date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-12-19
4,561
Azarovun istefası üçün üç səs çatmır
Ukrayna hakimiyyətinin istefaya getməsi üçün müxalifət üç səs toplamalıdır. Axar.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Batkivşina Partiyasının sədri Arseni Yaçenyuk çıxış edib. O, qısa müddət ərzində 226 səs toplandıqdan sonra prezident Viktor Yanukoviçdən yeni hökumətin yaradılmasının tələb ediləcəyini bildirib: "Bizim hökuməti istefaya göndərmək üçün üç səsimiz qalıb. Tezliklə 226 səs toplayacağıq".
2013-12-19
4,562
Problemini söylə, kim olduğunu deyim
Dünyada problemsiz insan olmadığı kimi, problemsiz xalq da yoxdur. Amma fərq ondadır ki, kim nəyi problem sayır. Məşhur atalar sözü var, "dostunu göstər, kim olduğunu deyim". Bu məsələ uyğun olaraq belə də demək mümkündür: problemini göstər, kim olduğunu deyim. Bizim necə xalq olduğumuzu görmək üçün indi nə tarixdən, nə də ki, hansısa mədəni irsdən nümunələr göstərməyə ehtiyac var. Avropanı bir kənara qoyaq, elə keçmiş postsovet məkanına daxil olan Baltikyanı respublikaların xalqları ilə özümüzü müqayisə edək. Latviyalı və ya eston üçün yaşadığı şəhərdə küçənin çala-çuxur olması, yolun dağılıb bərbad vəziyyətə düşməsi anlayışı yoxdur. Ancaq nəinki regionlarda, hətta ölkənin mərkəzində yaşayan azərbaycanlı üçün bu gün yağış, qar yağanda gölməçəyə çevrilmiş, palçıqla dolmuş küçələrdən keçmək müşkülə çevrilir. Bu yaxınlarda Ukraynada oldum, ancaq bir ukraynalıdan eşitmədim ki, hansısa orqandan şikayətlənsin. Heç kim məktəbə göndərdiyi uşağına repetitor tutmağı ağlına belə gətirmir, çünki məktəblərdə uşaqlara normal təhsil verilir. Ukraynalı öz hakimiyyətindən narazıdır, ancaq bu narazılıq adi, sadə məişət problemlərinə görə deyil, ölkəsinin inkişaf istiqaməti kimi böyük məsələlərə görə narazıdır. Avropalılardan isə danışmağa dəyməz. Çünki orda hansı komandanın iqtidarda olmasından asılı olmayaraq, vətəndaşın təhsil, yol, səhiyyə, istilik, su kimi problemləri olmur. Avropada yaşayan vətəndaş öz hökumətinə verdiyi verginin səviyyəsinə, sığorta şərtlərinə, keyfiyyətli səhiyyə və təhsildən yararlanmaq imkanlarının nə qədər əlverişli olmasına, ekoloji problemlərə verdiyi önəmə, miqrasiya siyasətinə, iş yerlərinin artması tempinə və s. görə münasibət bəsləyir. Cəmiyyət üçün ibtidai, alt səviyyəli ehtiyaclar ödənmiş sayılır, hökumətlər arasındakı fərq hansının vətəndaşın rifah səviyyəsini daha yaxşı təmin etməsinə görədir. Bizdə əksəriyyət üçün yaşamaq həyatda qalmaq üçün zəruri ehtiyacları ödəmək uğrunda gecə-gündüz çarpışmaq deməkdir. Rüşvət vermədən problemini həll etmək, tapdanmış haqqını bərpa etmək üçün üz tutduğu məhkəmədə ədalət görmək, övladını məktəbə göndərib onun təhsilindən arxayın olmaq, dərdinə əlac tapmaq inamı ilə xəstəxana qapısı açmaq, vergi qorxusu olmadan ticarətlə məşğul olmaq və s. saymaqla bitməyən ən adi məsələlər azərbaycanlı üçün sadəcə xəyal hesab oluna bilər. Dərd təkcə bu problemlərdə deyil, həm də onlara münasibətdədir. Yaşadığı problemlərin ağırlığı altında əzab çəkən insandan susmasına, öz haqqını qorumaq üçün hərəkət etməməsinə bəhanə gətirib haqq qazandıran cavab eşitmək qədər bir absurd təsəvvür etmək çətindir. Ən çox eşitdiyimiz söz də "kimə inanaq?" kəlməsidir. Məgər kiməsə inanmırsansa, ən adi kommunal problemlərə görə həyatının çətinliklər içərisində keçməsinə susmalısan?! Heç kimə inanmadan da, kimsənin ardınca getmədən də insanlar öz tələblərini, etirazlarını duyurmağı bacarmalıdırlar. Problemlər qarşısında susan, fərdi ehtiyaclarının ölkədəki vəziyyətdən asılı olduğunu dərk etməyən və buna görə də ümumi məsələləri nəzərə almadan özünü ən adi problemlərin həllinə sərf edib sonda da heç nəyə nail olmayan insanlar heç bir iqtidar üçün dəyərli sayıla bilməz.
2013-12-19
4,563
Bakıda oğul anasını namus üstündə öldürdü
Paytaxtda ailədaxili cinayət baş verib. Bu barədə "Axar.az" a Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib. İdarədən bildirilib ki, dükabrın 18-də Bakıxanov qəsəbə sakini Mürsəl Dünyamalıyev yaşadığı İnşaatçılar küçəsindəki evində anası Cəmilə Dünyamalıyevanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. M.Dünyamalıyev hadisəni törətdikdən sonra Xətai RPİ-nin 37-ci Polis Bölməsinə gedərək təslim olub.
2013-12-19
4,564
Bakı Metropolitenindəki həyəcanın səbəbi - Rəsmi
Bakı Metropoliteni qatarların hərəkətində yaranmış problemin aradan qaldırılması istiqamətində iş aparır. Bu barədə Metropolitendən açıqlama verilib. Metropolitendən qeyd edilib ki, Surətin Avtomatik Tənzimləmə Sisteminin proqram təminatında yaranan problemlər qatarların hərəkətində ciddi fasilələr yaradıb. Qeyd edək ki, bu gün səhər saat 8:00-da metroda qatarların hərəkətində ləngimələr olub. Həm "Dərnəgül", həm də "Həzi Aslanov" istiqamətində qatarlar təxminən 20-30 dəqiqəlik gecikmə ilə gəlib. (Trend)
2013-12-19
4,565
Bakıda dövriyyədə saxta pullar var – Foto
Bakıda taksi sürücülərinə saxta pul əskinasları təqdim edən dəstə peyd olub. Bu barədə Nərimanaov rayon ərazisindəki "Saf" ticarət mərkəzi qarşısında dayanan taksi sürücüləri deyib. Məlumata görə, son 10 gün ərzində onlara bir neçə dəfə saxta pul əskinasları təqdim olunub. Dəstə üzvləri əsasən gecə saatlarında "işə" başladığından sürücülər əskinasın saxta olub-olmadığını təyin edə bilmirlər. Yalnız ertəsi gün məlum olur ki, əslində onlara təqdim olunan 20 və 50 manatlıq əskinaslar saxtadır. Belə hallardan biri də taksi sürücüsü Qara Qarayevin başına gəlib. O, "Qafqazinfo"ya açıqlamasında dəstə üzvlərindən birinin zahiri görünüşünü də təsvir edib: "Təxminən 45-50 yaşlı kişi idi. Axşam təxminən 11-də maşına minib Montin bazarının yanına getmək istədiyini dedi. Düşəndə 20 manatlıq verdi və mən də ona 16 manat qaytardım. Ertəsi gün məlum oldu ki, pul saxtadır. Dayanacaq kimi istifadə etdiyimiz əraziyə gələndə isə öyrəndim ki, digər sürücülərə də saxta pullar verilib". Q.Qarayev məsələ ilə bağlı Nərimanov rayon Polis Şöbəsinə şikayət ərizəsi təqdim edib. Polis şöbəsində sürücüyə şəkil göstərilib və o da həmin şəxsi tanıyıb. Eyni hadisə dünən də baş verib. Gecə saatlarında 45-50 yaşlı kişi "Saf" ticarət mərkəzinin qarşısında taksiyə minib. 7 saylı doğum əvinin yaxınlığında maşından düşərkən sürücüyə 20 manatlıq əskinas təqdim edib. Sürücü də öz növbəsində 15 manat qalıq qaytarıb. Eyni gündə digər taksi sürücülərinə də saxta pullar verilib. Onlardan yalnız biri əskinasın saxta olduğunu müəyyən edərək pulu geri qaytarıb.
2013-12-19
4,566
"Mən Azad Rəhimova müraciət etmişəm"
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "ASAN xidmət" artıq Aərbaycanın brendinə çevrilib. Prezidentin bu istiqamətdəki siyasətinin əsasında Azərbaycan vətəndaşı və gənclər dayanır. Onlar bizim gələcəyimizdir". Bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayında çıxışı zamanı deyib. PA rəsmisinin sözlərinə görə, əsas məqsəd vətəndaş məmnunluğu, şəffaflığın təmin olunması, korrupsiyanın qarşısının alınması, müasir texnologiyaların tətbiqi, dövlət qulluqçusu ilə vətəndaş arasında yeni münasibətlərin qurulması, yeni düşüncə tərzinin təşəkkül tapmasıdır. F.Ələsgərov qeyd edib ki, dekabrın 18-dək artıq "ASAN xidmət" mərkəzlərinin xidmətindən 880 min insan yararlanıb: "Qısa müddət ərzində "ASAN xidmət" əhalinin etimadını qazanıb. Bunu keçirilən sorğular da təsdiq edir. Çox güman ki, fevral-mart aylarınadək Bakıda daha bir "ASAN xidmət" mərkəzi açılacaq. Bu günlərdə isə Gəncədə "ASAN xidmət" mərkəzi açılacaq və ətraf rayonları əhatə edəcək". PA rəsmisi bildirib ki, "ASAN xidmət" mərkəzlərinin olmadığı rayonlarda isə səyyar "ASAN xidmət" avtobusları fəaliyyət göstərir. Artıq 37 rayonda 60 mindən çox sakinə xidmət göstərilib. F.Ələsgərov deyib ki, könüllülər isə "ASAN xidmət"in fəaliyyətinə entizuazm, müasir dünyagörüşü, pozitiv enerji verib. Gələcəkdə dövlət qulluğunda işləmək istəyən gənclər burada təcrübə əldə etmək imkanı qazanır. Artıq yüzlərlə gənc bu fürsətdən istifadə edib: "Bu günədək "ASAN xidmət" mərkəzlərində minədək könüllü fəaliyyət göstərib. Gələcəkdə "ASAN xidmət" mərkəzləri açıldıqca onların sayı da artacaq. Onlar vətəndaşlara dövlət xidmətlərindən istifadə etməyə kömək göstərirlər. Mən gənclər və idman naziri Azad Rəhimova müraciət etmişəm ki, Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına könüllülərin cəlb olunmasına kömək etsin. İnanıram ki, könüllülər bu etimadı doğruldacaqlar". (Trend)
2013-12-19
4,567
ABŞ konqresmeni Azərbaycana qarşı çıxdı
"Azərbaycan yenidən Ermənistan və Dağlıq Qarabağla sülh danışıqlarına əməl etmədiyini göstərdi". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə ABŞ Nümayəndələr palatasının üzvü Bred Şerman çıxış edib. O, Azərbaycanı erməni hərbiçisinin ölümündə günahlandıraraq sülh prosesinə mane olduğunu deyib: "Azərbaycan yenidən sülh tərəfdarı olmadığını göstərdi. Mən var olduğum müddətcə çalışacağam ki, Dağlıq Qarabağ və Ermənistanın sülh yolunda apardığı mübarizənin yanında olum".
2013-12-19
4,568
Nazir həbs olunan oğlu üçün dua etdi – Video
Macarıstan Baş nazirinin Ankaraya səfəri zamanı Zəfər Çağlayan cibindən çıxardığı duanı Bağışa göstərərək əllərini açıb dua edib. Nazirin əlində olan Hz. Yunisin "Allahım, zalımın şərindən qoru" duası diqqət cəlb edib. "Axar.az" xəbər verir ki, İstanbul polisi tərəfindən həyata keçirilən əməliyyatlar zamanı bir çox biznesmenlər, bürokratlar, nazir köməkçiləri və nazir övladları həbs olunub.
2013-12-19
4,569
Ermənistan hökuməti istefaya gedir
Ermənistan parlamentində hökumətin istefaya göndərilməsi haqqında məsələ qaldırılıb. "Axar.az" məlumat verir ki, bununla bağlı bəyanatı Ermənistan Milli Konqresi yayıb. Hökumətin istefaya göndərilməsinə əsas səbəb kimi ölkəyə satılmış qazın bahalaşmasının ictimaiyyət və parlamentdən gizlədilməsi göstərilib. Bununla bərabər 2011, 2012, 2013-cü il büdcələrində kobud qanun pozuntularına yol verilməsi də əsas səbəblərdəndir.
2013-12-19
4,570
Nazir İrana görə hədəf seçildi
"İqtisadiyyat naziri İranla ticarətə xüsusi önəm verdiyinə görə əsas hədəflərdən biri olub". "Axar.az" məlumat verir ki, bu informasiyanı Türkiyə mətbuatı yayıb. Daxili İşlər naziri Müammər Gülər Ərdoğanın evindən dinləmə qurğuları tapıldıqdan sonra istintaqa şəxsən rəhbərlik etməsi əsas hədəflər sırasında yer almasına səbəb olub. Ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdara gəlincə isə, Türkiyədə yeni mənzillərin hazırlanmasında və zədəli binaların yenidən təmiri sahəsində böyük uğurlar əldə etdiyinə görə siyahıya düşüb. Ümumiyyətlə, mətbuat digər nazirlərin hədəf olmasına əsas səbəb kimi Baş nazirin ən yaxın adamları sırasında yer almaqlarının olduğunu bildirib.
2013-12-19
4,571
"Azəryolservis" tıxaclar haqda düşünməyə başladı
Sumqayıt-Bakı və Bakı-Sumqayıt istiqamətində yaranan tıxacların aradan qaldırılması üçün tədbirlər davam etdirilir. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, Bakı-Quba yolunun 7-10-cu kilometr sahəsində tıxacların aradan qaldırılması üçün əlavə tədbirlər görülür. Onun sözlərinə görə, artıq Bakı-Quba yolunun 9-cu kilometrində, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında dəmiryol üzərində mövcud yol ötürücünün yanında inşa olunan 4 aşırımlı yolötürücünün inşası başa çatdırılıb. Hazırda istinad divarları və yanaşma yolları inşa olunur. P.Mürsəliyev bildirib ki, inşa olunan yanaşma yolları yol ötürücüsündən Beynəlxalq Avtovağzala, oradan isə Beynəlxalq Atıcılıq Federasiyasının bazasına qədər davam edəcək. Bundan başqa, eyni zamanda Bakıdan-Sumqayıta gedən istiqamətdə - Biləcəri hissəsində yeni ötürücü inşa olunur. Yol ötürücüsünün yanaşma yolları yeni inşa olunan piyada keçidinə qədər davam edəcək. Onun yan hissəsində dairəvi hərəkət nəzərdə tutulur ki, bu da avtomobillərin istənilən istiqamətə hərəkətini təmin edəcək. Bununla da avtomobillərin normal hərəkəti təmin olunacaq. (Trend)
2013-12-19
4,572
Ermənilərdən daha bir həyasızlıq - Video
Ermənilər bu dəfə "Uzundərə" rəqsini oğurlayıblar. "Axar.az" məlumat verir ki, bu dəfə onlar öz oğurluqlarının təqdimatını Rusiyanın Birinci (ORT) telekanalında yayımlanan və aparıcısının Yelena Malışeva olduğu "Sağlamlıq" verilişində nümayiş etdiriblər (Oxu.az). Verlişdə məşhur aparıcı Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" filmində də istifadə olunan Azərbaycanın məşhur milli rəqs havası "Uzundərə"nin erməni mədəniyyətinə aid olduğunu bildirib.
2013-12-19
4,573
Cəbhədə atışma: düşmən susduruldu
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. "Axar.az"ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə erməni silahlı bölmələri bu gecə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2013-12-19
4,574
Nazirin Rza Zərrabdan rüşvət aldığı təsdiqləndi – Fotofakt
Qanunsuzluq əməliyyatı çərçivəsində AB naziri Egəmən Bağış ilə əlaqədar istintaq sənədləri internetə sızdırılıb. Yayınladığı sənədlərlə Türkiyənin gündəmindən düşməyən Məhmət Baransu yeni açdığı internet saytında Avropa Birliyi naziri Egəmən Bağış ilə əlaqədar istintaq sənədlərini yayımlayıb. Rahatam "Axar.az" xəbər verir ki, dünən Egəmən Bağış "Rüşvət və korrupsiya əməliyyatı" ilə əlaqədar sual vermək istəyən jurnalistlərə "mən rahatam" cavabını vermişdi. Rüşvət sənədləri Dekabrın 17-də Türkiyə və Azərbaycan gündəminə bomba kimi düşən qanunsuzluq və korrupusiya istintaqı ilə əlaqədar davanın detalları ortaya çıxmağa başlayıb. Davada dörd nazir, üç nazir övladı və çoxlu biznesmenin adı hallanır. Türkiyə mətbuatı yayımlanan sənədlərin Egəmən Bağışın azərbaycanlı biznesmen Rza Zarrabdan aldığı rüşvətə aid olduğunu yazıb. Həmin sənədləri təqdim edirik:
2013-12-19
4,576
Ərdoğan: “İstefa verməsəm şərəfsizəm” - Video
Ərdoğan Bayraqdar keçən il Milli Məclisdə dediyi "korrupsiya ilə əlaqədar haqqımızda dava varsa, istefa verməyən şərəfsizdir" sözləri sosial şəbəkələrdə ən çox paylaşılan videolardan olub. "Axar.az" xəbər verir ki, "tvitter" Bayraqdarın 12 dekabr 2012-ci ildə dediyi sözlərlə çalxalanır. Ətraf Mühit və Şəhərsalma naziri Ərdoğan nazirin "TOKİ-də ( Mənzil İstismar Sahəsi) korrpusiyaya yol verilib" sözlərinə verdiyi cavab Ərdoğanın oğlunun rüşvətxorluğa görə həbs olunmasından sonra sosial şəbəkədə böyük əks-səda yaradıb. İstefa verməyən şərəfsizdir Nazir Bayraqdar 12 dekabr 2012-ci ildəki iddialara "korrupsiya ilə əlaqədar haqqımızda dava varsa, istefa verməyən şərəfsizdir" cümləsini işlətmişdi. "Tvitter" istifadəçiləri bu videodan sonra Bayraqdara ağır sözlər sərf edərək, istefaya dəvət edib.
2013-12-19
4,577
Əli Ağaoğlu tibbi müayinədən keçirilib
Türkiyədə rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində nəzarətə götürülən Əli Ağaoğlu bu səhər 06:30-da tibbi müayinədən keçirilib. Ağaoğlunun tibb mərkəzində olan fotoşəkli yayılıb. İstanbul Polis İdarəsi tərəfindən təşkil edilən əməliyyat çərçivəsində nəzarətə götürülən Əli Ağaoğlunun da aralarında olduğu bəzi şübhəlilər tibbi müayinədən keçirilib. Saat 06:30-da polis mikro-avtobusuyla Bayrampaşa Dövlət Xəstəxanasına gətirilən şübhəlilər tibbi müayinədən keçəndən sonra polis idarəsinə aparılıb.
2013-12-19
4,578
Millət vəkili Türkiyədəki həbslərdə Azərbaycan izindən danışdı
"Çox güman ki, Türkiyədəki həbslərdə "qara pullar"ın yuyulması ilə də bağlı azərbaycanlıların iştirakı ilə müəyyən addımlar ola bilər. Buna əsas olmasa, heç kimi həbs etməzlər". Bu sözləri millət vəkili Fazil Mustafa Türkiyədə baş tutan kütləvi həbslər nəticəsində nazir övladları da daxil olmaqla, bələdiyyə başçısı, bank idarəçiləri və iş adamlarının nəzarətə götürüldüyü əməliyyatlardakı "Azərbaycan izi" olması haqda iddialara münasibət bildirirəkən "Axar.az"a dedi. Türkiyədəki həbslər Ərdoğan hakimiyyətinin reytinqinə müsbət təsir edən addımdır Millət vəkili Türkiyədə baş verən son proseslərin əsas mahiyyəti haqda geniş izah verdi: "Bu həbslər rüşvətxorluq və korrupsiya əleyhinə mübarizə kontekstində aparılıb. Təbii ki, burada siyasi çalarlar da var. Bu həbslər həm də ictimaiyyət tərəfindən Ərdoğan hakimiyyətinin korrupsiyaya bulaşdığı yönündə səslənən ittihamlara tutarlı cavab oldu. Çünki Baş nazirin korrupsiyanı himayə etdiyi deyilirdi. Amma buna baxmayaraq, Türkiyənin nüfuzlu nazirlərinin övladları və Türkiyənin tanınmış iş adamlarının daxil olduğu çırkli pulların yuyulması ilə məşğul olan müəyyən şəbəkə zərərsizləşdirildi. Bu da qeyd olunduğu kimi, bir illik təhqiqatın sonunda baş tutan əməliyyatdır. Yəni kifayət qədər əsaslar olmasaydı, bu sayda ciddi kontingenti həbs etmək mümkün olmazdı. Bütün hallarda bu, Türkiyə hakimiyyətinin reytinqinə müsbət təsir edən addımdır. Müxalifət özü də bu həbsləri təqdir edib və hakimiyyətə atdığı cəsarətli addıma görə dəstək verməyə hazır olduqlarını bildirib. Bu həbslərdə başqa versiyaları unutmaq olmaz, məsələn, hakimiyyətdaxili qruplaşmalar arasında baş verən müəyyən narazılıqların da effekti ola bilər. Ehtimal edilir ki, hakimiyyət daxilində "camaat"la (nurçularla) hakimiyyət elitasında təmsil olunan qruplar arasında gərginlik var, amma bu, hüquq çərçivəsində qiymətləndirilməlidir. Bu, həm də korrupsiyaya qarşı mübarizə kimi öz hüquqi qiymətini almalıdır. Ən azı verilən məlumatlar bu istiqamətdədir. Azərbaycanda şəffaf iqtisadi bazar yoxdur "Azərbaycanda şəffaf iqtisadi bazarın olmaması nəticəsində kapital daha çox Türkiyə və digər Avropa ölkələrinə axır. Ona görə də həbslərdə Azərbaycan vətəndaşlarının olması reallığa söykənən faktdır. Türkiyə hüquq dövlətidir və qanunsuz şəkildə bir azərbaycanlının həbsi beynəlxalq qalmaqala gətirib çıxarda bilər. Ona görə də mümkündür ki, "qara pullar"ın yuyulmasında Azərbaycan vətəndaşlarının iştirakı var. Bütün hallarda, istintaqın nəticəsi hər şeyi üzə çıxaracaq".
2013-12-19
4,579
Nazirliyin əməkdaşı güllələndi - Yeniləndi
2013-12-19 12:20:26 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı ərazi Ekologiya və Təbii sərvətlər şöbəsinin ətraf mühitin böyük mütəxəssis-mühafizə yegeri İsmayılov Pərviz Rüstəm oğlu ərazidə reyd keçirərkən kimliyi bilinməyən şəxslər tərəfindən ov tüfəngi ilə güllələnib. Məlumata görə, P.İsmayılov Bərdə rayonun Seyid Yusifli kəndinin ərazisində, Qarabağ-Şəki meşə zolağının yaxınlığındakı əkin sahəsində xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar qanunsuz ov edilməsinə qarşı mübarizə aparmaq məqsədi ilə reyd keçirən zaman ərazidə iki nəfər naməlum şəxsin ov silahları olduğunu görüb. O, həmin şəxslərin ov etmələrinin qanuni olub-olmadığını araşdırmağa cəhd etdikdə, həmin naməlum şəxslərdən bir nəfəri Pərviz İsmayılova həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə ov tüfəngindən bir dəfə atəş açaraq sağ sarğı və hər iki budun arxa səthinin yeddi ədəd deşilmiş qırma yaraları xəsarətləri yetirib. Faktla bağlı araşdırma aparılır. (Azvision.az) *** 2013-12-19 14:28:26 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Bərdədə baş verən hadisə ilə bağlı məlumat verib. İ.İbrahimova AzNews.az-ın əməkdaşı ilə söhbətində faktı təsdiqləyib: "Nazirliyin 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (xidməti ərazisi Tərtər, Yevlax, Bərdə və Ağdaş rayonlarını əhatə edir) mühafizə yegeri Pərviz İsmayılov Bərdə rayonunun Seyid Yusifli kəndinin ərazisində, Qarabağ-Şəki meşə zolağının yaxınlığındakı sahədə qanunsuz ov edilməsi hallarının qarşısını almaq məqsədilə keçirilən növbəti reyd zamanı naməlum şəxslər tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. Belə ki, qanunsuz ov edən şəxslər xidməti vəzifəsini yerinə yetirən P.İsmayılovun ərazini tərk etmək və silahları təhvil vermək tələbinə məhəl qoymayıb və onlardan biri ov tüfəngi ilə atəş açaraq onu bud nahiyəsindən yaralayıb. Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır".
2013-12-19
4,580
ABŞ-da Gülənə qarşı iki basqın - Video
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBİ) Fətullah Gülən ilə əlaqəsi olduğu iddia edilən məktəblərə basqın təşkil edib. Türkiyə mətbuatında yayılan xəbərlərə görə, FTB agentləri Luiziana ştatında yerləşən bir məktəbdə axtarış apararaq bəzi sənədləri götürüb, araşdırma Texas əyalətində yerləşən digər bir məktəbdə də aparılıb. FTB əməliyyatın səbəbini açıqlamasa da, mətbuatda məktəb işçilərinin maaşlarının bir hissəsini Gülən camaatına köçürməsi ilə əlaqədar ola biləcəyi açıqlanıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın bir çox əyalətlərində yerləşən dövlətdən maliyyələşən "pilot" tipli məktəblərin Gülən hərəkatı ilə əlaqəsi olduğu bu günə qədər rəsmi olaraq təsdiq edilməyib. ABŞ-da "pilot" məktəblər dövlətdən pul alır, ancaq yüksək səlahiyyətli təşkilatlarla razılaşma çərçivəsində qalmaq şərtilə özlərinə xas bir dərs proqramı tətbiq edə bilirlər. Bu məktəblər valideynlər, müəllimlər, universitetlər, ya da dərnəklər tərəfindən qurula bilər. Məktəblər adətən texniki, ya da humanitar təmayüllü olur. Mətbuatda yayılan xəbərlərə görə, ilk basqın 11 dekabr tarixində Luiziana ştatında Beton Ruqda olan Kenilvors Elm və Texnologiya məktəbinə edilib. FTB agentlərinin kampusdan çoxlu qutu çıxardığı görünüb. "Taymz-Pikayun" qəzeti, haqqında danışılan məktəbi idarə edən Oelisan Təhsil Vəqfinin Gülən camaatı (nurçu) ilə əlaqəli olduğunu yazıb. Əməliyyat həftə sonunda Texas ştatında da həyata keçirilib. Hyuston şəhərindəki əyalətin ən böyük "pilot" məktəbləri olan Harmoni Dövlət Məktəblərinin Luizianadakı Kenilvors Elm və Texnologiya Məktəbi ilə əlaqəsi olduğuna görə araşdırma başladılıb. FTB-nin 2011-ci ilə, haqqında danışılan məktəblərin işçilərinin maaşlarının bir hissəsini Gülən camaatına köçürdüyü istiqamətində istintaq başlatdığı bildirilib.
2013-12-19
4,581
Dünən ölkədə 71 cinayət qeydə alınıb
Dünən Azərbaycanda gün ərzində 71 cinayət faktı qeydə alınıb. "Axar.az" məlumat verir ki, qeydə alınmış cinayət faktlarının 39-u "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib ki bunun da nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
2013-12-19
4,582
Baş redaktor şayiələrə aydınlıq gətirdi
"Azərbaycan ordusu" qəzetinin Baş redaktoru polkovnik-leytenent İbrahim Rüstəmovun dəli olduğu və Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Klinik Hospitalında şizofreniyadan müalicə aldığı xəbəri yalandır. Bu məlumatı "Axar.az"a Baş redaktorun doğmaları bildiriblər. Qeyd edək ki, mediada "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru, general Səfər Əbiyevin ən sadiq adamı kimi təqdim edilən İ.Rüstəmov barəsində dəli olduğu xəbəri yayılıb. Məsələni aydınlaşdırmaq üçün Silahlı Qüvvələrin Mərkəzi Klinik Hospitalında həmkarımız İbrahim Rüstəmovla görüşdük. Özünü normal hiss edən İ.Rüstəmov nevreloji şöbədə, əsəbdən müalicə olunduğunu qeyd etdi: "Əsəbdən müalicə olunmağın şizofreniyaya və dəliliyə nə aidiyyəti? Görünür, bu şayiənin yaranmasına səbəb müalicə aldığım şəbənin adıdır. Ancaq dostların narahatlığı üçün heç bir səbəb yoxdur", - deyə İ.Rüstəmov bildirdi.
2013-12-19
4,583
Britaniya vətəndaşlarını Sudandan çıxarır
Böyük Britaniya öz vətəndaşlarını evakuasiya etmək üçün silahlı qarşıdurma gedən ərazi Cənubi Sudanın paytaxtı Cubaya təyyarə göndərəcək. Ölkəni tərk etmək istəyən vətəndaşlar bu gün XİN-ə xəbər verməlidir. Qeyd edək ki, qarşıdurma nəticəsində son iki gündə Cənubi Sudanda 400-500 nəfər həlak olub, 800 nəfər yaralanıb.
2013-12-19
4,584
SOCAR Gürcüstanda da benzinin qiymətini qaldırır - Özəl
"Axar.az"ın "əldə etdiyi məlumata görə, Gürcüstanda da benzinin qiyməti artacaq. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyindəki mənbələrdən sayta verilən məlumatda deyilir ki, benzinin qiyməti 0.07 lari və ya 7 tetri (Azərbaycan pulu ilə 3.5 qəpik) artacaq. Məlumatlı mənbənin dediyinə görə, qiymət artımı "SOCAR"ın yanacaqdoldurma məntəqələrində baş verəcək. Belə olan halda isə, Gürcüstan neft bazarında olan digər şirkətlər də bu qiymət artımına qoşulacaq. Gürcüstanda yanacaq satışı ilə məşğul olan 4-5 iri şirkət olsa da, əsas rəqabət 2 şirkətin,- transmilli şirkət olaraq Azərbaycan dövlətini təmsil edən "SOCAR" ilə Rusiyada yaşayan Azərbaycanlı iş adamı Vahid Ələkbərovun "LUKoil" kompaniyası arasında gedir. Gürcüstanda Tarif Şurası mövcud olsa da, SOCAR-ın öz yanacaqdoldurma məntəqələrində satış qiymətlərini müstəqil olaraq tənzimlək hüququnu özündə saxlaması və yanacaqdoldurma məntəqələrinin sayına görə qonşu ölkədə lider olması, Azərbaycandan olan transmilli şirkətin gürcü bazarında lokomotivliyini təmin edir. Gürcüstandakı mənbələrdən "Axar.az"a verilən məlumatda göstərilir ki, indiki şəraitdə qiymət artımının 2 əsas səbəbi var. Birinci səbəb, Azərbaycandakı qiymət artımından sonra 2 ölkə arasındakı qiymət fərqində yaranmış disbalansı aradan qaldırmaq və ölkələr arasındakı qiymət fərqini nəzərdə tutulmuş həddə saxlamaqdır. İkinci səbəb isə, cari ilin may ayında Gürcüstanda yanacağın qiymətinin 0.05 lari və ya 5 tetri (2.5 qəpik) azalmasıdır. Gürcüstanda "SOCAR"ın yanacaq doldurma məntəqələrində qiymətlər hazırda belədir: Benzin Aİ-98- 2.20 lari, benzin Aİ-96 2.15 lari, benzin Aİ-92 2.00 lari, dizel 2.00 lari və avro-dizel - 2.17 lari.
2013-12-19
4,585
İlham Əliyev Çili prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Çili Respublikasının yeni seçilmiş Prezidenti Mişel Baçeletə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir: "Hörmətli xanım Baçelet, Çili Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Çili münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, dost Çili xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
2013-12-19
4,586
Binəqədi İcra başçısının qorxulu nağılları
Süleyman Sani Axundovun "Qorxulu nağılları"nı uşaq vaxtlarımda, hələ orta məktəbdəykən oxumuşam. Yaddaşımda ilişib qalan, təfəkkürümün süzgəcində çalxalanan bu nağıllardan yaman qorxardım. Qış gecələrinin maraqlı nağıllarına bənzəməzdi bu nağıllar. Bu günlərdə isə S.Saninin qorxulu nağıllarını gerçəkdən yaşadım. Binəqədi rayonunda, mərhum ədibin adına verilən küçə sanki elə o qorxulu nağıllardan bu günümüzə gəlib çatıb. Bu küçə nəinki ədibin adına, elə vaxtı ilə o nağılları oxuyanların hamısına hörmətsizliklə doludur. Dəfələrlə bu haqda yazsaq da, video və foto görüntülər yayımlasaq da, elə bil ki, bütün bunlar dərin bir quyuya atılmış daşdır. Nə səs var, nə soraq. Haqqında bəhs etdiyim küçənin quyu qədər dərin olmasının fərqinə varsaq, nə səsə səs verən var, nə sakinlərin qarğış dolu hayına hay verən. Binəqədi rayonunun İcra Hakimiyyətinin telefonlarının qulağına elə bil "qulaqcıq" taxılıb. Bu küçədə hərəkət etmək üçün ya gərək üzgüçülük kursuna yazılasan, daha doğrusu üzgüçülük üzrə usta olasan, ya da ayağına uzun rezen çəkmələr geyəsən. Başqa təkliflər varsa buyurun. Rayon rəhbərliyi, konkeret icra başçısı Xaləddin İsgəndərov hara baxır, deyə soruşmayacağıq. Məlumdur ki, hara baxsa da, bu küçəyə gözünün qıyıyla da baxmır. İnanıram ki, heç "Axar.az" saytına da baxmayıb. Baxsaydı, yayımladığımız vidieo və foto görüntüləri görərdi, ürəyində bir tərpəniş olardı. Bir rəhbər olaraq yox ha, Süleyman Sani Axundovun "Qorxulu nağıllar"ını vaxtı ilə oxumuş məktəbli kimi bu küçədəki görüntülərdən təşvişə düşə bilərdi. Buranın qorxulu nağıllarının personajları üçün əsas məskən olduğunu bilərdi. Amma səhv də edə bilərəm. Təxminən 1 ay bundan qabaq küçənin "Dərnəgül" istirahət parkına tərəf olan başlanğıcında yeni tikilmiş, hələ adqoydu mərasimi keçirilməyən şadlıq evinin qənşərinə 60-70 metrlik yeni asfalt döşətdirməzdi. Hətta ətrafda genişlik olsun deyə küçənin kənarındakı bir neçə ağacın doğranmasına, qalanlarının dibini isə asfaltla bərkitməyə göz yumulmazdı. Görününr, bu "baxış" hansısa "baxışlar"ın təmasında xumarlanıb. İnsanların qayğısına qalmaq, onların istifadə etdiyi küçələri təmir etdirmək rayon rəhbərliyinin maraqları daxilində deyil, deyəsən. Acından mədələrində qaytarmağa bir şey tapılmayan Somalinin küçələri Binəqədi rayonunun 7-ci mikrarayonundakı S.S.Axundov küçəsindən daha təmiz və abaddır. Cənab başçı inanmırsa, küçənin bizim saytımızda yayımlanan foto və video görüntülərinə baxsın. Sonra da Somaliyə, Nigeriyaya, Hondurasa, Tanzaniyaya, Namibiyaya–zada baxmasın. Elə özünün yaşadığı evin, bağın, bağçanın ətrafına çəkdirdiyi asfalta fikir versin və… fikrə getsin bir qədər, desin "əziz körpələr, dərsə gedən bir uşaq, çıxma buz üstə qoçaq, buz əriyer sel olar, küçəniz bir göl olar, ayaqqabınıza dolar, sizi qızma aparar, ananız kədərlənər, qəmlənər gözü dolar, məxləs, ehtiyatlı olun. Məktəbə gedəndə ata-analarınızın belinə minin ki, küçəni o tərəf-bu tərəfə keçə biləsiz. Ya da rayonlarda qohumlarınız varsa, deyin ki, bir-iki eşşək göndərsinlər arxı keçənəcən "day" deməyə". Hə, bizim hər günümüz beləcə, qorxulu nağıllar dəryasında üzməklə keçir. Avtobuslar sualtı qayıqlara bənzəyir. Küçə isə Dardanel boğazını xatırladır. Dardaneldə gəmilərin çoxluğundan tıxac yaranırsa, S.S.Axundov küçəsində bataqlıqdan, yolun keçilməz olmasından sürücülər avtomobillərini idarə etməyə çətinlik çəkir. Bu arada xüsusi ilə qeyd etmək istəyirəm ki, yolun yararsız, bərbad olmasına görə şəxsi avtomobilimə dəyən maddi ziyana görə Binəqədi rayon İcra Hakimiyyətini məhkəməyə vermək qənaətinə gəlmişəm. Hələlik avtomobil təmiri ustaları rayon səlahiyyətlilərinin səhlənkarlığı ucbatından yolun bərbad hala düşməsinə görə avtomobilimə dəyən zərəri hesablayır. Amma fikrimdən daşına da bilərəm. Əgər RİH-i böyük ədibin adına verilən küçəni bataqlıqdan, çirkabdan təmizləsə. Təmizləsə də, bu qorxulu Sani nağılları bitsə…
2013-12-19
4,587
Putin “İsgəndər”in Avropada yerləşməsi xəbərini dandı
"İsgəndər" raketlərinin Kalininqradda yerləşdirilməsi qərarı qəbul edilməyib. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib. Qeyd edək ki, hələ bir müddət öncə Rusiya Müdafiə nazirinin müavini "İsgəndər"raketləri ilə bağlı faktı təsdiqləmişdi. Avropa dövlətləri isə Rusiyanın bu hərəkətini özləri üçün böyük təhlükə hesab etmişdilər.
2013-12-19
4,588
Gül və Ərdoğan əməliyyatdan sonra ilk dəfə
Türkiyə prezidenti Gül bu gün baş nazir Ərdoğanı qəbul edəcək və bu, dekabrın 17-də başlayan "rüşvət və qaçaqmalçılıq əməliyyatı"ndan sonra ilk görüş olacaq. Görüşdə TBMM-nin başçısı Cəmil Çiçək də iştirak edəcək. Baş nazir R.T.Ərdoğan prezident Gülün bu gün saat 13:00-da yeni illə bağlı bəzi dövlət orqanları başçılarına verəcəyi günorta yeməyində iştirak edəcək. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər il adət olaraq yerinə yetirilən və ümumi problemlərin müzakirə olunduğu bu naharda bu dəfə mövzunun əsas məsələsinin rüşvət və qaçaqmalçılıq əməliyyatının olacağı gözlənilir.
2013-12-19
4,589
Nazirlər istefa ərizələrini Ərdoğana verdilər
Türkiyədə övladlarının adları korrupsiya qalmaqalında hallanan üç nazir Baş nazir Rəcəb Tayyib Ərdoğanı istefaya getmələri barədə məlumatlandırıb. Bu barədə cümə axşamı Türkiyənin "Radikal" qəzeti diplomatik mənbələrə istinadən yazır. Qəzetin məlumatına görə, iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar Baş nazir Rəcəb Tayyib Ərdoğana istefaları barədə məlumat veriblər. Türkiyə KİV-i istefası barədə Baş naziri məlumatlandıran dördüncü nazir haqqında yazsa da, onun adı açıqlanmır.
2013-12-19
4,590
Azərbaycan millisi FİFA reytinqində bir pillə irəliləyib
FİFA milli komandaların 2013-cü il üçün sonuncu reytinq cədvəlini açıqlayıb. Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib. Noyabr ayının cədvəli açıqlandıqdan sonra heç bir oyuna çıxmamasına baxmayaraq, aktivində 363 xal olan millimiz 94-ci pillədə qərarlaşıb. Buna Kuba və Dominikan Respublikalarının xeyli pillə aşağıya düşməsi səbəb olub. Siyahıya yenə də İspaniya millisi başçılıq edir. İkinci və üçüncü yerdə qərarlaşan Almaniya və Argentina mövqelərini qoruyublar.
2013-12-19
4,591
Putin özündən sonra gələn siyasətçinin adını çəkdi
Putin Vladimir Jrinovskini özündən sonra iki nömrəli siyasətçi adlandırıb. "Axar.az" məlumat verir ki, prezident bu açıqlama ilə keçirdiyi konfrans zamanı bəyanat verib. O, Vladimir Jrinovskini parlaq siyasətçi adlandırıb: "Jrinovski çox məşhurdur. O, çox talantlı və elitar insandır. Mən hətta onun fikirlərinin çoxunun məntiqli olduğunu da deyərdim". V.Putin Jrinovski ilə yanaşı ikinci siyasətçi sırasında Gennadi Züqanov, Sergey Mironov və Dmitri Medvedyevin də adını çəkib.
2013-12-19
4,592
Salam Sarvan “1937”-də
"Kim deyir ki, mən humanist şairəm?!" Öləsən bir düşmən sevindirəsən – ardınca barı bir "sağ ol"un ola... Gözünü qapaya bir qız əlləri, bu sənin ilk qadın sığalın ola! - Sizi müasir şeirimizin Salamı - ilki, novatoru hesab etmək olar? - Düzü, bu cür təhlillər aparmamışam, mən sadəcə şeir yazmışam və bu şeirin ədəbiyyatşünaslıq baxımından, hansı ölçülərdə olmasıyla maraqlanmamışam. - "Boğulmaq da olmur, dayazdı dünya". Dünya dayazdır, yoxsa biz yaxşı üzgüçüyük? - Misradan kənara çıxaq: əslində dünya dərindir, bizsə, sanki onun sahilində yaşamaqdayıq. Sanki içinə girməmişik. - Salam Sarvan yaradıcılığında "saat fəlsəfəsi". Bir çox şeirinizdə saat sözü, zaman məfhumu işlənib. Planlı iş görməyi sevdiyiniz, itirdiyiniz zamana heyfsilədiyiniz, yoxsa, qocalıqdan qorxduğunuz üçün? - Planlı heç nə eləmirəm. Əslində, zaman itkisi deyilən bir şey yoxdur. Yəni, yaşayıb "geridə qoyduğumuz" keçmiş də həmişə bizimdir, həmişə bizimlədir. Eləcə, qarşıdakı gələcək də uzaqda, kənarda deyil, elə, indiki yaşantılarımızın içindədir. Məsələn, təzə şeirlərdən birində belə məqam var: noolsun ki, hələ gələcəyin telefonunu gəzdirmirik, gələcəyin günəşi altında ki gəzirik. Yəni, gələcəkdən böyük gözləntilər sadəlövhlükdü. Gələcəkdə xırda şeylər dəyişə bilər: məsələn, yaşımızın rəqəmi artar, saç düzümümüzün dəbi dəyişər, paltaryuyan maşın bir az da təkmilləşər... Amma keçmişin də, gələcəyin də böyük dəyərlərini biz, indiki həyatımızda da yaşayırıq. Qocalıqdansa qorxmuram. Bilirəm ki, qocalmayacağam. - Oyun oynamaq çətindi, sözlə oynamaq? - Hər ikisi asandır. Bilirsən, elə oyunlar var ki, onlarda qələbə olmur. Yəni, hesab olmur. Əslində, ədəbiyyat da həyat kimi hesabsız, yəni, məğlubiyyətsiz və qələbəsiz oyundur. Hərçənd, indi baxanda görürəm ki, həyatda da, ədəbiyyatda da oynadığım bütün oyunlara qambit başlanğıcıyla başlamışam. Qambit şahmat terminidi, oyun başlayan kimi ilk gedişdən qurban verirsən. - Məğlub olmağı bacarırsınız? - Revanş imkanı həmişə var, deyə məğlubiyyət deyilən şey də yox. Ümumən, qisasçılığı təbii hiss sayıram. - Şəxsiyyət yaradıcılığa nə dərəcədə təsir edir? Salam Sarvan hansı şeirlərində var? Bəs hansılarda başqasını yazıb? - Bu suala çox cavab vermişəm. Təkrar olsa da, qoy yenə deyim: oxucuya elə gəlir ki, şair bütün şeirlərində özüdür, öz taleyi ilə, öz yaşantılarıyladır. Ancaq belə ola bilməz, çünki yazdığımız şeirlər müxtəlif dağınıq düşüncə qatlarının nəticəsidir, bəziləri heç müəllifin öz yaşantıları deyil. Məsələn, sənə misralar deyirəm: Kəndiri rezinmiş dar ağacımın, bəxtəvər başıma, hələ dartılır. Ana, məni basdırarsan boyumu soxduğun yerə. Dərdin doqquzuncu mərtəbəsində, bizim gözümüzdə saatnandı su. Bunlar bir vaxtlar ənənəvi şeirimizi doldurmuş "ölüm", "dərd", "göz yaşı", "sevgi" pafosuna ironiyadır. Amma ironiyasız, müəyyən yaşantılardan yaranan məqamlar da var. Məsələn: Hər şeyi, hamını unutmaqla ölü kimi bir şeysən. Təkcə soyuducunun fasiləli səsidi həyatı arabir yadına salan. Elə məqamlar da var ki, həyatilikdən uzaq, təxəyyül kombinasiyalarıdır. Onları ədəbiyyat yuxuları da hesab eləmək olar. Məsələn: Öləsən... gözünü qapaya bir qız əlləri, bu, sənin ilk qadın sığalın ola! Elə şeirlər də var ki, sadəcə, müşahidədən gəlir: Zibil qutularından hər gün çörək tullantılarını yığan bomj bu dəfə tullanmış solğun gülləri yığırdı qadınına bağışlamaqçün. Nəhayət, söz oyunları: Sənə deyiləsi deyil sənə deyiləsi sözüm. Yəni, iki cür şeir oxucusu var: biri heç vaxt şeirə sənət meyarlarından yanaşmır və məncə, o bu mənada yarımhaqlıdır. O, şeirdəki enerjinin yarısını almaq istəyir – ruhi, mənəvi zövqü alır, amma estetik zövq barədə düşünmür. O biri isə əksinə, şeirin estetik yükünə diqqət yetirir, amma oxuduğunu içinə salmır. - Təzəlikcə "Sevgi şeirimizdə mevgi" adlı silsilə yazılar yazmağa başlamısınız. Həmin yazılarda Azərbaycan poeziyasının uzun zaman "cananın tükünə" ilişib qalmasını lağa qoyursunuz. Bildiyimiz kimi, bu gün ənənə olan şey nə vaxtsa, novatorluq olub. Bəs Salam Sarvan poeziyasında elə bir mövzu varmı ki, bu gün üçün novator olub, 100-200 il sonra xələfləri tərəfindən tənqid olunsun? Yoxsa, həmişə aktual olacağını düşünür? - Belə danışaq da, məncə, elə ədəbi irs var ki, onu tənqid eləmək də mənasız işdi. Yaşamayan şeirləri öldürmək lazım. Yəni, "tük"dən asılı poeziyamızın klassiklərini öldürmək zamanı çoxdan çatıb. Onların əksəriyyətini dərsliklərdən, tədris sistemindən çıxartmaq lazımdı. Lap heykəllərini də yığışdırsalar, pis olmaz. Həm də, bu cəfəngiyyatın dissertasiya, diplom işi-filan kimi məsələlərdə mövzu kimi seçilməsinə də gərək yol verilməsin. Özümə qalanda, bütün zamanları doldurmaq kimi düşük bir niyyətim yoxdu. - Paradoks: "Humanist şair, qatil oldu". - Kim deyir ki, mən humanist şairəm?! - Humanist insan olmaya bilərsiniz, amma məncə, humanist şairsiniz. Ümumiyyətlə, insan qətllərinə necəsə haqq qazandırmaq mümkündürmü? - Bu yaxında bir şey oxudum, deyəsən, Konfutsidən idi, deyir ki, insanları niyə öldürürsünüz, bir az da gözləyin, özləri onsuz da öləcəklər. - Son dövrlər, abı-havasına uyğun sərbəst şeirləriniz var. Sizcə, sizdə hecada yazmaq daha uğurlu alınır, ya sərbəstdə? - Sərbəst şeirləri təkcə son dövrlər yox, 90-cı illərdə də yazmışam. Onları miniatürlər də hesab eləmək olar. Hal-qəziyyə budu ki, indiyədək janrından, formasından asılı olmayaraq nə yazmışamsa, deyilənə görə, hamısı alınıb. Hətta cavanlıqda yazdığım sevgi məktubları da, hətta partiyada işləyəndə yazdığım siyasi bəyanat mətni də. (gülür) - Yazıçı eqosu, iddiası haqda fikrinizi bilmək istərdim. - Bədii mətn elə eqodur, iddiadır başdan-ayağa. Gəlin hesab eləyək ki, "ədəbi əxlaq" deyilən bir şey var. Bu halda mən yazıçının yox, yazının iddiasını "ədəbi əxlaqa" uyğun sayıram. - Qatarlar relsdən çıxıb, qəza törədəndə, Azadlığa çıxır, bəs siz? - Mən daha çatmışam, qəza mümkün deyil. Bu heç, bu, zarafatdı. Yazdığım şeirlərin misraları üstündə qurulmuş suallara cavab vermək, çətindi mənimçün. - Hansı ayrılıq üzündən səssiz yaşar balıqlar? - Bu cür poetik suala cavab da poetik olacaq, təbii ki. Bəlkə də, yarandıqlarıyçün, yəni "yox"dan "var" olduqlarıyçün, yəni yoxluqlarından ayrıldıqlarıyçün. - Həyata praqmatik baxan şair necə olur ki, şeirdə hisslərə bu qədər önəm verir? - Həyata praqmatik baxmağıma baxma, hisslərlə görürəm. (gülür) - Hələlik son sözünüz. - Səyahətə çıxmaq lazımdır. - Mən, yoxsa siz? - Mən. Sən hələ vətəndə doyunca yaşamamısan... - Birdəfəlik "səyahətlə" aranız necədir? Başqa ölkədə yaşamağa getmək, mühacirət... - Məndə bu alınmayacaq, güman ki. Amma gedənləri anlayıram. Dünyanı görmək, dünyaya qarışmaq lazımdı ki, öləndə "dünyadan getdi" ifadəsi məntiqi səslənsin. Biz heç e, biz öləndə dünyadan yox, uzaqbaşı 4-cü mikrorayondan getmiş olacağıq. Dünyanı gördük ki?! "1937.az"
2013-12-19
4,593
Rusiya Gürcüstanla vizasız rejimə keçir
Rusiya Gürcüstana qarşı tətbiq etdiyi viza rejimini ləğv etməyə hazırdır. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib. O, bütünlüklə vizasız rejimə qayıtmağa hazır olduqlarını bildirib: "Bunun üçün ekspertlər səviyyəsində yaxşıca fikirləşmək lazımdır. Məncə, bu ölkələrimiz arasında münasibətlərin normallaşması üçün yaxşı addım olardı". Qeyd edək ki, dünən Rusiya Xarici İşlər naziri Serqey Lavrov Gürcüstanla vizasız rejimə keçməyə hazır olmadıqlarını demişdi.
2013-12-19
4,594
CHP lideri ABŞ səfiri ilə görüşdü
Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu ABŞ səfiri ilə görüşür. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayımlayıb. Partiya sədrinin səfir Frensiz Rikiardonla ilə görüşməsi zamanı ABŞ ilə Türkiyə arasında münasibətlərin müzakirə olunacağı bildirilib. Qeyd edək ki, bir müddət öncə Türkiyə hökumətinə yaxın olan mətbuat ölkədəki hadisələrin baş verməsində xarici qüvvələri, xüsusiylə də ABŞ və İsraili günahlandırmışdı.
2013-12-19
4,595
İlham Əliyev Angela Merkeli təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri, xanım Angela Merkelə təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli xanım Federal Kansler, Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan-Almaniya münasibətlərinə böyük əhəmiyyət veririk. Ölkələrimizi və xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələri, siyasi, iqtisadi və humanitar sahələrdə çoxşaxəli səmərəli əməkdaşlığımız xüsusi məmnunluq doğurur. Əminəm ki, qarşılıqlı faydalı iş birliyimizi, istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində birgə fəaliyyətimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, dost Almaniya xalqının rifahı naminə məsul işinizdə yeni-yeni uğurlar diləyirəm."
2013-12-19
4,596
Həbib Müntəzir: "Onlar heç kimin gözünün yaşına baxmır..."
"Axar.az" virtual məkanda, sosial şəbəkələrdə populyar olan insanlarla "müsahibə-müsabiqə" layihəsini davam etdirir. Davamlı olaraq virtual aləmin məşhurları ilə söhbətlərimiz olacaq. Layihənin sonunda sosial şəbəkədə ən çox paylaşılan və feysbukun "1" nömrəsi olduğunu isbatlayan müsahibimiz mükafatlandırılacaq. Layihəmizin budəfəki qonağı sosial mediada populyar olan mühacir jurnalist Həbib Müntəzirdir. Tinbala - İlk sualımız layihəyə uyğun olaraq sosial mediada populyar olmağınla bağlıdır. Nə zamandan və hansı hadisədən sonra tanınmağa başladın? - 2005-ci ildə "tinsohbeti.com" adlı satirik elektron jurnalı yaratdım. Həmin sayt çox məşhur oldu və ordakı "Tinbala" tipajı ilə tanındım. Sonra sayt dəfələrlə yasaqlandı. Yəqin ki, bununla da populyarlıq gəldi. - Onda belə çıxır ki, sən feysbuka gəlməzdən qabaq internetdə populyar idin. Bəs feysbukda nə zamandan tanındın? - Elədir. "Tin Söhbəti" olanda nə feysbuk, nə də digər sosial şəbəkələr vardı. Feysbukda məşhurlaşmağıma da elə "Tin Söhbəti"ndən qalan səs-küyüm səbəb oldu. Təbii ki, burdakı fəaliyyətimin də rolu var. Məsələn yadımdadır ki, parlament seçkiləri zamanı namizədlərin seçki təbliğatı çıxışları vardı. İctimai TV-dəki çıxışlarda olan maraqlı, gülməli məqamları qeyd edib, feysbuka yükləmişdim və xeyli adamın marağına səbəb olmuşdum. - Sosial mediada özündən daha populyar sıravi Azərbaycanlı olaraq kimi tanıyırsan? - Turxan Qarışqa, Mehman Hüseynov, Nərmin Nöqtə və s. Bundan başqa Davud Məmmədov da var. O daha çox rusdillilər arasında populyardır. Xatırladığım bu adlar oldu. Yeganə tarixi video arxiv idi - Sosial mediada hesab və səhifənin bağlanması ilə üzləşmisənmi? - Olub, bir dəfə Robert Eyyubovla bağlı bir status yazmışdım. Həmin statusa görə feysbuk idarə heyəti tərəfindən mənə xəbərdarlıq gəlmişdi. Bir də yutub hesabımın bağlanması çox böyük böyük ajiotaja səbəb oldu. Çünki orda çox dəyərli və tarixi videolar vardı. Hətta dostlar arada-sırada deyirdilər ki, o hesab yeganə tarixi video arxiv idi. 600-ə yaxın video vardı. - Bəs qaytarmaq mümkün olmadı o videoları? - Hələ ki, mümkün olmayıb. Amma Yutub ilə danışıqlar gedir, ümid edirəm hesabımı geri qaytararlar. - Hesabın bağlanan zaman əsas olaraq nə göstərirdilər? - Hesabımda olan 3 videodan şikayət olunub. İkisi AzTV-yə aid olan kadrlardır. Müəllif hüquqları adı altında şikayət olunub. Halbuki AzTV-nin yutubda yüzminlərlə kadrları var və heç biri silinmir. Yutub şirkəti rüşvət alıb - Necə düşünürsən, haqlı olduğun halda sənin videolarını geri vermirlərsə, deməli, Yutub şirkəti də rüşvət alıb? - Yox, rüşvət məsələsi deyil. Sadəcə, yutub müəllif hüququ məsələsində çox həssasdır və belə demək mümkündürsə , "heç kimin gözünün yaşına baxmır". Əslində, istənilən videonu sildirmək mümkündür. Məsələn, mən bir videoya qıcıq oluramsa, onu müəllif hüququnun pozulması adı ilə bir neçə dəfə şikayət edirsən. Qarşı tərəfdə insan yox, mexanizm onu kontrol edir deyə, bir çox hallarda şikayətlər avtomatik olaraq təmin edilir. Təbii ki, videonu yerləşdirən tərəfə də etiraz etmək haqqı tanıyırlar. Amma bu, çox uzun və yorucu bir prosesdir. Gərək haqlı olduğunu əsaslandırasan, məktublar yazasan və bütün işini-gücünü atıb, bu işlə məşğul olasan. Bir sözlə, mən indi ağır mərhələdəyəm. Əsaslandırmağa çalışıram ki, onlar bilə-bilə bu videolardan şikayət ediblər. Halbuki bu videoları özləri bəh-bəhlə göstəriblər. Yayımlanan videolarda heç bir ayıb və ya təhqir sayılacaq şey yoxdur. Sadəcə, süjetlərinə, özü də Həbib Müntəzirin səhifəsində baxılmasını həzm edə bilmirlər. Bilirlər ki, hamı onlara gülür. Qürbət heç də rahat, problemsiz deyil - Uzun illərdir mühacirətdəsən, ictimai-siyasi aktivliyin var. Elə insanlar var ki, heç bir aktivlikləri olmadığı halda mitinqdə şəkil çəkdirib mühacirətə getməyə çalışırlar. Belə şeylərə necə baxırsan? - Çox qəliz söhbətdir. Mən özüm mühacirətdə olduğum üçün heç vaxt kiminsə mühacirətə getməyini qınaya bilmərəm. Bu cür edən şəxslərin vəziyyəti, həyatlarının necə olmasını da bilmirəm. Heç kəs öz vətənini, evini qoyub, qürbətə rahatlıqla getməz. Buna vətəndaşları məcbur edən səbəblər var. Mən buna əminəm. Ona görə heç kimi qınamıram. Amma qürbətdə illərlə yaşayan bir mühacir kimi məsləhət verə bilərəm ki, heç də onların bildikləri kimi rahat, problemsiz həyat yoxdur. Hər yerin, hər ölkənin özü boyda çətinlikləri var. Əgər həyatlarına hər hansı bir təhlükə yoxdursa, gəlməsinlər, vəssalam. Heç yer vətənin yerini vermir - Təhlükəsizliyinə əmin olsan, Bakıya qayıtmaq haqqında düşünərsənmi? - Mütləq. Onsuz da bura gələndən Bakıya qayıtmaq barədə düşünürəm. Burda həmişəlik qalmaq fikrim yoxdur. Heç zaman da olmayıb. Nə qədər təhlükəsiz, rahat, azad ölkə olsa da, heç yer vətənin yerini vermir. Ədalət nisbi anlayışdır - Ədalətli olmaq naminə ürəyincə olmayan nəsə paylaşmısan? - Yox, ürəyimcə olmayan heç nəyi paylaşmıram. Doğruluğuna inandığım və vacib bildiyim hər şeyi paylaşıram. Ümumiyyətlə, hər mövzuda səmimiyyət əsas prioritetimdir. - Bəs ədalət? - Ədalət nisbi anlayışdır. Təbii ki, özüm ədalətli insanamsa, paylaşdıqlarım da ədalətli olacaq. Bu, yenə də səmimiyyətə dayanan bir şeydir. Ədalətli olub-olmadığıma məni izləyənlər qərar verə bilər. Mənim deməyimlə, özümü ədalətli adlandırmağımla deyil axı. - Sosial mediada bu qədər aktivsən. Buna görə sənə hər hansı bir rüşvət təklifi olubmu? - Müəyyən mənada olub. Amma təhdidlər daha çox olur. Heç birini də ciddiyə almıram. Düşündükləri üçün sağ olsunlar.
2013-12-19
4,597
Dünən 6 nəfəri işdən çıxaran rəis bu gün özü işdən getdi
Dekabrın 19-dan başlayan rüşvət və qaçaqmalçılıq əməliyyatları davam edərkən İstanbul Polis rəisi Hüseyn Çapkın işdən çıxarılıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir uşaqlarının da nəzarətə götürüldüyü əməliyyatdan Hüseyn Çapkının belə xəbəri olmadığı irəli sürülür. Hüseyn Çapkın dünən 6 işçisini birdən işdən çıxarmışdı.
2013-12-19
4,598
Yanukoviç Gömrük İttifaqına qoşulmağı düşünür
Viktor Yanukoviç bildirib ki, Gömrük İttifaqının bəzi müddəalarına qoşulmağın mümkünlüyü haqda Ukrayna qərar qəbul edəcək. "Axar.az" bu haqda Ukrayna mətbuatına istinadən xəbər verir. "Hökumət bu müddəaları nəzərdən keçirir, nəticələrdən sonra hansı müddəalara qoşulmaq haqda şəffaf qərar qəbul olunacaq",- deyə Yanukoviç Ukrayna KİV-inə bildirib.
2013-12-19
4,599
“Ərdoğanla Fətullah Gülən arasında mübarizə gedir”
"Türkiyədə Ərdoğanla Fətullah Gülən arasında dava gedir". Bu sözləri Qafqaz Universitetinin müəllimi və siyasi təhlilçi Fərhad Mehdiyev Türkiyədə baş verən qalmaqallı əməliyyatlarla bağlı "Axar.az"a danışarkən dedi. Türkiyədə baş verən olayları şərh edən siyasətşünas bildirdi ki, açılan cinayət işlərinin siyasi tərəfi də var: "Türkiyədə Ərdoğan höküməti ilə Fətullah Gülən qruplaşması arasında mübarizə gedir. Bu ondan irəli gəlir ki, Ərdoğan Nur camaatını özünə tabe etdirmək istəyir. Görünən odur ki, bu əməliyyatlara uzun zamandır başlanılıb və gizlin saxlanılıb. Türkiyədə Milli İstihbarat Təşkilatı ilə yanaşı həm də polis istihbarat təşkilatı var. Bu qurumun bütün işləri məxfi saxlanılır və Daxili İşlər Nazirliyinin o qurumun həyata keçirdiyi əməliyyat barədə məlumatsız olmasında qeyri-adi heç nə yoxdur. Onların nə iş gördüklərini təkcə özlərindən bir qat üstdəki qurum bilir. Bundan əlavə aparılan əməliyyatların Daxili İşlər nazirindən xəbərsiz olması da normal bir haldır. Əgər nazirə məruzə edilmirsə, onun hardan xəbəri ola bilər ki? Qanuna görə də, "bütün əməliyyatlar nazirə məruzə edilmədir" deyə bir şey yoxdur. Bu, həm də onunla bağlı olub ki, həbs ediləcək olanların arasında nazirin də oğlu var idi". Fərhad Mehdiyev Türkiyədə açılan cinayət işlərində adı hallanan azərbaycanlılarla bağlı məsələni də şərh etdi: "Hazırda istintaq gedir, biz o şəxslərdən kimin müqəssir və ya kiminsə cinayətkar olması barədə danışa bilmərik. Bəlkə elə onları da həbsdən açıb buraxacaqlar? Ancaq Azərbaycan dövləti bununla bağlı istintaqa yardım etməyi təklif edə bilər. Ancaq inanmıram ki, Türkiyə hökuməti bu təklifi qəbul etsin. Çünki bu proses Türkiyə prokurorluq orqanlarının özünün məşğul olduğu bir məsələdir və başqa dövlət orqanlarının bu işə qarışmasını istəməz".
2013-12-19
4,602
Ebru Gündəşin təyyarəsi əlindən alındı
Rüşvət və qaçaqmalçılıq əməliyyatında nəzarətə götürülən R.Zərrabın Ebru Gündəşə hədiyyə etdiyi təyyarə əlindən alınıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Baş prokurorluğu tərəfindən həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatında nəzarətə götürülən 29 adamın var-dövləti də nəzarətə götürülüb. Bu adamların arasında Ebru Gündəşin həyat yoldaşı R.Zərrab da var. Qeyd edək ki, həmin təyyarənin qiyməti 12 milyon dollar ilə 16 milyon dollar arasında dəyişir. Rza Zərrabın əməliyyatdan bir gün əvvəl nəzarətə götürülən var-dövləti arasında sahib olduğu Royal Holdinqə aid olan bir şirkət də var.
2013-12-19
4,603
Yanukoviç Putinlə imzaladığı sənədlərdən danışdı
"Ukrayna və Rusiya arasında bağlanmış müqavilə ölkənin avrointeqrasiya kursuna mane olmur". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ukrayna prezidenti Viktor Yanukoviç çıxış edib. O, imzalanmış sənədlərdə Ukraynanın qarşısına sədd çəkəcək heç bir şey olmadığını bildirib: "Burada məsələ inteqrasiyada deyil, burada əsas amil iqtisadi münasibətlərdədir". V.Yanukoviç həmçinin Avropa İttifaqı ilə onların şərtləri yerinə yetiriləcəyi təqdirdə istənilən müqaviləni imzalamağa hazır olduğunu bildirib.
2013-12-19
4,604
Nurçular hücuma keçdi: “Hələ 40-a yaxın kaset var”
Fətullah Gülən tərəfdarlarının əlində hələ 40-a yaxın kaset var. Türkiyə mediasına sızan bu məlumatda nurçuların hər an bu kasetlərdən istifadə edə biləcəyi və Türkiyəni qarışdıracağı eyhamı hiss olunur. Xatırladaq ki, bu gün Türkiyə saytlarının birində Baş nazir Rəcəb Tayyib Ərdoğanın qardaşı Mustafa Ərdoğanın qalmaqallı gizli çəkilişi yayılıb. Nurçuların əlində bu tip kasetlərin olduğunu Türkiyənin hakim partiyası olan AKP-yə yaxınlığı ilə seçilən köşə yazarı Əbdürrəhman Dilipakın "Akit" qəzetində yazdığı köşəsi də təsdiqləyir. Ə.Dilipak yazır: "Planda 50-yə yaxın millət vəkilini istefa verdirib, arxasından 40-a qədər haqqında kaset olan millət vəkilini şantajla öz tərəflərinə çəkmək, AKP-ni iqtidardan salıb, öz aralarında CHP, MHP ilə yeni meydana gələn hökuməti qoyub, yerli seçkiləri təxirə salıb, prezident seçkiləri ilə birlikdə bələdiyyə və millət vəkillərinin seçkilərini birlikdə keçirərək AKP-ni bitirmə planı da masaya qoyulmuşdu". Türkiyəyə qarşı bütün dünyanın birləşdiyini yazan müəllif iddia edir ki, "...bu macəra camaatın (nurçuların – red.) sonu olar... Görəcəksiniz, iqtidar bu işdən güclənərək çıxar. Öz içindəki bir sıra rüşvətxor əxlaqsızlara qarşı da partiya bir təmizləmə əməliyyatı keçirər... Məncə, bir müsibət min nəsihətdən daha yaxşıdır... Təyin etdikləri namizədləri belə bu hadisədən sonra bir daha nəzərdən keçirib, öz mənafeyini güdən, mövqe ehtirası ilə ətrafını əzib keçən bəzi adamları namizəd siyahısından ayırsa, nə yaxşı iş görər... Böyük bir iddia üç-beş axmağın pul, şöhrət və qadın ehtirasına qurban edilə bilməz! Unutmamaq lazımdır ki, çinar ağacının işini bitirən balaca bir qurddur..."
2013-12-19
4,605
Ali Məhkəmə sədrinin və hakimlərin maaşları artırılır
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin, bütün hakimlərin aylıq vəzifə maaşları artırılır. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı müvafiq olaraq "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər edilir. Qanunun 106-cı maddəsinə edilən dəyişikliyə əsasən, Ali Məhkəmə sədrinin aylıq vəzifə maaşı 1 785 manatdan 2070 manata qaldırılır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, Ağır cinayətlər məhkəməsi, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə, Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmənin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində; Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində; bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Ali Məhkəmə sədrinin maaşına edilən artım da avtomatik olaraq bu sadalananların da maaşlarının artımını əsaslandırır. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. (APA)
2013-12-19
4,606
Konstitusiya Məhkəməsi sədrinin maaşı artırılır
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin və Ombudsmanın aylıq vəzifə maaşları artırılır. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı müvafiq olaraq "Azərbaycan respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Konstitusiya məhkəməsi haqqında" qanunlara dəyişikliklər edilir. "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanunun 16.1-ci maddəsinə edilən təklif olunan dəyişikliyə əsasən, Ombudsmanın maaşı 1800 manatdan 2025 manata qaldırılır. Ombusdmanın maaşına edilən artım qanuna müvafiq olaraq Ombusdman Aparatı işçilərinin də maaşına təsir edəcək. "Konstitusiya məhkəməsi haqqında" qanunun 71.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən isə Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 1785 manatdan 2120 manata qaldırılır. Artım Konstitusiya Məhkəməsinin hakimlərinin də aylıq maaşlarına müvafiq olaraq təsir edir. Layihə növbəti plenar iclasda Milli Məclisdə müzakirə olunacaq. (APA)
2013-12-19
4,607
“Casus” azərbaycanlının xanımı Baş nazirə məktub yazdı
Polşada yaşayan Azərbaycan vətəndaşı heç bir sübut olmadan "Polşanın təhlükəsizliyini təhlükə altına qoymaq"da şübhəli bilinərək ölkədən deportasiya olunması gözlənilir. Bununla bağlı onun polyak həyat yoldaşı Baş nazirə məktub yollayıb. Məktubun təfərrüatı ilə tanış ola bilərsiniz: "Mənim həyat yoldaşım Azər Orucov Azərbaycan vətəndaşıdır və Polşada 5 ildən çoxdur yaşayır. Biz ailə həyatı qurmuşuq, bir neçə ay əvvəl isə oğlumuz olub. 2 il əvvəl Polşanın Daxili Təhlükəsizlik Agentliyinin nümayəndələri Polşada illeqal yaşayan xaricilər üçün amnistiya çərçivəsində ərimi görüşə dəvət etdilər. Biz çox təəccübləndik, çünki ərim burada yaşadığı müddətdə onun leqal sənədləri var idi və o, vergi ödəyirdi. Görüşdə onun Polşada həyatı, nə ilə məşğul olduğu və harada işlədiyi haqda suallar verirdilər. O vaxt onun daimi işi yox idi və o, zabitlərə rus və Azərbaycan dilindən polyak dilinə tərcüməçi xidmətini təklif etdi, çünki professional tərcüməçidir. Xüsusi xidmət bununla çox maraqlandı və onu növbəti görüşə çağırdı. Ərimdən iş təcrübəsi və maraqları haqda danışmasını istədilər. O isə, heç nədən şübhələnmədən hər şeyi danışırdı. Elə ilk görüşdən ona tapşırdılar ki, onun görüşə çağırıldığından heç kimin xəbəri olmasın. Sən demə, onlar mənim ərimi şübhə altına alıb və ona qarşı dəlillər axtarmağa başlayıblar. Ərimə inanmır və deyirdilər ki, guya kimsə ərimi onların yanına casus olaraq göndərib. Bu absurd 2 il davam etdi. Ona məcbur edirdilər ki, psixoloji test və yalan detektorundan keçsin, baxmayaraq ki, Polşa qanunlarına görə bu, məcburi deyil. Və budur 2 il mənəvi təhqirdən sonra Polşanın Daxili Təhlükəsizlik Agentliyi mənim ərimi ölkə üçün təhlükə olduğunu bəyan etdi. Onun işi ilə bağlı bütün sənədlər məxfidir və bizim qanunla özümüzü qorumağa heç bir imkanımız yoxdur. Bizim bütün həyatımız bürokratiya və diskriminasiyanın qurbanıdır. Çünki soruşdurma zamanı xüsusi xidmət nümayəndələri ərimə deyirdilər ki, onun Polşada yaşamağı və Avropada rahat dolaşmağı xoşlarına gəlmir. İndi ərimin Azərbaycana deportasiya təhlükəsi var. Onu oxuduğu, cavanlığını keçirdiyi, dostlar qazandığı ölkədən deportasiya etmək istəyirlər. Bizim uşağımız, ipotekamız var, amma polşalı bu, məmurları maraqlandırmır. Bununla əlaqədar bu petisiya ilə mən Polşanın baş naziri Donald Tuska müraciət edirəm və xahiş edirəm ki, o, yerli hökumətin özbaşınalığına təsir edərək ərimin deportasiyasına mane olsun. Çünki ərim düzgün insandır və "Polşanı təhlükə altına qoyaraq" məni və uşağımızı pis vəziyyətdə qoymaz. Söz azadlığı, demokratiya sözlərinə laqeyd olmayan insanlardan xahiş edirəm ki, bu petisiyanı imzalayaraq bürokratiyaya son qoyub bizim ailəmizi qorusunlar".
2013-12-19
4,608
Tələbələrin aksiyasına polis müdaxilə etdi
Türkiyənin Mersin Universitetində tələbələrlə polislər arasında qarşıdurma yaranıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, rektorun ofisi qarşısında aksiya keçirmək istəyən tələbələrə qarşı polis güc tədbiq edib.
2013-12-19
4,609
Bəşər Əsəd daha 40 körpənin canını aldı - Foto
Suriya hökumətinin dünən gecədən bu yana Hələb şəhərinə düzənləmiş hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı 135-ə çatıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, baş ofisi Londonda yerləşən "Suriya İnsan Haqları Nəzarət Mərkəzi"ndən verilən məlumatda, son dörd gündə rejimin tətbiq etdiyi hava bombardmanı nəticəsində təkcə 40-dan çox körpə həyatını itirib. Xatırladaq ki, paytaxt Şamdan sonra ölkənin ikinci ən böyük şəhəri və qədim ticarət mərkəzi olan Hələb şəhəri, uzun müddətdir ki, hakimiyyət və müxalifət arasındakı silahlı mübarizə mərkəzidir.
2013-12-19
4,610
Üç rayonun suyu kəsiləcək - Rəsmi
"Axar.az"a Mətbuat xidmətindən daxil olan xəbərdə deyilir ki, Bakı şəhəri Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən və "+69 Şərq" su anbarını qidalandıran 1200 mm diametrli magistral su xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 20-21 dekabr 2013-cü il tarixlərində Bakının Binəqədi, Nərimanov və Nizami rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.Üç Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
2013-12-19
4,611
Keçmiş prokuror: “Elşad Abdullayev mənim tələbə yoldaşım olub"
Son günlər adı yenidən gündəmə gələn Binəqədi rayonun keçmiş prokuroru, dələduzluqda ittiham olunan Mirələkbər Seyidov fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə münasibətindən danışıb. O, açıqlamasında bildirib ki, E.Abdullayevlə tələbə yoldaşı olub: "Elşad Abdullayevi yaxşı tanıyıram, o, mənim tələbə yoldaşım olub, yaxın olmuşuq. Amma onunla heç bir işbirliyim olmayıb. Sadəcə bəxtim onda gətirməyib ki, onun rəhbərlik etdiyi ali məktəb mənim çalışdığım rayonun ərazisində yerləşib. Biz yalnız rayonun ümumi tədbirlərində bir araya gəlmişik. Yazıların hamısı böhtan xarakterlidir. İstəyirəm ki, bunu hamı bilsin ki, mən günahsızam ". "Əgər heç bir günahınız, onunla heç bir qanunsuzluğa yol verməmisinizsə, niyə çıxarılan qərardan şikayətçi deyilsiniz" sualımıza cavab vermədi: "Mən xəstə adamam. Allah göydən baxır..." Qeyd edək ki, M. Seyidovun ötən il Elşad Abdullayevlə əlaqələrinin olmasına görə işdən çıxarıldığı bildirilirdi. Bu ilin iyulunda isə M. Seyidov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilərək, 2 il sınaq müddəti olmaqla 7 il şərti cəzaya məhkum edilib. Onun barəsində bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb (AzNews.az).
2013-12-19
4,612
Nazir arvadının videoları var - İddia
"Xalq TV"də yayımlanan "Hara gedirik" adlı proqramda Barış Yarkadaş ilə Əzmi Qaramahmudoğlu şok iddialar ortaya atıb. Gəzi parkı hadisələri vaxtında olduğu kimi rüşvət və qaçaqmalçılıq əməliyyatı hadisələrində də reytinq rekordları qıran "Xalq Tv"də dünən gecə şoka salan iddialar ortaya atılıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilişin qonaqlarından Əzmi Qaramahmudoğlu təkcə nazirin və oğlunun deyil, arvadının da rüşvət alarkən gizli kameralar tərəfindən lentə alındığı iddiasını irəli sürüb. Nazir oğullarının davası Barış Yarkadaş bu əməliyyat həyata keçirilməmişdən əvvəl bir nazir oğlunun başqa nazirin oğlunu yumruqlayaraq döydüyünü iddia edib. Hansı nazirin oğlu olduğu açıqlanmayan Barış Yarkadaş belə fikir bildirib: "Bu sənədin adı "Böyük rüşvət" deyil, qırxayaq olmalı idi".
2013-12-19
4,613
Rza Zərrab kimdir? – Fotofakt
Rza Zərrabın Zəfər Çağlayana 105 milyon, Süleyman Arslana 1.5 milyon rüşvət verdiyi aşkarlanıb. Böyük korrupsiya istintaqında 19 mart 2012-ci il və 10 aprel 2013-cü il tarixləri arasında İqtisadi İnkişaf naziri Zəfər Çağlayana edilən ödənişlərin tarix, saat və kuryer məlumatlarının qeydə alındığı ortaya çıxıb. 105 milyon rüşvət iddiası İstintaq çərçivəsində texniki və fiziki izlənilən Zəfər Çağlayanın azərbaycanlı biznesmen Rza Zərrabdan təxminən 105 milyon lirə dəyərində rüşvət aldığı ortaya çıxıb. Rüşvətin vörd-ekzel sənədləri Rza Zərrabın adamlarının Zəfər Çağlayana verdikləri rüşvətin qeydlərini bir "ekzel" formatına qeyd etdikləri də iddialar arasında idi. Zərrab ilə Arslan arasındakı rüşvətin görüntüləri "Xalq" Bankın sahibi Süleyman Arslan azərbaycanlı biznesmen Rza Zərrabdan 1.5 milyon dollar rüşvət aldığının görüntüləri polis kamerasına yaxalanıb. Bu görüntülər indi prokurorluq tərəfindən yoxlanılır. Rza Zərrab kimdir? Rza Zərrab 1984-cü ildə Bakıda varlı bir ailədə dünyaya gəlib (türk mediası Rza Zәrrabın Bakıda doğulduğunu bildirir). Kiçik yaşlarından ticarətlə məşğuldur. Zərgərlik, neft ticarəti ilə məşğul olan Zərrab qısa zamanda sərvətinə sərvət qatıb. P.S. Material türk mediasında çıxan mәlumatlar әsasında ümumilәşdirilib.
2013-12-19
4,614
Nigar Köçərli: Nazirlər yazarları tapşırırdı…
Bu il Mili Kitab Müsabiqəsi keçirilməyəcək. Bu haqda "Azadlıq radiosu"nun "Oxu zalı"na məlumat verən Nigar Köçərli bundan sonra adı çəkilən müsabiqənin iki ildən bir keçiriləcəyini deyib. Adətən dünyanın hər yerində belə müsabiqələr hər il keçirilir və Azərbaycanda da ən mötəbər kitab müsabiqəsinin iki ildən bir keçiriləcəyi xəbəri bizi bir qədər təəccübləndirdi. Bu üzdən də Nigar Köçərliyə müraciət etdik. Müzakirələr aşağı səviyyədədir - Tədbirin 2 ildən bir keçirilməsi qərarı yalnız maddi problemlərlə, təşkilatı işlərin çətin olması ilə bağlıdır, yoxsa yazarlarımız sizi yordu? - Müsabiqə hər il qalmaqallı olur, bu da əslində normal bir prosesdir. Baş verənlərə normal yanaşırıq. Açığını desəm, bütün bunlar xoş olmasa da, artıq alışmışam. Tədbirin hər il baş tutması böyük vaxt və əziyyət tələb edir. Hətta bundan əvəllki ildə də bir il fasilədən sonra müsabiqəni keçirdik. Növbəti müsabiqə də əgər olarsa, iki ildən sonra olacaq. - Adətən belə kitab müsabiqələri dünyanın əksər ölkələrində keçirilir, bəzən orda da qalmaqallar baş verir, amma bunlar müəyyən çərçivədə, "kim kimin adamıdır?" səviyyəsində müzakirə masasına yatırılmır. Müsabiqəni keçirərkən bu tip qalmaqallar sizi daha çox bezdirir, yoxsa təşkilatçılıq işləri? - Bizdə doğurdan da müzakirələr belə aşağı səviyyədə olur. Düzünə qalsa, həqiqətən də müsabiqənin gedişində tapşırmalar olur. Nəinki yazıçılar, hətta münsiflər belə tapşırılır. Təbii ki, biz bu cür hadisələrə yol verməməyə çalışırıq. Müsabiqə çox şəffaf layihədir, iş mexanizmi göz qabağındadır. Burada hər kəsin atdığı ən kiçik addım belə mətbuatda geniş müzakirə olunur. Əslində, baş verən bütün müzakirələr də layihənin şəffaflığına xidmət edir. Millət vəkilləri və Milli Kitab müsabiqəsi - Əgər kimisə tapşırmaq, münsiflərə təsir etmək, qalib olan haqqında bu qədər qalmaqal yaradan açıqlamalar olmasaydı, yenədəmi müsabiqəni iki ildən bir keçirmək qərarına gələcəkdiniz? Sizcə, layihənin iki ildən bir keçirilməsi Milli Kitab Mükafatının gündəmdən düşməsinə səbəb ola bilərmi? - Açığı deyim ki, mən də bunu düşünmüşəm və ola bilsin, iki ildən bir keçirilməsi doğurdan da müsabiqəyə mənfi təsir etsin. Amma bu layihə elədir ki, mən bütün vaxtımı ona sərf etməli oluram. Ən böyük məqsəd və istəyim odur ki, Azərbaycanda kitab şəbəkəsi inkişaf etsin. Zənnimcə, bu kitab mükafatı buna dəstək olur, amma yetəri qədər də vaxtımı aparır və yorur. Onu hər il təşkil edə bilmərəm. Bütün dünya təcrübəsində də bu cür işlərlə böyük təşkilatlar məşğul olur. Tapşırmaq məsələlərinə gəlincə, hətta millət vəkilləri, nazirlər səviyyəsində belə kiminsə birinci elan olunması haqqında tapşırıqlar olub. Amma mən bunun qarşısını ala bilmişəm. - Bu cür yuxarı səviyyədə müsabiqənin işinə qarışmalar, tapşırmalar sizi təəccübləndirmədi? Hətta pul təklif edənlər olub - Artıq dediyim kimi, bu cür məsələlərə çox rahat baxıram. Hətta mükafatı təsis edəndə bilirdim ki, kimsə kimisə tapşıracaq. Bu müsabiqədə cəmiyyətdə hansı naqisliklər varsa, onu da görmək mümkündür, biz ayrı yerdə yaşayıb müsabiqə keçirmirik ki… Amma hər halda davaların və müzakirələrin, tapşırıqların bu səviyyədə olması bəzən məni təəccübləndirib. Sonra düşünürəm, madam belə qalmaqallar olur, demək ki, mükafata maraq böyükdür. - Amma marağın böyük olması o demək deyil ki, ədəbiyyatda dostluqlar və nazirlərın yarışı olsun, istedadların yarışı olsa, daha yaxşı olmazmı? - Təbii, mən də belə olmasını istərdim. Amma təəssüf ki, hələ də bu hallar var. Hətta bizə hər hansı bir yazıçıya görə pul təklif edənlər olub. Mənim məqsədim odur ki, ədəbiyyat oxunsun, təbliğ olunsun, kitab dükanlarının sayı artsın. Bu müsabiqə də buna xidmət edirdi. - Deyirsiniz ki, məqsədiz kitab dükanlarının açılması, insanların daha çox kitab oxumasina nail olmaqdır. Son dövrlər "Əli və Nino" kitab evinin, "Qanun" nəşriyyatının apardığı təbliğat nəticəsində müəyyən irəliləyişlər hiss olunur. Sizcə, belə düşünməyə əsasımız varmı? - Sizə açıq etiraf edim ki, özümü Don Kixot kimi hiss edirəm. Çünki vuruşursan, vuruşursan, xeyri yoxdur. Mənasız bir çağırışdır. Amma sonra görürsən ki, müsbət dəyişikliklər də var. Baxıram ki, insanlar artıq kitablar üzərində müzakirələr aparır. Amma əvvəllər kitablar haqqında danışanlara çox az rast gəlmək olurdu. Kitab həyatımıza yavaş-yavaş qayıdır. Əvvəllər kitablar haqqında müzakirələr belə olmurdu. İndi indi sosial şəbəkələrdə hər 10 statusdan birinin kitablarla bağlı olması sevindiricidir. İrəliləyiş zəif olsa da, var. - Amma istədiyiniz şəkildə deyil? - Bəli, istədiyim kimi deyil. Görürəm ki, ölkədə son vaxtlar kitab mağazalarının sayı artır. Eşidirik ki, növbəti iki və ya üç kitab evi açılır. Nəinki iki, üç, ölkədə ən azı 1000-ə yaxın kitab evləri olmalıdır. Rəqabət güclü olmalıdır. İnsanlar kitab seçmək üçün müzakirələr etməlidir. Bir neçə mağazaya girib, kitabın keyfiyyətini, qiymətini müzakirə etməyi bacarmalıdır. "Əli və Nino" 5 mağazadan ibarət kitab evi şəbəkəsidir. Bu da çox balacadır.
2013-12-19
4,615
Əməliyyatların arxasında Gülən durur - Dünya mətbuatı
Türkiyəni sarsıdan əməliyyatı xarici mətbuat "əməliyyatın arxasında Fətullah Gülən var" kimi qələmə verib. "Tayms": "Polisin həyata keçirdiyi əməliyyatın Türkiyə siyasəti və biznes dünyasının ən üst təbəqəsinə çatması Ərdoğan ilə Gülən hərəkatı arasındakı böyüyən davanın məhsuludur. Gülən hökumətə düşmən kəsildi". "Nyu York Tayms": "Əməliyyatlar Baş nazir Ərdoğanı təhdid edir. Ərdoğan ilə Gülən hərəkatı bir vaxtlar Türkiyə siyasətini ordunun təsirindən qurtarmaq üçün siyasi ortaq idilər". "Vol Strit Jurnal": "Əməliyyat ölkədə şok dalğalar yaratdı. İqtisadi sabitliyin və investor etibarını təhdid edən bu reaksiyalara Ərdoğanın qarşılıq verməyi gözlənilir". "Qardian": "Basqınlar "Gəzi" hadisələrindən sonra Ərdoğanın avtoritarlığına ən böyük hücum kimi görünür". "Blomberq": "Gülən hərəkatı sistemli bir şəkildə dövlətə nəzarət edə bilmək üçün dövlət qurumlarına sızdığı deyilir". "Faynənşnl Tayms": "Başladılan qanunsuzluq istintaqının pərdəarxasında başda polis və məhkəmə olmaq üzrə Türkiyənin bir çox qurumuna sızan Fətullah Gülən hərəkatı arasında böyüyən böhran var". "Vaşinqton Post": "Ərdoğan ilə Gülən hərəkatı arasında gərginlik dərinləşir. Politoloqlara görə, bu əməliyyat Gülən hərəkatının Ərdoğan hökumətinin təhsil müəssisələrini bağlamaq cəhdinə bir cavab olaraq dəyərləndirilir". "BBC": "Politoloqlar bu istintaqın özəl təhsil müəssisələrinin bağlanmasından sonra gündəmə gələn Gülən hərəkatı ilə əlaqəli ola biləcəyini ifadə etdi".
2013-12-19
4,616
Prezident yeni fərman imzaladı
Prezident İlham Əliyev Azərbaycan "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" fərman imzalayıb. "Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 795-IVQD nömrəli Qanununun tətbiqi və "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalayıb.
2013-12-19
4,617
Moskvada SSRİ-nin bütün liderlərinə abidə qoyulacaq
Moskvada bütün SSRİ liderlərinin abidəsi qoyulacaq, yaxud xatirə lövhələri açılacaq. "Axar.az"ın "APA"ya istinadən verdiyi məlumata görə, bu haqda Moskva şəhərinin Mədəniyyət Departamentinin rəhbəri Sergey Kapkov bildirib. Onun sözlərinə görə, söhbət həm sovet liderlərinin sökülmüş heykəllərinin, həm də yeni abidələrinin ucaldılmasından gedir. Bununla belə, S.Kapkov qeyd edib ki, İosif Stalinə yeni abidə qoyulacağı planlaşdırılmayıb. Çünki Qızıl Meydandakı kitabədə onun adı artıq əbədiləşdirilib. Bu bəyanatla S. Kapkov Leonid Brejnevin 30 il yaşadığı evə xatirə lövhəsinin vurulması mərasimində çıxış edib. Mədəniyyət Departamentinin rəhbəri hesab edir ki, L. Brejnev Rusiya tarixində mühüm rol oynayıb, ölkə üçün çox şey edib. Mərasimdə iştirak edən müğənni İosif Kobzon Moskvada Stalinin heykəlinin qoyulmasını, Lubyanka meydanına isə Feliks Dzerjinskinin heykəlinin qaytarılmasını təklif edib. İ. Kobzon bəyan edib ki, Rusiyada Brejnevin adına park, küçə, yaxud meydan da olmalıdır. Qeyd edək ki, xatirə lövhəsinin açılış mərasimi dekabrın 19-da, Brejnevin vaxtilə yaşadığı Kutuzov prospekti, 26 ünvanında baş tutub. 1991-ci ildə sökülən lövhəni fotolar vasitəsilə Aleksandr və Filip Rukavişnikovlar bərpa ediblər. Lövhənin qaytarılması Brejnevin anadan olmasının 107 illiyinə təsadüf edib. SSRİ-nin dağılmasından sonra Rusiyanın şəhərlərində bir çox abidə və xatirə lövhələri sökülüb, şəhər, meydan və yaşayış məntəqələrində sovet xadimlərinin adı dəyişdirilib. Bununla belə, sosioloji sorğular göstərir ki, son zamanlar rusiyalılar sovet liderlərinin fəaliyyətini daha çox müsbət qiymətləndirirlər. Məsələn, 2013-cü ilin məlumatlarına görə, Rusiyada ХХ əsrin ən məşhur dövlət başçıları kimi Leonid Brejnev, Vladimir Lenin və İosif Stalinin adı çəkilir.
2013-12-19
4,618
Azərbaycan generalları hərbi aviasiya sistemini yoxlayır
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edib. Müdafiə naziri aviasiya poliqonuna baxış keçirib və müxtəlif təyinatlı hərbi aviasiya atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, Zakir Həsənov uçuş və texniki heyətlə görüş keçirib, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə əlaqədar fikirlərini bölüşüb, aviasiya poliqonunun abadlaşdırılması, yeni hədəflərin quraşdırılması, müasir taktiki şəraitin yaradılması və baxış meydançasının genişləndirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini general-leytenant Vahid Əliyev də iştirak edib.
2013-12-19
4,619
Nazir müəllimlərə xəbərdarlıq etdi
Təhsil Nazirliyi orta məktəblərdə Yeni il şənliklərinin keçirilməsi üçün pul yığan müəllimləri cəzalandıracaq. "Axar.az" xəbər verir ki, nazirliyin mətbuat xidməti "Modern.az"-ın sorğusuna cavab olaraq bildirib ki, Yeni ilin gəlişi ilə bağlı məktəblərdə şənliklərin keçirilməsi üçün pul yığılması qanunsuzdur. "Orta məktəblərdə yeni il şənliklərinin təşkili üçün qanunsuz pul yığımı birmənalı şəkildə qadağandır. Ümumi təhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması qəti qadağan olunub. Hər hansı bir məktəbdə belə bir halın baş verdiyi sübuta yetirildiyi təqdirdə müvafiq şəxslər barədə ciddi tədbir görüləcək", – deyə nazirlikdən qeyd edilib.
2013-12-19
4,620
Mixail Saakaşvili Nizami Gəncəvi Mərkəzinin üzvü oldu
Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri sırasına qoşulub. "Axar.az" AzərTac-a istinadən xəbər verir ki, dövlət başçılarının təmsil olunduğu Mərkəzə cari ilin noyabrında Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku, Serbiyanın keçmiş Prezidenti Boris Tadiç, Estoniyanın sabiq Prezidenti Arnold Rüütel, Latviyanın sabiq Prezidenti Valdis Zatlers üzv olublar. Hazırda Mərkəzin sıralarında dünyanın 14 sabiq dövlət başçısı təmsil olunur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci il sentyabrın 30-da Gəncə şəhərində Latviya Respublikasının sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa və İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldinin rəhbərliyi ilə dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən yaradılmışdır. Mərkəzin fəaliyyətinin prioritetini Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvinin irsinin dünyada tanınması və təbliği təşkil edir. Mərkəz tərəfindən görülmüş işlər və həyata keçirilmiş tədbirlər UNESCO tərəfindən yüksək qiymətləndirilir.
2013-12-19
4,621
"Şahdəniz" konsorsiumu iki böyük müqavilə imzaladı
"Şahdəniz" konsorsiumu Xəzər dənizində "Şahdəniz" qaz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində tikinti işləri üçün iki böyük müqavilə bağlayıb. Bu, 17 dekabr tarixində Bakıda imzalanan "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarından sonra gerçəkləşib. Birinci müqavilə Səngəçal terminalında "Şahdəniz-2" üçün yeni qurğuların tikintisi və istismar sınaqlarına dəstək işləri üzrə sənəddir. Bu müqavilə "Tekfen İnşaat ve Tesisat A.S." və "Azfen BM" arasında yaradılmış "Tekfen-Azfen" alyansı ilə bağlanılıb. Müqavilənin iş həcmi aşağıdakılardan ibarətdir: - Səngəçal terminalında əsas qaz və kondensat emalı qurğularının tikintisi; - sualtı boru kəmərinin sahilə çıxdığı ərazidən terminal qurğularına qədər uzanan qaz, kondensat və MEQ (monoetilenqlikol) boru kəmərinin inşası; - Səngəçaldakı mövcud terminalda yenidən quraşdırma işləri. Bu müqavilənin dəyəri 998 milyon dollar təşkil edir. Bu müqavilə çərçivəsində nəzərdə tutulan işlərə 2014-cü ilin yanvar ayından başlanması planlaşdırılır və bu işlərin 2018-ci ildə başa çatacağı gözlənilir. İkinci müqavilə isə "Şahdəniz-2" üzrə nəzərdə tutulan iki platformanın, yəni hasilat və dikborular platformasının (ŞDB-HR) və yaşayış bloklu texnoloji təchizat platformasının (ŞDB-YBTT) üst modullarının inşası, barjaya yüklənməsi, eləcə də sözügedən platformaların dənizdə sazlanması və istismara verilməsi işləri üçündür. Bu müqavilə "AMEC" MMC, "Tekfen İnşaat ve Tesisat A.S." və "Azfen" birgə müəssisəsindən ibarət "AMEC-Tekfen-Azfen" (ATA) konsorsiumu ilə bağlanılıb. Hər iki platformanın üst modulları ATA konsorsiumunun Bibiheybət ərazisində yerləşən tikinti-quraşdırma sahəsində inşa ediləcək. Bu müqavilənin dəyəri 974 milyon dollardır. Bu müqavilə çərçivəsində həyata keçiriləcək tikinti işlərinin də 2014-cü ilin yanvar ayında başlanması və 2018-ci ildə isə başa çatdırılması planlaşdırılır. Şahdəniz tərəfdaşları (satınalma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: bp (operator) (28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), Total (10%), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%). Bu faizlərə "bp" və ARDNŞ-nin "Statoyl"dan müvafiq olaraq aldığı yuxarıda qeyd olunmuş iştirak payları daxildir. Bu əməliyyatlar onların yekunlaşması üçün 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır. (Trend)
2013-12-19
4,622
Yanukoviç növbəti seçkilərdə iştirak etməyəcəyini dedi
"Əgər növbəti seçkilərdə reytinqim çox aşağı olsa, o zaman namizədliyimi verməyəcəyəm". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ukrayna prezidenti Viktor Yanukoviç çıxış edib. O, növbəti dəfə ona şans veriləcəyi təqdirdə yeni qərar qəbul edəcəyini söyləyib: "Əgər reytinqim və gələcəyim olmasa, mən ölkənin inkişafına mane olmayacam".
2013-12-19
4,623
5 general azadlığa buraxıldı
28 Fevralda həbs olunan keçmiş Baş qərargah müavini General Çevik Bir, təqaüdçü General Çətin Doğan, General-leytenant İdris Koralp, Baş qərargah baş katibi Erol Özkasnak, təqaüdçü general Kənan Dəniz məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Məhkəmə sədri Təyyar Köksal 5 məhbusa söz verib. Məhbuslar azadlığa buraxılmalarını tələb edərək heç bir siyasi günahlarının olmadığını bildiriblər. Məhkəmə general Çevik Bir, Çətin Doğan, Erol Özkasnak, Kənan Dəniz və İdris Koralpın məhkəmə nəzarətində qalmaq şərtiylə azad edilməsinə qərar verib. Beləliklə 28 Fevral davasında həbsdə olan generalların hamısı azadlığa çıxıb.
2013-12-19
4,624
Prezident dövlət büdcəsi haqqında qanunu təsdiq etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında qanunu təsdiq edib. "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanuna əsasən, Azərbaycanın gələn ilki dövlət büdcəsinin gəlirləri 18,384 mlrd. manat, xərcləri 20,063 mlrd. manat həcmində nəzərdə tutulur.
2013-12-20
4,625
Zakir Həsənov generalları istefaya göndərir - Yeniləndi
Bu gün Azərbaycan Müdafiə Nazirliyində keçirilən Kollegiya iclasında bir neçə kadr islahatı da elan olunacaq. Konkret olaraq bir neçə hərbi hissə, eləcə də Hərbi Dəniz Qüvvələri ilə bağlı dəyişiklik baş verəcək. Axar.az xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Trend-ə açıqlamasında Müdafiə naziri Zakir Həsənovun sədrliyi ilə hazırda davam edən Kollegiya iclasını şərh edərkən bildirib. Ekspertin sözlərinə görə, kollegiyada ilk növbədə ilin yekunu ilə əlaqədar 2013-cü ildə orduda görülən işlər və həyata keçirilən islahatlar, eləcə də 2014-cü il üçün qarşıda duran vəzifələr müzakirə olunacaq. Kollegiya üzvləri, Müdafiə nazirinin müavinləri, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə komandirləri, onların müavinləri, qərargah rəisləri, təhsil və hərbi müəssisələrinin rəislərinin iştirakı ilə keçirilən bu iclasda mühüm qərarların veriləcəyi gözlənilir. "Hərbi Dəniz Qüvvələrinə yeni qərargah rəisi təyin olunub. Yeni qərargah rəisi Müdafiə Nazirliyində çalışmış şəxsdir. Bundan əlavə, hərbi birləşmələrin özündə də bir neçə dəyişiklik həyata keçirilib. Ola bilsin ki, bu iclasda iki hərbi birləşmənin komandirinin dəyişməsi də elan olunsun. Bundan əlavə, iclasda bir sıra səs-küylü məsələlərin də müzakirəsi gözlənir", - deyə Ü.Cəfərov bildirib. Xatırladaq ki, Müdafiə Nazirliyində keçirilən bugünkü Kollegiya medianın diqqət mərkəzindədir. Dünən bəzi KİV-də yayılan məlumata görə, iclasda bir neçə generalın istefaya göndəriləcəyi iddiası əksini tapıb. İstefaya göndəriləcək generallar sırasında Ç.Məmmədov, R.Nəcəfov, Q.Qarayev, V.Məmmədov və s. adı hallanır. Ekspertlər bu ehtimalların az inandırıcı olduğunu bildirsələr də, Kollegiyada ciddi qərarlar veriləcəyini istisna etmirlər.
2013-12-19
4,626
Anar Niftəliyev: "Bu qətlin nüvəsində dələduzluq dayanır"
"Azadlig.org" saytı tənqidçi Elnarə Tofiqqızının ölümüylə bağlı ətraflı məlumat almaq üçün mərhumun həyat yoldaşı Anar Niftəliyevdən və Onkoloq Adil Qeybulladan müsahibə alıb. "Axar.az" həmin müsahibəni oxucularımıza təqdim edir: Anar Niftəliyev: - Dələduzluq ediblər. Tamah məqsədilə, ehtiyac olmadığı halda məni əməliyyata inandırıblar. Həkim Fərəculla İdrisov: - Özləri mənə dedilər ki, "bizə yaxşı onkoloq tapın". Jurnalist Anar Niftəliyev 3 ay öncə vəfat etmiş həyat yoldaşının ölümüylə bağlı baş prokurora məktub göndərib. O, həmin ölümə görə məsuliyyətin ancaq anestezioloqun üzərinə qoyula biləcəyindən narahatlığını bildirib. Tənqidçi Elnarə Tofiqqızı bu il sentyabrın 20-də "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatına hazırlıq zamanı vəfat edib. Faktla bağlı Cinayət Məcəlləsinin səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəbolma maddəsi ilə cinayət işi açılıb. ANESTEZİYA ƏMƏLİYYATI DÜZGÜN APARILMAYIB Firuz İbrahimovun düzgün anesteziya əməliyyatı aparmamasını komisyon ekspertiza müəyyənləşdirib. Bu barədə apa dekabrın 18-də məlumat yayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından həyatını itirib. Xəbərdə deyilir ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır. Anar Niftəliyevin fikrincə, əməliyyata qatılan həkimlər məsuliyyəti anestezioloqun üstünə atmaqla, yaxalarını məsuliyyətdən qurtarmaq istəyirlər. Jurnalistin sözlərinə görə, müayinədən sonra onlara deyilib ki, həyat yoldaşının süd vəzilərindəki səpkilər bir neçə ildən sonra vəziyə çevrilə bilər. Onlar öncə təcili əməliyyata ehtiyac görməsələr də, sonradan əməliyyatın vacibliyinə inandırıblar. Həkimləri səhlənkarlıq və məsuliyyətsizlikdə qınayan jurnalist cinayət işinin həm də dələduzluq maddəsilə açılmalı olduğunu deyir: "Dələduzluq ediblər. Tamah məqsədilə, ehtiyac olmadığı halda məni əməliyyata inandırıblar. Əməliyyatı məhz o klinikada aparmaqda məqsəd pul qazanmaq olub. Üstəlik, narkoza ehtiyac olmadığı halda narkozdan istifadə ediblər". "BU, HƏKİM TERRORUDUR" Anar Niftəliyev onkoloq Mahir Məmmədov, assistent Fərəculla İdrisov və anestezioloq Firuz İbrahimovun adlarını çəkir. O, əməliyyatın vacibliyinə İdrisovun inandırdığını və bunun min (1000) manata başa gələcəyinin də söyləndiyini deyir. Ancaq sonradan öyrənib ki, klinikaya cəmi 100 manat ödənəcəkmiş: "Bu adamlar məhz tamah məqsədilə əlbir olub bir ailəni bədbəxt etdilər. Bu, həkim terrorudur. Prokurorluq niyə iddia qaldırmır ki, heç olmasa, istintaq getdiyi müddətdə onların həkimlik fəaliyyətləri məhdudlaşdırılsın? Heç olmasa, bu şəxslər əməliyyata girib başqalarını bədbəxt etməsinlər. Hətta o iddiam da təmin olunmayıb". "MƏSLƏHƏTLİ HƏKİM DEDİM" M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutunun həkimi Fərəculla İdrisov AzadlıqRadiosuna deyir ki, xəstəyə diaqnoz Milli Onkologiya Mərkəzində qoyulub və əməliyyatın vacibliyi bildirilib: "Özləri mənə dedilər ki, "bizə yaxşı onkoloq tapın". Ailəvi dost olduğuma görə bütün Azərbaycanda tanınmış onkoloq Mahir müəllimi məsləhət gördüm. Onları tanış etdim, Mahir müəllim də dedi "əməliyyat həmin klinikada aparılacaq"". Fərəculla İdrisov pasiyentin ölməsi səbəbindən əməliyyat pulunun ödənmədiyini deyir: "Ödəniş əməliyyatdan sonra edilməliydi. Bu hadisə baş verdi deyə, heç bir ödəniş aparılmadı". "TƏXİRƏSALINMAZ ƏMƏLİYYAT DEYİLDİ" Onkoloq Adil Qeybulla açıqlanmış ekspert rəyinin bu işin sona çatdırılması üçün əsaslı sənəd olduğunu söyləyir. O, bundan sonra hüquqi məsuliyyətlə bağlı cəza tədbirlərinin görülməsinin hüquq-mühafizə orqanlarının, ibtidai istintaqın boynuna düşdüyünü deyir. Əməliyyatın təcili aparılmasına gəlincə: "O tip əməliyyat planlı şəkildə, nə vaxtsa aparıla bilərdi. Təxirəsalınmaz və təcili əməliyyat deyil. Yoldaşını da bu hala gətirən odur ki, belə bir xırda, hətta yerli keyləşmə altında aparıla biləcək bir əməliyyat bu cür nəticələnib. Onun yoldaşının emosiyalarını mən tam başa düşür və qəbul edirəm". Anar Niftəliyev cinayət işini aparan istintaq qrupunun rəhbəri Ələkbər Rzayevin hələ də heç bir istintaq hərəkəti aparmadığını deyir: "Komisyon ekspertizanın bu cür yarımçıq, heç bir halda məni və istintaqı qane etməyəsi rəyi cinayət işinə əlavə olunur və bununla da istintaq öz yarımçıq işini bitmiş sayır?". Nəsimi rayon Prokurorluğunun müstəntiqi Ələkbər Rzayevdən əlavə informasiya almaq, hələlik, mümkün olmayıb. Anar Niftəliyevin 2 və 8 yaşında iki qızı var.
2013-12-19
4,627
Edam etdirdi, indi də bütün izini silir
Şimali Koreyanın gənc lideri Kim Yonq-Un edam etdirdiyi yeznəsini indi də tarixdən sildirməyə çalışır. Kimin bu hərəkəti bir növ Sovet İttifaqının lideri diktator Stalinin hərəkətini xatırladıb. O, yeznəsi Çanq Sonq Teykə aid bütün görüntülərdən qurtulub. Bir həftə əvvələ qədər Şimali Koreya hökumətinin ən ciddi adamlarından olan Çanq Sonq Teykə aid foto və videolar silinir. "Axar.az" xəbər verir ki, rəsmi xəbər agentliyinə aid 35 min səhifəlik dijital arxivin silindiyi məlum olub. Arxiv artıq Kim Yonq-Un iqtidara gəlməsi ilə başlayır və Çanq Sonq Teykin adı heç bir mətndə hallanmır. Xatırladaq ki, 30 yaşındakı Çanq Sonq Teyk atası Kim Yonq-İlin 2011-ci ildə vəfatından sonra vəzifəyə gəlib.
2013-12-19
4,628
Prezident və xanımı Qusarda - Yeniləndi/Fotolar
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Şahdağ" qış-yay turizm kompleksində olublar. Prezident və xanımı "Şahdağ", "Pik Palas" otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, "Şahdağ" qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılıb. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlib. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. O vaxtdan etibarən görülən işlər nəticəsində "Şahdağ" qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib. Dövlətimizin başçısı və xanımı əvvəlcə beşulduzlu "Pik Palas" otelinin açılışında iştirak ediblər. Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olunub, Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsib. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni tikilmiş beşulduzlu "Şahdağ" otelinin açılış mərasimində iştirak ediblər. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər. Azərbaycan Prezidenti mərasimdə nitq söyləyib. Sonra Prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançı və idman xadiminə yeni mənzillərin orderlərini, habelə Milli Olimpiya Komitəsinin fəxri fərmanlarını təqdim edib.
2013-12-19
4,629
Çövkənin sertifikatı Azərbaycana verildi
Çövkən oyununun UNESCO-nun irs siyahısına salınması haqqında sertifikat Azərbaycan tərəfinə təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, dekabrın 19-da "Çövkən - qədim atüstü Qarabağ oyunu"nun UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi haqqında sertifikat UNESCO tərəfindən nazirliyə təqdim olunub. Qeyd edək ki, cari ilin 2-7 dekabr tarixində Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII sessiyasında "Çövkən - qədim atüstü Qarabağ oyunu"nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin siyahısına daxil edilməsi haqqında qərar qəbul edilmişdi. (Trend)
2013-12-19
4,630
Avro-2016-nın təqvimi açıqlandı, dəyişikliklər var
UEFA İcraiyyə Komitəsinin İspaniyanın Bilbao şəhərində keçirilən iclasında 2016-cı il Avropa çempionatının seçmə mərhələsinin təqvimi açıqlanıb. "Axar.az" Trend-ə istinadən xəbər verir ki, Avro-2016-nın final mərhələsində iştirak etmək üçün 53 yığma komanda mübarizə aparacaq. Seçmə mərhələnin 9 qrupunun hər birində 5 və ya 6 komanda yer alacaq. Qitə çempionatının ilk oyunları gələn il 7, 8 və 9 sentyabr tarixlərində baş tutacaq. Son oyunlar isə 2015-ci ilin 11, 12 və 13 oktyabr tarixlərində keçiriləcək. Qrup lideri olan 9 komanda, ikinci olan daha 9 komanda və ən yaxşı üçüncü nəticə göstərmiş komanda birbaşa olaraq final mərhələsinə adlayacaq. Qrupda 3-cü yeri tutan 8 yığma isə öz aralarında "play-off" oyunları keçirəcək. Turnirin final mərhələsi 2016-cı il iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək. Fransanın ev sahibi kimi birbaşa iştirak edəcəyi çemionatda ümumilikdə ilk dəfə 24 milli yığma mübarizə aparacaq. Final mərhələsinin qruplarının püşkü isə 2015-ci il dekabrın 12-də Parisdə atılacaq. 24 ölkə hər birində 4 komanda olmaqla 6 qrupa bölünəcək. Təqvimdən də göründüyü kimi, Avro-2016-da azarkeşləri bir çox yeniliklər gözləyir. Belə ki, ilk dəfə olaraq qrupda 3-cü yeri tutan komandalar "play-off" matçlarına çıxacaqlar. Ən yaxşı 3-cü nəticə göstərmiş komanda isə birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Daha bir yenilik isə qitə çempionatının final mərhələsində 24 millinin yarışacağıdır. Bundan başqa, Avropa çempionatının qrup oyunları eyni gündə keçirilməyəcək.
2013-12-19
4,631
UNESCO İçərişəhərə status verdi
Dekabrın 18-19-da Parisdə UNESCO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası keçirilib. Gündəlikdə bir sıra məsələlər, o cümlədən İçərişəhərə xüsusi əhəmiyyət kəsb edən "gücləndirilmiş mühafizə" statusunun verilməsi məsələsi öz əksini tapıb. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, milli-mədəni irsimiz olan İçərişəhərə "gücləndirilmiş mühafizə" statusunun verilməsi ilə bağlı sorğu dekabrın 19-da nəzərdən keçirilmiş və bununla bağlı müsbət qərar qəbul edilib. İçərişəhərlə bağlı müraciətin təqdimatı iclasda iştirak edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndə heyəti tərəfindən keçirilib. Bu statusa malik mədəni obyektlər Konvensiya və onun İkinci Protokoluna qoşulmuş ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi emblem ilə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur. Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhərə "gücləndirilmiş mühafizə" statusunun verilməsi ilə bağlı sorğu idarə tərəfindən ilk dəfə 2010-cu ildə UNESCO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinə təqdim olunub. Ötən müddət ərzində Komitənin tövsiyyələrinə əsasən, ölkə qanunvericiliyi Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Haaqa Konvensiyası və onun İkinci Protokolunun tələblərinə uyğunlaşdırılmış, habelə idarə tərəfindən İçərişəhərin qorunması ilə bağlı bir sıra daxili qayda və prosedurlar təkmilləşdirilib. Bununla yanaşı, silahlı münaqişələr zamanı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindən və tarixi-memarlıq abidələrindən hərbi məqsədlər üçün istifadə olunmayacağına dair Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bəyannaməsi və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində tətbiqi ilə bağlı məlumat Komitə üzvlərinə təqdim olunub. İçərişəhərin mühafizəsi məsələsinə beynəlxalq səviyyədə verilən bu yüksək qiymət Prezident İlham Əliyevin ölkəmizin milli-mədəni irsinin qorunması sahəsində uğurlu dövlət siyasətinin daha bir bəhrəsidir. Azərbaycanın mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin incilərindən biri olan İçərişəhərin qorunması və dünyada təşviqində Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük rolu xüsusi qeyd edilməlidir. İçərişəhərin UNESCO-nun "Gücləndirilmiş mühafizə rejimli abidələrin siyahısı"na daxil edilməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin bu incisinin qorunmasının beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir. (AzərTac)
2013-12-19
4,632
“Rodi Mood” müflisləşdi
Tekstil (istehsalat) sektorunun məşhur markalarından olan "Rodi Mood" müflisləşib. 130 mağazası olan "Rodi Mood" üçün məhkəmə müflisləşmə qərarı verib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1800-ə qədər adamın işlədiyi "Rodi Mood"un sahibi Rodi Geyim Sənaye və Ticarət A.Ş. ilə RDS Tekstil hazır paltar sənaye və xarici ticarət şirkətlərinin bu gün keçirilən məhkəməsində iflas qərarı çıxıb. Asliyyə Ticarət Məhkəməsi iki şirkətin iflasına qərar verərkən şirkət rəhbərlikləri yaradılacaq müflisləşmə idarəsinə keçəcək. Şirkətin vəkili açıqlama verərək bəzi borc sahiblərinin də şirkətin iflas olunması barədə qərarın təxirə salması istiqamətində işlər apardıqlarını və şirkətin fəaliyyətini davam etdirəcəyini söyləyib.
2013-12-19
4,633
Taksimdə aksiya: polislə qarşıdurma yaşandı - Son dəqiqə
İstanbulun mərkəzi olan Taksimdə bir qrup iğtişaşa cəhd edib. "Axar.az" xəbər verir ki, aksiya iştirakçılarına polis müdaxilə edib. Yaşanan qarşıdurmada 3 nəfər saxlanılıb. "Mücadələ Birliyi" qruplaşmasının üzvləri, "Zindanlar dağılsın", "Məhbuslara Azadlıq" yazılmış plakatları qaldıraraq qışqırmağa başlayan aksiyaçılara polis "Taksim Meydanı aksiyalara qapalıdır" deyə xtırlatma edib və onları Sırasəlvilər küçəsinə istiqamətləndirib. Lakin dirənən aksiyaçılara polis bibər qazı və boyalı mərmilərlə müdaxilə edib, aksiyaçılar da taxta dəyənəklərlə polislərə hücüm ediblər. Taksim İlk Tibbi Yardım Xəstəxanasına tərəf qovalanan qruplaşma üzvləri ara məhəllələrə dağılışaraq izlərini itiriblər. Qarşıdurmada istifadə olunan bibər qazı ətrafda olan əhaliyə də çətin anlar yaşadıb. Hazırda Taksim Meydanı hüquq mühafizə orqanlarının nəzarəti altındadır.
2013-12-19
4,634
“Fənərbaxça” Avropanın ən yaxşı 20 komandası arasında
"Fənərbaxça" futbol klubu Avropanın ən yaxşı 20 futbol komandasının sıralamasında 17-ci sırada qərarlaşıb. Amerikanın "Bliçer Report" idman saytı Avropa liqalarındakı formda klubların bu mövsüm oynadığı matçlarda göstərdiyi performansa və aldığı nəticələrə görə, ən yaxşı 20 komandadan ibarət hesabat hazırlayıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahıya Türkiyədən təkcə Fənərbaxçanın adı daxil edilib, sarı-lacivərtli komanda Avropanın ən yaxşı 17-ci komandası olaraq göstərilib. Hesabatda super liqada keçən həftə oynanan qarşılaşmada "Fənərbaxça"nın Ağhisar Bələdiyyəsporu 4-0 məğlub edərkən çətinlik çəkmədiyi və sarı-lacıvərtli komandanın qol oyunçularının hamısının bu mövsüm qol krallığı yarışında iddialı olduğu bildirilib. "Fənərbaxça"nın liqasındakı ən yaxın rəqibi Qasımpaşaspora 8, Qalatasaraya isə 11 xal fərqi olduğu qeyd edilən hesabatda sarı-lacivərtlilərin bu sezon çox formada olduğu vurğulanıb. Hazırlanan hesabatda listənin ilk 20 sırasında olan komandalar bunlardır: 1.Bayern Münih 2.Atletiko Madrid 3.Paris Saint-Germain 4.Barselona 5.Real Madrid 6.Mançester Siti 7.Yuventus 8.Arsenal 9.Borussia Dortmund 10.Roma 11.Liverpul 12.Çelsi 13.Napoli 14.Bayer Leverkusen 15.Monako 16.Mançester Yunayted 17.Fənərbaxça 18.Everton 19.Tottenhem Hotspur 20.Sportinq Lizbon
2013-12-19
4,635
Tanınmış jurnalistə ağır itki üz verib
Azərbaycanın əməkdar jurnalisti, "Yeni Müsavat" qəzetinin redaktoru Zahid Səfəroğluya ağır itki üz verib. Jurnalistin atası Səfər Fərzullayev uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin!
2013-12-20
4,636
Qızıl belə hazırlanır - Video
İlk qızıl zəncirlərə hələ İkiçayarası və Qədim Yunanıstanın mədəniyyətində rast gəlinir. O, var-dövlətin simvolu idi. Təmiz qızıl çox yumşaqdır və parlaq sarı rəngdədir. Buna görə ona fərqli çalar və möhkəmlik vermək üçün həmişə başqa metallar əlavə olunur. Bu metalları 1100 dərəcədə əridirlər. Daha ətraflı məlumatı videoda izləyə bilərsiniz.
2013-12-20
4,637
AKP-dən açıqlama: Nazirlər istefa verməyib
Türkiyədə adı korrupsiya qalmaqalında hallanan nazirlərin istefa verməsi ilə bağlı yayılan xəbərlər doğru deyil. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Hüseyn Çelik deyib. Onun sözlərinə görə, Türkiyədə ilk dəfədir ki, polis rəisi və vilayət rəhbərinin xəbəri olmadan xüsusi əməliyyat aparılır: "Təqiblər 14 ay əvvəl başlayıb. Bir insanın günah işlətdiyini görürsünüz və 14 ay gözləyirsiniz... Belə bir əməliyyatı daxili işlər naziri və Baş nazir televiziyadan öyrənir". H.Çelik qeyd edib ki, əməliyyatın yanlış tərəfi xəbərdar edilməsi lazım olan şəxslərin, Baş nazirin xəbərdar edilməməsi olub. Xatırladaq ki, İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər həbs edilib. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var. Həmçinin korrupsiya qalmaqalını araşdıran yüksəkvəzifəli polis məmurları işdən azad edilib. Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub. Həmçinin, korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adı hallanır. (Trend)
2013-12-20
4,638
Tanınmış ifaçı milyon dollarlıq mərci qazandı
Rusiyanın tanınmış ifaçılarından biri olan Anita Soy mərcdə milyon dollar qazanıb. İfaçı biznesmenlərdən biri ilə 1 il ərzində sosial şəbəkədən istifadə etməyəcəyindən mərci gələrək sözünü tutub, bunun müqabilində də 1 milyon dollar qazanıb. Müğənninin pərəstişkarları bu işdə onu dəstəkləyiblər. Bunun qarşılığı olaraq müğənni pərəstişkarlarını mükafatlandırmaq qərarına gəlib. Belə ki, Anita istedad müsabiqəsi keçirib və birinci yeri tutan şəxsə 1 milyon rubl verib.
2013-12-20
4,639
Türkiyədə həbsdən buraxılan iş adamı danışdı
İstanbulda rüşvət əməliyyatı zamanı saxlanılanlardan iş adamı Emrullah Turanlı azadlığa buraxılıb. O, jurnalistlərə açıqlamasında barəsindəki ittihamların əsassız olduğunu bildirib. "Cahilcə hazırlanmış, məntiqsiz, tamamilə iftira olan bir işdir. Zalımların zülmü müddətlidir. Əgər insanın ömrünün sonuna qədər zülm edə biləcəklərsə, yenə müddətlidir. Bu zülmü edən, planlaşdıran, etməyə çalışan və ya etdirən gec-tez bunun hesabını verəcək. Bu millətə edilən haqsızlıqlara, haqsızlıq edənlərə lənət olsun", - iş adamı deyib. Emrullah Turanlı bildirib ki, həbsdə olduğu müddətdə ondan əraziləri üçün icazə almaq məqsədilə görüşdüyü adamlarla bağlı suallar veriblər. ("Musavat.com")
2013-12-20
4,640
"İlin ən yaxşı ölkəsi" seçildi
İngiltərədə nəşr olunan "Ekonomist" jurnalı "İlin ən yaxşı ölkəsi"ni seçib. "Axar.az"ın məlumatına görə, ilin ölkəsi Uruqvay elan edilib. Jurnalda nəşr olunan məqalədə marixuana bitkisi sərbəst yetişdirilən və satılan 3,5 milyon əhalisi olan Uruqvay digər ölkələri geridə buraxıb. Məqalədə Uruqvay da daxil olmaqla, bir çox ölkənin homoseksual evlilikləri qanuni hala gətirdiyi, ancaq Uruqvayın narkotiki qanunlaşdıran tək ölkə olduğu vurğulanıb. Jurnal Uruqvay prezidenti Xose Mujicaya da təriflər deyib. Mujicanın 1987-ci il modeli olan avtomobillə işə getdiyi, şəhərdə lüks olmayan bir evdə yaşadığı bildirilib.
2013-12-20
4,641
Göygöldə yaşayış evində yanğın olub
Göygöl rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, rayon mərkəzindən 4 km aralıda yerləşən Üçtəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-20
4,642
Pikassonun əsəri internetdə 100 avroya satıldı - Video
Məşhur rəssam Pablo Pikassonun milyon dollar dəyərində əsəri xeyriyyə internet-auksionunda 100 avroya satılıb. "Silindr içində kişi" adlı portret Pikasso tərəfindən 1914-cü ildə çəkilib. Şedevrin xoşbəxt sahibi Pensilvaniyadan olan 25 yaşlı amerikalı Cefri Qonano olub. İncəsənət əsərinin internet-auksionunda satılacağını eşidən Cefri bəxtini sınamaq qərarına gəlib. Sənət əsərinin real dəyərinin böyük olmasına baxmayaraq, Cefri Qonano hələ ki, onunla ayrılmaq niyyətində deyil.
2013-12-20
4,643
Tarixin ən amansız killerləri - Adlar
Ən mərhəmətsiz mafiya qrupları belə bəzən öz əllərini deyil, professional bir killerin əllərini qana bulamaq məcburiyyətində qala bilər. Amma mafiyaların sifarişini yerinə yetirmək üçün təkcə atəş açmaq kifayət deyil, bu zaman ən vacib şey soyuqqanlılıqdır. 1. Abe Rels qatil olaraq doğulub deyə bilərik. O, tarixin ən vəhşi qətliam qrupunun qurucularındandır. Amerikan və Yəhudi mafiyasının işçilərindən ibarət olan bu qrup, keçən əsrin 30-40-cı illərində 1000-dən çox insanın qətl edilməsində iştirak edib. Abe Rels qurbanlarını öldürmək üçün buz qırma çubuğundan istifadə edirdi. Qurbanların qulaqlarından soxduğu bu çubuq ani ölümə səbəb olurdu. 1941-ci ildə qaldığı oteldə ölü olaraq tapılıb. 2. Salvator Qravano ağır cəzalardan qaçmaq üçün iş yoldaşlarını satanlardandır. 1945-ci il təvəllüdlü qatil gəncliyini bir küçə avarası və oğru kimi keçirdikdən sonra məşhur mafiya atası Co Kolombonun mühafizəçisi oldu. 1990-cı ildə həbs olunan Qravano bütün mafiya ailəsi haqqında danışdıqdan sonra ölüm cəzasından xilas oldu. Hələ həbsdə olan qatil 2019-cu ildə azadlığa çıxacaq. 3. Sam Destefano Çikaqo mafiyasının killeri idi. Amma heç bir zaman mafiyanın üzvü ola bilməyib. 1973-cü ildə onun iki killer yoldaşı cinayət səbəbi ilə həbs olunanda mafiya onu özü gülləyərək öldürdü. 4.Frank Abbandando da cinayət silahı kimi buz çubuğundan istifadə edirdi. Abbandando 30-dan çox cinayətdə məsuliyyət daşıyır. 1940-cı ildə həbs olunan qatil mühakimə olunacağını gözləmirdi, amma belə olmadı və o, 1942-ci ildə edam edildi. 5. Hari Straus bütün yer aldığı killer qrupları içində ən mərhəmətsizi idi. 100-dən çox cinayət törədib. Straus 18 dəfə həbs olunub, amma heç vaxt məhkum edilməyib. 6. Tommi Pitera 1980-ci illərdə Bonanno mafiyasının ən məşhur qatili idi. Amansızlığı "Karate" ləqəbini almasına səbəb olub. Karyerası boyunca 60 cinayətdə məsuliyyət daşıyan Pitera, qurbanlarını öldürdükdən sonra parçalayır, plastik paketlərə və ya çamadana qoyur, sonra da çox dərin qazdığı çuxurda basdırırdı. Pitera 1990-cı ildə tutuldu və ömürlük həbs cəzasını Pensilvaniya həbsxanasında çəkir. 7. Jozef Barboza çox yaxşı bir aşbazdı. O, Fransız mətbəxi üzrə kulinariya təhsili almışdı. Lakin 20 yaşlı gənc bu sənəti atıb İngilis mafiyasına qoşuldu. 1966-cı ildə həbs olunan Barboza çox vacib məlumatlara sahib olduğu üçün yalnız 1 il həbsdə qaldı. Şahid qoruma proqramından faydalanan ilk günahkar olmasına baxmayaraq, 1976-cı ildə 4 güllə ilə öldürüldü. 8. Roy De Meo 200-dən çox insanın ölümündə məsuliyyət daşıyır. Amansız qatil öldürülməkdən qorxurdu və DeMeonun qorxuları gerçək oldu. Onun cəsədi 1983-cü ildə bir avtomobilin baqajından tapıldı. 9. Govanni Bruska Siciliya mafiyasının ən amansız qatillərindən biri olub. Bir çox qanlı cinayətə imza atan Bruskanın ən vəhşi işi mafiya agentlərindən birinin 11 yaşlı oğlunu qaçırıb 2 il boyunca işgəncə verməsidir. Daha sonra öldürdüyü kiçik uşağın cəsədi də tapılmayıb. 10. Riçard Kuklinski ilk cinayətini 13 yaşında törədib. 250 insanı öldürüb. Ailədaxili şiddətin içində böyüyən Kuklinskinin iki qardaşı vardı. Birisi atasından yediyi təpiklər nəticəsində ölmüş, o biri qardaşı isə 12 yaşında bir qıza təcavüz edib öldürmüşdü. Özü isə bütün həyatı boyu atasını öldürməyi arzulayıb. Hələ uşaqkən qonşularının itlərinə işgəncə verib öldürən Kuklinski 2006-cı ildə həbsxanada ölüb.
2013-12-20
4,644
Bakıda mebel sexində yanğın olub
Bakıda mebel sexində yanğın baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1200 kv.m olan mebel sexinin yanar konstruksiyaları 350 kv.m sahədə yanıb. Bitişik sexlər və anbar yanğından mühafizə olunub. Yanğın saat 02:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-12-20
4,645
Generalın vəzifədən azad olunma səbəbi açıqlandı
2013-cü ilin oktyabrında ABŞ Hərbi Hava Qüvvələrinin generalı Maykl Kerinin vəzifəsindən azad olmasının səbəbi Rusiyada olarkən nalayiq hərəkət edərək, ABŞ-ın milli təhlükəsizliyini təhlükə altına atması olub. Məlumata görə general Rusiyada olarkən spirtli içkilərdən çox istifadə edib və "güvənilir görünməyən xarici qadınlarla" ünsiyyət qurub. Vəzifəsindən azad olmadan öncə M. Keri hərbi ordunun komandiri idi. Raketlərlə dolu hərbi baza "Minitmen" onun nəzarəti altında idi.
2013-12-20
4,646
Azərbaycanın xarici ticarət profisiti 12 milyard dolları ötüb
Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-noyabr aylarında xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 3,86 faiz artdığını bildirib. Bu barədə Komitənin hesabatında deyilir. Bu dövr ərzində Azərbaycan 148 ölkə ilə ticarət əməliyyatı aparıb. Hesabata görə, Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmi 31,72 milyard dollar təşkil edib. Xarici ticarət əməliyyatlarında 12 milyard dollardan çox müsbət saldo yaranıb. Hesabatda bildirilir ki, bu dövr ərzində ölkənin xarici ticarət əməliyyatlarında 6627 hüquqi və fiziki şəxs iştirak edib ki, onlardan 3736 hüquqi, 2891-i isə fiziki şəxsdir. Yanvar-noyabr aylarında 21,99 milyard dollar həcmində ixrac əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 0,46 faiz azdır. İxrac əməliyyatlarında dövlət sektorunun payı 20,51 milyard dollar (93,27 faiz), özəl sektor - 1,27 milyard dollar (5,78 faiz), fiziki şəxslərin payı isə 213,01 milyon dollar (0,97 faiz) olub. Yanvar-noyabr aylarının yekunlarına görə, idxal 9,73 milyard dollar təşkil edib ki, bu da 2012-ci ilin analoji dövründə qeydə alınan göstəricidən 15,17 faiz çoxdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 3,01 milyard dollar (30,94 faiz), özəl sektor - 6,27 milyard dollar (64,44 faiz), fiziki şəxslərin payı isə 443,88 milyon dollar (4,56 faiz) olub. Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 2031 adda məhsul ixrac, 6051 adda məhsul isə idxal olunub (Trend).
2013-12-20
4,647
Vitse-premyerin öldüyü qəza ilə bağlı cinayət işi açıldı
Moskvanın Kutuzovski küçəsində baş verən avtomobil qəzasında Dağıstanın Baş nazirin müavini Hacı Maxaçevin də həlak olduğu qəza ilə bağlı cinayət işi açılıb. "Axar.az" Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya CM 5 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparlılır. Qəza ilə bağlı ilkin versiya da artıq rəsmən irəli sürülüb. Moskvanın Dövlət Avto-üfəttişliyinin mətbuat xidməti məlumat verib ki, qəzaya səbəb "Mersedes GL" maşını olub. O, beton bloklara dəyərək yolun əks istiqamət xəttinə keçib və daha 4 avtomobillə toqquşub. Nəticədə 5 nəfər xəsarət alıb, 3 nəfər həlak olub.
2013-12-20
4,648
Tacikistan naziri Azərbaycana dəvət olunub - Foto
Dekabrın 19-da Tacikistanın Xarici Шşlər naziri Sirociddin Aslovla Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənov arasında görüş keçirilib. Azərbaycanın Tacikistandakı səfirliyindən verilən məlumata görə, görüşün əvvəlində A.Həsənov S.Aslovu xarici işlər naziri kimi yüksək və məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə təbrik edib, onun azərbaycanlı həmkarı Elmar Məmmədyarovun təbriklərini çatdırıb və sonuncunun səmimi təbrik və Azərbaycana rəsmi dəvətinin əks olunduğu məktubu təqdim edib. S.Aslov təbriklərə görə minnətdarlığını bildirib və Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini yüksək qiymətləndirib. Tərəflər imzalanmış sənədlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib, o cümlədən iki ölkənin paytaxtları arasında birbaşa hava reysinin bərpa olunmasının, Azərbaycan və Tacikistanın müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılmasının çox vacib olduğunu vurğulayıblar. S.Aslov həmsöhbətinin diqqətini iqtisadi, elmi-mədəni, humanitar və s. sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə mövcud potensialdan istifadə edilməsinin vacibliyinə yönəldib. Görüşün sonunda səfir A.Həsənov nazirə və bu ölkənin Xarici İşlər Nazirliyinin kitabxanasına Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə tacik dilinə tərcümə edilərək çap olunmuş Elmira Axundovanın 6 cildlik "Heydər Əliyev: Şəxsiyyət və zaman" və Nikolay Zinkeviçin "Həyatın keşməkeşləri" kitablarını hədiyyə edib (anspress).
2013-12-20
4,649
Müdafiə Nazirliyi ölüm cinayəti faktını gizlədir
"Hərbi hissələrin birində 1994-cü il təvəllüdlü Nazim Zahirovun tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanması ilə bağlı məndə səhih məlumat var. Həmin əsgəri başqa bir əsgər yoldaşı vurub". Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov son silahlı insidentə münasibət bildirərkən dedi. Hərbi ekspert həmçinin Gədəbəy rayonundan həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Orxan Alıyevin ölüm səbəbinin də inandırıcı olmadığını bildirdi: "19 yaşlı Orxan Alıyevin dünyasını dəyişəndən sonra yaxınlarının məlumatı ilə tanışam. Razıyam ki, onun orqanizmində ölümlə nəticələnən halın baş verməsi suallar yaradır. Sağlam cüssəli, əzələli bir gəncin yatıb-durmamasına qətiyyən inanmaq istəmirəm. Yenə deyirəm, burda qaranlıq məqamlar var. Ancaq əlbəttə ki, Hərbi Prokurorluğun apardığı araşdırmadan sonra ölümün səbəbini deyə bilərik. Hərbi hissədən də aldığım məlumata görə, nizam-intizamlı əsgər olub". Ü.Cəfərov ölümün səbəbi ilə bağlı məlumatın cəmiyyətdən gizlədilməyəcəyinə ümid etdiyini də bildirdi.
2013-12-20
4,650
Daha bir gizli kaset: AKP açıqlama verdi
"Siyasətin belə çirkininləşdirildiyi bir mühitdə bu görüntünün mənə atılan iyrənc bir iftira olduğuna inanan hər kəsə təşəkkür edirəm". Bu sözləri Türkiyənin hakim partiyası olan AKP-nin sədr müavini Numan Kurtulmuş özü haqqında sosial şəbəkələrdə yayılan gizli videoçəkilişlərə aydınlıq gətirərkən deyib. "CNN Türk"ün məlumatına görə, N.Qurtulmuş dünən axşam saatlarında sosial mediada onun haqqında yayılan "iyrənc və təhqiredici videonun" bir porno filmdən olduğunun artıq sübut edildiyini bildirib. N.Qurtulmuş sözlərinə bunu da əlavə edib: "Hadisələri əvvəldən başlayaraq səbrlə izlədim. Siyasətin belə çirkinləşdirildiyi bir mühitdə bu videogörüntü söhbətinin şəxsimə qarşı edilən iyrənc böhtan olduğuna inanan hər kəsə təşəkkür edirəm. Bu ağır günahdır, bunu edənlərin, yayanların və ağzı sulanaraq xəbər hazırlamağa çalışanların cəzası veriləcək". Xatırladaq ki, dünən sosial şəbəkələrdə daha bir gizli çəkilişin söhbəti yayılıb və bu müzakirələrdə gizli çəkilişdəki şəxsin AKP sədr müavini Numan Kurtulmuş olduğu iddia edilib.
2013-12-20
4,651
Baş prokuror həyatının təhlükədə olduğuna işarə vurdu
Türkiyədə rüşvət və qaçaqmalçılıqla bağlı açılan cinayət işini aparan Baş prokuror Turan Çolakkadı tərəfindən digər prokurorlara rəsmi məktub göndərilib. "Axar.az" məlumat verir ki, bu informasiya ilə Türkiyə mətbuatı çıxış edib. T.Çolakkadı göndərdiyi rəsmi məktubda yazıb ki, həyatı və vəzifəsi ilə bağlı hər hansı bir təhlükə yarandığı zaman onun yerinə cinayət işinin aparılması digər üç dövlət prokurorundan ən azı ikisinin imzasıyla davam etdirilsin.
2013-12-20
4,652
E.Tofiqqızının ölümü ilə bağlı ekspertiza prokurorluğu qane etmədi
Elnarə Tofiqqızının ölümü ilə bağlı yenidən ekspertiza keçiriləcək. Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, E.Tofiqqızının ölümü ilə bağlı keçirilən komisyon ekspertizanın rəyi istintaqı qane etməyib. Təqdim edilən rəydə ciddi boşluqlar və natamam faktlar olduğu əsas götürülərək, yenidən ekspertiza keçirilməsinə qərar verilib. Komisyon rəydə bildirilib ki, aparılan ekspertiza ilə E.Tofiqqızı üzərində anestezioloqun düzgün anesteziya əməliyyatı aparmadığı, nəticədə xəstənin ağciyərinin funksiyasının pozulduğu və onun tənəffüs çatışmazlığından vəfat etdiyini müəyyən olunub. E.Tofiqqızının həyat yoldaşı Anar Niftəliyev də komisyon rəylə razılaşmayaraq, Baş prokurora müraciət edib. 1977-ci il təvəllüdlü E.Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır ( APA).
2013-12-20
4,653
Bakıda daha bir ana doğuş vaxtı öldü - Həkim terroru / Yeniləndi
2013-12-20 10:34:33 Bakıda daha bir ana doğuş zamanı vəfat edib. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün 5 saylı Doğum Evində qeydə alınıb. Qaradağ rayonu Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü Züleyxa Xudaverdi qızı Göyüşovanın qız övladı dünyaya gəlib. Lakin qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra Z.Göyüşovanın səhhəti pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır (APA). 2013-12-20 12:22:33 Səhiyyə Nazirliyi 5 saylı Doğum Evində qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra ana Z. Göyüşovanın ölümü ilə bağl açıqlama verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin verdiyi məlumata görə, hadisə nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılacaq. (ANSPress)
2013-12-20
4,654
2013-ün Bakı qəzalarından - Video
2013-cü ilin 11 ayı ərzində Bakıda 920 yol qəzası baş verib. Bu qəzalarda 310 nəfər ölüb, 911 nəfər xəsarət alıb. Paytaxtda baş verən qəzaların 230-u məhz yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində baş verib ki, bu zaman 49 nəfər ölüb, 287 nəfər yaralanıb. Bakıda yolayrıclarında, eləcə də digər hallarda baş verən qəzalardan bəzilərinin videogörüntüsünü təqdim edir sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq (Trend).
2013-12-20
4,655
SOCAR-ın reklamları erməni televiziyalarında
"SOCAR-ın reklam şitləri 2016-cı il Avropa Çempionatının seçim turu mərhələsində Ermənistan stadionlarında yerləşdirilməyəcək". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan çıxış edib. Prezident bununla bağlı UEFA ilə danışıqlar aparıldığını və razılıq əldə edildiyini bildirib: "Bizim apardığımız danışıqlardan sonra UEFA yalnız Ermənistanda keçirilən oyunlar zamanı bu şitlərin yerləşdirilməməsinə icazə verdi. Lakin bunun televiziyada yayımlanan reklamlara heç bir aidiyyəti yoxdur". Qeyd edək ki, SOCAR "Avro-2016"nın əsas sponsorlarından biridir. UEFA ilə imzalanmış müqaviləyə əsasən şirkətin reklamları stadionlarda və televiziyalarda mütləq şəkildə yayımlanmalıdır.
2013-12-20
4,656
Mustafa Balbay: "Biz Türkiyə olaraq son 20 ili itirdik"
Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir millət vəkili, 4 il 8 ay həbsdə qaldıqdan sonra bu yaxınlarda azadlığa buraxılan tanınmış jurnalist-yazar Mustafa Balbay müsahibə verib. - Azərbaycanı çox sevdiyinizi, ölkəmizə dəfələrlə gəldiyinizi bildiyimə görə, söhbətə başlamaq təşəbbüsünü sizə verirəm... - Onda bundan başlayım ki, mənim uşaqlığımdan bəri ən çox sevdiyim və əzbərlədiyim mahnılar Azərbaycan mahnılarıdır. Bir ölkəni, onun insanlarını xəyalən çox sevə bilərsiniz, ancaq oraya gedib görəndən sonra xəyallarınıza uyğun gəlməyə bilər və kefiniz pozular. Mən Azərbaycana ilk dəfə gedəndə xəyalımda canlandırdığım ölkəyə getdiyimə görə həddindən artıq sevinmişdim. Daha sonra bir neçə dəfə getdim, birində isə sadəcə, gəzmək üçün getmişdim. Özümü Bakının küçələrinə ataraq şəhərin gözəlliyində itib-batmışdım. Türkmənbaşından gəmi ilə Xəzəri boydan-boya keçərək Bakıya getmişdim. Çox gözəl insanlarla tanış olmuş, Azərbaycanı lap çox sevmişdim. Ona görə siz məndən görüş istəyəndə sanki Azərbaycan məndən görüş istəmiş kimi oldu, bunu vurğulamaq istəyirəm. Çox çətin bir proses yaşadım. Həbsxanada hər şeyi çox ölçüb-biçdim, tənhalıqda öz-özümlə çox danışdım. Həmişə bunu düşündüm: sənin bir şəxs olaraq, ailə başçısı olaraq, ziyalı, jurnalist-yazar və siyasətçi kimi cəmiyyətə qarşı məsuliyyətin var dedim. Daim o məsuliyyətimi hiss edərək və 9 kitab yazaraq həbsxana həyatımı keçirdim. İnsan azadlıqda belə 4,5 ildə bəlkə ancaq 9 kitab yaza bilər. Hər gecə başımı yastığa qoyanda "bu günüm boş keçmədi ki?" - deyə özümdən soruşdum və günlərimin boşa keçmədiyinin cavabını aldım. Təəssüf ki, Türkiyəmizin bir taleyi var: aydınlarımızı həbsxanalardan keçirirlər. Bizdə həbsxanalar sanki universitetdən sonrakı magistratura kimidir. Keçmişdə ölkəmizin tarixində Nazim Hikmətlər, Nəcib Fazillər, Səbahəddin Əlilər oradan keçiblər. Ona görə də artıq aydınların həbsə düşməyəcəyi bir Türkiyə xəyal etməliyik. Mən övladlarımızın fikir və düşüncələrinə görə həbsə girməyəcəyi bir Türkiyə yaratmaq üçün mübarizə aparacağam. Həbsdə yazdığım kitablarımı imzalamağımı istəyirlər; elə isə əvvəlcə o kitabların adlarına baxın: "Zülmxanə", "Zülmnamə", "Zülmdar"... Sevgili Mayis, mən artıq bu cür kitabların yazılmadığı bir Türkiyə görmək istəyirəm. Bundan sonra da əlim qələm tutacaq, yazmağa davam edəcəyəm. Amma bundan sonra mən, hər şeydən əvvəl, siyasətçiyəm. Ümid və həyəcan dolu bir həyata atıldığımı hiss edirəm. Bu gün həbsdən çıxmağımın birinci həftəsi tamam oldu, ilk həftənin panoramı budur. - 2008-in iyulunda Beşiktaşdakı ağır cəza məhkəməsi sizi birinci dəfə sərbəst buraxanda mən də oradaydım. Çıxan kimi sarı mətbuat vəsiqənizi çıxarıb jurnalistikadan başqa heç bir işlə məşğul olmadığınızı dediniz. Bu proseslər Türkiyənin İlhan Səlcuq, Türkan Saylan və başqa önəmli aydınlarını alıb apardı. Sizcə, bundan sonra Türkiyə bir aydınlanma mərhələsinə girə biləcəkmi? - Türkiyə çox sıxıntılı bir dönəmdən keçir. Aydınlanma prosesini yaşayacaq. Mən bundan sonra özümü buna həsr edəcəyəm. Bununla bağlı Türkiyədə və dünyada yazılan bir çox əsər oxudum. Məncə, cəmiyyətin bütün təbəqələrinə əlimizi uzadıb aydınlanma prosesini hər evə, hər ailəyə yaymağa çalışmalıyıq. "Qələbə çaldıq, bizi həbsə atanlar qəhr olsun!" - demək mənə dəstək verən insanları hərəkətləndirər, coşqulandırar, ancaq oradan o tərəfə keçirə bilməz. Bütün Türkiyəyə demək istəyirəm ki, ey Türkiyə, mən bir acı yaşadım, bunu bir daha heç kim yaşamasın. Çözüm aydınlanmadır, sözüm isə hər kəsə. İndi Türkiyədə "Quran" kursları, dini təmayüllü məktəblər, hicab mübahisə predmetləridir. Mən hicabı olanlar və olmayanlar dilemmasına heç qarışmaq istəmirəm. Biz bu cəmiyyəti aydınlada bilsək, ondan sonra buna oxşar mübahisələr ikinci plana keçəcək. Russo deyir ki, cəmiyyəti aydınlatmaq idarə etməkdən çətindir. Ona görə də mən bütün gücümü sərf edib Türkiyəni aydınlatmağa çalışacağam. Həbsdə ikən yazdığım "Yargıtatör" pyesim Türkiyənin bir çox yerində nümayiş etdirilir. Gələn il yeni bir pyes yazacağam. Millət vəkili seçildikdən 1 həftə sonra həbsxanaya məni görməyə gələn millət vəkilləri deyirdilər ki, Məclisə gələndən 1 həftə sonra kefin pozulacaq, çünki orada iş görməyin çox çətin olduğunu görəcəksən. Mən millət vəkilliyini Məclisdə yox, Türkiyədə yapacağam. Məclis işimin bir ayağı olacaq. Məclisdə millət vəkillərinə etdiyim xitabı gedib Balıkəsirdən, Ədirnədən, İzmirdən Türkiyəyə edəcəyəm. Sevgili Mayis, fevralın üçüncü həftəsi də daxil olmaqla Türkiyənin müxtəlif yerlərindəki çıxış proqramlarım hazırdır, həftədə 3 yerdə çıxış edəcəyəm. - Türkiyə sizdən ötrü bu qədər darıxıbmış... - Buna çox sevindim. Həbsdən çıxandan sonra İzmirə getdim. Ruh halımı ifadə edim: səhər saat 10-da günə başladım. 6 yerdə çıxış etdim. Yüzlərlə insanın əlini sıxdım. Avtobusdan sağ əlimi insanlara uzadanda onlar sol əlimi də sıxırdılar və əlimə dırnaqlarını keçirənlər oldu. İzmir məni caynağına keçirdi (gülüşmələr), artıq buraxmaz. Gecə 11.30-da oteldəki otağıma gələndə səhər saat 10-dakından daha canlı idim. Bu duyğuyla hərəkət edəcəyəm. Bir söz var: deyərlər ki, bir şey dəyişər, hər şey dəyişər. Mən ortadakı 1 rəqəmini ən başa keçirib onun yanına daha çox 0 əlavə etmək üçün çarpışacağam. - Son illərdə Türkiyədə teatr və komediya sənətinin, parodiyaçıların, karikaturaçıların təzyiq altına alındığını , hökumət başçısının sənətkarları tez-tez məhkəməyə verdiyini görürük. Mədəniyyət Nazirliyi hökuməti tənqid edən özəl teatrlara maddi yardım etmir. Bununla bağlı hansı işləri görməyi düşünürsünüz? - Çin atalar sözü var: 1 il sonrasını düşünürsənsə, toxum ək, 10 il sonrasını düşünürsənsə, ağac ək, 100 il sonrasını düşünürsənsə, cəmiyyətə təhsil ver. Mən də deyirəm ki, 1000 il sonrasını düşünürsənsə, sənətçi yetişdir. Buna inanaraq hərəkət edəcəyəm, sənətçilərin olduğu hər yerdə olacağam. Bir çox sənətçi dostum - Rutkay Əziz, Gənco Ərkal, Fazil Say həbsxanada mənə məktublar yazdılar, mənim üçün tədbirlər keçirdilər. Mən də bundan sonra deyəcəyəm ki, məsələn, bu gün Rutkay Əziz hardadırsa, orda bir yerə toplaşaq. Cəmiyyətdəki həssaslıqları oralara yönləndirməyə çalışacağam, bu yöndə xəyallarım var. - Azərbaycan 28 may 1918-ci ildə Şərqin ilk cümhuriyyətini elan etmə mərhələsinə 70 illik aydınlanma və maariflənmə mərhələsindən keçib gəlmişdi. Ona görə də qlobal mənadakı radikal din təhdidləri Azərbaycanın dünyəvi strukturuna sarsıdıcı təsir göstərə bilmir. Türkiyə isə cümhuriyyəti elan edəndən bəri radikal din təhdidindən qurtula bilmir. Mədəni əlaqələr çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq barədə nələri həyata keçirməyi düşünürsünüz? Məsələn, Bakıda tamaşaya qoyulmuş "Ölülər" tragikomediyasının Türkiyənin bir televiziya kanalında göstərilməsi üçün təşəbbüs göstərmək istəyərsinizmi? - Əlbəttə ki, istəyərəm. Bakıda Rəssamlar küçəsi görmüşdüm. Birincisi, bunu vurğulamaq istəyirəm ki, rəsm sənətini ayaqda tutan bir xalq heç vaxt çökməz. Bəlkə dünyadan köçüb, Abdullayev soyadlı bir rəssamın sözünü unutmuram: hər işdə qara baxtım, qarpız kəsdim ağ çıxdı. Bakıdakı o məhəlləni görəndən sonra Azərbaycan ulusunun heç vaxt çökməyəcəyini düşünmüşdüm. Təməlləri bu cür güclü olduğuna görə, Azərbaycan özünü XXİ əsrə daşıdı və 1991-dən sonra o biri türk cümhuriyyətləri arasında dünya ilə ən rahat şəkildə ahəng qura bilən ölkə oldu. Mən bunu düşünürəm: Türkiyə Azərbaycanla nə qədər çox birlikdə olsa, Qərbdə özünü daha güclü hiss edəcək. Türkiyə Qərblə münasibətlərini inkişaf etdirərsə, bu, Azərbaycanın da faydasına olacaq. Mən Türkiyəni nə bütövlükdə Qərbdə, nə də tamamilə Şərqdə olan bir ölkə kimi yox, hər iki qanadın mərkəzində otura bilən güclü bir ölkə kimi xəyal edirəm. Buna görə 10 günümü "Strateji dərinlik" kitabına ayırdım (professor Əhməd Davudoğlunun eyni adlı kitabını nəzərdə tutur); çox dərindir, batdınmı, çıxa bilmirsən (gülüşmələr). Kitabın əksər bölümü Orta Şərqə aiddir, Azərbaycan və Orta Asiya yox dərəcəsindədir. Hörmətli Davudoğlunun ağlına bir "köhnə Osmanlı" xəyalı düşüb. Halbuki bu durum o ölkələrin də qəbul etdiyi bir şey deyil. Sevgili Mayis, hörmətli Davudoğlunun bu cəhdlərinin o ölkələrdə bir qarşılığı olsa, canım yanmaz, deyərik ki, adam həvəslənib, o ölkələr də bunun dediklərini qəbul edirlər. Ancaq dünyanın qəbul etdiyi bir gerçək var: ən qısa məsafə dildir. Həyatın təbii axarı budur və bunu ən rahat həyata keçirə biləcəyimiz ölkə Azərbaycandır. Bakıda bir çayçıya gedəndə Ankaranın problemlərini Bakının bir rayonunun problemi kimi soruşurlar. "Bir millət, iki dövlət" - deyilən gerçəkliyi mən Bakının küçələrində gördüm. Oralarda dolaşıb 2 "Məmməd", 3 "Məmməd"ə şeylər aldım. "Məmməd" hələ də dururmu? (gülüşmələr) - Yox, tədavüldən çıxarılıb... - Onda "əski Məmməd" deyirəm. Açıq demək lazımdırsa, biz Türkiyə olaraq son 20 ili itirdik. Türkiyənin Qərbindəki Balkan və Şərqi Avropa ölkələri Türkiyəyə salam verə-verə Avropa Birliyinə girdilər. Türkiyənin Şərqindəki ölkələr Türkiyəyə salam verə-verə Şanxay Təşkilatına üzv oldular. Türkiyə isə bir-birinə girdi... - İstərsəniz, son günlərdəki örnəklərə baxaraq bu "bir-birinə girmək" məsələsinə nəzər salaq. - AKP iqtidarıyla Türkiyə çox şey itirdi. Mən heç bir hökumətin bu ölkəyə pislik etmək üçün gəldiyinə inanmıram. Ancaq bəzən hökumətlərin gözünü seçki ehtirası bürüyər və "önümüzdəki seçki" deməkdən gələcək nəsilləri görməzlər, öz siyasi hədəflərini hər şeyin önünə keçirərək ölkənin canını alarlar. AKP bu ölkənin canına rəhm etməyib. Bunu deyərkən içimdə kin və intiqam duyğusu yoxdur. Biz kosmosdan seçici gətirə bilməyəcəyik, ona görə də bu cəmiyyətə özümüzü anlatmalıyıq. İzmirdən qayıdanda yolüstü Afyonda çay içdim. Heç tanımadığım və fərqli siyasi partiyalara mənsub olan insanlar gəlib məni qucaqladılar. Türkiyənin daxilindəki bu gərginlikdən xilas olmaq üçün bir müştərək birləşmə nöqtəsi yaratmalıyıq. Mən bu müştərək nöqtəni yaratmağa namizədəm, sevgili Mayis. Mənim xəyalım Azərbaycanı necə dolaşmısamsa, dünyanı o cür dolaşmaqdır. Köhnə Lenin muzeyinin qabağından keçib (Azərbaycan ləhcəsiylə deyir) bulvara çıxmaq. Bakını unutmamışam ki?.. (Gülüşmələr). Ancaq eyni zamanda siyasət hovuzuna girmişəmsə, orada da yaxşı üzməliyəm. Mənim tərəfdarlarımı qızışdıraraq özümü bir az da gücləndirmək fikrim yoxdur. Mən tərəfdarlarımın əlindən tutaraq dairəni mümkün qədər genişləndirmək istəyirəm. Mübaliğə etmirəm, sevgili Mayis, bu hökumətin məntiqi kürdü kürdə qırdırar. Tuncelidə yaşayanlar Diyarbakırda yaşayana düşmən olar. Bu, məntiq deyil. Hal-hazırda Türkiyə içəridə və bayırda silsilə problemlər yaşayır. Bir vaxtlar Hatay bizim ən sülhsevər şəhərimiz idi, Suriya probleminə görə indi Hatay ən xaotik bölgələrimizdən biri oldu. Bilirəm ki, son əməliyyatları da soruşacaqsan. - Soruşuram... - Türkiyədə iqtidar bir koalisiyadır. İcma (nurçular), AKP-nin öz kadrları, keçmiş mərkəz sağ və mərkəz soldan gələnlər AKP-nin içində bir koalisiya yaratmışdılar. Koalisiya çatladı. Bu çatlaq qopmağa doğru gedəcəkmi? İndi daşlar tökülür. İdris Bal bir daşdır, Hakan Şükür bir daşdır. Hakan Şükür ağır bir açıqlama ilə, həm da oyun qaydasını pozaraq AKP-dən istefa verdi. Hakan Şükür tribunaya gedir, baş nazir deyir ki, tribunada da otura bilməzsən, Hakan Şükür isə deyir ki, tribunada oturmağıma da sən qarışa bilməzsən. Baş nazirin qeyri-məhdud əsəbiliyini bir daha görməkdəyik. Sadəcə iqtidarı qorumaq üçün qurulmuş bu cür siyasi hərəkatlar çözülməyə, çökməyə, yox olmağa məhkumdur. Bunun yaxın tarixdəki örnəyi Ana Vətən Partiyasıdır. Bu günlərdə iqtidarın zəiflədiyini burdan anladım: jurnalistlər baş nazirə daha cəsur suallar verməyə başladılar. - 12 dekabrda məhkəmənin qabağında Soner Yalçın deyirdi ki, həbsxanada Mustafa Balbay saz çalıb oxuyurdu, biz də zövqlə dinləyirdik. - Repertuarımda xeyli Azərbaycan türküsü var. Həbsxanada məni ən çox kövrəldən mahnı isə "Ayrılıq" idi. - Parlamentin hansı komissiyasında fəaliyyət göstərəcəksiniz? Bilirsiniz ki, 21 ildən bəri Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. Bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli şəkildə həll edilməsi üçün hansısa planlarınız varmı? Həbsə düşməzdən əvvəl bu problemi yaxından izlədiyinizi bilirik. - Azərbaycan torpaqlarının beşdə biri erməni işğalı altındadır. Qarabağ gerçəkdən gəzib görməli yerdir. Azərbaycanın ayrılmaz bir parçası olduğunu bütün dünya bilir, ancaq bəzən bildiklərini demirlər. Hal-hazırda Məclisdə hansı komissiyada olacağımı bilmirəm. CHP sədri, hörmətli Kamal Kılıçdaroğluyla görüşüb xarici əlaqələr komissiyasında da fəaliyyət göstərə biləcəyimi demişəm. Qarabağ torpaqlarının anasının ağ südü kimi Azərbaycana aid olduğunu yaxşı bilirəm. Bu problemlə bağlı hamımızın öz üzərinə düşəcəyi işi görməsi lazımdır, harada görülməsi lazım olan bir iş varsa, orda hamıdan əvvəl məni görəcəksiniz. Ürəkdən deyirəm: mənim üçün İzmir nədirsə, Bakı da odur. Əgər qəbul edərlərsə, Türkiyədə Bakının da millət vəkili olmaq istəyirəm. (APA)
2013-12-20
4,657
Türkiyə hakimiyyəti dəhşətli həyəcan içində
"Əgər İsrailə aid olan təşkilatın bu işdə əli varsa, demək, o zaman heç bir kompensasiyası olmayacaq bir vəziyyətlə qarşı-qarşıyayıq". "Axar.az" məlumat verir, bu sözləri Türkiyə mətbuatına adının çəkilməsini istəməyən yüksək vəzifəli hökumət məmuru deyib. O, "Halk bank"dakı bütün kompüterlərin istintaqla əlaqədar polislərin nəzarətinə keçməsindən sonra vəziyyətin daha da çətinləşdiyini bildirib: "Bütün ölkələr kimi Türkiyənin özünün də maliyyə sirləri var. Bunlar İsraillə əlaqədar bir təşkilatın əlinə keçsə, demək, o zaman heç bir kompensasiyası olmayacaq bir vəziyyətlə qarşı-qarşıyayıq". Adının çəkilməsini istəməyən məmur ölkə hakimiyyətinin məhz bundan çox qorxduğunu deyib. Qeyd edək ki, "Halkbank"da hazırda 11,5 milyon fərdi müştəri və 1 milyon 250 min ticarət şirkətinin məlumat bazası qorunur. Bununla yanaşı, Türkiyə dövlətinin əsas ticarət sirlərinin də burada qorunduğu haqqında məlumat yayımlanıb.
2013-12-20
4,658
Nazir məktəblərdə Yeni ilin keçirilməsinə icazə verdi
Orta məktəblərdə Yeni il şənliyinin keçirilməsinə heç bir qadağa qoyulmayacaq. Təhsil Nazirliyinin mətbuat xidməti Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, bu il məktəblərdə Yeni il şənliklərinin keçirilməsinə heç bir məhdudiyyət qoyulmayacaq. "Məktəbin rəhbərliyi iş planına uyğun olaraq, hazırlanmış ssenari əsasında Yeni illə bağlı ümumməktəb tədbiri keçirə bilər. Amma bunun üçün pul yığılmasına ehtiyac yoxdur. Ümumi təhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması qəti qadağan olunub. Yeni il bayramı ərəfəsində hər hansı bir məktəbdə belə bir halın baş verdiyi sübuta yetirilərsə, müvafiq şəxslər barədə ciddi tədbir görüləcək".
2013-12-20
4,659
“Apollo”nun balkonu uçdu, çoxlu xəsarət alan var
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, London teatrında balkon çöküb. Nəticədə, 70 nəfər xəsarət alıb. London teatrlardan biri olan Apolloda balkon çöküb. İlkin məlumatlara görə, hadisə nəticəsində 70 nəfər xəsarət alıb. Tibb işçiləri xəbər verir ki, təxminən 65 nəfərin köməyə ehtiyacı var. Həkimlər xəsarət alanlara yerindəcə kömək etməyə çalışıblar. Polislərin dediyinə görə, balkon binanın daxili konstruksiyasının çökməsi nəticəsində uçub.
2013-12-20
4,660
Dünyada ən çox qazanan beş milyarder - Adlar
"Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, 2013-cü ildə on aktiv qazanan milyarderdən 5-i proqram təminatı, internet texnologiyaları və informasiya texnologiyaları (İT) bazarının digər seqmentlərində var-dövlətini artırıb. Bu barədə "Wealth-X" şirkətinin apardığı araşdırmada deyilir. Milyarderlər onluğunda var-dövlətini daha da artıranlar arasında lider olan şəxs gündə orta hesabla 37 milyon dollar qazanaraq il ərzində var-dövlətini 59,1 milyard dollara çatdıran iş adamı Uorren Baffet olub. Lakin "Microsoft" korporasiyasının təsisçisi və Direktorlar Şurasının üzvü Bill Qeyts dekabrda aktivlərin ümumi həcminə görə onu 72,6 milyard dollar üstələyib. Belə ki, B.Qeyts il ərzində 11,5 milyard dollar qazanıb. Siyahıda milyarderlər onluğunda B.Qeyts ilə yanaşı, "Amazon" şirkətinin rəhbəri Ceff Bezos (+11,3 milyard dollar), "Facebook" sosial şəbəkəsinin baş direktoru Mark Zukerberq (+10,5 milyard dollar), "Google" şirkətinin təsisçiləri Sergey Brin və Larri Peyc (hərəsi 9,3 milyard dollar) yer alıb. Reytinqdə "Apple" şirkəti daxil olmaqla texnoloji şirkətlərə investisiyalar yatırmaqla gəlir əldə edən Karl İkanın (+7,2 milyard dollar) və Yaponiyanın "Softbank" mobil rabitə operatorunun yaradıcısı Masayoşi Sanın (+10,3 milyard dollar) da adlarını çəkmək olar. - ("Digit")
2013-12-20
4,661
Gürcüstanın yeni Prezidenti Azərbaycana gəlir
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili gələn həftə Azərbaycana rəsmi səfərə gələcək. G.Marqvelaşvilinin Azərbaycana səfəri çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq, regiondakı vəziyyət qiymətləndiriləcək. Qeyd edək ki, bu, Georgi Marqvelaşvilinin Prezident seçiləndən sonra Azərbaycana ilk səfəridir (Trend).
2013-12-20
4,662
AKP-dən əks-zərbə: Gülənin də videosu yayıldı – Video
Fətullah Gülən köhnə söhbətlərinin birində "lazım olsa, hakimi kirayə götürün" deyib. "Axar.az" xəbər verir ki, "Təqvim"də yerləşdirilən xəbərə görə, əməliyyatla bərabər gündəmə gələn Fətullah Gülənin köhnə söhbətlərinin birinin videosu ortaya çıxıb. Yayımlanan videoda "ehtiyac olsa, məhkəməni altını üstünə çevirəcəksən, əlinə alacaqsan", - deyir. Gülən daha sonra isə "məhrəmiyyətə olan sədaqətinizə güvənirəm" xəbərdarlığını da edib.
2013-12-20
4,663
Parlament binasını partlatmağı istəyən yaxalandı
Avstraliyanın qanun mühafizə orqanlarının əməkdaşları Sidney şəhərində parlament binasına hücum etmək istəyən kişini saxlayıblar. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, kişi öz maşınında parlament binasının ərazisinə gələrək, ştatın hökumət başçısı Barri O'Farellə görüşməyi tələb edib. O, bildirib ki, onun maşınında partlayıcı var. Avstraliya polisləri parlament binasında olan insanları evakuasiya etmək və qonşu küçələri bağlamaq məcburiyyətində qalıblar.