı təqdim olundu. Bu mükafat intensiv inkişaf edən maliyyə şaffaflığı və informasiya açıqlığı ilə beynəlxalq standartları təbliğ edən şirkətlərə ünvanlanır, 2000-ci ildə nüfuzlu işgüzar jurnal olan "Konsaldinq Biznes" tərəfindən təsis edilib və hər ilin sonunda təqdim olunur. ATV telekanalının 2013-cü ildəki efir fəaliyyəti müsbət tendensiyalarla zəngin oldu. Belə ki, telekanalın efir səbətində 2012-ci ildən başlayan bir sıra yeniliklər və köklü dəyişikliklər 2013-cü ildə də davam etdi. Fikrimizcə, bu yenilik və dəyişikliklər ATV efirini izləyən istənilən insanda müəyyən pozitiv təəssüratlar yaratmaya bilməzdi. Buna görə də ATV telekanalı haqlı olaraq ilin telekanalı seçildi. Öncə maraq üçün 2013-cü il üzrə ATV kanalının efir səbətindəki proqram və verilişləri aşağıdakı şəkildə qruplaşdıraq. Bu siyahıda tamamilə ən yeni layihələr, ilin ikinci yarısında yayımı davam etdirilən ilin yeni layihələri, köhnə layihələr, ötən ildə yayımı dayandırılmış layihələr, həmçinin ilin teleserialları öz əksini tapmışdır: Ən yeni layihələr: İlin ikinci yarısının yeni layihələri: 2013-cü ilin yeni layihələri: 2013-cü ildə yayımı dayandırılmış layihələr: 2013-cü il boyu yayımı davam etdirilən köhnə layihələr: 2013-cü ilin teleserialları: ATV telekanalı 24 saat və ana dilimizdə yayımlanır. Telekanal 2013-cü ildə yayıma uğurlu və beynəlxalq sertifikatlı layihələrlə başladı. Efirdə "Ford Boyard" kimi dünya miqyaslı proyektin, "Böyük səhnə" və yeni "Türkvizion" layihələrinin yayımlanması və "Sınaq" ekstremal-realiti şousunun baş tutması ATV telekanalının uğuru kimi dəyərləndirilə bilər. Bu telekanalın yaradıcılıq məhsulları son iki ildə yüksək zövq və keyfiyyətiylə seçilir. Aparıcıların ümumi hazırlıq səviyyəsi, davranış və danışıq maneralarında irəliləyiş, inkişaf hiss edilməkdə, tələffüz və diksiyalarında nəzərəçarpacaq qüsurlar düzəlməkdədir. 2013-cü ilin başlanğıcından etibarən ATV telekanalının ictimai-siyasi xarakterli xəbər-informasiya, analitik-informasiya veriliş və proqramlarında ciddi və köklü dəyişikliklər baş verdi. "ATV Xəbər", "ATV Şərhsiz", "ATV Aktual", "ATV Olay". "Nə Xəbər", "ATV Gündəm", "Sitatın sonu". Telekanal adıçəkilən xəbər, informasiya və şərh proqramlarıyla 2 saatdan artıq vaxt ərzində analitik-informasiya müstəvisinə keçməklə dolğun və baxımlı informasiya efiri yaratmış oldu. Sözügedən verilişlərlə ATV cari ildəki fəaliyyətində kreativliyi, vizual və akustik cəhətləri, studiya və format dəyişiklikləri, aparıcı davranış və maneralarında yeniliklərlə fərqləndi. Aparıcıların ayaqüstə sərbəst xəbər çatdırmaları, proqramın öhdəsindən məharətlə gəlmələri diqqətdən yayınmadı. Həm texniki, həm vizual, həm də akustik yeniliklər ATV-ni yola saldığımız ildə bir addım da irəli apardı, daha baxımlı və kreativ kanal etdi. ATV telekanalının əvvəlki illərdəki yayım səbətində xüsusilə ağırlıq təşkil edən şou-biznes verilişləri və evlilik proqramları ilə bağlı durum da köklü şəkildə dəyişildi. Belə ki, öncəki illərdə efiri süni qalmaqallar və intriqalar meydanına çevirən bayağı şou-biznes verilişləri, milli-mənəvi dəyərlərimizə zidd evlilik proqramları efirdən yığışdırıldı. Şou-biznes verilişlərinin sayı azaldıldı. Indi ATV telekanalında 5 adda ("ATV maqazin", "10-lar", "Alma almaya bənzər", "Qorxma mən səninləyəm", "Big şou") şou-biznes verilişi yayımlanmaqdadır. Hal-hazırda isə əvvəlki illərlə və 2013-cü ilin birinci yarısıyla müqayisədə şou-biznes verilişlərində kəmiyyət baxımından böyük bir dəyişiklik hiss edilməsə də, onların yayım saatının azaldılması və xarakterinin "yumşaldılması" tendensiyası baş verdi. Məsələn, "ATV maqazin" və "10-lar" Azərbaycan teleməkanında reytinqli şou-biznes verilişləri olaraq ATV telekanalında indi də yayımlanmaqdadır və qalmaqallardan uzaq mülayimləşmə tendensiyasına hakim olmaq üzrədir. Nəticə etibarilə şou-biznes verilişlərinin kəmiyyətində nəzərəçarpacaq azalmalar oldu, keyfiyyət və mahiyyətində ciddi dəyişikliklər hiss edildi. Efirdə seyrçini yoran şou-biznes nümayəndələrinin süni hay-küyləri və gündəmə gəlmək üçün yaratdıqları münaqişələrə yer qalmadı. Bu da müsbət hal kimi dəyərləndirilə bilər. ATV telekanalının "ATV Səhər" proqramı 2013-cü ilin yay mövsümündən yeni start götürdü və əvvəlki buraxılışlarla müqayisədə informativ-analitik və əyləncəli xüsusiyyətli olmasıyla fərqləndi. Amma bu verilişə kölgə salan iki məqamı qeyd etməyə bilmərik. Bunlar nədən ibarətdir. Birincisi, "ATV Səhər" proqramının aparıcısının (Turan İbrahimov) bəzi hallarda diksiyasındakı səlislik və aydınlığın itməsidir. Belə ki, aparıcı bəzi söz və ifadələri tələffüz etməkdə çətinlik çəkir. Buna baxmayaraq, hadisə və faktlara münasibətdə nisbətən fəallıq göstərməsi, adekvat şərhlər verməsiylə seçilir. Ikincisi, bəzən yayım zamanı qəddarlıq, zorakılıq səhnələri açıq şəkildə nümayiş etdirilir. Belə ki, bu verilişdə dünyada baş vermiş və qeyri-adi maraq doğuran, amma insan psixikasına mənfi təsir edə biləcək hadisələr, faktlar olduğu kimi nümayiş etdirilir. ATV telekanalında diqqət çəkən müsbət bir məqam da ondan ibarətdir ki, aylarla davam edən "ulduz yarışmaları"na ("Yeni ulduz", "Xalq ulduzu", "Şərq ulduzları") son qoyulmuşdur. Bu verilişlər, beynəlxalq səviyyəli yarışmalarda iştirak etmək üçün istedadlı gənclərin qısa zaman müddətində seçimiylə müşayiət olunan proqramlarla ("Böyük səhnə"- 2013-cü ilin birinci yarısında, "Türkvizion" isə ilin ikinci yarısında) əvəzlənmişdir. ATV telekanalının ən uğurlu layihələrindən biri olan "Sınaq" ekstremal- realiti şousu keçən ilin son aylarında yayıma başladı. Bu veriliş əsl iradə, dözüm və ektremal şəraitlərdə davranış, çıxış yolu seçmək bacarıqlarını ortaya qoymağa xidmət edir. Bu baxımdan "Sınaq" həm yeni, həm də Azərbaycan teleməkanında ilkin proqramlardandır. Bu baxımdan ATV yenilikçi bir telekanal olmasıyla da fərqləndi. ATV telekanalında 2013 il ərzində baş verən müsbət tendensiyalaradan biri də onun yayım səbətində mədəni-maarif xarakterli verilişlərinin say və sanbalının artması oldu: "Çox yaşa", "Zərif qəhrəman", "Özünə bax", "Bir xəstənin tarixçəsi", "Sağlam olun", "Sınaq", "Turne", "Ford Boyard", "Texnopark", "Avto time", "Şarm" və sairə kimi yeni və köhnə maarifləndirici layihələrin müqayisədə say etibarıyla çoxalması baş verdi. ATV telekanalında maarifləndirici xüsusiyyətiylə diqqət çəkən "Özünə bax" zövq müsabiqəsi Azərbaycan teleməkanında yeni bir addım kimi dəyərləndirilə bilər. ATV telekanalında bədii filmlərin yayım göstəricisi 2013-cü il üçün ağırlıq təşkil etdi. Lakin, telekanalda il boyu yayımlanan bədii filmlərin əksəriyyəti xarici ölkə filmləri oldu. Bəzən bir gündə, gecə saatlarında olmaqla, 3-4 bədii film yayımlanır. Azərbaycan filmləri isə yalnız xüsusi günlərdə, orta hesabla iki ayda bir dəfə olmaqla efirdə yayımlandı. Ümid edirik ki, yeni ildən Azərbaycan filmlərinə ayrılan efir saatında çoxalma hiss ediləcəkdir. ATV telekanalının efiri nöqsan və iradlardan da xali deyildir. Necə deyərlər, iş olan yerdə səhvlər labüddür. Belə ki, telekanalda sponsorların təqdimatıyla bağlı problemlər qalmaqdadır. Məsələn bir verilişdə sponsorların həddindən çox təqdim edilməsi tamaşaçını yorur. Bu hal, əsasən "Ümid var", "Gün keçir", "Çox Yaşa", "Dəyişirəm", "Səni axtarıram" kimi verilişlərdə baş verir. Reklamlarla bağlı problemlər demək olar ki, aradan qalxsa da, bəzi hallarda şənbə-bazar günləri reklam intervallarında pozuntular nəzərə çarpır. Zənnimizcə, yerli milli teleserialların yayımlanmasına digər respublika yayımçılarıyla müqayisədə ATV telekanalında daha çox yer ayrılır. Təkcə, keçən ilin son yayım mövsümündə ATV telekanalının efirində həftə boyu 6 adda teleserial yayımlanmışdır. Təkcə bir il ərzində ATV efirində 11 adda yerli teleserialın yayımlanması və nümayişi prodakşnların da bu telekanala maraqlı olduqlarının göstəricisidir. ATV telekanalında ciddi sosial mövzuların çözümünə həsr edilmiş verilişlərin sayı da artmışdır. "Ümid var", "Səni axtarıram" bu tipli verilişlərdəndir. Amma, ötən il ərzində bəzən "Ümid var" verilişini reytinq xatirinə sosial qalmaqallar müstəvisinə çevirmə halları da baş vermişdir. Xüsusilə, sosial problemlərin həllinə cəhddə, verilişə dəvət olunan ekspert qrupunun üzvlərinin özlərinin bəzi hallarda qeyri-etik davranışları (söyüş, ədəbsiz ifadələr vs.), problemli insanların bəzən ədəbsiz davranış maneraları, danışıqları verilişə kölgə sala bilir. Bu verilişə ekspert qismində daha çox aktyor və aktrisalar dəvət olunur ki, onlar da özlərinin artistlik "məharət"lərindən istifadə etməklə efirdə müəyyən isterik situasiyalar yaradırlar. ATV-nin ötən il boyu yayımlanan yumor verilişləri ("Bozbaş pikçers", "Səfərin ailəsi"), zənnimizcə, bir qədər bayağı təsir bağışlayır və bəzi hallarda ədəbsiz ifadələrlə müşayiət olunur . Bu tipli verilişlər ATV telekanalının simasına yaraşmır və yamaq kimi görünür. Musiqili-əyləncəli verilişlər sırasında olan və 2013-cü ilin ikinci yarısından etibarən mahiyyəti deyil, adı dəyişən "Nə varsa" (köhnə adı "Şən bazar") şousunun xanım aparıcısının bəzi hallarda rabitəsiz fikirləri, dəvətli qonaqlarına ünvanladığı "göydəndüşmə" sualları tamaşaçıda çaşqınlıq yaradır. Xanım aparıcının söz xatirinə söylədiyi bir çox fikirlər məzmunsuz təsir bağışlayır. İl boyu yayımlanan bu veriliş musiqili qonaqların çıxışlarıyla rəng ala bildi. ATV efirində yayımlanan iki adda əhəmiyyətli səhhət proqramı vardır ki, bu proqramlar ötən il boyu maarifləndirmə xüsusiyyəti ilə diqqət çəkdi. Bunlardan "Çox yaşa" 2013-cü ilin əvvəlindən, "Sağlam olun" verilişi isə ilin ikinci yarısından yayımlanmaqla ciddi şəkildə tibbi maarifləndirmə funksiyalarıyla seçildi. Bununla yanaşı, sözügedən birinci veriliş ("Çox yaşa") sponsorların təqdimatındakı ifratçılığı ilə də yadda qaldı. Söylədiyimiz xüsusiyyətləri ilə bərabər, ATV telekanalı ötən 2013-cü il boyu efirinin zənginliyi, yenilikçiliyi, analitik informasiya bolluğu ilə fərqləndi və yuxarıda sadaladığımız çoxluq təşkil edən müsbət tendensiyalarıyla baxımlı bir telekanal olaraq fəaliyyət göstərdi. Bütün bunların yekunu olaraq isə "İlin televiziya şirkəti" seçildi. Bu münasibətlə ATV telekanalını təbrik edirik. Uğurlar olsun, ATV!
2014-01-18
6,756
İbrahim Tatlısəs albom çıxara bilməyəcək
Gökhan Təpə İbrahim Tatlısəsin səsi problemli olduğu üçün albom çıxara bilməyəcəyini bildirib. "Axar.az" xəbər verir ki, Türkiyənin sevimli sənətçilərindən olan Gökhan Təpə İbrahim Tatlısəsə və Əbru Gündəşə çox yaxşı mahnılar verdiyini açıqlayıb. O, müsahibələrin birində qeyd edib ki, İbrahim bəyə iki yaxşı mahnı vermişəm, amma təəssüf ki, səsi problemli olduğu üçün albom çıxara bilmir. Bundan əlavə Əbru Gündəşin də həyat yoldaşıyla əlaqədar olaraq çıxaracağı albom sual altındadır.
2014-01-18
6,757
Səbinə Babayeva: “Röyaya söz vermişəm ki...”
Səbinə Babayeva Röyaya mahnı hədiyyə edəcək. "Axar.az" xəbər verir ki, Səbinə Babayeva dünən keçirdiyi "Ey Azərbaycanım" adlı klipinin təqdimatında mahnılara bir az fasilə verəcəyini, artıq bəstəkarlığa başladığını açıqlayıb: "2013-cü il layihələrlə zəngin olduğundan bir sıra xarici səfərlərim olub. Dünyanı gəzərkən ağlıma çoxlu sayda mahnılar gəlib. Hətta bu barədə həmkarlarımla da bölüşmüşəm. Hər birinə mahnı hədiyyə edəcəyimə söz vermişəm. Bəstələdiyim ilk mahnını özüm oxuyacam. Daha sonra isə Röyaya söz vermişəm. Bununla əlaqədar olaraq bu yaxınlarda görüşəcəyik".
2014-01-18
6,758
"Üçbaşlı maral"ın sirri - Foto
Renatas Jakaitis adlı fotoqraf tərəfindən çəkilən "üç başlı maral"ln fotosu görənlərin təəccübünə səbəb olub. Litva meşələrində fotoqraf R.Cakaitis çəkiliş aparan zaman maşında quraşdırılan kamerada 3 başlı marala oxşayan canlını görəndə çaşqınlıq içərisinə düşüb. O, heç özü də çəkilən bu şəklə inana bilməyib. İngilis mətbuatı "The Daily Mail"in saytında verilən xəbərə görə, Litva meşələrində görüntülənən "üç başlı maral"ın gerçək hekayəsi daha sonradan ortaya çıxıb. Litva meşələrində maralları araşdıran fotoqraf sən demə, bir-birinə yaxın dayanan 3 maralın fotoşəkilini çəkibmiş. Soyuq üzündən bir-birlərinə qısılan marallar elə bir bucaq altında dayanıblarmış ki, bir bədən üzərində 3 baş görünübmüş. Bu fakt sonradan üçə çıxıb, amma ilk olaraq fotoqraf və şəklə baxanlar 3 başlı bir maral görüntüləndiyini sanıblarmış.
2014-01-18
6,759
Prezident Dini Mədəniyyətin İnkişafı Fonduna 3 milyon ayırdı
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair sərəncam imzalayıb. "Axar.az"ın Prezidentin rəsmi saytına istinadən xəbərinə görə, sərəncamda qeyd olunur ki, "Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Dini Mədəniyyətin İnkişafı" fonduna 3,0 (üç) milyon manat ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".
2014-01-18
6,760
Mühafizə Xidmətinin idman kompleksi istifadəyə verildi - Foto
Yanvarın 18-də Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olub, Xidmətin idman kompleksinin açılışında iştirak edib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısına son illər hərbi şəhərcikdə həyata keçirilən tikinti və yenidənqurma işləri barədə məlumat verilib. Qeyd olunub ki, hərbi şəhərciyin ərazisində kommunikasiya xətləri yenidən qurulub, ərazidəki köhnə tikililər sökülərək yeni binalar inşa edilib. Yeni tikilən beşmərtəbəli iki binada xidmətin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bundan əlavə, futbol meydançasında yenidənqurma işləri həyata keçirilib, bütün idman qurğuları hamısı, o cümlədən qaçış zolağı yenilənib, tribuna yenidən qurulub. Sonra İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin idman kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov məlumat verdi ki, 8 min kvadratmetr ərazisi olan kompleksdə idmanın bütün növləri ilə məşğul olmaq üçün hər cür şərait var. Burada yüksək standartlara malik üzgüçülük hovuzu yaradılıb. Xidmətin əməkdaşlarının kompleksdə təlim keçmələri üçün bütün imkanlar mövcuddur. Fotolar AzərTac-a məxsusdur.
2014-01-18
6,761
Beynəlxalq İslam Korporasiyasının sazişi təsdiq edildi
Azərbaycan Prezidenti İlham Əliyev Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişini təsdiq edib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişi 2006-cı il mayın 30-da Küveyt şəhərində imzalanıb.
2014-01-18
6,762
Bakıda yaşayış evi yandı
Bakı şəhərində yaşayış evi yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-18
6,763
Ermənistanda 1,7 milyardlıq heroin partiyası tutuldu
İran-Ermənistan sərhədində Meğri rayonu ərazisində yük maşınında 927 kiloqram heroin tutulub. Narkotiklər İrandan Gürcüstana gedən yük maşınının gizli yerinə qoyulubmuş. Yük maşınının sürücüsü 61 yaşlı Gürcüstan vətəndaşı Avtandil Martiaşvili saxlanıb. Hazırda narkotikin daşınmasına aidiyyəti olan digər şəxslər araşdırılır. Rusiya hüquq mühafizə orqanlarının fikrincə, tutulan narkotiklərin ümumi dəyəri 58 mlrd rubl (1,7 milyard dollar) səviyyəsində qiymətləndirmək olar. Qeyd edək ki, indiyə kimi İspaniyada tutulmuş ən iri heroin partiyası 315 kq (2008-ci il), Türkiyədə isə 717 kq (2013) olub. Böyük ehtimalla narkotik Ermənistan-İran sərhədini qoruyan Rusiya sərhədçiləri tərəfindən saxlanıb. Amma İrandan Ermənistana digər narkotika trafiki də var ki, bu da Azərbaycanın Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən keçir. Mehri hadisəsi bir daha sübut etdi ki, İrandan Ermənistanda mütəmadi olaraq iri partiya narkotika keçirilir və böyük ehtimalla həmin yüklər beynəlxalq nəzarətdən kənarda olan Dağlıq Qarabağ ərazisindən daşınır. Sadəcə, qışın sərt keçməsi Dağlıq Qarabağla Ermənistan arasında yol keçidlərinin bağlanmasına səbəb olub ki, narkomafiya bu dəfə yükü birbaşa İrandan Ermənistana gətirməyə qərar verib. (ANS)
2014-01-18
6,764
Türkiyə səfirliyinin yaxınlığında partlayış: 21 ölü
Əfqanıstanın paytaxtı Kabildə restoranın qarşısında baş vermiş partlayış nəticəsində 21 nəfər həlak olub. Axar.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə səfirliyinin də yerləşdiyi küçədə törədilən hücumu kəskin pislədiyini qeyd edib. Terrorçu-kamikadzenin özünü partlatması nəticəsində aralarında Kanada, Rusiya və Livan vətəndaşları olmaqla 13 əcnəbinin, həmçinin 8 Əfqanıstan vətəndaşının öldüyü, 2 əfqanın xəsarət aldığı bildirilir. Talibanın sözçüsü Zəbiullah Mücahid terror aktının Taliban fədailəri tərəfindən törədildiyini, hədəfin restorandakı diplomatlar və əcnəbi işçilər olduğunu söyləyib.
2014-01-18
6,765
«Shell» və BP İranda fəaliyyətə dəvət edilib
İran Neft Nazirliyi Böyük Britaniyanın iki böyük neft şirkəti – "Shell" və BP-ni rəsmən İranda fəaliyyətə dəvət edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki,, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb. Hər iki şirkətə İranın neft naziri Bijan Zangənə (Bijen Zengene) tərəfindən rəsmi dəvət göndərilib. Məlumatda qeyd olunub ki, 2013-cü ilin dekabrında OPEC-in Vyanada keçirilən toplantısında İranın neft naziri Norveçin "Statoil Hydro", İtaliyanın "Eni", Fransanın "Total", ABŞ-ın "Exxon Mobil" və "ConocoPhilips", Avstriyanın OMV və İsveçrənin "Vitol" şirkətləri ilə müzakirələr apararaq onları İrana dəvət edib. Agentliyin xəbərinə görə, "Shell"və BP-nin İrana 2 mlrd. dollar borcu mövcuddur.
2014-01-18
6,766
Bakıda qadın evində öldü
Bakı şəhəri, Nərimanov rayonunda 1939-cu il təvəllüdlü Maya Məmməd qızı Rəsulova mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin eyvanındakı dəmir barmaqlıqları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsib və içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş hamam otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə nəticəsində M.Rəsulovanın vəfat etdiyi müəyyən edilib.
2014-01-18
6,767
BSU-da “VikiUniversitet” layihəsinə start verildi
Bakı Slavyan Universitetində "VikiUniversitet" layihəsi həyata keçirilir. Vikipedia – 100-dən artıq dildə olan məqalələrdən ibarət açıq ensiklopediyadır. Dünyada qazandığı inanılmaz populyarlıq nəticəsində bu rəqəm sürətlə artmaqdadır. İşlək dillərin arasında Azərbaycan dilinin də olduğuna baxmayaraq, təəssüf ki, ensiklopediyanın ana dilimizdə olan hissəsi bir sıra digər dillərdən kasıbdır. Vikipedianı digər internet ensiklopediyalardan fərqləndirən cəhət onun prinsip etibarilə redaktə oluna bilməsidir. Vikipedia dünyanın ən populyar 5 saytı sırasına daxildir. Bu günlərdə BSU-da "VikiUniversitet" layihəsinə start verilmişdir. Layihənin məqsədi bu ali təhsil ocağında keçirilən konfranslar, professor-müəllim heyətinin elmi və tədris fəaliyyəti, universitetdə dərc olunan elmi-ədəbi jurnallar və maraqlı görüşlər haqqında məlumatların toplanaraq "wikipedia.org" onlayn ensiklopediyasında yerləşdirilməsi və bu ensiklopediyada Azərbaycana dair digər vacib məlumatların genişləndirilməsidir. Layihə çərçivəsində BSU-nun VikiUniversitetində fəaliyyət göstərən müxtəlif fakültələrin tələbələri, gənc alimləri, professor-müəllim heyəti respublikamızın digər elmi-tədris qurumları və ilk növbədə, Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutur.
2014-01-18
6,768
Skinxedlərin başçısı Kubada tutuldu
Kuba hakimiyyəti Rusiya millətçilərinin liderlərindən olan "Tesak" ləqəbli Maksim Martinkeviçin həbs edilməsini Moskvaya xəbər verib. Rusiya hakimiyyəti tərəfindən beynəlxalq axtarış elan edilmiş Tesak yanvarın 17-də saxlanılıb. Onun Rusiyaya nə vaxt veriləcəyi bilinmir. Amma bu məsələdə hansısa çətinlik olacağı güman edilmir. Tesaka qarşı milli ədavəti qızışdırmağa görə cinayət işi qaldırılıb. İstintaq onun sosial şəbəkələrə yerləşdirdiyi video çarxları öyrəndikdən sonra saxlanmasına qərar verib. Lakin həmin müddət ərzində Tesak aradan çıxmağı bacarmışdı. (ANS)
2014-01-18
6,769
Jirinovskidən növbəti "maski-şou"
Vladimir Jirinovski növbəti dəfə jurnalistlərin diqqətini çəkib. "Axar.az"ın əldə etdiyi məlumata görə, O, Rusiya kommunistlərinin lideri Qenadiy Zyuqanovun 70 illiyi üçün özünün rəhbərliyi ilə xüsusi kommisyanın yaradılmasını təklif edib. Tez-tez Zyuqanova "ilisen" Jirinovski bildirib ki, ad günü ilə əlaqədar göndəriləcək hədiyyələr öncə onun "süzgəcinden" keçməli, sonra sahibinə çatmalıdır. Jirinovski bildirib ki, 3 min rubl dəyərindən çox hədiyyə verilərsə, həmin əşya anındaca muzeyə göndəriləcək.
2014-01-18
6,770
Misirin yeni konstitusiyasına seçicilərin 98 faizi "hə" dedi
Misirin yeni konstitusiya layihəsini seçicilərin 98,1 faizi dəstəkləyib. Seçkilərin rəsmi nəticələrini Misir Ali Seçki Komissiyasının sədri Nabil Salib açıqlayıb. Misirin yeni konstitusiyası üzrə keçirilən referendumda seçicilərin 38,6 faizi (20,5 milyondan çox şəxs) iştirak edib. (Trend)
2014-01-18
6,771
Krım Universitetinə İsmayıl Qaspıralının adı verilə bilər
İsmayıl bəy Qaspıralının adının universitetə verilməsi gündəmə gəlib. "Axar.az"ın əldə etdiyi məlumata görə, İstanbul Krım Dərnəyi rəhbəri Cəlal İçdən Krım Pedoqoji və Mühəndislik Universitetinə İsmayıl bəy Qaspıralının adının verilməsi təşəbbüsü ilə çıxış edib. Xatırladaq ki, 2014-cü il Krım tatarları üçün önəmli ildir. Belə ki, bu il Krım tatarlarının sürgün olunmasının 70 illiyi, Krım tatarları və türk dünyasının qürur mənbəyi olan Qaspıralının vəfatının 100 illiyi qeyd ediləcək. Bundan başqa, bu il həm də Qaspıralı ili elan edilib.
2014-01-19
6,772
Minvod-Bakı reysində həyəcan: 5 deputatımız təyyarədə - Yeniləndi
18.01.2014. 22:14 Onlar üçün Bakıdan əlavə təyyarə gətiriləcəyi bildirilir. Yanvarın 18-də axşam saatlarında Minvoddan Bakıya gələn təyyarədə nasazlıq yaranıb. Baş verən həyəcanlı olay nəticəsində sərnişinlər təyyarədən aşağı endirilib və uçuş təxirə salınıb. Təyyarədə Milli Məclisin beş deputatı, həmçinin Azərbaycandan vəzifəli şəxslər də olub. Onların Yessentukidən, sanatoriyadan gəldiyi bildirilir. Hazırda təyyarənin sərnişinləri aeroportda gözləyirlər. Onlar üçün Bakıdan əlavə təyyarə gətiriləcəyi qeyd edilir. Təyyarənin isə nasazlığına səbəb kimi motor hissəsində problem yaranması göstərilir. ("Musavat.com") *** 19.01.2014. 00:23 Yanvarın 18-də axşam saatlarında Minvoddan Bakıya gələn təyyarədə nasazlıq yaransa da, bu, qısa müddətdə aradan qaldırılıb. Həmin təyyarə artıq Bakıdadır. Heydər Əliyev adına Hava Limaninin məlumat mərkəzindən APA-ya verilən məlumata görə, təyyarə saat 23.10 radələrində Bakı aeroportuna enib. Artıq təyyarənin sərnişinlərinin də aeroport ərazisini tərk etdikləri bildirilrilib.
2014-01-18
6,773
Taksim meydanında yeni qarşıdurmalar başladı
Türkiyənin İstanbul şəhərinin Taksim meydanında bu gün keçirilən "İnternetimə toxunma" nümayişi polis tərəfindən dağıdılıb. Yerli vaxtla 18.00-də (Bakı vaxtı ilə 20.00) meydana toplanan qrupa polis zirehli maşınla və su şırnağı ilə müdaxilə edib. Qrup Sıraselvilər prospektinə tərəf uzaqlaşdırılıb. Hadisə zamanı çox sayda insan həbs edilib. "İnternetimə toxunma" nümayişləri Türkiyədə 2011-ci ildən keçirilir və internetdə senzuraya qarşı bir etiraz aksiyasıdır. Son zamanlarda Türkiyədə sosial şəbəkələrə girişə qeyri-rəsmi maneələrin tətbiq edilməsi barədə xəbərlər yayılmaqdadır ki, bu da etiraz aksiyalarını yenidən gündəmə gətirib. (ANS)
2014-01-18
6,774
Qax sakini dağdan yıxılaraq öldü
Bir neçə gündür itkin düşdüyü güman edilən Qax rayonu Ağçay kənd sakini 53 yaşlı Babayev Bədrəddin Novruz oğlunun dağdan yıxılaraq dünyasını dəyişdiyi bildirilir. Hələlik onun meyitini yıxıldığı ərazidən çıxarmaq mümkün olmayıb. Bu məqsədlə sabah əraziyə helikopterlər göndəriləcək. Onun dağa hansı məqsədlə getdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır. ("Milli.az")
2014-01-18
6,775
Qorbaçovun beynəlxalq məhkəməyə verilməsi tələb edildi - FOTO
Ukraynanın paytaxtı Kiyev şəhərində müxtəlif millətləri təmsil edən təşkilatların iştirakı ilə 20 Yanvar hadisələrinin 24-cü ildönümü qeyd olunub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB), Ukrayna Millətlər Assambleyası, Ukrayna Yəhudi Fondu, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzi, o cümlədən Ukraynada fəaliyyət göstərən digər bir sıra xalqların diaspora təşkilatları ilə birgə konfrans keçirlib. Konfransda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. Tədbirdə çıxış edən BUAK sədri Rövşən Tağıyev 24 il əvvəl Sovet qoşunlarının Bakıda və Azərbaycanın müxtəlif şəhərlərində dinc əhaliyə qarşı həyata keçirdiyi kütləvi qırğınlar barədə danışıb. Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov, Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, professor Rafiq Novruzov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Ukrayna Yəhudi Fondunun prezidenti Arkadi Monastırski, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzinin prezidenti Pyotr Şarafetdinov və digər xalqların diaspora rəhbərləri 20 Yanvar faciəsindən 24 il ötməsinə baxmayaraq bu qanlı cinayətdə birbaşa əli olan Mixail Qarbaçov və o vaxtkı sovet rəhbərliyinin beynəlxalq məhkəmə qarşısında cavab vermələrinin vacibliyini bildiriblər. Bununla bağlı Ukrayna Millətlər Assableyası adından beynəlxalq təşkilatlara müraciət qəbul olunub.
2014-01-18
6,776
Aslanla üz-üzə qalan fotoqraf donub qaldı - Video
Cənubi Afrika Respublikasında sənədli film çəkən fotoqraf gözləmədiyi təhlükə ilə üz-üzə qalıb. Fotoqraf Qraham Sprinqer aslanın ona yaxınlaşdığını görüncə nə edəcəyini bilməyib. Sprinqer hərəkətsiz qalaraq aslanın diqqətini çəkməməyə çalışıb. Sprinqerə yaxınlaşan aslan sadəcə çantanı qoxuladıqdan sonra oradan uzaqlaşıb. Bundan sonra rahat nəfəs alan fotoqraf gülməyə başlayıb. Həmin görüntüləri təqdim edirik.
2014-01-18
6,777
İxtisara düşən neftçilərlə bağlı proqram imzalandı
Bəzi qurumların ləğvindən sonra işsiz qalan neftçilərə bir il ərzində əvvəllər aldıqları maaşın yarısı qədər müavinət ödəniləcək. Yanvarın 17-də Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ixtisara düşən işçilərin sosial təminatına dair tədbirlər proqramını imzalayıb. 1 illik müddəti əhatə edən proqrama əsasən, həmin işçilər ARDNŞ-nin digər müəssisələrində və ya kənar təşkilatlarda işlə təmin olunacaqlar. Bundan başqa, müvafiq situasiyalarda müstəsna hal kimi həmin işçilərin əməkhaqqının 5 misli miqdarında birdəfəlik müavinət almaq hüququ da saxlanır. ARDNŞ dekabrın son günlərində bildirib ki, Kompleks Qazma İşləri İdarəsinin 7 tresti bağlanır. Rövnəq Abdullayev bunu qurumun strukturca təkmilləşdirilməsi ilə əlaqələndirirdi: "İndi sovet dövrü deyil ki, hər idarənin tərkibində bir neçə trest saxlayasan. Biz beynəlxalq standartlara uyğun fəaliyyət göstəririk. Şirkətdə beynəlxalq audit keçirilir. Belə bir trestin olması beynəlxalq standartlara cavab vermir. Bu səbəbdən də düşündük ki, hamısını birləşdirək və vahid idarə yaradaq. Adının necə olması önəmli deyil. Belə modernləşmə işləri gələn ildən başlayaraq, şirkətin Geologiya və Geofizika idarələrində, həmçinin "Azəriqaz" İstehsalat Birliyində də aparılacaq". ARDNŞ rəhbəri deyirdi ki, trestlərin ləğvi nəticəsində ixtisara düşən 1100 işçinin çoxu yenidən işlə təmin olunacaq və qalanlarına təzminat ödənəcək. ("Azadliq.org")
2014-01-18
6,778
850 kq-dan çox yararsız ərzaq malları aşkar edilib
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir. Bakının Səbail, Sabunçu, Qaradağ, Binəqədi, Yasamal rayonlarında, Sumqayıt, Gəncə, Xırdalan, Şəki, Şamaxı, Bərdə, Saatlı, Yevlax, Sabirabad, Xaçmaz, Cəlilabad, Ağsu, Yardımlı, Tərtər şəhərlərində, eləcə də Samux, Füzuli rayonlarında aparılan növbəti yoxlamalar zamanı ümumilikdə 850 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur. (Trend)
2014-01-19
6,779
“Fənərbaxça” "Neftçi" ilə bacarmadı - Foto
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" ilə "Fənərbaxça" klubu ilə yanvarın 18-də hazırlıq oyunu keçirib. "Fənərbaxça" ilə yoldaşlıq görüşü Antalyanın "Mardan" stadionunda baş tutub. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayıb. "Fənərbaxça" - "Neftçi" oyunu 0-0 hesabı ilə sona çatdı. Oyun "Fənərbaxça"nın tam üstünlüyü ilə keçib. Hətta bir dəfə top "Neftçi"nin qapı dirəyinə də dəyib. Xatırladaq ki, təmsilçimiz Antalyadakı ilk hazırlıq oyununda Albaniyanın "Partizani" klubunu 2:0 hesabı ilə məğlub edib. (ANS)
2014-01-19
6,780
Suriya müxalifəti "Cenevrə-2" konfransında iştirak edəcək
Suriya inqilabi qüvvələri və müxalifətinin Milli Koalisiyasının 58 üzvü "Cenevrə-2" konfransında iştirakın lehinə səs veriblər. Bu barədə koalisiyanın mətbuat xidmətindən məlumat verilib. Səsvermə bu gün İstanbulda koalisiyanın Baş Assambleyasının iclası çərçivəsində keçirilib. Təşkilatın mətbuat katibi Sara Karkur bildirib ki, gizli səsvermə nəticəsində koalisiyanın Cenevrə konfransında iştirak etməsi barədə qərar qəbul edilib: "Belə ki, 73 üzvdən 58-i lehinə, 14-ü isə əleyhinə səs verib". Qeyd edək ki, Suriya probleminin həlli üzrə "Cenevrə-2" konfransı yanvarın 22-də İsveçrənin Montrö şəhərində keçiriləcək. (Trend)
2014-01-19
6,781
Gəncədə binanın damında meyit tapıldı
Gəncə şəhərində binanın damında kişi cəsədi tapılıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda beşmərtəbəli binanın damında kişi cəsədinin olması barədə məlumat daxil olub. 1940-cı il təvəllüdlü İslam İsmayıl oğlu Səfərov beşmərtəbəli binanın damına çıxıb və ürək tutmasından orada vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi düşürüb aidiyyəti üzrə təhvil veriblər.
2014-01-19
6,782
Nazir və millət vəkili havada asılı qaldı - Foto/Video
Türkiyənin Artvin şəhərində yerləşən Atabarı Xizək Mərkəzində funikulyorun açılış mərasimində Bələdiyyə naziri Emin Özgün, AKP millət vəkili İsrafil Qış və CHP millət vəkili Yüksəl Çorbacıoğlu iştirak edib. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, AKP millət vəkili və nazir Emin Özgün funikulyora minib. Normadan artıq yüklənmə səbəbindən funikulyorda nasazlıq yaranıb. Millət vəkili və nazir 2 saat havada asılı vəziyyətdə qalıb. Bir müddət sonra isə funikulyordakı problem aradan qaldırılıb. Funikulyora minən millət vəkilləri, nazir və digər səlahiyyətli nümayəndələr dağın ətəyindən 700 metr hündürlükdəki zirvəyə qalxıblar.
2014-01-19
6,783
Azərbaycanlı oğlanlar Türkiyəni təəccübləndirdilər - Video
"Yetenek sizsiniz Türkiye" yarışmasında bu həftə Azərbaycandan gələn qrup da iştirak edib. Yarışmanın ikinci turunda iştirak edən "Crazy Eyes Crew" adlı qrup səhnə performansı və peşəkar rəqslərlə münsiflər heyəti ilə yanaşı, zaldakı tamaşaçıların da rəğbətini qazanıb. Qrupun performansı həftənin ən çox səsini alıb. Belə ki, zaldakı tamaşaçıların səsverməsinə görə, həmvətənlərimiz yarışmanın ikinci turunda 93 səslə həftənin birincisi olublar ("Azxeber.com").
2014-01-19
6,784
Xalq böyük bir xəyanətlə üz-üzədir
And yerimiz Sabir RÜSTƏMXANLI Hamımızı sarsıdan, bir aydan artıq gözümüzün yaşını qurumağa qoymayan 20 yanvar fəlakətindən sonra ilk müraciətim də, verə biləcəyim ilk təsəlli və təskinlik də, içmək istədiyim ilk and da müqəddəs və böyük xalqın adınadır! Zamanın ağır sınaq günündə, tayı-bərabəri olmayan bir xəyanətlə üz-üzə dayandığımız bir vaxtda hər şey və hamı yaddan çıxıb: ortada aldadılan, şəhid gedən, gözünün yaşından və nifrətindən başqa silahı olmayan, əli bağlı, lakin faciələrin içində də gözəllik və mərdliyini itirməyən, qocaman, əzabkeş, kövrək, dözümlü və məğrur xalq qalıb! Başı olan, başçısı olmayan, sərvəti olan, sahibi olmayan, haqqı olan, müdafiəçisi olmayan, bir yarası sağalmamış yeni yaralar alan xalq! Bir söz deyə biliriksə ona çatır. Ayrı gümanımız yoxdur! Ayrı ünvan axtarmıram!.. Sanki müharibədən çıxmış Bakının hələ şəhidlərin qanı qurumamış küçə və meydanlarında dəli kimi dolaşdığım o faciəli sübh çağı dilimdə donub qalan bu söz idi: Xalqımın qanı tökülmüşdü... Göz yaşı yağışı altında, gül-çiçək ümmanından ömrün son sahilinə üzən tabutların taleyə, dərdə, düşmən niyyətinə xətt çəkən alqırmızı bəzəyini, uşaqdan-böyüyə iki milyon adamın üzündəki ifadəni görəndə bir daha inandım: uduzduğumuzu uduzmuşuq, bundan belə bizi əymək olmaz. Sabahın yolları bu xalqın yollarıdır!... Bu milləti millət eləyən, minillərin fəlakətlərindən keçirib qoruyan böyük, ilahi gücün alovu yenidən üzümə vurdu. Ölümsüzlüyümüzün səbəbini, sirrini, sehrini təzədən gördüm! Gördüm ki, cavan ömrünü xalqına, yurdunun azadlığına bağışlayanlar bir ata-ananın övladları deyil: Onları millətin taleyi doğub! Azərbaycanın bu başından o başına hüznlü-hüznlü asılan qara bayraqları, məhəllə-məhəllə qurulan çadırları, verilən ehsanları, gecikmiş qəzetlərdə hələ faciənin yüzdə birini göstərə bilməyən şəkillərə baxan kimi ürəyi gedən gül üzlü analarımızı-bacılarımızı görəndə başa düşdüm: şəhid ölümü son deyil, başlanğıcdır! Elə bil torpağımız qısırlaşmışdı: Bakıda, Gəncədə, Naxçıvanda, Lənkəranda, Gədəbəydə tökülən qanlarımız onun bərəkətini qaytardı! Şəhid dahilərimizdən biri — Şeyx Məhəmməd Xiyabaninin sözləri yadıma düşdü: Qurbanlar milləti təmizləyir! Bilirsiniz nə qədər ehtiyacımız var bu təmizliyə! Güney Azərbaycanı milli azadlıq hərəkatının başqa bir qəhrəmanının sözü də təsəlliyə döndü: Azadlıq ağacı cavanların qanı ilə suvarılmadıqca bar verməz!... Azadlıq ağacımız quruyurdu yavaş-yavaş... Yanvar ayında qanlı çiçəklər açdı!... Biz ömrümüzü xalqımızın ürəyinin, ruhunun, dünyasının axtarışına vermişik. 1990-cı ilin əvvəlində ən böyük xəzinəmizi, ən tükənməz sərvətimizi kəşf etdik. Varlığında dünyanın ən böyük təzadlarını yaşadan xalqım! Dahilərlə yanaşı alçaqlara da süd vermisən. Milyonlarla övladının qanı və canı bahasına qazandıqlarını asanlıqla hərraca qoyanların da var. Qurbanların sümükləri üstündə tikilən azadlıq binasını sonra öz övladlarının əli ilə dağıtdırıblar. Satqın bir rəhbər, başsız bir başçı, ipi özgələrinin əlində olan bir "lider" sənin illər uzunu qurduğun bir körpünü asanlıqla göyə sovurub. Qalmısan yenə əli qoynunda: o tayına, azadlığına, ümidlərinə uzaqdan, həsrətlə baxa-baxa! Lakin alçaqların xalqa nə dəxli! Xalq şahid olan, qurban gedən və dərd çəkəndir! Boş əllə hərbi texnikanın yolunu kəsən, ürəyinə, gözünə, açıq alnına sıxılan güllələrdən çəkinməyən oğul və qızlardı — xalq! Bakının o ağır, qanlı günlərini görəndən sonra özümü sanki yenidən dərk etdim. Xətailərin, Nəsimilərin, Sabirlərin, Mirzə Cəlillərin, Məmməd Əmin Rəsulzadələrin, Şeyx Məhəmməd Xiyabanilərin, Üzeyir bəylərin, Cavidlərin hansı mənəvi gücdən yarandığı indi mənə aydın oldu. Bugünkü "zəifliyini" özünə sığışdırmayan və əlacsızlığını dünyadan gizlətmək üçün tökülən qızıl qanlarını qızıl qərənfillərlə örtərək, şəhid övladlarının ayağı dəyən yerləri güllə bələyən bir xalqın ruhundakı nəciblik, ucalıq adamı sarsıdır. Bakı kəndlərindən mərkəzə gələn yollar, Azadlıq meydanı, Dağüstü parkın bütün səki və xiyabanları yanvarın 22-də gül-çiçək xalısı ilə örtülmüşdü, qışın çılpaq ağacları qərənfil "açmışdı". Sanki Azərbaycan torpağının özü köksündən yaralanmışdı və fışqıran qanı qərənfil yağışı kimi iki milyonluq şəhərin başına yağırdı... Bir aydan çoxdur beləcə davam edir. Ən böyük dərdin içində də gözəllik duyğusunu unutmayan, Şahidlər xiyabanına güldən hasar çəkən, şəhərə sığmayan insan axınını gül cığırları ilə nizamlayan xalqımın ürəyindəki gözəllik duyğusuna heyranam. Öz halal zəhmətinin məhsulu ilə gecə-gündüz şəhidlərin yarasına çiçək məlhəmi qoymağa çalışan Bakı kəndlərinin əli qabarlı, namuslu övladlarının fədakarlığı qarşısında baş əyirəm. Faciəmiz böyükdür. Ancaq bu boyda itkilərin arxasında qara geyimli anaların məğrurluğunu, göz yaşlarından göyərən intiqam hissini görəndə təsəlli tapırıq. Xırdalanlı bir ana deyirdi: Mənim bir oğlum var, təsadüfən sağ qalıb. Sevinmirəm! Oğul böyüdürük torpaq üçün! Övladı yurdun şəhidləri arasında yatan ana xoşbəxtdir. Anaları bu cür düşünən millət də xoşbəxtdir! ...Dəfn günü Şəhidlər xiyabanında özünə yer tapa bilənlərin çoxu qadınlar idi. Hörmətlə irəli buraxılmışdılar. Ana və bacılarımızın mələk üzləri qara örtüyə bürünmüşdü. Birdən operator kameranı onlara doğru çevirdi. Qadınlardan biri əlini qaldırdı, gül dəstəsini çətir kimi başına tutdu. Bir an sonra xiyabandakıların qara geyimi görünməz oldu. Sanki bir dirijor çubuğunun işarəsiylə üstlərinə qırmızı gül "örpəyi" çəkmişdilər! Bu boyda kütləni vahid bir orqanizmə çevirən böyük duyğudu — xalq dediyimiz!... Qurban gedənlərimizin bir hissəsi Bakının ən uca nöqtəsində torpağa tapşırıldı. 1918-ci ilin mart şəhidlərilə 1990-cı ilin yanvar şəhidlərinin cismi və ruhu bir-birinə qarışdı. Çoxumuz unutmuşduq indi əyləncə yerinə döndərilmiş bu parkın 1918-ci il şəhidlər qəbiristanı olduğunu. Tale yeni bir "qulaqburması" verdi ki, indiki qurbanlarımızın hesabına bütün şəhidlərimizin xatirəsi əbədiləşdirilsin. Xalqın and yeri, ziyarət yeri olsun!.. * * * Qanımız tökülmədən, qurban vermədən ötüşmək olmazdımı? İndi bu sual milyonlarla adamı düşündürür. Sumqayıt hadisələrinin kimlərin ssenarisi üzrə qurulduğunu, Bakının iki ildən bəri sakitliyinin təəccüb doğurduğunu, ona qarşı ciddi iğtişaş hazırlandığını, Mərkəzin demokratiya oyununu kiminsə başında çatlayacağını, rəhbərlərimizin qətiyyətsizliyinin fəlakətə apardığını bilə-bilə necə oldu ki, belə bir tələyə düşdük, düşməni sevindirdik?... Bu sualların hamısının cavabı veriləcək. Gələcək üçün yeni "ağ ləkələr" qoyub getməyə haqqımız yoxdur. Mərkəzi mətbuat həqiqəti nə qədər ciddi ört-basdır etməyə çalışsa da, respublika mətbuatı nə qədər sussa da tarix sözünü deyəcək... Mən konstitusiyanın kobudcasına pozulduğunu, fövqəladə vəziyyətin qeyri-qanuni elan edildiyini bir kənara qoyub (bu hamıya məlumdur), daha çox özümüzə aid məsələlərə toxunmaq istəyirəm. Əvvəlcədən onu deyim ki, bəzi çıxışlardakı "bu işdə hamımız günahkarıq, vaxtında birləşə bilməmişik, kütlənin qabağına düşməmişik, silahsız cavanlarımızı ordunun qabağından çıxara bilməmişik" fikri ilə mən də razıyam. Yəni, Azərbaycan xalq hərəkatı, əslində xalqın bütün intellekt, güc, zəka, siyasi mübarizə potensialını tam dolğunluğu ilə əks etdirə bilmir. Bir çox real qüvvələr xalq hərəkatından kənarda qalıb. Bunun bir səbəbi xalq hərəkatını idarə edənlər arasında uzun müddət mövcud olan qısqanclıq, "mənəmlik" duyğusudursa ("ziyalılar satqındır", "məndən düz adam yoxdur" və s.), digər səbəbi hamin iddiaçı tərəflərin, real qüvvələrin, ziyalıların, mütəxəssislərin tərəddüdü, ətaləti, cəsarətsizliyidir... Üçüncü bir səbəb də var: bu da müxtəlif rəsmi idarələrin "saman altından su yeritməsi", xalq hərəkatında pozuculuq işi aparması, onun sıralarına "öz adamları"nı doldurub təfriqəçilik etməsidir. Təəssüf ki, bu kənar qüvvələr xalq hərəkatının bəzi liderlərinə də təsir göstərə bilib və müəyyən parçalanmalara nail olub. Xalq hərəkatında resept vermək, hamını öz iradənə tabe etmək olmaz. Demokratikləşmənin gözəlliyi rəngarəngliyindədir. Lakin Azərbaycan xalqının tarixi durumu bütün şəxsi iddiaları inkar edən, vahid bir platformada birləşmək tələb edir. Təəssüf ki, hətta ümumxalq taleyi də bəzi adamların vəzifə ehtirasına, tayfa davasına, qazanmaq və ya siyasi liderlik azarına üstün gələ bilmir. Buna görə də əsl can yanğısı ilə yaradılan demokratik əsaslı təşkilatlarla "kooperativ cəbhələr", yüyəni özgələrinin əlində olan təşkilatlar bir-birinə qarışır. Hamı da xalqın adından danışır. Pərakəndəlik camaatı çaşdırır. Qarşılıqlı münaqişələrdə ümumi dərd unudulur, ən yaxşı adamlarımıza belə ləkə yaxmaqdan çəkinməyən, yalan və böhtan dolu yazılar bir-birini əvəz edir. Ağır yas günlərimizdə ümumi işimizə mane olan belə dərdlərin təfərrüatına varmaq istəmirəm. Lakin hərəkat, nəhayət, faciəli yanvar günləri saf-çürük edilib qiymətləndirilməsə, kimin kimliyi bilinməsə sabah yenə kim daha bərk söyərsə, daha sürətlə uçuruma apararsa milli qəhrəmana dönəcək, real vəziyyəti görənlərə "qorxaq" və ya "xain" damğası vurulacaq, bu qədər qurbanlardan sonra hər şeyi yenə də sıfırdan başlamalı olacağıq... Yanvar faciələrinin günahını Azərbaycan Xalq Cəbhəsinin boynuna yıxmaq istəyənlər də çoxdur. Ölkə rəhbərinin çıxışlarında, mərkəzi mətbuat səhifələrində, hər yerdə AXC müxtəlif, bir-birinə zidd mövqelərdən atəşə tutulur. Həbs olunmuş bəzi səbatsız cəbhə üzvləri təzyiq altında televiziya kamerası qarşısında oturdulur və məlum ssenari üzrə müsahibə verirlər. Azərbaycanda Demokratik hərəkatın başında dayanan Xalq Cəbhəsi ətrafında məharətlə tor hörülür. Hətta Mərkəzdən gələnlərin çıxışlarında açıq-aşkar bildirilir ki, AXC hakimiyyəti ələ almaq istəyirdi və o dağıdılmalıdır. Biz məsuliyyəti boynumuzdan atmırıq. Ola bilsin ki, bu fəlakətin qarşısını almaq üçün və ya itkini azaltmaq üçün daha nə isə də etmək olardı. Ancaq kimin ağlına gələrdi ki, fövqəladə vəziyyət elan edilmədən ordu şəhərə girəcək, dinc, silahsız əhalinin üstünə qoşun yeridiləcək. Ölkənin bütün ordu növləri iki milyonluq şəhərə basqın edəcək. Kimin ağlına gələrdi ki, siyasi mübarizə aparan xalq – dövlət çevrilişinə hazırlaşan silahlı banda kimi qələmə veriləcək, sırf simvolik xarakter daşıyan piket və "barrikadalar" — silahlanmış düşmən cəbhəsi kimi "qəhrəmanlıqla" ləğv ediləcək, uşağa-böyüyə, qadına-kişiyə aman verilməyəcək. Kimin ağlına gələrdi ki, Sov.İKP MK-nın və Ali hakimiyyət orqanının rəhbərliyi səviyyəsində oyun gedə bilər; ziyalılarla, qadınlarla görüşlərində dönə-dönə "arxayın olun, ordu Bakıya girməyəcək!"— deyən Mərkəz nümayəndələri bir gün sonra "öz vəzifələrini yerinə yetirib", yəni, respublikanın rəhbərliyini kənar edib, əmri yerinə yetirib, Bakını ağlar qoyacaqlar. Kimin ağlına gələrdi ki, səni xarici düşmənlərdən qorumalı olan öz ordun özünə qarşı bu qədər amansız ola bilər? Kimin ağlına gələrdi? Lakin Xalq Cəbhəsinin idarə heyətində və isə bir fəlakətin yaxınlaşdığını başa düşürdük və buna öz münasibətimizi bildirmişdik. Xalq Cəbhəsi bütün milli və ictimai münaqişələrin siyasi danışıqlar yolu ilə, demokratik əsaslar üzərində həllinə çalışıb. Azərbaycan SSR Ali Sovetinin son sessiyaları buna misaldır. Lakin bu yolda məğlubiyyətdən yaxa qurtara bilməyəcəklərini bilən bəzi rəhbərlər AXC-yə quyu qazmağa başladılar. "Başqasına quyu qazan...". Buna görə də, cəbhənin bəzi radikal ovqatlı nümayəndələri ilə "danışıqlar" başlandı. Müdafiə Şurası və onun rayon şöbələri yaradıldı. Müdafiə Şurası fövqəladə vəziyyətdə özünü müstəqil elan etdi və əslində, AXC-nin iradəsinə, idarə heyətinin narazılığına etinasızlıq göstərdi. Həmin anlarda, təəssüf ki, biz də qətiyyətsizlik göstərmişik. Yarım milyonluq bir mitinqdə milli səfərbərlik elan edildi, silah söhbəti ortaya atıldı... Hamısı da rəhbərliyin razılığı ilə. Bu nə oyun idi, kimin planı üzrə hazırlanmışdı və nə məqsəd güdürdü?! Respublika rəhbəri nə ağılla zavoddakı görüşündə müdafiə dəstələrinin yaradılmasından söhbət açırdı və bu söhbət televiziya ilə bütün xalqa çatdırılırdı? Nəyə görə inandırılırdı ki, fövqəladə vəziyyətdə Müdafiə Şurası əsas mərkəzə çevriləcək? Bir-birini tora salmaq üçün iki tərəfli oyun gedirdi. Ancaq sən saydığını say, gör Mərkəz nə sayır! Sanki dünyadan xəbərsizdilər. Bütün bu havayı söz-söhbətin, əslində, ordu üçün Bakıya çağırış olduğunu unutmuşdular... Bununla doğrudanmı respublikanı müdafiə etmək istəyirdilər, yoxsa məqsəd Xalq Cəbhəsini və xalqı ləkələməkdi, ölkədəki demokratik qüvvələrə dərs verməkdi? 20 yanvar faciəsini bir həftə ondan əvvəl baş vermiş hadisələrlə, Bakıdakı erməni evlərinə hücumlarla əlaqələndirməyə çalışırlar. Biz xalqımızın humanist, nəcib sifətini qorumaq üçün hər cür vəhşiliyi, zorakılığı rədd edir və lənətləyirik. Onu da bilirik ki, Sumqayıt kimi Bakıda da bu hadisə çoxdan planlaşdırılırdı. Yanvarın 13-14-də Bakıda ölkənin müxtəlif guşələrindən gəlmiş yüzlərlə cinayətkar olub... Xalq böyük bir xəyanətlə üz-üzədir. Və bu xəyanət addım-addım həyata keçirilir.... Yoxsa, kim bilmir ki, 200 min adam Ermənistandan vəhşicəsinə qovulandan sonra, bütün bakılılar sinəsini sipər etsə də, rəsmi qaçqın statusu almamış bu qədər işsiz, evsiz, ac-yalavac, qəzəbli qonağı olan şəhərdə ermənilərin arxayın yaşaması fantastikadır və ya xalqın əsəbiylə oynamaqdır... Ölkədə bizi təkləmək, vəhşi, qaniçən kimi qələmə vermək üçün yüz cür tələ qurulur. Bizi qarşıda çox uzun bir mübarizə yolu gözləyir. Bu yol hələ ki, iqtisadi müstəqillikdən, federasiyadan qoparan imkanlardan keçsə da, sonu məlumdur, sonu bizim arzularımızdır. Lakin arzulara yetmək üçün hələ çox durulmalı, ümumi mədəni səviyyəmizin, siyasi mübarizə səviyyəmizin artması haqqında hələ çox düşünməliyik. * * * Mən daha çox işin bizə görünən tərəfindən, öz səhvlərimizdən danışdım. Lakin ən ciddi sual cavabsız qalıb: görəsən bütün bu səhvlər olmasaydı, ordunun Bakıya girməməsinə təminat olacaqdımı? Ordu Bakıya niyə gəlib? Cavabdeh adamların fikirləri bir-birinə düz gəlmir. Söhbət sərhəddən gedirsə, sərhədlərin götürülməsi ölkənin müxtəlif regionlarında bizdən əvvəl başlanıb. Köhnə rəhbərliyə etimadsızlıq, "istefa" tələbi narahatlıq doğururdusa—bu tələbi Moskvadan başlamış, ölkənin hər yerində eşidirik. Ermənistanla münasibətlərin kəskinləşməsi bəhanə olubsa, onda gərək fövqəladə vəziyyət on illər boyu xəlvət silahlanan tərəfdə, hücum edən tərəfdə elan ediləydi, boş əllə müdafiə edilən tərəfdə yox. Kiminsə ağzından "islam respublikası" sözünün çıxması bəhanə olubsa, onda gərək "xristian monarxizmi" tərəfdarlarının yaşadığı Rusiya şəhərləri çoxdan orduyla doldurulaydı. Bu bəhanələrin heç biri 19—20 yanvar hadisələrinə haqq qazandırmır. Bir həqiqət ortaya çıxır ki, bizim rəftarımızdan asılı olmadan ordu şəhərə girməliymiş. "Azərbaycanlılara dərs vermək" planının kökləri çox dərindədir və sərhəd məsələsi, ermənilərin Bakıdan qovulma söhbəti, daxili qoşun hissələrinin müşahidəçi mövqe tutması... hamısı bir zəncirin halqaları kimi bir-birinə bağlıdır. Azərbaycan xalqının ətrafında bu tor çoxdan və məharətlə hörülür. Fransız mətbuatında M.S.Qorbaçovun Azərbaycan hadisələrinə münasibəti iki sözlə belə ifadə olunub: "tatarlar qəzəblənir". Bizə elə gəlirdi ki, bu tatar sözü keçən əsrdə qalıb, çarizm yıxılanda bu sözlə də vidalaşmışıq... Köhnə söz yaşayırsa, bəlkə köhnə münasibət də yaşayır? Təkcə bu bir kəlmə indiki demokratiyanın üzünü və astarını aydın göstərir. "Birinə qazan, başqasına çay qaşığı...". Azərbaycan müstəqil respublikadırsa, niyə onun fikrinə məhəl qoyan olmayıb? Nəyə görə Azərbaycan parlamentinin qanuni qərarı SSRİ Ali Soveti tərəfindən qulaqardına verilir? Bu saymazlığın arxasında hansı acı həqiqət dayanır? Bəlkə ordunun Bakıya gəlişinin səbəbini elə həmin o acı həqiqətdə axtarmaq lazımdı? Nəhayət, bir-iki kəlmə da milli heysiyyət, özünə və öz xalqına hörmət haqqında. Son vaxtlarda rəsmi görüşlərdə, televiziya çıxışlarında tez-tez belə bir fikir təkrarlanır: fövqəladə vəziyyət götürüləndən sonra şəhərin sakitliyinə təminat vermək olarmı? Bu məsuliyyəti kim boynuna çəkəcək? Bunu rəhbərlik də deyir, ziyalılar da. Bunun qədər riyakar bir böhtan təsəvvür eləmək mümkün deyil! Öz xalqına inanmayan, onunla dil tapa bilməyən adamlar bu xalqı necə idarə edə bilər? Məgər fövqəladə vəziyyətin ləğvindən qorxuya düşən ziyalılar bilmirlərmi ki, Bakıda heç bir iğtişaşı xalq salmayıb. Sakitlik istəyiriksə fövqəladə vəziyyətlə yanaşı, Bakıda iğtişaş ocaqlarını da ləğv etmək lazımdır. Həmin ocaqlarsa möhtəşəm binalardadır və dünyanın müxtəlif yerlərindən, Mərkəzdən üfürülüb közərdilir. * * * Şəhidlər xiyabanında bir həqiqəti də gördüm. Qurban gedənlərin çoxu zəhmətkeş, əli qabarlı, sadə adamlardır. And yerimiz -- onlardır. And yerimiz -- xalqdır! ("Azərbaycan" qəzeti, 24 fevral 1990)
2014-01-19
6,785
Cabir Novruzun “Vətən”i şagirdi qalib etdi - Foto
"Hicaz Production" və Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Mikayıl Müşfiq adına 18 nömrəli məktəbdə 20 Yanvar Gününə həsr olunmuş "Mən Azərbaycanlıyam" adlı 3-cü Bədii qiraət müsabiqəsi keçirilib. "Axar.az" xəbər verir ki, tədbirin aparıcıları Elməddin Məmmədov və Ayşən Mirzəyeva olub. "Hicaz Production"un rəhbəri Ayaz Məmmədov tədbirin keçirilməsində əziyyəti olan hər kəsə minnətdarlığını bildirib. Daha sonra dram və kino aktyorlarının iştirakı ilə "Qarabağ" tamaşası oynanılıb və bununla müsabiqə açıq elan edilib. Müsabiqədə 20 şagird növbə ilə ölməz şairlərin Vətənə, bayrağa aid şeirlərini səsləndirib. Əməkdar artistlər Gülşad Baxşiyeva, Ağalar Bayramov, Mahirə Yaqubova, eləcə də Sahib Novruzov, Ərtoğrul Kamalov, Vüqar Əbdülov və Əbdül Məcidlidən ibarət münsiflər heyəti 20 nəfər arasından ən yaxşı şeir deyən şagirdlərə 10 ballıq sistemlə səs verərək, ilk üçlüyü müəyyən ediblər. Qaliblər və onların ifa etdikləri şeirlər isə aşağıdakı kimidir: 1-ci yer - Hüseynağa Aslanov, C.Novruzun "Sağlığında qiymət verin insanlara" şeiri ilə; 2-ci yer – Tahirə Ağayeva, R.Qusarçaylının "Vətən" şeiri ilə; 3-cü yer - Rəna Məmmədova, Xəlil Rza Ulutürkün "Vətən" şeiri ilə. Qaliblər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıb. Sonda 18 nömrəli məktəbin direktoru V.Huseynli "Gənc nəsildə vətənpərvərlik , müstəqillik, sadiqlik ideyalarının aşılanması" səylərinə görə müsabiqənin təşkilatçısı "Hicaz Production"un icraçı direktoru Ayaz Məmmədovu təltif edib.
2014-01-19
6,786
Əli Xamneyi 900-ə yaxın məhbusu əfv etdi
İranın ali lideri Ayətullah Əli Xamneyi İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) doğum günü münasibətilə həbsdə olan 878 nəfərin əfv olunması barədə fərman imzalayıb. Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir. Qeyd edək ki, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Məhəmməd Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) doğum günü münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 878 məhbusun əfv edilməsi xahiş olunub. Ə.Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb. (Trend)
2014-01-19
6,787
İri avtomobil magistralının qurulması 2 ilə başa çatacaq
"Azəryolservis" ASC Bakı-Quba-Rusiya sərhədi avtomobil magistralının yenidən qurulmasını 2014-2015-ci illərdə tam başa çatdıracaq. Onun sözlərinə görə, hazırda Gəndobdan Rusiya sərhədinədək yolun qalan sahəsində tikinti işləri davam edir: "İşləri 2014-cü ildə tamamlamaq planlaşdırılır, lakin hər şey maliyyələşdirmə prosesindən asılıdır. Maliyyələşdirmədə cüzi yubanma olarsa, işlərin yekunlaşması 2015-ci ilə qala bilər". Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun ümumi uzunluğu 208 kilometrdir, lakin yenidənqurmadan sonra bir az qısaldılacaq. (Trend)
2014-01-19
6,788
Ağdaşda yaşayış evi yandı
Ağdaş şəhərində yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Ağdaş şəhərində ümumi sahəsi 252 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsinin yanar konstuksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-19
6,789
Yol terroru: piyada vuruldu
Bakıda avtomobil piyadanı vurub. Hadisə Buzovna qəsəbəsində baş verib. Zabrat-Maştağa magistral yolunu keçməyə çalışan Qasımov Rəfaili avtomobil vurub. Ağır bədən xəsarətləri alan Q. Rəfail Xəzər rayonunda yerləşən 3 saylı xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır. (ANS)
2014-01-19
6,790
Hərbi xidmətə çağırış yaşının artırılmasına reaksiya - Rəsmi
Müdafiə Nazirliyindən hərbi xidmətə çağrış üçün yaş həddinin artırılması ilə bağlı məsələyə aydınlıq gətirilib. Hərbi xidmətə çağrış yaş həddinin müəyyənləşdirilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Nazirlikdən bildiriblər ki, bununla bağlı hər hansı dəyişikliyin edilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir. Müdafiə Nazirliyindən gələcəkdə hərbi hissələrin ləğv olunması məsələsinə də aydınlıq gətirilib: "Hazırda bəzi hərbi hissələrin təşkilat-ştat strukturunun optimallaşdırılması həyata keçirilir". Nazirlik məktəblərdə keçirilən hərbi dərslərlə bağlı dəyişiklik edilməsi məsələsinə də münasibət bildirib. Nazirlikdən verilən məlumata görə, məktəblərdə hərbi dərslərin keçirilməsində dəyişkilik edilməsi məsələləri iləTəhsil Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məşğul olur. (ANS)
2014-01-19
6,791
Türkiyə ilk yerli qırıcı təyyarə istehsal edəcək
Türkiyə qırıcı təyyarə istehsal etmək niyyətindədir. Türkiyə Aviasiya və Kosmos Sənayesi AŞ-dən (TÜSAŞ) bildiriblər ki, yerli istehsallı yeni qırıcı təyyarələrə "FX" adı veriləcək. Artıq iki ildir FX-lərin hazırlanması prosesi gedir. Türkiyənin ilk qırıcı təyyarəsinin istehsalı 2014-cü ildə başa çatacaq. (Trend)
2014-01-19
6,792
ABŞ Əl-Qaidəyə məxsus birliyi araşdırır
ABŞ İraqın İraq Dəməşq İslam Dövlətinə qarşı mübarizəsinə dəstək verəcək. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məsələ ABŞ-ın vitse-prezidenti Joe Bidenin İraqın Baş naziri Nuru Əl Maliki ilə telefon danışığında gündəmə gəlib. Hər iki tərəf İraq hökumətinin Enbarda tayfa liderlərinə qarşı mübarizənin aparılmasında razılıq bildiriblər. Bununla Biden Əl-Qaidəyə qarşı mübarizə aparmağın daha asan olacağını deyib. Biden Malikiyə İraqdan neft ixracında Erbilin oynayacağı rolun əhəmiyyətindən danışıb.
2014-01-19
6,793
Balakəndə də yaşayış evi yandı
Balakən rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Balakən rayonu, Mahamalar kəndində ümumi sahəsi 100 kv.m olan kürsülü birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyü 18 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-19
6,794
Bombalı hücum: 15 əsgər öldü, 25-i yaralandı - Foto
Pakistanın şimal-qərbində Əfqanıstan ilə sərhəddə yerləşən Bannu şəhərində hərbi konvoya bombalı hücum olub. "Axar.az"ın xarici mətbuata istinadən xəbərinə görə, Şimali Vəzirsitan bölgəsinə gedən hərbi konvoy yol kənarına yerləşdirilən uzaqdan idarə edilən bombanın partlaması nəticəsində 15 əsgər ölüb, 25-i yaralanıb. Hücumu hələ də üzərinə götürən olmasa da, keçən ilin noyabr ayında Pakistan Talibanı lideri Hakimullah Məsudun öldürülməsindən sonra bölgədə terror hücumlarının sayı artıb. Məsudun ölümündən sonra təşkilatın rəhbərliyinə gələn Molla Fəzlullah sabiq liderin hakimiyyət ilə sülh müzakirələri aparmasına qarşı çıxmışdı. Fəzlullah təşkilatın rəhbərliyinə gəldikdən sonra hərbiçilərdən və polislərdən qisas alacağını bildirmişdi.
2014-01-19
6,795
“Rüstəm İbrahimbəyovun müxalifətin lideri olmasını qəbul etmirəm”
Mehriban Vəzir: "Müsavatın ünvanına ən müxtəlif ittihamların səsləndirildiyi yerdə oturmaq istəmədiyimi bildirmişəm" Srağagün Milli Şuranın (MŞ) növbəti sessiyası keçirilib. Qurumun idarəetmə strukturlarının təşkili və cari məsələlərə həsr olunan sessiya maraqlı hadisələrlə diqqət çəkib. Kinorejissor Rüstəm İbrahimbəyovun yenidən Milli Şuraya fəxri sədr seçilməsi etirazla qarşılanıb. Müzakirələrin gedişində alternativ fikri qəbul etməyən Mehdibəy Səfərov və Hacıbaba Əzimov arasında mübahisə düşüb. Müsavat Partiyasının mövqeyini dəstəkləməkdə ittiham olunan yazıçı-publisist Mehriban Vəzirə isə Koordinasiya Şurasına keçirilən açıq səsvermədə dəstək verən az olub. Bu hadisə də tərəflər arasında mübahisələrlə müşayiət olunub, Milli Şura üzvləri səsvermənin düzgün keçirilməməsini bildiriblər. Müxalifət düşərgəsindəki son proseslər, partiya liderlərinin ittihamları, R.İbrahimbəyovun yenidən fəxri sədr seçilməsi və digər məsələlərlə bağlı "Kaspi"nin suallarını Milli Şuranın üzvü, yazıçı-publisist Mehriban Vəzir cavablandırır. - MŞ-nın növbəti sessiyasında Siz R.İbrahimbəyovun liderliyinə, fəxri sədrliyinə etiraz etmisiniz. Nəyə əsasən belə mövqe nümayiş etdirdiniz? - Rüstəm İbrahimbəyov kinorejissor kimi dünyaca məşhur insandır, yazıçıdır. Milli Şuranın yaradılmasında onun xidmətləri də danılmazdır. Amma Rüstəm İbrahimbəyov Milli Azadlıq Hərəkatında iştirak etməyib. Bu hərəkatın yaratdığı camiəni tanımır, oradakı insanlara bələd deyil. Rüstəm bəy eyni zamanda Rusiya vətəndaşıdır və orada daha çox olur. Seçki prosesindən əvvəl və sonra da Azərbaycana gələ bilmədi. Bundan başqa, onda düzgün təsəvvürlər yoxdur. Azərbaycan cəmiyyətində yaşamayan adam üçün buradakı vəziyyəti təsəvvür etmək çətindir. Ümumiyyətlə, bir cəmiyyətdə oturub başqa cəmiyyət haqqında fikir bildirmək çətindir. Bizim bəzi üzvlərimiz Rüstəm bəyə deyirdilər ki, camaat boğaza yığılıb, böyük narazılıqlar var. Lakin müxalifətə inam qalmadığından heç kim səsini çıxarmaq istəmir. Sən Milli Şuranın başında dur, camaat həmin an ayağa qalxacaq. Yaşadığımız proseslər bu məntiqin kökündən yanlış olduğunu ortaya qoydu. Ona görə də Rüstəm İbrahimbəyovun müxalifət düşərgəsinin lideri olmasını qəbul etmirəm. O, Milli Azadlıq Hərəkatından çıxan demokratik qüvvələrə lider olacaq gücdə deyil. Lakin mənim düşüncəmdən fərqli olaraq Milli Şuranın digər üzvləri onun yenidən fəxri sədrliyinin lehinə səs verdilər. - Açıq səsvermə yolu qurumun Koordinasiya Şurasına üzvlər seçilərkən adınız üzvlər arasında olmayıb. Yalnız VAMP sədri Hacıbaba Əzimov buna etiraz edəndən sonra adınız siyahıya əlavə edilib. Maraqlıdır, həmfikirləriniz Sizin MŞ-dakı hansı fəaliyyətinizdən narazı qalıblar? - Mən mətbuata verdiyim açıqlamaların birində qeyd etmişdim ki, bütün ümidləri Milli Şuraya bağlamaq olmaz, bu bir məqam idi, yarandı və bitdi. Sözümün gerisi də var idi ki, bundan sonra Milli Şura fəaliyyətini davam etdirəcək, yaxud etdirməyəcək, yeni qurumlar yaranıb-yaranmayacaq, bunun qərarını oradakı qüvvələr verəcək. İkinci cümlə mətbuatda getməmişdi. Ona görə də Milli Şura üzvləri elə bilirdilər ki, mən bu qurumun əleyhinəyəm. Əslində əleyhinə də ola bilərəm və bundan çəkinmirəm də. Ancaq indiki məqamda Milli Şuranın əleyhinə deyildim. Bütün hallarda cəmiyyətimiz, xalqımız üçün faydalı olan birliklərin tərəfdarıyam. Digər tərəfdən, bizim cəmiyyətdə, - "mən haqlıyam və sən mənim kimi düşünməli, söylədiyimi təkrarlamalısan" – kimi şüur hakimdir. Partiyalar da cəmiyyətin təfəkkürünün bir hissəsini daşıyır. Mən isə qəbul etmirəm ki, Milli Şura bir partiyanın digər partiyanı tənqid atəşinə çevirməsi üçün meydandır. Bizim başqa dərdimiz, başqa problemlərimiz var. Mən buna etiraz eləmişəm. Müsavatın ünvanına ən müxtəlif ittihamların səsləndirildiyi yerdə oturmaq istəmədiyimi bildirmişəm. Görünür, bu, bir çoxlarında qıcıq yaradıb və mənə səs verməyiblər. Bu da normaldır. Adımın sonradan Koordinasiya Şurasının siyahısına əlavə edilməsinə gəlincə, düşünürəm ki, bu, seçim deyil. Milli Şura üzvlərinin çoxu mənə səs verməyib, məni seçməyiblər. Sadəcə bu, başda Hacıbaba Əzimov olmaqla, bir neçə insanın təkididir. - Müsavat Partiyasının Milli Şuradan ayrılması AXCP funksionerlərini müsavatçılara qarşı ən müxtəlif ittihamlar irəli sürməsinə səbəb olub. Siz bu prosesləri necə qiymətləndirirsiniz? - Demokratik qüvvələrin birliyi çox vacibdir. Siyasi partiyaların bir arada olması, ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsi olduqca zəruridir. Lakin hazırda biz tamam əks mənzərənin şahidiyik. Müxalifətdə ən mühüm iki partiya bir-birinin ünvanına ağır ittihamlar irəli sürürlər. Əlbəttə bütün bunlar bizdə yalnız təəssüf doğurur. Biz bunun qəti əleyhinəyik. Şəxsən mən, hər iki tərəfin olduqca ağır səslənən bu ittihamlarını qəbul etmirəm. Əgər insan bu deyilənlərə inansa, gərək, qapısını bağlayıb evində otursun, heç kimlə də salamlaşmasın. - Ehtimal olunur ki, Müsavat hakimiyyətlə anlaşmaya gedib Milli Şuradan çıxıb. Sizcə, bu iddialar nə dərəcədə doğrudur? - Qətiyyən bu ittihamları qəbul etmirəm. Müsavat Partiyası qədim tarixə malik olan bir təşkilatdır. Bugünkü Müsavat da həmin ənənələri davam etdirir. 20 ildən artıq ağır mübarizə yolu keçən bir partiya haqqında belə fikirlər səsləndirmək yolverilməzdir. Adətən insanlar bir-biri ilə dalaşanda ən ağır ittihamları dilə gətirirlər. Hətta deyilənlər yalan olsa belə, görürsən ki, bu hikkənin, hissin, əsəbin görüntüləri, ağır suçlamaları olur. Bu məsələdə də düşünürəm ki, cəmiyyətimizdə siyasi mədəniyyət kasadlığı var. Ona görə də insanlar rahat şəkildə bir-birləri haqqında, - "filankəs satılıb, xəyanətkardır" - deyə bilirlər. Amma bu xəyanət, satılmaq, satqınlıq o qədər aşağılıq bir keyfiyyətdir ki, bu, alçaqlıqdan da o yana, yerin dibidir. Bunu asanlıqla bir insana şamil etmək, hansısa partiya haqqında söyləmək olmaz. Şəxsən mən bunu edə bilməzdim. Bunlar mənim üçün olduqca ağır sözlər, ağır ittihamlardır. Bilmirəm bu ittihamların arxasında nələr dayanır. Çünki hər pərdəni qaldırdıqca onun arxasından yeni bir pərdə çıxır. Bu səbəbdən baş verənlərlə bağlı həqiqət axtarışında deyiləm. Ancaq əməkdaşlıq etdiyim insanlar haqqında deyilən belə sözləri qəbul etmirəm. - Müsavat və AXCP funksionerləri qarşılıqlı ittihamlar səsləndirərkən, mərhum Əbülfəz Elçibəyə istinad edir, vaxtilə eks-prezidentin də qarşı tərəf haqqında onlar kimi düşünməsi barədə rəy formalaşdırırlar. Belə hallara münasibətiniz necədir? - Əbülfəz Elçibəy yüksək dəyər olduğundan hər kəs bəraət almaq, özünün doğruluğunu sübut etmək üçün ona əl uzadacaq. Adətən insanlar nə etsələr də özünə bəraət almaq üçün Allaha və Qurani-Kərimə and içirlər. Bəzən yalançılar da bunu edirlər. Lakin bununla nə Allahın, nə də Quranın şəninə əskiklik gəlmir. Ona görə də cəmiyyətdə olan insanların böyüklərdən özünə bəraət almaq üçün istifadə etməsi normaldır. Düzdür, bəzən adam bundan qıcıqlanır ki, onlar Elçibəyin sağlığında başqa cür, indi isə tamam fərqli düşünüblər. Amma olsun, mən bundan narahat deyiləm. İnsanlar bəzən hər şeyi eyni zamanda başa düşə bilməz. Ola bilər ki, Əbülfəz Elçibəyin mahiyyətini, dəyərini sağlığında anlamayan, buna qiymət verməyi bacarmayan insanlar, o dünyasını dəyişəndən sonra olanları başa düşürlər. Bu da bir cür insanlıq halıdır. - Bu günə qədər mövcud olan birliklərin aqibətini, liderlərin davranışını nəzərə alsaq, müxalifət partiyalarının yenidən hansısa təşkilatda bir araya gəlməsi mümkündürmü? - Bir çox insanlar hesab edir ki, bu, mümkün deyil. Amma cəmiyyətdə, təşkilatlarda baş verən hadisələr adətən təkrarlanmaqdadır. Bəzən küsənlər deyirlər ki, ömrümdə barışmaram və sair. Lakin bir ailənin içində belə, bəzən zaman məcbur edir ki, küsənlər bir araya gəlsin. Bu bir araya gəlmə hər hansı faciə və sair üzərindən də ola bilər. Ona görə də Müsavat və AXCP-nin qarşılıqlı ittihamlarına o qədər də ciddi yanaşmaq lazım deyil. Allah eləsin ki, Azərbaycanda faciələr baş verməsin. Amma istər-istəməz ölkənin ağır, faciəli və mühüm günündə bu qüvvələr bir yerə gələcəklər. Onların başqa çıxış yolu yoxdur. Onu da yaddan çıxarmaq olmaz ki, Milli Şuranın əldə etdiyi nailiyyətin tən yarısı Müsavat Partiyasınındır. Böyük haqları danmaq olmaz.
2014-01-19
6,796
Edvard Snoudenə sığınacaq axtarılır
ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenə Rusiyada müvəqqəti sığınacaq üçün verilən vaxt başa çatır. Buna görə yenidən ona sığınacaq verilməsi məsələsi gündəmə gəlib. "Axar.az"ın əldə etdiyi məlumata görə, E.Snoudenə qalması üçün yer axtaran bir qrup fəal Braziliyanın prezidenti Dilma Russeffə müraciət hazırlayıb. Həmin petisiya "Avaaz.org" saytı vasitəsilə bütün dünyaya yayılıb. "Amerika xüsusi xidmət orqanlarının telefon danışıqlarını izləməsi barədə məlumatları yaydıqdan sonra bütün dünyada məhşur olan Edvard Snoudenin yaxalanacağı təqdirdə həyatı üçün təhlükə hələ də qalmaqdadır. Ancaq bu həftə biz ona təhlükəsiz yer tapmaqda kömək etməliyik"- deyə petisiyada çağırış edilib. Artıq bu saatlara qədər 800 miə yaxın insan sənədə imza atıb. Müraciət müəllifləri bu rəqəmi bir milyona çatdırdıqdan sonra müraciəti Braziliya prezidentinə çatdıracaqlarını elan ediblər. Qeyd edək ki, E.Snoudenin məlum açıqlamalarına ilk reaksiya verən Braziliyanın prezidenti Dilma Russeff olub. Belə ki, Snoudenin jurnalistlərə təqdim etdiyi sənədlərdə ABŞ Milli Təhlükəsizlik Agentliyinın şəxsən Russeffin, onun köməkçisinin və "Petrobras" Dövlət Neft Şirkətinin elektron məktublarını izlədiyi qeyd olunub. Məhz bu məlumatlar açıqlanan ərəfədə Braziliya prezidenti ABŞ-a oktyabrın 23-ə təyin edilən rəsmi səfərini təxirə salıb. Eyni zamanda E.Snoudenə sığınacaq verəcəyini açıqlayıb. İzləmə qalmaqalından dərhal sonra Braziliya, həmçinin, özünün ayrıca telekommunikasiya peykini yaratmaq barədə qərar verib.
2014-01-19
6,797
Ermənistan Gömruk İttifaqına qanunlarda da yaxınlaşdı
Ermənistan hökuməti ötən həftə keçirilən növbədənkənar iclasında ölkənin cari il üçün fəaliyyət proqramını təsdiqləyib. Sənəddə qarşıda duran məqsədlər və müxtəlf sahələr üzrə pioritetlərlə bərabər bu ölkənin Gömrük İttifaqına üzvlüyünə hazırlığı xüsusi maddələrlə öz əksini tapıb. Təsdiqlənən 77 məqsdin 8, 36 və 69 bəndləri birbaşa Gömrük İttifaqı ilə hüquqi müstəvidə əməkdaşlığı nəzərdə tutur. Sözügedən maddələrdə for-post ölkənin vergi və gömrük qanunvericiliyinin, informasiya texnologiyaları sisteminin, həmçinin iflic vəziyyətində olan kənd təsərrüfatı hüquqi bazasının təşkilatın müvafiq sənədləri ilə uyğunlaşdırılması planlaşdırılır.
2014-01-19
6,798
Baş nazirdən vətəndaşa: "Aşağı gəl" - Video
AKP-nin İstanbulda yerləşən binasına gələn Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan maraqlı hadisə ilə üzləşib. "Axar.az"ın Haberler.com"a istinadən xəbərinə görə, belə ki, bir vətəndaşın balkonuna Ərdoğanın şəkillərini asmasını görən Baş nazir onu yanına, partiya binasına çağırıb. Ərdoğanla görüşən Kamal Uzunağsu adlı vətəndaş açıqlamasında Baş nazirə problemlərindən danışdığını və həll edildiyini deyib.
2014-01-19
6,799
"Xəzər Lənkəran" rəhbərliyi həbsdəki azarkeşlərinə sahib çıxmır
Avqustun 25-də ölkə Premyer Liqasında baş tutan "Xəzər Lənkəran"- "Neftçi" matçından sonra baş verən iğtişaşlarda təqsirli bilinərək həbs olunan "Xəzər Lənkəran" azarkeşi Elman Tağıyev klub rəhbərliyinə müraciət edib. "Axar.az" Elman Tağıyevin müraciətini təqdim edir. "Əvvəla bütün "Xəzər Lənkəran" azarkeşlərinə salam! Adlar çəkmirəm. Sanmayın unutmuşam, hamınız qəlbimdəsiniz! Mən Tağıyev Elman 25.08.2013-cü il tarixindən həbsdəyəm. Həbs olunmağımın səbəbləri araşdırılır və nəticəsi az-çox bəllidi. Böyük ehtimalla həbs olunacam. Mənə təsir edən məqam isə "Xəzər Lənkəran" klubunun rəhbərliyinin "BİZ HƏMİŞƏ AZARKEŞLƏRİMİZİN ARXASINDAYIQ!" ifadəsidi. Ağız dolusu ilə peşəkarlıqdan danışan "Xəzər Lənkəran" rəhbərliyi hanı sənin "peşəkarlığın"?! 5 aydı ki, Kürdəxanı təcridxanasındayam. Mənimlə birlikdə 4 nəfər də "Xəzər Lənkəran" azərkeşi var! "Biz tutulanların arxasındayıq" deyəndə utanmadınız?! Mənə, yəni Tağıyev Elmana, Əkbərov Aqşinə, İbrahimli Elmana və Abdulayev Elçinə heç nəyiniz lazım deyil. Sadəcə, mətbuata yalan açıqlamalarla heç kimi aldatmayın, heç olmasa tutulanlar haqda maraqlanmısız ki, kimlərdi? Xeyir, uzağı tanıdığınız mən olaram, o adların içində. Çünki, çox sağ olsun dostlar, məni "Facebook" və KİV-də tez-tez işıqlandırıblar. Həmişə "Neftçi" peşəkarlığını bəyənmirsiz, pisləyirsiz! "Neftçi"nin rəhbərliyindən tutmuş oyunçularına qədər hər kəs 5 aydı həbsdə olan klubun azarkeşi Ərəbov Zaura hər cür dəstək verir. Bir daha deyirik, bizə sizin heç nəyiniz lazım deyil. Biz nəyəsə görə, kiməsə görə azarkeşlik etmirik. Əgər belə olsaydı, sizin "PUL", "DÖNƏR" alan azarkeş sırasında olardım və heç həbsə də düşməzdim. Biz bu komandanı qarşılıqsız sevdik. "Ağ-yaşıl" şərfə isindik, sevgimizi istər sosial şəbəkədə, istərsə də tribunada anlatdıq. Özümüzə rəqib görmədik. Yenə də görmürəm. "BİZƏ HƏR YER LƏNKƏRAN" sözü hədər yerə deyilməyib. Kürdəxanıda bu sözlə qalırıq. Sevdik bu komandanı, eybi yoxdu peşman da deyiləm. Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə bizə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər. Baxmayaraq ki, bizim günahımız yoxdu. Bizlər bu klubu, o "ağ-yaşıl" rəngləri sevdik və bu komandanı dəstəklədik. 3 il, 5 il, 7 il dustaq olarıq. Amma bundan sonra siz nə insanlıqdan, nə də "peşəkarlıq"dan danışmayın. Mətbuatda yazıldı ki, guya bizə görə Höccət Hacıyevi məhkəməyə göndərmişdiniz? Xeyir! Məhkəmə Höccət Hacıyevi zərərçəkmiş şəxs qismində dəvət etmişdi. Zərər çəkmiş şəxs kimi olmasaydı o, da məhkəmə zalında iştirak etməzdi, necə ki, "Xəzər Lənkəran" rəhbərliyi iştirak etmədi. Hər sözündə "biz UEFA, FIFA, nə bilim CAS-da qalib gəldik, bu da Tuyqun Nadirovun sayəsində oldu" deməklə deyil. Siz günahsız azarkeşin arxasında dura bilmədiz. Düz 5 aydı Bakı-Lənkəran yolundayıq. Yalandan, gözdən pərdə asmaq üçün özünüzü reklam etməyin. Lənkəranda belə söz var: yaxşı oğlanın "DUSTAĞI" olmaz. Peşakar klubun da "DUSTAĞI" olmaz! 3 ay bundan əvəl "Xəzər Lənkəran" futbol klubunun rəhbəri KİV-də müsahibəsində bildirmişdi ki, qış fasiləsində istintaq altında olanların yaxınları ilə görüşəcəyik. Bəsdirin, iç üzünüz çoxdan açılıb. Heç nəyiniz bizə lazım deyil! Heyf belə azarkeşlərdən ki, onlar o klub üçün ölməyə belə hazırdı! Bəs siz? Biz bu komandanı nəyə görəsə və kimə görəsə sevməmişik, sevmərik də! Biz bu komandanı ürəkdən sevmişik, sevecəyik də! Mən Eliko ölənə kimi "Xəzər"liyəm! Bu komanda ilə qürur duyuram! Komandanı bu vəziyyətə salanları öz vicdanları ilə baş-başa buraxıram. Əgər onlarda vicdan varsa. Azarkeşlərə səslənirəm ki, mən - Eliko kimi divarlar arasına düşməyin, çünki öz "peşakarlığı" ilə seçilən "Xəzər Lənkəran" rəhbərliyi sizlərin arxasında durmayacaq! Növbəti məhkəmə 22 yanvar tarixinə, saat 09:30-a salınıb. Məni tanıyan bütün azarkeşləri və KİV nümayəndələrini məhkəməyə dəvət edirəm. Sağ olun!"
2014-01-19
6,800
Erməni deputat Azərbaycanı təhdid etdi - Şok Açıqlama
"İkinci Qarabağ müharibəsi Azərbaycan üçün elə birincisi kimi qurtaracaq". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə tanınmamış Dağlıq Qarabağ Respublikasının parlamentinin deputatı Vardges Baqıryan çıxış edib. O, Rusiyanın Ermənistanın strateji tərəfdaşı olduğunu xatırladıb. "Azərbaycan özünü müharibəyə hazır hiss edən kimi müharibəyə başlayacaq. Amma bir şeydə var ki indi dünyadakı sistemi dəyişib. Həm Rusiya Ermənistanın partnyorudur. Birdəki rəsmi Bakı yaddan çıxartmamalıdır ki, birinci Qarabağ savaşından fərqli olaraq indi üstün yerlər ermənilərin əlindədir. İkinci Qarabağ müharibəsi Azərbaycan üçün elə birincisi kimi qurtaracaq".
2014-01-19
6,802
Türkiyə terrorçu ölkələr siyahısına düşəcək
"Türkiyə terrorçulara dəstək verən ölkələrin siyahısına daxil ola bilər". "Axar.az" xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. Mətbuat artıq ABŞ-ın Türkiyəyə qarşı güvəncini itirdiyini yazıb. "Son günlər edilən həbslərdən sonra Rza Zərrabın İrana qarşı tədbiq edilən sanksiyaları yarmağa Türkiyə vasitəsiylə kömək etməsi rəsmi Vaşinqtonu əsəbiləşdirib. Həmçinin Əl Qaidəyə dəstək vermək məsələsi də gündəmdədir. Məşhur iş adamı Yası Əl Kadının Türkiyədə tutulması sonra isə Suriyaya göndərilən silahların ələ keçməsi Amerikanı yavaş-yavaş özündən çıxarır". Həmçinin yaxın müddətdə bununla bağlı ABŞ-ın öz səssizliyini pozacağı bildirilib.
2014-01-19
6,803
Gültəkin Hacıbəyli Vüqar Həşimovdan danışdı
Milli Şuarın üzvü Gültəkin Hacıbəyli "feysbuk" səhifəsində uzun sürən xəstəlikdən sonra Almaniyanın Heydberq klinikasında vəfat edən Qrossmeyster Vüqar Həşimovun xatirsəini anıb. "Axar.az" Gültəkin Hacıbəylinin statusunu təqdim edir: "...Bu itki məni çox yandırdı... Vüqarı uşaqlıqdan tanıyıram, həmkəndlimdir, uzaq qohumluğumuz da var. Onun uğurlarına el-oba necə sevinərdik!... İndi atası Qasım müəllimə, anası Aidə xanıma, bacısı Samirəyə, qardaşı Sərxana deyiləcək təsəlli sözləri tapmaqda çətinlik çəkirəm... Belə bir itkinin acısını ovutmağa sözlər yetməz... Kimin nə deməsindən asılı olmayaraq Vüqar müasir Azərbaycanın ən istedadlı şahmatçısı idi! Onun uzun illər ağır xəstə ola-ola qazandığı uğurlar Azərbaycan idmanının şərəf tarixidir. Vüqar sağlam olsaydı, yaşasaydı nələr etməyəcəkdi... Eh Vüqar..., sağlığında qədri bilinməyən, arzuları özü ilə torpağa gömülən Vüqar... Yerin çox görünəcək hələ...".
2014-01-19
6,804
Ukraynalılar başlarına vedrə qoyub mitinqə gəldilər - Foto
Ukraynada Avromaydan iştirakçıları başlarına vedrə, qazan və dəbilqə qoyaraq gəliblər. Axar.az məlumat verir ki, bununla da etirazçılar parlamentin qəbul etdiyi qanunlara öz etirazlarını bildirmək istəyiblər. Avromaydanda etiraz edən sadə insanlara müxalif partiyaların liderləri də həmrəylik nümayiş etdirib. Batkivşina Partiyasının sədri Arseni Yaçenyuk və Azadlıq Partiyasının sədri Oleq Tyaqnibok da başlarına dəbilqə qoyublar. Fotoları təqdim edirik:
2014-01-19
6,805
Prezident ailəsinin unikal şəkilləri yayıldı - Foto
Leyla Əliyeva öz "Feysbuk" səhifəsində eks-prezident Heydər Əliyevlə bağlı heç yerdə yayımlanmayan şəkilləri paylaşıb. "Axar.az" məlumat verir ki, burada mərhum prezidentin öz ailəsi ilə keçirdiyi istirahət anları yer alıb. Fotoları təqdim edirik.
2014-01-19
6,806
Bağdadda türk-kürd müqaviləsinin taleyi həll edilir
Məsud Bərzani Türkiyə ilə İraqın münasibətlərini düzəltməkdən ötrü Bağdada öz adamlarını göndərib. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Mətbuat Məsud Bərzaninin Türkiyə ilə imzaladığı müqaviləni qoruyub saxlamaq niyyətində olduğunu yazıb. O, nümayəndələri vasitəsiylə İraq Nuri əl Maliknin tutduğu mövqeni dəyişdirmək niyyətində olduğu yazılıb. Hazırda Bərzaninin adamlarının Bağdadda olduğu bildirilib. Qeyd edək ki, bir müddət öncə İraqın baş naziri Nuri əl Maliki Türkiyə ilə Kürd Muxtar Bölgəsi arasındakı neft razılaşmasını tanımayacağını qeyd etmişdi.
2014-01-19
6,807
Zakir Həsənov yenə kadr dəyişikliyi etdi
Zakir Həsənovun əmrilə Hüquq və Təşkilat Səfərbərlik İdarələrinə yeni rəis, Silahlı Qüvvələrin Artilleriya Qoşunları komandanı və nazirliyin aparat rəhbəri təyin edilib Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyevi vəzifəsindən azad edərək sərəncama göndərib. Bu barədə nazirliyin "facebook" səhifəsində məlumat verilib. Onun yerinə ehtiyatda olan polkovnik leytenant, hüquq elmləri namizədi Aydın Əliyev təyin edilib. A.Əliyev DİN DQ-dən yaşa görə ehtiyata tərxis edilib. Zakir Həsənovun daha bir əmrilə polkovnik Hikmət Xalıqov Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinə rəis təyin edilib. Polkovnik Hikmət Xalıqovdan əvvəl bu vəzifədə general leytenant Yaşar Aydəmirov xidmət edib.(ANS)
2014-01-19
6,808
Kiyevdə qanlı toqquşmalar başladı - Canlı yayım/Yeniləndi
18:15 V.Kliçko çıxışında müxalifətin yeni qərarını açıqlayıb. O deyib ki, müxalifət Ukraynada növbədənkənar prezident seçkiləri marafonunun başlandığını elan edir. V.Kliçko onu da əlavə edib ki, seçkilərin şəffaf və ədalətli keçməyini təmin etmək üçün Mərkəzi Seçki Komissiyasının tərkibini yeniləmək lazımdır. O, həmçinin hərbçilərə müraciət edərək onları etirazçı xalqın tərəfinə keçməyə çağırıb ("Virtualaz.org"). . "Svoboda"nın sədri Oleq Tyaqnibok isə xalq hakimiyyəti orqanlarını formalaşdırılması prosesinə başlamağı təklif edib. Siyasətçi bu orqanların legitimliyinə nail olmaq üçün milyonlarla Ukrayna vətəndaşının imzasını toplamağa çağırıb. Qeyd edək ki, bu gün Müstəqillik meydanında Xalq Veçesi keçirilir. Yığıncaq iştirakçıları hazırkı hakimiyyətin siyasətinə etirazlarını bildirirlər. Ukrayna mətbuatının yaydığı xəbərlərə görə, aksiyada 100 min nəfərdən 500 min nəfərə qədər adam iştirak edir. * * * * Ukrayna paytaxtı Kiyevin mərkəzi küçələrinin birində müxalifətçilərlə iqtidaryönümlü fəallar üz-üzə gəlib. Qarşıdurma 200-ə yaxın hökümət tərəfdarının yolu bağlamış etirazçıların üzərinə hərəkət etməsindən sonra yaranıb. Onlar barikadaların insanların və maşınların hərəkətinə maneçilik törətdiyini bəhanə gətirərək, müxalifətçilərin aksiyasını dağıtmağa çalışıb. Bununla belə anti-hökümət nümayişçiləri öz gücləri hesabına barikadaları daha da möhkəmlədərək, hökümət tərəfdarlarını ərazidən geri çəkməyi bacarıb. İqtidaryönümlü fəallardan biri İstər Azadlıq meydanı istərsə də digər küçələrdəki oturaq aksiyaların adi vətəndaşların həyatına mənfi təsir göstərdiyindən şikayətlənib. Gərginliyi aradan qaldırmaq məqsədilə müxalifət liderlərindən olan Oleq Tyanubok iqtidaryönümlü fəallarla söhbət edib (ANS). Ukrayna müxalifət lideri, Oleq Tyanubok əhalini təxribata uymamağa çağırıb: "Gəlin təxribata getməyək, çünki hökümətin elə istədiyi insanlar arasında ədavətin yaranmasıdır. Onlar qəzəbli insanların bir-birilə dalaşmasını, ölkədaxili münaqişənin yaranmasını istəyir". Tyanubik həmçinin əlavə edib ki, hökümət belə qarşıdurmalarla etirazların həqiqi səbəblərindən diqqəti yayındırmağa çalışır. Danışıqlardan sonra tərəflər arasında gənginlik azalıb. *** 21:30 Bu gün Kiyevdə keçirilən aksiyada qarşıdurma yaranıb. Qarşıdurma ərazisində polis avtobuslarından biri yandırılıb. Hər iki tərəf bir-birinə gözyaşardıcı qaz qumbaraları atıb. Ərazi bu tüstü dumanına bürünüb. Kiyevdə Nazirlər Kabinetinə və Ali Radaya yaxın olan "Dinamo" stadionunun yaxınlığında bir saata yaxındır ki, toqquşmalar davam edir. 10 minə yaxın nümayişçi xüsusi təyinatlıların müdafiəsini yarmaq istəyir. Naməlum şəxslər tüstü şaşkaları atırlar. Onların arasında ələrində dəyənək olan dəbilqəli və maskalı insanlar çoxdur. Əgər polisin həyatına təhlükə yaransa, DİN-də silah tətbiqini istisna etmirlər. Bu haqda AzadlıqRadiosunun müxbiri xəbər verir. UDAR parlament fraksiyasının lideri Vitali Klichko etirazçılar sakitləşdirrməyə, təxribatlara yol verrməməyə çağırır. Qeyd edək ki, Kiyevdəki Müstəqillik meydanında keçirilən aksiyada müxalifət liderləri yaxın vaxtlar üçün Fəaliyyət Planını elan edib. Plana görə, Xalq Radasının (Ali Radaya alternativ) yaradılması nəzərdə tutulur. Daha sonra Xalq hökuməti yaradılacaq ki, bu da Ukraynanı Avropa Birliyinə aparacaq. Bundan başqa, plan Ukraynanın yeni Konstitusiyasının qəbulunu və indiki dövlət başçısı Viktor Yanukovichə inamsızlıq göstərməyi nəzərdə tutur. Müxalifət yanvarın 16-də Ali Radada qəbul olunan vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmağa yönəlmiş qanunlar paketini "hakimiyyətin qəsbi" adlandırıb. Yeni qanuna görə, yüksək məbləğdə cərimə nəzərdə tutulmasına baxmayaraq, bu günkü mitinqə 100 mindən çox adam iştirak edib. Onların çox dəbilqələrdə və maskada olublar. Mitinqdən sonra Avromeydan iştirakçıları yeni qanuna etiraz olaraq piket keçirmək üçün Ali Padanın binasına doğru yürüş ediblər. Yanvarın 17-də Ukrayna prezidenti Viktor Yanukovich hökumət əleyhinə etirazların keçirilməsi qaydalarını sərtləşdirən qanun imzalayıb. ABŞ və Avropa Birliyi ölkələri qanunu anti-demokratik adlandırıb ("Azadlıq.org").
2014-01-19
6,809
Elektik enerjisi ilə işləyən avtomobil istehsal olunacaq
Türkiyədə elektrik enerjisi ilə işləyəcək avtomobil istehsal olunacaq. İstehsal olunacaq avtomobillərin 2017-ci ildə bazara çıxarilması planlaşdırılır. Məlumata görə, Eskişehirdə fəaliyyət göstərən bir firma, 15 universitetin 30-dan çox mütəxəssisinin iştirakıyla bu layihəni həyata keçirmək istəyir. Layihənin məsul şəxsi Melih Yıldız verdiyi açıqlamada bildirib ki, avtomobilin batareyaları 160 kilometr yol qət etməyə imkan verəcək ("ANS") . Melih Yıldızın sözlərinə görə, Türkiyədə tam yerli avtomobilin istehsalı üçün xammal çatışmazlığı var: "Ölkədə batareya xammalı olan litium istehsal olunmur. Bunu xaricdən alırıq. Batareyanın istehsal etmək üçün səy göstərəcəyik. Bununla belə avtomobilin bütün elektrik təchizatı tamamilə yerli dizaynda olacaq".
2014-01-19
6,810
Suriyaya silah və sursat aparan 7 yük maşını saxlanıldı
Baş Prokurorluğun rəhbərlik etdiyi əməliyyata 500 jandarma cəlb olunub. Yanvarın 19-da Türkiyə ordusunun jandarma qüvvələri Adana ərazisində Suriyaya silah və sursat aparmaqda şübhəli bilinən 3 TIR saxlayıb. "Radikal" qəzetinin yazdığına görə, jandarma qüvvələrinin Tarsus-Adana-Qaziantep magistralının Ceyhan hissəsində saxladığı yük maşınlarında axtarış aparıb. Qəzetin məlumatına görə, 500 jandarma əsgərinin qatıldığı əməliyyat-axtarış tədbirləri çərçivəsində 3 sürücü, o cümlədən avtomobilləri çəkmək istəyən bir neçə jurnalist həbs olunub. Hərbçilərin məlumatına görə, TIR-lar silah və sursat yüklü olub. Ancaq əməliyyat bununla da bitməyib, hərbçilər şübhəli bilinən daha dörd TIR-ı da saxladaraq axtarış aparıb. Türkiyə Cümhuriyyət Prokurorluğunun təlimatı ilə aparılan əməliyyat zamanı ələ keçirilən silah və sursatın Suriyaya göndərildiyi iddia olunur. "Radikal"ın məlumatına görə, avtomobillər Seyhan qəsəbə jandarm idarələrinə aparılıb. Qeyd edək ki, bundan bir qədər əvvəl Adanada bir TIR və iki avtobusda Suriyaya göndərildiyi iddia olunan silah və sursat ələ keçirilib. Hatayda isə bir TIR saxlanılaraq axtarış aparılsa da, yük maşınının kəşfiyyat xidmətinə məxsus olduğu əsas göstərilərək axtarışa mane olunmuşdu. Bu əməliyyata imza atan müstəntiq isə başqa yerə göndərilmişdi ("Musavat").
2014-01-19
6,811
Az TV-nin enerji bloku bu dəqiqə partladı – Qara Yanvar
Sovet qoşunları Bakıda silahsız mülki vətəndaşlara qarşı hücuma keçməzdən əvvəl o dövrdə yeganə telekanal olan Azərbaycan Dövlət Televiziyasının enerji blokunu 19 yanvar 1990-cı il, saat 19:26-da partlatdılar. Beləliklə, xalq informasiyasız qaldı, qəzet və jurnalların dərci dayandırıldı. Həmin gecə Sovet qoşunları dinc əhaliyə qarşı ən müasir silahlardan istifadə ilə qırğın törətdilər. Azərbaycan Dövlət Televiziyasının binasına kimlər və hansı tapşırıqla girmişdi? Televiziyanın enerji blokunun qorunduğu binaya o diversantları kim buraxmışdı? Niyə bunun qarşısı alınmadı? Axı, Azərbaycan Dövlət Televiziyası mühafizə olunan obyekt sayılırdı. Suallara hələ də aydınlıq gətirilməyib. Baş Prokurorluqda aparılan araşdırmaların da nəticəsi hələlik yoxdur. Azərbaycan televiziyasının yayımı yalnız 1990-cı il yanvarın 28-də bərpa olundu. Həmin gün qara kostyumda və qalstuksuz efirə çıxan diktor Rafiq Hüseynov 131 dinc vətəndaşı Sovet ordusu tərəfindən qətlə yetirilən Azərbaycan xalqına başsağlığı verdi. Xatırladaq ki, 1998-ci ildə Azərbaycan Dövlət Televiziyasının əməkdaşları bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına təkrar müraciət etmişdilər.
2014-01-19
6,812
İlham Əliyev Davosa gedir
Azərbaycan prezidentinin hansı oteldə qalacağı məlum olub. Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-dən 25-dək İsveçrədə keçiriləcək Ümumdünya Davos İqtisadi Forumunda iştirak edəcək. Bu məlumat virtualaz.org saytına İsveçrə mənbələrindən məlum olub. Azərbaycan Prezident Administrasiyası İlham Əliyevin Davos forumuna gedəcəyinə dair hələ rəsmi məlumat yaymayıb. İsveçrədə nəşr edilən "Sonntags Zeitung" qəzetinin yazdığına görə, hər il olduğu kimi bu il də Davosdakı otellər dünyanın hər yerindən gələn yüksək rütbəli qonaqları qəbul etmək üçün bir-birləri ilə yarışırlar. Bir neçə həftə əvvəl açılan "İnterContinental Credit Suisse" Davosda ən dəbdəbəli və təbii ki, ən bahalı otel hesab olunur. Lakin bu il bir-birinin ardınca açılan yeni otellər də onunla ciddi rəqabətə girib. Qəzet yazır ki, buna baxmayaraq Davosdakı otellərdən ABŞ dövlət katibi Con Kerrini ancaq biri qonaq edə biləcək. Eləcə də son 10 ildə ilk dəfə Davos forumuna qatılacaq İran prezidentinin qala biləcəyi tək otel var. Məlum olub ki, ABŞ dövlət katibi Con Kerri "Grand Hotel"də qalacaq. Artıq 10 günə yaxındır ki, onlarla təhlüksizlik əməkdaşı otelin pilləkənləri ilə aşağı-yuxarı qalxır, hər şeyi yoxlayırlar. Həmçinin Britaniyanın indiki baş naziri Devid Kemeron, keçmiş baş naziri Toni Bler, "Microsoft" prezidenti Bill Qeyts və digər nüfuzlu qonaqlar da bu oteli seçiblər. İran nümayəndə heyətinin hansı oteldə qalacağı isə hələ məlum deyil. Ən azından iranlıların 4 ulduzlu "Seehof" otelində qalmayacaqları dəqiqdir. Çünki bu oteldə İsrail nümayəndə heyəti qalacaq. İsraildə büdcəyə qənaət etmək üçün hökumət sərt tədbirlər gördüyündən Davos forumuna qatılacaq nümayəndə heyəti nisbətən ucuz oteldə yer sifariş verib. Davosda yeni istifadəyə verilən otellərdən biri də 5 ulduzlu "Flüela Rixos"dur. Türkiyənin "Rixos" otellər şəbəkəsinə daxil olan bu oteldə son tamamlama işləri gedir. Baxmayaraq ki, Davos forumunun açılışına bir neçə gün qalıb. "Biz Davosda ən dəbdəbəli otel olmaq istəyirik" deyə "Rixos" qrupunun inkişaf üzrə meneceri Gökhan Sarper deyir. Bu otelin qonaqları arasında təbii ki, Türkiyənin xarici işlər naziri olacaq. Azərbaycan prezidenti İlham Əliyev də bu otelin qonaqları arasındadır ("Musavat").
2014-01-19
6,813
Bərdədə ikimərtəbəli kafe yandı
Kafenin sahibi Müslüm Vəliyev iaşə obyektinin qəsdən yandırıldığını iddia edir. Bərdədə kafe yanıb. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bir neçə dəqiqə ərzində yanğın ikimərtəbəli binanı tamamilə yararsız hala salıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Bərdə Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və yanğınsöndürən maşınları gəlib. Alovun qonşuluqdakı binalara və ticarət köşklərinə keçməsinin qarşısı alınıb. Yanğının başvermə səbəbləri hələlik məlum olmasa da, kafenin sahibi Müslüm Vəliyev iaşə obyektinin qəsdən yandırıldığını iddia edir.
2014-01-19
6,816
Mixail Qorbaçovun 20 Yanvar qırğını haqda yazısı
"Çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı, bu ağırdır" "1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı. Bu ağırdır, çox ağırdır". "Axar.az" "Modern.az"aistinadən xəbər verir ki, bu sözləri SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov özünün "Həyat və islahatlar" kitabındakı memuarlarında Sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazıb. "Əsas günah Qarabağdadı" Mixail Qorbaçov kitabında 20 Yanvar hadisələrinin səbəbləri barədə özünün subyektiv mülahizələrini qeyd edib. O, bu qanlı qırğına bəraət qazandırmaq üçün bildirib ki, hadisələrin bu şəkildə baş verməsinin əsas günahı Dağlıq Qarabağ məsələsi ətrafında o illərdə yenidən kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olub. "90-cı ilin yanvarından dərs götürülübmü? Şübhə edirəm: bunun sübutu erməni-azərbacanlı müharibəsidir". Bu qanlı hadisələrdən yaxasını kənara çəkməyə can atan M.Qorbaçov Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini "fövqəladə şəraitin" məcbur etdiyini yazıb: "1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqaladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım daha çox qan axıdılmasının qarşısını almaq üçün atıldı". "Azərbaycan hakimiyyət parçalanmışdı" Daha sonra sovetsayağı statik arqumentlərə üz tutan M.Qorbaçov qeyd edib ki, "13 yanvarda Bakıda xuliqan elementlər insan itkisi ilə müşayiət olunan kütləvi iğtişaş törədiblər". SSRİ prezidenti ardınca etiraf edir ki, 15 yanvarda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Bakıda vəziyyətin normallaşdırılması üçün təxirəsalınmaz tədbirlər barədə qərar qəbul edib. M.Qorbaçov memuarında idda edir ki, Azərbaycan hakimiyyəti daxilində bölünmə və parçalanma situasiayaya nəzarət etməyə imkan verməyib. "Mən Prezident Şurasının üzvü Primakovu və Sov.İKP Mərkəzi Komitəsi adından Aleksandr Girenkonu Bakıya göndərdim. Onlar mənə zəng vurub bildirdilər ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb. 18 rayonda hakimiyyət orqanlarının fəaliyyəti dayandırlıb və İranla 200 km sərhəd sökülüb". M.Qorbaçov yazır ki, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı ilə 20 yanvar 1990-cı ildə Bakıda fövqəladə vəziyyət elan edilib. "20 yanvar mənə dərs oldu" Qorbaçov 20 Yanvar qırğının məsuliyyətini dolayısı yolla olsa da, etiraf edib: "Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır".
2014-01-19
6,817
3-cü Dünya müharibəsi necə başlayacaq? - Video
Dünya mətbuatı 3-cü Dünya Müharibəsinin necə başlanacağı ilə bağlı müxtəlif ssenarilər hazırlayıb. Hazırda təqdim edəcəyimiz videoda mətbuatın hazırladığı 3 böyük ssenari yerləşdirilib. Hər bir ssenaridə əsas fərq müharibənin Avropada, yoxsa Şərqdə başlayacağı ilə əlaqədardır. Videonu təqdim edirik.
2014-01-19
6,818
Bakıda yaşayış evi yandı
Bakı şəhərində yaşayış evi yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-20
6,819
20 Yanvar faciəsi: qan yaddaşımız - Video
Qara Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə, Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub, 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarıb. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirib. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxıb dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.
2014-01-20
6,820
Kliçko Yanukoviçlə görüşündən danışdı - Yeniləndi
19.01.2014. 23:27 Bu dəqiqələrdə müxalifətdəki "Zərbə" ("Udar") partiyasının lideri Vitali Kliçkonu Prezident Viktor Yanukoviçin "Mejuqoriya"dakı qərargahına buraxıblar. "Axar.az"ın Ukrayna mətbuatına istinadən məlumatına görə, bu barədə Kliçkonun mətbuat katibi Oksana Zinovyeva məlumat yayıb. O bildirib ki, prezidentin yanına keçməyə nail olan partiya sədri Yanukoviçdən aksiya iştirakçılarına qarsı zorakılığı dayandırmağı tələb edəcək. *** 20.01.2014. 00:42 "Prezident Viktor Yanukoviç böhrandan çıxışla məşğul olan komissiya yaradılacağını bildirib". Bu sözləri "Zərbə" partiyasının sədri Vitali Kliçko prezident Viktor Yanukoviçlə görüşdən sonra verdiyi açıqlamada deyib. Onun sözlərinə görə, bu gün yaradılacaq komissiyaya Prezident Administrasiyası, Nazirlər Kabinetinin rəhbərliyi və müxalifət nümayəndələri daxil ediləcək.
2014-01-19
6,821
Qəbələdə minik avtomobili yandı
Qəbələ rayonunda minik avtomobilində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Qəbələ rayonu, Hacıalılı kəndində (rayon mərkəzindən 28 km aralı) "NİVA" markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-20
6,822
20 Yanvar Təbriz, London, Toronto, Berlində anıldı - Yeniləndi
20 Yanvar - Ümumxalq hüzn günü ilə bağlı Təbrizdə, Böyük Britaniyanın mərkəzi Londonda, Kanadanın Toronto şəhərində, Almaniyanın paytaxtı Berlində və dünyanın digər şəhərlərində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Axar.az" xəbər verir ki, Qanlı 20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçirilib, faciəyə dair şəkillər, işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı terror və təcavüz aktlarını, 20 Yanvar faciəsini özündə əks etdirən kitab, jurnal, buklet və qəzetlər nümayiş etdirilib. Tədbirlərin sonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ehsan süfrəsi açılıb. Qeyd edək ki, 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxıb dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.
2014-01-20
6,823
Bəşər Əsəddən aylar sonra ilk açıqlama
Suriya prezidenti Bəşər Əsəd aylar sonra ölkədəki vəziyyətlə bağlı açıqlama verib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd açıqlamasında təslim olmaq istəsəydilər, hadisələrin baş verdiyi ərəfədə bunu edəcəklərini, amma təslim olmaq istəmədikləri və ölkəni müdafiə etməyi prioret məsələ hesab etdikləri üçün mübarizə apardıqlarını deyib. Bu gün rusiyalı səlahiyyətlilərlə görüşən Bəşər Əsəd vəzifədən getmək istəmədiyini və bu qərarı prezident seçkilərində xalqa həvalə edəcəyini bildirib. Rusiyalı səlahiyyətlilərlə görüşündə Bəşər Əsəd Suriya torpaqlarının 70%-ni azad etdiklərini və bu ərazidə yaşayanların seçkilərin taleyini həll edə biləcəyini açıqlayıb. Bəşər Əsəd həmçinin müxalif liderlərdən hər hansı birinin prezident seçkilərinə qatılmaq istəyində olduğunu bildirmədiyini deyib.
2014-01-20
6,824
Azərbaycan səfirliyinə Kolumbiya XİN-dən nota ünvanlanıb
Azərbaycanın Meksikadakı səfirliyinə 20 Yanvar faciəsi ilə bağlı Kolumbiya XİN-dən nota ünvanlanıb. Kolumbiya Respublikası Xarici İşlər Nazirliyindən Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatları və eyni zamanda Kolumbiya Respublikasındakı səfirliyinə ünvanlanmış notada, "1990-cı ilin 20 yanvar tarixində Azərbaycanda Sovet qoşunları tərəfindən törədilmiş və Qara Yanvar faciəsi kimi tanınmış hadisələr"lə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirilərək, xalqımızın 1991-ci ildə müvəffəqiyyətlə nəticələnən öz müqəddəratını təyin etmə və suverenlik uğrunda mübarizəsinin tanındığı bildirilib. (Trend)
2014-01-20
6,825
İsa peyğəmbəri ildırım vurdu - Video
Braziliyanın Rio de Janeyro şəhərində yüksək zirvələrdən birində yerləşən İsa peyğəmbərin heykəlini ildırım vurub. "Axar.az" xəbər verir ki, Braziliyanın San Paulo şəhərində də bir qadını ildirım vurması nəticəsində ölüb. Argentinanın Mar Del Plata şəhərində isə ildırm vurması nəticəsində 6 nəfər ölüb. Paytaxatı Buenos Aires şəhərində ildırım vurması 4 nəfərin həyatına son qoyub, 22 nəfər isə yaralanıb. İsa peyğəmbərin heykəlini ildırım vurmasını əks etdirən görüntüləri təqdim edirik.
2014-01-20
6,826
Prezident Şəhidlər Xiyabanını ziyarət etdi
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib. Bu gün 20 yanvar faciəsindən 24 il ötür. Xalqımız hər il olduğu kimi, bu il də müstəqilliyimiz uğrunda şəhid olan soydaşlarımızın xatirəsini əziz tutur. Azərbaycan Prezidenti İlham Əliyev qanlı yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün bu gün səhər Şəhidlər Xiyabanına gəlib. Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, diplomatik təmsilçilik nümayəndələri Şəhidlər Xiyabanınına gələrək 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüblər. Dövlət başçısı Qanlı Yanvar faciəsində həlak olanların xatirəsinə ucaldılmış "Əbədi məşəl" abidəsi önünə əklil qoyub. Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səslənib. Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər. Qeyd edək ki, ziyarət axşam saatlarına kimi davam edəcək. Ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Saat 12.00 radələrində isə Bakı şəhərində şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunacaq.
2014-01-20
6,827
Səlim Müslümov: “Təkliflər nəzərə alınacaq”
"Qarabağ müharibəsi əlilləri və veteranlarının fikirləri, irəli sürdükləri təkliflər gələcəkdə də nəzərə alınacaq". Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. S.Müslümov bildirib ki, Qarabağ müharibəsi əlilləri və veteranları ilə davamlı olaraq görüşür və onların təkliflərini dinləyirlər: "Müharibə veteranları və əlillərlə bağlı dövlət proqramının icrası daim həyata keçirilir. Bu proqrama onların sosial problemlərinin həlli, avtomobillərlə təmin olunması və sair digər məsələlər daxildir". ("AzNews.az")
2014-01-20
6,828
Azərbaycanın tanınmış yazıçısı vəfat etdi
Azərbaycanın tanınmış yazıçı və dramaturqu Aslan Qəhrəmanov dünyasını dəyişib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, mərhumun dostunun, verdiyi məlumata görə, o, dünən axşam saatlarında vəfat edib. Aslan Qəhrəmanovun böyrək çatışmazlığından əziyyət çəkdiyi, xeyli müddət yataq xəstəsi olduğu, 3 ay öncə İran İslam Respublikasında cərrahiyyə əməliyyatı edildiyi bildirilib. Mərhumun meyiti dəfn olunmaq üçün bu gün səhər anadan olduğu Ağstafa rayonuna aparılıb. Qeyd edək ki, Qəhrəmanlı Aslan Qəhrəman oğlu 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlayıb. Həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olub. 1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləyib. Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilib. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində çalışıb. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçib, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olub. Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir. 2003-cü ildən nəşrə başlamış "Azərbaycanın Vergi Xəbərləri" jurnalının həmin ildən 2010-cu ilə qədər baş redaktoru olub. Yazıçı kimi özünü 1967-ci ildə "Gənclik" nəşriyyatında çıxan "Gənc qələmlər" almanaxında dərc olunmuş "Dağların mahnısı" adlı ilk hekayəsi ilə sınayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. "Spektr", "Döngə", "Burulğan", "Səni axtarıram", "Bağışla" və sair telepyesləri Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilib. Azərbaycan televiziyası səhnəsində ilk çoxhissəli tamaşaya çevrilmiş "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" adlı üçhissəli telepyeslərin müəllifidir. Onun radio üçün yazdığı "Daşa dönmüşlər şəhəri", "Şeytan", "Ceyran əfsanəsi", "Tutuquşu" və sair kimi 13 nağıl-pyesi Azərbaycan radiosu ilə səsləndirilib.
2014-01-20
6,829
Bakıda naməlum kişi meyiti tapılıb
Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1961-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən həmin şəxsin vanna otağında vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
2014-01-20
6,830
Mədət Quliyev avropalı həmkarlarını təəccübləndirib
"Cənab prezidentin tapşırığı əsasında işlərimizi davam etdirir, maddi-texniki bazamızı möhkəmləndiririk. Dünyanın heç bir yerində Azərbaycandakı kimi cəzaçəkmə müəssisələri tikilmir". "Axar.az"ın APA-ya istinadən məlumatına görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev deyib. M. Quliyev bildirib ki, tikilməsi nəzərdə tutulan 10 yeni cəzaçəkmə müəssisəsindən 3-ü artıq istifadəyə verilib: "Gəncə, Kürdəmir və Lənkəranda da yeni cəzaçəkmə müəssisələri inşa olunur. Mən Belçikada Avropa Pentensiar Xidməti rəhbərlərinin müşavirəsində iştirak etdim. Hətta orada da Azərbaycanda olan cəzaçəkmə müəssisələrindəki şəraitə yaxşı mənada təəccübləndilər". M. Quliyev onu da qeyd edib ki, paytaxtda sıxlıq olduğundan cəzaçəkmə müəssisələri kənara köçürüləcək.
2014-01-20
6,831
20 Yanvarda helikopterdən yayılan vərəqlərdə nə yazılmışdı? – Sənəd
"Bakı sakini, doğru qərar qəbul et və silahını təhvil ver". 1990-cı il 20 Yanvar hadisələrindən sonra hərbi komendantlıq tərəfindən helikopterdən bildiriş vərəqələri atılırdı. "Axar.az" həmin vərəqələrdən bir neçəsini əldə edib. Azərbaycan xalqının mübarizə əzmini hər yolla qırmaq istəyən rus ordusu və hərbi komendantlıq müxtəlif təbliğat fəaliyyəti də aparırdı. Komendantlıq müxtəlif bildiriş vərəqələri çap etdirərək Bakı səmalarından vertolyotlarla aşağı buraxır, televiziyanın işləmədiyi, qəzet və jurnalların çap edilmədiyi bir zamanda xalqı öz maraqlarına görə yönləndirməyə çalışırdı. Həmin çağırış vərəqələrindən 2 bildirişi oxuculara təqdim edirik. Rus dilində yazılan həmin vərəqələrdən birində Sovet hakimiyyətinin şəhərdə nəzarəti tam ələ aldıqdan sonra fövqəladə vəziyyətin ləğv olunacağı və ictimai asayişin bərpa olunacağı deyilir. Həmin vərəqədə Bakı sakinlərinə səslənilərək, 24 yanvar saat 09:00-a kimi əllərində olan silahlarını aidiyyatı orqanlara təhvil vermələri istənilir və həmin şəxslərin heç bir məsuliyyətə cəlb olunmayacağı vəd edilir. Digər vərəqədə isə xalqa sakitləşmə çağırısı edilərək, hökumət qüvvələrinə bu barədə köməklik göstərmələri xahiş olunur. Vərəqədə Azərbaycanın müəyyən bölgələrindən əhalinin çeşidli miqdarda silah və sursatı hökumətə təhvil verdikləri iddia olunur. Xanlar rayonu (Göygöl) sakinlərinin 27 yanvar 1990 tarixinə qədər 1 zirehli maşın, 1 hərbi piyada nəqliyyat maşını, 242 avtomat və 1 əl pulemyotunu təhvil vermələri nümunə göstərilir. Lənkəran sakinlərinin də 300-dən artıq odlu silah və 170 000 mərmini təhvil verdiklərinin yazıldığı vərəqə bu cümlə ilə bitir: "Bakı sakini, doğru qərar qəbul et və silahını təhvil ver"
2014-01-20
6,832
Fətullah Gülən 20 Yanvara göz yaşları tökür - Video
"Bir neçə gün öncə dostlarım mənə Bakıdakı dəhşətlər haqqında danışanda masamın başında iki saat ağladım". Bunlar Fətullah Gülənin 20 Yanvar hadisələrindən 8 gün sonra, 1990-cı il yanvarın 28-də İzmirin Şadırvan məscidindəki xütbəsində Azərbaycan haqqında dediyi sözlərdir. Məşhur lider Bakıdakı dəhşətlərdən gözyaşları ilə danışır və heç bir şey edə bilmədiyinə görə özünü məğlub hesab edir. "Namusa toxundular, amma mən heç bir şey edə bilmədim. Allahım, həzrəti Nuh kimi məğlubam deyirəm. Məğlubam". F.Gülənin həmin videosunu sizə təqdim edirik.
2014-01-20
6,833
Mövqelərimiz atəşə tutulub
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Tərtər rayonunun Çaylı, Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2014-01-20
6,834
Ermənistan mətbuatının növbəti təxribatı
Yanvarın 20-də Ermənistan Respublikasının kütləvi informasiya vasitələri Dağlıq Qarabağ ərazisində guya Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun qoşunların təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə xəbərlər yayıblar. Ermənistan ordusundakı itkilər hərbi hissələrdəki nizam-intizamın aşağı səviyyədə olması, zabitlərlə əsgərlər, həmçinin Ermənistandan çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı münasibətlərin kobud surətdə pozulması nəticəsində baş verir. Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, qoşunların təmas xəttində hər hansı bir insident qeydə alınmayıb, Ermənistan mətbuatında yayılan məlumatlar dezinformasiya və təxribat xarakteri daşıyır.
2014-01-20
6,835
Şəkidə 30 yaşlı gənc intihar edib
Yanvarın 20-də səhər saatlarında Şəkidə intihar hadisəsi qeydə alınıb. "Axar.az" "Kanal S"-ə istinadən xəbər verir ki, hadisə yerində təxminən 30 yaşlarında olan Şəki sakini Sadıqov Sərxan Məmməd oğlunun meyiti asılmış vəziyyətdə aşkar edilib. Onun özünü hansı səbəblərdən asdığı hələlik məlum deyil. Faktla əlaqədar Şəki rayon Prokurorluğunda Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
2014-01-20
6,836
Kiyevdə qırğın: yüzlərlə yaralı var - Foto
Ukrayna paytaxtı Kiyevdə "Berkut" döyüşçüləri ilə mitinqçilər arasında baş verən toqquşma artıq 16 saatdır ki, davam edir. Rusiya mətbuatı xəbər verir ki, "Berkut" döyüşçüləri ilə toqquşmada hər iki tərəfdən yaralıların sayı yüzlərlə hesablanır. Nümayişçilərin 4 milis avtomobili və 2 yük maşınını yandırdığı bildirilir. "Berkut" döyüşçüləri əsasən Ali Rada, Hökumət Evi və Prezident Aparatının qarşısına toplanıb. Mitinqçilər Berkut döyüşçülərindən qorunmaq üçün barrikadalar qurub. Şəhərdə bir neçə yerdə yanğın baş verib ("AzNews.az").
2014-01-20
6,837
Ermənistanda Azərbaycan filmləri festivalı keçirilə bilər
"5-6 insan istəsə Azərbaycan və türk filmləri festivalı Ermənistanda yenidən keçiriləcək". Bunu "Axar.az"a açıqlamasında Ermənistanın məşhur hüquq müdafiəçisi Georgi Vanyan deyib. O, keçirilən bu filmlərin əsas məqsədinin Ermənistanı Rusiya əsarətindən qurtarmaqdan ibarət olduğunu qeyd edib. "Bu Ermənistanı Rusiyanın təsiri, Kremlin diktəsindən xilas etməkdir. Türk film festivalı Hrant Dinkin şərəfinə adlandırılıb. Amma mən indi xalqıma sual verirəm. Biz Hrant Dinki xatırlamağa hazırıqmı? 5-6 insan istəsə Azərbaycan və türk filmləri festivalı Ermənistanda yenidən keçiriləcək". Qeyd edək ki, bir neçə il öncə Ermənistanda Georgi Vanyanın təşkilatçılığı ilə türk və Azərbaycan film günləri təşkil edilməyə cəhd edilsə də hökumət buna mane olmuşdu.
2014-01-20
6,838
Sənətçilər Şəhidlər Xiyabanını ziyarət etdi - Foto
Müğənni Elvin Abdullayev Şəhidlər Xiyabanını ziyarət edib. Sənətçi ötən gün xiyabanda çəkdirdiyi fotonu İnstaqram səhifəsində paylaşıb. Xiyabani ziyarət edən digər məşhur isə Aşıq Samirə Əliyeva olub. O, sosial şəbəkədə yayımladığı fotosunun altından bunları əlavə edib: "Bu gün qızımla Şəhidlər Xiyabanını ziyarət etdim. Allah Rəhmət etsin. Qızım 4 ildir, şəhid Larisanın oxuduğu məktəbdə təhsil alır. Onunla qürur duyur, onun məzarını ziyarət etmək arzusuna çatdı" ("Axşam.az").
2014-01-20
6,839
20 Yanvarda dənizçilərimizin ruslarla döyüşü - Şahid kapitan
Tariximizin səhifələrinə qara hərflərlə yazılmış 20 yanvar faciəsindən iyirmi dörd il keçməsinə baxmayaraq, lent kimi gözümüzün qabağından çəkilməyən o gecəyə "Şahid gecə" də demək olardı, "Şəhid gecə" də... O gecə və o gecənin səhəri Azərbaycan xalqı özünün əbədi birliyinə nail oldu. Yüksək kürsülərdən, qəzetlərin səhifələrindən, radio və televiziyadan "gəlin birləşək" kəlməsi nə qədər ucuz səslənirdisə də, bunun əksinə olaraq həmin qara yanvar gecəsi bu xalq özünün birliyinə nail ola bildi. Bakıda axıdılan günahsız qanlara özü qan içində boğulan Qarabağ, Mil, Muğan, Şirvan, Cənubi Azərbaycan, Türkiyə, bütün dünya azərbaycanlıları və müsəlmanları öz dərdi kimi yanaşdı. Azərbaycan radiosu və televiziyası terrorun qurbanı olub partladılan vaxt Şuşa televiziyası bütün Azərbaycana bu dərdin böyüklüyünü çatdırdı, xalqı səbrli, təmkinli, eyni zamanda mübariz olmağa çağırdı. Şuşa televiziyası susdurulanda Lənkəran televiziyası xəbər yükünü öz çiyninə götürdü. Kim necə bacardısa, öz vətəndaşlıq borcunu həyata keçirdi. O gecə azadlığımız uğrunda şəhidlik zirvəsinə və müstəqilliyimizə gedən yolun başlanğıcıdır. Və həmin yolun başlanğıcından iyirmi dörd il keçəndən sonra o günləri yaddaşımdan bircə an belə çıxarmadım. Sovet imperiyasına, dost kimi tanıdığımız düşmənlə Bakı buxtasında ölüm-dirim savaşına çıxan, faciəmizi ilkin olaraq dünya ictimaiyyətinə çatdıran, heç kəsin xəyalına belə gətirmədiyi qəhrəmanlıq göstərən, şəhərdəki qırğınların qarşısını öz etiraz aksiyaları ilə alan dənizçilərimiz oldu. Qan dolu gecənin səhəri hüzn və matəm içərisində olan bakılıların ürəyində umid işığı yandıran, gecə ikən Bakı buxtasını mühasirəyə almış hərbi gəmilərin hərəkətinə yol verməyən, Sovet ordusunun törətdiyi amansız qırğın və vəhşiliyi bütün dünyaya çatdıran Xəzər Dəniz Neft Donanmasının dənizçiləri oldular... "Qeyrətli qardaşlarımız, ümidimiz sizədir" "Xəzər Dəniz Neft donanması" idarəsinin 100-ə yaxın gəmisi yanvarın 20-də, günün ikinci yarısı Bakı buxtasında idi. Onların aramsız həyəcan siqnalları şəhidlərimizi son mənzilə yola salana qədər və ondan sonra da davam etdirildi. Sahildən dənizçilərə zənglər olunurdu: "Bizim qeyrətli qardaşlarımız, ümidimiz sizədir". Bütün dünya Azərbaycandan danışır. Və bütün danışıqlar da yalanla, iddia ilə dolu idi. Dənizçilərin verdikləri "SOS" isə həqiqəti dünyaya çatdırdı. Dənizçilərin dilində "ölüm dəqiqələri" deyilən bir termin var: hər saatdan bir üç dəqiqə bütün dünyanın dənizçiləri yeni məlumatlar alırlar. Yanvarin 20-dən 21-nə keçən gecə də 4 dəfə təkrar olunan "SOS"un ilk mətninin bəhrəsini dənizçilər bir saat sonra gördülər. Əvvəl Kalininqraddan, Qara dənizdən, Baltik dənizdən verilən radioqramlarda deyilirdi: "Bratçı, derjites. Naviqasiya net, mı ne smojem plavat v Kaspi". Səhərə yaxın isə dünyanın 50-dən artıq ölkəsinin Sakit və Atlantik okeanlarında üzən gəmiləri dənizçilərimizin səsinə səs verdilər, onlarla həmrəy olduqlarını, dərdlərinə şərik çıxıb məlumatın bütün dünyaya yayılmasına kömək edəcəklərini bildirdilər. Bu, tarixdə dünya dənizçilərinin görünməmiş həmrəyliyi günü idi. Həyat tərzləri, sosial qayğıları eyni olmayan dənizçilər ağır gündə birləşməyin mümkünlüyünü bir daha sübut etdilər. Faciənin başladığı gün... Yanvar ayının 19-u saat 22:30 olardı. Gəmini lövbərdə saxlayıb kapitanla, onun baş köməkçisi Saleh Nuriyevlə sabah görəcəyimiz işi planlaşdırırdıq. Mən radio vasitəsi ilə Bakıda qırğın olduğunu eşidib kapitan körpüsünə qalxdım. Eşitdiyimi hava telefonu vasitəsiylə "Neft Daşları" nın ətrafında olan gəmilərə çatdırdım. Vaxt itirmədən hadisəni bütün təfsilatı ilə öyrəndik və telefonla yaxındakı gəmilərin kapitanları ilə məşvərət keçirildi. Son vaxtlar paytaxtımızdakı siyasi gərginlik, radiodan verilən məlumatın dəqiqliyi bizi vadar etdi ki, sahilə qayıdaq. Bakı buxtasına yanvarın 20-si saat 11:00-da çatdıq. Buxtanı "Xəzər Dəniz Neft Donanması" idarəsinin gəmiləri mühasirəyə almışdı. Qərargahdan – "Sabit Orucov" gəmisinin kapitanı Mövlud Əliyevdən tapşırıq alıb müəyyən olunan nöqtədə durduq. Hərbi gəmilərin hərəkətinin qarşısını, demək olar, tamamilə almışdıq. Yanvar hadisələrində "Sabit Orucov" gəmisinin kapitanı Mövlud Əliyev, "Şirvan-2" gəmisinin kapitanının baş köməkçisi Ağalar İbrahimov, "Vodoley-4" gəmisinin kapitanı Murad Əliyev, "Neftqaz-60" gəmisnin kapitanı Rövşən Dəmirov və bir çoxları daha fəal idilər. Onların təmkinli, ağıllı məsləhətləri ilə 100-dən artıq gəminin hərəkətləri elə muəyyənləşdirilmişdi ki, heç bir hadisə- toqquşma belə baş vermədi. Dənizçilər 5 müddəadan ibarət tələbnamə qəbul edib, M.S. Qarbaçova, Azərbaycan Ali Sovetinin sədri E. Qafarovaya və Xalq Cəbhəsinə müraciət etdilər. Yanvarin 20-də saat 22-də artıq ilk "SOS" verilir. "SOS"un verilməsində qarşıya bir çox çətinliklər çıxır. Radistlərin əksəriyyəti rus dilli olduğu üçün heç kəs bu işi boynuna götürmək istəmirdi. Bunu rusların öz millətləri tərəfindən tökülən qana haqq qazandırmaq kimi də, qorxaqlıq kimi də başa düşmək olardı. Axır ki, "Vixr-12" gəmisinnin radisti, milliyətcə rus olan, adının gizli saxlanmasını istəyən bakılı gənc bu təhlükəli və şərəfli işi öz boynuna götürdü. Saat 24-də bütün dünya artıq "SOS"un mətni ilə tanış olmuşdu. Kapitanlar şurası Dənizçilər bütün təzyiqlərə, təxribatlara baxmayaraq, mətinlə dözür və laxlamaqda olan imperiyanın quduz rəhbərlərinin törətdikləri faiciyəyə qarşı tədbirlər fikirləşir, qərarlar qəbul edirdilər. Beləliklə, 7 gəmi kapitanından ibarət şura yaradıldı. Həmin şuranın tərkibində bütün qərarların qəbul olunmasında şəxsən iştirak etmişəm. Yaradılmış kapitanlar şurasının nümayəndələri hərbi Dəniz donanmasına müraciət edib komendant Tiqanovla görüşmək istdiklərini bildirdi. Çətinliklə də olsa, buna nail olundu. Mövlud Əliyevlə "Vosxod" ("Vosxod" hərbiçilərin rabitə yaratdıqları radio xətt idi. – F.B.) danışıqdan sonra kapitanlardan Müzəffər Əliyev, Kərəm Məmmədov, İbrahim Salayev, Kişi Mütəllimov, Mövlud Əliyev, Mahir Xəlilovdan ibarət nümayəndə heyəti yola düşdü. Lakin rus əsgərlər bu görüşə imkan vermədi. "Vosxod"la ikinci danışıqdan sonra komendant xəbər göndərdi ki, dənizçilər sabah, yanvarın 21-də öz tələbələrini admiral Sidorova verə bilərlər. Sidorov SSRİ Müdafiə nazirinin hərbi donanma üzrə birinci müavini idi. "Drama na more, kto vinovat?" - 20-ci əsrin dəniz quldurları Bu, Sidorovun yayımladığı vərəqənin sərlövhəsi idi. Sidorov, Xəzər dənizindəki qarşıdurmada mülki gəmiləri ittiham edir və onları 20-ci əsrin dəniz quldurları adlandırırdı. Dənizçilərimizə separatçı damğası vurur, onların Bakıdakı rus hərbiçilərinin ailəsinə qarşı zorakılıq etdiklərini yazır və Buxtada baş verəcək hər hansı bir hadisədə dənizçilərimizi günahkar bilirdi. Bu bir xəbərdarlıq idi, rus hərbiçiləri – generallar buxtanı boşaltmağı tələb edir və hər an dənizçilərin məntiqli cavabları və tələbləri qarşısında geri çəkilirdilər. Bu geri çəkilmələr onların daha dəhşətli qərarları ilə əvəz olunurdu. Kapitanlar Ali Sovetdə Respublikanın rəhbərliyi qeybə çəkilmişdi. Bakı komendant tərəfindən idarə olunurdu. Nəhayət, Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova kapitanlarla görüşmək istəyir. Kapitanlar şurası olaraq görüşə gedirik. SSRİ Ali Sovetinin deputatları akademik Tofiq İsmayılov və Xalq artisti Arif Məlikov da xanım Qafarovanın yanındadır. E.Qafarova qara paltardadır. O: "Xalqımın mərd oğulları", – deyib, kapitanlarımızı bir-bir bağrına basır. Kövrəlir. Sonra müzakirələr başladı. Kapitanlarımıza uşaqları - dənizçiləri qorumağı məsləhət bildilər. Yazovla görüş SSRİ-nin Müdafiə naziri Dimitri Yazov axır ki, özü dənizçilərlə görüşmək istədiyini bildirdi. Görüş Bakı şəhər komendabtlığında, indiki Səbayıl Rayon İcra Hakimiyyətinin binasında baş tutdu. Görüşdə bütün Qafqazın şeyxi Allahşükür Paşazadə, akademik Tofiq İsmayılov, bəstəkar Arif Məlikov, kapitanlardan Mövlud Əliyev, Kərəm Məmmədov, Müzəffər Əliyev iştirak edirdi. Qəzəbli marşal əsəbi halda ağsaqqal Müzəffər Əliyevə tərəf: - Çto, kapitan, vostuem? - deyə, çımxırır. Cavab sakit və təmkinli şəkildə olur: - Net, tovariş marşal, ne vostuem, a protestuem? Vı kak marşal zadavali sebya vopros, çto eto reznya, kak mojno etoqo dopustit? Kapitanın cavabı imperiyanın ən böyük hərbçisini sarsıdır. Nifrətlə bizə - kapitanlara tərəf dönüb qışqırır: - Mən zabit şərəfimə and içirəm. Kapitan Kərəm Məmmədovu güllələyəcəm, Mövlud Əliyevə isə 15 il həbs verdirəcəyəm. Kapitanların gülümsəməsi marşalı hövsələdən çıxarır. Gəmilər Buxtanı tərk etməsə, gülləbaran olacaq Marşal dediyi kim də etdi. Yanvarın 21, 22, 23-də hər axşam hərbi gəmilər bizim gəmilərə hücum etdi. 30-dan çox gəminin hər biri minlərlə güllə yarası aldı. Gəmilərimiz hərbi gəmilərlə dəniz döyüşündən qalib çıxdı. İki hərbi gəmi tərəfimizdən taran olunaraq ağır zədə aldı. Yanvarı 24 də isə azğınlaşmış ruslar sahildən tanklar, toplar, pulemyotlarla, dənizdən hərbi katerlərlə, havadan vertalyotlarla gəmilərimizə hücum elədi. İki gəmimiz alova büründü. Özümüz güllə yağışı altında yanğını söndürdük. 100 nəfərdən çox dənizçimiz həbs olundu, işgəncələr verildi. 43 dənizçimiz Ulyanovska və Orenburqa sürgün olundu. Mən də Orenburq şəhərində o zaman oldum...
2014-01-20
6,840
Azərbaycan hərbçiləri 20 Yanvar şəhidlərini yad ediblər
"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Hərbi qulluqçular Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
2014-01-20
6,841
Obama Ərdoğanın telefonlarını dinləyib
"Ölkəmiz dünyadakı hər ölkənin niyyətləri ilə maraqlanmağı davam etdirəcək". "Axar.az" xəbər verir ki, bu açıqlamanı ABŞ Prezidenti Barak Obama edib. O, Almaniya hökumətinin etdiyi danışıqları dinlədiklərini rəsmən qəbul edib. Bununla bərabər Obamadan siz Ərdoğanı dinlədiniz sualına tam cavab almaq mümkün olmayıb. "Mən burada sizə hansı ölkələri dinlədik deyə bir-bir cavab verməyəcəm. Təkcə onu deyə bilərəm ki, Ölkəmiz dünyadakı hər ölkənin niyyətləri ilə maraqlanmağı davam etdirəcək". Qeyd edək ki, bir müddət öncə Mərkəzi Kəşfiyyat İdarəsinin yaydığı sənədlərdə ABŞ hökumətinin dünya liderlərini dinlədiyi bildirilmişdi.
2014-01-20
6,842
Saakaşviliyə vəzifə verildi
ABŞ-da Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili üçün xüsusi vəzifə təsis edilib. "Axar.az" APA- ya istinadən xəbər verir ki, bu barədə məlumatı M. Saakaşvili "Facebook" sosial şəbəkəsindəki səhifəsində yerləşdirib. Məlumatda bildirilir ki, sabiq prezident ABŞ-da fəaliyyət göstərən Tafts Universitetinin nəzdində olan Fletçer adına Hüquq və Diplomatiya Məktəbində onun üçün xüsusi yaradılan yüksək rütbəli dövlət xadimi vəzifəsini tutacaq. Məktəbin dekanı, admiral Ceyms Stavridis deyib ki, bu vəzifə ondan ötrü yaradılıb ki, Tafts Universitetinin tələbələri dünya şöhrətli insanlarla ünsiyyət qursunlar və müxtəlif beynəlxalq sahələrə aid təcrübələrlə tanış olsunlar. M. Saakaşvili isə bildirib ki, tələbələrlə həm auditoriyada, həm də qeyri-formal şəraitdə görüşməyi xoşlayır: "Mən hətta siyasətlə məşğul olanda da bu cür ünsiyyətdən zövq alırdım". M. Saakaşvili ilə məktəb arasında işbirliyi 1 il müddətinə bağlanılıb. Eks-prezident öz iş yerini iki semestr ərzində 3-4 dəfə ziyarət edəcək.
2014-01-20
6,843
20 Yanvar: Vətən anlayışının tarixi bataqlığı
Bu gün 20 Yanvardır. Artıq 24 ildir ki, biz bu tarixi eyni cür qarşılayır, eyni də yola salırıq. Adını da "Milli matəm günü" qoymuşuq. Bu adın ehtiva etdiyi mənaya görə, həmin gün xalq olaraq kədərlənməli, hüzn içərisində olmalıyıq. TV-lər matəm musiqiləri ilə gün ərzində efirləri doldurmalıdırlar, beləcə, günü hüznlü notlarla başa vurmalıyıq. Bu mərasimçilik anlayışının insanların, xüsusilə də gənc nəslin düşüncə və hisslərinə təsir edə bilməməsi səbəbindəndir ki, biz bu mənzərəyə vətənpərvərlik hissinin aşağı düşməsi kimi təəssüflə baxırıq. Baxmayaraq ki, ildən-ilə Şəhidlər Xiyabanına doğru uzanan izdihamın sayı azalmır... 20 Yanvarın gerçək dəyəri, ehtiva etdiyi məna mərasimçilik anlayışı içində itib-batdığına görə insanlar dövlət səviyyəsində təşkil olunan mərasimdə iştirak etsələr də, mərasim gərəyi kədərlənə bilmirlər. 20 Yanvarın mərasimçilik çərçivəsindən çıxarılıb tarixi, siyasi və mənəvi dəyərini topluma aşılamadıqca, bir azdan yalnız büdcə təşkilatlarını, məktəbləri göstərişlə Şəhidlər xiyabanına aparmalı olacağıq. Niyə? Çünki bir xalq ki, ortaq ideya və hədəflərə sahib deyil, vahid orqanizm kimi özünü qoruma instinktləri yoxdur, başına gətirilən ən dəhşətli faciələr üzərindən zaman keçdikcə unudulmağa məhkumdur. Tez-tez "biz unutqan xalqıq" deməyimiz də əslində fərqinə varmadan bu sosial-psixoloji gerçəkliyin ifadəsidir. Azərbaycan insanı düşüncəsində vətən anlayışı öz gerçək məzmununu tapmadıqca vətənpərvərlik də görsəl, kampaniya xarakteri daşıyacaq. Bizim vətən anlayışımız coğrafi ərazi mənasından o tərəfə getmir. O üzdən də 20% torpaq işğal altında olsa da, qaçqınlı, köçkünlü yerdə qalanımıza yaşamağa 80% torpaq parçası olduğu üçün özümüzü narahat, sıxıntıda hiss etmirik. O səbəbdən də bizdən ötrü Qarabağ məsələsi artıq Xarici İşlər Nazirliyinin, ATƏT-in Minsik Qrupunun məşğul olduğu bir işdir. Başqa sözlə, bu, artıq dördayaqlının qulağı ilə milçəyini qovması kimi bir şeyə çevrilib. Məhz vətən anlayışımızın qüsurlu olmasına görədir ki, Rusiyaya münasibətdə bu gün azərbaycanlılar nəinki 20 Yanvar, hətta Qarabağ məsələsinə görə qisas hissi bir yana dursun, ən azı acıqlı deyillər. Bu yaxınlarda Ukraynada olarkən ən sadə ukraynalının belə, 30-cu illərdə Rusiyanın onların başına gətirdiyi aclıq genosidi (Qladamor) olayına görə nifrət püskürdüyünün şahidi oldum. Bizsə Rusiyanın tarixən başımıza gətirdikləri bir tərəfə, dünən törətdiyi faciələrə görə çoxdan bağışlamış görünürük. Məhz vətən anlayışımızın qüsurlu olmasındandır ki, Ermənistandan çıxan erməni üçün erməni məsələsi bitmir, olduğu xarici ölkədə də təşkilatlanır, bir marafonda Qarabağa yardım üçün 20 milyon pul toplaya bilir. Bizdən ötrü isə yalnız torpaq parçası, coğrafi ərazi sayıldığına görə ölkəsini tərk etmiş soydaşlarımız dünyanın heç yerində vətən üçün, milli maraqlardan ötrü bir araya gəlib təşkilatlana bilmirlər, əksinə, bir çox hallarda diaspor məsələsindən pul qazanmaq istəyənlər də tapılır. Demək, ilk növbədə vətən anlayışımızı yenidən inşa etməli, onu Koroğlu, Qaçaq Nəbi kimi əskimiş qəhrəmanlıq simvollarının işğalından azad etməli, mənəvi və mədəni dəyər kimi dərkinə çalışmalıyıq. Eyni zamanda, toplumsal kimliyimizin etno-psixoloji, etno-kulturoloji tərəflərini öyrənərək bizi bir arada tutan dəyərlər üzərindən millətləşmə prosesimizi layihələndirməliyik. Bu layihələndirmədə milli hədəf və ideyaların birləşdirici rolunu mütləq nəzərə almalı və fərd - toplum, fərd - vətən bağlılığının mexaniki deyil, dəyərlər üzərində qurulduğunu unutmamalıyıq. Əks təqdirdə 20 Yanvar kimi mərasimlərin sayından asılı olmayaraq, bizi tarixi faciələrə aparan səbəblərdən qurtulmamız imkansızdır.
2014-01-20
6,844
Siyəzən rayonunda ev yandı
Siyəzən rayonunda yanğın hadisəsi baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən bildirir ki, Siyəzən rayonu, Məşrif kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.