date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-04-30
16,223
Sumqayıtlılar Şuşanı yad etdilər - Foto
Sumqayıtda Hüseyn Ərəblinski adına Musiqili Dram Teatrında "Şuşanı xatırlayarkən" adlı bədii ədəbi kompozisiya təqdim olunub. "Axar.az" xəbər verir ki, Teatrın aktyor heyəti tərəfindən yüksək səviyyədə hazırlanan tamaşada Şuşa tarixinə ekskursiya olunaraq erməni işğalı və bugünkü Azərbaycan barədə fikirlər səsələndirilib. Tədbirdə Şuşanın görkəmli şəxsiyyətləri barədə də səhnələr göstərilib, vətənpərvərliklə bağlı mahnılar ifa olunub və şeirlər səsləndirilib.
2014-04-30
16,224
Bakının mərkəzində kişi özünü yandırmaq istədi
Bu gün saat 12:30 radələrində Bakıda Mərkəzi Univermağın qarşısında kişi inthara cəhd edib. Məlumata görə, 35-40 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib. Lakin polislərin müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb. İntiharın səbəbləri barədə hələlik məlumat almaq mümkün olmayıb./Trend/
2014-04-30
16,225
Vəkili Leyla Yunusun villasından və pulundan danışdı
"Əvvəl qoy əziyyət çəkib, Leyla Yunusun xaricdə əmklakını müəyyən etsinlər, sonra da həmin əmlaklar üzərinə həbs qoyarlar və ya dondurarlar". Bu sözləri hüquq müdafiəçisi Leyla Yunus ətafında baş verənlərə münasibət bildirən vəkil Xalid Bağırov "Axar.az"a dedi. Xalid Bağırov Leyla Yunusun bankda külli miqdarda pulunun dondurulması və onun xarici ölkədəki evinə həbs qoyulması barədə Baş Prokurorluğun yaydığı məlumatdan danışarkən bildirdi ki. bunlar hələ müəyyənləşməyib: "Kim Leyla xanımın külli miqdarda pulunun olmasını müəyyən etdi? Hələ əvvəlcə müəyyənləşdirsinlər ki, onun xaricdə evi var, bankda külli miqdar pulu var, sonra həbs qoyarlar. Xatırladaq ki, Leyla və Arif Yunuslar erməni kəşfiyyatı ilə işləməkdə şübhəli bilinərək həbs edilən tanınmış journalist Rauf Mirqədirovun işi ilə bağlı açılan cinayət işinin istintaqına cəlb ediliblər. Yunus ailəsi ilə bağlı Baş Prokurorluğun yaydığı məlumatda onların bankdan külli miqdarda pul çıxarmaq istəklərinin qarşısının alındığı, hesablarının dondurulduğu və xarici ölkələrdən birində Leyla Yunusun adına ev (villa) sənədinin aeroportda yoxlama zamanı səfər çantasından aşkarlandığı barədə xəbər əksini tapıb.
2014-04-30
16,226
Elton Məmmədov Adil Əliyevdən şübhələnir?
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov oğlu Aynar Məmmədovun "avtoşluğu" barədə mediada yayılan məlumatları özünə qarşı kampaniya kimi qiymətləndirmişdi. Elton Məmmədov ad çəkməsə də, bu kampaniyanın kim tərəfindən aparılmasının ona məlum olduğunu bildirmişdi. Elton Məmmədov bu məsələdə əsasən deputat həmkarı Adil Əliyevdən şübhələnir. Qeyd edək ki, Adil Əliyev bir müddət əvvəl facebook səhifəsində Elton Məmmədovun digər oğlu Elnur Məmmədovu tənqid etmişdi. Buna səbəb isə Elnur Məmmədovun Bakıda kikboksinq turniri keçirməsi olmuşdu. Adil Əliyev bunu Elnur Məmmədovun Azərbaycan Kikboksinq Federasiyasının işinə qarışmaq kimi qiymətləndirmişdi. "Son günlər dostlardan, tanışlardan, jurnalistlərdən mənə xeyli zəng gəlib. Hamısı da eyni sualı verir: 23 fevralda Bakıdakı kikboksinq turnirini kim keçirir? Bir daha rəsmən bəyan edirəm: "K-1" döyüş növü üzrə dünya "Qran-pri yarışları" guppultulu adı verilən qondarma turnirin Azərbaycan Kikboksinq Federasiyası ilə heç bir bağlılığı yoxdur. Nə federasiya, nə də federasiya nəzdindəki idmançılar bu turnirdə iştirak etməyəcəklər. Birincisi, bizi məramı və hədəfi bəlli olmayan turnirə nə dəvət edən, nə də bizimlə məsləhətləşən olub. Deputat həmkarım Elton Məmmədovun oğlu Elnur Məmmədovun keçirdiyi turnur nə etik çərçivələrə, nə də müvafiq qanunlarımıza uyğundur". Elton Məmmədovda Adil Əliyev barədə şübhələrin yaranmasının səbəbi də məhz bu məsələdir. Deputat düşünür ki, həmkarı əlinə düşən fürsətdən istifadə edərək ona və övladlarına qarşı kampaniya aparır. /Azadlıq/
2014-04-30
16,227
ABŞ Gülənlə bağlı suallara susdu: “Danışa bilmərik”
Jurnalistlər ABŞ Dövlət katibliyinin sözçüsü Cen Psakini Fəthullah Gülənlə bağlı sual yağışına tutub. "Axar.az" xəbər verir ki, mətbuat konfransında jurnalistlərin suallarına cavab verən Psaki Fəthullah Gülənin Trükiyəyə verilməsi ilə bağlı sualları cavabsız qoyub. Konfransda iştirak edən jurnalistin "Baş nazir Ərdoğan Fəthullah Gülənin ABŞ-dan ekstradisiya edilməsini istəyəcəyini bildirib. Gülənlə bağlı belə bir rəsmi müraciət varmı?" sualına cavab verib: "Bu mövzuda siyasətimiz ilə bağlı danışa bilmərəm. Təəssüf ki, bu haqda danışa biləcəyimiz çox az şey var". Sözçü "Gülən ABŞ vətəndaşıdırmı?" sualına isə belə cavab verib: "Bu haqda da danışa bilmərəm. Amma ABŞ vətəndaşı olduğunu güman eləmirəm". Qeyd edək ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünən öz açıqlamasında Fətullah Gülənin ABŞ-dan ekstradisiya edilməsini istəyəcəyini bildirmişdi.
2014-04-30
16,228
Zaur Hüseynovun müavini vəzifədən getdi
"Bakı Metropoliteni" QSC-nin rəis müavini Arif Rəsulov tutduğu vəzifədən azad olunub. Bu haqda "Axar.az"a Bakı Metropolitenindəki mənbədən məlumat daxil olub. Məlumatda bildirilir ki, rəis müavini son bir həftə ərzində işə gəlməyib, bu gün isə onun işdən könüllü olaraq çıxdığı barədə məlumat verilib. Bakı Metropoliteninin mətbuat xidməti gün ərzində suallara cavab vermədi.
2014-04-30
16,229
Həbsdə olan admiralın həyat yoldaşı Prezidentə müraciət etdi
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun həyat yoldaşı İradə Sultanova ərinin həbs olunmasına münasibət bildirib. İ.Sultanova açıqlamasında deyib ki, Şahin Sultanovun vəziyyəti qənaət-bəxş deyil: "Tutub saxlayıblar, ancaq deməyə heç bir faktları yoxdur. Şahin heç özü də başa düşmür ki, nə baş verir. İnanın ki, araşdırma aparılıb, hər şey təmizdir. Mən özüm də soruşuram ki, Şahin,nə olub? Deyir ki, özüm də hələ bilmirəm ki, məndən nə istəyirlər. Bütün sənədlərim təmizdir. Özümü güclə saxlamışam, hər gün ağlayıram. Başa düşə bilmirəm ki, mənim həyat yoldaşımdan nə istəyirlər. İki övladım var, neçə gündür ki, atalarının üzünə həsrətdirlər. Allah heç bir anaya, heç bir qadına bu cür günləri göstərməsin. Şahin buna layiq deyil idi. Heç özümüz də bilmədik ki, niyə belə oldu. Elə bil göydən yekə bir daş düşdü. Ayın 1-də Səfər müəllim işdən çıxarıldı, ayın 22-dən sonra isə Şahinə qarşı hücumlar başladı. Şahinə şiddətli töhmət yazdılar ki, niyə sən yeni gəmilər almamısan və pulları dağıtmısan. İnanın ki, Şahin elə adam olmayıb. Dırnağı ilə əziyyət çəkə-çəkə bu vəzifəyə yüksəlib. Hətta, Rusiyadan gələn admirallar baxıb çox təəccüblənirdi. Deyirdilər ki, biz burada 1965-ci ilin gəmilərini qoyub getmişik. Elə bilirdik ki, biz gəlib Azərbaycanda daha o gəmiləri görməyəcəyik. Ancaq halal olsun ki, bu gəmilər bu qədər yaxşı qorunub saxlanılıb. Ruslar gəmiləri görəndən sonra şokda idilər. Qurban olum prezidentimizə ki, Vladimir Putin bura gələndə o da gəlib hər şeyi gözləri ilə gördü. Şükürlər olsun ki, Şahin onların üzünü ağ etdi. Ancaq ayın 22-dən sonra kimlərsə yoldaşıma dedilər ki, daha sən bizə lazım deyilsən. Hərbi limanın tikintisinə baxış keçirəndə Şahin yeni müdafiə naziri Zakir Həsənova dedi ki, mənim işlərim qalıb, çağıran yoxdur və sairə. Zakir Həsənov isə ona dedi ki, sən hələ gözlə, qoy prokurorluq işlərini yekunlaşdırsın, sonra çağıracam. Ayın 22-dən bəri heç kəs Şahini dinləmədi". İ.Sultanova hazırda çox çətin günlər yaşadığını söyləyib: "Yoldaşım tutulandan sonra mən Şahinlə yaxşı münasibətləri olan bir çox dövlət məmuruna və generallara zəng etmişəm. Hamısı da Şahindən razılıq edirlər. Onlar da Şahinin həbsinə çox təəccüblənir. Şahini bir nəfər kimdirsə, həmin o adam şərləyib. Mən Etibar Pirverdiyevlə də telefonla danışmışam. O mənə dedi ki, ürəyini buz kimi saxla, bizim işdə hər şey tər-təmizdir. Mən hələ də inanmıram ki, kimsə Şahinə qarşı çıxsın. Ancaq Şahinə qarşı bütün bunları edən adam kimi mən bir nəfərdən şübhələnirəm. Qurban olaram, Cənab Prezidentimizə və hörmətli Mehriban xanıma. Onlardan bu məsələdə kömək istəyirəm. Bizə kömək olsunlar. Mən artıq bu cür dözə bilmirəm". İ.Sultanova deyib ki, hazırda Şahin Sultanovla oğlu görüşür və ona baş çəkir: "Şahinə vəkil də tutulub. Adəm Məmmədov onun vəkilidir. Yaxın günlərdə isə bu məsələ ilə bağlı mətbuat konfransı keçirilməsi planlaşdırılır. Mətbuat konfransında da Cənab Prezidentə açıq məktubla müraciət olunacaq". Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov bu ilin martında prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. Onu da bildirək ki, Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov aprelin 23-də tutulub. Ş. Sultanov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir./Publika.az/
2014-04-30
16,230
“Rusiya hücuma keçərsə, önündə Amerikanı görəcək”
Amerika Birləşmiş Ştatlarının Ukraynadakı səfiri Ceffri Payetta son hadisələrlə əlaqədar sərt açıqlama verib. "Axar.az"ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, o, hadisələrin bu cür cərəyan etməsinə təəssüfləndiyini bilidirib. Kiyevdə brifinq keçirən səfir qeyd edib ki, əgər Rusiya hərbi hissələri Ukrayna sərhədlərini keçərsə, hadisələr görünməmiş məcrada inkişaf edəcək. Amerka məsələlərə etinasız qalmayacaq, işğala reaksiya verəcək, aqressor önündə Qərb hərbi qüvvələrini görəcək. Jurnalistlərin suallarını cavablandıran Payetta vurğulayıb ki, Rusiya bölgədəki aqressiv siyasətini dəyişməzsə, rəsmi Vaşinqton sanksiyaların təsirini daha da genişləndirəcək. Ukrayna–Amerika hərbi əməkdaşlağına toxunan səfir bəyan edib ki, iki ölkə arasında bu sahədə ilkin razılaşma var və hadisələrin inkişafı sözügedən anlaşmanın tətbiqinin fəlsəfəsini ortaya qoyacaq.
2014-04-30
16,232
İlham Əliyev Libermanı qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanı qəbul edib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub, yüksək texnologiyalar, kənd təsərrüfatı sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2014-04-30
16,233
Çanaqqala boğazı iki ayrı rəngə boyandı
Həddindən artıq yağan yağış üzündən Sarıçaydan dənizə tökülən palçıqlı su Çanaqqala boğazını iki hissəyə bölüb. "Axar.az" xəbər verir ki, Çanaqqala boğazının Anadolu hissəsi palçıq rənginə boyanıb, Avropa hissəsi isə mavi rəngdə qalıb. Gecə boyu davam edən yağış üzündən dağlardan axan palçıqlı yağış suları Sarıçay kanalı ilə dənizə axıb. Palçıq rəngli suyun sürətlə dənizə axması nəticəsində Çanaqqala boğazı iki ayrı rəngə boyanıb. Boğazın müəyyən hissəsini əhatə edən palçıqlı su vətəndaşların və balıqçıların narahatlığına səbəb olub.
2014-04-30
16,234
“Medi Sina” Tibb Mərkəzi nədən bağlanıb?
"Medi Sina" Tibb Mərkəzi iki aya yaxındır ki, təmirə dayanıb. Mərkəz təmirdən sonra fəaliyyətini davam etdirəcək". "Axar.az"ın sözügedən mərkəzdə olan müxbirinin aldığı məlumata görə, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə nəticələnən əməliyyatın həyata keçirildiyi "Medi Sina" Tibb Mərkəzinin fəaliyyəti tamamilə deyil, müvəqqəti olaraq dayandırılıb. Hazırda klinikanın əsas giriş qapıları bağlıdır. Mərkəzin giriş-çıxış üçün istifadə edilməyən arxa qapısından isə xadimələr istifadə edirlər. "Medi Sina" Tibb Mərkəzinin nəzdində olan və onun yaxınlığında yerləşən eyni adlı stomatoloji mərkəz isə fəaliyyətini davam etdirir. Stomatoloji mərkəzin qəbul şöbəsindən də "Medi Sina" klinikasının təmirə bağlandığını təsdiqlədilər. Onların sözlərinə görə, təmir işləri bitdikdən sonra mərkəz yenidən fəaliyyət göstərəcək. Qeyd edək ki, klinikanın 2 aydır təmirə bağlandığı bildirilsə də, heç bir təmir işləri aparılmır. Yaxınlıqda yaşayan sakinlərdən aldığımız məlumata görə, əslində, klinika yenicə təmirdən çıxmışdı: "Sadəcə, bu klinika haqqında əvvəldən mənfi imic formalaşmışdı. Burda işləyən həkimlərin qeyri-peşəkarlığı, səliqəsizlik bu klinikaya müraciətlərin sayını həddən artıq azaltmışdı. Son hadisədən sonra isə ümumiyyətlə "Medi Sina" ölüm yeri olaraq tanınmağa başladı. Görünür, klinika rəhbərliyi də bu səbəbdən onu bağlamaq qərarına gəlib". Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə "Axar.az"a bildirdi ki, "Medi Sina" klinikasının lisenziya müddəti 2018-ci ilə qədərdir: "Səhiyyə Nazirliyi tərəfindən onların fəaliyyətinin dayandırılması ilə bağlı heç bir göstəriş və qərar verilməyib. Özəl müəssisə olduğu üçün necə fəaliyyət göstərmələri onların ixtiyarındadır". Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda, "Göy məscid" kimi tanınan Əjdərbəy məscidinin yaxınlığındakı "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Fakt üzrə 2013-cü il sentyabrın 25-də Nəsimi Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda cinayət işinin istintaqı Bakı Şəhər Prokurorluğunda davam etdirilir.
2014-04-30
16,235
Bakı-Qazax yolunda ağır qəza; ölən var
Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Tovuz rayonunun Qovlar şəhəri ərazisində qeydə alınıb. Qovlar şəhər sakini, 1989-cu il təvəllüdlü Mahir Rzayevin idarə etdiyi "KİA" markalı avtomobillə, Tovuz rayon Düz Qırıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Gülnarə Mehdiyevanın idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub. Qəza nəticəsində "KİA"-da olan 2 sərnişin və sürücü, "VAZ 2107" markalı avtomobildə olan 2 sərnişin xəsarət alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ağır bədən xəsarəti alan, "KİA"-nın sərnişini, 21 yaşlı Kamran Yadigarov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
2014-04-30
16,236
MHP: “Türkiyədəki bu olay Xocalı qurbanlarına sayğısızlıqdır”
"Uşaq vilayətindəki təşkilatımızla, məclis üzvləri ilə görüşdükdən sonra Xocalı abidəsinin üzərindən "soyqırım" sözünün götürülməsi ilə bağlı MHP olaraq mövqeyimizi ortaya qoyacağıq. İstənilən halda MHP bu qərara qarşıdır və bu qərar Xocalı qurbanlarına sayğısızlıqdır". Bu sözləri "Axar.az" a açıqlamasında MHP sədri Dövlət Baxçalının Yerli İdarəçilik məsələləri üzrə yardımçısı və Yozqatdan millət vəkili Sadir Durmaz dedi. O bildirdi ki, həmin bələdiyyənin rəhbərliyi MHP-dən olmadığı üçün qərarı dəyişmək səlahiyyətləri yoxdur: "Uşaq bələdiyyəsi MHP-də deyil. Oranın yerli idarəçiliyini son seçkilərdən sonra AKP həyata keçirir. Buna görə, onların qərarına müdaxilə etmək səlahiyyətimiz yoxdur. Ancaq bu o demək deyil ki, heç bir fəaliyyətimiz olmayacaq. Rəhbərlik olaraq müzakirə edəndən sonra verəcəyimiz qərarları görəcəksiniz". Xatırladaq ki, Uşaq vilayətində Xocalı soyqırımına qoyulan abidənin üzərindən "soyqırım" sözü silinərək, "qətliam" yazılıb. Uşaq bələdiyyəsinin Park və bağçalar şöbəsinin müdiri Evrən Pür "Axar.az"a faktı təsdiqləyib və abidədən "soyqırım" sözünün silinməsi qərarının Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən verildiyini bildirib.
2014-04-30
16,237
“Azərtikinti”nin sədri bu obyekti özəlləşdirdi - Foto
"Azərsənayetikinti" ASC İH-nin sədri Ənvər Əliyev bu müəssisənin səhmlərinin 99,34%-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi olub. İnvestor əsas vəsaitlərin təmiri və ASC-nin fəaliyyətinin bərpasına 180 min manat qoymaq öhdəliyi götürüb. Əmlak Məsələləri Dövlət Komitəsi mətbuat xidmətinin məlumatına görə, 6 ayda Ənvər Əliyev inzibati ərazi, istehsal bazası, maşın və mexanizmləri təmir edəcək. ASC-dən bildirilib ki, müsabiqəyə çıxarılmazdan öncə ASC bütün törəmə strukturlardan qurtulub. Onların hamısı ayrılıqda dövlət başçısının 11 aprel, 2010-cu il tarixli fərmanına uyğun olaraq özəlləşdirilib. Mərkəzi aparat əvvəlcə binanı tərk edib. Orada indi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (S.Əsgərova, 85) yerləşir. Sonra isə Nərimanov rayonunda Xan Şuşinski və Teymur Əliyev küçələrinin kəsişməsindəki kiçik binanı tərk edib. İndi ASC-nin 216 m2 qeyri-yaşayış sahəsi (Aşıq Alı, 7/19) və Nizami rayonunda istehsalat bazası var (2000 m2). SC hazırda Ağdaş və Göygöldə 2 məktəb tikir. "Azərsənayetikinti" ASC 1999-cu ildə mülki və sənaye tikintisi üzrə ən böyük podratçı olan "Azərsənayetikinti" dövlət şirkətinin bazasında yaradılıb. Səhmlərinin 100%-i dövlətdə saxlanılıb. Amma 10 il dövlət idarəçiliyi zamanı ASC-nin maliyyə göstəriciləri pisləşib, tikinti texnikası köhnəlib. "Azərsənayetikinti" ASC-nin nizamnamə kapitalı 84 450 manatdır. Əmək kollektivi (20 nəfər) səhmlərin 0,66%-ə malikdir./Turan/
2014-04-30
16,238
Almanlar Putinlə görüşən Şröyderi topa tutdu
Rusiya Prezidenti Vladimir Putinlə 70 illiyini Sankt Peterburqda qeyd etdiyinə görə Almaniyanın keçmiş kansleri Herhard Şröyder "Qardian" və "Tayms"ın tənqid hədəfinə tuş gəlib. "Axar.az"ın sözügedən media qurumlarına istinadən məlumatına görə, hər iki dərgi Ukrayna hadisələri ilə əlaqədar Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda almaniyalı siyasətçinin bu cür hərəkətini məsuliyyətsizlik və ikrah hissi yaradan hal kimi dəyərləndirib. "Qardian" bilidirib ki, Qərbin öndə gedən simalarından biri Almaniya kansleri Angela Merkelin Moskvaya qarşı tutduğu sərt mövqeyə baxmayaraq, Şröyder onun arxasından müəyyən işlər çevirir, rəsmi Berlinin nüfuzuna zərbə vurur, öz marağını axtarır. Xatırladaq ki, Almaniya hökuməti Şröyder məsələsi ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, keçmiş kanslerin Sankt-Peterburq səfəri ölkəsinin rəsmi mövqeyini əks etdirmir. Putinlə görüş fərdi xarakter daşıyıb. Bu arada "Yaşıllar" Partiyası da Şröyderin hərəkətlərini ciddi tənqid edib.
2014-04-30
16,239
Ermənistan Azərbaycan ərazisində hərbi təlimlər keçirir
Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlərə başlayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, təlimlər Ağdam rayonun işğal altında olan Uzundərə və Şahbulaq dağ massivində ağır artilleriya və zirehli texnikaların iştirakı ilə keçirilir. Təlim zamanı açılan atəş və güclü partlayış səsləri Ağdam rayonu ilə yanaşı, Tərtər , Bərdə və Ağcabədi rayonlarında da eşidilir.
2014-04-30
16,240
Qəzaya düşən polis rəisi vəzifəsinə dönəcəkmi? – Rəsmi
"Xətai Rayon Polis İdarəsinin rəisi Əkbər İsmayılov yaxın günlərdə işinə dönəcək". Bu sözləri "Axar.az"a Daxili İşlər Nazirliyinin mətbuat şöbəsinin rəisi Orxan Mansurzadə Xətai Rayon Polis İdarəsinin rəisi Əkbər İsmayılovun səhhəti ilə bağlı verdiyimiz sualı cavablandırarkən bildirdi. Onun sözlərinə görə, Ə.İsmayılovun vəziyyəti qənaətbəxşdir: "Hər şey qaydasındadır. Hal-hazırda müalicəsini davam elətdirir. Tam sağaldıqdan sonra işini davam etdirəcək". Xatırladaq ki, Ə.İsmayılov aprelin 4-ə keçən gecə "Nobel" prospektində ağır avtomobil qəzasına düşüb və ayağı sınıb. Qəzanın maraqlı tərəfi isə polkovnikin avtomobili özünün idarə etməsi ilə bağlı qeyri-rəsmi xəbərlərdir. Məlumatda bildirilir ki, bu, Daxili İşlər naziri Ramil Usubovun ciddi narazılığına səbəb olub.
2014-04-30
16,241
Əlillərin təqaüdü artırıldı: 7 sərəncam, 1 fərman - Yeniləndi
Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2014-cü il 18 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Dəyişikliyə əsasən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavənin - "Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı"nın VI bölməsinə aşağıdakı məzmunda 4-cü bənd əlavə edilir: "4) Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə." Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək. 16:30 Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə" 2014-cü il 18 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti qanunların və prezidentin aktlarının "Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. Nazirlər Kabineti həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin etməli və Nazirlər Kabinetinə məlumat verməlidir. 19:35 Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə, Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 3,5 manat ayrılması barədə, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncamda qeyd olunur ki, "1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli sərəncamının 1-ci hissəsində təsbit edilmiş Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2014-cü il may ayının 1-dən artırılaraq 100 manat müəyyən edilsin və həmin hissədə "55 (əlli beş)" sözləri "100 (yüz)" sözləri ilə əvəz edilsin". İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında da sərəncam imzalayıb. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında da sərəncam imzalanıb. Sərəncamda qeyd olunur ki, səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin: Abasəliyev Ağa Cəbrayıl Ağasaleh oğlu Abbasova-Budaqova Afaq Nurəhməd qızı Abdullayev Əvəz Baxşəli oğlu Abdullayeva Xurşid Lütfəli qızı Adıgözəlov Yalçın Vasif oğlu Ağaverdiyeva Məsməxanım Aslan qızı Allahverdiyeva Naibə Siyavuş qızı Babayeva İnarə Əhməd qızı Bağırov Viktor Cəmiloviç Bayramov Rafael Əli oğlu Bayramova Aygün Əliqulu qızı Cəbrayılov Elşən Şahin oğlu Cəfərov Cavanşir Xəlil oğlu Cəfərov Samir Qədir oğlu Cəfərova Bəsti Əli qızı Cəfərova Eteri Leonidovna Əhmədov Cəfər Namiq Kamal oğlu Əhmədov Elnur Oruc oğlu Əhmədov Səttar Qafar oğlu Ələkbərzadə Mehriban Zaur qızı Əliyev Əyyub Pənah oğlu Əliyev Rahib Rafael oğlu Əliyev Rahib Seyidağa oğlu Əliyeva Böyükxanım Həsənbala qızı Əliyeva Münəvvər Sabir qızı Əliyeva Samirə Zimirxan qızı Əliyeva Sevinc Əli qızı Əlizadə Əkbər Müzəffər oğlu Əsədova Məleykə Əlifağa qızı Əsgərov Əli Rəhim oğlu Əsgərov Əsgər Əkbər oğlu Əsgərov İlham Təvəkkül oğlu Göyçayev Teymur Ənvər oğlu Hacıəlibəyov Nazim Ənvər oğlu Hacıyev Əli Əli Yusif oğlu Hacıyev İlqar Xəlil oğlu Hacıyeva Sevil İnşalla qızı Haxverdiyev Behruz Əyyub oğlu Həmidov Əjdər Qüdrət oğlu Həşimov Elçin Ləzgi oğlu Həşimova Şahnaz Həsən qızı Həşimzadə Xanlar Allahverdi oğlu Hüseynli Sevinc Qəhrəman qızı Hüseynli Anar Vaqif oğlu Hüseynov Füzuli İsmət oğlu Hüseynov Şövqi Ərəstun oğlu Hüseynova Kamilla Fikrət qızı Hüseynova Kəmalə Müzəffər qızı Hüseynova Nərmin Mətləb qızı Hüseynova Validə Vəli qızı Xanızadə Bəxtiyar Oqtay oğlu Xanlarova Mehriban Aslan qızı Xəlilzadə Rüfət Eldar oğlu İbayev Səbuhi Tahir oğlu İbrahimov Fuad Natiq oğlu İbrahimov Mənsum İsrafil oğlu İbrahimova Şəhla İbrahim qızı İmanova Gülbacı Əliəkbər qızı İmanova Simarə Cəmaləddin qızı İsmayılov Elnur Dağbəyi oğlu İsmayılov Qurban İbrahim oğlu Kərimov Fəxrəddin Nuri oğlu Kərimov Loğman Seyfulla oğlu Kərimova Elnarə Nadir qızı Kərimova Qərinə Rəhim qızı Kərimova Nərgiz Faiq qızı Qafarova Xanım Əbdülqafar qızı Qarayev Yasin Mikayıl oğlu Qasımov Məmmədsəfa Məmmədəli oğlu Qasımov Şəmsəddin Mustafa oğlu Qasımov Yusif Əli oğlu Qasımova Fərqanə Alim qızı Qəniyev Toğrul Sərvər oğlu Qəribova Nargilə Dursun qızı Quliyev Əyyub Ramiz oğlu Quliyev Hafiz Məhərrəm oğlu Quliyev Qabil Əzizulla oğlu Quliyev Nurəddin Əzulla oğlu Quliyeva Səidə Əbülfəz qızı Qurbanov Oruc İzzət oğlu Qurbanova Pərvanə Yaqub qızı Lobaçov Yuri Nikolayeviç Mehdiyeva Dilarə Yurmiz qızı Məhərrəmov Məbud Əliəsgər oğlu Məmmədov Ayxan Rəşid oğlu Məmmədov Ramiz Soltanəli oğlu Məmmədov Sirus Arif oğlu Məsimov Qurban Abdulla oğlu Mikayılova Sonaxanım Məmmədağa qızı Miltıx Aleksey Leonidoviç Mirabov Akif Əhməd oğlu Mirqasımova Ayan Oqtay qızı Mirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğlu Mirzəyev Gülağası Ağahüseyn oğlu Muradova Təranə Hüseyn qızı Musayeva Fəranə Əlimurad qızı Musayeva Şükufə İmran qızı Mustafayev Tural Vaqif oğlu Mustafayeva Laləzar Bəşir qızı Mütəllimova Firəngiz Bəhər qızı Nəbiyeva Gülər Nəbi qızı Nəcəfov Tural Nüsrət oğlu Nərimanova Zemfira Əli qızı Nəsirova Hicran Fətəli qızı Niftəliyeva Nurbəniz Nurəddin qızı Nikuşina Aleksandra Konstantinovna Novruz Ramiz Qəvvam oğlu Novruzova Nübar Qulu qızı Növrəsli Şahin Növrəs oğlu Osmanov Bəhram Məcid oğlu Osmanov Fuad Tacəddin oğlu Paşazadə Sahib Ağaverdi oğlu Poladov Əkrəm Nicat oğlu Rəhmanov Rəhman Tofiq oğlu Rzayev-Sarabski İsfar Aydın oğlu Salmanlı Ağaxan Əli oğlu Seyidov Uran Seyidmusa oğlu Səfərova Afaq Bəşir qızı Səlimli Mirbala Seyidəsgər oğlu Səmədov Şükür Hacıbala oğlu Spitsina Yelena Eduardovna Şarovskaya Natalya Yuryevna Şəfiyeva Gülçöhrə Məmməd qızı Şərifov Munis Məhəmməd İsmayıl oğlu Tağızadə İrana Tofiq qızı Teymurova Nəzakət Xosrov qızı Yusupova Şükufə Mühəddin qızı Zeynalov Azər Zeynalabdin oğlu Zəki Mehriban Mürvət qızı Zülfüqarov Cahangir Oqtay oğlu Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu sərəncamla "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Azərbaycan Prezidentinin 2013-cü il 1 may tarixli sərəncamının 1-ci hissəsi ləğv edilir. Azərbaycan prezidenti İlham Əliyev "Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları"nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin yeni xərc normalarını bir ay müddətində müəyyən etmək; prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.
2014-04-30
16,243
Liberman: "Azərbaycan elə bil öz evimdir"
"Bu mənim Azərbaycana beşinci səfərimdir. Bura öz evimə gəldiyim kimi gəlirəm". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra deyib. O, Azərbaycanla İsrail arasında sıx münasibətlərin olduğunu diqqətə çatdırıb: "Biz ikitərəfli əməkdaşlığın bir sıra sahələrini, əsasən də iqtisadiyyat, ictimai diplomatiya sahələrini müzakirə etdik. Azərbaycanda bizim üçün vacib olan məsələ burada yəhudilərin yaşaması, yəhudi icmasının olmasıdır. Bu icma iki ölkə arasında körpü rolunu oynayır". İsrailli nazir Azərbaycan prezidenti İlham Əliyevlə İsrail prezidenti Şimon Peres və baş nazir Binyamin Netanyahu arasında görüşlərdən məmnun olduqlarını qeyd edib: "O cümlədən ötən il mənim azərbaycanlı həmkarımın İsrailə səfəri oldu. Həmin görüşdə bir sıra qarşılıqlı maraq kəsb edən sahələri müəyyənləşdirdik. Bunlardan bir hissəsini biz artıq bu gün reallaşdırırıq. Yenə də qeyd edirəm ki, iki ölkə arasında əlaqələrin ən vacib sahəsi yüksək texnologiyalar, energetika və kənd təsərrüfatı sahələri müzakirə edilir. Bu görüşə kimi mən Azərbaycan prezidenti ilə çox vacib, maraqlı görüş keçirdim. Mən bu cür ikitərəfli razılaşmalardan məmnunam".
2014-04-30
16,244
Elnur Aslanovun SAM-ı Novruz Məmmədova verildi
Strateji Arşdırmalar Mərkəzi (SAM) PA-nın Xarici əlaqələr şöbəsinin nəzarətinə verilib. Məlumata görə, indiyə kimi Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin birbaşa idarəçiliyi altında fəaliyyət göstərən mərkəz bundan sonra işini adıçəkilən şöbənin nəzarəti altında davam etdirəcək. Mənbənin verdiyi məlumata görə, SAM-ın sədri Fərhad Məmmədovun vəzifəsində qalıb-qalmayacağı sual altındadır. /SiA/
2014-04-30
16,245
Əbülfəs Qarayev nazirlikdə kadr dəyişiklikləri etdi
Mədəniyyət və Turizm Nazirliyndə bir sıra kadr dəyişiklikləri həyata keçirilib. "Axar.az" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Abasquliyev Məhəmməd İsmayıl oğlu İncəsənət şöbəsinin dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı gənclərlə iş sektorunda aparıcı məsləhətçi, Kərimov Sehran Sərxan oğlu Analitik təhlil və proqram təminatı şöbəsində aparıcı məsləhətçi, Əliyev Cavid Ramiz oğlu Elm və təhsil şöbəsinin elmi-metodiki sektorunda məsləhətçi vəzifəsinə; Muradzadə Pərvanə Salman qızı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin informasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri, Əhmədova Günel Həsən qızı baş məsləhətçi, Süleymanova Günay Şöhrət qızı aparıcı məsləhətçi, Məlikova Gülnar Əliheydər qızı isə beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçi vəzifəsinə; Həsənov Adil İmran oğlu Tovuz rayon, Əliyeva Mətanət Davud qızı isə Ağstafa rayon mədəniyyət və turizm şöbəsində məsləhətçi vəzifəsinə təyin ediliblər. Vakant vəzifələrin tutulması üçün keçiriləcək növbəti müsabiqəyə isə ümumilikdə 27 vəzifə təqdim edilib: Nazirliyin aparatında Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçi, məsləhətçi, Kadrlar şöbəsinin məsləhətçi, Turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri, təbliğat sektorununun aparıcı məsləhətçi, turizm sənayesi ilə iş sektorunun məsləhətçi, Kinematoqrafiya şöbəsinin milli filmlərin istehsalı sektorunun baş məsləhətçi, Maliyyə və uçot şöbəsinin məsləhətçi, İşlər şöbəsinin məsləhətçi, İnvestisiya və texniki proqramlar şöbəsinin texniki nəzarət sektorunun böyük məsləhətçi vəzifələri; Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən beynəlxalq əlaqələr sektorunun müdiri, baş məsləhətçi-hüquqşünas və işlər sektorunun müdiri vəzifələri; Daşkəsən, Xocavənd, Masallı, Şabran, Ağdam rayon mədəniyyət və turizm şöbəsinin məsləhətçi vəzifələri; Şəki şəhər, Abşeron, Cəlilabad, Kürdəmir, Quba,Qəbələ, Masallı, Samux və Şabran rayon mədəniyyət və turizm şöbəsinin baş mühasib vəzifələri. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin ümumi sektorunun müdiri və Zaqatala rayon mədəniyyət və turizm şöbəsinin məsləhətçi vəzifələri ümumi müsahibəyə çıxarılıb. Qeyd edək ki, nazirlikdən bildiriblər ki, bu təyinatlar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 04.10.2013 tarixində elan edilmiş dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqənin nəticələrinə əsasən həyata keçirilib.
2014-04-30
16,246
İcra başçısı nədən reket jurnalistləri qardaş sayır?
"Mən niyə təvazökarlıq eləməliyəm ki?! Olanı deyirəm. Reket jurnalist qardaşlarımız mənə mükafat veriblər. Düzdür, bir az xərcim də çıxıb, amma onlar pis adamlar deyillər". "Axar.az" xəbər verir ki, bu sözləri aprelin 23-də Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə keçirilən görüşdə deyib. İcra başçısı mətbuatla münasibətlərindən danışarkən reket jurnalistlərə təşəkkür etdiyi məqamda KİV DF rəhbəri Vüqar Səfərli onu saxlamağa çalışıb ki, belə ifadələr işlətmək olmaz. Çünki reket jurnalistlər obyektiv olmurlar. A.Vəliyev isə cavabında bildirib: "Mən niyə təvazökarlıq eləməliyəm ki?! Olanı deyirəm. Reket jurnalist qardaşlarımız mənə mükafat veriblər. Düzdür, bir az xərcim də çıxıb, amma onlar pis adamlar deyillər". Onun bu çıxışı zalda oturan jurnalistlərin gülüşünə səbəb olub. İcra başçısının "reket jurnalist qardaşlarımız" ifadəsi isə internet portallarında, sosial şəbəkələrdə ən çox paylaşılan statusdur. Məsələyə aydınlıq gətirmək üçün icra başçısının köməkçisi Müslüm Mahmudovla əlaqə saxladıq. Köməkçi "Axar.az"a açıqlamasında faktı nə təsdiq, nə də təkzib etdi. M.Mahmudov sözügedən tədbirdə iştirak etmədiyini və bu məsələdən məlumatsız olduğunu qeyd etdi: "Ona görə də bu haqda sizə heç bir söz deyə bilməyəcəm".
2014-04-30
16,247
Flora Qasımova: “Türkiyənin bu qərarı bizi sarsıdır”
"Türkiyə belə addım atmaqla erməniləri soyqırım iddiasından vaz keçirəcəyini düşünürsə, səhv edir". Bu sözləri "Axar.az"a məşhur Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, Xankəndinin millət vəkili Flora Qasımova Türkiyənin Uşak vilayəti bələdiyyəsinin Xocalı qurbanlarının xatirəsinə qoyulan abidədən "soyqırım" sözünü silməsinə münasibət bildirərkən dedi. Millət vəkili Türkiyənin bu addımından məlumatlı olduğunu vurğuladı: "Türkiyənin belə bir addım atmasını çox mənfi qiymətləndirirəm. Bu soyqırımı inkar etmək lazım deyil! Xocalı hadisəsi əsl soyqırım idi. Xocalıda öldürülən insanlar məhz azərbaycanlı, türk olduqlarına görə qətlə yetiriliblər. Xocalıda nə uşağa, nə qocaya, nə qadına məhəl qoymadan insanları öldürüblər. Bir gecədə 600-dən yuxarı mülki vətəndaş vəhşicəsinə qətlə yetirilib. Soyqırım başqa cür necə olur?" Millət vəkili türkiyənin bu addımını izah etməkdə çətinlik çəkdiyini bildirdi: "Türkiyə ermənilərə nə qədər güzəşt etsə də, ermənilər bir o qədər harınlayacaq. Onlar heç vaxt tələblərindən vaz keçməyiblər, keçməyəcəklər də. Əksinə, onlar hələ Türkiyəyə qarşı torpaq iddiası da irəli sürəcəklər". Millət vəkilinin sözlərinə görə, bu, Türkiyənin daxili məsələsi olduğu üçün müdaxilə etmək düzgün deyil: "Ancaq biz türkiyəyə ikinci vətənimiz kimi yanaşırıq və ona görə də bu qərar bizi sarsıdır". F.Qasımova hesab edir ki, bu məsələnin kökündə hansısa anlaşılmazlıq var: " Türkiyə ilə Azərbaycan arasında o qədər sıx əlaqələr, dostluq var ki, inanmıram kimlərinsə gücü çatsın bu dostluğu yıxmağa. Bunu nə məqsədlə ediblər, kimlər razı olub bunu etməyə, bilmirəm. Türkiyə kimi böyük bir dövlət on illərdir erməni yalanını ifşa edə bilmir. Ancaq cəmi 20 ildir Azərbaycanda, Xocalıda baş verən bu qətliamı biz dünya ictimaiyyətinə çatdıra bilmişik. Məgər, 1915-ci ildə ermənilər deyildimi türkləri qətlə yetirən? Ola bilər ki, Türkiyə belə addım atmaqla erməniləri soyqırım iddiasından vaz keçirəcəklərini düşünürlər". Millət vəkili qeyd edir ki, bu gün Ermənistan soyqırım yalanlarını elə bir səviyyəyə qaldırıb ki, türkləri sevməyənlər də bundan istifadə edir: "20 ildən çoxdur işğal altında olan torpaqlarımız var. Niyə bu torpaqlarımızı geri qaytara bilmirik? Niyə indiyə kimi Ermənistana heç bir təzyiq göstərilmir? Bütün dünya buna göz yumur. Ancaq Rusiya Krımı tutandan sonra ona qarşı nə qədər təzyiqlər oldu. Milyonlarla azərbaycanlı halal haqqından mərhum olub, ədalətsizliyə düçar olub. Bəs haqqı pozulan azərbaycanlılar insan deyilmi, onların hüququ yoxdumu? Türkiyənin bu addımı da evindən, yurdundan, torpağından olan azərbaycanlıların haqqının pozulması deməkdir". Xatırladaq ki, Türkiyənin Uşaq vilayətində Xocalı soyqırımına ucaldılan abidənin üzərindən "soyqırım" sözü silinib. Uşak bələdiyyəsindən "Axar.az"a verilən məlumata görə, "soyqırım" sözünün silinməsi və onun "qətliam" sözü ilə əvəzlənməsinin səbəbi Türkiyə Xarici İşlər Nazirliyindən göndərilən rəsmi məktubla əlaqəlidir. XİN göndərdiyi məktubda Xocalı qırğınının soyqırım kimi tanınmamasını əsas gətirərək, bu sözlərin yazılmasını "beynəlxalq hüquq prinsiplərinə zidd addım" kimi qiymətləndirib. Hakbuki dünyanın bir neçə ölkəsi, o cümlədən ABŞ-ın 15 ştatı Xocalı qətliamını soyqırım kimi tanıyıb.
2014-04-30
16,248
Azərbaycanla İsrail arasında protokol imzalandı
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. "Axar.az" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, görüş əsnasında Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barəsində məlumat verərək, münaqişənin həll edilməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirmişdir. Nazir Elmar Məmmədyarov əlavə etmişdir ki, münaqişə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir. Aviqdor Liberman Azərbaycandakı yəhudi icmasının iki ölkə arasındakı münasibətlərin inkişafında rolunu müsbət qiymətləndirib. Görüşün sonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İsrail Dövlətinin Xarici İşlər Nazirliyi arasında Müntəzəm diplomatik məsləhətləşmələr haqqında protokol imzalanıb.
2014-04-30
16,249
Rusiya Azərbaycanı federallaşdırmaq istəyir - SOS
"Rusiyanın Azərbaycanı federallaşdırmaq niyyəti var, amma bu, indiki məqamda mümkün olan bir şey deyil". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Azərbaycanın şimal bölgələrində yaşayan şəxslərin daha çox iqtisadi səbəblərlə əlaqədar Rusiya vətəndaşlığı almaq istədiklərini bildirib: "Azərbaycan qanunları ikili vətəndaşlığı qəbul etmir. Bunun üçün isə Rusiyada yaşayan soydaşlarımız həmin ölkənin vətəndaşlığını qəbul etdikləri zaman Azərbaycan vətəndaşlığından imtina etməlidirlər. Şimal bölgələrimizdə yaşayanların Rusiya vətəndaşlığı üçün müraciət etmələrinə gəlincə isə bu, daha çox iqtisadi səbəblərlə bağlıdır. Ona görə də həmin bölgələrin sosial, iqtisadi inkişafına xüsusi diqqət ayırmaq lazımdır. Burada Krım variantına bənzərlik yoxdur. Çünki Krımdakı vəziyyətdən bəlkə bir az Qarabağda istifadə etmək olardı. Rusiyanın Azərbaycanı federallaşdırmaq niyyəti var, amma bu, indiki məqamda mümkün olan bir şey deyil. Çünki indi Azərbaycan daha güclü dövlətdir". Qeyd edək ki, Rusiya vətəndaşlıq almaq istəyən MDB sakinləri üçün prosesi həddən artıq sadələşdirən qanun qəbul edib. Hazırda Azərbaycanın şimal bölgələrində yaşayan əhalinin müəyyən hissəsi rus vətəndaşlığı almaq üçün Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib.
2014-04-30
16,250
Adil Əliyev Elton Məmmədovla münasibətinə aydınlıq gətirdi
Millər vəkili Adil Əliyev sosial şəbəkədə status paylaşaraq, Elton Məmmədovun ondan şübhələnməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. "Axar.az" xəbər verir ki, Elton Məmmədovun oğlanlarının avtoşluq videosunun Adil Əliyevin yaydığı ilə bağlı şübhələrdən danışan Adil Əliyev "mən sözü adamın üzünə deyirəm" ritorikası ilə cavab verib: "Bu gün "Azadlıq" qəzetinin yaydığı bir məlumat məni bu statusu yazmağa vadar etdi. Guya Elton Məmmədovun oğlunun video görüntülərinin yayılmasında həmkarım məndən şübhələnir. Əvvəllər də bu kimi məsələlərdə bəzi tanıdığım insanlar məndən şüphələnirdilər. Hesab edirdilər ki, əgər bəzi saytlar onlar barəsində nə isə yazıblarsa, deməli günahkar Adil Əliyevdir. Əvvəla bəyan edirəm ki, mənim jurnalist dostlarım çoxdur və bunu normal hesab edirəm. Və bəyan edirəm ki, mənim heç bir saytım və qəzetim yoxdur. O ki qaldı hər hansı bir məlumatın ötürülməsinə, bir dəfə demişdim, yenə də deyirəm. Əgər mənim sözüm varsa, mən sözü kişi kimi adamın üzünə deyirəm, dalınca danışmıram. Məlumat ötürmək bizlik deyil... Ağıllı oxucu hansı saytın və qəzetin kimə xidmət etdiyini gözəl bilir".
2014-04-30
16,251
Zakir Həsənov yeni qərargah rəisi təyin etdi
Azərbaycan Silahlı Qüvvələrinin III ordu birləşməsinə yeni qərargah rəisi təyin edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hərbi mənbələrdən verilən məlumata görə, korpusun qərargah rəisi postuna polkovnik Gəray Bağırov təyinat alıb. G. Bağırov uzun müddət Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində çalışıb. Ondan əvvəl isə bir müddət III ordu birləşməsinin komandanı vəzifəsini (general-mayor Fikrət Məmmədovdan sonra) icra edib. G. Bağırov sabiq müdafiə naziri Səfər Əbiyev tərəfindən "vurulmuş" zabitlərdən sayılıb. Qeyd edək ki, bir müddət əvvəl III ordu birləşməsinin qərargah rəisi, polkovnik Xəqani Cəbrayılov II ordu korpusuna qərargah rəisi təyin olunub.
2014-04-30
16,252
Gömrük yüklərinin bəyanı ASAN-laşır
"Sahibkarlara dəstək olmaq və ölkənin iqtisadi təhlükəsizliyinin qorunması üçün Gömrük orqanlarının qarşısında mühüm vəzifələr durur". Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Komitənin təşkilatçılığı ilə "Caspian European Club"da keçirilən Biznes Forumda deyib. Komitə sədri qeyd edib ki, son 1 il ərzində gömrük orqanlarında tətbiq olunan yeni qaydalarla bağlı bir sıra yeniliklər edilib: "Biz sahibkarlarla gömrük orqanlarının birgə fəaliyyəti üçün hökumətə müəyyən təkliflər vermişik. Bunlar qanunverici aktlarla bağlıdır. Birinci təklif Gömrük Məcəlləsində yüklərin sənədlərinin rəsmiləşdirilməsinin 72 saat ərzində başa çatdırılması ilə əlaqədardır. İkincisi daha qlobal məsələdir, ölkə başçısının 1997-ci ildə xarici ticarətin daha da liberallaşdırılmasını nəzərdə tutan fərmanına ediləcək dəyişikliklərlə bağlıdır. Axırıncı ən vacib təklif isə gömrük orqanlarına təqdim olunan sənədləri ıhatə edir. Bu sənədlərin qanun çərçivəsində təqdim olunması üçün tənzimlənməsi təklif olunur. Bu, ən vacib məsələlərdəndir". "Avro-4" standartına keçiddən sonra gömrük-keçid məntəqələrindən ölkəmizə gətirilən avtomobillərin sayında azalma müşahidə olunur. Komitə sədrinin sözlərinə görə, bu məsələ ilə bağlı xarici ticarət dövriyyəsində 20 faiz azalma baş verib: "O cümlədən avtomobillərin metal konstruksiyalarında və qara metal məhsullarında idxalında da azalma müşahidə olunmaqdadır". Aydın Əliyev "Avro-4" satndartının tətbiqi ilə bağlı gəzən söz-söhbətlərdən təəssüfləndiyini də dilə gətirib: "Bəziləri belə hesab edirlər ki, avtomobil yenidirsə, bu standarta cavab verəcək. Bu, düzgün yanaşma deyil. Biz gömrük-keçid məntəqələrində həm avtomobillərin kütləvi gətirilməsi, həm də fərdi qaydada idxal zamanı Standartlaşdırma, Metrologiya və Patent üzər Dövlət Komitəsi, eləcə də Gömrük-Ekspertiza Xidməti ilə birlikdə yoxlama aparırıq. Keçirilən baxış zamanı avtomobiilərdə bu standartların mövcudluğunu araşdırırıq. Standartlara uyğun avtomobillər ölkə ərazisinə buraxılır". "Azərbaycan gömrük sahəsində şəffaflığın təmin olunmasına görə lider dövlətlərdən birinə çevrilib". GDK-nin sədri həm də bildirib ki, ölkəmiz şəffaflıq meyarına görə, 138 ölkə arasında 39-cu yerdə qərarlaşıb: "Bu, bizim üçün sevindirici haldır. Bu vəziyyət gömrük ödənişlərinin banklar vasitəsi ilə köçürülməsi, elektron hökumət sahəsində görülən işlər, xidmət çərçivəsində sənədlərin qəbul olunmasını sürətləndirməklə bağlıdır. Hesab edirəm ki, sahibkarlıq inkişaf etdikcə, gömrük işçiləri sayıqlığı daha da artırmalı və bu sahədə modern texnologiyalar, üsullar öyrənilərək tətbiq olunmalıdır"./Teleqraf/
2014-04-30
16,253
Bakıda 1 may aksiyası keçiriləcək
Sabah Bakıda 1 may aksiyası keçiriləcək. "Axar.az" xəbər verir ki, saat 17:30-18:00 arası Sabir bağında Beynəlxalq Zəhmətkeşlər Günü münasibəti ilə fləşmob formatında aksiyanın keçirilməsi planlaşdırılır. Feysbuk sosial şəbəkəsində yaradılan "event"də hər bir işçi bu tədbirə dəvət olunub. Sitat: "Əzilənlərin və dünya işçilərinin Beynəlxalq Əmək Günü Sovetlərin dağılması ilə ölkəmizdə sürətli bir şəkildə unutdurulmağa çalışıldı. Əziz xalqımızı bu gözəl bayram münasibətilə 1 May günündə kütləvi tədbirlər keçirməyə və ona sahib çıxmağa, unutmamağa, yeni nəsillərə ötürülməsi üçün qeyd etməyə çağırırıq".
2014-04-30
16,254
ADNA-da qan fontanı: 5 il sonra – Axar TV
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 5 il ötür. Bütün Azərbaycanı dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verdi. ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atəş açıb, yaralayıb, öldürüb. Baş vermiş terror nəticəsində 12 nəfər ölüb, 13 nəfər yaralanıb. Neft Akademiyasının məzunu Tofiq Sadıxovun həmin günlə bağlı acı xatirələri Axar TV-nin təqdim edəcəyi süjetdə:
2014-04-30
16,255
Rumıniya ordusu Ukrayna sərhədinə cəmləşir - Foto
Ukrayna hadisələri ilə əlaqədar Rumıniya artilleriya və havadan müadifə sistemlərini ölkənin şərq sərhədlərinə cəmləşdirir. "Axar.az" xəbər verir ki, son günlər Rumıniya ərazisində Ukraynaya doğru hərbi hissələrin intensiv hərəkəti müşahidə olunur. Qeyd edək ki, yerli sakinlər Buxarestdən çıxan böyük sayda ağır texnikanın dislokasiyasını kameralara alıblar. Rumıniya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, havadan müdafiə sistemləri, yük maşınları və tankla dolu 10 vaqondan ibarət qatar Konstansiyaya istiqamət alıb. Məqsəd Ukrayna sərhədlərində Rumıniya, Amerika, Bolqarıstan və Makedoniyanın hərbi hissələrinin birgə təliminin keçirilməsidir.
2014-04-30
16,256
10 saylı türmədən qaçış planı niyə baş tutmadı?
Ağdamlı Aqillə ilk tanışlığımız 10 saylı CÇM-ə qədəm qoyduğumuz andan başladı. Qarayanız, hündürboy bir adam idi. Eyni yaşda olardıq. Gözümə narahat adam kimi dəyirdi. Bayıldan "voronok"da gəlmişdik. Maşında tanış olmaq mümkün olmamışdı. İstiydi, hər kəs öz hayındaydı. Həmin gün 3-cü yoxlanışdan sonra bizi - təxminən 15 dustağı karserin gəzinti üçün nəzərdə tutulan yerinə apardılar. Bayılda gün işığından məhrum olunan dustaqların birdən-birə günün altına atılması yaxşı hal deyildi. Kölgələnməyə yer yox idi. Köynəyimizin boyunluğunu qaldırmışdıq. Demək olar ki, hamının saçı dibdən qırxılmışdı. Zonda saçını necə gəldi qırxmasınlar deyə, mən də özüm könüllü olaraq saçımı belə qırxdırmışdım. "Eşşək" ayamalı baş gizir Əli Gəzinti yerində nəzarətçilərdən, "Eşşək" ayamalı baş gizir Əli və çavuş rütbəli lerikli Rafiq vardı. Yenicə yerləşmişdik ki, ayaqlarını çəkən bir mayor nəzarətçilərə yaxınlaşdı. Nə isə danışdılar və mayor getdi. Rafiq əlindəki qeydiyyat dəftərini açıb bir-bir adları oxudu. Əliyev Aqil İbad oğlu deyildikdə, həmin qarayanız hündürboy adam səsini çıxartdı. - Keç bu üzə, - Rafiq dəmir hörgülü qapını açıb Aqili məftillərlə hasarlanmış üzbəüz gəzinti yerinə dəvət etdi və oturmaq üçün kətil verdi. Ardınca mən dəvət gözləmədən nisbətən kölgə düşən həmin tərəfə keçdim. Rafiq: - Ağsaqqal, sən hara? - dedi. - Ağsaqqal deməyin hara, qabağımı kəsməyin hara? Eşitmədin, mayor ikimizin də adını çəkdi? – talışların şivəsində dedim. Rafiq gülümsədi və söhbəti böyütmədi. Aqil ilə beləcə tanış olduq. İndi isə yaxın dostuq. Aqil Az. CM-in 213-cü maddəsi ilə həbs olunmuşdu. Bu maddədə vergidən yayınma nəzərdə tutulur. Əslində isə onun həbsinin motivləri tam başqa idi. Aqilin mənə nəql etdiyini qısaca danışsam yerinə düşər: "Özəl müəssisəm – oksigen hazırlayan mini zavodum vardı. Vergilərdə Xətai rayonunda qeydiyyatda idim. Rayonun vergi müfəttişliyində yaxın dostum işləyirdi. Çox vaxt yanıma gələrdi. Olurdu ki, arada mən də onun yanına gedəm. Bir dəfə də onun kabinetində oturub dərdləşir, köhnə xatirələri təzələyirdik. Onun daxili telefonu zəng çaldı. Rəisi idi. Bir qədər danışdıqdan sonra dostum dedi ki, boş dayanmamışam, işləyirəm, yanımda filan firmanın müdiri var. Bir qədər də qulaq asdıqdan sonra, dostum dedi ki, bəs rəis deyir, onu da götür, gəl yanıma. Nə isə, getdik. Rəisin yanında iki nəfər də əlavə adam vardı. Dostları imiş. İçəri girməyimi gördüm. Ayağa qalxıb üstümə hücum çəkdi. Küçə söyüşləri ilə danışdı. Niyə vergidən yayınırsan, büdcəyə ziyan vurursan və sairə... "Başa düşmədim, məni niyə təhqir edirsiniz, mən vergidən yayınmamışam. Və tərbiyəsiz danışma", - dedim. Bu isə dayanmadan söyür, özünü yanındakılara göstərirdi: - Basacağam səni qoduqluğa" və sair... Arvadının gözü onun-bunun ....-da qalsın Dostum imkan tapıb deyə bilmədi ki, mən vergidən yayınan, cinayətə cəlb olunan firma müdiri deyiləm. Artıq rəislə yaxın dayanmışdım. Gözləmədiyi halda ağzının üstünə bir şillə vurdum. Duruxdu, əlini telefona atanda, birini də vurdum. Yıxdım yerə 2- 3 dəqiqəyə onun ağız-burnu partladı, üst-başı qan oldu, sonda da qasığına bir təpik vurdum. Dedim, sənin "buranı" şikəst edəcəm ki, arvadının gözü onun-bunun ora-burasında qalsın. Beləcə, məni tutdular. Günah onda idi". Sonradan, kifayət qədər xərcin hesabına Aqil "işini" vergidən yayınmaya çevirib, il yarım müddətinə həbs cəzası almışdı. Həkimlər məhbusa spirt satır İlk gündən sonra bir oturub-durmağa başladıq. Tibb məntəqəsində eyni otağı kirələmişdik, yeməyimiz içməyimiz bir idi. Əksər dustaqlar qumar oynayıb, narkotikdən istifadə etməklə rejim qaydalarını pozurdularsa, biz Aqillə spirtli içki içməklə bu azarımızı öldürürdük. Həkimlər aptekdə satılan 100 qramlıq spirti üçqat qiymətə bizə satırdı. Aqilə hörmət kifayət qədər idi. həm Ağdam əhli, həm də başqa əhlin dustaqları onun hörmətini saxlayardı. Elə CÇM-in işçiləri də. O, sözün həqiqi mənasında ağsaqqalıq edə bilirdi. Bizim dostluq münasibətlərimiz, "xlebnik" olmağımız həm Cəlilabad, həm də Ağdam əhlinin üzvlərinin münasibətinin yaxşı olmasına da səbəb olmuşdu. Aqil səliqə-sahmanı sevən adam idi. Hətta mənim dolabımdakı əşyaların səliqəli yığılmasına nəzər salar, "şustryaka" tapşırıqlarını verərdi. Uzun axşamlarda mən ucadan şeir oxuyardım, o isə çay dəmləyər, qulaq asar, başagəldi maraqlı hadisələr danışardı. Bizim otağımız hər axşam "burjuy"ların daha çox cəm olduğu otaq idi. Arada ikimiz olanda zarafata salar, deyərdim, ürəyim alma istəyir, armud istəyir, bir soyanı təmizləyəni yoxdur. Elə ürəkdən gülərdi ki... Aqilin yanına çox dost, qohum gələrdi. Heç nəyə ehtiyacı yox idi, azadlıqdan başqa. Kasıblara əl tutmağı da vardı. Ən çox gələn isə qardaşları Zabil və Mobil idi. Mobillə əkiz idilər və bu iki qardaşı ayırmaq mümkün deyildi. Bir dəfə qəribə hadisə baş verdi. Mobil və Zabil görüşdən sonra bayıra çıxdıqda zabitlərdən birisi Mobilin qolundan tutaraq saxlayaraq, yaxınlıqdakı əsgərləri köməyə çağırmışdı ki, dustaq çöldədir. Sonradan həmişə gülə-gülə bunu xatırlayardıq. Türmədən qaçmağa razı olmadı Aqilin iki oğlu və iki yaşlı bir qızı vardı. Balalarından sarı, xüsusi ilə qızından ötrü çox darıxırdı. Bir gün Aqilə dedim ki, sən gəl, get evə, bir həftə qal, təzədən qayıdarsan. Təəccüblə üzümə baxdı: - Necə? Bu, mümkün olmaz, – dedi. Ardınca isə: - Daha mənə yox da, mən sənə iranlılar deyiləm ki, dolayasan, - deyib ürəkdən güldü. - Tam ciddi deyirəm. Mobillə səni hər kəs dəyişik salır. Onu saxlayarıq burda, bilməzlər. Bunun üçün qorxmağa dəyməz. Həmin gün bütün gecəni bu barədə söhbət etdik. Aqili qorxudan həm də o idi ki, Mobil burda özünü idarə edə bilməsin, çaşdırsın, ona olunan müraciətləri, bizim bildiyimiz hadisələri, tanıdığımız adamları çaşdırsın. - Narahat olma, hay salacam ki, xəstələnmisən, sançastdan çıxmırsan çölə, həm də Mobil mənim yanımda olacaq. Razı salıb, axır ki, saqqızını oğurlaya bildim. Həmin günü Aqil də xəyalən uşaqlarının yanında oldu. Növbəti görüş zamanı qardaşlara fikrimizi bildirdik. Zabil, böyük qardaş təklif etdi ki, bu, belə olmaz, gedək türmə rəisinin yanına, razılaşdıraq məsələni, xərcini çəkək, nə qədər lazımdır, inandıraq ki, səsi-sorağı çıxmaz. Amma buna yol vermək olmaz, allah eləməmiş üstü açılar, daha pis olar. Zabilə dedik ki, sənin təklifin keçərli deyil və rəhbərlik bununla razılaşmaz. Həm də artıq Aqilə qarşı olan sayğı, inam itə bilər. Mobil isə əvəzedici qismində "zonda" qalmağa əlbəəl razılaşdı. Yetər ki, qardaşı bir həftə azadlıqda qalsın. - Seyid Lazım ağanın cəddi, lap "srok"un hamısını qalaram. Türmədən qaçışın gerçəkləşməsi növbəti görüşə, özü də bazar gününə razılaşdıq. Bazar günü qələbəlik olur. Görüşə gəlib gedənlərin çoxluğu imkan verirdi ki, niyyətimiz baş tutsun. Vaxt-vədə tamam oldu. Görüş zamanı xəlvəti yerdə mobillə Aqil üst geyimlərini dəyişdi. Görüş sonu içəridən çölə daşınacaq qablar, mələfələr qablaşdırılan çantanı Aqil əlinə götürdü. Qapıya tərəf getdik. Mobil (Aqil) qardaşı Aqili (Mobili) yola salırdı. İki nəfər zabitin yanından keçdik, hər ikisi, Aqilə üz tutub: - Kurtkanı qardaşınla dəyişmisən, deyəsən, - dedilər. Aqil fikrindən daşındı, məni tanıdılar dedi. Və qaçış baş tutmadı. Sonradan bu hadisəni danışıb xeyli güldük. Aqil deyirdi ki, doğurdan da bir həftə özümü evimdə hiss etdim. Nəzrətçini otaqdan qovdu Çapıq Şahin deyilən nəzarətçi vardı. Axşamlar vaxtının çoxunu "sançast"da keçirər, çay içər, hətta şam da elərdi. Artıq bəzi nəzarətçilər və zabitlərlə dostluq da vardı aramızda. Bizimlə yaxın olan nəzarətçilər ondan gileylənir, ehtiyatlı olmamızı tövsiyə edirdilər. - O, "stukaç"dır, yediyi qaba tüpürəndir. Adamı uf demədən baqaja qoyar, - bunu da elə onun paqon yoldaşları demişdi. Bir gün hər ikimiz də görüşdə idik. Nəzarətçilər, DPN-ka işçiləri və başqaları bizimlə görüşüb, hədiyyələrini almışdılar. Aqil "axşam növbəsi də gəlsin, hərəsinə bir qutu siqaret verək, getsinlər", - demişdi ki, lerikli Rafiqlə, Çapıq Şahin içəri daxil oldu. Rafiq ayaqqabılarını kandarda çıxarıb otağa sərdiyimiz palazın üstünə ayaqyalın keçdisə də, Çapıq ayaqqabı ilə daxil oldu. Ərklə, əlini stolun üstünə qoyulan meyvəyə uzatdı. - Arvada bənzəriniz haradadır, bir çay süzsün içək, - dedi. "Şustryak"ımızı nəzərdə tuturdu. Aqil əsəbi halda uzandığı çarpayının üstündən ayağa qalxdı: - Bas bayıra, qoduq. Gözüm səni görməsin! Almanı da qoy yerinə. Şahin zarafata salsa da, köməyi olmadı. Aqil almanı alıb, açıq pəncərədən bayıra atdı. Aradakı gərginliyi Rafiqlə mən yatırtdıq. Həmin gündən sonra Çapıq Şahin tibb məntəqəsinin həyətinə gəldikdə bizim otağımıza girməzdi. Aqil məndən 14 gün qabaq azadlığa çıxdı. O gedəndən sonra özümü doğrudan da kimsəsiz hiss edirdim. Çöldən mənə və Ağdam əhlinə sovqat göndərmişdi. O gedəndən sonra bəzən mənə onun adı ilə Aqil deyərək müraciət edirdilər. Mən azadlığa çıxdığım gün məni CÇM-in qarşısında qarşılayanların içərisində o da vardı - qardaşları, dostları ilə gəlmişdi. Bağrına basdı: - Ayə, sən öl, Rauf (rejimin rəisi) deyirdi ki, Faiq səndən sonra "plats"da tək gəzir, öz-özünə danışır.
2014-04-30
16,257
Bolqarıstandan Narışkinin səfərinə sərt qadağa
Bolqarıstan Xarici İşlər Nazirliyi Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin diqqətinə çatırıb ki, Bolqarıstan da daxil olmaqla onun Avropa Birliyinə üzv ölkələrə girişi qadağandır. "Axar.az" xəbər verir ki, bəyanat rusiyalı spikerin mayın 6-8 tarixində Bolqarıstana səfərə gəlmək istəməsi xəbərindən sonra verilib. Nazırliyin yaydığı bəyanatda deyilir: "Ukraynanın torpaq bütünlüyünə yaranan təhlükə ilə əlaqədar bir sıra rusiyalı siyasətçi, o cümlədən də Dövlət Dumasının sədrinin Avropa Birliyinə üzv ölkələrə girişinə məhdudiyyət qoyulub. Onun gəlirləri dondurulub. Avropa Birliyi tərəfindən qoyulan tələb və qadağalar Bolqarıstan tərəfindən də icra olunmalıdır". Xatırladaq ki, Dövlət Dumasının sədrinin də daxil olduğu və sanksiyalara məruz qalan şəxslərə qarşı qadağalar carı ilin martın 21-dən qüvvəyə minib.
2014-04-30
16,258
Polkovnik Rüfət Əmirov hərbi xidmətə bərpa olundu
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi Rüfət Əmirov ehtiyatdan təkrar hərbi xidmətə çağırılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, polkovnik Rüfət Əmirov hazırda əvvəlki vəzifəsini hərbi rütbədə davam etdirir. Qeyd edək ki, polkovnik rütbəsində Silahlı Qüvvələrdən ehtiyata buraxılan Rüfət Əmirov uzun müddət mülki şəxs kimi Azərbaycan Hərb Tarixi Muzeyinə rəhbərlik edib. Muzeyin təşkilində mühüm rol oynayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən R. Əmirovun ehtiyatdan hərbi xidmətə çağırılması faktını təsdiqləyiblər. Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələr tutmuş R. Əmirovun iştirakı ilə bir sıra uğurlu hücum əməliyyatları hazırlanıb, planlaşdırılaraq həyata keçirilib. O, bir müddət Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edib.
2014-04-30
16,259
Naxçıvanda təhsil işçilərinin həbsinin şok - Təfərrüatı
Naxçıvanın Sədərək qəsəbəsində yeni direktora etiraz edən müəllimlərin həbsi ilə bağlı yeni təfərrüatlar bəlli olub. "Axar.az" "Xeberdar.az"a istinadla bildirir ki, Sədərəkdə müəllimlərin həbs olunmasına, diplomlarının əlindən alınmasına, onların işdən çıxarılmasına səbəb olan bir nömrəli məktəbə yeni direktor təyin olunan Gülnarə Hüseynovadır. Naxcıvan MR Təhsil nazirinin Gülnarə Hüseynovanı bu məktəbə direktor təyin etməsinə etiraz edən müəllimlər mitinq keçirmək istəyiblər. Nəticədə Sədərək rayon Təhsil şöbəsinin müdiri Nadir Quliyev, Təhsil şöbəsinin əməkdaşı Fəxrəddin Qasımov, adları Hüseyn, Amil və Cəfərov Faiq olan müəllimlər həbs olunub. Təhsil şöbəsinin müdiri 20 gün, əməkdaşı 15 günlük həbs cəzası alıb. Eyni zamanda, Nadir Quliyev və Fəxrəddin Qasımovun diplomları 5 il müddətinə ləğv olunub. Onlar heç bir yerdə fəaliyyət göstərə bilməzlər. Adları çəkilən digər müəllimlər isə hər biri 15 gün müddətinə azadlıqdan məhrum olmaqla yanaşı, 4 ay müddətinə işdən azad olunublar. Qeyd edək ki, əldə olunan maraqlı faktlardan biri də Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Natiq Əliyevlə bağlıdır. Onun həyat yoldaşı da həmin məktəbdə müəllimə işlədiyi üçün Natiq Əliyev vəzifəsindən azad olunub.
2014-04-30
16,260
Azərbaycanda abort etdirən qadınlar cəzalandırılacaq
"Azərbaycanda dölün cinsiyyəti məlum olduqdan sonra abort edənlər məsuliyyətə cəlb oluna bilər". Bu barədə Milli Məclisinin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli jurnalistlərə açıqlamasında deyib. Komitə sədri qeyd edib ki, hazırda da mövcud olan qanunvericiliyə əsasən, dölün cinsi məlum olduqdan sonra abort etmək qadağandır, lakin bu məsələnin daha da ciddiləşdirilməsi nəzərdə tutulur. Dölün cinsinin müəyyən etmək üçün ulturasəs müayinəsinin qadağan olunun-olunmaması məsələsinə toxunan H. Rəcəbli qeyd edib ki, ultura səs müayinəsi qadağan olunmaya bilər: "Ancaq cins məlum olduqdan sonra abortun qarşısının alınması məsələsi daha da sərtləşdiriləcək". /Modern.az/
2014-04-30
16,261
Səfir Dağlıq Qarabağın həlli yolundan danışdı
Ukraynadakı vəziyyət Dağlıq Qarabağ münaqişəsini həll etməyin vacibliyini göstərdi. Məlumata görə, bunu Birləşmiş Ştatların ölkəmizdəki səfiri Riçard Morninqstar Vaşinqtonda "ABŞ-Azərbaycan: gələcəyə baxış" Forumunda çıxışı zamanı deyib. O, qeyd edib ki, ABŞ və Azərbaycan arasında münasibətlər çox mühümdür və bu münasibətlər yaxşı səviyyədədir, lakin problemlərdən xali deyil. Səfir bildirib ki, Ukraynadakı hadisələr qarşılıqlı münasibətlərin vacibliyini nümayiş etdirdi. Onun sözlərinə görə, Azərbaycan və ABŞ dövlətlər arasında münasibətlərin gücləndirilməsi üzərində çalışmalıdırlar: "Ukraynadakı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyini göstərdi. Bu münaqişə regionda qeyri-sabitlik yaradır və heç kəsə üstünlük vermir. Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli məqsədilə konkret addımların atılması üçün birgə işləməlidirlər". R.Morninqstar vurğulayıb ki, Rusiya ilə əməkdaşlıq etmədən bunu etmək olduqca çətin olacaq. /Trend/
2014-04-30
16,262
Avropa Qarabağın Rusiyaya birləşdirilməsi ehtimalını dəyərləndirir
"Dağlıq Qarabağın Rusiyaya zorla birləşdirilməsi ehtimalı slıfıra yaxındır". Məlumata görə, bu fikri Avropa Siyasəti Brüssel Mərkəzinin analitiki, Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramının eksperti Amanda Pol erməni saytına müsahibəsində deyib. "Krımın Rusiyaya birləşdirilməsində rusdilli əhali və onların təhlükəsizliyini qorumaq məsələsi əsas oldu, hərgah, bizi bilirik ki, bunlar bəhanə rolu oynayıb. Dağlıq Qarabağda rus etnik azlığı yoxdur. İkinci yandan, bu münaqişədə Moskva əla vəziyyətdədir. Çünki ondan həm Azərbaycana, həm də Ermənistana öz maraqlarını təmin eləmək üçün hələ ki, təzyiq aləti qismində yararlana bilir. Bu üzdən status-kvonu dəyişməyə heç bir lüzum qalmır", - deyə avropalı analitik qeyd edib. /Musavat.com/
2014-04-30
16,263
İran yanacağın qiymətini qaldırır
"İran nəqliyyat şirkətləri və iş adamları ölkədəki ucuz yanacağı müxtəlif bəhanələrlə Pakistan, Əfqanıstan, Ermənistan kimi qonşu ölkələrə çıxarırdılar". Bunu "Axar.az"a İranda yanacağın qiymətinin artmasının səbəblərini şərh edən neft–qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi. Ekspert rəsmi Tehranın bu addımını doğru hesab edir: "İran hökuməti yanacağa subsidiyaların verilməsi sistemində islahatların ikinci mərhələsi çərçivəsində aprelin 25-də qiymətləri təqribən 75% artırıb. Birinci mərhələyə isə keçən il start verilmişdi. Belə ki, nəqliyyat şirkətlərinə verilən güzəştli yanacaq səhmləri ləğv edilib. Bəzi media orqanlarının yazdığı kimi yanacağın qiymətində 50 faiz deyil, 75 faiz artım olub. Hazırda subsidiya tətbiq edilən benzinin bir litri 4 min realdan 7 min reala, subsidiya tətbiq edilməyən benzinin qiyməti 7 min realdan 10 min reala qalxıb. Subsidiya tətbiq edilən dizel yanacağının qiyməti əgər əvvəl 1500 real idisə, indi 2500 real olacaq. Subsidiya tətbiq edilməyən dizel yanacağının qiyməti isə 3500 realdan 5000 reala qalxacaq. İran hökumətinin subsidiyaları ləğv etməsinin və qeyd etdiyim yanacaq növlərinin qiymətini qaldırmasının əsas 2 səbəbi var. Birincisi, subsidiyaların tətbiqi dövlət büdcəsinə çox böyük ziyan vururdu, ikincisi isə neft məhsullarına tətbiq edilən subsidiyalar adıçəkilən yanacaq məhsullarının qeyri-mütəşəkkil ixracına səbəb olurdu. Bu o deməkdir ki, İran nəqliyyat şirkətləri və iş adamları ölkədəki ucuz yanacağı müxtəlif bəhanələrlə Pakistan, Əfqanıstan, Ermənistan, Türkiyə kimi qonşu ölkələrə çıxarırdılar və baha qiymətə satırdılar. Analoji addım o deməkdir ki, İran subsidiyalara sərf etdiyi vəsaiti iqtisadiyyatın digər sahəsinə yönəldir. İran hökuməti yanacaq məhsullarının daxili bazarda satış qiymətlərinin liberallaşdıracağını da bəyan edir. Əgər yanacağın qiyməti qalxarsa, bu, bütün digər sahələrə də təsirsiz ötüşməyəcək. Bu artım xüsusən də daşınma xərclərində müşahidə ediləcək". Ekspert analoji addımın Türkmənistanın da atdığını və bu siyasətin ölkənin iqtisadi inkişafına zəmin yaratdığını bildirdi: "Artıq Türkmənistan da iyulun birindən avtomobil sahiblərinə pulsuz benzin və dizel yanacağının verilməsini ləğv edəcək". Bu vaxta qədər avtomobil sahibləri 120 litr, motosiklet sahibləri isə 40 litr pulsuz yanacaq alırdılar. Türkmənistan hökuməti bildirir ki, əlavə vəsait iqtisadiyyatın inkişafına və yanacaq istehsalının stimullaşmasına yönəldiləcək". Zəfər Vəliyev deyir ki, bu gün İranda infrastruktur, dəmiryolu və qaz nəqli sistemi çox zəifdir və həmin sahələrin inkişafına ehtiyac var: "İranda neft sənayesi ilə yanaşı kimya və metallurgiya sənayesi də yüksək inkişaf edib. İsfahandakı metallurgiya kombinatını nümunə göstərə bilərəm, hansı ki, dünyada analoqu yoxdur. Tikinti materialları sahəsində də İran region liderlərindəndir. Hesab edirəm ki, İrana qarşı tətbiq edilən sanksiya aradan qaldırılsa, o zaman rəsmi Tehran silahlanmaya xərclədiyi vəsaiti başqa sahələrə ayırar. Bütün bunlarla yanaşı bu gün İranda infrastruktur, dəmiryolu və qaz nəqli sistemi çox zəifdir və həmin sahələrin inkişafına ehtiyac var". Xatırladaq ki, İran prezidenti Həsən Ruhani İran hökumətinin vətəndaşlara pul subsidiyalarını ödəyərək aylıq 392 milyon ABŞ dolları məbləğində defisitlə üzləşdiyini deyib. Onun fikrincə, ölkə subsidiyalarının vətəndaşlara ödənilməsi üçün ayda təxminən 1,4 milyard ABŞ dolları sərf edir. Martın 21-də İranda başlayan maliyyə ili üçün büdcə layihəsinin maddəsi subsidiyaların ödənilməsi məqsədilə 630 trilyon rial (rəsmi məzənnə üzrə 25,3 milyard dollar) qənaət etmək üçün qiymətlərin kəskin artımını tələb edir.
2014-04-30
16,264
Dünya Bazarında neft sürətlə ucuzlaşır
ABŞ Energetika Nazirliyi ölkədə neft ehtiyatlarının artması barədə məluumat dərc etdikdən sonra, dünya bazarlarında neftin qiyməti ucuzlaşması sürətlənib. "Axar.az" saytı xarici mediaya istinadən xəbər verir ki, iyun ayı üçün Brent markalı neftin qiyməti 1.01% ucuzlaşaraq bir barel üçün 107.89 $ olub. ABŞ-ın strateji ehtiyatları istisna olmaqla bütün kommersiya ehtiyatları bir həftə ərzində 1 milyon 700 min barel artaraq, 399 milyon 400 min barelə çatıb. Bundan əlavə olaraq, benzin ehtiyatlarında da artım müşahidə edilib. Benzin ehtiyatları 0.7% artaraq, 211 milyon 600 min barelə çatıb. ABŞ-ın yanacaq ehtiyatlarının arasında aviasiyada istifadən edilən yüksək oktanlı yanacaq isə, 1.7% artaraq, 114 milyon 400 min barel olub.
2014-04-30
16,265
Con Kerri İsrail qarşısında özünü təkzib etdi
ABŞ Dövlət katibi Con Kerri İsrail dövlətinin irqi ayrıseçkiliyə yol verdiyi barədə sözlərinin yanlış anlaşıldığını bildirib. "Axar.az" xəbər verir ki, Kerri İsrailə olan bağlılığının mübahisə predmeti ola bilməyəcəyini deyib. Kerri bu barədə gizli və ya açıq şəkildə heç nə demədiyini vurğulayıb.
2014-04-30
16,266
Putin Krımı müdafiə edənə medal verdi
Krımın Simferopol şəhərində snayper gülləsindən həlak olan Ruslan Kazakov Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə ölümündən sonra "Krımın müdafiəsində rəşadət göstərdiyinə görə" medalı ilə təltif edilib. Məlumata görə, kazakların "Stanitsa Plastunskaya" cəmiyyətinin üzvü olan Kazakov vətəndaşlıq borcunu yerinə yetirərkən həlak olub. Xatırladaq ki, Ruslan Kazakov bu il martın 18-də rus ordusu Krıma hücum edərkən, Simferopolun Kubansk küçəsində yerli xalqla atışma zamanı Krımı müdafiə edənlər tərəfindən açılan atəş nəticəsində yaralanmışdı. /ANS/
2014-04-30
16,267
Xalq artisti Habil Əliyevə ağır itki
Azərbaycanın Xalq artisti, tanınmış kamança ifaçısı Habil Əliyevə ağır itki üz verib. Məlumata görə, Habil Əliyevin qardaşı Tahir Əliyev bu gün vəfat edib. Əlavə məlumat veriləcək... /Publika.az/
2014-04-30
16,268
Şəmsəddin Hacıyevin universitetdəki son kadrı işdən çıxarılır
Yaxın günlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) prorektoru Damət Bağırov tutduğu vəzifədən çıxarılması gözlənilir. Bu barədə universitetdəki etibarlı mənbə məlumat verib. Qeyd edək ki, Damət Bağırov əvvəlki rektor Şəmsəddin Hacıyevin universitetdəki son kadrı hesab olunur. Mənbənin verdiyi məlumata görə, hazırda Dövlət İqtisad Universitetində kadr dəyişikliyi davam edir. Bir neçə gün öncə universitetin ictimai əlaqələr üzrə prorektoru Zəfər Bayramov vəzifəsindən azad edilib. Onun yerinə isə ilk dəfə olaraq qadın prorektor təyin olunub. Onu da bildirək ki, Zəfər Bayramov eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının (YAP) İqtisad Universitetindəki nümayəndəsidir. /Publika.az/
2014-04-30
16,269
Kommunistlər 23 il sonra Qırmızı Meydana toplaşır
23 il sonra Moskvanın mərkəzi Qırmızı meydanında 1 may Əmək bayramı qeyd ediləcək. "Axar.az" Rusiya mediasına istinadən xəbər verir ki, Moskva meriyası həmkarlar ittifaqlarına güzəştə gedərək, nümayişin keçirilməsinə icazə verib. Moskva Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Aleksandr Mazunov, bayram aksiyasının klassik nostalji ruhda keçiriləcəyini vurğulayıb. Həmkarlar İttifaqının nümayəndəsi həmçinin bildirib ki, tədbirə Rusiya prezidenti Vladimir Putin, Baş nazir Dmitri Medvedev və Moskva meri Sergey Sobyanin dəvət edilib. Sonuncu dəfə SSRİ-nin süqut etdiyi 1991-ci il tarixində keçirilən 1 May bayramının 23 il sonrakı şüarlarından danışan Mazunov bu dəfəki şüarların "layiqli əmək, ədalətli əmək haqqı" olacağını deyib.
2014-04-30
16,270
Əsəddən gözlənilməz qərar: Suriya Şanxaya üzv olur
Suriyada 3 iyunda keçiriləcək olan prezident seçkilərində namizəd olacaq Bəşər Əsəd sürpriz bir qərar verib. "Axar.az" xəbər verir ki, Suriya rəhbərliyi Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq üçün müraciət edib. Müraciətdə Suriyanın Rusiya, Belarus və Qazaxıstanı əhatə edən Avrasiya İqtisadi Birliyi ilə gömrük birliyi sahəsində razılaşma əldə etmək istədiyi bildirilir. 2001-ci ildə yaradılan təşkilata Çin, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan ölkələri daxildir. Xatırladaq ki, bir müddət öncə Türkiyə Baş naziri Ərdoğan da ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola biləcəyi ehtimalını irəli sürmüşdü.
2014-04-30
16,271
Rus politoloq: “Parçalanma növbəsi Rusiyadadır”
"Əgər Rusiya-Ukrayna müharibəsi aşkara keçsə, o zaman süqut növbəsi Rusiyada olacaq". Bu sözləri "Axar.az"a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O, SSRİ-nin qərb tərəfindən parçalanmadığını bildirib: "Bəllidir ki, Rusiya Federasiyasının parçalanmasını çoxları istəyir. Aydındır, bütün məsələ prosesin texnologiyası ilə bağlıdır. Məsələn, çoxları bilir ki, SSRİ özü süquta uğramağa başladı. Qərb isə sadəcə, məmurların və Qorbaçovun axmaqlığından istifadə edərək bu prosesi sürətləndirmişdi. Burada isə heç bir sirr axtarmağa gərək yoxdur. Axmaq məmurlar indi də var və onlar heç bir yerə itmirlər". Politoloq Rusiyanın Ukraynadakı böhrandan çıxış yolu tapmayacağı halda parçalanacağını qeyd edib: "Bu gün Rusiyanı Ukrayna böhranından istifadə edərək, real müharibəyə cəlb etməklə parçalamağa çalışırlar. Əgər Rusiya-Ukrayna müharibəsi aşkara keçsə, o zaman süqut növbəsi Rusiyada olacaq. Bunun baş verməməsi üçün isə Rusiya gərək daxildən özünü qüvvətləndirib bütün iqtisadi, siyasi, maliyyə zərbələrinə qarşı dayanmağı bacarsın. Əgər Rusiya yaxın günlərdə Ukrayna məsələsində optimist həll variantlarına nail olmasa, o zaman onu güclü daxili parçalanma gözləyir".
2014-04-30
16,272
Ukraynada Slavyansk şəhərinin meri istefa verdi
Ukraynada Slavyansk şəhərinin meri Nelya Ştepa istefa verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, istefa özünü şəhərinin "xalq meri" adlandıran Vyaçeslav Ponomaryovun təzyiqi ilə əlaqələndirilir. Donetsk vilayətinin dövlət administrasiyası tərəfindən yayılan məlumatda Slavyanskda vəziyyətin mürəkkəbləşdiyi bildirilir. "Separatçı hərəkatın lideri V.Ponomaryov şəhər rəhbərliyinə hədə-qorxu gəlməkdə davam edir. Onun sərəncamlarını yerinə yetirmədikdə isə müharibə vaxtı qanunlarına uyğun hərəkət edəcəyi ilə təhdid edir. Bu səbəbdən bu gün şəhər sovetinin iclasında deputatlar yekdilliklə Nelya Ştepanın istefasının lehinə səs veriblər", - sənəddə deyilir.
2014-04-30
16,273
Dilənçinin qucağında yatan uşaq ölü çıxdı - Şok araşdırma
Dilənçilərin qucağındakı uşaqlar niyə həmişə yatmış vəziyyətdə olur? Bu sualın dəhşətli cavabını türkiyəli jurnalistlərdən birinin araşdırması ortaya qoyur və nəzərə alanda ki, Azərbaycanda da hər gün eyni mənzərənin şahidi oluruq, mövzunun aktuallığına şübhə yeri qalmır. "Axar.az" həmin araşdırmanı təqdim edir: Dilənçilərin yanından keçərkən onların qucağında cansız bir bədən kimi yatan körpələri görəndə bəzən çox üzülürük. Aşağıdakı yazını oxumaq sizin sadəcə 3 dəqiqənizi alacaq. Lakin o qucaqdakı körpənin niyə yatdığını biləndə sadəcə şok keçirəcəksiniz. O körpələr niyə həmişə yatmış olur? Metro stansiyalarının birində ortayaşlı bir qadın dilənir. Onun saçı çox vaxt qarışıq və çirkli, yanında isə bir çanta olur. İnsanlar həmin çantaya pul atır. Qucağında yatan iki yaşında bir körpə var. Uşaq çirkli bir papaq və kirli əyin-baş içində xəbərsizcə yatır. Yoldan keçən və sayı-hesabı bilinməyən adamlar ona pul verir. Dilənçinin pis niyyəti olduğunu düşünmədən, hər zaman cibindəki son qəpiyi ona verərək xeyirli bir iş gördüyünü düşünən insanlar heç də az deyil. Bir ay fasiləsiz olaraq bir dilənçinin yanından keçərkən onu izlədim. Bir ay sonra dilənçinin qarşısından keçərkən anidən bir şeyin fərqinə vardım. Hər zaman olduğu kimi, üst-başından cin ürkən körpəyə baxdım. Səhərdən axşama qədər səs-küylü metro stansiyasında bir uşağın bu qədər sakit dayanmasına təəccübləndim. Uşaq yatırdı, ağlamırdı, hıçqırmırdı, bağırmırdı. Sadəcə, başını anasının dizlərinə qoyaraq yatırdı. Ən azından qıraqdan elə görünürdü. Əziz oxucular, aranızda uşaqları olan varmı? 1-2-3 yaşlarındakı körpələrin fasiləsiz nə qədər yatdığını yəqin bilirsiniz. İki və ya üç saatdan artıq yatmırlar. Lakin mən bir ay boyunca dilənçinin qucağındakı körpəni bir dəfə belə oyaq görmədim! Onun dizi üstündəki körpənin üzünə baxdım və içimdəki şübhələr daha da artdı. Gözlərimi körpəyə dikərək dilənçidən soruşdum: "Bu uşaq niyə həmişə yatır?" Qadın məni eşitməmiş kimi öz işinə davam etdi. Gözlərini endirdi və üzündə həmişəki yazıq sifətini almağa başladı. Sualı təkrarladım. Qadın təkrar yuxarı baxdı və mənə "rədd ol burdan" dedi. Bu dəfə uşağın niyə həmişə yatdığını səsimi ucaldaraq soruşdum. Arxamdakı adam çiynimə əlini qoydu. Arxaya döndüm. Yaşlı bir kişiydi. Məndən soruşdu: "Ondan nə istəyirsən? Nə qədər əzab içində yaşadığını görmürsənmi? Eh..." Cibindən bir az pul çıxarıb dilənçinin çantasına atdı. Dilənçi utancaq və böyük bir kədər ifadəsi ilə təşəkkür etdi. Həmin yaşlı adam çiynimdən əlini çəkib, metro stansiyasından çölə çıxdı. Bu yaşlı adamın evə gedib, hamıya metro stansiyasında gördüyü ruhsuz bir adama qarşı, kasıb və köməksiz bir qadını necə müdafiə etdiyindən bəhs edəcəyindən də əminəm. Ertəsi gün bir yoldaşımı axtardım. Bu dostum zeytun gözlü yunan əsilli komik bir adam idi. Təhsilinin yalnız üç ilini tamamlamağı bacarmışdı. Buna rəğmən mənim soruşacaqlarıma dəqiq cavab verə biləcək biri idi. Yoldaşımdan bu dilənçilərin bir şəbəkə olduğunu öyrəndim. Yaşlı qadınların dilənçilik zamanı istifadə etdiyi uşaqların imkansız ailələrdən kirayələndiyini və ya ümumiyyətlə qaçırıldığını öyrəndim. Yunan əsilli dostum körpənin bütün günü yatması üçün dilənçilərin ona araq, ya da narkotik verdiyini dedi. Dostum davam elədi: uşaq bədənləri zəif olduğu üçün narkotiklərə tab gətirmir və tez ölür. Ən dəhşətlisi isə odur ki, bəzən bu uşaqlar "iş günü" içərisində, yəni qucaqdaca ölürlər. Elə olanda isə ana rolunu oynayan qadın axşama qədər qucağında ölü bir uşağı saxlamaq məcburiyyətində qalır. Bu bir qaydadır. Yoldan keçənlər torbaya bir az pul atır və bunun əxlaqi və doğru bir şey olduğuna inanırlar. Əslində isə onlar necə qəddar cinayətkarlara pul verdiklərinin fərqində deyil. Ertəsi gün eyni metro stansiyasında gedərkən özümü jurnalist kimi təqdim etmək qərarına gəldim. Qadın eyni yerdə oturmuşdu və qucağında yeni bir körpə tutmuşdu. Ondan bu uşağın sənədlərini və dünənki uşağın harada olduğunu soruşdum. Cavab vermədi. Lakin yanımdan keçən insanlar niyə uşaqlı və yoxsul bir dilənçinin üstündə qışqırdığımı soruşmağa başladı. Bundan sonra mühafizəçilər məni metro stansiyasından zorla çıxardılar. Polisə zəng etməli idim. Polis gəldi, ancaq ortalıqda nə dilənçi, nə də körpə vardı... Əgər siz də küçələrdə uşaqlarıyla dilənən qadınlar görürsünüzsə, pul verməzdən əvvəl bir də düşünün. Pul vermədiyiniz təqdirdə sektorlaşmış bu cür pis niyyətli işlər öz-özünə bitəcək. Nəhayət, uşaqların hər hansı bir spirtli içki, dərman verilərək ölgün vəziyyətə salınmasının qarşısı alınacaq. Qucağında yatan körpəyə görə, dilənçiyə heç vaxt şəfqət ilə baxmayın. Diqqətli və həssas olmağınız bir körpənin həyatını qurtarmaq üçün bir addım ola bilər.
2014-04-30
16,274
Əsəd hələ də kimyəvi silahdan istifadə edir
İngilis qəzeti "Deyli Teleqraf" Suriya rejiminin vətəndaşlara qarşı hələ də kimyəvi silahdan istifadə etdiyini iddia edib. "Axar.az" xəbər verir ki, qəzetin yazdığına görə, son zamanlarda baş verən hücumların olduğu yerdən torpaq nümunələri götürülərək bir kimyəvi silah mütəxəssisi tərəfindən araşdırılıb. Bu ayın əvvəllərində də İdlibdəki iki kəndə təşkil edilən hücumlarda xlor və ammonyak izinə rast gəlinib. Nəşr yazır ki, qazla dolu çəllək bombası hərbi vertolyotdan atılıb: "Bəzi hallarda silahların içindəki kimyəvi tərkibi kapsullar daşıyır. Suriyada davam edən vətəndaş müharibəsində vertolyota sahib tək güc Əsəd rejimidir". Qeyd edək ki, ötən iki həftə içərisində İdlibdə müxaliflərin əlində olan kəndlərə səkkiz qaz hücumu olub. Hücumlarda xlor və ammonyak istifadə edilib. Bu hücumlar nəticəsində azı 3 adam ölüb, yüzlərlə adam isə yaralanıb. Ölənlərin arasında uşaqlar da var.
2014-04-30
16,275
Ermənilərin "Qarabağ" arağı Rusiya bazarlarına çıxdı
Azərbaycanın Dağlıq Qarabağ regionundakı erməni separatçılarının istehsal etdiyi spirtli içki məhsulları Rusiya bazarlarında satışa çıxarılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, paytaxtın bir sıra mağazalarında, "Stepanakert Konyak Zavodu"nun istehsal etdiyi zoğal və ərik araqları "Qarabağ"(KARABAKH) brendi adı altında satılır. Bundan başqa separatçılara məxsus "Stepanakert Konyak Zavodu"nun adıçəkilən məhsullarına Moskvanın Domodedovo aeroportunun "Duty Free"sində rast gəlmək mümkündür. Spirtli içkilərin qablarının üstündə məhsulun ""Stepanakert Konyak Zavodu" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən istehsal olunduğu, həmin zavodun Stepanakert şəhərində yerləşdiyi yazılıb. Məhsulun ixracatçı firması qismində isə adıçəkilən QSC-nin İrəvan filialının olduğu qeyd edilib. Məhsulun üzərində eyni zamanda Rusiya Federasiyasının əsas kateqoriya dövlət standartı olan QOST R (ГОСТ Р) abreviaturası da yazılıb.
2014-04-30
16,276
Putin Ukraynada “Novorossiya” yaradır - Video
Bir neçə gün bundan öncə canlı efirdə çıxışı zamanı Qərbi və rəsmi Kiyevi şoka salacaq açıqlama verərən Rusiya Prezidenti Vladimir Putin aydın şəkildə bəyan etdi ki, Ukraynanın cənub-şərq vilayətləri Rusiyanın tarixi torpaqlarıdır və adı "Novorusiya"dır. "Axar.az" xəbər verir ki, artıq bu yöndə əməli işlərə start verilib. Belə ki, Yefpatoriya şəhərinə "Novorusiya"nın Koordinasiya Şurasında təmsil olunacaq şəxslər toplaşmaqdadır. Vurğulanır ki, onlar yeni ərazi vahidinin yaradılması və atılacaq addımları müzakirə edəcəklər. Qeyd edək ki, son günlərə qədər bu tədbirin yeri və tarixi ciddi şəkildə sirr saxlanılırdı. Artıq hadisə yerinə Luqansk və Xarkov vilayətlərinin separatçı liderlərinin toplaşdığı deyilir. Şuranın gündəliyi və görəcəyi işlər barədə yaxın günlərdə ətraflı məlumat veriləcək.
2014-04-30
16,277
NATO Estoniyada ikinci hərbi bazasını açdı
Ukrayna hadisələri ilə əlaqədar birləşmiş NATO hərbi qüvvələri sabahdan Baltikyanı regionda qurumun ikinci hərbi hava bazasını açır. "Axar.az" xəbər verir ki, sözügedən baza Estoniya ərazisindədi və adı Emaridir. Qeyd edək ki, bu hərbi məntəqə Alyansın sayca ikinci hərbi limanı olacaq. Bu vaxta qədər Litvadakı Şaulyae bazası fəliyyət göstərib. Məsələ ilə əlaqədar Estoniyanın Baş naziri Tavvi Rıyvas açıqlama verərək, ölkəsinin hava məkanının daima nəzarətdə saxlanılmasını, lazım gələrsə, qırıcı təyyarələrin növbələşməsini vacib sayıb: "NATO hərbi qüvvələrinin daimi iştirakı Estoniyanın hava sahəsinə yad mülki və hərbi təyyarələrin soxulmasının qarşısını alacaq".
2014-04-30
16,278
Turizm İnstitutu Hesablama Palatasına qarşı çıxdı
Azərbaycan Turizm İnstitutu Hesablama Palatasının institutda apardığı audit yoxlamaları nəticəsində aşkar edilmiş yeyinti faktları ilə bağlı yayılan məlumatlara münasibət bildirib. İnstitutdan verilən məlumata görə, heç bir əsas olmadan xırda inzibati nöqsanların mənimsəmə faktları kimi təqdim edilməsi cəhdlərinin son vaxtlar sistemli xarakter alması institut kollektivini və bu yazılanların həqiqəti əks etdirmədiyini bilən insanları həddən artıq məyus edib. Hesablama Palatası tərəfindən dövlət ali təhsil müəssisəsi olan Azərbaycan Turizm İnstitutunda plana uyğun şəkildə 25 fevral - 29 mart 2013-cü il tarixlərində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditi həyata keçirilib: "Audit nəticəsində institutda bəzi xırda qüsurlar istisna olmaqla heç bir maliyyə pozuntusu və ya mənimsəmə faktı müəyyən edilməyib və bu, Hesablama Palatasının 28 mart 2013-cü il tarixli "Audit yoxlamasının yekun aktı"nda təsbit edilib. 2013-cü il üzrə Hesablama Palatası tərəfindən dövlət orqanları və müəssisələrində aparılmış auditlə bağlı Milli Məclisə hesabat verildikdən sonra bəzi KİV nümayəndələri hesabatdakı məlumatları təhrif edərək, institutda mənimsəmə hallarının olması ilə bağlı əsassız yazılar yazmağa başlayıblar". Qeyd olunur ki, əslində isə audit zamanı müəyyən edilən qüsurlar yerindəcə həll edilib və institutda ilk dəfə keçirilmiş bu auditin nəticələri gənc ali təhsil müəssisəsi olan Azərbaycan Turizm İnstitutunda maliyyə intizamının və mal-material uçotunun daha da təkmilləşdirilməsi işinə xidmət edib: "Bu qüsurların institutun dövlət pulunu mənimsəməsi kimi qələmə verilməsi ölkədə şəffaf, müasir beynəlxalq tələblərə uyğun ali təhsil müəssisəsinin qurulması prosesinə və bu prosesdə Azərbaycan Turizm İnstitutunun kollektivinin və bizə yardımçı olan onlarla yerli və xarici tərəfdaşımızın gördüyü işlərə kölgə salmaq cəhdidir. Öz fəaliyyətində qanunun aliliyini, şəffaflığı başlıca prinsiplər kimi rəhbər tutan Azərbaycan Turizm İnstitutunun kollektivi dövlətin və cəmiyyətin yüksək etimadını doğrultmaq, təhsil və turizm sahələri üzrə müəyyən edilmiş dövlət strategiyalarının icrası istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da bütün qüvvəsini səfərbər edəcək". /ANS/
2014-04-30
16,279
Gülənçilər Ərdoğanı topa tutdu
ABŞ-da yerləşən camaata məxsus "Alliance for Shared Values" təşkilatı Türkiyə Baş naziri Ərdoğanın Güləni bu ölkədən istəməsinə reaksiya verib. "Axar.az" xəbər verir ki, ​​təşkilat Baş nazir Ərdoğanın özündən fərqli düşünən türk vətəndaşlarına qarşı apardığı siyasətin utancverici olduğunu bildirib. Verilən bəyanatda qeyd olunur ki, Ərdoğanın Fətullah Güləni ABŞ-dan istəməsi onun hüquqi təcavüz niyyətinin əlamətidir. Həmçinin Fətullah Gülənin Türkiyə ilə dünya ölkələri arasındakı dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə, təqdir edilməyi haqq etmişkən, dövlətin imkanlarıyla həm ölkə daxilində, həm də xaricdə hədəf alınması tarixə ibrət olacaq".
2014-04-30
16,280
Generalın 2 milyonluq anbarı niyə istifadəsiz qalıb?
"Fermerlər məhsulu yığır, bazara çıxarır və satılmayan hissəsini də anbarlara göndərirlər". Bunu "Axar.az"a ölkədəki kənd təsərrüfatı məhsullarının saxlanılması üçün tikilmiş saxlama anbarlarının vəziyyəti və istifadə şərtlərini şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi: "Həmin anbarlardan istifadənin az olma səbəblərindən biri ondan ibarətdir ki, saxlama anbarları fermerlərə sərf edəcək şərtlərlə təklif olunmur. Onsuz da fermerlərin istehsal etdiyi məhsulun maya dəyəri yüksək deyil və onlar üçün saxlama anbarlarının sahiblərinin təklif etdiyi qiymət faydalı deyil. Yəni bunlar baha başa gələn məhsulu bir müddət saxladıqdan sonra o məhsulun maya dəyəri qalxır, bu isə satışda müəyyən problemlər yaradır. İkinci səbəb isə saxlama anbarlarının fermerin məhsuluna görə məsuliyyət daşımaması ilə əlaqədardır. Yəni onlar fermerlə müqavilə bağlamırlar və məhsul xarab olduğu halda xarab olan məhsulun dəyərini ödəmirlər. Fermerlərə sərf etmir ki, o məhsulu bu formada kiməsə təhvil versin və sonra kimsə xarab məhsulu ona qaytarsın. Yaxud adətən deyirlər ki, elektrik enerjisində yaranan problem nəticəsində məhsulunuz xarab olub. Məhz bu səbəblərə görə fermerlər saxlama anbarlarında məhsul saxlamaqda maraqlı deyillər". Ekspertin fikrincə, məhsulun uzun müddət saxlanması üçün xüsusi texnologiya tələb olunur və həmçinin xüsusi sortlar yetişdirilməlidir: "Öncə məhsulu uzun müddət saxlamaq üçün çalışmaq lazımdır. Bu isə xüsusi texnologiya tələb edir. Belə olan halda xüsusi sortlar yetişdirilir və sort yetişdirmə ilə də məşğul olan çox ciddi qurum olmalıdır. Bizdə Genetika və Seleksiya İnstitutu var, çox təəssüf ki, onlar bununla məşğul olmurlar. Yəni elə sort olmalıdır ki, həmin məhsulu uzun müddət saxlamaq olsun. Bundan əlavə məhsulu saxlamaq üçün müəyyən mərhələlərlə həmin məhsul yığılmalıdır. Amma bizdə bunu başqa cür edirlər. Fermerlər məhsulu yığırlar və bazara çıxarırlar və satılmayan hissəsini isə anbarlara göndərirlər. Məhsulun tam yetişmiş halda anbarda saxlanılması mümkün deyil. Xüsusi texnologiya var və həmin texnologiyadan istifadə edilməlidir. Məhsul çıxarılmalıdır və "şoklama" edilməlidir. Yəni ki, qısa müddətdə temperatur müsbət iki (+2) dərəcəyə qədər düşməlidir, bu zaman isə həmin məhsulda inkişaf prosesi avtomatik olaraq dayanır və bundan sonra onu uzun müddət saxlamaq olar. Çox təəssüf ki, bu texnologiyalar Azərbaycanda tətbiq edilmir, ona görə də bizim istehsal etdiyimiz məhsulu uzun müddət saxlamaq olmur. Hansı ölkələrdə ki, bu sahədə həm elmi, həm də texnoloji potensial yüksəkdir həmin ölkələrdə məhsulları uzun müddət saxlamaq olur və bunun nəticəsidir ki, onlar Azərbaycana baha qiymətə qarpız, alça və başqa məhsulları ixrac edirlər". Anbarlar düzgün yerlərdə tikilmir Fermer Elçin Əzizov isə problemin fərqli səbəbləri olduğunu görür. Salyanda inşa edilən və hazırda isə demək olar ki, istifadəsiz qalan saxlama anbarını nümunə göstərən ekspert hesab edir ki, əsas problem anbarların yerləşdirilməsindədir: "Bir neçə il bundan öncə Salyanın keçmiş icra başçısı, general Əliağa Hüseynov anbar tikdirdi. Amma təəssüf ki, bu gün ondan istifadə edilmir. Həmin saxlama anbarının tikintisi üçün 2 milyon manatdan çox vəsait xərclənib, ancaq nə faydası?! Çünki bu ərazilərdə anbarlara yerləşdiriləcək qədər məhsul yığılmır. Məhsul ən çox olan vaxtında belə anbarın 20 faizini əhatə etmək mümkün deyil. Məncə, bu anbar cənub zonasında tikilsəydi, daha əhəmiyyətli olardı". Xatırladaq ki, ölkənin bir neçə yerində saxlama anbarları tikilib istifadəyə verilib. Amma əksər fermerlər bu anbarlardan istifadə etmirlər. Onlar səbəb kimi qiymətlərin bahalığını göstərirlər.
2014-05-01
16,281
Xarkov meri yəhudi olduğu üçün güllələnib
Xarkov vilayətinin yəhudi icması bəyanatla çıxış edərək, Qenadi Kernesin rusiyameylli qüvvələr tərəfindən güllələndiyini deyib. "Axar.az" xəbər verir ki, icma üzvləri ona qarşı sui-qəsdin milli mənsubiyyəti üzündən baş verdiyini xatırladıblar: "Kernes heç vaxt özünün yəhudi kökənli olduğunu nümayiş etdirmirdi, eyni zamanda, milli mənsubiyyətini də danmırdı. O, həmişə şəxsi vəsaitini Xarkovdakı senaqoqa xərcləyərdi. Mer kimi yox, bir vətəndaş olaraq bu addımı atırdı. Bir neçə il bundan öncə yerli ravvin Moşe Moskoviça tərəfindən sünnət olundu. Bu mərasimdən sonra o, Moşe yəhudi adını seçdi". Xatırladaq ki, hazırda İsraildə əməliyyat olunan Xarkov meri Qenadi Kernesinin vəziyyətinin ağır olduğu deyilir. Koma vəziyyətinə salınan pasient üzərində 10 saata yaxın əməliyyat aparılıb. Bel nahiyəsindən güllə yarası alan Kernesin sağlamlıq durumu ilə əlaqədar həkimlər birmənali fikir bildirməkdən çəkinirlər.
2014-05-01
16,282
Bu günün hava proqnozu
Bu günBakıda və Abşeron yarımadasında mayın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 10-14, günün birinci yarısında 20-24 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında mayın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
2014-05-01
16,284
Motosikletim varsa, ANS yol polisini tənqid etməməlidir?
Bu gün yerli mətbuat ANS telekanalının gənclər və idman naziri Azad Rəhimova həsr etdiyi tənqidi süjetlərə müxtəlif yönlərdən şərh verib. Bəlli olduğu kimi, bir çox KİV-lər, o cümlədən virtualaz.org saytı Hesablama Palatasının bir çox dövlət qurumlarında, o cümlədən Gənclər və İdman Nazirliyində apardığı yoxlamaların nəticəsi barədəki məlumatları dərc edilmişdi. Həmin məlumatlarda deyilirdi ki, bu qurumların fəaliyyətində korrupsiya faktları və çatışmazlıqlar var. Digər KİV-lər kimi ANS də bu mövzuya toxunmuşdu. Amma "Yeni Müsavat" qəzeti telekanalın nazirin ünvanına tənqidi fikirlərini fərqli rakursdan qiymətləndirib. Yazıda bildirilir ki, bu tənqidlərin əsl səbəbi ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevlə gənclər və idman naziri Azad Rəhimovun biznes maraqlarının toqquşmasında gizlənir. Xəbərə görə, nazirin çoxsaylı mağazaları var, gənclər və idman naziri əvvəllər V.Mustafayevin VMF şirkətinin məşğul olduğu və öz nəzarətində saxladığı biznes sahəsinə - elit qol saatlarının satışı bazarına girib.Bəs bu iddialar həqiqətə nə dərəcədə uyğundur?Virtualaz.org saytının müxbiri bu sualı Vahid Mustafayevin özünə ünvanlayıb.
2014-05-01
16,285
3 yaşlı uşağı yerə çırpıb qaçdı - Video
Çində görənləri şoka salan qeyri-adi hadisə baş verib. Mağaza sahibi ilə naməlum səbəbdən dalaşan bir nəfər onun azyaşlı uşağını yerə çırparaq qaçıb. Məlumata görə, bir nəfər mağazanın yanındakı dalanda mağaza sahibi ilə dalaşmağa başlayıb. Onların səsini eşidən daha 4 nəfər mağazadan çıxaraq hadisə yerinə gəlib. Döyüləcəyini başa düşən həmin şəxs isə 4 nəfərin əlindən çıxaraq qaçmağa başlayıb. O, bu vaxt qarşısına çıxan, kənardan baş verənlərə tamaşa edən 2-3 yaşlı körpəni də havaya qaldıraraq uzağa atıb. Hadisənin təfərrüatı barədə məlumat verilməsə də bu zərbədən sonra azyaşlının ağır xəsarət aldığı istisna olunmur /ans/
2014-05-01
16,287
Rus hərbi bazaları Azərbaycanda yerləşdirilə bilər
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə verdiyi müsahibəsi: - Qüdrət bəy, ermənilərin qondarma soyqırımı ərəfəsində Türkiyənin həm prezidenti, həm də Baş naziri ermənilərə 1915-ci ildə baş verən hadisəyə görə başsağlığı verdi. Sizcə AKP hakimiyyətinin məqsədi nədir? - Əvvəlcə Baş nazir Rəcəb Tayyib Ərdoğanın, sonra Prezidet Abdulla Gülün ermənilərə qondarma soyqırıma görə başsağlığı verməsi, hətta Türkiyəni faşist Almaniyası ilə müqayisə etməsi və Abdulla Gülün deməsi ki, "biz öz utancımızı və cinayətlərimizi artıq etiraf edirik", bu onu göstərir ki, Türkiyənin indiki rəhbərliyi demokratik düşüncəli insanlar arasında nüfuzunu itirdiyinin fərqindədir. Bu kimi əslində öz xalqının maraqlarına uyğun olmayan addımlar atmaqla Qərbin ermənipərəst siyasi dairələrinin dəstəyini qazanmaq istəyirlər. Türkiyənin indiki iqtidarının belə mövqe sərgiləməsi həm də Dağlıq Qarabağ probleminin həllini çətinləşdirir. Ona görə ki, beynəlxalq aləm də, biz də həmişə özümüzü Türkiyə ilə eyniləşdirmişik. Fakiki surətdə Türkiyənin prezidenti və baş naziri beynəlxalq birlik qarşısında erməni xalqına qarşı onların babalarının "cinayətlər" törətdiklərini söyləməklə Türkiyəni xeyli dərəcədə çətin duruma saldılar. İnsanlar şüuraltı fikirləşir ki, ermənilər elə bu vəhşi millətin basqısı altında qalıb və təcavüzə uğrayıb, indi də anoloji proseslər baş verir. Bir sözlə, onlar erməniyə rəğbət qazandırırlar və Ermənistanın işğalçı dövlət kimi təcrid olunmasını çətinləşdirirlər. Eyni zamanda, işğalçı ölkəyə müəyyən təzyiqlər olunmasını mümkünsüz edirlər. Əvvəllər də söyləmişdim, indi də söyləyirəm ki, Türkiyənin indiki rəhbərliyi qaz və neftə görə Azərbaycan iqtidarı ilə yaxşı münasibətlər saxlayırlar. Ancaq Azərbaycanın dünyəvi dövlət olması, məsələn, Azərbaycanda bütün qadınların çarşaba bürünməməsi onları əsəbiləşdirir. Onlar Ermənistanla ticarət əlaqələrini genişləndirirlər, hətta sərhədləri də açmaq istəyirlər. Bilirsiniz ki, Azərbaycanın ciddi bəyanatları olmasaydı və deməsəydi ki, "biz bir çox müqavilələrə yenidən baxmalı olacağıq", Türkiyənin indiki hakimiyyəti Azərbaycanla tamamilə başqa cür davranardı. Türklər bizim can-qan qardaşlarımızdır. Ancaq Türkiyənin indiki rəhbərliyinin yürütdüyü siyasət Türk Birliyinə, Türkiyənin maraqlarına xidmət etməyən, əksinə, hakimiyyətdəki qrupun hakimiyyətdə qalmaq maraqlarına xidmət göstərən siyasətdir. Sözsüz ki, biz də buna etiraz edirik. Türkiyə PKK-dan da üzr istəyəcək - Məlum başsağlığının ardınca Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin üzərindən soyqırım sözü çıxarıldı. Və bildirildi ki, bu, Türkiyə XİN-in göstərişidir... - Sözsüz ki, bu da bir detaldır. Bu addım da Türkiyənin indiki rəhbərliyinin mövqeyinin bir nümayişidir. Bilirsiniz, dinin siyasiləşməsi hər zaman ölkə üçün ağır nəticələr verib. Qonşu İran da, Türkiyə də gözümüzün qarşısındadır. Çox təəssüf, bizim umduğumuz və böyük ümidlə baxdığımız Türkiyə guya ki, yaxın qonşuları ilə "sıfır siyasəti" elan elədi, ancaq özünün xarici siyasəti sıfırdır. Baxın Misirlə, İsraillə, Suriya ilə düşmən münasibətdədir. Azərbaycanla bu cür münasibətlər davam eləsə, sözsüz ki, ciddi problemlərin yaranması qaçılmazdır. İranla münasibətlərdə də ciddi problemlər var. Yəni "sıfır siyasəti" deyəndə, öz ölkənin maraqlarını qorumayıb başqalarına xoş gəlmək üçün addımlar atanda vəziyyət bu həddə gəlir. Məsələn, Ermənistan baş nazirin və prezidentin məlum başsağlığından sonra təzminat istəyəcək. Bundan sonra kürd separatçıları daha da aktivləşəcək. Hesab edirəm, Öcalanın azad olunması çox da uzaqda deyil, PKK terrorçularından da üzr istəniləcək. Çünki PKK-nın bu gün etdiklərini ermənilər 1915-ci ildə edib və daha qanlı şəkildə. - Qüdrət bəy, bu ilin avqustunda Türkiyədə prezident seçkiləri keçiriləcək. Bütün bu addımlar seçkilərdə söylədiyiniz qüvvələrin dəstəyindən faydalanmağa hesablana bilərmi? - Birmənalı şəkildə belədir. Qərb artıq Ərdoğanı diktator kimi qəbul etməyə başlayıb. Ərdoğan hesablayıb ki, ermənipərəst diaspora onun lobbiçiliyini aparacaq. Necə ki, separatçı kürdlər bələdiyyə seçkilərində Ərdoğanın partiyasına səs verdilər. Erməni diasporu da bu siyasəti davam etdirəcək və Qərbdə Ərdoğanın lobbiçiliyini aparacaqlar ki, birdən türk millətçisi hakimiyyətə gələ bilər. Bu baş verməsin deyə Ərdoğana üstünlük verəcəklər. Artıq AKP öz əməllərilə buna yol açıb. Hətta erməniləri ümüdləndirdilər ki, gələcəkdə kompensasiya verə, sərhədləri aça bilərik, Ermənistanın iqtisadiyyatının gücləndirilməsini həyata keçirmək üçün çox böyük investisiyalar yatırarıq. Bütün bunlar baş verərsə, faktiki surətdə Amerika, Avropa Birliyi, o cümlədən Rusiya Ermənistanın saxlanmasını Türkiyənin üzərinə qoya bilər ki, erməniləri yaşatmaq sənin borcundur. AKP hakimiyyəti də hiss elətdirdi ki, bunları eləməyə hazırdı. Obama dünya üçün Putindən daha təhlükəlidir - Ukraynada hadisələrində Qərbin, eləcə də Avropa Birliyini davranışlarını necə qiymətləndirirsiz? - Bu gün Qərbin parlaq bir lideri yoxdur ki, Rusiyanın qarşısına çıxa bilsin. Qərb ilk gündən Rusiyanı şirnikləndirmək üçün dedi ki, biz Ukraynaya hərbi yardım etməyəcəyik, yalnız işğalçı dövlətə sanksiyalar tətbiq edəcəyik. Beləliklə də rus əsgərlərinə, Putinə imkan verdilər ki, sərbəst şəkildə bildiyini eləsin. Ona görə əvvəllər də söyləmişəm, indi bir daha qeyd edirəm ki, Obama demokratik dünya üçün Putindən daha təhlükəlidir. Çünki tarix, bəzən tale necə ki, bir insanın üzərinə missiya qoyur, eləcə də dövlətlərin də üzərinə missiya qoyur. Bu gün demokratik dünyanın aparıcı dövləti həm iqtisadi, həm də hərbi gücünə görə ABŞ-dır. Bu ölkənin hərbi gücü Rusiyanın hərbi gücündən bir neçə dəfə artıqdır. Birinci gündən Amerika ortaya qəti mövqe qoysaydı ki, biz qarant dövlət kimi Ukraynanı bütün vasitələrlə qoruyacağıq, sizi əmin edirəm ki, heç nə baş verməyəcəkdi. Ancaq Putin bilirdi ki, Obamanın cəsarəti və xarakteri imkan verməyəcək ki, belə bir bəyanatla çıxış eləsin. Ona görə ki, Suriya məsələsində Putin qəti mövqe qoydu və Avropa Birliyi və Obama öz bəyanatlarından imtina etdilər. Gürcüstan məsələsində də eyni hal baş verdi. Yəni Putin bilirdi ki, bunlar hara qədər gedə bilər. Demokratik dünyanın aparıcı dövlətinin qorxaq, cəsarətsiz lideri faktiki surətdə lazımi anda qətiyyətli mövqe ortaya qoymamaqla dünyada zora meydan verdi. İndi kim güclüdü, bundan sonra başlayacaq kiçik dövlətlərə və öz kiçik qonşularına terror etməyə, qorxutmağa, hədələməyə və ərazilərini işğal etməyə. Türkiyə heç də tam müstəqil deyil - Sizcə, bütün baş verənlərin Dağlıq Qarabağ probleminə təsiri necə olacaq? - Necə ki, Gürgüstana Rusiyanın hərbi müdaxiləsindən sonra Azərbaycanın öz torpaqlarını hərb yoluyla azad etməsinə böyük bir zərbə oldu, Ukraynada baş verənlər isə vəziyyəti bir qədər də çətinləşdirdi. Bundan sonra Rusiyanın daha açıq formada Azərbaycana hərbi təcavüz etməsi bir az da asanlaşdı. Azərbaycanın indiki vəziyyətdə prosesləri kənardan seyr etməkdən başqa yolu yoxdur. Hər zaman demişəm ki, müharibə aparan dövlət özünə müttəfiqlər tapmalıdır. Biz isə getdik Qoşulmayanlar Hərakatına üzv olduq. Faktiki surətdə özümüzü bitərəf elan elədik. Ermənistanın hərbi-siyasi müttəfiqi Rusiyadır və hərbi bazaları var. Azərbaycanın kimi var? Ən yaxın bizə Türkiyədir. Birinci Qarabağ savaşında mərhum Əbülfəz Elçibəy deyirdi: "Mən Türkiyədən iki vertalyot ala bilmədim ki, Kəlbəcərdən dinc əhalini çıxardım". Türkiyə müharibənin ən qızğın dövründə Avropa Birliyinin təkidilə Ermənistana taxıl verdi. Yəni Türkiyə də müəyyən mənada müstəqil dövlət deyil. Avropadan, Amerikadan asılıdır. Onlar da Azərbaycanı zəif bir dövlət kimi görmək istəyirlər. Hadisələrin gedişi bunu göstərir. Ona görə də Türkiyəyə də güvənməyinə dəyməz. Artıq bir çox ekspertlər bu barədə danışmağa başlayıblar. - Azərbaycanın çıxış yolunu nədə görürsünüz? - Azərbaycan istəsə də onu NATO-ya heç kim qəbul etməyəcək. Çünki Dağlıq Qarabağ problemi var. Ermənistan bu gün Rusiyanın hərbi-siyasi müttəfiqi olsa da, Krımın işğalına haqq qazandırsa da, BMT-də Rusiyanı dəstəkləsə də, yenə də Dağlıq Qarabağ məsələsində dünya bizim deyil, Ermənistanın yanında olacaq. Birinci Qarabağ savaşında da gördünüz ki, erməni bizim torpaqları işğala məruz qoydu, ancaq "907-ci düzəliş"i bir sanksiya kimi Amerika bizə tətbiq elədi. Ona görə də bizim NATO-ya girməyimiz real deyil və bu istiqamətdə də ciddi səylər göstərməyə dəyməz. Bircə qalır Rusiya ilə dil tapmaq. Yəni Rusiya ilə hansı formadasa razılaşıb, onun maraqlarını regionda təmin eləmək, neft-qaz siyasətini razılışdırılmış şəkildə həyata keçirmək. Lazım gələrsə, qazı Rusiyaya satmaq olar. Lazımdırsa, burada Rusiyanın hərbi bazaları yerləşdirilsin. Yəni Azərbaycan öz dövlət müstəqilliyindən imtina etməmək şərtilə bir çox suveren hüquqlarından Qarabağ naminə güzəştə gedə bilər. Bu mənim şəxsi yanaşmamdı. Sözsüz ki, bütün bunlar ikitərəfli sazişlər əsasında olmalıdır. Həmin sazişdə də Rusiya öhdəlik götürməlidir və Ermənistandan tələb etməlidir ki, Azərbaycandan işğalçı ordusunu çəksin və əraziləri boşaltsın, Dağlıq Qarabağ problemi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Əgər bu da mümkün deyilsə, Rusiya bu şərtləri də qəbul eləmirsə, onda Azərbaycanın gözləməkdən və hərbi potensialını gücləndirmək, artırmaqdan başqa çarəsi yoxdur. Bu zaman Azərbaycan çalışmalıdır ki, Rusiyanı qıcınqlandıran siyasət yürütməsin və oturub daha əlverişli beynəlxalq şəraitin yaranmasını gözləsin. Bu da nə qədər çəkəcək bəlli deyil.
2014-05-01
16,289
İsrail əsgərləri ev tikən sakinlərə hücum etdi
İsrail əsgərləri Qərbi Şəriyədəki işğal altında olan əl-Xəlil şəhərində fələstinlilərə hücum edib. "Axar.az" xəbər verir ki, İsrail əsgərləri evlərinin dağıdılmaması üçün dirəşən fələstinlilərə rezin güllə, qaz və gözyaşardıcı silahlarla hücum edib. Buna səbəb isə fələstinlilərin İsraildən icazə almadan ev tikmələri olub. Hücum nəticəsində onlarla fələstinli yaralanıb. Qeyd edək ki, İsrail Nablusda bir məscid və 4 evi dağıtmışdı.
2014-05-01
16,290
İnsan beynində nifrəti öldürən məqam – Şok araşdırma
İngiltərənin Eşq və beyin funksiyalarının araşdırma mərkəzi maraqlı elmi araşdırma aparıb. Araşdırmaya görə, insanlar aşiq olduğu zaman beyindəki nifrət duyğusu 0%-ə qədər eniş göstərir. "Axar.az" məlumat verir ki, araşdırmadan çox maraqlı nəticələr hasil olub. Bəlli olub ki, eşq halında romantizm və sevginin müddəti 937,5 gün davam edir. Bu da təqribən 3 ilə bərabər bir müddətdir ki, buna da məşhur roman "Məhəbbət üç il yaşayır"ı nümunə gətirmək olar. "Medicana International Ankara Xəstəxanası"nın mütəxəssisi prof. dr. Zülküf Önala görə isə eşq və nifrət arasındakı ən böyük fərq mühakimə və sağlam fikirdən ibarətdir. Mərkəzi beynin korteksinin böyük bir hissəsinin eşq əsnasında təsirsiz hala gəlməsindən insanlarda düşünmə qabiliyyəti nisbətən azalır. Türkiyəli professorun araşdırmasında bildirilir ki, nifrət edən adamın beyin hüceyrələrində iş zamanı işıq müşahidə edilmir. Araşdırma 83% evli cütlüklərdə öz təsdiqini tapıb Amerikanın nüfuzlu elmi araşdırma mərkəzindən bildirilib ki, araşdırmalara görə "937,5 gün"dən sonra iştirakçı cütlüklərin 83/100 %-i evliliklərinin ilk aylarında olan həyacanın xeyli azaldığını hiss edirlər. Araşdırmada qarşılıqsız sevdaya da yer verilib. Bildirilir ki, bu cür sevdaya düşən insanların beynində psixoloji həyata istiqamət verən sol beyin hüceyrələrinin funksiyaları axsayır. Ayrıca onlarda qorxu duyğusuna nəzarət edən instinktlərin iş xarakteri də zəifləyir. Beləcə, bu tip insanlar qorxusuz davrana, hər cür risk etmə qabiliyyətinə sahib ola bilirlər. Qeyd edək ki, beyin hüceyrələrinin pozulması ilə insanlar ictimai normaların xaricində davranışlar göstərmə funksiyasına sahib olurlar. Bu cür insanlar bir anın içində sərvətini, karyerini, hətta hər şeyi tərk etməyi bacarırlar.
2014-05-01
16,291
Rusiya Krım əhalisinə bir ay vaxt verdi
Krımda rus hökuməti Ukrayna pul vahidi qrivni dövriyyədən çıxardır. "Axar.az" xəbər verir ki, bunun üçün əhaliyə bir ay vaxt verilib. Artıq bu gündən ayrı- ayrı şəhərlərdə bankomatların quraşdırılmasına başlanılıb. Qeyd edək ki, hökumət əhalinin Krıma axını üçün maraqlı taktikadan istifadə edir. Belə ki, Rusiya qanunvericiliyinə görə, rus vətəndaşına edilən birdəfəlik yardım tam şəkildə xərclənə bilməz. Amma Krım istisnadır. İstənilən rus vətəndaşı dövlətin birdəfəlik yardımını istədiyi şəkildə Krımda yatırda, daşınmaz əmlak ala və ya xərcləyə bilər. Bu, artıq öz bəhrəsini verir. Krımda yaşayan soydaşlarımızın əməkdaşımıza verdiyi məlumata görə, son vaxtlarda yarımadada əhalinin sayı sürətlə artmaqdadır.
2014-05-01
16,292
Məşhur aktyor 71 yaşında öldü
71 yaşlı Bob Hoskins 71 yaşında xəstəxanada keçinib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, məşhur ingilis aktyor Bob Hoskins 71 yaşında pnevmoniyadan vəfat edib. "Uzun gözəl cümə" və "Mona Liza" kimi filmlərdə çəkilən aktyor dünən gecə xəstəxanada keçinib. Ailəsi onun ölümü ilə bağlı "Bob bizi tərk etməklə bizi "viran" qoydu" deməklə kifayətlənib. Xatırladaq ki, Bob Böyük Britaniyanın qərbindəki Edmunds əyalətində doğulub və orda da dəfn ediləcək. Aktyor 2012-ci ildə xəstəliyinin şiddətlənməsindən sonra təqaüdə çıxmışdı.
2014-05-01
16,293
Hacı Qamət agent olmasından danışdı
"O kəslər ki, bu cür fikirli adamlara qarşıdır, onlara görə həmin kəs hansısa ölkənin agentidir. Onların yanaşmasına görə, agent olmamaq üçün mütləq onların dediyini deməlisən". "Axar.az" xəbər verir ki, bu sözləri Əbu-Bəkr məscidinin imamı Qamət Süleymanov "Publika.az"a açıqlamasında Suriyada döyüşən azərbaycanlı mücahidlərin onu Səudiyyə Ərəbistanının agenti adlandırmasına münasibət bildirərkən deyib. Q.Süleymanovun dediyinə görə, internet aləmi açıq olduğu üçün kim nə istəyir yazır, nə istəyir danışır. O, bu cür sözlərə fikir verməməyi tövsiyə edib, qeyd edib ki, tənqid etdiyi radikal fikirli şəxslər tərəfindən ona qarşı dəfələrlə sui-qəsd olub. "2008-ci ildə məscidi partladanlar da onlar idi. Ondan əvvəl də mənə qarşı dəfələrlə belə hərəkətlərə yol verilib. Hazırda sakitlikdir, amma məsələ açıq qaldığı üçün bu cür fikirlər hələ də var. Amma əlhəmdüllah, nə də olsa, biz öz mövqeyimizdə, öz fikrimizdəyik" - deyə sələfilərin lideri bildirib. Qeyd edək ki, Suriyada döyüşən azərbaycanlılar Qamət Süleymanovu Səudiyyə Ərəbistanına agentlik etməkdə ittiham ediblər. "Süleymanov Səudiyyə Ərəbistanında ilahiyyat fakültəsini bitirdikdən sonra Azərbaycana gələrək özlüyündə İslama dəvət fəaliyyətinə başlayıb. Lakin qısa zamandan sonra azərbaycanlı müsəlmanlar tərəfindən "İslama deyil, Səudiyyə siyasətinə, onların mənfəətlərinə və maraqlarına çalışır" deyə tənqidlər yağmağa başlayıb. Beynəlxalq müstəqil araşdırmaçılara görə, Səudiyyə rejimi dünyada xüsusilə kasıb ölkələrdən gələn tələbələrə təhsil verib beyinlərini doldurduqdan sonra onlara bəzi imkanlar yaradaraq gəldikləri ölkələrə göndərir, öz siyasətlərini həyata keçirmək üçün bir növ qeyri-rəsmi konsul kimi işlədir. Xüsusilə vurğulamaq lazımdır ki, Körfəz ölkələrinin ən zəngini və ABŞ-ın ən yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanı illərdir ölkəni atadan oğula keçmə sistemi ilə idarə edir, krallıqlarına qarşı çıxanları isə sərt cəzalandırır. Bunu da özlərinin yetişdirdiyi "saray alimləri" olan bəzi din adamlarının fətvası ilə qanuniləşdirir. "Bütün dünyada Əhli-sünnət və camaatın müdafiəçiləri o alimlərdir deyərək, bunu da Qamət Süleymanov kimilərin əli ilə ictimailəşdirirlər. Kimi dəstəkləmək lazımdırsa, onun kimilərin dili ilə bu həyata keçirilir", - deyə mücahidlərin saytında bildirilir.
2014-05-01
16,294
Ukrayna rus diplomatı ölkədən qovur
Rusiyanın Ukraynadakı səfirliyinin hərbi attaşesi Kiril Koloçkin persona non qrata elan olunub. "Axar.az" xəbər verir ki, hərbi attaşe yaxın günlərdə ölkədən çıxarılacaq. Ukrayna Xarici İşlər Nazirliyindən bildirilib ki, diplomatın ölkədən çıxarılmasına səbəb onun vəzifəsi ilə bağlı olmayan işlər görməsidir. Qeyd edək ki, hərbi attaşe dünən Ukrayna Təhlükəsizlik Xidməti keçirdiyi əks-kəşfiyyat əməliyyatı zamanı saxlanılmışdı.
2014-05-01
16,295
Saatlıda yaşayış ev yandı
Saatlıda yanğın hadisəsi qeydə alınıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayonun rayon mərkəzindən 23 km aralıda yerləşən Qara Nuru kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin tavanı və dam örtüyü 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-05-01
16,296
Mövqelərimiz atəşə tutuldu
Cəbhənin təmas xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-05-01
16,297
“ANS bunu qərəzli və məqsədli şəkildə edir”
"Hesablama Palatası araşdırır, əgər burada cinayət faktoru varsa, bununla əlaqədar sənədlər hüquq-mühafizə orqanlarına göndərilir. Yox, əgər bu vəsaitin ödənilməsi ilə məsələ öz həllini tapa bilərsə, o halda dövlət vəsaiti büdcəyə qaytarılır, burada səhlənkarlığa yol verən insan məsuliyyətə cəlb olunur. Buna görə məmur tutduğu vəzifədən azad oluna, yaxud ona töhmət verilə, xəbərdarlıq oluna, hətta barəsində cinayət işi qaldırıla bilər". "Axar.az" xəbər verir ki, bu barədə millət vəkili Siyavuş Novruzov "Musavat.com"a müsahibəsində hüsablama Palatasının yoxlamaları ilə bağlı sualı cavablandırarkən deyib. Daha sonra ANS teleşirkəti ilə Gənclər və İdman Nazirliyi arasındakı qarşılıqlı ittihamlara toxunan millət vəkili teleşirkətin "Bizim ixtiyarımız var soruşaq ki, niyə olimpiya stadionları 8-9 il bundan əvvəl 1 milyon manata başa gəlirdisə indi 12-14 milyon manata başa gəlir" ritorikasını qərəzli adlandırıb: "Bilirsiniz ki, ölkəmizdə 2015-ci ildə Birinci Yay Olimpiya Oyunları keçiriləcək. Bunun üçün Azərbaycanda ciddi işlər gedir. İdman sahəsində çox böyük işlər görülür, yeni obyektlər tikilib təhvil verilir. Bunlar hamısı standarta uyğun olmalıdır. Çünki dünya tarixində ilk dəfə bu tədbir Azərbaycanda keçiriləcək. Bu cür böyük, qlobal işlər gedərkən ortaya belə bir məsələ atmaq və belə bir provokasiyalarla məşğul olmaq, məncə, qərəzlidir. Bunun arxasında sırf qərəz durur və məqsədlidir. Dalbadal, silsilə verilişlərin hazırlanması təsadüfi ola bilməz. Bu məsələ ilə bağlı məlumat verildi, ona veriliş də həsr olundu. Ancaq dünən baxıram, yenə də bu məsələ təkrar olunur. Belə görünür ki, burada şəxsi maraqlara toxunulmasından söhbət gedir, burada nəsə qərəzçilik var".
2014-05-01
16,298
Lavrov: “Kiyev öz məsuliyyətini ortaya qoymalıdır”
"Ümid edirəm ki, Qərb ukraynalılara razılığa gəlməkdə mane olmayacaq". "Axar.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Kiyevdə hakimiyyətdə olanlar ölkənin cənub-şərqindəkilərlə dialoq apararaq öz məsuliyyətini ortaya qoymalıdılar. Ümid edirik ki, bizim qərbli həmkarlarımız öz etirazlarını geri götürəcək və ukraynalılara danışıqlara başlamağa mane olmayacaq", - deyə Lavrov bildirib.
2014-05-01
16,299
Qızlar süpürgəçini döymək istədi - Video
Təmizlik işçisinin "yerə zibil atmayın" deməsi qızları özlərindən çıxarıb. "Axar.az" xəbər verir ki, Türkiyənin Zonquldaq əyalət bələdiyyəsinin ərazinisində yerləşən Qazıpaşa küçəsini süpürən şəxslə 3 qız arasında mübahisə yaranıb. Qızlar onların yerə kağız, plastik butulka atmasına etiraz edən süpürgəçinin iradına kobud reaksiya veriblər. Qızlardan biri əlindəki meyvəni yerə ataraq təmizləməyi əmr edib. Bütün bu gərgin anlar kameralar vasitəsi ilə çəkilib. Xatırladaq ki, bu kimi hallar Türkiyədə ilk dəfə deyil baş verir.
2014-05-01
16,300
Həbs olunan admiralın Pirverdiyevlə nə əlaqəsi?
"Şahin Sultanovun həyat yoldaşının müraciəti qaş düzəltmək əvəzinə göz çıxartmaq təəssüratı yaradır. Şahin Sultanovun fəaliyyəti ilə bağlı onun həyat yoldaşı ən xırda detallarına qədər niyə bilməlidir?" Bu sözləri "Axar.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, Şahin Sultanovun həyat yoldaşının çıxışının vitse-admiralın əleyhinə işlədiyini bildirib: "Onun müraciətdə yazdığı fikirlər vitse-admiralın ziyanına işləyə bilər. Məsələn, istintaq altında olan adama bizim Penitensiar Xidmət necə görüş verir? Bir sözlə, onun həyat yoldaşının Prezidentə müraciəti ortaya xeyli əlavə suallar çıxardır. Bu suallar da Şahin Sultanovun ziyanına işləyə bilər". Hərbi ekspert hələ vitse-admiralın gələcək taleyi ilə bağlı dəqiq fikir söyləməyin tez olduğunu qeyd edib: "Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə bağlı onun yoldaşı açıqlayır ki, biz bunları rus generalları, admirallarına göstərəndə onlar burada 1965-ci ilin gəmilərini saxlayıb getdiklərini və Azərbaycanın bunun öhdəsindən necə gələ biləcəyini fikirləşdiklərini deyirdilər. Əslinə qalsa, o tip açıqlamalar göstərir ki, Azərbaycan 1965-ci ilin gəmilərinin öhdəsinə qalıb. Amma orada yeni katerlər var və xeyli modernləşdirmə həyata keçirilib. Yenə deyirəm, hələ istintaq gedir. Ola bilsin ki, istintaqın sonunda Şahin Sultanov azadlığa da buraxılsın. Həyatdır da. Onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilibsə, bu, onun tam həbs edilməsi demək deyil. Hər şey ola bilər. Bu aylar ərzində bəlkə ortaya elə faktlar, arqumentlər çıxa bilər ki, bu adamla bağlı olmayan məsələlər olsun". Ü.Cəfərov Şahin Sultanovun həyat yoldaşının açıqlamasının ortaya çox suallar çıxardığını deyib: "Əvvəl vəkilinin, sonra isə həyat yoldaşının ehtiyatsız açıqlamalarına diqqət edin. Onun həyat yoldaşı Etibar Pirverdiyevlə niyə danışmalıdır? "Azərenerji"nin rəhbərinin vitse-admiralın həbsi ilə nə əlaqəsi var? Bu xanım Etibar Pirverdiyevə narahat olduğuna görə zəng edir. Etibar Pirverdiyev isə deyir ki, ürəyinizi buz kimi saxlayın. Admiralın həbsinə görə "Azərenerji" sədrinə niyə zəng olunmalıdır? Məntiq deyilən anlayış var. Ümumiyyətlə, İradə Sultanova kobud səhvlərə yol verib. İstintaq altında olan şəxsə onun oğluyla görüşməsinə necə icazə verilir? Onunla yalnız hüquqlarını müdafiə edən vəkil görüşə bilər. Bir sözlə, bu müraciət çox uğursuz bir şey oldu. Bu fikri ortalığa atan şəxs Şahin Sultanova daha çox zərbə vurdu". Xatırladaq ki, Şahin Sultanov bir müddət öncə istintaqa cəlb edilib və həyat yoldaşı İradə Sultanova Prezidentə müraciət edib.
2014-05-01
16,301
Bakı Metropolitenində problem yarandı
Bu gün səhər saatlarında Bakı Metropoliteninin yaşıl xətti üzrə "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu səbəbdən sərnişinlər qatardan təxliyə olunub və nasazlıq yaranan qatar baxış üçün depoya göndərilib. Hadisə nəticəsində "Həzi Aslanov" stansiyasından "Nərimanov" stansiyasına qədər sərnişinlərin sıxlığı yaranıb. "Ümumi intervalda 2-2,5 dəqiqə gecikmə baş verib. Lakin bundan sonra qatarların hərəkəti bərpa olunub, qrafik üzrə hərəkət edirlər", - deyə qurumdan bildirilib.
2014-05-01
16,302
Ruslar Jirinovskinin mandatının ləğvini tələb edir
Rusiya vətəndaşları Dövlət Dumasının deputatı, Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin deputat mandatının ləğv edilməsi ilə bağlı müraciət ünvanlayıblar. "Axar.az" xəbər verir ki, müraciət Dövlət Dumasının sədri Sergey Narışkinə ünvanlanıb. Müraciətdə deyilir: Aprelin 18-də Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ölkənin ən mühüm siyasi qərarlarının qəbul olunduğu bir yerdə çoxsaylı jurnalistlərin, aparıcı telekanalların kamerası önündə hamilə jurnalisti təhqir edib. Bundan başqa vətəndaş Jirinovski özünün təhqiramiz ifadələrində "müqəddəs Xristos" sözünü işlətməklə pravoslav inancını təhqir edib. Biz, övladları olan Rusiya qadınları hesab edirik ki, Dövlət Duması deputatının bu hərəkəti ölkənin ali orqanına, eləcə də Vətənimizin simasına qarşı tərbiyəsizlikdir və ölkəmizi təhqir etdiyinə görə, vətəndaş Jirinovskinin deputat mandatının ləğv olunmasını tələb edirik. Qeyd edək ki, aprelin 18-də Rusiya Dövlət Dumasının iclasından əvvəl Vladimir Jirinovski ona sual verən xanım jurnalisti təhqir edərək, onu zorlamaqla hədələmişdi.
2014-05-01
16,303
Ağ Evdən Rusiyaya təsirli sanksiyalar
Rusiyanın fəaliyyəti Ukraynada vəziyyətin daha da gərginləşməsinə səbəb olarsa, ABŞ və müttəfiq ölkələr bu ölkəyə qarşı əlavə sanksiyalar tətbiq edəcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Cey Karni (James Carney) deyib. "Əgər Rusiya Ukraynada vəziyyətin gərginləşdirilməsi yolu ilə hərəkət edərsə və öz qoşunlarını Ukrayna sərhədindən geri çəkməzsə, Amerika və bizim G7, eləcə də Avropa Birliyi üzrə tərəfdaşlarımız tərəfindən Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər genişləndiriləcək", - deyə o, söyləyib. C. Karni bildirib ki, ABŞ öz müttəfiqləri ilə birlikdə yeni sanksiyaların Rusiya iqtisadiyyatına təsirinin böyük olacağını aydın şəkildə ifadə edib: "İndiyədək tətbiq olunmuş sanksiyalar təsirli olub və Rusiya Ukraynada gərginliyi azaldacaq addımlar atmasa, daha da təsirli olacaq". Artıq ABŞ Senatında 19 respublikaçı senator Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Layihə Rusiyanın iri banklarına və enerji şirkətlərinə qarşı sanksiya tətbiq olunmasını, eləcə də Ukraynaya 100 milyon dollar həcmində hərbi yardım ayrılmasını nəzərdə tutur.
2014-05-01
16,304
ANS-də az qala xadimələr də üzümə tüpürürdü
Radio və televiziya aparıcısı, rokçu Cavid Osmanovla söhbətə bu yaxınlarda dərc olunan "Mücahidin yolu" romanı ilə başladıq. – Kitabı oxuyanda mənə elə gəldi ki, radioda işləməyiniz əsərə təsir edib. Çox yüyrək və sadə idi... – Yox, bu, mənim Azərbaycan dilimin kasad olmağından irəli gəlir. Mən rusdilliyəm. – Redaktədən razısınız? – Stilistik baxımdan yox, çünki bəzən mübtəda və xəbərin yerini dəyişirdim ki, adi danışıq dili olsun. – Bu nə qədər düzgündür ? – "Müəllim, "vsyo taki" qırıblar da bizim milləti? Bunu "yenə də" yazmaq olar. Amma həmin effekti verməyəcəkdi. – Bəs redaktor Kənan Hacı ilə bu barədə danışdınız? – Redaktədən sonra danışdıq. O dedi ki, əsərdə əl gəzdiriləsi yerlər çoxdur. Mən bu fikirlə razı deyiləm. – Onda redaktor nədən ötrüdür? – Redaktor çox iş gördü. Amma məndən olsaydı, əsəri elə də verərdim, hətta düzgün olmayan cümlələri də. – Belə başa düşdüm ki, redaktoru siz seçməmisiniz... – Bu nəşriyyatın seçimiydi və təsadüfdən redaktor yaxşılardan biri idi, yəqin ki, onu tanıyırsınız? – Hə. – Mən onu, ümumiyyətlə, tanımırdım. Ancaq tanış olandan sonra başladım izləməyə. Mənim üçün oxucuların fikirləri maraqlı idi və mənimlə ilk qarşılaşan şəxs Kənan Hacı olduğuna görə onunla görüşdüm. O mənə dedi ki, bu kitabı redaktə edəndə düşündüm ki, bunu yazanın minimum 35 yaşı var. Dedi ki, belə bir şey oxumamışdım və çox bəyəndim. Düzdür, bəzi şeyləri dəyişmişdi. Mənim Azərbaycan dilim zəngin deyil. Ona görə bu, ola bilər... – Bəyənirsiniz? Kənanın yazılarından söhbət gedir. – İkili yanaşmam var: mən belə yazmazdım. Bu, onun üslubudur, amma mən belə yazmazdım. – Kitab yazmaq ideyası çoxdan var idi, yoxsa, məlum hadisələrdən ilhamlandınız? – Əslində, mənim üçün çox ağırdır ki, azərbaycanlılar başqa yerdə vəfat edir. Düşünürdüm ki, niyə belə olur, yəni həqiqətənmi, Azərbaycanda din uğrunda ölməyə hazır insanlar var?! – Bunun şəxsi seçim olduğunu nəzərə alsaq, pis olan nədir ki? – 1918-ci il sentyabrın 15-də Qafqaz Türk Ordusu Bakıya gəlir. Təxminən, bu ərəfədə Bakıda başlayırlar şaxsey-vaxsey deməyə. Türk zabitləri buna təəccüblənirlər, soruşurlar ki, nə məsələdir? Deyirlər, o vaxt Kərbəla düzündə bizim əziz insanları öldürüblər. Türklər də deyir, hazırda ingilislər yenə də Kərbəla düzündə İraq xalqına zülm edir. Axşam saat 6-da gəlin, sizi dolduraq qatarlara, gedin, döyüşün. Hamı razılaşır, lakin bir nəfər də gəlmir. Biz bu xalqın nümayəndəsiyik. Ona görə mənə maraqlı gəldi, həqiqətənmi, Azərbaycanda din uğrunda ölməyə hazır insanlar var. Radikal insanlar var, amma onlar din uğrunda ölməyə yox, öldürməyə hazırdırlar. Bu isə tamam başqa bir anlayışdır. Və sən demə, onların az hissəsi də sırf sosial problemlərə görə ora gedən insanlardır. – Niyə az, saytların yazdığına görə, bu, əksəriyyətdir? – Tamamilə doğrudur, saytlar yazır. Mən inanmıram ki, Azərbaycan saytlarının hamısı şəffaf çalışır. Və bu məsələdə bir az qabardılası məqamlar var, əslində. Mən fikirləşirəm ki, Azərbaycanda heç də hər şey açıq-aydın deyil. Ona görə mən bunu deyə bilmərəm. – Kimdənsə təsirləndiyinizi deyən olub? Məsələn, mən Əli Əkbərin təsirini hiss etdim. – Mənim zövqüm klassik rus ədəbiyyatı ilə korlanıb artıq. Dostoyevskini oxuyandan sonra heç bir Azərbaycan yazarı mənə təsirli gəlmir. "Mücahidin yolu" başqa Azərbaycan yazıçılarının əsərlərinə oxşamır. Amma mən ilk insanlardan biri idim ki, Əli Əkbərlə müsahibə etmişdim. İlk dəfə "Artuş və Zaur" haqqında da mən yazmışdım. Onun məndə iki kitabı var: "Tanrıların qürubu" və "Artuş və Zaur". Bu kitab xalq kitabıdır, xalqımız nə dildə danışırsa, o dildə də yazılıb, ola bilsin, Əli Əkbərlə ona görə müqayisə edirsiniz ki, o da xalq dilində yazırdı. – Bəyənirsiniz onun əsərlərini? – O, çox asan dildə yazır və çalışır ki, yazdıqları populyar olsun, alınsın və oxunsun. Mənsə bu kitabdan bir manat belə qazanmamışam, çünki bu, "Qanun" nəşrlər evində dərc olunub, onların "İlk kitab" layihəsi var, bu layihədə yazarların ilk kitabı təmənnasız çap olunur. Aydın məsələdir ki, müəllif də kitabdan heç nə qazana bilmir. – Həqiqətən, inanırsınız ki, Suriyaya getmək potensialı və ehtimalı olan insanlar bu romanı oxuya bilərlər? – "Beşinci əl" deyə bir anlayış var, beş nəfərdən sonra hamı bir-birini tanıyır. Və beləcə, biz lazım olan adamı tapırıq. – Fikirləşmirsiniz ki, Suriyada müharibə aparanlara minnətdar olmalısınız? – Onda belə çıxır ki, kimsə Qarabağ haqqında yazırsa, ermənilərə minnətdar olmalıdır? Yaxud hər hansı məcburi köçkünün Bakıda üç evi, maşını və məşuqəsi varsa, ermənilərə təşəkkür etməlidir? – Reaksiyalar necədir, ümumiyyətlə, hər-hansı reaksiya olubmu? – Bizdə həddindən artıq qarışıqdır vəziyyət. Birinci məni "mücahid" sözünə görə tənqid etdilər. Deyirdilər, heç bilirsənmi, "mücahid" nədir? Dindar deyilsən və fədai olmağa hazır deyilsənsə, niyə o müqəddəs sözü ağzına gətirirsən? İkinci məsələ də söyüş idi, ona görə tənqid etdilər. Məncə, bu, normal bir şeydir, ümumiyyətlə, cəmiyyətdə, leksikona çox sözlər daxildir. Bu, emosiyaları artıran bir şeydir. Sizi maşın vurursa, yüz faiz söyüş söyəcəksiniz. – Yazmağa davam etməyi düşünürsünüz? – Bu yaxınlarda artıq başlayacağam ikinci kitabıma. – Nə haqdadır? – Ağlımda bir-neçə süjet var. Məndə elə şey yoxdur ki, gecə saat 3-də ilham gəldi və durum yazım. Məndə hər şey məqsədyönlü şəkildədir. Məsələn, bu kitabda əksər fəsillər min sözdən ibarətdir. Bu isə mənim kitabı neçə günə yazmağımın bildiricisidir. Onunla mən artıq bilirdim ki, kitabı neçə günə yazmışam. Bir gündə bir neçə fəsil yazmaq olardı. – Hədəf kütləniz kimdir? – Bayıra çıxanda o hədəf kütləsini görürük, metroda gedəndə o hədəf kütləsini görürük. Mənim hədəf kütləm 18 yaşdan yuxarı hamıdır. – Rokdan pul qazanırsınız? – Musiqidə öz janrımı mətbəx roku adlandırıram. Mənim mahnılarım, əsasən, mətbəxdə yaranır. Bu, mənim dostlarım üçün oxunurdu və böyük səhnə üçün nəzərdə tutulmamışdı. – Bəs rok konsertlərdə iştirak etmisiniz? – Etmişəm və yenə də iştirak etmək istəyərəm. – Sizcə, siz DJ, rok ifaçısı, yoxsa yazar kimi daha uğurlusunuz? – Mənim ipoteka borcum var, maşınım yoxdur, ümumiyyətlə, kalan borcum var, özümü uğurlu saya bilmərəm. – Uğur ipoteka borclarına və maşına əsaslanır? – Mənim aləmimdə borcu olmayan istənilən insan uğurludur. Amma aparıcı olaraq sevdiyim işlə məşğulam. Aparıcılıq hazırda mənə pul gətirir. – ANS-dən niyə ayrıldınız? – Rəsmi məlumat belədir ki, mənə başqa iş təklif etdilər, müraciət etdim rəhbərliyə, ərizəmi yazdım və çıxdım. – Bəs qeyri-rəsmi məlumat? – Dedim, çıxmaq istəyirəm, çünki mənə daha yaxşı iş təklif ediblər. Dedilər, sən əsl kişisən, əvvəlcədən deyirsən, başqaları kimi aldatmırsan. Bir-neçə gün sonra məni çağırdılar, gördüm bütün idarə heyəti oturub və dedilər ki, biz sizi işdən çıxarırıq. Dedim, sizə elə gəlmir ki, bir-neçə gün əvvəl mən özüm bu barədə müraciət etmişəm. Beləliklə, işdən çıxdım. – Kitabdakı "AMS" ANS-dir? – Bilmirəm, özünüz qərar verin. Şəxsən mən deməmişəm ki, orada ANS nəzərdə tutulub. – Töhmət almısınız? – Dəfələrlə. ANS-də ilk efirimdə, az qala, xadimələr də üzümə tüpürürdü. Ümumiyyətlə, maraqlı izahatlar yazan idim. – Hətta izahat da yazırdınız? – Mütləq. ANS-i digər radiolardan fərqləndirən şeylərdən biri də izahatlar idi. İki dəqiqə gecikirdin, mütləq izahat yazmalıydın. – İnternet radioları ilə FM-lər arasında hansı fərqləri – söhbət texniki fərqlərdən getmir – görürsünüz? – Fikir verin, radio FM dalğaları keçdi internetə, bunun özü artıq cavabdır. Mənə elə gəlir ki, onlayn radioya daha çox pul buraxmaq lazımdır. Söhbət daha keyfiyyətli avadanlıqdan gedir. – "1992-ci ildə Cavidin atası Qarabağ müharibəsində iştirak etmək üçün Bakıya qayıdır". Kitabın arxasında qeyd olunan bu məlumat nə qədər əhəmiyyətlidir bu kitab üçün? – Mən atamla fəxr edirəm. – Hamı fəxr edir... – Mənim atam mənim üçün supermendir. Kitabda atamı tapmaq olar, axtarsan. – Hamı sizin atanızı tanımır, necə axtaracaqlar? – O artıq böyük əhəmiyyət kəsb etmir mənim üçün. O həm də ona görə yazılıb ki, Azərbaycanı sevən insanlardan biri də mənim atamdır. – Neçə yaşınız var? – 27. – Sizcə, sizdə istedad var? – Mən hesab edirəm ki, məndə bacarıq var. – Bəs istedadlı kimdir? – Mənim subyektiv meyarım var. – Markes istedadlı idi? – Markes çox bacarıqlı idi, öz bacarığı ilə pul qazana bilirdi. – Axı hər bacarıqlı onun kimi yaza bilmir? – O, onun peşəkarlığıdır. – Bəs şeir? Şeir, sadəcə, bacarıq nümunəsidir? – Bilirsiniz, Azərbaycanda hər şeyə romantizm qatırlar. – Nə qədər bacarıqlı olmalısan ki, Səməd Vurğun kimi şeir yaza biləsən? – Tamamilə razıyam, o çox bacarıqlı idi. Mən real düşünməyin tərəfdarıyam, məsələn, platonik sevginin əleyhinəyəm. Sən, məsələn, Pamela Andersonu sev, amma onun məmələrinə toxunmağı yalnız arzulaya bilərsən. Real düşünmək lazımdır. Bəlkə, siz də mənim yaşıma gələndə elə düşünəcəksiniz. İnsanın həyatı yeddiilliklərə bölünür. Yeddi yaşına qədər bir cür düşünür, yeddidən on dördə başqa cür və beləcə davam edir. – Bunu nəzərə alsaq, növbəti yeddillikdə həyat yoldaşınızı sevəcəyinizə inanırsınız? – Stimul olmasa, təbii ki, yox. Təsəvvür edin ki, sevgi bir paroxoddur, yeriməsi üçün ona yanacaq lazımdır. – Həyat yoldaşınız yazarkən dəstək olurdu sizə? – Mən Moşu idim, o isə mənim Söylüm. /1937.az/
2014-05-01
16,305
Şeyx ABŞ-da Qarabağdan danışdı
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ABŞ-da dinlərarası münasibətlərə gərginlik gətirildiyini və İslam haqqında yanlış təsəvvür yaradıldığını bəyan edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, QMİ-dən verilən məlumata görə, Vaşinqtonda keçirilən forumda çıxışı zamanı Allahşükür Paşazadə bildirib ki, bəzən dinlərarası münasibətlərə gərginlik gətirilir. Onun sözlərinə görə, terror əməllərinə dini ideologiya donu geydirilməsi ikrah doğurur: "Müxtəlif ölkələrdə İslam dini haqqında məqsədyönlü şəkildə yanlış təsəvvür yaradılır, hətta İslamı terrorla eyniləşdirməyə cəhdlər edilir. Halbuki kin, nifrət, zorakılıq və təcavüz dünya dinlərinin, o cümlədən İslamın müqəddəs hökmlərinə ziddir. Bütün problemlərin fövqündə duran sülh probleminin həm qlobal, həm də lokal miqyasda həllində dövlətlərin, ictimai və dini qurumların birgə əməkdaşlığı səmərəli nəticə verə bilər". Şeyx deyib ki, Qafqaz regionunun həllini tapmayan problemlərindən biri də Azərbaycanın 20 ildən artıq üzləşdiyi - ərazisinin 20 faizinin erməni ekstremistləri tərəfindən işğal olunması və bir milyon insanın etnik təmizləmə siyasətinə məruz qaldığı Qarabağ münaqişəsidir: "İşğal olunmuş ərazilərimizdə müsəlman, xristian və yəhudi dini abidələri dağıdılıb. Bu isə dinlərarası qarşıdurma təhlükəsinə yol aça bilər. Zənnimcə, dünyada sülhün və əmin-amanlığın, cəmiyyətlərdə sağlam mənəvi-əxlaqi mühitin bərqərar olması və ənənəvi dəyərlərin qorunması məsələsində din xadimlərinin səylərinin birləşdirilməsi olduqca önəmlidir. Biz bəşərin qlobal bəlalardan xilası və insanlığın rifahı naminə birlik və tolerantlığımızı daima qoruyub saxlamalı, onu fəal şəkildə təşviq etməliyik". QMİ sədri onu ada bildirib ki, Azərbaycan bütün səmavi dinlərin ardıcıllarının bir araya gəldiyi, qovuşduğu nadir məkanlardan biridir: "Mühüm mövqedə yerləşən Azərbaycanda müxtəlif etnik və dini icmalar arasında milli, irqi, dini ayrı-seçkiliyə heç bir zaman yol verilməyib, bütün xalqlar, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təminatı, dini-mənəvi dəyərlərin qorunması, müsəlman, xristian, yəhudi və başqa dinlərə məxsus məbədlərin bərpası və təmiri sahəsində böyük uğurlara nail olunub. Azərbaycanda müxtəlif dini konfessiya rəhbərləri arasında səmimi qardaşlıq və səmərəli əməkdaşlıq mühiti hökm sürür və biz ölkəmizdəki pravoslav icmasının başçısı Arxiyepiskop Aleksandr, yəhudi icmasının başçısı Melih Yevdayev, katolik icmasının rəhbəri Vladimir Fekete ilə, hər zaman olduğu kimi, bu gün də bir yerdəyik".
2014-05-01
16,306
Nazirlər Kabinetindən növbəti dəyişiklik
Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" və "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" qərarlarında dəyişikliklər edib. "Axar.az"ın verdiyi məlumata görə, dəyişiklik Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatların 10 il müddətinə gömrük rüsumlarından və əlavə dəyər vergisindən azad edilməsi ilə bağlıdır. Qərar 30 gün sonra qüvvəyə minəcək. Bu qurğuların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı da müəyyənləşib.
2014-05-01
16,307
ABŞ hərbi kəşfiyyatının rəhbəri istefa ərizəsi yazdı
ABŞ hərbi kəşfiyyatının rəhbəri Mayk Flinn və onun müavini Devid Şedd ilin sonunda vəzifələrindən gedəcəklərini bildiriblər. "Axar.az" xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzetinə Pentaqon rəsmisi Con Kirbi məlumat verib. Rəhbərliyin istefasının səbəbləri barəsində Kirbi heç bir məlumat verməyib. Qəzet isə bildirib ki, Flin və Şedd həmkarlarının narazılığı ucbatından istefa verməyə məcbur qalıblar. Onların idarəçilik stili heç kimin xoşuna gəlməyib. Pentaqon rəsmisi Flini kimin əvəzləyəcəyini deməyib.
2014-05-01
16,308
Ronaldoya 4 mühafizəçi, Quran, banan...
Braziliyada keçiriləcək dünya çempionatında iştirak edəcək millilər ilginc istəkləri ilə gündəmə gəliblər. Komandaların məskunlaşacağı bölgələrdən qalacaqları otellərə qədər, hər şeyə həssaslıqla yanaşan ölkələr turnirə ev sahibliyi edəcək Braziliyaya xüsusi istəklərini çatdırırlar. Bu istəklərin bir çoxu dünya şöhrətli sənətçilərin tələblərindən fərqli deyil. "Axar.az"xəbər verir ki, Braziliya mətbuatı bu istəklərdən bəzilərini açıqlayıb. Əlcəzair: Futbolçular, məşqçilər və texniki işçilərin qaldığı bütün otel otaqlarında Quran olmalıdı. Çili: Hər otağa yeni yataqlar və plazma televizorlar qoyulmalıdı. Uruqvay: Bütün otaqlara mövcud olan ən səssiz kondinsonerlərin qurulmasını tələb edib. Fransa: Komandada çox sayda müsəlman futbolçu olduğundan halal ət və digər qida məhsulları istənilib. Həmçinin bütün hamamlarda duru sabun olmalıdı. Honduras: İki Honduras və 6 İspaniya kanalının otel otaqlarında göstərilməsi istənilib. Yaponiya: Hər otaqda cakkuzi olmalıdı. Avstraliya: Dünyanın ən məşhur qəzetləri hər gün otaqlara gətirilməlidi. İsveçrə: Hər otaqda yüksək sürətli internet və İsveçrə kanallarını tələb edib. Portuqaliya: 6 mühafizəçi istəyib. Bunlardan 4-ü sadəcə Kriştiano Ronaldonu mühafizə edəcək. Həmçinin hər otaqda "Playstation" oyun aparatı olmalıdı. Ekvador: Hər otağa Ekvadordan gətirilən banan səbətləri qoyulmalıdı
2014-05-01
16,309
Təhsil şöbəsi müdirinin müdhiş əməliyyatı – Özəl
Goranboyun Təhsil Şöbəsinin müdiri Anar Mayılov Təhsil nazirinin rayona səfərindən sonra kənd məktəblərinin direktorlarını şübhəli şəkildə dəyişməyə başlayıb. Bu barədə "Axar.az"a Goranboy Rayon Təhsil Şöbəsindəki mənbədən məlumat daxil olub. Mənbə Təhsil naziri Mikayıl Cabbarovun Goranboyda olduğu zaman ona edilən şikayətlərdən heç birinə baxılmadığını bildirib: "Təhsil naziri Goranboyda olanda hər kəs sevinirdi. Nə qədər insandan şikayət daxil olmuşdu. Lakin bu şikayətlərin heç birinə nəzər yetirilmədi. Anar Mayılov Təhsil Şöbəsinin müdir müavini, hətta müdir əvəzedicisi olan zaman bu şikayətlərin heç birinin yerinə yetirilməsinə cəhd etməyib". Mənbə Anar Mayılovun Təhsil nazirinin Goranboyda olmasından istifadə edərək, bəzi məktəb direktorlarına təmənna ilə yanaşdığını bildirib: "Təhsil naziri rayondan gedəndən sonra Yenikənd, Yeniyol, Dəyirmanlar kəndlərinə yeni məktəb direktorları təyin edildi. Şöbənin özündə isə belə bir fikir dolaşır ki, Anar Mayılov bu işi müəyyən təmənna müqabilində edib. Rayonda 60 ümumtəhsil məktəbi var və direktorların hazırda öz vəzifələrini qoruyub-saxlamaq məsələsi müzakirə olunur". Mənbə həmçinin artıq Goranboy məktəblərində frontal yoxlamaların da aparıldığını söyləyib: "Anar Mayılovun heç bir pedoqoji təhsili olmayan yaxınları rayon ərazisində keçirilən məktəblərin ümumi yoxlamasına rəhbərlik edirlər. Heç bir pedoqoji təhsili olmayan şəxslərin məktəb yoxlamalarına cəlb olunması narazılıq yaradıb. Onlardan biri Şahmat məktəbinin direktoru Elçin adlı şəxsdir. Digəri isə Eyvazalılar məktəbinin direktoru Göyüş müəllimdir". Goranboy Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlasaq da, suallarımıza məntiqli cavab ala bilmədik. Zəngimizə cavab verən şəxs bizi Anar Mayılovla əlaqələndirmək imkanında olmadığını söylədi. Məsələ ilə əlaqədar Təhsil Nazirliyi yazılı sorğumuza yalnız bir cümlə ilə cavab verib: "Göstərilən faktlarla bağlı Təhsil Nazirliyində məlumat yoxdur". Xatırladaq ki, Anar Mayılov 2010-cu ildə Goranboy-Neftçala seçki dairəsindən millət vəkili seçilən Mahir Aslanovun qohumudur. Üç aydır Goranboyda Təhsil Şöbəsinin müdirini əvəz edir. Adının nurçularla bağlı hallandırılması da diqqət çəkir.
2014-05-01
16,310
Penitensiar Xidmət vitse-admiral məsələsinə aydınlıq gətirdi
"Yeni qanuna görə, istintaqın gedişi zamanı həbs edilmiş şəxs vəkilindən başqa ailə üzvləri ilə də görüşə bilər". Bu sözləri "Axar.az"a Penitensiar Xidmətin mətbuat xidmətinin əvəzedicisi Elçin Cəfərov həbs edilən Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun istintaq müddətində oğlu ilə görüşməsi məsələsinə aydınlıq gətirərkən dedi. Onun sözlərinə görə, yeni qanun buna izn verir: "Əlavə şəxslərlə görüşünə icazə yoxdur. Ancaq vəkili və ailəsi ilə görüşə bilər". Qeyd edək ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun həyat yoldaşı İradə Sultanova ərinin oğlu ilə tez-tez görüşdüyünü yazıb. Ekspertlər isə bunu qanunazidd adlandıraraq, Penitensiar Xidmətin bu müstəsna səlahiyyəti hansı əsasla vitse-admirala tanıdıqlarına aydınlıq gətirməsi üçün mediadan Mədət Quliyevə sual ünvanlayıblar.
2014-05-01
16,311
İlham Əliyev Ağdaş rayonunda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfərə gəlib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Dövlət başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin yeni ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Ağdaş Rayon icra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Prezident İlham Əliyevə Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, burada iki fəvvarə kompleksi yaradılıb. Abidənin ətrafı mərmərlə üzlənmiş, geniş yaşıllaşdırma işləri həyata keçirilib.
2014-05-01
16,312
Vaqif Səmədoğlu yeni şeirini paylaşdı
Camaatı Allah öldürür, Vəkiloğlunu yatmaq... Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən Vaqif Səmədoğlu yazdığı sonuncu şeirini sosial şəbəkədə paylaşıb. "Axar.az" həmin şeiri təqdim edir: MAHMUD ƏMİ Yadıma düşür zarafata çevirdiyin ömrün. Ölümünə də inanmıram, zarafat sanıb! Hər xatirənin öz dəmi, öz vaxtı var, Mahmud əmi. Yadıma düşürsən yuxudan gec qalxdığım günlər... İndi də vaxt on ikinin üstünə çəkir saatın iki əqrəbini. "Camaatı Allah öldürür, Vəkiloğlunu yatmaq", - Haqlıydın, Mahmud əmi...
2014-05-01
16,313
Rusiya NATO sərhədlərində hərbi təlimlərə başladı
Rusiya Qərb Hərbi Dairəsinin vertolyotları Estoniya və Latviya sərhədində yerləşən Pskov vilayətində hərbi təlimlərə başlayıb. "Axar.az" xəbər verir ki, bu barədə Qərb Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri polkovnik Oleq Koçetkov məlumat verib. "Qərb Hərbi Dairəsinin aviasiya briqadasının heyət üzvləri Pskov vilayətinə yerləşdirilərək, Rusiyanın Şimal-qərbində təlim uçuşlarına başlayıblar. İlkin olaraq havaya Mi-28N (gecə ovçusu)" və K-52 "Alliqator" vertolyotları qalxacaq", - deyə Koçetkov bildirib. Ekipaj üzvlərinin əsas vəzifələri aeronaviqasiya tapşırıqlarını yerinə yetirməli, hava və yerüstü hədəflərin aşkar olunmasıdır. Təlimlərə həmçinin, Mi-8MBT-5 və Mi-26T nəqliyyat-desant vertolyotları da qoşulacaq.
2014-05-01
16,314
Azərbaycanda "bomjlar"a xüsusi xidmətlər göstəriləcək
Azərbaycanda müəyyən yaşayış yeri olmayan şəxslər üçün bir neçə sosial-məişət xidməti göstəriləcək. Nazirlər Kabinetindən verilən məlumata görə, "Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi" təsdiq edilib. Həmin sənədə əsasən, müəyyən yaşayış yeri olmayan şəxslər üçün bir neçə sosial-məişət xidməti göstəriləcək. Onlar dietik yeməklər də daxil olmaqla, isti yeməklərlə, müvafiq yataq mebeli, yataq dəsti, paltar və ayaqqabı ilə təmin ediləcəklər. Həmin şəxslərin yataq və geyim əşyaları yuyulacaq, ütülənəcək. Müəyyən yaşayış yeri olmayan şəxslər üçün tibbi müayinə aparılacaq, onlara ilkin tibbi yardım göstəriləcək. Belə insanların şəxsi gigiyena və sanitariya qaydalarına əməl etməsi də təmin ediləcək. Bütün bu xidmətlər 3 ay ərzində göstəriləcək. /Trend/
2014-05-01
16,315
Palatanın “Azəriqaz”da yoxlaması: vəzifədən gedən var?
"Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyevin işdən çıxdığı barədə yayılan məlumat həqiqəti əks etdirmir". Bu haqda "Axar.az"a "Azəriqaz" istehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirdi. Onun sözlərinə görə, həm sədr, həm də Kadrlar şöbəsinin rəisi Narxanım Səlimova hazırda vəzifə başındadırlar: "Hesablama Palatası "Azəriqaz"da yoxlamalar apardığına görə gündə bir şayiə yayırlar. Ancaq bu deyilənlərin heç biri həqiqətə uyğun deyil. Əkbər Hacıyev də, Narxanım Səmədova da hazırda vəzifə başındadır". Qeyd edək ki, Hesablama Palatasının "Azəriqaz"da yoxlama zamanı aşkar etdiyi nöqsanlar səbəbindən SOCAR rəhbərliyinin Birliyin sədri Əkbər Hacıyev və Kadrlar şəbəsinin rəisi Narxanım Səmədovanın işdən çıxarıldığı barədə xəbərlər yayılıb.
2014-05-01
16,316
Elçin Şıxlının ofisində axtarış aparılıb
"Baş Prokurorluqda dindirilməyə dəvət edilməmişəm. Bundan sonra Rauf Mirqədirovla bağlı hansı müdafiə tədbirlərini görəcəyimiz təhqiqatın gedişatından asılıdır. Məsələn, Ukrayna Jurnalistlər Birliyindən dəstək məktubu gəlib. Rauf Mirqədirovun atası da Prezidentə müraciət edib. Hələ ki, səs-səmir yoxdur. Deyəsən, müraciətlərin əhəmiyyəti bir o qədər hiss olunmur. Amma hər halda bir o qədər də səs-küy salmadan əlimizdən gəldiyi qədər işlərimizi görməliyik". Bunu "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı deyib. Baş redaktor bildirib ki, redaksiya ofisində də axtarış aparılıb: "Təbii, məni də dindirilməyə çağıracaqlar. Yəni 10 gündür "Ayna-Zerkalo" qəzetinin redaksiyasında da axtarış aparılıb, baxış keçirilib. Biz səs salmamışıq. Məsələn, mənim kompüterimi aparıblar. Nə yoxlayırlar, hələ bilmirəm. Belə şeylər var. Sadəcə olaraq işlərini görsünlər, görək nə olur" / Modern.az/.
2014-05-01
16,317
Zaur Hüseynovun müavini işə gəlmir – Rəsmi
"Arif Rəsulovun işdən çıxarılması ilə bağlı heç bir əmr yoxdur". Bu sözləri "Axar.az"a Metropolitenin mətbuat xidmətindən Bakı Metropoliteni QSC-nin sədr müavini Arif Rəsulovun istefa verməsi ilə bağlı xəbərə aydınlıq gətirərkən bildirildi. Mətbuat xidmətinin rəis əvəzi Nəsimi Paşayev qeyd etdi ki, sədr müavini rəsmən işdən çıxarılmayıb, amma işə də gəlmir: "Bir həftədən artıqdır ki, Rəsul müəllim işə gəlmir. Amma onun işdən azad olunması barədə hər hansı bir qərar yoxdur". Xatırladaq ki, Metropolitenin rəis müavini Arif Rəsulovun bir həftə işə gəlmədiyi və vəzifədən getməsi haqda xəbər vermişdik.
2014-05-01
16,318
Suriyada vuruşan azərbaycanlılar müraciət yaydı – Video
Suriyada vuruşan azərbaycanlı əmirin video müraciəti yayılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, həmin video görüntülərdə azərbaycanlı döyüşçülərin əmiri kimi təqdim olunan "Muhammed" ləqəbli azərbaycanlı Suriya torpaqlarında islam dövləti yaratdıqlarını və bu dövlətin tərkibində cihadlarını davam etdirdiklərini bəyan edir: "Allah biz müsəlmanlara İraq və Şam torpaqlarında İslam dövləti və İslam ordusu qurmağı nəsib edib. Artıq bizim ordumuzun topları, tankları və hətta təyyarələri də var. Digər mücahidlər kimi biz azərbaycanlı döyüşçülər də İraq Şam İslam Dövlətinin nəzarətində olan Raqqa şəhərində məskunlaşmışıq. Burda bizim üçün hər bir şərait yaradılıb, övladlarımızın təhsil alması üçün mədrəsələr açılıb". Daha sonra video görüntülərdə "Umeyr" ləqəbli azərbaycanlı döyüşçü çıxış edərək "İraq Şam İslam Dövləti" qruplaşması tərkibində vuruşanların xəvvarici təriqətinə mənsub olmadıqlarını qeyd edir: "Savadsız müsəlmanlar bizi xəvvaricilərlə qarışdırırlar və Şam torpaqlarında cihad yoxdur deyirlər. Xəvvaricilər islamın düşmənləri ilə ittifaq quraraq bizə qarşı vuruşanlardır". Video görüntülərdə azərbaycanlı döyüşçülərin sırasında azyaşlı uşaqların olduğu da görünür. Həmin uşaqların isə Suriyada vuruşan azərbaycanlıların övladları olduğu bildirilir. Xatırladaq ki, Suriyada vuruşan azərbaycanlıların əmiri "Musab Əl-Azəri" öldürüldükdən sonra onun yerinə yeni əmir "Muhammed" ləqəbli azərbaycanlı təyin olunub.
2014-05-01
16,319
“Sultan Süleyman”a doğum günü sürprizi -Foto
"Möhtəşəm yüz il"in Sultan Süleymanı Halit Ərgəncin 45 yaşı tamam olub. "Axar.az" xəbər verir ki, aktyorun həyat yoldaşı Bərgüzar Korel ona sürpriz ad günü tədbiri təşkil edib. Tədbirdən xəbərsiz məkana gələn aktyor içəri daxil olanda "Mehtər marşı" səslənib. Bundan təəccüblənən səbəbkar xanımını qucaqlayaraq təşəkkür edib və cütlük tortun şamlarını birlikdə söndürüb. Qeyd edək ki, mərasimdə "Möhtəşəm yüz il"in bir çox tanınmış simaları da iştirak edib.
2014-05-01
16,320
Leyla Əliyeva sevdiyi şəhərlərdən danışdı - Foto
Azərbaycan Prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva etiraf edib. Məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva sevdiyi şəhərlər barədə yazı hazırlayıb. Maraqlı etiraflar edən xanımın yazdıqları sosial şəbəkədə yerləşdirilib. L.Əliyevanın yazdığı və hər kəs tərəfindən maraqla qarşılanan yazını sizə təqdim edirik: "Bakı - mənim sevgim, doğma vətənim, dünyanın ən isti şəhəri. Moskva - mənim işlədiyim və çoxsaylı dostlarımın yaşadığı şəhər. London - buranı mən beş barmağım kimi tanıyıram. Bu, yeganə şəhərdir ki, orada mən şəxsi avtomobilimdə sükan arxasında otura bilirəm". Xatırladaq ki, Leyla Əliyeva ötən günlərdə bacısı Arzu Əliyevaya olan ürək sözlərini də şəxsi İnstaqram səhifəsində yerləşdirmişdi. Bacısı qədər ona yaxın olan birinin olmadığını vurğulayan Leyla xanım onu "sehirli çubuq" adlandırmışdı /ANS/.
2014-05-01
16,321
Kerri: Lavrovun davranışları vəhşilikdir - Şok
Amerika Birləşmiş Ştatlarında Moskvanın Ukraynanın şərqində geniş agentura şəbəkəsi yaratması barədə dəlillər var. "Axar.az" xəbər verir ki, bu barədə Vaşinqtonda çıxışı zamanı ABŞ Dövlət katibi Con Kerri deyib. O, rəsmi Moskva ilə separatçılar arasında aparılan danışıqların səs yazısını əldə etdiklərini vurğulayıb. Kerri bildirib ki, kəşfiyyat strukturlarından onlara Rusiyanın yerlərdəki emissarlarının Moskvadan birbaşa təlimatlar aldığı barədə məlumatlar daxil olmaqdadır: "Biz dəqiq bilirik ki, bu göstərişləri kim və harada verir". ABŞ Dövlət katibi həmçinin rusiyalı həmkarı Sergey Lavrovu da ciddi tənqid edərək, onu yalan danışmaqda qınayıb: "Son bir neçə həftə ərzində Lavrovla 6 dəfə danışıqlara girmişəm. Axırıncı təmasımız isə ümumiyyətlə şərh olunası deyil – bu, əsl vəhşilik, yadplanetli təfəkkürü idi. Onun qədər ağa qırmızı, göyə çəhrayı deyən ikinci şəxs tanımıram. Baxın, görün biz kimlərlə müzakirə aparırıq... İnsan özünə nəzarətini itiribdi".
2014-05-01
16,322
Mikayıl Cabbarov iki direktoru işdən çıxardı
Təhsil Nazirliyinə daxil olan şikayət və müraciətlər araşdırıldıqdan sonra bir neçə məktəb direktoru vəzifəsindən azad edilib. Bu barədə Təhsil Nazirliyində keçirilən mətbuat konfransında Cəsarət Valehov deyib. O bildirib ki, müəllimlərin dərs planının düzgün tərtib olunmamasına görə, Siyəzən rayon təhsil şöbəsinin müdirinə, böyük məsləhətçisinə və metodistinə töhmət verilib. Bundan başqa Tərtər rayon Evoğlu kənd məktəbinin direktoru tutduğu vəzifədən azad olunub. Buna səbəb məktəbdə 9-11ci sinif şagirdlərinin davamiyyəti aşağı olsa da bu barədə jurnallarda qeydiyat aparılmamasıdır. Həmçinin Laçının Ağgöl kənd məktəbində müəllimlərin dərs planının düzgün tərtib olunmaması və sinif jurnallarında səhvlərə yol verdiyinə, işə səhlənkar yanaşdığına görə işdən azad olunub. C. Valehov qeyd eib ki, rayonlarda şagirdləri məktəbə davamiyyətində şikayətlərlə bağlı araşdırma aparılır, işçi qrupu yaradılır. Digər rayonlarda bu problemlə bağlı aparılan araşdırmaların nəticələri açıqlanacaq. /Azvision.az/
2014-05-01
16,323
Novruz Məmmədov həmsədrin Tvitterindən danışdı
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ceyms Uorlikin "Twitter" səhifəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yazdıqlarına münasibət bildirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, N. Məmmədov amerikalı həmsədrin yazışmalarından onun Dağlıq Qarabağ münaqişəsini "Twitter"də həll etmək istəməsi təəssüratının yarandığını yazıb. "Hərdən elə təəssürat yaranır ki, cənab Uorlik Dağlıq Qarabağ münaqişəsini "Twitter"də həll etmək istəyir", - deyə N. Məmmədov öz "Twitter" səhifəsində qeyd edib.
2014-05-01
16,324
İstanbulda polislə etirazçılar arasında qarşıdurma
Türkiyənin Beşiktaş səmtində polislərlə etirazçılar arasında qarşıdurma baş verib. "Axar.az" xəbər verir ki, polis Beşiktaşın Barbaros meydanında 1 may Əmək Günü ilə bağlı toplanan bir qrup etirazçıya dağılması üçün anons verib. Etirazçılar xəbərdarlıqlara fikir verməyincə polis qalxanlarla müdaxilə edib. Sonra isə gözyaşardıcı qazdan istifadə edib. Vəziyyətin gərginliyini görən polis etirazçılara "Toma" ilə təzyiqli su vurmağa başlayıb. Ara küçələrə qaçan gənclər isə polisə daş atmaqla qarşılıq verib. Qeyd edək ki, qarşıdurmada etirazçıların şüarları "Sula, sula, 2 Toma birdən sula" olub.
2014-05-01
16,325
102 erməni öldürən komandirə film çəkildi - Video
Bir gündə 102 erməni əsgərini öldürən əfsanəvi komandir Məhərrəm Seyidovun xatirəsinə həsr edilmiş sənədli film hazırlanıb. Bu barədə "Axar.az"a komandirin oğlu Murad Seyidov məlumat verib. O, filmin hazırlanmasında jurnalist Etibar Məmmədovun böyük köməklik etdiyini bildirib: "Etibar Məmmədov filmin rejissorudur. O, bizə filmin hazırlanmasında çox kömək edib. Sevinirəm ki, film məhz bu gün tamamlandı. Çünki bu gün atamın həm doğum, həm də ölüm günüdür. Filmin təqdimatını 5 may tarixində edəcəyik. Hələlik təqdimat yerini tam dəqiq müəyyənləşdirə bilməmişik. Amma tezliklə bununla bağlı informasiya veriləcək. Artıq bəzi dövlət nümayəndələri atamla bağlı bizə zəng ediblər. Onlar atama həsr edilmiş sənədli filmin təqdimatında iştirak edəcəklərini də bildiriblər". Qeyd edək ki, kapitan Məhərrəm Seyidov Tərtər taborunun komandiri vəzifəsini icra edib. O vaxta qədər isə Göytəpədəki hərbi hissənin komandiri vəzifəsində çalışıb. Qondarma "Talış Muğan Respublikası"nı Azərbaycan ərazisində yaratmağa cəhd edən Ələkrəm Hümbətova qarşı ilk çıxış edən, onun əmrinə girməyən zabit də məhz Məhərrəm Seyidov olmuşdur. Əsgərləri arasında böyük hörmət sahibi olan Məhərrəm Seyidov erməni hərbi birləşmələrinin Tərtər istiqamətində hücumu zamanı həlak olub.
2014-05-01
16,326
“20 illik arxivimi aparıblar”
null
2014-05-01
16,327
Məşhur aparıcını Ağcabədidə döydülər
Space Televiziyasının aparıcısı Mikayıl Güləddinoğlu döyülüb. Məlumata görə, tanınmış aparıcı sözügedən telekanalın "Zəhmətkeş ulduzlar" adlı verilişinin çəkilişləri zamanı insidentlə qarşılaşıb. Ağcabədi rayonunda aparılan çəkilişlər zamanı verilişdə qonaq qismində bölgəyə gedən aparıcı gənc oğlanla əlbəyaxa olub. M.Güləddinoğlu kənd camaatı arasında şeir söylədiyi zaman bir oğlan ona yaxınlaşaraq üstünə hücum edib. Tərəfləri güclə aralayıblar. Qeyd edək ki, bu hadisə ilə bağlı rəhbərlik aparıcının bazar ertəsi canlı yayımlanan "Sevimli şou" verilişinin yayımına icazə verməyib. /Publika.az/