date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-04-12
14,341
ABŞ Dövlət Departamentində istefa qalmaqalı
ABŞ Dövlət katibinin birinci müavini Uilyam Berns vəzifəsindən istefa verəcəyini bəyan edib. İranla məxfi danışıqlara rəhbərlik edən U.Berns öz postunu oktyabrda tərk edəcək. Məlumatda o da qeyd olunub ki, U. Berns ABŞ xarici siyasəti üçün önəmli simalardan biridir. O, bu sahədə 1982-ci ildən çalışır. Berns ABŞ-ın SSRİ-dəki səfirliyində məsləhətçi, sonra isə ölkə prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü olub. Diplomat uzun müddət dövlətin yaxın şərq və cənubi Asiya məsələlərimdəm cavabdehlik daşıyıb. ABŞ-ın İordaniyada səfiri, 2001-2005-ci illərdə isə Dövlət katibinin yaxın şərq üzrə müavini vəzifəsində işləyib. 2011-ci ildən Dövlət katibinin birinci müavini postunu tutur ("Aznews.az")/
2014-04-12
14,342
“Ülgüclə üz qırxmaq haramdır”
Türkiyədə Cübbəli Əhməd Hoca kimi tanınan Əhməd Mahmud Ünlü qatıldığı verilişdə maraqlı açıqlamalar verib. "Axar.az" xəbər verir ki, Cübbəlinin tamaşaçının "Ülgüclə üz qırxmaq haramdırmı?" sualına verdiyi cavab sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. "Onu izah etdik, haramdır. 4 məzhəbin imamına görə haramdır. Yəni saqqal təmizləməsindən bəhs edirik, baş qırxmaq caizdir. İmam Şafiiyə görə haramdır, cumhur üləması da məkruf hesab edir".
2014-04-12
14,343
Ceyhun Osmanlı 1 milyondan danışdı - Video
Ölkədə ən diqqət çəkən xəbər millət vəkili Ceyhun Osmanlı ətrafında yaranan növbəti qalmaqaldır. Bunadək Ceyhun Osmanlının adı nurçuluqda ittiham edilmişdi. Nurçuların mərkəzi isə Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatı göstərilir. İndi isə onun Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinə işləməkdə günahlandırırlar. Məhz millət vəkili Ceyhun Osmanlı ətrafında əcinnə ovu davam edir. Bu dəfə o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə işləməkdə günahlandırılır. Məlumatla yanaşı ABŞ-ın Azərbaycandakı səfirliyindən - Vaşinqtona, Mərkəzi Kəşfiyyat idarəsinə, Dövlət departamentinə, ABŞ-ın Avropadakı qoşunlarının komandanlığına və s. rəsmi qurumlara göndərilən tam məxfi qrifli diplomatik teleqramın surəti də yer alıb. Məlumatda Ceyhun Osmanlı 2 il ərzində 1 milyon ABŞ dolları müqabilində layihə çərçivəsində bütün ölkə boyu 50 min adama internetdən istifadə təlimi keçməyə boyun olduğu bildirilir. Daha doğrusu, onun rəhbəri olduğu "İrəli" hərəkatının. Sual yarana bilər ki, burda müəmmalı nə var? Yəni, "İrəli" qeyri-hökumət təşkilatıdırsa və bütün QHT-lər kimi onun da çörəyi qrantdan çıxırsa, niyə onun layihəsi şübhə altına alınmalıdır? Elə bu suala da birinci xəbərin yayıldığı saytın rəhbərinə jurnalist Eynulla Fətullayevə müraciət etdik. Eynulla Fətullayev sualın qarşısına sualla çıxdı. Ceyhun Osmanlı Jurnalist Xədicə İsmayılı Amerika Kəşfiyyatına işləməkdə ittiham edərkən nəyi əsas gətirirdi - deyə soruşdu. Əlbəttə, mənim cavabım həmkarımı razı saldı. Söhbət Xədicə İsmayılın amerikalılarla görüşməyindən gedir ki, Eynulla Fətullayevin fikrincə, Ceyhun Osmanlı da eynən o xanım kimi davranıb. Amerikalılarla görüşüb və üstəlik 1 milyonluq layihəyə imza atıb. Ceyhun Osmanlı isə amerikalılarla görüşdüyünü gizlətmir, pul aldığını isə cəfəngiyyat sayır. Millət vəkili Ceyhun Osmanlı bildirdi ki, Dövlət departamenti ilə belə bir layihəmiz olmayıb: "Biz heç bir zaman razılaşmamışıq ki, əgər hər hansı bir xarici qonaq ölkəyə gəlirsə, onlar təkcə müxalif gənclərin fikirlərini dinləsinlər. Biz hər zaman ona nail olmuşuq ki, iqtidar gəncliyinin mövqeyi aydın bir şəkildə hər kəsə bəlli olsun". Əslində bu mövqe ABŞ-ın Bakıdakı keçmiş müvəqqəti işlər müvəkkili Donald Lunun şərhində də özünü göstərir. O deyir ki, hökumətyönlü mövqelərinə baxmayarq bu gənclər QHT-lərin və internetə maneəsiz girişin mühüm müdafiəçiləri ola bilərlər. Maraqlıdır, əgər ortada Ceyhun Osmanlının dediyi kimi,1 milyonluq layihə yoxdursa, onda Donald Lu niyə bu gəncləri internetin müdafiəçiləri gözündə görür? Və yaxud, bu layihə varsa və məqsədi də gənclərə interneti öyrətməkdirsə, onda bunu gizlətməyin nə adı var? (ANS).
2014-04-12
14,344
Rəqsanə bəyanat verdi: "Gedirəm"
Müğənni Rəqsanə İsmayılova şou-biznesdən uzaqlaşmağının səbəbini açıqlayıb. ANS telekanalında yayımlanan "Şoubiz" verilişinə müsahibə verən ifaçı köhnə süjetlərinə baxanda utandığını etiraf edib: "Şou-biznesdən getdim. Nə yaxşı ki, bunu etdim. Gərək vaxtında qalmaqallara fikir verməyəydim. İndi o kadrlarda özümə baxanda utanıram. Çox biabırçı görünür. Ayıbdır, qalmaqallar etməyin. Tamaşaçı da bundan yorulub" ("Oxu.az").
2014-04-12
14,345
Con Kerri: “Ukrayna tezliklə Rusiyaya qalib gələcək" - Video
Ukrayna milli telekanalları son zamanlar ölkə ətrafında yaranmış gərgin vəziyyətlə əlaqədər xüsusi süjet hazırlayıb. "Axar.az" xəbər verir ki, reportajda Amerika dövlət katibi Con Kerrinin, respublikaçılardan prezidentliyə keçmiş namizəd Con Makkeyn, həmçinin Avropa liderlərinin fikri yer alıb. Vurğulanıb ki, Rusiya Ukraynanın şərqində hadisələri gərginləşdirməyə çalışsa da, rəsmi Kiyevin davranışları təqdirə layiqdir. Beynəlxalq təşkilatların da apardığı monitorinqlər nəticəsində heç bir qanun və insan haqlarının pozuntusuna rast gəlinməyib. Almaniya kansleri Anqela Merkel bildirib ki, Almaniya bundan sonra da Ukrayna hökuməti ilə işləməyə, müəyyən məsləhətlər verməyə hazırdır. Amma bunun üçün Ukrayna harada özünü görməsi barədə dəqiq mövqe ortaya qoymalıdır. Rusiyanın, ələlxüsus prezident Vladimir Putinin yürütdüyü siyasəti kəskin tənqid edən Con Makkeyn isə yenə Obama Administrasiyasını "dişsiz" siyasət yürütməkdə qınayıb. Buna cavabında Amerika Dövlət katibi Con Kerri vurğulayıb ki, narahatlığa əsas yoxdur. Çünki Rusiya iqtisadiyyatı sürətlə tənəzülə sürüklənir və yaxın vaxtlarda Ukraynanın Rusiyaya qalıb gələcəyi qaçılmaz olacaq.
2014-04-12
14,346
Prezident Elnur Aslanovun yerinə rəhbər təyin etdi - Foto
Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinə yeni müdir təyin edilib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev dünən sərəncam imzalayıb. Siyasi təhlil və informasiya təminatı şöbəsinə Səadət Vidadi qızı Yusifova rəhbər təyin edilib. S.Yusifova buna qədər Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
2014-04-12
14,347
Bakı-Sumqayıt yolunda ağaclar kəsilir - Foto/Yeniləndi
11:52 Bakı-Sumqayıt yolunda, Bakı beynəlxalq avtovağzalından Sulutəpə qəsəbəsi istiqamətində yol kənarındakı şam ağacları bütünlüklə kəsilir. Özünü yol idarəsinin işçisi kimi təqdim edən şəxs "Musavat.com"un hadisə yerindəki əməkdaşına bildirib ki, bu, yolun genişləndirilməsi ilə əlaqədardır. O, ağacların kütləvi şəkildə kəsilməsini 2015-ci il Avropa oyunlarına hazırlıqla əlaqələndirib. Ərazidə yaşayan sakinlər iddia edir ki, onların köçürülməsinə hazırlıq gedir. Çünki hökumət yeni açılacaq metro stansiyası ətrafında yaşayış evlərinin olmasını istəmir. 13:40 Açıqlama verən ekologiya və təbii sərvətlər nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Bakı-Sumqayıt yolunda ağacların kəsilməsi dövlət əhəmiyyətli yolunun genişləndirilməsi ilə bağlıdır: "Bu cür dövlət əhəmiyyətli layihələr icra edilərkən ağac kəsimi ETSN ilə razılaşdırılır. Bəzi hallarda qanuni yolla ağac kəsminə icazə verilir. Belə olan halda ağac kəsilməsi halları ola bilər. Bakı-Sumqayıt yolunda kəsilən ağacların yaşı ötdüyündən biz də nazirlik olaraq məcbur olduq ki, həmin ağacların kəsilməsinə icazə verək. Orada nə qədər ağac kəsiləcəksə əvəzində 10 misli qədər yeni ağaclar əkiləcək" (ANS).
2014-04-12
14,348
Azəri Günel Rza Zərrab haqda nə dedi?
Müğənni Azəri Günel dünən İstanbulda "Layiq deyilsən" adlı albomunu təqdim edib. "Axar.az" xəbər verir ki, müğənni jurnalistlərdən ona Rza Zərrabla bağlı sual verməmələrini xahiş edib. "Evli, uşaq sahibi olan biri haqqında danışmaq doğru olmaz. Nə olar, o adam haqqında məndən heç nə soruşmayın. Bu məsələ ilə bağlı gündəmə gəlmək istəmirəm", - deyə Günel bildirib.
2014-04-12
14,349
Sabirabad İH-dəki şok olay təsdiqləndi – Rəsmi
"Dünən bizim icra hakimiyyətində belə bir hadisə yaşanıb". Bunu "Axar.az"a aprelin 11-də Sabirabad Rayon icra hakimiyyətində baş verən hadisədən danışan icra başçısının birinci müavini Həsən Həsənov dedi: "Dünən İcra Hakimiyyəti Aparatında bütün günü vətəndaşlarla görüş keçirmişəm. Zəngənə kənd sakini Məlik Balayevlə də görüşmüşəm. O, maddi yardım istəyirdi. Yanında da təxminən 11-12 yaşlı uşağı var idi. Ona bildirdim ki, sənə 200 manat məbləğində yardım etmişəm. Amma indi sənə yardım edə biləməyəcəm. O isə dedi ki, "uşağı burda qoyub gedirəm!". Həsən Həsənov uşağı valideynlərinə təhvil verdiklərini və xəstə uşağın daim həkim nəzarətində olduğunu bildirdi: "Hadisədən dərhal sonra icra başçısının humanitar məsələlər üzrə müavini, rayonun baş həkimi və yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbənin müdiri uşağı xəstəxanaya yerləşdiriblər. Daha sonra biz polis çağırdıq və bildirdik ki, vətəndaş uşağından imtina edir. Çünki burda hüquqi məsələlər var. Əqli cəhətdən problemli uşağı xəstəxanaya yerləşdirmək üçün hər iki valideynin razılığı olmalıdır. Bundan sonra isə polis uşağı aparıb valideynlərinə təhvil verib". Rayon rəsmisi Məlik Balayevin maddi imkanının olmaması ilə bağlı yayılan fikirlərə də aydınlıq gətirib: "Bu adam sahibkarlıq fəaliyyəti ilə məşğuldur, Zəngənə kəndində həyətyanı torpaq sahəsi də var. Həyətində mağazası, hətta minik maşını da var. Amma biz ona yardım etmişik, övladı daim həkim nəzarətindədir və bütün bunlar da ona izah olunub. Ona verilən yardımı maliyyə şöbəsinin göndərişi əsasında gedib "KapitalBank"dan alıb". Xatırladaq ki, aprelin 11-də Zəngənə kənd sakini Məlik Balayev xəstəlikdən əziyyət çəkən azyaşlı övladını Sabirabad rayon icra başçısının birinci müavini Həsən Həsənovun qəbuluna gətirib. O, müalicə üçün pulu olmadığını bildirərək Həsən Həsənovdan yardım istəyib. H.Həsənov imtina etdikdə isə övladını qəbul otağında buraxaraq gedib.
2014-04-12
14,350
İlham Mirzəyevin şadlıq sarayına da polis əl qoydu
Tele-aparıcı İlham Mirzəyevin bütün biznes obyektləri güc strukturları tərəfindən yoxlanılır. "Axar.az"ın əldə etdiyi məlumata görə, aparıcıya məxsus olan Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən "Tale Yolları" Şadlıq Sarayına da dünən polis əməkdaşları gəlib. Şadlıq sarayı hazırda bağlanmasa da, polis tərəfindən yoxlanılır. Şadlıq sarayının yaxınlığında yaşayan sakinlərin verdiyi məlumata görə, aparıcının işçisi kimi şadlıq sarayını idarə edən administrator Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən idarəyə aparılıb və izahatı alındıqdan sonra sərbəst buraxılıb. Xatırladaq ki, İlham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların aparıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub. İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq gedir.
2014-04-12
14,351
Vasif Talıbovun holdinqində yoxlamalar başlayıb
Naxçıvanda Talıbovlara məxsus olan "Gəmiqaya Holdinq"də yoxlamalara başlanıb. Bu barədə məlumatı moderator.az saytı yayıb. Məlumata görə, artıq holdinq demək olar ki, tikinti işlərini və bir neçə sahədə istehsalını dayandırıb. "Gəmiqayanın" "Cahan Holdinq" və "Dizayn" MMC arasında bölüşdürüləcəyi bildirilir. Məlumatda əlavə olaraq qeyd edilir ki, Ali Məclisin sədri Vasif Talıbovun tapşırığı ilə holdinqdə işləyən Türkiyədən gəlmiş işçilərin və Türkiyədən şirkətə gətirilən texnikaların çoxu Naxçıvandan çıxarılıb. Işdən çıxarılan kürd mənşəli Türkiyə vətəndaşları arasında holdinqdə yüksək vəzifə tutan şəxslərin də olduğu bildirilir. Mənbə "Gəmiqaya" Holdinqin ortağı Türkiyəli iş adamı Emin Uçar haqqında da müxtəlif söz-söhbətlərin ortaya çıxdığı, son zamanlar ortalarda görünmədiyi və hətta həbs olunması ilə bağlı xəbərlər yayıldığını bildirir. Məlumatda qeyd olunur ki, türkiyəli kürd mənşəli işçilərin Vasif Talıbov tərəfindən Naxçıvandan çıxarılması əhali arasında müsbət qarşılansa da, MR Daxili Işlər naziri Əhməd Əhmədovu ciddi narahat edib və bu səbəbdən adı çəkilən şəxslər arasında müəyyən gərginlik yaranıb.
2014-04-12
14,352
Putin silahlanmaya 20 trilyon pul ayırdı
Rusiya ordunun silahlanması və yenilənməsinə 20 trilyon rubl pul ayıracaq. "Axar.az" xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Dmitri Roqozin məlumat verib. Onun sözlərinə görə, 2020-ci ilə kimi rus ordusu tam intellektual silahlarla silahnacaq: "20 trilyon rubl Rusiya ordusunun və donanmasının silahlanma proqramına xərclənəcək. 2015-ci ildə biz bunun 30, 2020-ci ildə 70 faizinə nail olacağıq. Rus ordusu ən müasir silahlarla silahlanacaq".
2014-04-12
14,353
Roma Papası cinsi təcavüzə görə üzr istədi
Katoliklərin dini lideri Papa Fransisko kilsədəki pedofiliya mövzusunda bu günə qədərki ən rezonans doğuran şərhini verib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Papa ruhanilər arasındakı təcavüzkarların uşaqlara vurduğu zərərə görə bağışlanmalarını istəyib. Papa Vatikan radiosunda səsləndirilən şərhdə kilsə üzvləri olan təcavüzkarlar üçün əfv çağırışı etməklə bərabər bu mövzuda sanksiyaların da tətbiq ediləcəyini vurğulayıb. Cinsi təcavüzləri "kilsə üzvləri tərəfindən vurulan əxlaqi zərər" olaraq xarakterizə edən Papa "şəxsən özümü onların adından üzr istəmək məcburiyyətində hiss edirəm", - deyə fikir bildirib. Xatırladaq ki, ötən ay BM Uşaq Hüquqlarını Qoruma Komissiyası "pedofil rahiblər"lə əlaqəli hesabatda Vatikan rahiblərinin on minlərlə uşaq və gəncə cinsi təcavüz etməsinə icazə verməsini və bu hadisələrin üstünü ört-basdır etməsini şiddətlə tənqid etmişdi.
2014-04-12
14,354
Sabah Bakıda yağış yağacaq
Sabah Azərbaycan ərazisində hava yağmurlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, aprelin 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 6-9, gündüz 13-18 dərəcə isti olacaq. Azərbaycanın bölgələrində aprelin 13-də şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 18-23 dərəcə isti, dağlıq ərazilərdə gecə 2-7 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq ("Trend").
2014-04-12
14,355
Nuşirəvan Məhərrəmli telekanallara xəbərdarlıq etdi
"Telekanallarda bayağı verilişlərlə bağlı monitorinqləri davam etdirəcəyik". Bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, bəzi telekanallar Milli Teleradio Şurasının tənqid və xəbərdarlığından kifayət qədər nəticə çıxarmayıb. N.Məhərrəmli deyib: "Amma nəticə çıxaran telekanallar da var. Nəticə çıxarmayan telekanallarla bağlı məsələyə isə biz yaxın günlərdə yenidən baxacağıq. Hesab edirəm ki, bu istiqamətdə aparılan monitorinqin nəticələri yaxın günlərdə müzakirə olunacaq və hər hansı tədbir görüləcək. Hansı telekanallarda nöqsanların daha çox olmasını isə monitorinqin nəticələri göstərəcək. Biz bu məsələyə aprelin 15-də baxacağıq" ("Publika.az").
2014-04-12
14,356
Donetskdə separatçılar milis idarəsini tutdular
Donetsk vilayətinin Slavyansk rayon milis idarəsi silahlı şəxslər tərəfindən tutulub. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Donetskdəki şöbəsindən məlumat veriblər. Məlumatı Ukrayna Daxili İşlər naziri Arsen Avakov da özünün Feysbuk səhifəsində təsdiq edib. "Slavyanskda silahlı şəxslər milis idarəsini tutublar. Onlara qarşı reaksiya çox sərt olacaq", - deyə Avakov bildirib.
2014-04-12
14,357
Sosialist əməyi qəhrəmanının evini yardılar
Sabirabad rayonunda oğurluq hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Sabirabad rayon Qaratəpə kəndində yaşayan Hüseynova Fatma Rza qızının mənzilindən külli miqdarda pul, qızıl və müxtəlif ev əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin müvafiq qurumları və Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində məlum olub ki, evdən oğurluq edən şəxs Əhmədabad kənd sakini, 1971-ci il təvəllüdlü, əvvəllər oğurluq və xuliqanlıq cinayəti ilə məhkum olunmuş Umudov Elşən Malik oğludur. Elşən Umudov 2013-cü ilin aprel ayından başlayaraq 2014-cü ilin mart ayının əvvəllərinə qədər olan dövr ərzində Sabirabad rayon Qaratəpə kəndində yaşayan Hüseynova Fatma Rza qızının mənzilinə qanunsuz daxil olaraq oradan təxminən 26 min manat, qızıl və müxtəlif ev əşyalarını oğurlayıb. Həmin şəxs saxlanılıb və barəsində Sabirabad rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb. Qeyd edək ki, evi qarət olunan Fatma Hüseynova SSRİ dövründə məşhur pambıqçı, Sosialist əməyi qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırış deputatı olub. F.Hüseynova hazırda Sabirabad rayonu Qaratəpə kənd bələdiyyəsinin sədri, Prezident təqaüdçüsüdür.
2014-04-12
14,358
Əməkdar artist məmurlarla görüşüb-qucaqlaşıbmı?
"Aktyora qarşı kobud davranan departament əməkdaşları İlqar Cahangirdən üzr istəməyiblər". Bu sözləri "Axar.az"a "Oda" Teatrının rəhbəri Elmin Bədəlov Əməkdar artistlə Nəqliyyat nazirliyinin əməkdaşlarının barışığa gəlməsi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib. Elmin Bədəlov bildirib ki, aktyora qarşı kobudluq edən departament əməkdaşları İlqar Cahangirdən üzr istəməyiblər: "Nəqliyyat Nazirliyi iddia edir ki, sürücüyə və aktyora hücum edən departament işçiləri barışıq edib. Ancaq bu, yalan məlumatdır. Aktyora qarşı kobud davranan departament əməkdaşları İlqar Cahangirdən üzr istəməyiblər və onlar görüşüb-qucaqlaşmayıblar. Nazirlik yalan məlumat yayır. Və üstəlik sürücüyə zəng vurub tələb edirlər ki, şikayətini geri götürsün. Bu məqsədlə qanunsuzluq edən departament əməkdaşları haqda ölçü götürmək istəmirlər. Bu isə cəzasızlıq yaradır ki, digər departament işçiləri də eyni halı rahatca təkrarlaya bilərlər. Bizim şikayətlərimiz qüvvəsindədir. Nəinki teatr adından, hətta İlqar Cahangirin öz adından da nazirliyə şikayət məktubu göndərildi. Biz rəsmi olaraq heç bir qanuna sığmayan, özbaşına əməllərinə görə departament işçilərinin cəzalandırılmağını qəti surətdə tələb edirik! Onlar cəzalandırılmağı cəmiyyət üçün çox faydalı olacaq!" Xatırladaq ki, aprelin 9-da Əməkdar artist İlqar Cahangirə Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında hücum olmuşdu. Aktyor Bakı Beynəlxalq Avtovağzalında özünü Nəqliyyat Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən bir vətəndaşı döyməsini lentə aldığına görə hücuma məruz qalmışdı. Vətəndaşı döyən şəxslər onu təhqir edib, sonra isə onun telefonunu alıb yaddaş kartını çıxarmışdılar. Mediada Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərovun adından məsələ ilə bağlı belə bir məlumat yayılmışdı: "İlqar Cahangir münaqişəsi yaranan departament işçiləri və ərazi rəhbəri ilə barışdırıldı. Aktyorla özüm də şəxsən görüşdüm. Yekunda bütün narazılıqlar aradan qaldırıldı və onlar öpüşüb-görüşdülər".
2014-04-12
14,359
Stomoloji Mərkəzi bağlanır, hamı dərddə - Fotoreportaj
Mirqasımov adına Respublika Kliniki xəstəxansının qaşısında yerləşən Respublika Stomoloji Mərkəzinin bağlanması xəbərinin yaratdığı şoku təkcə oranın 140 işçisi yaşamadı. Bu xəbər hər gün haqqında bəhs edəcəyimiz poliklinikaya üz tutan onlarla xəstənin də narahatçılığına səbəb olub. "Axar.az" olaraq xəbərin ardınca düşdük. Səhər saatları olsa da, poliklinikanın pasientləri yetərincədir. "Teatr qarderobdan başalyır" fikrini bura da şamil etmək keçdi ağlımdan. Qarderobçu qadın adını deməsə də, başqa sorularımızı qısaca cavablandırdı. Allahın kəramətinə güvənmək olmaz - Hə, qardaş, çox pis olduq. Mərkəz bağlanır. İndi iş var ki… Yaxınlıqdakı sanitar qadın: - Allah kərimdir. Belə qalmaz. Kamal doxtur bir şey fikirləşər. - Poliklinikanın baş həkimini nəzərdə tutur. - Nə danışırsan?! Bu işdə Allahın kəramətinə güvənmək olmaz. Bağlanır. İşsiz qalcağıq. Niyə və nə üçün bağlanır? Bacılardan heç biri bir kəlmə də demədi: "Biz nə bilək,- dedilər, - eşidəndə pis olduq. Baxma da, yenə də iş yeriydi. Həkimlərimiz də yaxşı adamlardı. İşimiz düşəndə təmənnasız baxırdılar". Həkimlərə nə var e, vay bizim halımıza Qeydiyyat şəbəsində oturan xanım da poliklinikanın bağlanması xəbərindən məyus olub: - Üç gündür bu xəbər çıxıb. Bu gün isə tam əmin olduq ki, işsiz qalacağıq. - Həkimlərə nə var e, bura özəl klinikadır. Həm də hər biri başqa yerdə də işləyir, vay bizim halımıza, – bunu isə xələtsiz olan və adını deməyən bir xanım bildirdi. Xəstələrlə söhbət edirəm. Hər kəsin gözlədiyi, müraciət etdiyi həkim var. Yaşlı bir qadın: - Qızımı gətirmişəm. Evimizə yaxındır bura. Həkim hər yerdə var. Amma bura yaxın idi. Bura bağlansa, həkimə işimiz düşsə, yəqin ki, öz həkimimiz harda işləyəcəksə, ora da gedib müraciət edəcəyik, - deyir. Buranı açanda bizimlə məsləhətləşmişdilər ki? Həkimlərin bir neçəsinə yaxınlaşıram. Xəbəri təsdiq etsələr də, poliklinikanın niyə və nə üçün bağlanmasının səbəbini bilmədiklərini söylədilər. - Biz mətbuata qapalıyıq. Heç nə deyə bilmərik, ona görə ki, heç nə bilmirik. Buranı açanda bizimlə məsləhətləşmişdilər ki, bağlayanda da məsləhətləşəydilər? Bu xəbərə sevinənlər az olar Baş həkimin odasına qalxırıq. Yerində yoxdur. Ağ xələtli bir xanım dəhlizdə bu sözləri deyir: - Birinci gün gəlin. Sabah istirahət günüdür. Bu gün işdə idi, təxminən 15 dəqiqə olar ki, çıxıb. Baş həkimin müavini kimi təqdim edilən Nail Əliyevlə görüşürük. Nail həkim: - Mən şöbə müdiriyəm, müavin deyiləm. Yaxşı olardı ki, bu sualları Kamal həkimin özünə verəydiniz. O, hər kəsdən daha məlumatlıdır. Təkcə onu deyə bilərəm ki, bu xəbərə sevinənlər az olar. O adamlar olar ki... - ardını gətirmir. Nail həkimlə söhbətimizdən məlum olur ki, Pespublika Stomoloji Mərkəzi ASC-nin yerləşdiyi bu bina vaxtı ilə Səhiyyə Nazirliyinin balansında olub. 2007-ci ildə Prezidentin fərmanı ilə ölkədə bütün stomotoloji poliklinikalar kimi bu poliklinika da özəlləşdirilib. Poliklinikanın qarşısında dilənən yeniyetmə qıza deyirəm: - Buranı bağlayırlar, bilirsən? - Yox, bilmirəm. Bura çoxlu adam gəlir, mən də burada "işləyirəm". Bura gələn xəstələr xəsis deyil, pul istəyəndə verirlər. Elə həkimlər də xəstələr haqda xoş sözlər demişdilər. Eynən xəstələr həkimlər haqda dediyi kimi… - Poliklinikanın bağlanması dolanışığa ziyan olacaq, – bu isə qapıda dayanan yaşlı kişinin sözləridir.
2014-04-12
14,360
Nazirlərimizin İrana səfəri başlayır – Səbəb
"Müdafiə nazirinin artıq səfər barədə rəsmi açıqlaması var və yəqin ki, ondan sonra bizim Sənaye nazirimiz də İrana yollanacaq". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O, Azərbaycanla İran arasında hakimiyyət nümayəndələrinin sıx görüşməsinin müsbət hal olduğunu bildirib: "Əslində, İranla yaxınlıq məntiqə uyğundur, çünki o, qonşu dövlətdir. Yaxınlığın olmaması başa düşülən olmazdı. Əhmədi Nejatın dövründə süni uzaqlaşma var idi. Onun dövründə Azərbaycana qarşı səsləndirilən ittihamların hamısı əsassız idi. Bu da imkan vermirdi ki, iki ölkə arasında münasibətlər normal hala düşsün. Hazırda vəziyyət dəyişir. Ruhaninin özü praqmatik insandır. Onun xarici siyasətində də əsas dividentlərdən biri qonşu ölkələrlə münasibətləri yaxınlaşdırmaqdan ibarətdir. Prezidentlərin görüşündə bir məsələyə diqqət eləmək lazım idi. Görüş məhz Ruhaninin təşəbbüsü ilə reallaşmışdı. Bu əsas verir ki, biz İranın ikitərəfli münasibətləri yoluna qoymaqda maraqlı olduğunu deyək. Sözsüz ki, Azərbaycanın özü də heç bir zaman gizlətmir ki, ikitərəfli əməkdaşlıqda maraqlıdır. Müdafiə nazirinin artıq səfər barədə rəsmi açıqlaması var və yəqin ki, ondan sonra bizim Sənaye nazirimiz də İrana yollanacaq. Bunlarına hamısı imzalanan sazişlərə uyğundur". Politoloq Azərbaycanla İranın hərbi texnika istehsalında əməkdaş ola biləcəyini də söyləyib: "Bilirsiniz, Azərbaycan hazırda hərbi sənayeni inkşaf etdirir. Regionda Azərbaycanı hərbi texnika istehsal edən ölkə kimi tanıyırlar. İran da eyni zamanda hərbi texnika istehsalında mühüm ölkədir. Buna görə də bizim üçün maraqlıdır ki, hərbi müstəvidə əməkdaşlıq edək. Eyni zamanda da hər iki ölkə üçün risklər var. Hər ikimiz üçün risklər eynidir. Terrorizm, narkotrafik məsələləri bura aiddir. Narkotiklər Azərbaycana daha çox İran ərazisindən keçir. Ona görə də hər iki tərəf maraqlıdır bunun qarşısını alsın. Burada hərbçi və sərhədçilərin böyük rolu var. Ona görə də əməkdaşlıq baş tuta bilər".
2014-04-12
14,361
Daha 9 idmançımız cəzalandı - Qalmaqal
Bir müddət əvvəl Azərbaycanın ağırlıqladıranlarının dopinq qalmaqalına görə cəzalanması cəmiyyətdə böyük ajiotaj yaratdı. Həmin vaxt daha 10 idmançımızın cəzaya məruz qalacağı ilə bağlı məlumat yayılmışdı. Məlumat təsdiqini tapıb. "Axar.az" xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası daha 9 idmançımızı cəzaya məruz qoyub. Bunlar Elxan Əliquluzadə, Yuliya Derkaç, Yuri Dudoqlo, Firudin Quliyev, Kristina Yovu, Aluda Manaqadze, Nailxan Nəbiyev, Nicat Rəhimov və Tatyana Varlamovadır. Onların hamısı 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Bununla da cəzalı ağırlıqqaldıranlarımızın sayı 18-ə çatıb. Qeyd edək ki, daha öncə 9 ağırlıqqaldıranımız - Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kiriyenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitskaya, İntiqam Zairova və Zülfiqar Süleymanov cəzalandırılıb. Süleymanov ikinci dəfə dopinq-testdən keçə bilmədiyi üçün ömürlük, qalanları isə 2 il müddətinə diskvalifikasiya edilib.
2014-04-12
14,362
Azər Sarıyev hansı vəzifəyə gedir? – Açıqlama
"Son zamanlar 4 müxtəlif yerdən iş təklifi gəlib. Media sahəsindən də dəvətlər var. Hələ ki, təkliflərin heç birini qəbul etməmişəm". Bu sözləri "Axar.az"a açıqlamasında Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin keçmiş rəhbəri Azər Sarıyev dedi. O bildirdi ki, yaxın günlərdə olmasa da, müəyyən müddət sonra təkliflərdən birini dəyərləndirəcək: "Mərkəzi Seçki Komissiyasında işdən ayrılandan sonra AzərTAc agentliyinin Türkiyə şöbəsində işi qəbul etmişdim. Bir müddət Türkiyədə yaşadım, ancaq sonradan övladlarımın təhsilinə və şəraitinə görə o işdən imtina etdim". Xatırladaq ki, mətbuata daim açıq olması ilə fərqlənən həmkarımız Azər Sarıyev MSK-nın mətbuat katibliyi vəzifəsindən AzərTAc-ın Türkiyə bürosunun rəhbəri təklifinə görə istefa versə də, sonradan bəlli səbəbdən büro rəhbərliyindən də imtina etdi və hazırda işsizdir.
2014-04-12
14,364
Nazirlik ancaq ölülərə cavab verir
Səhiyyə Nazirliyi ölümündən bir aydan çox vaxt ötən Nərmin Hüseynlinin 40 mərasiminə yaxın onun "müvafiq mütəxəssislər tərəfindən tibbi müayinədən keçirib, müalicəsinin və dərman preparatları ilə müəyyən olunmuş qaydada təmin olunmasına" qərar verib. Həkim səhlənkarlığının nə ilk, nə də sonuncu qurbanı olan 17 yaşlı N. Hüseynlinin ailəsi nazirliyin qızlarına göstərdiyi bu "diqqət"ə verəcək cavab tapmayıb. Həkimlərin qətlə yetirdiyi qurbanlardan ancaq biri olan N.Hüseynliyə səhv diaqnoz qoyan da, ona ölümündən sonra müalicəsi üçün yardım edən də Səhiyyə Nazirliyidir. Virusla analoqu olmayan mübarizə Ancaq sözügedən nazirliyin səhhətimizin qeydinə qalması təkcə bu faktla yekunlaşmır. Sözdə Hepatit C kimi təhlükəli virusla mübarizə aparan nazirliyin bu yöndə atdığı addımlar da boğazdan yuxarı deyil. Ölkədə bu virusa yoluxma dərəcəsi kritik həddə çatdıqdan sonra nazirlik bu istiqamətdə addım atmağa başladı. Problemin həlli kimi 300-dən çox diş klinikasının fəaliyyəti dayandırılsa da, bu stomatoloqların gizli şəkildə öz işlərini davam etdirməsi ilə nəticələndi. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Axar.az"a açıqlamasında nazirliyin bu istiqamətdə tez-tez yoxlamalar apardığını bildirmişdi. O, araşdırmaların nəticəsi olaraq Hepatit C virusuna yoluxma hallarında artım olduğunu desə də, bunun qorxulu həddə olmadığını bildirmişdi. Nazirlik sözçüsü gigiyenik qaydalara riayət etməyən mərkəzlərin aşkar edilməsində vətəndaşları da diqqətli olmağa və nazirliyə yardım etməyə çağırmışdı. "Qaynar xətt"in soyuq münasibəti Nazirliyin bu çağırışına biganə qalmayıb Binəqədi rayonu, Seyidzadə-29 ünvanında yerləşən şəxsi evdə qeyri-qanuni stomatoloji mərkəzin fəaliyyət göstərməsi ilə bağlı onları xəbərdar etdik. Ancaq gizli şəkildə işləyən stomatoloji kabinetdə baş verə biləcək hər hansı fəsada görə kimin məsuliyyət daşıyacağına nazirlik özü də məsuliyyətsiz yanaşdı. Nazirliyin əməkdaşı S.Əhmədova sözügedən mərkəzin lisenziya ilə fəaliyyət göstərib-göstərmədiyini özümüzün də müəyyən etmək iqtidarında olduğumuzu dedi: "Hansısa tibb mərkəzinin fəaliyyətindən və sanitar vəziyyətindən narazı olan istənilən vətəndaş mərkəzin sahibindən onun lisenziyasını tələb edə bilər". Müraciətinizə verilən cavabı gözləyən aqibət Nazirliyin şikayətlərə operativ şəkildə baxmalı olan "Qaynar xətt"i də daxil olan zənglərə nazirliyin Hepatit-C virusu ilə mübarizə apardığı formada reaksiya verir. Operativliyi "göz qamaşdıran" "Qaynar xətt"in şikayətinizə baxması üçün Səhiyyə Nazirliyinə yazılı müraciət ünvanlamaqdan başqa çarəniz yoxdur. Yazılı müraciətinizə veriləcək cavabı isə N.Hüseyinliyə ölümündən sonra göndərilən məktubdan heç bir fərqi olmayacaq. S.Əhmədova da qeyd edir ki, "Qaynar xətt" həkimin xəstədən rüşvət tələb etməsi, pasiyenti kobud şəkildə qarşılayıb yola salması, xəstəni qəbul etməməsi kimi şikayətlərə baxır. Vəssalam... Diplom verdiyi həkimlərin səhlənkarlığı üzündən həyatını itirənlərin ardı-arası kəsilməyən ölkənin Səhiyyə Nazirliyindən ölən şəxsin pulsuz müalicəsini öz üzərinə götürməsinə, Hepatit C kimi təhlükəli virusla bu şəkildə mübarizə aparmasına təəccüblənmək lazım deyil. Nazirliyin sağlamlığımızın keşiyində hansı formada durmasının əlavə şərhə ehtiyacı yoxdur.
2014-04-12
14,365
“Erməni soyqırımı” Senatın gündəliyinə daxil edilmədi
ABŞ Senatının Xarici Əlaqələr Komitəsində qəbul olunan uydurma "erməni soyqırımı" haqqında qərar layihəsi Senatın ümumi yığıncağının gündəliyinə daxil edilməyib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, 410 saylı məlum qərar layihəsi Senatın 16 günlük Pasxa tətilindən əvvəl keçirilən son toplantısında gündəmə alınmayıb. Beləliklə, sırf 24 aprelə hesablanmış sənəd əhəmiyyətsiz bir kağız parçasına çevrilib. Xatırladaq ki, qərar layihəsi ermənipərəst senatorlar Robert Menendez və Mark Kirk tərəfindən təqdim olunmuş və Senat komitəsində səs çoxluğu ilə qəbul edilmişdi.
2014-04-12
14,366
FSB və QRU Ukraynada hücum planını necə qurur? - Ekspert
"Ukraynaya hərbi təcavüz etmək üçün Vladimir Putin yaranmış ən uyğun anı əldən verib". "Axar.az" xəbər verir ki, bu fikirlərlə Ukrayna hadisələrini ardıcıl şərh edən hərbi ekspert Dmitri Timçuk çıxış edib. Onun sözlərinə görə, Putinin hansı həddə qədər getməsi məlum olmasa da, bir məqam dəqiq aydındır ki, Kremlin Ukrayna ilə bağlı dəqiq planı yoxdur. Putinin ordusu 17-21 mart tarixində hücuma keçsəydi, istəyinə nail olardı. Timçuk əlavə edib ki, vaxt Uraynanın xeyrinə işləyir: "Sərhəddə cəmləşən rus hərbçiləri getdikcə döyüş ruhunu itirirlər. Ölkənin şərqindəki separatçılıq dalğasının qarşısı isə, pis-yaxşı alınır. Timçuk hesab edir ki, Krım hadisələri ilə müqayisədə hazırda vəziyyət Ukrayna üçün müsbət məcrada inkişaf edir. Qərbin və Amerikanın tətbiq etdiyi sanksiyalar bəhrəsini verməkdədir. Amma bununla belə, ölkənin şərq vilyətlərində Kreml texnoloqları tərəfindən hərəkətə gətirilən separatçı meyl təhlüksəsi hələ də qalmaqdadır. Hərbi ekspert diqqətə çatdırıb ki, Kremldən belə təlimat gəlib ki, yerlərdə separatçlar ciddi nəticələr əldə etdikdən sonra rus qoşunları hücuma keçsinlər: "Bizə məlumat daxil olub ki, FSB və QRU-nun yerlərdə separatçılarla daha artıq işləməsi haqda göstəriş verilib. Onların əsas vəzifəsi yerlərdə, küçələrdə, vilyət administrasiyası binası önündə kütləvi iğtişaşlar yaratmaqdan ibarətdir. Əsas hədəf də elə separatçı meyllərin qarşısının alınması olmalıdır".
2014-04-12
14,367
Türkiyəli 5 yaşlı “hörümçək” uşaq - İnanılmaz/Video
Sosial şəbəkələrdə türkiyəli bir uşağın hörümçək kimi evdəki sütuna dırmaşdığı anların görüntüsü yayılıb. "Axar.az" xəbər verir ki, Türkiyənin Təkirdağ bölgəsində 5 yaşlı uşağın divara dırmaşmasını atası videoya çəkib. Hörümçək adam kimi mənzildə 3 metrlik sütuna dırmaşan 5 yaşlı uşağın internetdə yayılan videosu sosial şəbəkələrdə izlənmə rekordu qırır.
2014-04-12
14,368
Azərbaycanla Türkiyə anlaşa bilmədi - TANAP
"TANAP-ın tikintisi dayandırlıb". "Axar.az" xəbər verir ki, bu açıqlamanı Türkiyənin "Doğal Gaz İletim A.Ş." şirkətinin baş icraçı direktoru Saltuk Düzyol Ankarada təşkil edilmiş enerji konfransında verib: ""Şahdəniz" qazını Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya daşıyacaq TANAP kəmərinin tikintisi Türkiyə ilə yaranmış anlaşılmazlıqlar üzündən təxirə salınıb". Xatırladaq ki, TANAP layihəsi reallaşacağı təqdirdə Azərbaycan qazı Avropa üzərindən Şərqi və Mərkəzi Avropanın bəzi ölkələrini mavi yanacaqla təmin edəcək.
2014-04-12
14,369
50 min insan birlikdə inşa yazacaq
Rusiyanın Novosibirsk Universitetinin tələbələri 11 il əvvəl kütləvi inşa yazmaq təklifiylə çıxış edib. Təklif dünyada da maraq doğurub. 11 il öncə kütləvi inşa yazma aksiyasında 150, 2013-cü ildəsə 32 min adam iştirak edib. "Axar.az" bildirir ki, bu il Rusiyanın və dünyanın 45 şəhərindən 50 min insan kütləvi inşa yazmada iştirak edəcək. Aksiyanın məqsədi insanların savad səviyyəsini yoxlamaqdır və inşa yazmaqda hətta kosmonavtlar, yazarlar və aktyorlar da iştirak edir.
2014-04-12
14,370
BMT-dəki nümayəndəmiz niyə dəyişdirilib? - Ekspert
"Azərbaycanın tərəfsiz mövqe ortaya qoyması imkan verir ki, Rusiya bu gün Azərbaycana qarşı hələlik geniş miqyaslı informasiya müharibəsinə keçsin". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. O, Rusiyanın son günlərdə aktivliyinin əsas səbəbinin Azərbaycana öz şərtlərini diktə etmək olduğunu deyib: "Ukrayna hadisələri baş verəndə biz demişdik ki, növbəti hədəf Azərbaycandır. Rəsmilər səs salmışdılar ki, bunların hamısı yalnız təxribatdır, boş söhbətdir. Ümid edirəm ki, onların "yalnız" dedikləri bu idi. Nə baş verdiyinə özləri diqqət yetirirdilər və təhlükəni nəzərə alırdılar. Azərbaycanın tərəfsiz mövqe ortaya qoyması imkan verir ki, Rusiya bu gün Azərbaycana qarşı hələlik geniş miqyaslı informasiya müharibəsinə keçsin. Bununla da rəsmi Bakını razı eləməyə çalışırlar ki, Rusiyanın diktə elədiyi şərtləri qəbul etsin. Səbəb isə aydındır. Bununla Azərbaycanı Gömrük İttifaqı, Avrasiya Birliyinə qoşmağa çalışırlar". Vəfa Quluzadə haqlı çıxdı Politoloq Azərbaycanın daxilində getdikcə Rusiyaya qarşı meylliliyin gücləndiyini qeyd edib: "Əgər hiss eləyirsinizsə, paralel olaraq Azərbaycanın daxilində də Rusiya meyllilik güclənir. Bu, həmin Rusiyanın beşinci kalonunun fəaliyyətidir. Zamanında hörmətli politoloqumuz Vəfa Quluzadə bu təhlükəni dilə gətirəndə bir çoxları buna istehza edərək gülürdülər. Amma o istehzaları eləyənlər yəqin indi anlayırlar ki, təhlükə nə dərəcədə realdır və artıq astanadadır. Yəni Rusiya bunun hamısını məqsədlərinə nail olmaq üçün edir. Azərbaycandan mövqe tələb edir. Mən istisna eləmirəm ki, bunun miqyası da getdikcə böyüyəcək". Azərbaycana üç istiqamətdə hücum olacaq Ə.Oruclu Rusiyanın bundan sonra Azərbaycana qarşı üç istiqamətdə hücuma keçə biləcəyini söyləyib: "Ukraynada açıq Rusiya işğalı oldu. Buna səbəb yaradan isə Krım yarımadasındakı rus donanması idi. Azərbaycanda Rusiyanın hərbi bazası yoxdur. Ona görə də ölkənin daxilinə təsir etmək üçün bir neçə digər vasitələr var. Bunlardan biri Rusiya kəşfiyyatının nəzarətdə saxladığı separatçılardır. Digəri isə Rusiya kəşfiyyatının və dövlət orqanlarının nəzarətdə saxladığı hakimiyyət daxili beşinci kolondur. Üçüncü isə Qarabağ münaqişəsidir". Gürcüstanla münasibətlər gərginləşəcək? O, hakimiyyət daxilindəki beşinci kolonun ölkənin Qərb istiqamətində addımlamasına maneçilik törətdiyini deyib: "Təbii ki, burada başqa amillər də rol oynaya bilər. Gürcüstandakı azərbaycanlılarla problemlərin yaradılması, Azərbaycan-Gürcüstan münasibətlərinin qarşıdurma həddinə çatdırılması, yaxud da Dağıstandakı azərbaycanlılara qarşı təxribatlar törədilməsi də bunların içinə daxil ola bilər. Rusiyanın təcavüzkar siyasət aparan dövlət kimi bu istiqamətdə potensialı tükənməzdir. Bu potensialın qarşısını almağın yeganə yolu Azərbaycanın alternativ tərəf olan NATO və Qərblə münasibətlərinin yaxınlaşdırılmasıdır. Amma çox təəssüf ki, hakimiyyət daxilindəki beşinci kolon Azərbaycanın bu istiqamətdə getməyə imkan vermir. Yəni burada sistemli fəaliyyət göstərir. Dəqiq proqnoz vermək çox çətindir. Amma bu gün hesab edirəm ki, hər şey siyasi iradədən asılıdır". BMT-dəki nümayəndəmiz niyə dəyişdirildi? Politoloq NATO-nun Azərbaycana yalnız xarici siyasətini tam müəyyənləşdirdiyi zaman təminat verə biləcəyini vurğulayıb: "Təminat vermək o halda olur ki, ölkə xarici siyasətini müəyyənləşdirib ortaya qoysun. Olmayan mövqeyə necə təminat verəsən? Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünə səs verir. Aradan beş gün keçmiş Azərbaycanın BMT-dəki nümayəndəsi dəyişdirilir. Bu isə heç nə ilə izah olunmur. Bax, mən beşinci kolonun fəaliyyəti deyəndə bunu nəzərdə tuturdum. Dünən Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünə səs verir, sabahısı gün Avropa Şurasında tərəfsizlik nümayiş etdirir. Təminatı mövqeyə verirlər. Burada mövqe yoxdur". Qeyd edək ki, son üç gün ərzində Azərbaycana qarşı Rusiya tərəfindən informasiya müharibəsi genişlənib.
2014-04-12
14,371
İbrahim Tatlısəsin bir yaşlı qızı - Foto
Türkiyəli müğənni İbrahim Tatlısəslə Ayşəgül Yıldızın balaca qızları Əlif Adanın 1 yaşı tamam olub. "Axar.az" xəbər verir ki, məşhur müğənni İbrahim Tatlısəs xanımıyla birlikdə qızının 1 yaşını tort kəsərək qeyd edib. Qeyd edək ki, İbrahim Tatlısəs sevincini dilə gətirərək qızını belə təbrik edib: "Ömür keçib gedir, qiymətini bilək. Qızılım Əlif Adanın da artıq bir yaşı tamam oldu. Allah bəxtini gözəl etsin".
2014-04-12
14,373
Tovuzda toyda bəy gəlini döydü
Tovuz rayonunda toyda olan narazılıq bıçaqlanma ilə nəticələnib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində 22 yaşlı Ayşənlə, 20 yaşlı Fəridin toy mərasimində baş verib. Şirvan şəhər sakini olan bəy Fərid Eyvazov toy mərasimində gəlinin öz qohumları ilə şəkil çəkdirdiyinə etiraz edərək onu döyüb. Buna etiraz edən gəlinin dayısı 51 yaşlı İdris Quliyevlə Fərid Eyvazov arasında mübahisə yaranıb və bəy gəlinin dayısını bıçaqlayıb. Ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılan İdris Quliyevin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
2014-04-12
14,374
Ağalarov prezidentin dostuna qalib gəldi
Moskvada yeni Dairəvi Avtomobil Yolunun tikintisi layihəsini məşhur azərbaycanlı milyarder, "Crocus Group" şirkətlər qrupunun sahibi Araz Ağalarov qazanıb. "Kommersant" qəzeti bu layihə üzrə elan edilmiş tenderə qatılan şirkətlər arasında ən aşağı qiyməti məhz Araz Ağalarovun şirkətinin verdiyini yazıb. Bu nəhəng yol-nəqliyyat infrastrukturu layihəsi üzrə tenderə üç şirkət qatılmışdı. Onlardan biri ərəb əsilli milyarder Ziyad Manasirin "Stroyqazkonsaltinq" şirkəti, digəri prezident Vladimir Putinin dostu və Rusiya neftinin beynəlxalq bazarlarda ticarətini təşkil edən nəhəng "Gunvor" şirkətinin prezidenti Gennadi Timçenkoya bağlı şirkət, üçüncüsü isə "Crocus Group" idi. Məlum olub ki, Ağalarovun şirkəti bu layihəni 53,3 milyard rubla (təxminən 1,8 milyard dollar) həyata keçirməyə hazır olduğunu tender komissiyasına bildirib. Ziyad Manasirin şirkəti layihə üçün 55,86 milyard, Timçenkonun şirkəti isə 57 milyard rubl istəyib. Belə olan halda tender komissiyasının məhz "Crocus Group"a üstünlük verməsi qaçılmazdır. Tenderi Moskva meriyasının "Avtodor" şirkəti elan etmişdi. Söhbət uzunluğu 49.5 kilometr olan M-4 "Don" trasının və 11 kilometrlik A-107 trasının çəkilməsindən gedir. Layihənin qiyməti 52,4 milyard rubl həcmində dəyərləndirilmişdi və şərtə görə, bu vəsaitin 6,8 milyard rublunu podratçı şirkət investisiya şəklində özü yatırmalı idi. İnvestor qoyulmuş vəsaiti yolun istismarından əldə edilmiş vəsaitlər hesabına geri alacaq. Tenderin qalibinin rəsmən aprelin 30-da elan edilməsi planlaşdırılır. Ağalarovun şirkəti tender komissiyasına təqdim etdiyi təklifə əsasən şirkət dövlət büdcəsindən layihəni həyata keçirmək üçün ən aşağı məbləğ - 47,2 milyard rubl ( təqribən 1,5 milyard dollar) istəyir. Qalan 6,1 milyard rublu isə öz hesabına yatıracaq. Tender komissiyasının "Crocus Group"a üstünlük verəcəyinə şübhə yoxdur. Beləliklə, Ağalarovun şirkəti bu il ərzində artıq ikinci dəfədir ki, Rusiya büdcəsindən maliyyələşən layihəni udur. Ötən həftə "Crocus Group" futbol üzrə 2018-ci il dünya çempionatı ilə bağlı Rostovda və Krasnodarda iki stadionun tikintisi layihəsini də almışdı. İki layihənin ümumi dəyəri 28 milyard rubldur (ANS).
2014-04-12
14,375
Məhkəmədə İlham Mirzəyevin ürəyi getdi - 2 aylıq həbs
Teleaparıcı və baxıcı İlham Mirzəyev 2 aylıq həbsə məhkum edilib. Hüquq-mühafizə orqanlarından "Axar.az"a daxil olan məlumata görə, Nərimanov rayon məhkəməsində hakim Rəşad Abdulovun rəhbərliyi altında bu gün keçirilən məhkəmə prosesində İlham Mirzəyev barəsində 178.2.3 və 178.2.4 maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə ittiham tərəfinin şikayətini təmin edib və İlham Mirzəyev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Məhkəmə prosesində isə İlham Mirzəyev 2 aylıq həbsə məhkum olunma xəbərini eşidincə, özündən gedib. Nərimanov məhkəməsinə təcili tibbi yardım briqadası çağırılıb və İlham Mirzəyevə tibbi yardım göstərilib. Bundan sonra "İlhaMed" klinikasının təsisçisi və "Space" kanalının aparıcısı İlham Mirzəyev özünə gəlib.
2014-04-12
14,376
İlham Əliyev 6 fərman imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev 6 fərman imzalayıb. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Energetika Nazirliyi haqqında, strukturunun təsdiq edilməsi, fəaliyyətinin təmin edilməsi barədə, İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında fərmanlar imzalayıb.
2014-04-12
14,377
"Neftçi"nin futbolçusu qəzaya düşdü
"Neftçi"nin futbolçusu Denis Silva "İnter"lə oyuna gələndə avtomobil qəzası keçirib. Paytaxt klubunun braziliyalı futbolçusu Heydər Əliyev prospektində öz şəxsi avtomobili ilə qəza törədib. Məhz buna görə də, futbolçunun adı bu gün keçiriləcək "İnter" - "Neftçi" oyununun start heyətinə salınmayıb. Futbolçunun vəziyyətinin yaxşı olması barədə məlumat yayılıb (ANS).
2014-04-12
14,378
Kərəm Həsənovun qardaşının obyekti yandı - Fotolar
Deputat Malik Həsənova məxsus "Sevgilim" kafesi tamamilə yanıb, kül olub. Aprelin 12-də səhər saat 05:00 radələrində Dənizkənarı Milli Parkda "Sevgilim" adlı kafedə yanğın baş verib. Hökumət Evi ilə üzbəüz kafedə baş verən yanğın nəticəsində kafe tamamilə yanaraq külə dönüb. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunsa da, nəticəsi olmayıb. Kafe içərisindəki ləvazimatlarla birlikdə yanaraq kül olub. İlkin ehtimala görə, kafenin yanmasına səbəb qısaqapanma olub. Kafenin Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülabi Vaqif oğlu Xəlilova məxsus olduğu bildirilir. Yanğın baş verən kafenin yerinin təmizlənməsi və yenidən yerində kafe tikilməsi üçün fəhlələr işə cəlb olunub. Artıq kafenin yerində qalan əşyalar tamamilə təmizlənib. Kafeni işlədən müdiri və orada işləyən ofisiantları tapmağa çalışsaq da, bu, mümkün olmadı. Yaxınlıqdakı kafelərin birində aşbaz işləyən şəxs bildirdi ki, yanğın baş verən zaman müdir və ofisiantların əraziyə gəlişinə qadağa qoyulub: "Səhər işə gələn zaman artıq gördük ki, sanki burada ümumiyyətlə, kafe olmayıb. Yanğınsöndürənlər də ərazidə yox idi. Bu kafeni işlədən müdiri və ofisiantları yaxşı tanıyıram. Onlarla əlaqə saxlamağa çalışsam da, alınmadı. Çünki telefonları söndürülmüşdür. Yanğının qısaqapanmadan baş verdiyini düşünmürəm. Onsuz da Azərbaycanda nə yanğın olursa, hamısına qısaqapanma diaqnozu qoyulur. Adını bilməsək də, bu kafenin bir dövlət məmurunun olduğu haqqında eşitmişik. O baxımdan gələn jurnalistlərə çəkiliş aparmağa icazə verilmir. Hətta bunun üçün Milli Parkın mühafizəçilərinə xüsusi tapşırıq verilib". Yanğın baş verən ərazidə çəkiliş apararkən aşbazın dediklərinin doğru olduğunu gördük. Parkın mühafizəçiləri çəkilişimizə imkan vermədilər. Səbəbini soruşduqda isə "bizə belə bir tapşırıq verilib ki, ümumiyyətlə ərazidə heç kəsin çəkiliş aparmasına icazə verməyək" - deyə mühafizəçilər cavab verdilər. Kafenin yerinin təmizlənməsinə nəzarət edən şəxs bizimlə xüsusi ilə kobud davrandı. Hətta bizə kafenin hansı dövlət məmurunun olduğunu deməsə də, onu sübut edən cavab verməkdən çəkinmədi: "Siz heç bilirsiniz ki, bu kafe kimindir? Bunu bilsəniz çəkiliş aparmağa cəsarətiniz çatmaz". Yanan kafeyə yaxın ərazidəki digər kafelərin və Milli Parkın hadisə baş verən əraziyə yaxın işçilərinin də fikirlərini öyrənməyə çalışdıq. Onlar danışmaqdan imtina etdilər. Sanki bulvar baş vermiş yanğına görə susdurulmuşdu... Əldə etdiyimiz məlumata görə, yanan kafenin sahibi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, "AZINKO-holdinq"in prezidenti, deputat Malik Həsənovdur. Həsənov qardaşlarının Bakı şəhərində xeyli obyektlərinin, daşınmaz əmlaklarının olduğu deyilir ("Musavat.com")
2014-04-12
14,379
Sabiq deputatın oğlu həbs edildi
Milli Məclisin eks deputatı Şadman Hüseynovun oğlu həbs edildi. Şaiq Hüseyn dələduzluqda suçlanır; daha əvvəl o, iş adamının da pulunu mənimsəməkdə ittiham olunurdu. Ədliyyə Nazirliyinin Xətai Rayon Məhkəməsinin keçmiş İcra məmuru Hüseyn Şaiq Şadman oğlu 12 aprel 2014-cü ildə həbs edilib. Məhkəmədə onun barəsində həbs qətimkan tədbiri seçilib və Ş.Hüseyn Bakı İstintaq Təcridxanasına salınıb. Bildirilir ki, Şaiq Hüseyn dələduzluq ittihamı ilə məsuliyyətə cəlb edilib. Bir müddət öncə Ş.Hüseynin hansı əməli törətməsi haqda mətbuatda məlumat dərc edilib. Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Səfərova Şölə Mirzəkişi qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun dələduzluq yolu ilə mənimsənildiyini bildirib. Qadın qeyd edib ki, qardaşı bir müddət əvvəl həbs edilib. Qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində keçmiş məhkəmə icraçısı işləyən, ədliyyə kapitanı Hüseyn Şaiq Şadman oğlu ilə tanış olub. Ş.Hüseyn qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Lakin üzərindən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq Ş.Səfərovanın qardaşının işi ilə bağlı hər hansı "irəliləyiş" olmayıb. Ş.Səfərova daha sonra pulu geri istəsə də, buna nail ola bilməyib. Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin bütün şikayətləri qəbul edib qeydiyyata sala biləcək "qaynar xətt"i mövcuddur: "Ümumiyyətlə, hər hansı icraçının məhkəmə qərarına təsir etmək səlahiyyəti yoxdur. Əgər belə hal baş veribsə, istənilən şəxs nazirliyin "qaynar xətt"inə müraciət edə bilər. Həmin müraciətlər dərhal qeydiyyata alınır və müvafiq araşdırmalar başlanılır". Şaiq Hüseyn daha əvvəl iş adamı Vüqar Həsənovun 120 min dollarının mənimsəməkdə ittiham edilib və buna dair də ona qarşı iddia var (ANS).
2014-04-12
14,380
Prezident qızının yeni şəkilləri yayıldı - Fotolar
Azərbaycan respublikasının prezidenti İlham Əliyevin böyük qızı Leyla xanımın yeni fotoları yayılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva yeni fotosessiya etdirib. Sosial şəbəkənin aktiv istifadəçisi olan xanım bu dəfə də maraqlı məkanlarda kamera qarşısına keçib. İncəsənəti, şeir yazmağı, rəsm çəkməyi və şəkil çəkdirməyi sevən incə xanım ənənəsinə sadiq qalaraq yeni şəkillərini sosial şəbəkədə yüzlərlə izləyiciləri ilə paylaşıb. L. Əliyeva fotolarına: "Şəxsi fotosessiya" adını verib. Qeyd edək ki, Leyla xanım həyatında baş verən maraqlı məqamları kameraya görüntüləyərək sosial şəbəkəyə yükləyir. Xatırladaq ki, bir neçə gün qabaq Leyla Əliyeva İnstagram səhifəsində paylaşdığı statusunda yaradıcılığı barədə maraqlı məqamlara toxunmuşdu. O, şeir yazmağı və haradan ilham aldığını vurğulayıb. Leyla Əliyevanın yazdıqlarını olduğu kimi sizə təqdim edirik: "Yaradıcılıq mənim üçün öz emosiyalarını nümayiş etmək, hər şey, daxilimdə yığılan hisslər, məni narahat edən nələr isə deməkdir. Uşaqlıq vaxtlarımdan rəsm çəkməyi sevirdim, şeirlər isə öz-özünə gəlirdi ağlıma, onları vərəqə köçürürdüm. Aylarla heç nə yazmaya bilərəm, amma elə bir vaxt olur ki, başlayıram və dayana bilmirəm. Bəziləri yazdıqlarımı birbaşa olaraq mənimlə əlaqələndirirlər, amma bu, belə deyil. Bu, bütün insanlarda olan böyük bir hisslərdir, hər bir insan həyatının hansısa bir anında həyacanlar keçirir. Misal üçün, mənim şeirlərim və rəsmlərim qəmgin notlar üzərində yığılır, amma təbiətcə bu, mənə çox az məxsusdur" (ANS).
2014-04-12
14,381
Barak Obamanın illik gəlirləri açıqlandı
Obama cütlüyünün gəlirləri 21 faiz düşərək, 608 min dollardan 481 min dollara enib. "Axar.az" xəbər verir ki, Obamanın illik gəlirlərinin azalmasına səbəb yazdığı kitablardan əldə etdiyi gəlirin aşağı düşməsidir. Obama cütlüyü gəlirlərinin 20.4 faizini dövlətə vergi verir. Bu da təxminən 98 min 169 dollar edir. Barak Obama hal-hazırki vəzifəsindən ilə 400 min dollar qazanır. Vergi bəyanatlarında qeyd olunur ki, Barak Obamanın 1995 və 2006-cı illərdə yazdığı iki kitabdan əldə etdiyi gəlirlər ildən ilə azalır. Rusiya prezidenti Vladimir Putin, Baş nazir Dmitri Medvedev və ölkənin ali idarəçiləri də hər il illik gəlirlərini açıqlayır. Qeyd edək ki, bir müddət öncə Vladimir Putin də gəlirlərini açıqlamışdı. Rusiya liderinin illik gəliri 103 min dollardır.
2014-04-12
14,382
Erməni deputatdan Türkiyə və Azərbaycan etirafı
"Azərbaycan və Türkiyənin Gürcüstana yatırdığı sərmayə Ermənistana yatırılan sərmayələrin ümumi həcmindən dəfələrlə çoxdur". Bunu parlamentdə Erməni Milli Konqresini təmsil edən deputatlardan biri – Aram Manukyan bu gün keçirilən iqtisadi forumda çıxışında deyib. Onun sözlərinə görə, regional masştabda Ermənistan bölgənin iqtisadi vahidi kimi sadəcə, mövcud deyil. "Azərbaycanın neft-qazın nəqli ilə bağlı Gürcüstanda maliyyələşdirdiyi proqramların dəyəri 35-40 milyard dollardır. Analoji vəziyyət başqa sahələr üzrədir. Gürcüstan və Azərbaycan bizdən 5 dəfə çox turist qəbul edir. Eyni sözlər İrana aiddir. Yalnız Ermənistan heç bir inkişaf perspektivinə malik deyil", - deyə Manukyan qeyd edib ("Musavat.com").
2014-04-12
14,383
Dünyanın ən yaxşı universiteti seçildi
2013-14-cü illər üçün dünyanın ən yaxşı universitetlərinin adları məlum olub. "Axar.az" xəbər verir ki, aparılan araşdırma nəticəsində ən yaxşı universitetlər seçilib və bu dəfə Kaliforniya universiteti birinci yeri tutub. Siyahıda daha sonra Harvard və Oksford universitetləri yer alıb. Türkiyənin 5 universiteti də bu dəfə siyahıda yer alıb. Halbuki, bundan əvvəl siyahıda bu ölkədən ancaq İstanbul Universitetinın adı vardı. Qeyd edək ki, Azərbaycandan heç bir universitetin adı siyahıda yoxdur.
2014-04-12
14,384
Türkiyə-Rusiya gərginliyi: Səfir nazirliyə çağırıldı
Krım gərginliyi Rusiya ilə Türkiyəni Montrö Konvensiyasının tətbiqi məsələsində qarşı-qarşıya qoyub. "Axar.az" xəbər verir ki, ABŞ-ın Qara dənizdə uzun müddət hərbi gəmilərini saxlaması, üstəlik gəmilərdən birinin Samsun limanına yan alması Rusiya-Türkiyə arasında gərginlik yaradıb. Rusiyanın Ankara səfirliyinə öz etirazını bildirməsi və bu etirazını ictimaiyyətə açıq bir şəkildə bəyan etməsi Türkiyə Xarici İşlər Nazirliyinin məsələyə münasibət bildirməsinə vadar edib: "ABŞ donanmasına məxsus "USS Taylor" adlı hərbi gəminin Qara dənizdə 21 gündən çox qaldığı bildirilməkdədir. Qeyd olunan gəmi Samsun limanına girişi əsnasında pərində yaranan nasazlıq səbəbinən hərəkətsiz qalib. Bu səbəbdən dartma gəmilərdən istifadə edilməklə boğazlardan çıxarılıb. Bu məsələylə bağlı Rusiya Federasiyası və digər Montrö tərəflərinə məlumat verilmişdir". Həmçinin Rusiyanın qeyd etdiyi digər gəmi isə 21 gün içərsində Qara dənizi tərk edib. Bu səbəbdən hər hansı qanun pozuntusu qeydə alınmayıb. Daha sonra açıqlamada qeyd olunur ki, məsələ ilə bağlı Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, məlumat verilib.
2014-04-12
14,385
Azərbaycan Milli qəhrəmanı vəfat etdi
Bu gün Azərbaycan Respublikasının Milli qəhrəmanı vəfat edib. "Axar.az" Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin saytına istinadən xəbər verir ki, xidmətin əməkdaşı Slesaryov Mixail Aleksandroviç vəfat edib. Slesaryov Mixail Aleksandroviç 8 may 1955-ci ildə Rusiyanın Smolensk şəhərində doğulub. 1970-ci ildə 4 saylı Smolensk şəhər orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra, təhsilini 19 saylı texniki peşə məktəbində davam etdirib. 1971-ci ildə Smolensk Kənd Təsərrüfatı Texnikası Birliyində traktorçu işləməyə başlayıb. 1975-ci ildə Sovet Ordusu sıralarına çağırılıb. 1977-ci ildə xidmətini başa vuraraq, göndərişlə Tbilisi Gizirlər məktəbinə daxil olub. Məktəbi bitirərək, Bakıya qayıdıb. 1981-86-cı illərdə motoatıcı taqımı komandiri, 1986-99-cu illərdə mühafizə taqımının rəisi vəzifələrində işləyib. 1999-cu ildə Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirərkən həbsxanada baş verən hadisə zamanı qəhrəmanlıq nümayiş etdirib. Mixail dərhal əməliyyat qrupu yaradaraq, qiyamı yatırmağa müvəffəq olub. 1999-cu ildə kiçik leytenant rütbəsi alıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hərbi hissəsində taqım komandiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı Fərmanı ilə Slesaryov Mixail Aleksandroviçə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Allah rəhmət eləsin!
2014-04-12
14,386
Daha bir şəhərdə Rusiya bayrağı qaldırıldı
Ukraynanın Slavyansk şəhər administrasiyası üzərində də Rusiya bayrağı qaldırılıb. Bu barədə şəhər meri Ştepa Nelia məlumat verib. O, şəhər administrasiyasında 1000-ə yaxın adamın olduğunu deyib. Bundan başqa Rusiyameylli qüvvələr şəhərin təhlükəsizlik və milis bölmələrini də tutublar. UNIAN-ın məlumatına görə, milis bölməsində "Donetski respublikası"nın təşəbbüsçüsü olan 20-yə yaxın silahlı şəxs var. Onlar bütün milis əməkdaşlarını binadan çıxararaq bölmədə saxlanan bütün silahları ələ keçiriblər ("Azadliq.org").
2014-04-12
14,387
Bəşər Əsəd edam edildi - Foto
Misirdə 529 nəfərin edam olunma qərarına Suriyada etiraz edən bir qrup Misir səfirliyi qarşısında aksiya keçirib. "Axar.az" xəbər verir ki, səfirlik binası qarşısında edam kürsüsü qurulub və Bəşər Əsəd və Sisinin kuklaları edam edilib. Aksiyaçılar sonra həmin kuklaları yandırıblar. Daha sonra şüarlar səsləndirən aksiyaçılar Misir səfirliyi önündən ayrılıb.
2014-04-12
14,388
“Yeni Müsavat”ın keçmiş müxbiri göy satır – Fotoreportaj
Bir tərəfdə insanların səs-küyü, arabalarını ora-bura dartan arabaçılar, satıcılar və alıcılar. Digər tərəfdə isə "Yeni Müsavat"ın bütün bu səs küydən, qarışıq şəhər həyatından uzaq sakit həyat axtarışında olan keçmiş əməkdaşı Hikmət Kərimoğlu. Amma o nə qədər çalışsa da, insan selinə qərq olmuş tozlu-torpaqlı, səs-küylü bazar həyatından uzaq ola bilmir. Səbəbini isə belə izah edir: "Bu mənim həyatımdır, istəsəm də, istəməsəm də mən bu həyatı yaşamağa məhkumam, lap məhkumlar tək..." Bura xalq arasında "Vosmoy bazarı" kimi tanınan "8-ci kilometr" bazarıdır. Çünki oldun dəyirmançı... Qəhrəmanımızla da elə bu bazarda qarşılaşırıq, özü də piştaxta arxasında. Mətbuatdan gəldiyimizi bilən kimi ətrafdakı satıcılar yarıciddi-yarızarafat ünvanımıza müxtəlif atmacalar atsalar da, biz öz işimizlə məşğul oluruq, fotoaparatımızı işə salıb dünənin jurnalisti, bu günün isə göy-göyərti alverçisinin şəkillərini fotoaparatın yaddaşına köçürürük. O isə sakit tərzdə öz işinin başındadı, gələn müştəriləri gülər üzlə yola salır və hərdən də nəzər- diqqətini fotoaparatımızın obyektinə tuşlayır. Üzünün ifadəsindən, baxışlarından hiss olunur ki, çəkilişimiz onu məyus edir. Bəlkə də keçmişinə görə, ali təhsilinə və çalışdığı kollektivə, qəzetin adına görə utanırdı. Ancaq utanmağa əsas yoxdur, necə deyərlər: "Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu..." Ali təhsilli göyərti satan O, 2008-ci ildə balaca kənd həyatından uzaqlaşıb böyük arzularla böyük şəhərə üz tutur. Əvvəl ali təhsil həyatı, daha sonra jurnalistika fəaliyyəti, hazırda dayandığı nöqtə, "Vosmoy bazar"ı, piştaxta arxası. Gəlin, bütün bunları onun öz dilindən eşidək: - 2013-cü ildə yüksək qiymətlərlə İncəsənət Universitetini bitirmişəm, indi də gördüyünüz kimi ali təhsilli göyərti satanam... Təhsil aldığım illərdə "Space" və daha sonra ATV telekanallarında praktika keçdim, bir müddət ATV-də işlədim. Ancaq nədənsə yazılı mətbuat məni cəlb edirdi. Ona görə də televiziyadan uzaqlaşıb "Yeni Müsavat" qəzetinə üz tutdum. Təxminən bir il həmin qəzetdə işləmişəm, indi də gördüyünüz kimi... Ali təhsil, jurnalist fəaliyyəti və bazar. Təhsilin heç bir önəmi yoxdur… - Sizin üçün çətin deyil ki? - Əlbəttə, çətindir. Bu bazarda hər cür insan var. Bəzən elə insanlarla qarşılaşıram ki, hər şeyi atıb qaçmaq istəyirəm. Ancaq bir şeyi başa düşürəm ki, bu mənim həyatımdır. Allahın verdiyi ömür yolundan qaçası deyiləm. Allah hansı ömür yolunu yazıbsa, onu da yaşamalıyam. Təhsilə gəlincə isə, Spenserin gözəl bir sözü var, təhsilin ali məqsədi bilik yox, fəaliyyətdir. Mən bu gün təhsillə bağlı fəaliyyət göstərmirəmsə, deməli, o təhsilin mənim həyatımda heç bir önəmi yoxdur. Bəlkə də o təhsil olmasaydı, mən bu gün piştaxta arxasında daha rahat durardım, amma keçmişimdən bu günümə baxanda hərdən utanıram. Bazarda mənə "jurnalist oğlan" deyə müraciət edəndə çox sıxılıram. Utanmırsan göyərti satırsan? Qəhrəmanımız deyir ki, göyərti satdığına görə hərdən alıcıların da qınağına tuş gəlir: - Siz gəlməmişdən bir az əvvəl iki xanım göyərti almaq üçün piştaxtaya yaxınlaşdı. Xanımlardan biri üzümə baxıb dedi: "Cavan oğlansan, utanmırsan göyərti satırsan?" Düzdür, ona heç bir cavab vermədim, amma öz içimdə sözün həqiqi mənasında çox utandım. O, haqlı idi, axı bu mənim peşəm deyil. Ancaq kapital cəmiyyətində hansı peşənin sahibi olmağın heç bir önəmi yoxdur. Bu cəmiyyətin yalnız bir qanunu var - pul. Pul bu cəmiyyətin ən təsirli silahıdır. Elə buna görə də insanlar pulun ardınca qaçırlar. Mənəviyyat, islam əxlaqı, dəyərlər və daha nələr bu cəmiyyətdə arxa plana keçib. Alverçisənsə, yalan danışmalısan Həmsöhbətimizin gündəlik qazancı ilə maraqlanırıq. - Burda elə böyük pullar yoxdur, gündəlik tələbatımı demək olar ki, güclə ödəyirəm. Gün ərzində 15-20 manat qazancım olur. Ancaq gün ərzində 200-300 manat qazancım olsa belə, yenə də bazardan uzaqlaşmaq istəyəcəm. Çünki alverçisənsə, yalan danışmalısan, alıcını aldatmalısan. Alıb-aldatmaq da mənim xarakterimə, aldığım təhsilə ziddir. Qaçıb gizlənərdim... - Keçmiş iş yoldaşlarınız, həmkarlarınız harada işlədiyinizi, nə işlə məşğul olduğunuzu bilirlər? - Məncə yox. Ümumiyyətlə, bazara gələndən sonra keçmişlə bağlı hər bir şeyi silmək istəyirəm. Və çalışıram ki, onların gözünə görsənməyim. Bu bazarda keçmiş iş yoldaşlarımdan hər hansını görsəm, yəqin ki, qaçıb gizlənərdim... Həyatı göy umuduna qalan qəhrəmanımızla söhbəti yekunlaşdırırıb, onu müştərilərlə baş-başa buraxır, səs-küylü bazardan uzaqlaşırıq. Və bu vaxt arxadan onun səsi eşidilir: "Təbrik edirəm, daha heç vaxt siz məni burda görməyəcəksiz..."
2014-04-12
14,390
ABŞ 13 ildən sonra geri addım atmağa hazırlaşır
ABŞ Şimali İraqdakı iki böyük kürd partiyasını terror siyahısından çıxarmağa hazırlaşır. "Axar.az" xəbər verir ki, ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez və senator Con Makkeyn tərəfindən təqdim edilən qanun layihəsi 2001-ci ildə terror təşkilatı elan edilən İraq prezidenti Cəlal Təlabaninin qurucusu olduğu Kürdüstan Vətənpərvərlər Birliyi və Məsud Bərzaninin liderliyini etdiyi İraq Kürdüstan Demokrat Partiyasının bu siyahıdan çıxarılmasını nəzərdə tutur. Senatın bu qərarına Obama rəhbərliyinin də dəstək verdiyi bildirilir. Layihədə hər iki partiyanın İraqın sabiq lideri Səddam Hüseynə qarşı silahlı mübarizəyə və bölgədə sabitliyin təmin edilməsinə dəstək olduğu vurğulanıb.
2014-04-12
14,391
Moskvada bir azərbaycanlı öldürüldü
Moskva ətrafındakı İstrinski bazarında iki azərbaycanlı arasında münaqişə birinin ölümü ilə nəticələnib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Rusiya DİN Molskva vilayəti üzrə Baş İdarəsinin açıqlamasına əsasən, azərbaycanlılar arasında münaqişəyə səbəb meyvə-tərəvəzin satış "nöqtəsi" olub. "Münaqişə zamanı şəxslərdən biri digərinin bud nahiyəsindən bıçaqla xəsarət yetirib. Buna cavab olaraq, xəsarət almış şəxs birincinin döş nahiyəsinə bıçaq zərbəsi endirib", deyə qurumun açıqlamasında bildirilir. Sinəsindən ağır xəsarət almış azərbaycanlı hadisə yerində ölüb. "Münaqişənin ikinci iştirakçısı xəstəxanaya çatdırılıb, onun mühafizəsi polis tərəfindən həyata keçirilir", deyə açıqlamada bildirilir. Hazırda faktla əlaqədar cinayət işinin başlanması məsələsi nəzərdən keçirilir .
2014-04-12
14,392
Avtomobil 15 metrlik dərəyə düşdü: 1 ölü
Gədəbəydə avtomobil 15 metrlik dərəyə yuvarlanıb. Dünən gecə Gədəbəy rayonunun Zəhmət kəndi ərazisində avtoqəza baş verib. Gədəbəyin Qaradağ kənd sakini 43 yaşlı Eldar Abdullayev Şəmkirdən yaşadığı kənddə gedərkən idarəetməni itirib və avtomobil 15 metr dərəyə yuvarlanıb. Qəza nəticəsində "VAZ 2106"nın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan FHN-nin əməkdaşları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi dərədən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə sürücü Eldar Abdullayev sükan arxasında əyləşərkən ağır dərəcəli sərxoş olub. Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır (ANS).
2014-04-12
14,393
BVF: "Ukraynanın 27 milyarda ehtiyacı var"
Ukraynanın aylardır davam edən siyasi böhrandan çıxması üçün təcili maliyyə dəstəyinə ehtiyacı olduğu bəyan edilib. "Axar.az" xəbər verir ki, Beynəlxalq Valyuta Fondu Avropa Departamentinin müdiri Rza Moqhadam açıqlamasında Ukraynanın iki il ərzində maliyyələşdirilməsinin lazım olduğunu və 27 milyard dollara ehtiyacı olduğunu deyib. Ukraynadakı iqtisadi islahat paketinin təsdiqlənməsi şərtiylə IMF iki il ərzində 14-18 milyard dollar həcmində kredit ayırmağı planlaşdırır. Rza Moqhadam hal-hazırda Ukraynanın valyuta ehtiyatlarının çox aşağı olduğunu, geosiyasi vəziyyətində nizamsız vəziyyətə düşdüyünü və "stand-by" proqramının qüvvəyə mindikdən sonra ölkənin valyuta ehtiyatlarının normasına düşəcəyinə ümüd etdiyini deyib.
2014-04-12
14,394
Azərbaycanda daha bir intihar: 20 yaşlı qız özünü asdı
Şabranın Qəndob kəndində intihar hadisəsi qeydə alınıb. Şabran Polis şöbəsindən verilən məlumata görə, 20 yaşlı Zeynəb Şərafətdin qızı Ələkbərova Qəndob kəndində yaşadığı evlərinin həyətində yerləşən yardımçı binanın tavanından özünü asıb. İntiharın səbəbi bəlli deyil. Hadisə ilə bağlı Şabran Prokurorluğunda cinayət işi açılıb. İstintaq başa çatdiqdan sonra intihar hadisəsinin hansı səbəbdən baş verdiyi bəlli olacaq. Ailəsindən verilən xəbərə görə Zeynəb Ələkbərovanın sağlamlığı ilə bağlı problemi olmayıb (ANS).
2014-04-13
14,395
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru şimşək çaxacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 6-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 13-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
2014-04-13
14,396
Elşad Xosedən Oksanaya hədiyyə - Foto
Azərbaycanlı reper İnstaqram səhifəsində özünün çəkdiyi rəqqasə Oksana Rəsulovanın portretini paylaşıb. Reper bunu Oksanaya hədiyyə etdiyini yazıb. Məsələ ilə bağlı "Axar.az"a açıqlama verən rəqqasə bildirib ki, həmin rəsm əsəri Elşad Xose tərəfindən 2012-ci ildə hədiyyə edilib: "Elşad Xose həmin rəsmi 2012-ci ildə çəkib, toy günümüzdə də mənə hədiyyə etmişdi. Sadəcə, şəkil o qədər mükəmməldir ki, Elşad özünün adi bir işləri kimi İnstaqram səhifəsində paylaşıb. Təbiidir, onun səhifəsində mən də görmüşəm o şəkli. Hətta o şəkil hazırda mənim evimdə divardan asılıb. Bu, mənə iki il bundan qabaq hədiyyə olunmuş şəkildir".
2014-04-13
14,397
Rusiya-NATO kəşfiyyat savaşı başlayacaq – İddia
"Rusiya ilə NATO arasında münasibətlər total müharibənin başlanmasına gətirib çıxara bilər". "Axar.az" xəbər verir ki, bu iddia ilə Polşa mətbuatı çıxış edib. Xəbərdə müharibənin başlanmasına az müddətin qaldığını qeyd edilir: "Rusiyanın Şərqi Ukraynada son davranışları NATO-nun gələcək haqqında fikirləşməyinə yenidən səbəb olub. Qərb şərqdə ikinci bir dövləti yenidən gücləndirmək niyyətində deyil. Rusiyadan son üç ay ərzində rəsmi olaraq 179 milyard dollar kapital axını olub. Bu isə Rusiyanı çox qıcıqlandırır. Ən önəmlisi Rusiyanın postsovet məkanını yenidən öz tərkibində birləşdirmək niyyəti Qərbin maraqlarına cavab vermir. Üstəlik, yeni gücə çevrilən Çin də bununla razı deyil. Suriya isə əsas partlama məqamlarından biridir. Bu gedişat gizli olsa belə, geniş anlamda yeni müharibənin başlanmasına səbəb olacaq ki, hər kəs bundan əziyyət çəkəcək. Hətta kəşfiyyat orqanlarının savaşı olsa belə, bu olacaq".
2014-04-13
14,398
Rusiya dialoq üçün NATO-ya şərt qoydu
Ukrayna böhranını müzakirə etmək üçün Qərb ilə bir araya gəlməyə razılıq verən Rusiya bu ölkənin tərəfsizlik statusunun qorunması üçün zəmanət verilməsini istəyib. "Axar.az" xəbər verir ki, bu şərtilə Rusiya Ukraynanı NATO-dan kənarda tutmağa çalışır. NATO böhranın həlli üçün əvvəlcə Rusiyanın Ukraynanın şərqindən ordusunu geri çəkməsini tələb edir. Rusiya Xarici İşlər naziri isə NATO-nun bu tələbinə belə cavab verib: "Ukraynanın tərəfsizlik statusunun qorunması üçün təminat lazımdır. Ukrayna müzakirə mövzusu deyil, təhlükəsizliyin bir halqası olmalıdır. Biz qonşumuz və dost ölkə Ukraynanın müzakirə mövzusu olmasının deyil, Avropada sabitlik və əməkdaşlığın zəmanətli olmasının lazım olduğuna inanırıq". Bununla da Sergey Lavrov Ukraynanın NATO-ya üzv olmasının qəti əleyhinə olduğunu bildirib. Lavrov həmçinin Luqansk, Xarkov və Donetskdə hökumət binalarının ələ keçirilməsi ilə bağlı rəsmi Kiyevə böhranın həlli yollarını göstərib. Belə ki, o yerlərdə idarəetmə orqanlarının səlahiyyətlərinin artırılmasını təklif edib. Qeyd edək ki, 2010-cu ildə sabiq prezident Yanukoviç ölkənin heç bir hərbi ittifaqa qoşulmayacağı barədə sərəncam imzalamışdı. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyə daxil olmaqla Avropa ölkə liderlərinə göndərdiyi məktubda ödənilməmiş borcları ilə bağlı mavi qazın kəsilə biləcəyi xəbərdarlığını etmişdi.
2014-04-13
14,399
Tarkan da “selfie” çəkdi - Foto
Son günlərin trendi – "selfie" çəkənlərin sırasına meqastar da əlavə olunub. "Axar.az" xəbər verir ki, meqastar Tarkan "Haydi o zaman" mahnısına klip çəkdirən zaman, fasilə arası stilistlərlə birgə "selfie" çəkib. Həmin fotonu isə öz Tvitter hesabında stilist Ceyda Balaban paylaşıb və şəklin altına "çəkiliş meydançasından selfie" şərhini yazıb
2014-04-13
14,400
Rusiya ordusu Ukraynaya girdi - Foto/Yeniləndi
01.09 Ukrayna ordusunun admiralı İqor Korabenko bildirib ki, artıq ölkənin şərqində rusiyalı təxribatçı qruplar aktiv fəaliyyətə başlayıblar. "Axar.az" xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində məlumat verib: "Rusiya hərbi qoşunlarının Ukraynanın şərqinə hücumu reallaşdı. Slavyansk, Krasnıy Limanda separatçılar yox, əməllicə rus əsgərləri, təxribat qrupları fəaliyyətə keçib. İmzaları olduqca aydındı. Onlar vəziyyəti qarışdırmaq üçün separatçılara yardım edirlər. Onlar nə edəcək? İcəriyə doğru gedəcəklərmi? Hakimiyyətimiz necə cavab verəcək? Suallar çoxdur". 02.28 Ukrayna Daxili İşlər nazirinin mətbuat katibi Natalya Stativko Donbas küçələrində rus hərbçiıərinin hərəkət etdiyini təsdiqləyib. Stativko Rusiyanın "Dojd" kanalının suallarını cavablandırarkən belə deyib. Onun sözlərinə görə, Donbas güc strukturunun binasına hücumda Rusiyaya məxsus AK-100 markalı avtomatlılar görünüb. Əlavə edib ki, bu, Ukraynanın intervensiyası deməkdir, deməli, həmin şəxslər Rusiyadan gələn əsgərlərdir.
2014-04-13
14,401
Ərdoğanın "selfie"si yayıldı - Foto
Dünən Türkiyədə İstanbul Konqres Mərkəzində Vəkillər Həftəsi Proqramı və Hüquq Məktəbi mərasimində iştirak edən Baş nazir Ərdoğanla şagirdlər "selfie" çəkdirib. "Axar.az" xəbər verir ki, şagirdlərin istəyini yerə salmayan Ərdoğan "selfie" çəkdirməyə razılıq verib. Şagirdər Tvitter hesablarından Ərdoğanla olan "selfie"lərini paylaşıblar. Həmin "selfie"ni təqdim edirik:
2014-04-13
14,402
Kor tenor at üstündə - Foto/Video
Məşhur müğənni Andrea Boçelli Feysbukda öz orijinal fotosunu paylaşıb. "Axar.az" xəbər verir ki, məşhur müğənninin bu fotosu izlənmə rekordu qırıb. Xatırladaq ki, 12 yaşında futbol oynayarkən qəza keçirib zədələndiyinə görə Andrea Boçellinin gözləri görmür. Həmin fotonu təqdim edirik:
2014-04-13
14,403
Şəkidə yol terroru: ölən var
Şəkidə baş verən yol qəzasında bir nəfər ölüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, ölümlə nəticələnən ağır yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 34-cü kilometrliyində, Şəki rayonu Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib. 1963-cü il təvəllüdlü, Şəki rayonu Böyük Dəhnə kənd sakini Asiman Cavanşir oğlu Hacıbabayev idarə etdiyi "Hyundai Elantra" markalı, 55 BJ 769 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı çuxura aşırıb. Baş vermiş qəza nəticəsində Asiman Hacıbabayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.
2014-04-13
14,404
Sultan Süleymanın oxşarı tapıldı - Foto
"Möhtəşəm yüzil" serialının "Sultan Süleyman"ı olan Halit Ərgəncin oxşarı tapılıb. "Axar.az" xəbər verir ki, türkiyəli aktyor Halit Ərgəncin XVIII əsrdə yaşamış amerikalı general Stefan J. Mak Qroata bənzədiyi məlum olub. Generalın sosial şəbəkələrdə yayılmış fotosu hər kəsin böyük marağına səbəb olub.
2014-04-13
14,405
Maykrosoftun məşhur fotosunun sirri açıldı - Video
2001-ci ildə "Windows XP"nin əsas fon şəkli olan foto ilə əlaqədar çarx hazırlanıb. "Axar.az" xəbər verir ki, bu məlumatı ABŞ mətbuatı yayıb. Çoxlarının fotoşopda (photoshop) müəyyən hazırlandığını düşündüyü şəkildə əslində heç bir effekt yoxdur. 1996-cı ildə Çarlz O Rear tərəfindən çəkilən foto fotoqrafın evinin arxasındakı sahədə çəkilib. San Fransiskonun Şimalında şosenin 121-ci kilometrliyində yerləşən ərazidə çəkilən və "Bliss" adı verilən foto müəllifə çox böyük gəlir gətirib. "Nəşinal Qeoqrafik" jurnalının fotoqrafı (National Geographic) Napa Valley də 2010-cu ildə eyni ərazidə, eyni fotonu çəkib. Maykrasoft şirkəti bu foto üçün də müəllifə kifayət qədər çox məbləğ ödəyib. Xatırladaq ki, aprelin 8-dən etibarən Maykrasoft şirkəti "Windows XP" sisteminin yenilənməsinə verdiyi dəstəyi dayandırıb. Bu isə o deməkdir ki, həmin sistemlə çalışan minlərlə bankomatlar, elektron ödəmə sistemlərinin fəaliyyəti iflic olacaq. Fotoqraf Çarlz O Rearın fikirlərini bölüşdüyü videonu sizə təqdim edirik.
2014-04-13
14,407
Prezidentlər Xəzər dənizini bölüşəcəklər
Xəzər hövzəsində yerləşən ölkələrin dövlət başçıları Rusiyanın Astarxan şəhərində görüşəcəklər. Bu ilin sentyabr ayında planlaşdırılan liderlərin görüşündən əvvəl, aprelin 22-də zirvə toplantısına hazırlıq iclasının keçiriləcəyi bildirilir. Xəzərin hüquqi statusunun müəyyənləşdirlməsi ilə bağlı məsələlər Türkmənistanın Nazirlər Şurasının iclasında gündəmə gətirilib. Türkmənistanın baş nazirinin sözlərinə görə, liderlər arasında keçiriləcək olan zirvə görüşündə Xəzər dənizinin hüquqi statusu müəyyənləşdirmək istiqamətində fikir mübadiləsi aparılacaq. Zirvə görüşündə Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan və İran prezidentlərinin iştirakı gözlənilir (ANS).
2014-04-13
14,408
Putinin xəbərdarlığına Ukraynadan gözlənilməz zərbə
Rəsmi Kiyev rəhbərliyi mavi qazın qiymətini artıran Rusiyaya qarşı çıxaraq ödənişləri dayandırmaq barədə qərar verib. "Axar.az" xəbər verir ki, Ukraynanın dövlət təbii qaz şirkəti "Naftoqaz"ın İdarə heyəti rəhbəri Andrey Kobolev açıqlamasında mavi qazın qiyməti haqqındakı müzakirələr yenidən başlayana qədər Rusiyaya ödənişləri dayandırdıqlarını açıqlayıb. Kobolev Rusiyanın mavi qazın qiymətini qaldırmasında heç bir səbəb görmür: "500 dollar məbləğində olan qiymətin bazar tərəfindən təyin olunmadığını düşünürük, bu ədalətli olmayan və qəbul edilə bilməz bir vəziyyətdir. Rusiyanın mavi qazın qiymətini qaldırması üçün heç bir səbəb görmürəm". Qeyd edək ki, Rusiya ayın əvvəlində min kub metrlik mavi qazın qiymətini 268 dollardan 485 dollara qaldırıb və Ukraynanın ölkəyə olan mavi qaz borcunu ödəmədiyi üçün bu ölkəyə etibarını itirdiyini bəyan edib. Maliyyə baxımdan böyük bir böhranın astanasında olan Ukraynanın Rusiyaya 2 milyard 200 milyon dollar mavi qaz borcu var. Rusiya prezident Vladimir Putin aprelin 11-də bunları əsas gətirərək mavi qazın tamamilə kəsilə biləcəyini və ya azaldılması istiqamətində addım atacaqları barədə xəbərdarlıq etmişdi.
2014-04-13
14,409
Yevlaxda tikili yandı
Yevlax rayonunda yardımçı tikilidə yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Yevlax rayonunda vətəndaşa məxsus ümumı sahəsi 59 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-13
14,410
Gülənçilər "erməni soyqrımı"na dəstək verib
Fətullah Gülən camaatının qondarma erməni soyqrımı ilə bağlı qanun layihəsi hazırlayan ABŞ senatoru Robert Menendezə rüşvət ödədikləri üzə çıxıb. Senatorun ünvanına altı ilə yaxın ödənilən pul məbləğinin görünən tərəfinin 9 min dollar olduğu bildirilir. Bu rəqəmin yalnız rəsmi sənədlərdə əks olunduğu barədə məlumat verilir. Gülən camaatının qondarma erməni soyqrımı haqqında qanun layihəsini hazırlayan ABŞ senatoruna sənədlərdə qeyd olunan rəqəmlərdən əlavə milyonlarla dollar dəyərində vəsait ödədikləri də yayılan məlumatlar arasında yer alıb. Nyu-Cersili senatora 2011-2012-ci illərdə Gülən camaatına məxsus olan məktəb və kompüter şirkətindən 9 min 5 yüz dollar dəyərində pul ödənildiyi də bildirilir. Menendezin Türkiyə əleyinə atılan bütün addımlarda Gülən camaatından dəstək aldığı ifadə olunub. Gülən cammatının qondarma erməni soyqrımına dəstək verən ABŞ senatoruna hədiyyə etdiyi milyonların siyahısı belədir: Gülənin Nyu-Cersidə fəaliyyət göstərən "Milkwvay Education Center" (Samanyolu Təhsil Mərkəzi) adından 23 dekabr 2011-ci il tarixində ABŞ senaoruna 1000 dəyərində pul hədiyyə edilib. Nyu Cersidə Fətullah Gülənə məxsus "Pioneer Academy of Science" adlı türk kolleci tərəfindən senatora 3 min dollar ödənilib. Nyu Cersidə Gülənə məxusus viza işləri ilə məşğul olan "Kulen Law Firm"dan 03 fevral 2012-ci il tarixində ABŞ senatorunun hesabına 2 min 500 dolar dəyərində vəsait ödənilib. Gülən camatına məxsus "Umit İnternational" şirkətindən 20 Mart 2012-ci il tarixində ABŞ senatoruna 2 min dollar məbləğində pul verilib. Qeyd edək ki, ABŞ senator Robert Menendezin qondarma erməni soyqrımının dünyaya tanıdılması ilə bağlı hazırladığı qanun layihəsi ABŞ Senatı təfərindən qəbul edilməyib. Bir müddət bundan əvvəl Gülən camaatının 2006-ci ildən bu günə qədər başda Türkiyə əlehinə olması ilə tanınan Texas ştatının valisi Rick Perri olmaqla onlarla siyasətçiyə 1,5 milyon dollar dəyərində pul ödədikləri də üzə çıxıb (ANS).
2014-04-13
14,411
Hamı söz verir, ancaq bu zamanda ən ucuz şey sözdür
Fotoqraf dostum Abbas Atilayın Şamaxının Dəmirçi kəndinə fotolar çəkməyə gedəcəyini eşidəndə onunla əlaqə saxlayıb, yol yoldaşı olmaq istədiyimi bildirdim. Təklifimi qəbul edən Abbasla səhər saat 9-da Bakıdan çıxaraq, Şamaxı yolunu tutduq. Əslində, Şamaxıya səfər iki-üç gün öncəyə planlaşdırılmışdı, sadəcə olaraq, Bakıya və regionlara yağan güclü yağış və dolu səfəri bir neçə gün gecikdirmişdi. Bakıdan ayrılanda havanın çox isti olduğunu görürük. Düşünürəm ki, yəqin Şamaxıda hava nisbətən soyuq olar. Şamaxını başdan-ayağa yeniləyiblər Bir saat sonra Azərbaycanın ən qədim tarixə malik olan şəhərinə çatırıq. Şamaxının elə girəcəyində gedən təmir-tikinti işini görürük. Maşınımızı yolun kənarında saxlayaraq, işlərə nəzarət edən bəydən Dəmirçi kəndinin yolunu soruşuruq. Yenilənməyə məsul olan şəxs bizə əsas yoldan çıxmayaraq, Pirqulu istiqamətində getməyimizi məsləhət görür. Yenicə təmirdən çıxmış Cümə məscidinin yanından keçəndə Abbas deyir ki, bir-neçə il bundan əvvəl buralar pis gündə idi, ancaq indi asfalt örtüyünü yeniləyiblər, yollar təmizdir və Bakıdan fərqli olaraq, Şamaxıya yaz gəlib... Dəmirçiyə yol yoxdur Pirqulunu və digər kəndləri çox rahatlıqla keçirik. Yollar gözəl, hava isti və təmizdir. Hətta yolların kənarında bənövşələr, qışdanqalma qar da görürük. Bir qədər getdikdən sonra birdən-birə asfalt yol bitir və yolsuzluq başlayır. Asfalt örtüyünün olmaması məni çox təəcübləndirir, amma Abbas bildirir ki, təəccüblənəsi hadisələr hələ qabaqdadır. Orda bir kənd var uzaqda... Qarşımıza paslanmış dəmir lövhənin üzərində "Dəmirçi" elanı çıxır. Təpənin arxasında – Baş Qafqaz Silsiləsinin ətəyində salınmış kənd bizi sakitcə salamlayır. Kənd Pirsaat çayının sahilində yerləşir. Yerli camaat bu çaya "Dəmirçi çayı" deyir. Çayın sahilinə gələndə körpünün olmadığını görürəm, öz-özlüyümdə düşünürəm ki, görəsən, buranı necə keçəcəyik. Dostum üzümdəki sualı oxuyur və əhvalını pozmadan: "Maşını çaya salıb, keçəcəyik" – cavabını verir. Elə də edirik. Çayı keçirik və nəqliyyat vasitəmizi kəndin girəcəyində saxlayıb, yolumuza piyada davam edirik. Evinə odun yığan məktəb direktoru. Bizi elə kəndin girəcəyində Mikayıl kişi qarşılayır. Mikayıl kişi evinə odun tədarükü edir, biz də gəlib başının üstünü kəsdiririk. Bizi qonaqpərvərliklə qarşılayan kənd sakini ilk öncə yandırdığı zibilli ot tayasına görə bizdən üzr istəyir. Sonra isə: "Gəlin evə gedək, çay içə-içə söhbət edərik" – deyir. Yolumuz uzundur deyə, getmək təklifini qəbul etmirik, ayaqüstü söhbətləşirik. Mikayıl kişi qonşu kənddə məktəb direktoru vəzifəsində çalışır. Məktəbin cəmi 30-35 şagirdi və 4 müəllimi olduğunu deyir. Mən ibtidai sinifdə oxuyanda təkcə öz sinifimizdə 37 uşaq vardı, 35 uşaqlı məktəbi təsəvvür edə bilmirəm. Direktor uşaqların oxumağa həvəsinin olmamasından gileylənir. "Dəmirçi"lilərin əsas problemi yol, qaz və odun məsələsidir. "Biz əvvəllər meşədən odun kəsib evimizə gətirirdik. İndi isə meşələri çəpərləyiblər. Buna görə İsmayıllıdan odun almaq məcburiyyətində qalırıq. Odun da od qiymətinə. Bir "kamaz" odunu 500-600 manata satırlar. Bu kənddə qış çox sərt keçir. İndi günəşin çıxmasına fikir verməyin, axşam hava yenə soyuyacaq. Hələ də evlərdə odun sobaları yanır, yoxsa donarıq soyuqdan". Mikayıl müəllimin sözünü kəsərək çayı və olmayan körpünü göstərirəm; bununla da müəllimin dərdini təzələyirəm: "Oğul, bu kənddə yol yoxdur. Körpü yoxdur. Bu Pirsaatçay çox dəli çaydır. Yağış yağan kimi buraları sel aparır. Əgər sel gələndə kəndin bu başındasansa, kəndə qayıtmaq imkanın, demək olar ki, olmur. Heyvanat sel vaxtı günlərlə o tayda qalıb". "Hamı bizə söz verir, ancaq bu zamanda ən ucuz şey sözdür". "İllərdir deyirlər ki, sizə yol çəkəcəyik, qazlaşdıracağıq kəndinizi, amma hələ də gözləyirik. Bu yaxınlarda dedilər ki, 2018-ci ildə qaz verəcəyik sizin kəndə, 2018-də çəkiləcək qaza qədər biz ölüb-gedəcəyik". Dəmirçilik bu gedişlə tarixin səhifələrinə basdırılacaq. Başımız Mikayıl kişiylə söhbətə qarışdığından yanımıza daha bir kənd sakininin yaxınlaşdığını hiss etməmişik. Mikayıl kişi onu həmin dəqiqə tanıyır və bizi də tanış edir. Sən demə, Fəxrəddin kişi gözünü açandan atasının, babasının dəmirçiliklə məşğul olduğunun şahidi olub. Elə özü də dəmirçiliklə məşğuldur. Biz də ustadan bu sənətin vəziyyətini soruşuruq. "Dəmirçilik sənəti mənim genlərimdədir. Çox heyif ki, bu gün bu sənət artıq can verməkdədir. Tələbatın olmaması ustaları bu işdən soyudur və hərə bir yana dağılır. Sovetdən əvvəl burda 22-25 emalatxana var idisə, sovet dövründə bu say 10-12-yə qədər azaldı. Sovet dağılandan sonrasa burada dəmirçiliklə məşğul olan üç-dörd usta qalıb. Qış aylarında mənim qapımı, and olsun ki, bir nəfər də açmayıb. Ümidimiz ancaq köç edən çobanlara qalıb. Onlar köç zamanı bizim kənddən keçirlər və bizim əl işlərimizdən istifadə edirlər". Fəxrəddin ustadan satdığı ən baha əşyanı soruşuram. Usta bir az düşünür, sonra isə deyir: "Bir dəfə bura qadınlar gəlmişdi, məndən "qiymədaş" aldılar və dedilər ki, bunu Ermitaja qoyacağıq. Onu, deyəsən, 25-30 manata satmışdım. Ancaq ən bahalı əşya ovçular üçün xüsusi hazırladığım ov bıçaqlarıdır. Onları 50 manatdan ucuz satmıram. Dövlət bizi vergidən azad edib, ancaq bizi müştərilərin ümidinə qoymaq olmaz. Heç kim ucuz, amma keyfiyyətsiz Çin malı olan yerdə mənim keyfiyyətli bıçağıma, baltama pul verməyəcək. Dövlət bizə yardım etməlidir ki, biz bu sənəti qoruyub saxlayaq. Stimul olmadığından oğullarım bu sənətin arxasınca getmirlər". "Yardım etmirlərsə, heç olmasa, bu yolu düzəltsinlər. Axı mədəniyyət yoldan başlayır..." Fikrini bitirib əlini işığa uzadır ki, alaqaranlıq otağı işıqlandırsın, lakin işıq da yanmır. Usta təəssüflə bizə baxır, susur və heç nə demir. Nə demək istədiyini üz ifadəsindən anlayırıq. Sənətini yaşatmaq üçün həftə sonları əşyalarını Şamaxı mərkəzində olan "Heyvan bazarı"na aparıb satmağa çalışdığını da qeyd edir müsahibimiz. Fəxrəddin usta bizə hazırladığı manqalı, şişləri göstərir və yadıma Milli Məclisdəki "Milli şiş" söhbəti düşür. "Dövlətin qoruduğu" məscid dağılmaq üzrədir. Kənddə gəzərkən qarşımıza dağılmaq ərəfəsində olan məscid çıxır. Məscidin qapısına yaxınlaşıram və orda yazılan "Dövlət tərəfindən qorunur" ifadəsi diqqətimi çəkir. Dövlət tərəfindən qorunan məscidin "qoruma" elanı da yağış-qar və baxımsızlıq ucbatından yox olmamağa çalışır. 100-150 yaşı olan məscid sovet illərində buğda anbarı kimi istifadə edilib, sonralar diqqətdən kənar qalıb. Ona görə indi tarixdən silinmək üzrədir. Bizim məscidə baxdığımızı görən kənd sakini: "Çəkin, çəkin bu məscidi. Bu məscid bizim tariximizdir və təmir edilməyə ehtiyacı var. Bəlkə, sizin yazınızdan, şəkillərinizdən sonra yadlarına düşər ki, buraları unutmaq olmaz". Məscidin daşlarının üzərinə baxırıq. Abbas ərəbcə yazıları oxuyur və məscidin hicri təqvimi ilə 1311-ci ildə tikildiyini bildirir. Dəmirçi kəndində toy var. Artıq bir-neçə saatdır ki, kəndi piyada gəzirik və getdikcə havanın soyuduğunu hiss edirik. Kəndin yüksək məhəllələrinin birinin qapısında qırmızı parça görürük. Qapının yanında dayanan Səid bəy bizi zorla həyətə aparır və çaya qonaq edir. Ev sahibləri bizə bildirir ki, bu gün Səid bəyin qardaşının toy mərasimi keçirilir. Təbrik edib ayrılmaq istəyirik, lakin evin ağsaqqalı qapıdan bayıra çıxacağımız təqdirdə verdikləri çayı bizə halal etməyəcəyini deyir. Ailənin xoş günlərində yanlarında olmağı qərarlaşdırırıq (ya da məcbur oluruq). Bir müddət sonra təzə bəy və gəlin Şamaxının mərkəzində nikahlarını rəsmiləşdirib, ata ocağına gəlirlər. Bəy-gəlinin ayağı altında quzu kəsib, qanını hər kəsin alnına yaxırlar. Ardınca bəy ikinci mərtəbəyə qalxaraq, gəlinin başına, ən azı, dörd-beş kilo şokolad səpir. Daha sonra gəlin evinin qarşısında hər kəsin təbrikini və hədiyyələrini qəbul edib, otağına daxil olur. Bəy isə bütün qohumlarla digər otaqda bəyin şərəfinə açılmış stolda əyləşir. Qohumlarla birgə biraz yemək nuş edirik və hər kəslə sağollaşırıq. Katyuşa sədaları altında Bakıya qayıdırıq. Kənddən çıxmağa hazırlaşanda dəmirçi Fəxrəddin kişi, onun bir həmkarı və Dəmirçi kəndinin gənc tarix müəllimi Emil bəy bizimlə yola çıxmaq istəyir. Maşınımız boşdur. Ona görə onları da götürüb yola çıxırıq. Fəxrəddin usta və həmkarı aralarındakı söhbətə – Ukraynada baş verən siyasi durumla bağlı müzakirələrə bizi də daxil edirlər. Müzakirənin ən qızğın zamanında isə Fəxrəddin kişi rus xalq mahnısı olan "Katyuşa"nı zümzümə etməyə başlayır. Hamılıqla mahnını müşayiət edirik və Şamaxıya doğru yol alırıq... 1937.az
2014-04-13
14,412
Rusiya Ayı da işğal edir - Qərb çaşqınlıq içində
Rusiya Federasiyası Baş nazirinin müavini Ayda daimi bir dayaq quracaqlarını açıqlayıb. "Axar.az" xəbər verir ki, Qərb mətbuatı Krımdakı vəziyyətə istinad edərək "Rusiya Ayı da işğal edir", - deyə yazır. Rusiya Baş nazirinin müavini Dmitri Roqozin ölkəsinin Ayda daimi bir qərargah planlaşdırdığını açıqlayan məqalə yazıb. "Rossiyskaya" qəzeti üçün yazdığı və gələn həftə yayımlanacaq məqalədə Roqozin dünya orbitindəki rus varlığının artırılaraq bu bölgənin daha təsirli vəziyyətə gətirilməsi üçün addımlar atıldığını qeyd edib. Məqalənin bir qisimini yayımlayan rus mətbuatının məlumatına görə, artıq 2040-cı ildə Rusiyanın Aydakı qərargahının istifadəyə veriləcəyi qeyd olunur. Ayrıca Ayın yeni kosmos texnologiyalarının sınanması baxımından ən uyğun yer olduğu vurğulanır.
2014-04-13
14,413
İsrail tarixinin ən böyük hərbi yardımını alır
İsrail rejimi ən böyük hərbi yardımı Amerikadan alır. "Axar.az" xəbər verir ki, "Yediot Aharanot" qəzeti ABŞ Müdafiə Nazirliyi Pentaqonun qəbul etdiyi 2 milyard dollarlıq bütün əsgəri vəsaiti alma məsələsində hökumətin tam dəstək verdiyini yazıb. Qəzetin verdiyi xəbərdə manevr qabiliyyətinə sahib, olduqca sürətli və son texnologiya ilə təchiz olunmuş "Osprey V-22-tilt-rotor təyyarəsi da yardıma daxildir. İsrailin bölgədəki ölkələr arasında bu cür təyyarələrə sahib tək ölkə olacağı vurğulanır.
2014-04-13
14,414
Bakıda nurçulara qarşı əməliyyat: kütləvi həbs - Foto
Dünən axşam saatlarında Bakının Yasamal rayonunda "İnşaatçılar" metrosu olan ərazidə, Şərifzadə-Talıblı, Xıdır Mustafayev küçələrinin kəsişməsində, "Capsella" mağazasının yaxınlığında 2 mərtəbəli yaşayış evində Yasamal rayon polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində 30 nəfərdən çox insan tutularaq polis maşınları ilə naməlum istiqamətlərə aparılıb. Sakinlərin məlumatına görə, çox böyük ehtimalla tutulanlar nurçular olub. Onların yaşadıqları mənzillərdən xeyli sayda dini kitablar da müsadirə edilib. Gecə vaxtı olduğundan hadisənin təfərrüatları barədə Dini Qurumlarla iş üzrə Dövlət komitəsindən məlumat öyrənə bilmədik. Yasamal rayon polis idarəsinin növbətçisi baş verən hadisəni ANS-ə təsdiq etməyib. Ancaq əməkdaşımızın verdiyi məlumatların və hadisə yerindən qaranlıqda çəkdiyi şəkillərin doğruluğunu nəzərə alaraq materialı dərc etmək qərarına gəldik. Hadisənin növbəti gedişatı haqda məlumat verəcəyik.
2014-04-13
14,415
Ukrayna ruslara qarşı hərbi əməliyyata başladı - Video
Ukraynanın şərqindəki Slavyansk qəsəbəsində Rusiya tərəfdarlarının nəzarəti ələ keçirməsindən sonra bu gün hökumət terrorla mübarizə əməliyyatının başladıldığını açıqlayıb. "Axar.az" xəbər verir ki, Daxili İşlər naziri Arsev Avakovun Feysbuk səhifəsindən paylaşdığı məlumatda Rusiya tərəfdarı olan nümayişçilərin polis mərkəzini ələ keçirdiyi bildirilir. Şəhərdə başladılan əməliyyatla bağlı olaraq mülki əhalinin qəsəbə meydanından uzaqlaşmaları, mümkün olduqca evlərindən bayıra çıxmamamları tövsiyyə edilir. Avakov qeyd edib: "Ölkədəki bütün təhlükəsizlik qüvvələri əməliyyatda iştirak edir. Tanrı bizimlə olsun". Xatırladaq ki, dünən Slavyanskda rus əsgərləri olan maskalı şəxslər qəsəbədə nəzarəti ələ keçirib. 14:05 Ukrayna təhlükəsizlik qüvvələrinin Slavyanskda milis idarəsini tutan separatçıları qarşı həyata keçirdiyi əməliyyat zamanı ciddi qarşıdurma yaranıb. Atışma nəticəsində təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı yaralanıb, 1-i isə həlak olub. Məlumata görə, separatçılar arasında da yaralananlar var. 14:44 Ukrayna Daxili İşlər naziri Arsen Avakov atışma zamanı hər iki tərəfdən ölən və yaralananların olduğunu deyib: "Bizim tərəfdən Ukrayna Təhlükəsizlik Xidmətinin zabiti həlak olub. 5 nəfər də yaralanan var. Separatçıların itkiləri barədə məlumat yoxdur. Onlar mülki vətəndaşlardan qalxan kimi istifadə edirlər. 1000 nəfər yaxın təhlükəsizlik qüvvəsi əməliyyata cəlb olunub".
2014-04-13
14,416
Şəmkirdə iki yol terroru: ölən və yaralananlar var
Şəmkirdə iki yol nəqliyyat qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisələrdən biri Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Zəyəm qəsəbəsindən keçən hissəsində qeydə alınıb. "Opel" markalı avtomobilin yolun kənarında dayanan "KamAZ" markalı avtomobilə çırpılması nəticəsində minik avtomobilində olan sərnişin hadisə yerində dünyasını dəyişib, sürücü Şahmar Mahmudov isə müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, hadisəyə "Opel"in sürücüsünün sükan arxasına yuxulaması səbəb olub. Digər hadisə isə Bakı-Qazax magistral yolunun Şəmkir rayonu hissəsində baş verib. "Niva" markalı avtomobillə "QAZ-24" markalı avtomobilin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki fakt üzrə Baş Dövlət Yol polisi İdarəsində araşdırma aparılır.
2014-04-13
14,417
Nemtsov da təsdiqlədi: rus ordusu Ukraynadadır
Rusiya müxalifətinin öndə gedən simalarından biri Boris Nemtsov Ukraynanın materik hissəsinə hücum göstərişi verdiyinə görə Vladimir Putini ciddi tənqid edib. "Axar.az" xəbər verir ki, Nemtsov Rusiya dövlət başçısının eyforiyaya qapandığını bildirərək, Putinin bu yırtıcı hərəkətlərinin qarşısını nə "Qazprom", nə də hər hansı sanksiyalarla almağın mümkün olmadığını söyləyib. Onun sözlərinə görə, artıq gecdir, Putini heç nə saxlaya bilməyəcək, o, Rusiyanın taleyini oyuna soxub. Nemtsov həmçinin rus ziyalı təbəqəsini də ciddi tənqid edərək, bu zümrənin məsələlərə reaksiya verməməsinə təəccüb edib. Xatırladaq ki, bu gün gecə saatlarından rus qoşunları Ukraynanın şərq vilayətlərində görünüb.
2014-04-13
14,418
Putinin xəbərdarlığı Obamanı əsəbiləşdirdi
Rusiya prezidenti Vladimir Putinin ödənilməmiş mavi qaz borcları səbəbiylə avropalı liderlərə yazdığı xəbərdarlıq məktubuna ABŞ prezidenti Barak Obama sərt reaksiya verib. "Axar.az" xəbər verir ki, ABŞ Ukraynaya təzyiq etdiyi üçün Rusiyanı günahlandırıb. Putin 18 Avropa ölkəsinin liderinə göndərdiyi məktubda Ukrayna iqtisadiyyatını böhrandan çıxarmaq üçün təcili olaraq danışıqların başlanmasını istəyərək, yaranmış mavi qaz borclarına görə Rusiyanın səbrinin tükəndiyini qeyd edib. ABŞ prezidenti Barak Obama Almaniya Baş naziri Angela Merkellə telefon danışığında təcili olaraq Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə ehtiyac olduğunu bəyan edib. Qeyd edək ki, Rusiyanın Ukraynaya verdiyi mavi qazı kəsməsi, Avropa ölkələrində qazın da azalmasına səbəb olmuşdu.
2014-04-13
14,419
“Qalatasaray” azarkeşlərinə üzücü xəbər
"Qalatasaray"ın futbolçusu Didye Droqba mövsümün sonunda komandasını tərk edə bilər. Bu barədə klub prezidenti Ünal Aysal yerli mətbuata açıqlamasında bildirib. O, qeyd edib ki, təcrübəli hücumçu ilə yeni müqavilə imzalamaq istəsələr də, Droqba ilə hələlik razılıq əldə olunmayıb. "Bu ayın sonunda dəqiq qərar veriləcək. Droqba ilə görüşümdə onunla 1 illik müqavilə imzalamaq istədiymizi dedim. O isə uşaqlarının təhsil və dil problemini əsas gətirərək, ailəsi ilə bir daha məsləhətləşməli olduğunu dedi. Droqba karyerasının sonuna gəldiyi üçün başqa bir kluba getmək istəyir". Qeyd edək ki, Droqbanın "cim-bom"la müqaviləsi mövsümün sonunda başa çatır ("Qol.az").
2014-04-13
14,420
Ərdoğanın partiyasında azərbaycanlı təmsil olunacaq
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının rəhbər strukturlarında ilk dəfə azərbaycanlı təmsil oluna bilər. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu məsələ AKP İğdırda bələdiyyə seçkilərini uduzduqdan sonra gündəmə gəlib. İğdırda 8 min üzvü olan partiya seçkilərdə cəmi 4500 səs topladıqdan sonra AKP yerli təşkilatının sədri istefa verib. İğdırlılar hesab edir ki, AKP-nin seşkilərdə məğlubiyyətinə səbəb partiyanın rəhbər strukturlarında azərbaycanlıların təmsil olunmamasıdır. AKP İğdır təşkilatına milliyətcə kürd vətəndaşların rəhbərlik etməsi azərbaycanlı seçicilərin başqa partiyaların namizədlərinə səs verməsinə səbəb olub. Azərbaycanlılar hesab edir ki, əgər AKP İğdır təşkilatına azərbaycanlı rəhbər təyin olunsa, partiya növbəti seçkilərdə İğdırda zəfər qazanacaq. Azərbaycanlıları öz ətrafında toplaya biləcək ən şanslı namizəd isə İğdır tarixində ilk dəfə ard-arda iki bələdiyyə seçkilərində qalib gəlmiş, 2009-cu il seçkilərində isə bütün təzyiqlərə rəğmən 33 faiz səs toplamış Nurəddin Arasdır. İğdırlılar hakim partiyanın seçkilərdəki məğlubiyyətini və çıxış yolunu da bilirlər. İğdır sakini Məhəmməd Sayhan deyib ki, İğdırda Nürəddin Arasın AKP rayon təşkilatına seçilməsi ilə bağlı söhbətlər gəzir. "İğdırdakı 100 min azərbaycanlı buna çox sevinib. Biz Azərbaycan türkləri olaraq İğdırda iqtidarla birlikdə fəaliyyət göstərmək istəyirik. 10 il ərzində İğdırda bələdiyyə sədri olmuş Nürəddin Arasın AKP-nin rayon təşkilatına sədr seçiləcəyi xəbəri biz 100 min azərbaycanlını çox sevindirib. Bununla bağlı AKP-dən gələcək xəbəri səbirsizliklə gözləyirik".
2014-04-13
14,421
Rusiya torpaq iddiasına görə üzr istədi
Rusiyanın Xakasiya Respublikası parlamentinin spikeri Vladimir Ştıqaşev torpaq iddiaları ilə bağlı səsləndirdiyi fikirlərə görə Qazaxıstandan üzr istəyib. "Axar.az" xəbər verir ki, Ştıqaşev baş verənlərdə media nümayəndələrini təqsirli bilib. Onun yaydığı bəyanatda aşağıdakı sözlər yer alıb: "Fikrimin təhrif olunması və çoxmənalı alınması səbəbindən dərin təəssüf edirəm. Media nümayəndələri məsələyə münasibətimi interpretasiya edib. Mən çoxmillətli uşaq evində böyümüşəm. Bu, müharibədən sonrakı illərə təsadüf edir. Həmin dövrdən etibarən başqa xalqların təmsilçiləri ilə dostluğum hələ də davam edir. Ümumi dil tapmaqla bir-birimizin adət ənənəsini öyrənirdik. Sadəcə, mən Rusiya, daha sonra isə SSRİ sərhədlərinin belə dəyişməsinə təəssüflə fikrimi bildirmişəm. Ancaq heç bir dövlətə, o cümlədən də Qazaxıstana qarşı torpaq iddiası ilə çıxış etməmişəm. Onlar bizim müttəfiq və qonşularımızdır. Təəssüf ki, fikirlərim yanlış istiqamətə yozulub. Əgər mən sözlərimlə kimlərinsə heysiyyətinə toxunmuşamsa, üzr istəyirəm". Xatırladaq ki, iki gün öncə Ştıqaşev Qazaxıstana qarşı topaq iddiası ilə çıxış etmişdi.
2014-04-13
14,422
Çeçen desantları Şimal Qütbünə yerləşdirildi
Şimal Qütbündə Çeçen Respublikasının bayrağı dalğalanmağa başlayıb. "Axar.az" xəbər verir ki, bayraq Çeçenistan qəhrəmanlarının şərəfinə ucaldılıb. Qeyd edək ki, sözügedən xəbəri Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov sosial şəbəkədə paylaşıb. Onun fikirlərində deyilir: "Mən bu tarixi günlə əlaqədar sizin hər birinizi təbrik edirəm. Şəxsi göstərişimlə köməkçim Danil Martınovu Şimal Qütbünə göndərdim. Onun qarşısında iki məsələ qoyulub. Onlardan biri Əhməd Hacı Kadırovun və Çeçenistan qəhrəmanlarının şərəfinə bayraq ucaldılmasıdır. İkinci tapşırığım isə qütbdə çeçen və rus xüsusi təyinatlılarının birgə təlimlərini keçirməkdir. Hər iki tapşırığım yerinə yetirilib. Bu barədə Martınov mənə telefonla hesabat verdi". Kadırov əlavə edib ki, yaxın vaxtlarda çeçen desantı və instruktorları qütbdə geniş təlimlərə start verəcəklər. Onlar Arktikanın sərt iqlimində 50 km məsafəni qət etməli olacaqlar.
2014-04-13
14,423
Moskvada daha bir azərbaycanlı öldürüldü
Moskvada azərbaycanlı ölüdürülüb. Hadisə Moskvanın cənub-şərqində baş verib. Ənvər Həsənovun güllələnmiş meyiti maşında Novomarinsk küçəsində, 38 nömrəli ev yaxınlığındakı maşında tapılıb. Moskva polisinin mətbuat xidməti ölüm faktını təsdiqləyib. Hadisə araşdırılacaq. Hadisə yerində operativ qrup işləyir. İlkin məlumatlara görə, kişi odlu silahdan baş və kürəyindən güllələnib. Cinayətkarlar 52 yaşlı həmyerlimizi özünün "Mercedes" markalı avtomobilini idarə edərkən vurublar (ANS).
2014-04-13
14,424
3 nazir İlham Əliyevə hesabat verdi - Yenilənib/Foto
Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. "Axar.az" prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı iclasda nitq söyləyib. Prezident İlham Əliyev giriş nitqində 2014-cü ilin birinci rübündə də ölkəmizin dinamik inkişaf etdiyini, iqtisadiyyatın 2,5 faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin yüksəldiyini, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisinin çoxaldığını bildirib. Ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyini, sosial məsələlərin həllinin diqqət mərkəzində saxlandığını, əhalinin banklardakı əmanətlərinin 20 faizdən çox artığını deyən dövlətimizin başçısı orta aylıq əmək haqqının da təxminən 7 faiz yüksəldiyini vurğuladı, valyuta ehtiyatlarının çoxalaraq hazırda 53 milyard dollar təşkil etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin əsas iqtisadi parametrləri çox müsbətdir və bu mənzərə gələcəyə nikbinliklə baxmağa imkan verir. Birinci rübdə əhalinin tibbi müayinədən keçməsi ilə bağlı proqramın uğurla icra olunduğunu, son iki ayda dörd milyon insanın bu müayinədən keçdiyini deyən dövlətimizin başçısı üçüncü regional, o cümlədən Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət proqramlarının əhəmiyyətindən danışdı. İlin ilk üç ayında sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlərin görüldüyünü deyən Prezident İlham Əliyev Azərbaycanda investisiya mühitinin yüksək səviyyədə olduğunu, daxili investisiyaların xarici sərmayələri üstələdiyini bildirdi. Dövlət başçısı deyib ki, indi Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bundan əlavə, ilin birinci rübündə Azərbaycan dünyada öz mövqelərini daha da möhkəmləndirib. "Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır və beynəlxalq hüquqa, ədalətə söykənir", - deyən dövlətimizin başçısı bütün bunların ölkəmizə böyük rəğbət yaratdığını qeyd etdi. İlin əvvəlindən etibarən xaricə səfərlərində, iştirak etdiyi beynəlxalq tədbirlərdə bir daha Azərbaycana verilən yüksək önəmin şahidi olduğunu qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda görüşlərin də səmərəli keçdiyini vurğulayıb. Prezident Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib ki, Ermənistana qarşı çoxdan sanksiyalar tətbiq olunmalı idi. Çünki Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, etnik təmizləmə siyasəti aparmış, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozub, Xocalı soyqırımını törədib. Prezident İlham Əliyev güclü ordunun yaradılması istiqamətində tədbirlərin davam etdirildiyini, ordumuzun müasir silah-sursatlarla təchiz olunduğunu bildirdi. Prezident İlham Əliyev yekun nitqində sosial infrastruktur layihələrinin icrasının davam etdirilməsi, xarici investisiyaların ölkəmiz üçün prioritet təşkil edən sektorlara yönəldilməsi, sahibkarlığın inkişafına dəstəyin artırılması, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqlarını verib. Dövlətimizin başçısı yaxın vaxtlarda kənd təsərrüfatında islahatların daha da dərinləşdirilməsi üçün yeni Sərəncamın veriləcəyini bildirdi. Ölkədə əhalinin sayının 9 milyon 500 min nəfərə çatdığını deyən Azərbaycan Prezidenti qeyri-neft sektorunun və sənayenin inkişafı ilə bağlı layihələrin icra edildiyini söyləyib. İlham Əliyev qeyd edib ki, yaxın vaxtlarda Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə veriləcək. Bundan əlavə, paytaxtın gözəlləşdirilməsi, şəhər nəqliyyatının vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək. Görülən tədbirlər ordu quruculuğunu da əhatə edəcək, bu sahədə infrastruktur layihələrinin icrası, o cümlədən Qarabağ müharibəsi əlillərinin və veteranlarının problemlərinin həlli diqqət mərkəzində olacaq. Prezident İlham Əliyev neft-qaz sektorunda işlərin yüksək səviyyədə aparıldığını, TANAP və TAP layihələrinin icrasına başlandığını bildirdi, ətraf mühitin qorunması və ağacların qanunsuz kəsilməsinə dair hərəkətlərə son qoyulması ilə bağlı tapşırıqlarını verdi. Bu il ilk Avropa Oyunlarına hazırlıqla bağlı ölkəmizin həlledici mərhələyə daxil olduğunu deyən dövlət başçısı Azərbaycanın bu beynəlxalq idman tədbirini Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmində olduğunu vurğulayıb. Sonra vergilər naziri Fazil Məmmədov, energetika naziri Natiq Əliyev, təhsil naziri Mikayıl Cabbarov çıxış ediblər.
2014-04-13
14,425
Zəvvarlarımızı Kərbəlaya aparan avtobus yandı: 41 yaralı
Azərbaycanlı zəvvarları İraqın Kərbəla şəhərinə ziyarətə aparan avtobus İranın Ərdəbil əyalətində yanıb. Hadisə nəticəsinə sərnişinlərdən 41 nəfəri xəsarət alıb. Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan deyib. Derəxşan deyib ki, avtobusda yanğın yerli vaxtla saat 03:35 radələrində Ərdəbil şəhərindən Zəncan istiqamətinə hərəkət edərkən baş verib. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan dörd nəfərinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib, 37 nəfər isə yüngül xəsarət aldıqları üçün ambulator müayinə olunublar (ANS). 15:39 İranın xarici işlər nazirinin Ərdəbil əyalətindəki nümayəndəsi Bəhruz Zae Mirzae bildirib ki, yanmış avtobusda 29 Azərbaycan vətəndaşı olub, onlar da Məşəd ziyarətindən vətənə qayıdırmışlar. Onun sözlərinə görə, yanğın nəticəsində ciddi xəsarət alanlar arasında azərbaycanlılar yoxdu, ancaq 9 Azərbaycan vətəndaşının xarici pasportu yanıb. Mirzae bildirib ki, pasportu yanmış şəxslərin vətənə qayıdması üçün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə müvafiq işlər görülür. İranın xarici işlər nazirinin Ərdəbil əyalətindəki nümayəndəsi bildirib ki, Azərbaycanlı zəvvarlar üçün avtobus tutulub və yaxın zamanda onlar Azərbaycan sərhədini keçəcəklər ( Trend ).
2014-04-13
14,426
Ermənistana keçən azərbaycanlı peşman olub
Ailəsi ilə birlikdə Ermənistanda sığınacaq almış Bakı sakini Cavid Orucov Azərbaycana qayıtmaq arzusundadır. Üçüncü ölkəyə mühacirət etmək məqsədilə yanvar ayında həyat yoldaşı və üç kiçik yaşlı uşaqları ilə Gürcüstandan Ermənistan sərhədini keçən Cavid artıq peşman olub. Ermənistanda üzləşdiyi problemlər, daha doğrusu kasıbçılıq, işsizlik, pulsuzluq, pis yaşayış şəraiti və təhlükəsizliyin təmin olunmaması onu bu qərara gəlməyə vadar edib. Azərbaycanı bəyənməyib Avropa ölkələrinin birində gözəl həyat arzusu ilə Ermənistana üz tutan Orucovlar ailəsinin gözləntiləri özünü doğrultmayıb. Orucovlar ailəsi hal-hazırda qaçqınlar yataqxanasında yaşayır və BMT Qaçqınlar Komissarlığının başqa ölkəyə köçürülməsi haqqında qərarını gözləyir. Cavid Orucov BBC Azərbaycancanın İrəvandakı müxbiri Aleksey Manvelyana müsahibəsində vəziyyətindən heç də razı olmadığını bildirib: "Qaçqınlar üçün mərkəzində yaşayırıq. Əsasən Suriyadan, Afrika ölkələrindən gələn qaçqınlardı burada. İrəvanda sərbəst gəzirəm yoldaşımla. Bir az qorxumuz var, cinayətkar xalqdan qorxuram. Bizim təhlükəsizliyimiz təmin olunmayıb burada. Qaçqın olaraq da heç bir yardım olunmur. Öz hesabıma dolanıram. Nə aylıq hesab görürəm, nə də bir qəpik. Bütün qaçqınlar öz hesablarına yaşayırlar. Kömək edən yoxdur. Qaçqınların məsələlərinə baxan idarəyə getdim, qapıdan içəri buraxmadılar. Belə yaşamaq çətindi. Belə getsə ailəmi Ermənistan hökumətinə tapşırıb, özüm Azərbaycana qayıdacam. Burada işləyə də bilmərəm. Ümumiyyətlə burada bizimlə maraqlananlar yoxdu. Hələ pasport da almamışıq..." (ANS).
2014-04-13
14,427
Feysbukda “layk” dilənənlərə bəd xəbər
Feysbuk sosial şəbəkəsi öz statusları üçün "layk" istəyən üzvlərini cəzalandıracaq. "Axar.az" xəbər verir ki, bu barədə Feysbuk şirkətinin xəbər portalında məlumat yerləşdirilib. Bunun üçün Feysbuk filtrləmə sistemini tətbiq edəcək. Daha az populyar olan statuslar gizli qalacaq və digər istifadəçilərin səhifələrində görünməyəcək.
2014-04-13
14,428
Sabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Hava gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Temperaturun gecə 6-9° isti, gündüz 15-20° isti, Bakıda gecə 7-9° isti, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 faiz , gündüz 60-70 faiz təşkil edəcək. Azərbaycan rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz olacaq. Temperaturun gecə 5-10° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
2014-04-13
14,429
Günay Musayevanın ərindən Azərbaycana jest
Türkiyədə yayımlanan "Survivor" yarışmasının dünənki efir günündə maraqlı anlar yaşanıb. Səhər yeməyi mükafatını qazanmaq uğrunda mübarizə aparan "Könüllülər" və "Məşhurlar" komandası arasında qızğın mübarizə gedib. Hesab 3:1 "Könüllü"lərin xeyrinə olduqda, sıra "Məşhurlar" komandasında yer alan aktyor Tolqa Karelə gəlib. O, komandası üçün əhəmiyyətli olan ikinci xalı qazandırdıqdan sonra dizlərini yerə qoyaraq sevincini "Azərbaycan" kəlməsi ilə ifadə edib. Daha sonra komandasına 9-cu xalı qazandıran Tolqa Karel yoldaşları ilə söhbətində bir daha Azərbaycanın adını çəkib. O, bu qalibiyyətini oğlu Cahangirə və Azərbaycana həsr etdiyini vurğulayıb: "Oğlum Cahangirim üçün, Azərbaycan üçün, qardaş ölkəm üçün". Xatırladaq ki, aktyor Tolqa Karel azərbaycanlı model Günay Musayeva ilə evlidir və bir oğlu var ("Axsam.az").
2014-04-13
14,430
Şirvanda ər arvadını vəhşicəsinə öldürdü
"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Şirvan şəhər Polis Şöbəsindən verilən məlumata görə, bu gün səhər saatlarında Şirvan şəhəri Neftçilər küçəsi ev 27-də qətl hadisəsi baş verib. Həmin evdə yaşayan 1967-ci il təvəllüdlü Cavidi Mübariz Sadiq oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1972-ci il təvəllüdlü Cavidi Xoşbəxt Firudin qızını bıçaqla qətlə yetirib. Mübariz Cavidi qətli törətdikdən sonra özünə qəsd etmək məqsədi ilə çoxlu miqdarda dərman həbləri qəbul edib. Hal-hazırda o, Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətəndirilir. Qətlin səbəbləri istintaq orqanları tərəfindən araşdırılır. Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
2014-04-13
14,431
Milis idarəsini tutanlar rus xüsusi təyinatlıları olub - Şok
"Rus xüsusi təyinatlılarına qarşı keçirilən əməliyyatda döyüş vertolyotları, eləcə də qumbaraatanlardan istifadə olunub". "Axar.az" xəbər verir ki, bu barədə Aleksandr Briqineç özünün Feysbuk səhifəsində yazıb. Briqineç şahidlərə istinadən bildirib ki, artıq Slavyansk Şəhər Soveti və milis idarəsinin binaları azad edilib. "Hazırda döyüşlər şəhərin kənarındakı blok-postlarda aparılır. Əməliyyatın əsas hissəsini Təhlükəsizlik Xidmətinin anti-terror mərkəzinin əməkdaşları həyata keçirir", - deyə Briqineç yazıb.
2014-04-13
14,432
Ermənistanın yeni baş naziri məlum oldu
Ermənistan prezidenti Serj Sərkisyan qanunverilik orqanının iclası zamanı ölkənin yeni baş naziri – Ovik Abramyanı təqdim edib. "Axar.az" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov məlumat verib. Qeyd edək ki, aprelin 3-də Ermənistanın baş naziri Tiqran Sərkisyan öz postundan istefa vermişdi.
2014-04-13
14,433
İsmayıl Ömərov İTV-yə 12 milyon köçürüb - İddia
Aprelin 13-də Bakının Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında ucaldılan çoxmərtəbəli binanın sakinləri yol bağlayaraq aksiya keçirdilər. Sakinlərin etiraz aksiyası keçirməsinə səbəb isə 2005-ci ildə ev aldıqları "Fateh-N" MTK şirkətinin rəhbərliyinin binanı yarımçıq qoyaraq ölkədən qaçması idi. Təxminən 50-yə yaxın bina sakini yaxınlıqdakı yolu bağlayıb, tikinti şirkətinin rəhbərliyində təmsil olunan şəxslərin əraziyə gələrək onlarla görüşməsini tələb etdilər. "9 ildir araşdırırlar" 2005-cı ildə "Fateh-N" MTK-dan nağd pul verib ev aldığını deyən Sabirabad rayon sakini Azər Adıgözəlov "Yeni Müsavat"a bildirdi ki, 9 il keçməsinə baxmayaraq binada heç bir iş aparılmayıb: "10 ildən çoxdur ki, mən kirayələrdə sürünürəm. Digərləri kimi mənə də, dedilər ki, narahat olmayın, 2006-cı ilin dekabrında binanı tikib təhvil verəcəyik. İki il keçdi gördük heç bir iş aparılmır. Məcbur olub öz hesabımıza otaqları təmir edib, evimizə yığışdıq. Sakinlər öz hesabına binaya su və işıq çəkdilər. Ötən bu müddət ərzində isə binanı tikən səhmdarlar bizə ancaq quru vəd verdilər. Günü aya, ayı da ilə caladılar. Nəticəsi də göz qarşısındadır. 296 ailə 9 ildir ki, yarımçıq binada ağır şəraitdə yaşayır". A.Adıgözəlovun sözlərinə görə, sakinlər bir neçə dəfə yolu bağlayıb, aksiya keçiriblər: "Yeni Müsavat" qəzetində bizim aksiyamız işıqlandırıldıqdan sonra bir-iki maşın bura daş və qum boşaldıb başımızı aldatdılar ki, narahat olmayın binanı tezliklə tamamlayacağıq, heç yerə şikayət etməyin. Amma yenə də verdikləri sözə əməl etmədilər. Binanı yiyəsi yoxdur. Camaatdan milyonları yığıb qaçıb gediblər. Bakının Mərkəzində belə bir fırıldaqçılıq görünməyib. Hara müraciət edirik, oxşar cavabla qarşılaşırıq. Rəsmi dövlət qurumları 9 ildir ki, ard-arda yazdığımız məktublara "şikayətiniz araşdırılır" deyə cavab yazıb göndərir. Tikinti şirkətinin adı var, səhmdarların adı məlum, pulumuzu alıb qaçanı da tanıyırlar, 9 ildir ki, nəyi araşdırırsınız ?". "Mahir Kərimov niyə həbs olunmur?" Aksiya keçirən bina sakinləri bildirdilər ki, "Fateh-N" MTK-nın səhmdarlarından olan Mahir Kərimov adlı şəxs nədənsə məsuliyyətə cəlb olunmur: "Niyə hüquq-mühafizə orqanları 296 ailəni aldadan bu fırıldaqçılarla bağlı tədbir görmür? Binadakı mənzilləri satanda Mahir Kərimov ofisinin qapılarını taybatay açmışdı. İndi qapısını qıfıllayıb qaçıb. Televiziyalarda barbar bağırırlar ki, biz korrupsiya ilə mübarizə aparırıq. Bundan böyük korrupsiya var? 296 ailəni aldadıb, pulunu mənimsəyib qaçıblar. Niyə araşdırmırlar? Mahir Kərimovu tapmaq hüquq-mühafizə orqanlarının əlində yarım saatlıq işdir. Bu adam kimdirsə dövlətin güc strukturları ondan əməlli-başlı qorxur və çəkinir". "Telekanallar gəldi çəkdi, İsmayıl Ömərov tapşırdı və efirə vermədilər" Bina sakinləri qeyd etdilər ki, "Fateh-N" MTK-nın səhmdarlarında biri İctimai Televiziyanın (İTV) sabiq sədri İsmayıl Ömərovun qardaşı Ələsgər Ömərov olub. Onların sözlərinə görə, Ələsgər Ömərov rəhmətə gedəndən sonra tikinti şirkətində qardaşına aid səhmlərə İsmayıl Ömərov sahiblənib. Samir adlı bina sakini deyir ki, ölənin arxasınca danışmırıq, ona yalnız rəhmət diləyirik. Amma, qəzetlər yazandan sonra İsmayıl Ömərov çıxıb dedi ki, nə özü, nə də qardaşı tikinti biznesi ilə məşğul olub. Sual olunur, bəs niyə biz televiziya kanallarını çağırıb çəkiliş aparanda, o telekanal rəhbərlərinə sujeti efirə verməməyi tapşırıb? Əgər sən bina tikmirsənsə və bu işdə zərrə qədər marağın yoxdursa, niyə xəbəri efirə getməyə qoymursan? İTV-dən ayrılmadan öncə İsmayıl Ömərov şirkətin payçılarından aldığı 12 milyon manat pulu Hesablama Palatasının İTV-də yoxlamaları zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətinin büdcəsinə köçürüb. İndi səhmdarlar deyir ki, İsmayıl Ömərov gətirsin, 12 milyonu versin biz də binanı tikək". "Qarpızın özəyini yeyən qıraqda qalıb, qabıq yeyənin üstünə düşmüşük" "Mahir Kərimov heç kimdir. Bu şirkətin digər səhmdarları da var. 9 ildir, vəd verirlər ki, tikiləcək. Bütün dövlət qurumlarına müraciət etmişik. Binanın tikintisinə icazə verən dövlət qurumları yaxalarını çəkib durub bir kənarda... Bizi günahlandırılar ki, niyə tam istifadəyə verilməyən binadan ev alıb, yaşayırsınız. Bəs neyləyək? Biz ev alanda bir ilə binanı tikib təhvil verəcəklərini demişdilər, indi həmin söhbətin üstündən 9 il keçir. 9 il kirayədə qalmaq olar?" Bu sözləri qəzetimizə aksiyada iştirak edən bina sakini Rasim Şirinov söylədi. Onun sözlərinə görə, 9 ildir ki, susuz və işıqsız qalıblar: "Həyətdən evimizə su daşıyırıq. İmkanı olan da su motoru çəkdirib. Qışda su boruları partlayıb. Hazırda binanın zirzəmisi su ilə dolub. Xətai Rayon İcra Hakimiyyətindən bir dəfə belə olsun, gəlib maraqlanmayıblar. Bu binanın həyətinə durmaq belə təhlükəlidir, nəinki yaşamaq... Vaxtı ilə dollarları cibinə basan səhmdarlar lazımdır, bizə... Qarpızın özəyini yeyən qalıb bir kənarda, qabıq yeyəndən yapışmışıq". Sakinlərin problemləri ilə bağlı binanın birinci mərtəbəsində yerləşən "Fateh-N" MTK-nın yerləşdiyi ofisin qapısını döysək də açan olmadı. Eyni zamanda məsələ ilə bağlı İsmayıl Ömərovun da mövqeyini almağa çalışdıq. İ.Ömərov çoxsaylı zənglərimizə cavab vermədi. Mövzu ilə bağlı qarşı tərəfinə də mövqeyini öyrənib, dərc etməyə hazırıq ("Musavat.com"). P.S. Qeyd edək ki, İTV-nin illik büdcəsi 12 milyondan bir az artıqdır. İllik büdcəsi qədər vəsaiti İsmayıl Ömərovun İctimai Televiziyanın büdcəsinə köçürməsi inandırıcı olmasa da, narazı sakinlərin dediklərini olduğu kimi saxladıq.
2014-04-13
14,434
Ukraynadakı hadisələr hələ yeni başlayır - Blyuminov
"Pandorranın qutusunu açanlar qoy sonrakı nəticələrdən heyrətlənməsinlər". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə ukraynalı politoloq Aleksey Blyuminov öz Feysbuk səhifəsində çıxış edib. O, artıq Ukraynada hər şeyin ən pis ssenari üzrə davam etdiyini bildirib: "Hər şey ən pis ssenari üzrə gedir. Kiyev artıq müharibəni başlatmağa yaxındır. Artıq ölənlər var. Slavyansk şəhərinin meri Ştepa qaçmaq məcburiyyətində qalıb. Etirazlar isə artıq Mariupola yayıldı. Hansı ki, burada yüzlərlə insan meriyanı ələ keçirib. Bu, yalnız başlanğıcdır. Pandorranın qutusunu açanlar qoy sonrakı nəticələrdən heyrətlənməsinlər". Qeyd edək ki, bundan öncəki açıqlamasında politoloq ölkənin hazırkı gedişatla vətəndaş müharibəsindən yan keçə bilməyəcəyini söyləmişdi.
2014-04-13
14,435
“Arxa küçənin oğlanı” evləndi - Foto
Məşhur Amerikalı qrup "Backstreet Boys"un ən sevilən üzvlərindən biri Nik Karter ailə həyatı qurub. "Axar.az" xəbər verir ki, Nik uzun müddətdir sevgili olduğu Lauren Kitlə evlənib. Toy ABŞ-ın Kaliforniya ştatında çox sadə formada təşkil edilib. Gəlin Lauren Kit toyunda bel dekolteli gəlinlik geyinib. Gənc qızların sevimlisi Nik isə şux kostyumu ilə diqqət çəkib. Toyda cütlüyün ailə dostları və "Backstreet Boys" qrupunun üzvlərindən olan Hovn Dorog iştirak edib.
2014-04-13
14,436
Ermənilər daha bir terror təşkilatı yaratdı
Xaricdə türk diplomatlarını qətlə yetirən ASALA terror təşkilatının oxşarı yaradılıb. Bu barədə Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy açıqlama verib. O bildirib ki, ABŞ-dakı erməni diasporası artıq təşkilatı yaratmaq üçün fəaliyyətə keçib. Gülbəy qeyd edib ki, Suriyanın Kəsəb qəsəbəsində yaşayan erməniləri qorumaq üçün bu təşkilatın xüsusi təlim görmüş dəstələrindən istifadə olunur: "Ermənistan mətbuatı sözdə Dağlıq Qarabağ parlamentinin millət vəkili, Qarabağ müharibəsində komandir kimi iştirak edən Vahan Badasyanın Suriyanın Kəsəb qəsəbəsinə yüzlərlə erməni könüllüsünün göndərdiyini yazır. Amerikada fəaliyyət göstərən erməni diasporu ASALA-nın yerinə yaradılan Neo-ASALA-ya Suriyada erməniləri qorumaq adı ilə xüsusi təlim keçirlər. Erməni Neo-ASALA-sı Suriyadakı düşərgələrdə silahdan istifadə qaydalarını, snayper, yollara mina yerləşdirmək və uzaqdan idarə olunan minaların istifadəsi qaydalarını öyrənirlər". Göksəl Gülbəy bir neçə il bundan öncə Türkiyə və Azərbaycan Xarici İşlər Nazirliklərinə ünvalanan ASALA imzalı təhdid məktublarının Neo-ASALA tərəfindən göndərildiyini iddia edib("Anspress.com").
2014-04-13
14,437
Misirdə hamilə qadınlar doğumdan sonra asılacaq - Şok
Misir hökuməti edama məhkum edilmiş hamilə qadınları doğumdan 2 ay sonra edam edəcək. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aksiyalara qoşulan 529 nəfər uydurma qərarla asılacaqları günü gözləyirlər. Asılması gözlənilənlərdən ikisi hamilə qadındır. Aksiyalarda iştirak edən və hazırda mühakimə edilən 18 yaşından kiçik uşaqlar isə 15 il həbs yatdıqdan sonra edam ediləcək. Bundan başqa, Misirdə edam edilməsi gözlənilənlər arasında qadınlar, gənclər və uşaq yaşda olan tələbələr də var. Sorğusuz-sualsız nəzarətə alınan uşaqların hər cür işgəncəyə məruz qaldığı da bildirilir.
2014-04-13
14,438
Türkiyə Mossad agentlərinə yardım edir - İddia
"Türkiyə İsrail kəşfiyyat orqanlarına məlumat ötürür". "Axar.az" xəbər verir ki, bu iddia İran mətbuatı çıxış edib. Mətbuat Türkiyənin İsrail agentlərinə Suriyaya rahat girməsinə şərait yaratdığı bildirib: "Türkiyə, Səudiyyə Ərəbistan və Qətər Suriyadakı terroçulara böyük dəstək verir. Üstəlik Suriyada Əsədə qarşı istifadə olunan silahların əksəriyyəti də Türkiyədən gəlir. Hər üç ölkə həmçinin bölgədəki terrorçulardan İsrail agentlərinə dəstək verməsini istəyir. Onlara məlumat ötürməklə yanaşı rahat çalışmaları üçün də "xüsusi masalar" yaradılır".
2014-04-13
14,439
Türkiyə boğazlar üzərində hakimiyyət sahibi deyil - Video
"Montrö müqaviləsi əsasında boğazların sanki Türkiyənin malı kimi göstərilməsi boş şeydir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Məhmət Hakan Sağlam çıxış edib. O, Türkiyədə indiyə qədər bu müqavilənin bayram kimi qəbul olunmasının məntiqsiz olduğunu deyib: "Türk televiziyası tarixində bunu mən açıqlayıram. Montrö müqaviləsi əsasında boğazların sanki Türkiyənin malı kimi göstərilməsi boş şeydir. Montrö Türkiyə Cümhuriyyətinin malı deyil və illərcə bizə bunu bayram olaraq qeyd etdirdilər. Bu müqavilədə bizə verilən hüquqlar bundan ibarətdir. Keçən gəmilərdən heç bir formada pul ala bilməzsən, heç bir gəmiyi saxlayıb axtara bilməz. Yalnız bir halda saxlaya bilər o da ki, gəmidə epidemiya aşkarlanarsa". Qeyd edək ki, Montrö Boğazlar Müqaviləsi 1936-cı ildə 10 ölkə tərəfindən imzalanmışdı. Sözləşmə Türkiyənin boğazlar üzərində hakimiyyətini təsdiqləyirdi.
2014-04-13
14,440
Rusiyayla Azərbaycan qarşı-qarşıya gələcək - Şok iddia
"Ukrayna hadisələrindən sonra hədəfdə Azərbaycandır". "Axar.az" xəbər verir ki, bu iddia ilə Polşa mətbuatı çıxış edib. Mətbuat Rusiyanın son günlər Qafqaz istiqamətində aktivliyinə diqqət yetirib: "Rusiyanın Ukraynadan sonra Qafqaza yönələcəyi əvvəlcədən təxmin edilirdi. Çünki yalnız bununla bütün xanalardakı daşlar yerinə oturmuş olur. Ruslar Ukraynanın şərqində aktivliyi artırırlar, amma digər bir tərəfdə isə münaqişə zonası olan Qarabağa tanklarını yeridirlər. Rusiya mətbuatı isə həmişəki kimi eks-sovet ölkələrinə qarşı hücuma keçib. Bu hələ başlanğıcdır. Əvvəllər Ukraynaya yönəlmiş sözlər indi Azərbaycana tərəf istiqamətlənəcək. Bu müdaxilənin hərbi formada olması istisnadır. Azərbaycana giriş çox çətin olacaq. Amma bu ölkəni ağır sınaqlar gözləyir"
2014-04-13
14,441
Baş nazir çıxış edərkən elektrik kəsildi
Ərdoğan, Diyanət İşləri Başqanlığı tərəfindən təşkil edilən, "Müqəddəs Doğum Həftəsi" proqramında çıxış edən zaman elektrik enerjisi kəsilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Sinan Ərdəm adına stadionda baş verib. Baş nazirin proqramda çıxışı zamanı mərasim keçirilən salonda elektrik enerjisinin kəsilməsi ucbatından Ərdoğan çıxışına bir müddət ara verib. Bu məqamda isə salonda əyləşən tamaşaçılar "Rəcəb Tayyib Ərdoğan" və "Türkiyə səninlə qürur duyur" şəklində şüarlar səsləndiriblər.
2014-04-13
14,442
Ukrayna Xarkovda da nəzarəti itirdi - Son dəqiqə
Xarkovda şəhər meriyası Rusiya yönümlü qüvvələr tərəfindən ələ keçirilib. "Axar.az" xəbər verir ki, bu informasiya Ukrayna mətbuatı yayıb. aMətbuat meriyaya hücum edənlərin bıçaq və dəyənəklərlə silahlandığını yazıb. Onların polislərin müqavimətini qırdıqları bildirilib. Artıq Xarkov meriyasının tam olaraq etirazçıların nəzarətində olduğu qeyd edilib.
2014-04-13
14,443
Amerikalı iqtisadçı: "ABŞ dünya liderliyini itirib"
"ABŞ-ın Rusiyaya qarşı etdiyi həmlələr NATO üzvü olan dövlətləri çətin vəziyyətə qoyub". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın keçmiş xəzinadarı, iqtisadçı Paul Kreiq Roberts çıxış edib. O, rəsmi Vaşinqtonun Ukraynada etdiyi diqqətsiz həmlələrin Avropa dövlətlərini qorxulu bir məqama itələdiyini deyib: "Vaşinqtonun Ukraynadakı diqqətsiz həmləsi və Rusiyaya qarşı fəaliyyət təhdidi NATO-nun üzvü dövlətləri təhlükəli bir məqama gətirib. Vaşinqton digər dövlətlərin güvənini o qədər pis şəkildə zədələyib ki, artıq dünya onun liderliyinə olan inamını itirib"
2014-04-14
14,444
Ukrayna hücuma keçdi: "Ölkənin şərqinə ordu yeridilir"
21:17 "Ukrayna ordusu ölkənin şərqindəki anti-terror əməliyyatlarını həyata keçirəcək". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti yerinə yetirən Aleksandr Turçinoc çıxış edib. O artıq bununla bağlı Təhlükəsizlik Şurasının qərar qəbul etdiyini söyləyib: "Biz Milli Təhlükəsizlik Şurasında Silahlı Qüvvələrin də iştirakı ilə geniş miqyaslı anti-terro əməliyyatlarının başlanılması haqqında qərar qəbul etdik. Biz Rusiyaya Krım ssenarisini Ukraynanın şərqində təkrarlamasına izn verməyəcəyik". Qeyd edək ki, artıq bir neçə gündür Ukraynanın şərq vilayətlərində Rusiya meyilli qüvvələrin etirazları keçirilir. Ölkənin şərqindəki bəzi şəhərlərin dövlət administrasiyası etirazçıların nəzarətinə keçib. Ukraynanın Baş Prokurorluğu ölkənin şərqindəki hadisələrin əsas təşkilatçılarının Rusiyanın Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olduğunu bildirib. 00:28 "Aleksandr Turçinov separatçılara bu gün səhər saat 11-ə kimi vaxt verib. Separatçılar təyin olunan vaxta kimi silahlarını təhvil verib, binaları tərk etməyəcəkləri təqdirdə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Qurumu ilə Ukrayna Silahlı Qüvvələri geniş çaplı antiterör əməliyyatına start verəcək". "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Aleksandr Turçinov televiziya ekranlarından xalqa səslənişi zaman deyib.