date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-12-01
809,407
İran heyəti BƏƏ-dəki sammiti tərk etdi - Etiraz
İran nümayəndə heyəti bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya İqlim Fəaliyyəti Sammitini tərk edib. Axar.az xəbər verir ki, bu barədə sammitdə iştirak edən İranın energetika naziri Əli Əkbər Mehrabian məlumat verib. Mehrabianın sözlərinə görə, İsrail Prezidenti İshaq Hersoq sammitə qatıldığı üçün ayrılmağa qərar veriblər. “İran olaraq sionist İsrail rejiminin sammitdə iştirakının iqlim dəyişikliyi məsələsilə bağlı iclasın məqsədlərinə zidd olduğuna inanırıq. Buna reaksiya olaraq sammiti tərk etmək qərarına gəldik”, - nazir vurğulayıb.
2023-12-01
809,410
Voleybolçumuz kritik vəziyyətdə Bakıya çatdırıldı
Azərbaycan millisinin və "Xarı Bülbül" (Şuşa) klubunun voleybolçusu Tural Həsənli əməliyyat olunub. Axar.az xəbər verir ki, bu barədə klub rəsmi Feysbuk hesabında paylaşım edib. 33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb. Həsənli kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya yerləşdirilib. Daxili qanaxması olan voleybolçunun bağırsağından ağır əməliyyat keçirdiyi vurğulanıb. Hazırda onun durumunun qənaətbəxş olduğu bildirilib. Qeyd edək ki, “Xarı Bülbül” “Panatinaikos”a 1:3 hesabı ilə uduzaraq yarışda mübarizəni dayandırıb.
2023-12-01
809,416
Bakıda yeni içməli və tullantı su şəbəkələri yaradılır - Video
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakıda yeni içməli və tullantı su şəbəkələri yaradır. Agentlikdən Axar.az-a verilən məlumata görə, paytaxt və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir. Tədbirlər Planına uyğun olaraq Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır. Layihə bu ərazidə torpaq sürüşməsi təhlükəsinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçirilir. Yaşayış massivinin əksər hissəsində mərkəzləşdirilmiş içməli su və kanalizasiya şəbəkəsi mövcud olmayıb. Əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətləri istismar tələblərinə cavab vermir, tez-tez qəzalara səbəb olurdu. Burada kanalizasiya şəbəkəsi mövcud olmadığından tullantı suları əsasən septik qurğulara və şambolara axıdılırdı. Mərhələlərlə icra olunan layihəyə çərçivəsində indiyə qədər 17 km su və 37 km kanalizasiya xətləri inşa olunub. Kanalizasiya şəbəkəsinin tikintisi yekunlaşdıqdan sonra ərazilərdə septik qurğular və şambolar ləğv edilərək evlərin kanalizasiya xətləri mərkəzləşdirilmiş şəbəkəyə qoşulacaq. Yeni su xətlərinin çəkilişi zamanı köhnə və primitiv xətlərin bir qismi zədələnə və ya sıradan çıxa bilər. Bu zaman qəza briqadaları tərəfindən zəruru tədbirlər görülərək su təchizatı qısa müddətdə bərpa edilir. Ümumilikdə layihə çərçivəsində 3-cü yaşayış massivində hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarının, 69 km içməli, 68 km tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulub. Badamdar qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sistemləri Azərbaycan Höküməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində yenidən qurulub. Layihə çərçivəsində 45 km içməli, 28 km tullantı su şəbəkələri inşa edilib.
2023-12-01
809,418
Qaçqınkomun 1 milyon manatlıq kommunal borcu var?
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin heç bir quruma kommunal xidmətlərə görə borcu yoxdur. Axar.az xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, məcburi köçkünlər kommunal xidmətlərə görə ödənişləri həmin xidmətləri göstərən qurumlara abunə müqaviləsi və müvafiq sayğac göstəriciləri əsasında ödəyirlər: "Kommunal və digər xidmətlər üzrə ödənişlərin əvəzi olaraq məcburi köçkünlərə dövlət büdcəsindən vahid aylıq müavinət verilir. Vahid aylıq müavinətdən təyinatı üzrə istifadə edilməsi ilə bağlı Dövlət Komitəsinin aidiyyəti şöbəsi, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlər arasında müntəzəm məlmatlandırma və təşviqat tədbirləri həyata keçirilir". Qeyd edək ki, bəzi mətbuat orqanlarında Qaçqınkomun digər quruma bir milyon manatdan artıq borcu olması haqqında məlumat yayılıb.
2023-12-01
809,426
İsrail prezidenti ilk dəfə Qətər şeyxi ilə görüşdü
İsrail Prezidenti İshaq Hersoq Dubay şəhərində keçirilən Dünya İqlim Fəaliyyəti Sammitində Qətər şeyxi Təmim bin Həməd əs-Sani ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb. Məlumata görə, Hersoqla Qətər şeyxi arasındakı görüş bir neçə saat çəkib. Nəşr bunun Qətər əmiri ilə İsrail prezidenti arasında ilk şəxsi görüş olduğunu yazıb. Danışıqların təfərrüatı ilə bağlı məlumat verilməyib.
2023-12-01
809,427
Siqaret bahalaşır, bu yerlərdə qadağan edilir...
Fransada çimərlik və meşələrdə siqaret çəkilməsi qadağan ediləcək. Axar.az xəbər verir ki, bu barədə Fransa səhiyyə naziri Orelien Russo məlumat yayıb. Russo bu addımlarla xüsusilə siqaret çəkməyən gənclərin daha az siqaret tüstüsünə məruz qalacağını vurğulayıb. Ölkədə daha çox ölüm səbəbinin siqaretdən olduğuna diqqət çəkən səhiyyə naziri “Tütünlə Mübarizə Proqramı” 2023-2027-ci il çərçivəsində siqaretin qiymətinin mərhələli şəkildə artırılacağını da qeyd edib.
2023-12-01
809,430
Əziz Orucov yenidən hakim qarşısına çıxarılır
Əziz Orucov həbs qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayəti verib. Axar.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Lamiyə Çerpanova öz Feysbuk səhifəsində məlumat yayıb. O qeyd edib ki, şikayətə Apellyasiya Məhkəməsində 4 dekabr saat 15:00-da baxılacaq. Qeyd edək ki, Kanal-13 internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 28 noyabrda 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 188.2-ci (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham olunur.
2023-12-01
809,431
Azərbaycanlılar dostlarımızdır, tapşırmışam ki... - Səfir
İtaliyanın Bakıdakı səfiri Klaudio Taffuri əməkdaşlarına vizaya görə müraciət edən Azərbaycan vətəndaşlarına qarşı maksimum mülayim olmağı tapşırıb. Axar.az xəbər verir ki, bu barədə Taffuri Report-a açıqlamasında bildirib. “Mən şəxsən səfir olaraq əməkdaşlarımıza bildirmişəm ki, azərbaycanlılar bizim dostlarımızdır, biz dost xalqıq və tapşırıq vermişəm ki, viza məsələsində azərbaycanlılara qarşı maksimum diqqətli, mülayim olsunlar, viza imkanları onlar üçün rahat olsun”, - o söyləyib. Diplomat qeyd edib ki, noyabr ayında İtaliya səfirliyi üçün xidmət göstərən Viza Mərkəzi açıldıqdan sonra proses daha da asanlaşıb: “Bu günədək İtaliya səfirliyinə Şengen vizası üçün müraciət həddən çox olub. Say çoxluğu səbəbilə fiziki olaraq həmin müraciətlərin hamısını cavablandırmaq mümkün olmurdu. Elə buna görə də noyabr ayının əvvəlində İtaliya səfirliyi üçün xidmət göstərən yeni bir viza mərkəzi açıldı”, - səfir deyib. Onun sözlərinə görə, həmin vaxtdan mərkəz, demək olar ki, gündəlik yüz müraciət qəbul edir və onların hamısına baxmaq mümkün olur. Diplomat bildirib ki, səfirliyin saytında viza mərkəzi ilə əlaqə saxlama yolları barədə ətraflı məlumat verilib. Bununla bərabər səfir Şengen vizası üçün ilk dəfə müraciət edənlərə İtaliyanın diplomatik missiyası tərəfindən imtina edilməsi barədə iddiaları təkzib edib: “Bu kimi iddiaları qəbul etmirik. Bəzi qaydalar var ki, biz ölkə olaraq onlara riayət etməliyik. Adından da məlum olduğu kimi, Şengen vizası sırf bizim ölkəyə məxsus bir sənəd növü deyil, bütövlükdə Şengen ərazisinə aiddir. Bizim üçün Şengen vizasına birinci dəfə müraciət etmək problem kəsb etmir”. O vurğulayıb ki, hər bir səfirliyin tələb etdiyi sənəd siyahısı var ki, onlar mütləq şəkildə təqdim edilməlidir: “Əgər kiminsə sənədlərində çatışmazlıq olarsa, sistem müraciəti qəbul etmir və belə olan təqdirdə şəxsin rədd cavabı alması normal haldır”, - deyə o vurğulayıb. Viza üçün müraciət edən azərbaycanlıların sayına gəldikdə isə K.Taffuro bildirib ki, müraciətlərin hesablanmasını Konsulluq və ya viza mərkəzi həyata keçirir: “Ancaq bununla belə, onu dəqiq deyə bilərəm ki, müraciət edənlərin əksəriyyəti vizasını alır. Bir məqamı xüsusilə diqqətə çatdırım ki, Şengen vizasına müraciət edilirsə, vizanı hansı ölkənin Konsulluq xidmətinin verməsi elə də önəmli deyil. Belə ki, sistem sənədləri qəbul etdikdən sonra Şengen ölkələrinin hər biri bu müraciətə müsbət cavab verməlidir. Yəni bu vizanın verilməsi sadəcə İtaliya Konsulluğunun səlahiyyətində deyil. Bəzən şəxsən mənim özümə vizadan rədd cavabı aldığı üçün etiraz edənlər olub. Araşdıranda görmüşük ki, sənədlərində çatışmazlıq var”.
2023-12-01
809,432
"Birbank"ın “10 001 hədiyyə” lotereyasının II tirajı yekunlaşdı
Xəbər verdiyimiz kimi ölkənin ilk rəqəmsal bankı Birbank-da 3 tirajdan ibarət “10 001 hədiyyə” lotereyası keçirilir. 30 noyabr tarixində lotereyanın ikinci tirajı baş tutdu. Bu tirajda ümumilikdə 1 073 230 karta məxsus 10 343 316 şans iştirak edirdi. Canlı yayımda təsadüfi üsulla seçilən 3 333 kart ilk tirajın qalibi oldu. Uduş fonduna daxil edilən hədiyyələrdən 1 ədəd 10 000 AZN-lik pul mükafatı, 2 ədəd 1 000 AZN dəyərində səyahət paketi, “Umico Market”dən 500 AZN dəyərində 30 ədəd hədiyyə kuponu, 1 000 ədəd 10 “Umico” bonusu və 2 300 ədəd 5 AZN dəyərində keşbek ikinci tirajda sahiblərini tapdı. Qaliblər haqqında ətraflı məlumat: https://bir.bank/bbchwi Xatırladaq ki, "Birbank"ın “10 001 hədiyyə” lotereyası 15 dekabr tarixinədək davam edir. Lotereya Birbank kartları ilə ödəniş edən hər kəsə 1 ədəd 2 otaqlı mənzil, 10 000 AZN-lik pul mükafatları, səyahət paketləri qazanmaq şansı verir. Həmçinin “Umico Market”dən 500 AZN dəyərində hədiyyə kuponları, “Umico” bonusları və minlərlə keşbek qazandıran lotereyada iştirak etmək üçün şərtlər çox sadədir. Birbank debet və taksit kartları ilə 20 AZN və üzəri məbləğdə ödəniş edən hər kəs lotereyanın iştirakçısına çevrilir. Debet kartlarla ödəniş iştirakçılara 1, taksit kartla isə Birbank tətbiqi ilə edilən köçürmələr, taksit və ninja əməliyyatları, nağdlaşdırma və digər növ maliyyə əməliyyatları istifadəçilərə 5 şans qazandırır. “Umico Market”də debet və taksit kartla alış-veriş isə müştərilərə daha 1 şans yaradır. QR ilə ödəniş isə istifadəçilərə əlavə 10 şans qazandırır. Lotereya haqqında ətraflı məlumat üçün: https://bir.bank/bbltrypr Gün ərzində maksimum 20 əməliyyata görə şans qazanmaq mümkündür. İstifadəçilər yuxarıdakı linkdən FİN kodu daxil etməklə lotereyada iştirak şanslarını izləyə bilərlər. Lotereyanın növbəti tirajı 27 dekabr tarixində keçiriləcək. Qaliblər hər tirajın sonunda, "Kapital Bank"ın sosial media hesablarında və https://birbank.az saytında elan olunacaq. Xatırladaq ki, lotereyada uduş fonduna daxil olan 2 otaqlı mənzil “Xəzri Rezidens” yaşayış kompleksindəndir. Eyni zamanda dəniz mənzərəli “Xəzri Rezidens” yaşayış kompleksindən mənzil aldıqda “Birbank” promo kodunu təqdim edən müştərilərə 12 000 AZN-dək endirim ediləcək. Endirim üçün: https://bir.bank/bbxzrpr. Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Feysbuk və İnstaqram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, Vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
2023-12-01
809,434
İsrail Qəzza əməliyyatına davam etməlidir – Nazir
İsrail Qəzzaya olan hücumlarına ara vermədən davam etməlidir. Axar.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. “Bütün gücümüzlə Qəzzanı əzməli, HƏMAS-ı məhv etməli və Qəzza zolağına qayıtmalıyıq”, - o bildirib.
2023-12-01
809,436
Londonda ABB-yə “İlin Bankı” mükafatı təqdim olundu
Maliyyə dünyasının ən nüfuzlu nəşrlərindən olan “The Banker” jurnalı 2023-cü ilin nəticələrinə görə "İlin bankı” mükafatının qaliblərini elan edib. Azərbaycan üzrə “İlin bankı” nominasiyasına ABB layiq görülüb. ABB bu mükafatı strateji inkişaf nailiyyətlərinə, o cümlədən tətbiq etdiyi yeni texnologiyalara, məhsul və xidmətlərinə, güclü maliyyə göstəricilərinə görə qazanıb. Noyabrın 30-da Londonda keçirilən Qala tədbirində mükafat ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimova təqdim olunub. 2023-cü il üzrə “İlin bankı” mükafatına layiq görülmüş banklar sırasında HSBC, OTP Bank, UniCredit Bank, BBVA, Türkiyə İş Bankası, Société Générale və başqa nüfuzlu banklar da yer alıb. Daha ətraflı məlumatlarla buradan tanış olmaq mümkündür. “The Financial Times” qəzetinə aid olan “The Banker” jurnalı 1926-cı ildən nəşr edilir. Jurnalın 2000-ci ildən təqdim etməyə başladığı “İlin bankı” mükafatı bankçılıqda mükəmməllik standartına çevrilib. Bu mükafatı beynəxalq nüfuzuna görə “Bankçılıq sektorunun Oskarı” kimi də qəbul edirlər. “İlin bankı” mükafatı hər il dünyanın 120-dən çox ölkəsini əhatə edir. Seçim regional və sektor ekspertlərinin, eləcə də redaktorlar heyətinin birgə qərarı ilə aparılır. Bankların strateji təşəbbüsləri, texnologiyaları, məhsul və xidmətləri əsas meyar kimi götürülür. Mükafatın təqdimatı tədbirində hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı bankların rəhbər şəxsləri iştirak edir. Bu baxımdan, “The Banker” jurnalının “İlin bankı” mükafatının təqdimatı tədbiri qlobal səviyyədə maliyyə sektorunun ən böyük toplantılarındandır. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Azərbaycanın ən böyük bankı olaraq ölkəmiz adına bu mükafatı qəbul etməkdən qürur duyuruq. Bu nailiyyətimizdə mühüm rol oynayan tərəfdaşlarımıza, müştərilərimizə, hər bir ABB əməkdaşına minnətdarlığımızı bildiririk. Beynəlxalq səviyyədə fəaliyyətimizə verilən bu yüksək qiymət inkişaf layihələrimizin uğurunu göstərir. ABB olaraq bundan sonra da daim mükəmməlliyə can atacaq, məhsul və xidmətlərimizlə, yeni texnoloji həllərimizlə ölkəmizin inkişafına dəyər qatmağa çalışacağıq”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
2023-12-01
809,439
Ukraynanın əks-hücumda itirdiyi əsgərlərin sayı… - Şoyqu
Ukrayna ordusu altı aydır davam edən əks-hücum əməliyyatları zamanı 125 mindən çox insan və 16 min hərbi texnika itirib. Axar.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib. Onun sözlərinə görə, ukraynalı hərbçilər arasında döyüş keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı düşüb: “Ukraynada kütləvi səfərbərlik, Qərb silahlarının tədarükü və strateji ehtiyatların komandanlıq tərəfindən döyüşə göndərilməsi döyüş meydanında vəziyyəti dəyişə bilmədi. Bu addımlar yalnız ukraynalı hərbçilər arasında itkiləri artırdı”.
2023-12-01
809,448
İsrailin HƏMAS liderləri ilə bağlı planı ortaya çıxdı
İsrail kəşfiyyat xidmətləri HƏMAS hərəkatının liderlərini məhv etməyə hazırlaşır. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri yazıb. Nəşrin məlumatına görə, ölkənin aparıcı kəşfiyyat qurumları İsrailin Baş naziri Benyamin Netanyahunun göstərişi ilə Livan, Türkiyə və Qətərdə yaşayan HƏMAS liderlərinin axtarışı üçün planlar hazırlayır.
2023-12-01
809,453
İran çağırış etdi: Nə qədər ki gec deyil...
Nə qədər ki gec deyil, Qəzzada hərbi əməliyyatlar dayandırılmalıdır. Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. “Girovları hərbi əməliyyatla azad etmək mümkün deyil, onlar partlayışlar nəticəsində ölə bilərlər. Vaşinqton və Təl-Əvivin bu müharibəni davam etdirməyə qərar verməsi Qəzza zolağında və İordan çayının qərb sahilində yeni bir soyqırım aktı olduğunu göstərir. Çox gec olmadan Qəzza zolağına qarşı təcavüzü dərhal dayandırın”, - Abdullahian bildirib.
2023-12-01
809,455
Laçında yeni həyat
1992-ci ildə Laçının işğal edilməsi Azərbaycan xalqının düşmən təcavüzü qarşısında müqavimətini əhəmiyyətli dərəcədə sarsıtmışdı. İşğalçı Ermənistanla Qarabağ separatçıları arasında son dərəcədə strateji əhəmiyyətli mövqeyə malik olan Laçın rayonunun itirilməsi savaşların nəticəsinə xeyli dərəcədə təsir göstərdi. Lakin belə böyük bir itki də xalqımızı sarsıtmadı, onun qələbə əzmini qıra bilmədi. Bütün işğal dövründə hər bir Laçınlı öz doğma torpaqlarına qayıtmaq inamı ilə yaşadı və qayıtdı. 31 illik işğaldan sonra Ordumuzun şücaəti və Prezident İlham Əliyevin mahir diplomatiyası sayəsində döyüşsüz təhvil alınan Laçın şəhəri yandırılmış və viran edilmişdi. Gecə-gündüz dayanmadan aparılan abadlıq-quruculuq işlərinin nəticəsində Laçın öz füsunkar simasını bərpa etməkdədir. Böyük Qayıdışın növbəti mərhələsi olan Laçına qayıdış artıq başlanıb. Keçmiş məcburi köçkünlər öz doğma evlərinə qovuşmağın sevincini yaşayır. Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqust “Laçın şəhəri günü” elan edilib. 3 il öncə dekabrın 1-də işğaldan azad olunan Laçın şəhərində yeni həyat başlayıb. İlk Laçın şəhər günündə həsr olunmuş tədbirdə çıxış edən dövlət başçısı hər bir Laçınlının bu günü böyük qürur hissi ilə yaşadığını qeyd edərək demişdi: “Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük.” Bu ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulduğunu vurğulayan Prezident bildirmişdi ki, “…23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.” Vətən Müharibəsi rəsmən 2020-ci ilin 9 noyabrında başa çatsa da Azərbaycanın öz suverenliyini tam bərpa etməsi məhz bu ilin 23 aprel tarixində Ermənistanla Azərbaycan arasında ilk sərhəd-buraxılış məntəqəsinin bərpa edilməsi ilə təmin olundu. 19-20 sentyabr tarixlərində keçirilən anti-terror tədbirlərindən sonra isə Xankəndi və onun ətrafındakı yaşayış məntəqələrində yuva salmış xunta rejiminin qalıqları bir sutka ərzində təslim oldular. Bu Azərbaycan dövlətinin gücünü, cəsarətini və xalqımızın dəmir iradəsini nümayiş etdirən əlamətdar bir hadisə idi. Artıq Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb. Laçında aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri onun sakinləri üçün ən müasir standartlara uyğun həyat şəraiti təmin edir. Bu günədək Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Hazırda 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir. Rayonun yol-nəqliyyat infrastrukturu da yenidən və ən müasir standartlar üzrə qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu tikilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpünün də inşa edilməsi nəzərdə tutulur. Təməli 2021-ci ildə qoyulmuş Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Hava limanı dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək. Laçında yeni həyat başlayır. Tezliklə Laçın şəhərində xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də inşa ediləcək. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu ilin 28 may tarixindən başlayan Laçına qayıdış laçınlıların doğma yurd həsrətinə son qoyub. Laçın və laçınlılar gələcəyə böyük inam və ümidlərlə baxırlar. Ölkəmizin ən cazibədar güşələrindən biri olan Laçın şəhərinə həyatın qayıtması ilə bütün Azərbaycan xalqı öz tarixinin ən qürurlu səhifələrindən birini yaşayır. Azərbaycan xalqı bu zəfəri qazananları və bu möhtəşəm tarixi yaradanları heç vaxt unutmayacaq.
2023-12-01
809,458
İsrail dayanmır, amma unudur ki… - Lavrov
Müharibə qanunlarının ləğv edilmədiyini xatırlamaq lazımdır. Axar.az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib. “Rusiya İsrailin HƏMAS-ı məhv etməyənə qədər dayanmayacağına dair bəyanatlarını eşidir. Lakin müharibə qanunlarının ləğv edilmədiyini xatırlamaq lazımdır”, - Lavrov bildirib.
2023-12-01
809,459
ADU-da Eldar Əzizovun kitabı müzakirə olundu
Azərbaycan Dillər Universitetində Bakı Şəhər İcra Hakimiyyətinin ADU-nun birgə təşkilatçılığı ilə “Difai: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri” kitabının müzakirəsi keçirilib. Kult.az xəbər verir ki, tədbirin moderatoru BM və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli tədbir iştirakçılarını salamlayıb, müzakirənin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Eldar Əzizovun bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat “Difai” (Müdafiə) Partiyasının yaradılması və fəaliyyətinin tarixi tədqiq edilir. ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycan tarixində özünəməxsus yeri və rolu olan “Difai” təşkilatı ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, əsərdə “Difai”nin fəaliyyəti erməni-azərbaycanlı ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri və səbəbləri fonunda nəzərdən keçirilir: “Çar Rusiyasının XVIII əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu ziddiyyətlərin əsasını qoyub. Bu kitab kafedralarda, dekanlıqlarda, auditoriyalarda tələbələrimizə təqdim olunmalı, onların tariximizlə, müstəqillik mübarizəmizlə bağlı fikirlərinə yeni baxış, yeni işıq saçmalıdır. Bu gün Azərbaycan xalqı qalib xalq kimi uzun illərin mübarizəsinin məntiqi yekunu kimi azad və xoşbəxt yaşayır. Bu yolda canlarını Vətən uğrunda qurban verən igid qəhrəmanlarımızı heç vaxt unutmamalı, onların fəaliyyətini daima qeyd etməli və xatirələrini əziz tutmalıyıq”.
2023-12-01
809,461
Ərdoğan Dubayda Mirziyayevlə görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində özbəkistanlı həmkarı Şövkət Mirziyayevlə görüşüb. Axar.az xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi yayıb. Qeyd olunub ki, liderlər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
2023-12-01
809,463
Sahibə Qafarova Çexiyaya getdi
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Çex Respublikasına rəsmi səfərə gəlib. Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Çex Respublikasının paytaxtı Praqanın Vatslav Havel Beynəlxalq Hava Limanında nümayəndə heyətini Çexiya Parlamentinin Deputatlar Palatasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Yan Kubik, Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar. Səfərdə nümayəndə heyətimiz Çexiya Parlamentdə olacaq, keçirilən görüşlərdə ikitərəfli və parlamentlərarası əlaqələrimizin inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
2023-12-01
809,464
Qod Nisanovun bazarını onlar yandırıb – Markov
Ukrayna hərbi kəşfiyyatı Rusiyanın böyük bazarlarını yandırmağa başlayıb? Rusiyanın ən böyük bazarlarında, dekabrın 1-də Moskvadakı “Sadovod” və noyabrın 30-da Rostov-Dondakı ən böyük “Belıy Temer” bazarında, demək olar ki, eyni vaxtda baş verən böyük yanğınlar bizi bu hadisələrin terror hücumları olduğunu düşünməyə vadar edir. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Bəs Rusiyada ən irimiqyaslı terror aktlarını kim həyata keçirir? Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi. Böyük bazarlarda demək olar ki, eyni vaxtda yanğınların baş verməsi təsadüf ola bilərmi? Ola bilər. Amma bəlkə də bu, təsadüf deyil. Biz hərtərəfli araşdırma gözləyirik. Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi əsas şübhəlilər olmalıdır”, - o bildirib.
2023-12-01
809,466
AB-nin Azərbaycanın daxili işlərinə qarışması… - Bəyanat
Avropa Birliyinin (AB) nümayəndəsi ATƏT-in Nazirlər Şurasında etdiyi çıxışda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən qayıdış hüququ” məsələsini qabardıb. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. “AB-nin Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir. Bu kimi qərəzli açıqlamalar AB-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi kimi çıxış edə bilməyəcəyini göstərir”, - bəyanatda vurğulanıb.
2023-12-01
809,468
Putin TŞ-nin iclasını keçirdi
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans vasitəsilə iclas keçirib. Axar.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Görüşdə ölkənin təhlükəsizliyi məsələsi müzakirə olunub.
2023-12-01
809,469
İlham Əliyev BƏƏ prezidentini təbrik etdi
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Fürsətdən istifadə edərək ölkənizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının rəsmi açılışı münasibətilə də Sizi təbrik edir, tədbirin işinə uğurlar diləyirəm. Dini və mədəni köklərlə bir-birinə bağlı olan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimiz gündən-günə daha da möhkəmlənir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir. Aramızdakı fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Ölkələrimizin dostluq ənənələrinin qorunub saxlanmasında, ikitərəfli münasibətlərimizin bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük əməyiniz vardır. Biz dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət verir, birgə fəaliyyətimizi yeni məzmunla zənginləşdirmək əzmindəyik. Bu yaxınlarda ölkənizin “Masdar” şirkəti tərəfindən tikilən və regionda ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı qardaşlıq əlaqələrimizin növbəti bariz təzahürüdür. Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş ikitərəfli münasibətlərimiz və səmərəli, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafeləri naminə bundan sonra da birgə səylərimizlə uğurla inkişaf etməyə və güclənməyə davam edəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
2023-12-01
809,471
Baş nazirdən Şuşa ilə bağlı sərəncam
Baş nazir Əli Əsədov Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planının hazırlanmasına görə qurumlara tapşırıq verib. Axar.az xəbər verir ki, Baş nazir bununla bağlı“Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 21 noyabr tarixli 4176 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb. Sərəncamla Mədəniyyət Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
2023-12-01
809,472
Qəzzaya humanitar yardım dayandırıldı
“Rəfah” keçid məntəqəsindən Qəzza zolağına humanitar yardımın keçirilməsi dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə "Röyters" Misirin humanitar və təhlükəsizlik qurumlarına istinadən məlumat yayıb. Agentlik bildirib ki, humanitar yardım və yanacaq daşıyan yük maşınlarının Qəzzaya keçidi İsrailin hərbi əməliyyatları bərpa etməsi səbəbindən dayandırılıb.
2023-12-01
809,477
Naxçıvanda 11 məktəbə direktor təyin olundu
Naxçıvanda ümumtəhsil məktəblərində vakant olan direktor vəzifələrinə təyinatlar olub. Elm və Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, direktorların seçim prosesi müsahibə əsasında keçirilib. Müsahibə zamanı namizədlərin qanunvericilik üzrə nəzəri, peşə ilə bağlı texniki bilikləri və idarəetmə bacarıqları yoxlanılıb. Müsahibədə ümumilikdə 25 vakant yer üçün 55 namizəd iştirak edib. Namizədlər 5 ballıq sistemlə qiymətləndiriliblər və yekun orta balı 2,5 və daha yüksək olan şəxslər vəzifəyə uyğun hesab ediliblər. Müsahibənin nəticəsinə uyğun olaraq, 11 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyinat alıb. Qeyd edək ki, cari tədris ili ərzində vakant olan direktor, direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.
2023-12-01
809,479
Ermənistanda qəza: hərbçi öldü
Ermənistanda zəncirvarı yol qəzasında iki nəfər ölüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrəvan-Gümrü yolunda BMV, “Ford” və “Mersedes-Benz” markalı avtomobillərin toqquşması nəticəsində “Mersedes”in sürücüsü və sərnişini hadisə yerində ölüb. Qəza nəticəsində 3 nəfər ağır və orta ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xilasedicilər onları xüsusi avadanlıqlar vasitəsilə avtomobillərdən çıxarıblar. Qeyd olunub ki, ölənlərdən biri hərbçi olub.
2023-12-01
809,480
Körpünü vurmaq üçün mükəmməl vaxtdır - Jdanov
Krım körpüsünə hücum üçün mükəmməl vaxtdır. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. “Onu zədələmək üçün gücümüz və vasitəmiz var. Körpünün vurulmaması hərbi qərardan daha çox, siyasi xarakter daşıyır. Struktur texniki cəhətdən o qədər mürəkkəbdir ki, bu körpüdəki hər hansı partlayış onun işinin dayanmasına və uzunmüddətli təmir-bərpa işlərinə səbəb ola bilər”, – Jdanov əlavə edib.
2023-12-01
809,481
Türkiyə bütün böhranlarda bərabərlik üçün çalışıb
COVİD-19 pandemiyası və Rusiya-Ukrayna münaqişəsindən sonra dünyamız indi də İsrail-Fələstin qarşıdurmasının acı nəticələri ilə üz-üzədir. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Dubayda keçirilən 28-ci sessiyasında çıxış edərkən bildirib. "Türkiyə bütün bu böhranlarda sülhün yanında olub, ədalət və bərabərlik üçün çalışıb", - Ərdoğan vurğulayıb.
2023-12-01
809,482
Ölkəmiz 2050-ci ilə qədər bu öhdəliyi götürüb - Tağıyeva
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında Azərbaycan öz pavilyonu ilə təmsil olunub. Pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində dövlət siyasəti, Azərbaycanda iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün görülən işlər, eyni zamanda, emissiyaların azaldılması sahəsində töhfələr barədə geniş məlumat verilib. Azərbaycanın qlobal emissiyalarda payı 0,15 faiz təşkil edir. Lakin buna baxmayaraq beynəlxalq səylərə dəstək olaraq Azərbaycan Çərçivə Konvensiyasının katibliyinə öz yeni öhdəlikləri haqqında məlumatı təqdim edib. Axar.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının milli əlaqələndiricisi, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında – COP28 jurnalistlərə açıqlamasında deyib. Nazir müavini xatırladıb ki, Azərbaycan 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının daha 40 faiz azaldılması haqqında öhdəlik götürüb. “Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin emissiya karbon neytrallığı zonası elan olunub. İqlim dəyişikliyinə təsirlərin azaldılması üçün dünya təcrübəsində yaşıllaşdırma fəaliyyətinin həyata keçirilməsinin böyük əhəmiyyəti var. Azərbaycan yaşıllaşdırma fəaliyyətinə görə regionun lideridir. Təkcə 2023-cü il ərzində artıq 2 milyon müxtəlif cinsli ağac əkilib. İlin sonuna qədər bu rəqəmin 3 milyona çatdırılması planlaşdırılır. Gələcəkdə Azərbaycanın karbon emissiyalarının azaldılmasında bunun böyük bir töhfəsi olacaq”, - deyə U.Tağıyeva bildirib. Azərbaycan iqlim dəyişikliyinə həssas olan ölkələrdən biri olduğunu qeyd edən nazir müavini bildirib ki, son illərin statistik məlumatlarının təhlili göstərir ki, ölkənin iqlim dəyişikliyinə həssaslıq indeksi artır. Lakin bu, tək Azərbaycan üçün səciyyəvi deyil. Bütün dünyada təbii fəlakətlər artmaqdadır. Buna görə ölkələrin qarşısında duran digər əhəmiyyətli bir vəzifə ölkələrdə erkən xəbərdarlıq sistemlərinin yaradılmasıdır. Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən 2027-ci ilə qədər “Erkən xəbərdarlıq hər kəs üçün” təşəbbüsü irəli sürülüb. “Bu sahədə də Azərbaycanda dövlət investisiyaları çərçivəsində əhəmiyyətli işlər görülür. Hidrometeoroloji müşahidə şəbəkəsi ən yeni müşahidə sistemləri ilə təchiz olunur. Erkən xəbərdarlıq sisteminin regional xarakter alması Azərbaycanın məqsədlərindən biridir”, – deyə nazir müavini bildirib.
2023-12-01
809,483
Maduro Rusiyaya səfər edəcək
Venesuela Prezidenti Nikolas Maduro Rusiyaya səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Venesuelanın Rusiyadakı səfirliyi məlumat verib. Səfərin bu ay ərzində baş tutacağı gözlənilir.
2023-12-01
809,484
Axtarışda olan şəxs Gürcüstanda saxlanıldı
Beynəlxalq axtarışda olan Elxan Əhliyyət oğlu İbadov Azərbaycana ekstradisiya olunub. Axar.az xəbər verir ki, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Elxan Əhliyyət oğlu İbadovun ekstradisiyası haqqında qərar qəbul olunub. Belə ki, Bakı şəhəri Nizami RPİ-də ibtidai istintaq edilən cinayət işi üzrə Elxan İbadovun xeyli ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib. E.İbadov Gürcüstanın ərazisində saxlanılaraq dekabr ayının 1-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
2023-12-01
809,485
Sabiq bank sədri məhkəmə zalında həbs edildi
Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyevə hökm oxunub. Axar.az Report-a istinadən xəbər verir ki, hökm Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda elan olunub. Niyazi Vəliyev bankın İdarə Heyətinin sədri vəzifəsində işləyərkən özgə malını mənimsəmədə ittiham edilərək, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3, (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri üzrə təqsirli bilinib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2018-ci il hökmü əsasında Niyazi Vəliyevə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə şərti cəza verilib. O zaman N. Vəliyev məhkəmə zalından azadlığa buraxılmışdı. O, qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmasında, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına kredit rəsmiləşdirib mənimsəməklə talamasında ittiham edilirdi. Hökmdən narazı qalan dövlət ittihamçısı Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə öz növbəsində kassasiya şikayətini qəbul edərək Bakı Apellyasiya Məhkəməsinə göndərib. "DekaBank" ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.
2023-12-01
809,486
Kür-Bakı su kəmərinin bir hissəsi yenidən qurulur
Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt avtomobil yolunun 19-cu kilometrindəki hissəsi yenidən qurulacaq. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Vurğulanıb ki, artıq bununla bağlı hazırlıq işləri başlayıb. Yenidənqurma işləri çərçivəsində kəmərin diametri 1400 mm olmaqla, 800 m uzunluğundakı hissəsi dəyişdiriləcək. Qeyd edək ki, cari il mayın 2-də sözügedən ərazidə qəza baş verib.
2023-12-01
809,487
"Anadolu" agentliyinin əməkdaşı Qəzzada öldü
Türkiyənin "Anadolu" media agentliyinin Qəzzadakı operatoru Müntəsir əs-Səvvaf həlak olub. Axar.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilib ki, Səvvaf hava hücumu nəticəsində dünyasını dəyişib.
2023-12-01
809,488
İsrail Qəzza sakinlərinin təxliyəsi üçün xəritə yaydı
İsrail ordusu Qəzza sakinlərinin təxliyəsi üçün yeni xəritə yayıb. Axar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Qüvvələrinin sosial şəbəkə hesabında məlumat dərc olunub. Bildirilib ki, sakinlərin ərazidən təxliyəsi üçün xəritədə Qəzza zolağının məhəllə və rayonlar üzrə bölgüsü göstərilib.
2023-12-01
809,489
Rusiya Ukraynada 7 poliqon qurur
19:37 2024-cü ildə Rusiya hərbçiləri xarici ölkələrin bölmələrinin (o cümlədən 4-ü KTMT və ŞƏT çərçivəsində) iştirakı ilə 20-yə yaxın təlim keçirəcək. Axar.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu hərbi idarədə keçirilən konfransda bildirib. Onun sözlərinə görə, yekun nəticə bütün qoşun növlərinin cəlb olunduğu “Okean-2024” strateji təlimi olacaq: “Dekabrın 1-də Rusiya ordusunda yeni tədris ili başladı. Əsas səylərin xüsusi əməliyyatın tapşırıqlarını həll etmək üçün qoşunların hazırlanmasına yönəldilməsi planlaşdırılır. Xüsusi hərbi əməliyyat zonasında 7 müasir poliqon quraşdırılacaq, onlardan ikisində işlər artıq yekunlaşıb”.
2023-12-01
809,490
Türkiyə bu hədəfini iki dəfə artırıb - Ərdoğan
Türkiyə 2030-cu ilə qədər emissiyaların azaldılması hədəfini iki dəfə artırıb. Axar.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Qeyd olunub ki, bu kontekstdə ilin sonunadək karbon qazı emissiyalarının 66,6 milyon ton azalacağı gözlənilir. Türkiyə bərpa olunan enerji mənbələrinin ümumi elektrik enerjisindəki payını 55 faizə çatdıraraq sahə üzrə Avropada 5-ci, dünyada isə 12-ci yerdə qərarlaşıb.
2023-12-01
809,491
İsrail ordusu 200 hədəfə zərbə endirdi
İsrail ordusu Qəzza zolağında HƏMAS-a aid 200-dən çox hərbi obyektə zərbə endirib. Axar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib. Xatırladılıb ki, HƏMAS humanitar fasiləni pozduğu üçün hərbi əməliyyatlar yenidən bərpa olunub.
2023-12-01
809,492
"Qurdlar vadisi”nin "Tataroğlu"su öldü
Türkiyənin məşhur aktyoru Can Gürzap dünyasını dəyişib. Kult.az xəbər verir ki, aktyor 79 yaşında müalicə aldığı xəstəxanada həyatını itirib. Qeyd edək ki, C.Gürzap Azərbaycanda "Qurdlar vadisi Pusu" serialındakı Tataroğlu obrazı ilə tanınırdı.
2023-12-01
809,495
"Kənd Evi"nin fəaliyyəti dayandırıldı
Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən, Elməddin Rəhim oğlu Babışova məxsus “Kənd Evi” İctimai iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb. Bu barədə Axar.az-a Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən (AQTA) məlumat verilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək, müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
2023-12-01
809,496
Rusiya ordusu bu şəhəri tam ələ keçirdi
Rusiya qoşunları Donetsk yaxınlığında yerləşən Marinka şəhərini tamamilə işğal edib. Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşrinin hərbi analitiki Julian Röpke yazıb "Rusiya ordusu 20 aylıq intensiv hücumlardan sonra Donetsk vilayətinin Marinka şəhərini tamamilə ələ keçirib", - deyə o bildirib. Onun sözlərinə görə, son ukraynalı hərbçilər şəhərdən çıxarılıb. Hələlik heç bir tərəf məlumatı təsdiq etməyib.
2023-12-01
809,499
11 ayda 452 min insan rus ordusuna cəlb olundu
Rusiyada yanvar ayının 1-dən dekabrın 1-dək birləşmiş qoşun qrupunun maraqları naminə 452 mindən çox insan hərbi xidmətə cəlb edilib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. O, Moskva, Sevastopol və Çeçenistan Respublikasından şəxslərin aktiv şəkildə müqaviləli xidmətə cəlb olunduğunu qeyd edib.
2023-12-01
809,500
Bakıda Özbəkistan Ticarət Evinin açılışı oldu - Video
Azərbaycan-Özbəkistan münasibətləri son illərin yeni inkişaf mərhələsini yaşayır və müxtəlif sahələrdə əməkdaşlıq yüksələn xətlə davam edir. Bu özünü ticarət - iqtisadi münasibətlərdə də göstərməkdədir. Hazırda hər iki ölkə şirkətləri arasında geniş biznes mühiti formalaşıb və yeni layihələr üzrə tərəfdaşlıqlar reallaşır. Bu gün Bakıda açılışı baş tutan Özbəkistan Ticarət Evi də bu əməkdaşlığa təkan verəcək. Axar.az xəbər verir ki, açılış mərasimində KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Aşrafxanov Baxrom Baxodiroviç, AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, KOBSKA Assosiasiyasının sədri Nigar Ələsgərova, millət vəkilləri və digər rəsmi şəxslər iştirak ediblər. KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov mərasimdə çıxış edərək Özbəkistan Ticarət Evinin fəaliyyətinə uğurlar arzu edib. Orxan Məmmədov çıxışında son 1 ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Özbəkistana, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfərlərini qeyd edib. Həmçinin ölkələr arasında ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdırıb. Özbəkistanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Aşrafxanov Baxrom Baxodiroviç burada yaradılan şəraiti yüksək dəyərləndirib, iki ölkənin iqtisadi əlaqələrinə böyük təsiri olacağına əminliyini ifadə edib. Eyni zamanda, səfir son 6 ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin təxminən 9 dəfə artdığını vurğulayıb. Özbəkistan Sənaye və Tikinti Materialları Assosiasiyasının investisiya, idxal və iqtisadiyyat üzrə müavini Raximov İlyos İkromovich xatirə hədiyyəsini Özbəkistan Ticarət Evinin təsisçi – direktoru Ramin Şərifova təqdim edib. O isə öz növbəsində belə bir mərkəzin fəaliyyətə başlamasını Özbəkistan və Azərbaycan əlaqələrinin tarixində əlamətdar yer tutacağını bildirib: “Bugünkü açılış mərasimi onu göstərir ki, ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Özbəkistanlı iş adamlarının Azərbaycana çox böyük maraq göstərməsi bizi sevindirir. Yaxın gələcəkdə azərbaycanlı iş adamları ilə Özbəkistana işgüzar səfər təşkil ediləcək. Səfərin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən istehsalçı şirkətlərin Özbəkistan bazarında fəaliyyətini təmin edərək, ixrac prosesinə töhfə verməkdir” – deyə Ramin Şərifov sözlərinə əlavə edib. Özbəkistan Ticarət Evinin açılışına dəvət olunan qonaqlar sərgi salonu ilə də tanış olublar. Burada qonaqlara məlumat verilib ki, 10-dan çox sahəni (tikinti, elektronika, tekstil, məişət avadanlıqları, santexnika, dəri məhsulları və s.) əhatə edən məhsullar sərgilənməkdədir. Qeyd edək ki, Özbəkistan Ticarət Evi həftənin altı günü xidmətinizdədir. Ünvan: Bakı, Ağ Şəhər, Fəvvarələr 1 küçəsi Telefon: (055) 200 59 11.
2023-12-01
809,502
Qubada avtomobil su kanalına düşdü - Video
Qubada minik avtomobili su kanalına düşüb. Axar.az-ın məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində baş verib. Belə ki, avtomobildə tək olan sürücü Quba rayonu Bağbanlı kənd sakini Ramin İsmixanov xəsarət almadan maşından çıxa bilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
2023-12-01
809,503
Qusarda tapança satmaq istəyərkən yaxalandı
Qusar Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 1984-cü il təvəllüdü Eldar Əliyev Qusar rayonu Yasab kəndi ərazisində saxlanılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapançası, 5 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahati alınan E.Əliyev tapançanı bir müddət əvvəl Bakı şəhərində əldə etdiyini və satmaq məqsədi ilə Qusar rayonuna gətirdiyini bildirib. Faktla əlaqədar Qusar RPŞ-də təhqiqat araşdırmaları aparılır.
2023-12-01
809,505
Rumıniya ilə ticarət dövriyyəsi 700 milyon dollar təşkil edir
Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 700 milyon dollar təşkil edib. Axar.az xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare deyib. Səfir bildirib ki, Rumıniya ilə Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən mühüm layihələrin həyata keçirilməsi üzərində uğurla çalışır: "Azərbaycan-Gürcüstan-Ruminiya-Macarıstan formatında Xəzər dənizinin Azərbaycan şelfindən Qara dəniz vasitəsilə Konstansaya yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq mövcuddur. 2023-cü il 1 aprel tarixindən etibarən Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr təbii qazın tədarükü üzrə ilk müqavilə həyata keçirilir. Eləcə də Azərbaycandan Gürcüstan və Qara dəniz vasitəsilə Ruminiyaya mayeləşdirilmiş təbii qazın nəqli layihəsi mövcuddur". V.Soare əlavə edib ki, 2022-2023-cü illərdə Bakı və Buxarestdə Birgə Hökumətlərarası İqtisadi Komissiyanın görüşləri keçirilib, yeni imkanlar və əməkdaşlıq layihələri müəyyənləşdirilib.
2023-12-01
809,509
Hizbullah İsrail ordusunun mövqelərinə zərbələr endirdi
Hizbullah silahlı qruplaşması İsrail Müdafiə Qüvvələrinin Cəl Əl-Allam və Əl-Mərc bölgələrindəki mövqelərinə zərbə endirib. Axar.az xəbər verir ki, bu barədə qruplaşmanın məlumatında deyilir. Qeyd olunur ki, zərbələr Qəzza zolağında Fələstin xalqına və onların cəsarətli müqavimətinə dəstək məqsədilə həyata keçirilib.
2023-12-01
809,512
Ermənistan hərbi potensialını gücləndirməyə çalışır - Nazir
Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 1-də Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunan Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransının xüsusi sessiyasında çıxış edib, Ermənistan tərəfindən sülh prosesinə qarşı törədilən maneələrdən danışıb. Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, çıxış zamanı nazir post-münaqişə dövründə Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin perspektivləri, habelə regional vəziyyət barədə ölkəmizin mövqeyini diqqətə çatdırıb. Xarici işlər naziri 19 sentyabr tarixində keçirilmiş antiterror tədbirlərini səciyyələndirən amillər barədə məlumat verib. Həmçinin ölkəmizin bölgədə apardığı bərpa və quruculuq işləri barədə danışıb. Bununla yanaşı, Ermənistanın ölkəmizə qarşı törətdiyi mina təhdidlərini xüsusi vurğulayıb. C.Bayramov Ermənistanın hərbi potensialını gücləndirməyə və bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyətinə diqqət çəkib. Bu kimi fəaliyyətin bölgədə sülh və sabitliyə xidmət etmədiyini bildirib. Antiterror tədbirlərindən sonra ölkəmizə qarşı qərəzli və təxribatçı ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə ziddiyyət təşkil etdiyi və ölkəmizə qarşı iddiaların əsassızlığının sübut olunduğu xatırlanıb. Xarici işlər naziri həmçinin son illər ərzində Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüsləri diqqətə çatdırıb, çoxtərəfli diplomatiya sahəsində ölkəmizin fəal rolundan bəhs edib. Son dövrlərdə bölgədə və dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edən nazir C.Bayramov, enerji təhlükəsizliyinin təmin edilməsi, alternativ enerji sahəsində səylərə, eləcə də nəqliyyat dəhlizlərinin şaxələndirilməsi istiqamətində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət yönəldib. Daha sonra o, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) təşkilatçılığı və Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilmiş konfransda Avropadan 30-dan çox düşüncə və tədqiqat mərkəzinin nümayəndələri, habelə nüfuzlu mütəxəssislər iştirak edib. İlk dəfə ötən il Varşavada keçirilmiş Azərbaycan tədqiqatları üzrə Avropa Konfransı ölkəmizlə bağlı siyasi, iqtisadi və mədəni mövzular daxil olmaqla fərqli sahələr üzrə tədqiqatların təşviq edilməsi, eləcə də Azərbaycan barədə məlumatların dünya ictimaiyyətinə düzgün çatdırılması və akademik səviyyədə obyektiv təhlillərin aparılmasına töhfə məqsədini daşıyır.
2023-12-01
809,514
Trampın həyatına aid film çəkiləcək
ABŞ-ın sabiq prezidenti Donald Trampın həyatına aid film çəkiləcək. Kult.az "Deadline" nəşrinə istinadən xəbər verir ki, filmdə Trampı məşhur aktyor Sebastian Stan canlandırlacaq. "Şagird" adlanacaq filmin rejissorluğunu iranlı Əli Abbasi edəcək. Filmdə Ceremi Stronq və Mariya Bakalova da rol alacaqlar. Ekran əsərində 70-80-ci illərdə Trampın Nyu Yorkda mülk imperatorluğu qurmasından və onun vəkili Roy Cohndan bəhs olunacaq.
2023-12-01
809,516
Seçki keçirməyə hazırıq, lakin xalq buna qarşıdır - Zelenski
Seçkiləri keçirməyə hazırıq, lakin ukraynalıların əksəriyyəti buna qarşıdır. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Assoşeyted Press"ə müsahibəsində deyib. O vurğulayıb ki, hazırda Ukraynanın prioriteti yerli silahlarının istehsalı ilə bağlıdır: “Biz daha sürətli nəticələr istəyirdik. Bu baxımdan, təəssüf ki, istədiyimizə nail ola bilməmişik. Ukrayna müttəfiqlərindən bütün lazımi silahları almadı və hərbi gücün həcminə qoyulan məhdudiyyətlər irəliləyişə mane oldu. Ukraynada müharibə yeni mərhələyə qədəm qoyub. Ümumiyyətlə, qış müharibənin yeni mərhələsidir”. Qeyd edək ki, Ukrayna Ali Radası 2024-cü ildə prezident seçkilərinin təxirə salınması ilə bağlı qərar qəbul edib.
2023-12-01
809,522
Məhəbbət Kazımovun məzarı Laçına köçürülür?
Atamın məzarının Laçına köçürülməsi üçün əvvəl belə bir təklif verməyi düşünürdüm. Amma sonra qərarımı dəyişdim. Məhəbbət Kazımov xalqın sənətkarıdır, tək Laçının yox. Kult.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri mərhum sənətkar Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. “Atamın qəbri Laçına köçürülsə, onu ancaq laçınlılar ziyarət edə biləcək. Bakıda isə hər gün ən azı 5-10 nəfər məzarına baş çəkir. Amma atamın məzarına Laçın torpağını gətirmişəm. Biz əslində Laçına köçmək istəyirik. Bakıda qeydiyyatda olduğumuza və məcburi köçkün hesab olunmadığımıza görə bizə Qaçqınkomdan məlumat daxil olmayıb. Bu barədə dövlət dəstəyi üçün aidiyyəti qurumlara müraciət edəcəyəm. İnşallah, ya dövlət dəstəyi ilə, ya öz hesabıma, gedib Laçında yaşamaq istəyirəm”, - deyə R.Kazımov bildirib.
2023-12-01
809,523
Şok: Paşinyan KTMT katibini qəbul etməkdən imtina etdi
Noyabrın 23-də Minskdə keçirilən KTMT sammitindən sonra Belarusun xarici işlər naziri Sergey Aleynik bəyan etdi ki, sammitdən sonra KTMT Baş katibi İmanqali Tasmaqambetov Ermənistana səfər edəcək və sammit zamanı qəbul olunmuş qərarları Ermənistana gətirəcək ki, Ermənistan da onları imzalasın. Sammitin başa çatmasından bir həftədən çox vaxt keçsə də, Tasmaqambetov Ermənistana səfər etməyib. Əldə etdiyimiz məlumata görə, Ermənistan hakimiyyəti Tasmaqambetovla görüşmək niyyətində deyil. Axar.az xəbər verir ki, bu sözləri erməni ekspert Avetis Babacanyan qeyd edib. O bildirib ki, KTMT-yə üzv dövlətlər, ümumiyyətlə, çıxılmaz vəziyyətə düşüblər: “Bu da Ermənistanın mövqeyi ilə bağlıdır. Bir tərəfdən KTMT-nin nizamnaməsində üzv dövlətin çıxarılması proseduru nəzərdə tutulmayıb, çünki Ermənistan KTMT-nin həmtəsisçisidir, məsələn, Rusiya kimi, digər tərəfdən Ermənistan KTMT-dən çıxa bilər, amma bunu etmir, ancaq təşkilatın fəaliyyətini boykot edir. KTMT-də qərarlar konsensusla qəbul edilir. İndi KTMT-nin Belarusda keçirilən sammitində Ermənistanın razılıq vermədiyi, imzalamadığı qərarlar qəbul edildi. KTMT bu məsələni başqa cür həll etmək qərarına gəlib: Tasmaqambetov həmin sənədlər paketini Ermənistana gətirəcək, Nikol Paşinyan isə Ermənistanda imzalayacaq və onlar qanuni qüvvəyə minəcək. Amma Paşinyan Tasmaqambetovu qəbul etməkdən imtina edirsə, bu o deməkdir ki, o, həmin sənədləri imzalamağa hazırlaşmır, bununla da nəinki həmin konkret sənədləri, ümumiyyətlə, strukturu qeyri-legitimləşdirir. Ermənistan hakimiyyətinin bu cür davranışının səbəbi nədir? Əvvəldən belə bir fikir var idi ki, Nikol Paşinyan Ermənistanı KTMT-dən çıxarmaq məsuliyyətini öz üzərinə götürmək istəmir və Ermənistanla bağlı KTMT-də hansısa qərar qəbul etmək istəyir”. Onun sözlərinə görə, Paşinyan Ermənistanı daha təhlükəli oyuna sürükləyir, o, KTMT-ni legitimlikdən çıxarmaq, gülüş obyektinə çevirmək üçün hər şeyi edir: “NATO-Rusiya qarşıdurmasının indiki mərhələsində Paşinyan Rusiyanın nə qədər qeyri-ciddi və nüfuzsuz olduğunu, onun rəhbərlik etdiyi blokun hətta hüquqi qərarlar qəbul etmək iqtidarında olmadığını, həmin blokun üzvlərinin də o bloka qarşı çıxdığını öz davranışı ilə göstərir. Belə bir şəraitdə Rusiyanın Ermənistana qarşı siyasətini günü-gündən sərtləşdirməsi qəribə deyil, baxmayaraq ki, açıq iqtisadi müharibə elan etmir. Rusiya və ölkə rəhbərliyi Nikol Paşinyanın dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək Aİİ və MDB liderlərinin qeyri-rəsmi toplantısında iştirak edəcəyinə ümid edir. Rusiya Prezidentinin müşaviri Yuri Uşakov hətta İrəvandan Paşinyanın onlarda iştirak edə biləcəyi ilə bağlı müsbət siqnallar aldıqlarını bildirib. Amma Paşinyanın açıq antirusiya siyasəti onun Rusiyaya getməyəcəyinə heç bir şübhə yeri qoymur, çünki onun nə Rusiya hökumətinə, nə də Aİİ üzvü olan ölkələrə deyəcək sözü var. Məsələn, Rusiya prezidenti Ermənistan hakimiyyətinin bu cür açıq-aşkar antirusiya davranışının səbəbini soruşanda, nə cavab verməlidir və ya Rusiya hakimiyyəti Ermənistandan KTMT-dən çıxdığını elan etməyi tələb edərsə, nə cavab verəcək?”
2023-12-01
809,526
Polis ağac kəsən şəxsləri məsuliyyətə cəlb etdi
İsmayıllı rayonunun Şəbiyan, Ağdaş rayonunun isə Pirəyir kəndi ərazisində yaş halda olan ağacları kəsən şəxslər müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar qərar qəbul edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinə göndərilib. Həmçinin Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Gürcüva kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün obyekt sahibi barəsində protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
2023-12-01
809,527
Azərbaycan Ordusu girsə, kim mane olacaq? - Aleksandrov
Fələstin-İsrail münaqişəsinin böyük regional müharibəyə çevriləcəyini düşünmürəm, çünki döyüşlər kifayət qədər uzun müddətdir davam edir və bütün tərəflər ehtiyatlı davranır. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Mixail Aleksandrov erməni mediasına deyib. O bildirib ki, İran səs-küylü bəyanatlar verir, lakin indiyədək özünü yalnız proksi qüvvələrinin kiçik “sancmaları” ilə məhdudlaşdırıb: “Hizbullah və digər İran hərəkatlarından böyük zərbələr olmayacaq və kiçik zərbələrin mübadiləsi heç nəyə təsir etməyəcək. ABŞ isə öz növbəsində İsrailə təzyiq göstərir ki, onun fəaliyyət dairəsini məhdudlaşdırsın. Təl-Əviv artıq fələstinlilərin Qəzza zolağından qovulmalı olduğunu demir. Ən azından amerikalılar bunun baş verməyəcəyini təkid edirlər və hesab edirəm ki, belə də olacaq. Bunun fonunda Vaşinqtonun İsrailə yardım göstərməsində guya Bayden və Respublikaçılar arasında fikir ayrılıqları üzündən problem yaranıb. Amma ABŞ prezidenti istəsəydi, tez bu qərarı verər və kömək edərdi. Bunu İsrailə hərbi yardımı ABŞ-ın müəyyən tələblərini yerinə yetirənə qədər ləngitmək siyasəti adlandırmaq olar. Münaqişənin genişlənməyəcəyinə baxmayaraq, əməliyyatın özü uzun müddət davam edəcək”. O iddia edib ki, Azərbaycan bu məqamdan istifadə edib Ermənistana qarşı hərbi əməliyyatlara başlaya bilər: “Bu onunla bağlıdır ki, dünya ictimaiyyətinin diqqəti hətta Ukraynadan da yayınır və Cənubi Qafqaz ümumilikdə diqqətin periferiyasındadır. Müdaxilə edə biləcək yeganə şəxs İrandır, lakin o, səs-küylü bəyanatlar verir, hərəkətə gələndə Tehran özünü bəzi simvolik jestlərlə məhdudlaşdırır. Bunu nəzərə alsaq, Tehranın müdaxilə edəcəyini əminliklə söyləmək olmaz. Mən ümumiyyətlə Rusiyadan nə gözləndiyini bilmirəm. Rusiya Ermənistana qarşı tamamilə məsuliyyətsiz siyasət aparır”.
2023-12-01
809,529
Zelenski yenidən prezident ola bilməz - Zelenskaya
Mən Vladimir Zelenskinin yenidən prezident olmasını istəmirəm. Bu, mümkün deyil. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna liderinin həyat yoldaşı Yelena Zelenskaya “Ekonomist” nəşrinə müsahibəsində deyib. “Ola bilsin ki, gələcəkdə yeni nə isə düşünə bilərik”, - deyə Zelenskaya bildirib. Qeyd edək ki, Ukrayna Ali Radası 2024-cü ildə prezident seçkilərinin təxirə salınması ilə bağlı qərar qəbul edib.
2023-12-01
809,532
Putindən fərman: Rus ordusunun sayı artırıldı
Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayı təxminən 170 min nəfər artırılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb. Belə ki, sənədə əsasən, silahlı qüvvələrin ştat sayı 2 209 130 nəfər, o cümlədən 1 320 000 hərbi qulluqçu müəyyən edilib. Əvvəlki fərmanda bu rəqəm 2 milyon 39 min 758 nəfər, o cümlədən 1 milyon 150 min 628 nəfər hərbi qulluqçu olub.
2023-12-01
809,534
HƏMAS İsrailə cavab zərbəsi endirdi
HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam Briqadası Qəzzada dinc sakinlərin öldürülməsinə cavab olaraq İsrailin paytaxtı Təl-Əvivə raket zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə təşkilatın açıqlamasında deyilir. Qeyd edək ki, bundan öncə İsrail HƏMAS-ın mövqelərinə zərbələr endirmişdi.
2023-12-02
809,537
Ermənistanın ən qatı düşməni bu ölkədir - Babacanyan
Ermənistanın üç düşməni var: Türkiyə, Azərbaycan və ən qatı düşmən Rusiya. Axar.az xəbər verir ki, bu barədə erməni siyasətçi Arman Babacanyan yazıb. “Rusiya ilk növbədə ona görə bu siyahıdadır ki, bu ölkə strateji müttəfiq adı altında Ermənistana və erməni xalqına qarşı planlar qurur. Azərbaycan və Türkiyə ermənilərin öz torpaqlarında fiziki mövcudluğuna, Rusiya isə Ermənistan dövlətçiliyinə qarşıdır”, - o deyib. Babacanyan 44 günlük müharibənin “təkcə Azərbaycanla aparılmadığı” kimi daha bir absurd iddia da səsləndirib: “Bu müharibə lap əvvəldən Rusiya tərəfindən erməni dövlətçiliyini məhv etmək məqsədi ilə təşkil edilib. Rusiya buradan qovulmayana qədər regionda nə sülh, nə sülh müqaviləsi, nə də “Sülh qovşağı” olacaq. Özünüzü və başqalarını aldatmayın. Dünya və Rusiya bir-birinə ziddir. Bundan sonra Rusiya ilə hərbi-siyasi və iqtisadi birlik çərçivəsində əlaqələrin davam etməsini hələ də düşünmək xalqı və dövlətçiliyi uğrunda canlarını fəda etmiş insanların təhqir edilməsidir”.
2023-12-01
809,539
Polad Bülbüloğlu: Ermənilərin Azərbaycandan getməsi...
Ermənilərin Azərbaycandan getməsi ilə bağlı məsuliyyət İrəvan və separatçı rejimin üzərinə düşür. Axar.az Report-a istinadən xəbər verir ki, bunu səfir Polad Bülbüloğlu Böyük Britaniyanın Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Naydjel Keysini qəbul edərkən deyib. Söhbət zamanı səfir P.Bülbüloğlu Rusiya Federasiyasında akkreditə olunmuş diplomatik korpusun duayeni qismində fəaliyyəti, Rusiya XİN-i ilə birgə təşkil edilən görüşlər və mədəni tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. P.Bülbüloğlu erməni əhalisinin könüllü köçməsinə Azərbaycan tərəfinin humanitar yardımı barədə danışaraq, beynəlxalq təşkilatların nümayəndələri təsdiqlədiyi kimi, bu prosesdə dinc əhaliyə qarşı heç bir zor tətbiq edilmədiyini vurğulayıb və ermənilərin Azərbaycandan getməsi ilə bağlı məsuliyyətin Ermənistan və onun nəzarəti altında olan separatçı rejimin üzərinə düşdüyünü qeyd edib. Bununla yanaşı, səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə həmkarına ətraflı məlumat verib, Azərbaycan Prezidenti İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən Xankəndi şəhərində “Qarabağ universiteti”nin təsis edildiyini xüsusilə vurğulayıb. Görüş zamanı Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıqla bağlı bəzi məqamlar nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Böyük Britaniyanın səfiri maraqlı və faydalı görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Görüşün sonunda səfir Naydjel Keysiyə Heydər Əliyev Fondu tərəfindən çap edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib.
2023-12-01
809,541
Güləşçilərimiz çempionatda 5 medal qazandı
Kişi güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının üçüncü gününü 5 medalla başa vurublar. Axar.az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Ziya Babaşov rusiyalı rəqibinə qalib gələrək qızıl medal qazanıb. Yunan-Roma güləşçisi Ülvi Qənizadə də (72 kiloqram) əlcəzairli Merabet Abdelmalekini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycanın digər təmsilçisi Murad Əhmədiyev (92 kiloqram) final görüşündə italiyalı rəqibini məğlubiyyətə uğradaraq birinci yerin sahibi olub. Fərid Sadıqlı (55 kiloqram) və Azad Əliyev (82 kiloqram) isə bürünc medal uğrunda görüşlərdə rəqiblərindən üstün olaraq üçüncü yerləri tutublar. Bununla da yığma komandanın dünya çempionatında qazandığı medalların sayı 18-ə çatıb. Yarış dekabrın 3-dək davam edəcək.
2023-12-01
809,544
İrəvanın güc vektoru Kremlə deyil, Bakıyadır - Arutyunyan
Ermənistan Respublikası uçuruma doğru gedir və bu hökumətin vəzifəsi ölkənin milli simasını dəyişməkdir. Axar.az xəbər verir ki, bu sözləri “Gənclərin səsi” təşkilatının təsisçisi Ovannes Arutyunyan “Alternativ layihələr” qrupunun təşəbbüsü ilə keçirilən “Ermənistandakı siyasi proseslər hara aparır?” mövzusundakı çıxışında qeyd edib. “Ermənistanın güc vektoru Qərbdə və ya Rusiyaya deyil, Türkiyə və Azərbaycanadır”, - o bildirib.
2023-12-01
809,546
Qadınlardan ibarət millimizdən böyük uğur
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti matçını keçirib. Axar.az xəbər verir ki, C Liqasında yer alan millimiz 3-cü qrupun V turunda Kiprin qonağı olub. Görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. 9-cu dəqiqədə Diana Məmmədova fərlənib. Beləliklə, xallarının sayını 13-ə çatdıran millimiz qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.
2023-12-01
809,549
Sülhməramlılar Qarabağda nə edir? – Rusiya MN
Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu ərazisindəki 18 müşahidə məntəqəsində tapşırıqların icrasını davam etdirir. Axar.az xəbər verir ki, bu barədə Rusiya MN-in günlük bülletenində bildirilib. Qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin “məsuliyyət daşıdığı ərazidə” atəşkəs rejiminin pozulması qeydə alınmayıb. Mülki əhaliyə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsinə yönəlmiş Bakı ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
2023-12-01
809,551
300 dollarlıq gömrük limiti endirilir? - Video
Son günlər sosial şəbəkələrdə xaricdən gətirilən malların gömrük limitinin 300 dollardan 150 dollara endiriləcəyi ilə bağlı paylaşımlar edilir. Yayılan bu xəbərlər nə dərəcədə həqiqətə uyğundur? Axar.az xəbər verir ki, mövzu ilə bağlı danışan ekspert Nicat Manafov gömrük limitinin 300 dollardan aşağı salınmasının heç bir nəticə verməyəcəyini bildirib. Onun sözlərinə görə, yerli sahibkarla internet üzərindən alış-veriş edənlər arasındakı balansı qorumaq üçün müxtəlif yollar var. O təklif edib ki, ya sahibkarlara da eyni qaydada güzəştlər tətbiq olunmalı, ya da vətəndaşlar da vergi verməlidir. İqtisadçı Xalid Kərimli isə deyib ki, limitin endirilməsi ilə bağlı gəzən söhbətlər şayiədir. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirilib ki, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir və hazırda bu qərarda hər hansı dəyişiklik yoxdur. Daha ətraflı Xəzər TV-nin videomaterialında:
2023-12-02
809,552
Generallar gizli sülh danışıqları aparır - Sensasion detallar
Rusiya və Ukrayna sülh danışıqlarına başlayıb. Axar.az xəbər verir ki, bu iddia ilə tanınmış amerikalı jurnalist Seymur Herş çıxış edib. O, məqaləsində bildirib ki, danışıqlar Rusiya Baş Qərargah rəhbəri Valeri Gerasimov və Ukrayna ordusunun baş komandanı Valeri Zalujni arasında aparılır. “Rusiya və Ukrayna arasında ciddi sülh danışıqları sürətlənib”, – Herş qeyd edib. O yazıb ki, bu danışıqların aparıcı qüvvəsi Vaşinqton və ya Moskva deyil, tərəflərin döyüş əməliyyatlarına rəhbərlik edən iki yüksək rütbəli generaldır. Amerikalı jurnalistin iddiasına görə, bu danışıqlarda Ukraynanın ərazi müqabilində NATO-ya daxil olması ehtimalı və alyansın Ukraynada öz qoşunlarını və hücum silahlarını yerləşdirməmək öhdəliyi müzakirə edilir. Herş Ağ Evin bu sxemə qəti şəkildə qarşı olduğunu bildirir: “Ukrayna Prezidenti Vladimir Zelenski də buna qarşı çıxır, o hesab edir ki, sona qədər mübarizə aparmalıdır”.
2023-12-01
809,555
İsrail bir gündə Qəzzada 178 insanı öldürdü
Humanitar fasilə bitdikdən sonra İsrailin yenidən başlayan bombardmanları nəticəsində Qəzza zolağının 178 sakini həlak olub. Axar.az xəbər verir ki, bu məlumatı anklavın Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, 589 nəfər də xəsarət alıb, yaralıların əksəriyyəti qadın və yeniyetmədir. Qeyd edək ki, Təl-Əviv və HƏMAS arasında 24 noyabrda başlayan atəşkəs bu gün səhər başa çatıb və İsrail əməliyyatları bərpa edib.
2023-12-01
809,556
Türk ordusundan ağır zərbə: çox sayda terrorçu...
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında terrorçulara zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, İraqın şimalında Qara, Metina, Hakurk və Qəndil bölgələrində terrorçulara aid 16 hədəf məhv edilib. Əməliyyat nəticəsində çox sayda terrorçu zərərsizləşdirilib.
2023-12-02
809,557
Qızılcanın yayılma səbəbləri nədir?
Bu ilin aprelindən bəri ölkədə 300-ə yaxın qızılcaya yoluxma hadisəsi qeydə alınıb, onlardan 35-i yaşlı insan olub. Qızılcaya kütləvi yoluxma halları Kürdəmirdə, Şəkidə müşahidə edilib. Bu barədə Axar.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumatda bildirilib. “Qızılca xəstəliyi virusla yayılır. İnsandan insana hava-damcı yol ilə keçir. Qızılca ilə mübarizədə əsas profilaktik tədbir peyvəndin tətbiq edilməsidir. Eyni zamanda, profilaktik tədbirlərə otaqların havalandırılması, gündəlik təmizləmə işləri aiddir. Hərçənd, hər iki xəstəliyin törədicisi üçün giriş qapısı tənəffüs yollarıdır, COVİD-19 infeksiyası ilə qızılca xəstəliyi tamamilə müxtəlif viruslar tərəfindən törədilir və bunların arasında heç bir əlaqə yoxdur. Amma peyvənddən yayınma halları qızılcanın yayılma səbəblərindən biri ola bilər”, - məlumatda qeyd olunub.
2023-12-02
809,563
Bakıda məktəbli qız döyülüb - Foto
Ötən gün Bakıda fəaliyyət göstərən peşə məktəblərinin birində 16 yaşlı qızın ailəsi tərəfindən döyülməsi faktı aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, yeniyetmə təhlükəsizliyinin təmin edilməsi üçün sığınacağa yerləşdirilməlidir: “Qız qorxu içindədir və həyatı təhlükədədir. Gecə evdən döyülərək qovulub, küçədə gecələyib”. Elm və Təhsil Nazirliyinin tabeliyində olan Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, hadisə dünən baş verib: “Qız yaşadığı evdə döyülüb. Bu gün peşə məktəbinə gəlib və rəhbərlik tərəfindən məsələ barədə dərhal Daxili İşlər Nazirliyinə və aidiyyəti qurumlara məlumat verilib”. Daxili İşlər Nazirliyi (DİN) Nərimanov rayonunda yerləşən peşə məktəblərindən birində təhsil alan şagirdin döyülməsi barədə açıqlama verib. DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, peşə məktəblərinin birində təhsil alan 2007-ci il təvəllüdlü şagirdin xəsarət alması barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub: “Polis əməkdaşları tərəfindən araşdırma aparılan zaman məktəbliyə xəsarətin anası tərəfindən yetirildiyi müəyyən edilib. Xəsarətlə bağlı ekspertiza təyin edilib, təhqiqat araşdırmaları aparılır. Həmçinin məsələ ilə bağlı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verilib”.
2023-12-02
809,564
Çində güclü zəlzələ baş verdi
Çinin Dehonq Dai Tsinpo muxtar prefekturasının Manşi şəhərində (Yunnan əyaləti, Çinin cənub-qərbi) 5 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Çin Seysmoloji Şəbəkə Mərkəzi (CENC) məlumat yayıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib. Yeraltı təkanlar əyalətin bir çox bölgəsində, o cümlədən Lintsanq və Baoşan dairələrində və Dali Bay Muxtar Prefekturasında güclü hiss olunub. Yeraltı təkanların episentri əyalətin inzibati mərkəzi olan Kunminq şəhərindən 476 km aralıda yerləşib.
2023-12-02
809,565
Bu asılılığa tez son qoymaq lazımdır - Mişel
Qalıq yanacaqlardan asılılığa mümkün qədər tez son qoymaq lazımdır. Axar.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının sədri Şarl Mişel BMT sammitində çıxış edərkən deyib. "Biz 1990-cı ildən bəri tullantıları 30 faiz azaltmaqla irəliləyiş əldə etdik. İnanırıq ki, karbon qiymətləri mexanizmi düzgün yolda irəliləməyə davam edəcək. Biz bərpa olunan enerjinin istifadəsini üç dəfə, enerji səmərəliliyini iki dəfə artırmağa qərarlıyıq. Ədalətli enerji keçidi üçün tərəfdaşlıq öhdəliklərimizə sadiqik", - Mişel qeyd edib.
2023-12-02
809,566
İsrail planını açıqladı: Qəzzanı bu cür bitirir
İsrail müharibədən sonra mümkün hücumların qarşısını almaq üçün Qəzza zolağı ilə sərhədin Fələstin tərəfində bufer zona yaratmaq istədiyi barədə bir neçə ərəb dövlətini məlumatlandırıb. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. İsrail planlarını Misir, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı ilə bölüşüb. Bildirilib ki, təşəbbüs İsrailin yeddi günlük atəşkəsdən sonra yenidən başlayan hücumunun tezliklə sona çatacağına işarə etmir. Qeyd edək ki, Qəzza zolağı təxminən 10 km dərinliyi, 40 km enində bir anklavdır. Cəmi 10 km-lik dərinliyi olan ərazidə “bufer zona”nı təsəvvür etmək çətindir.
2023-12-02
809,567
ABŞ-ın əməliyyatın bərpasını dəstəkləməsinin şok səbəbi
İsrail və HƏMAS arasında gedən müharibə düşündüyümüzdən daha genişmiqyaslıdır. Baş verənlər qlobal sərmayə sahiblərinin istəyinin nəticəsidir. Yəni HƏMAS İsrailə hücum etməsəydi belə, yenə Qəzzaya hücum olacaqdı. Bu sözləri Axar.az-a ABŞ-ın Qəzzada atəşkəsin uzadılmasına deyil, hərbi əməliyyatların bərpasına dəstəyini ifadə etməsinin pərdə arxasındakı səbəbləri haqqında danışan Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik eksperti Əli Fuad Gökçə deyib. Alim İMEC iqtisadi dəhlizi layihəsinin həyata keçirilməsi məqsədilə Qəzza və Qərbi Şəriyə arasında xəttin təmizlənməsinin ABŞ üçün böyük əhəmiyyət daşıdığını, ona görə də hərbi əməliyyatların bərpasını dəstəklədiyini vurğulayıb: “Cavabını tapmalı olduğumuz əsas sual isə beynəlxalq sərmayə sahiblərinin hazırki istəyidir. Bu gün Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanı BRİKS-ə üzv oldu. BRİKS ölkələri isə ticarəti dollar ilə yox, öz pul vahidləri ilə etmək qərarı verib. Yəni artıq dolların rezerv pul vahidi olmaqdan çıxarılma prosesi başlayıb. Bu isə başda ABŞ olmaqla, qlobal sərmayə sahiblərinin maraqlarına ciddi təhlükədir. Son nəticədə Vaşinqton bölgədə dollara və neftə söykənən hegemon mövqeyini itirə bilər. Digər bir məqam isə ABŞ və Çin arasında Sakit okean siyasəti məsələsində olan ziddiyyətlərdir. ABŞ son G-20 Zirvəsi zamanı Çini təkləmək üçün Hindistanı yanına çəkməyi bacardı. Amma BƏƏ ilə Səudiyyə Ərəbistanının bölgə ölkələri ilə problemlərini həll edərək, münasibətlərini düzəltməsi Vaşinqtonu narahat edən məsələlərdəndir. Ona görə də Vaşinqton sözügedən ölkələri ətrafında toplamaq üçün həmlə kimi son G-20 Zirvəsində İMEC layihəsini təqdim etdi. Layihə Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi də adlanır. İMEC-in reallaşdırılmasında ABŞ-ın Çindən qopardığı Hindistan, BƏƏ və Səudiyyə Ərəbistanı, İordaniya və İsrail birgə işləyəcək. Bu ticarət marşrutu İsrailin Aralıq dənizindəki Hayfa limanına çatmaq üçün Qəzza ilə Qərbi Şəriyə arasındakı 90 kilometrlik məsafədən keçməlidir. Bütün bunlara görə bəhs etdiyimiz qlobal sərmayə sahibləri bölgədəki HƏMAS-ı da özünə təhdid görür. Çünki 90 km-lik xətti yetərincə qoruya bilməyəcəklərini düşünürlər. Bəhs etdiyimiz hədəflərin əldə olunması üçün isə Netanyahu hökumətinə əməliyyata başlamaq təlimatı verdilər. Dünən Blinkenin, ondan əvvəl Con Kirbinin və başqalarının İsrailə xəbərdarlıq etmələrindəki məqsəd isə ABŞ-ı meydana gələn müharibə cinayətlərində günahkar sayılmaqdan qurtarmaqdır. Əgər ciddi bir təzyiq olmasa, İsrail qoyulan hədəfə çatmaq üçün ABŞ-ın dəstəyi ilə müharibəni sonadək davam etdirəcək”. Qeyd edək ki, 24 noyabrda Qəzza zolağında başlayan atəşkəs ötən gün bitib və hərbi əməliyyatlar bərpa olunub.
2023-12-02
809,568
Dövlət rəsmisi “uydurma ölkə" ilə müqavilə imzaladı
Paraqvayın Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi “Kailasa” Birləşmiş Ştatlarının nümayəndələri ilə anlaşma memorandumu imzalayıb. Ölkənin “xəyali” olduğu aydın olanda məmur vəzifəsindən uzaqlaşdırılıb. Axar.az Publika.az-a istinadən xəbər verir ki, Paraqvay Kənd Təsərrüfatı Nazirliyinin Arnaldo Çamorro adlı rəsmisi “Kailasa” Birləşmiş Ştatlarının nümayəndələri ilə bəyannamə imzalayıb. Kailasanın internet saytında sözügedən “xəyali” ölkə bütün dünyada köçkün hindular tərəfindən həyata qaytarılan qədim, maariflənmiş hindu sivilizasiyalı xalqın dirçəlişi kimi təsvir edilir. Bu xəyali ölkənin nümayəndələri Paraqvayın kənd təsərrüfatı naziri Karlos Gimenes və Çamorro ilə görüşüblər. Hadisənin üstü açılandan sonra sosial şəbəkədə nazirlik rəsmisinin ünvanına tənqidlər və reaksiyalar olub. Digər tərəfdən, Kailasa nümayəndələri daha əvvəl fevral ayında Cenevrədə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) iki komitə iclasında iştirak edib. ABŞ və Kanadadakı Maria Antonia və Karpai yerli idarəçiləri ilə müqavilələr imzalayıblar.
2023-12-02
809,569
Bu ölkə Rusiyanın 8,8 milyardlıq aktivlərini dondurdu
İsveçrə Rusiyanın 8,8 milyard dollarlıq aktivlərini dondurub. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, bu, Rusiyanın Ukraynaya müdaxiləsindən dolayı qəbul edilən məhdudlaşdırıcı tədbirlərdən biridir. Belə ki, İsveçrə hökuməti keçən il də təxminən eyni məbləğdə Rusiya aktivlərini dondurmuşdu.
2023-12-02
809,571
Əlimizi başqasına toxunduranda bizi niyə “cərəyan” vurur?
Son günlər insanlar bir-birinə, ya da hansısa əşyaya toxunduğu zaman “elektrik vurması” şikayəti ilə bizə müraciət edirlər. Hər bir canlı orqanizm, hətta cansız əşyalar belə müsbət və ya mənfi enerji ilə yüklənə bilərlər. Bu sözləri Axar.az-a açıqlamasında terapevt Sübhan Hacıyev deyib. Hacıyev bildirib ki, bu elektriklənmə hansısa bir həyati təhlükə, ya da daxili orqanlarda fəsad yaratmır: “Bu hiss insanlarda olan gərginliklə əlaqəlidir. Gərginlik müəyyən enerji yükünü artırır. Bizim orqanizmimizdə yığılıb qalan enerji yükünü digərinə ötürdüyümüz zaman isə bu cür elektriklənmələr olur. Bu xüsusi ilə yun, sintetik, rezin kimi əşyalara toxunduğumuz zaman baş verir. Təbii ki, belə hal diskomfort yaradır”. Terapevt qeyd edib ki, bu kimi halların baş verməməsi üçün insanlarımızda birinci növbədə gərginliyi və stressi azaltmaq lazımdır: “Bunun üçün sərin duşlardan istifadə etmək və ayaqyalın torpaqda gəzmək lazımdır ki, yığılıb qalan statik enerji bədənimizi yüklü hala gətirib çıxarmasın”.
2023-12-02
809,572
Şəkidə avtomobil dərəyə aşdı, yaralılar var
Şəki-Qax yolunun Şəkinin İnçə kəndindən keçən hissəsində avtomobil dərəyə aşıb. Axar.az xəbər verir ki, hadisə axşam saat 22:30 radələrində qeydə alınıb. Belə ki, rayonun Aşağı Göynük kənd sakini Əfqan Mahmudovun idarə etdiyi “Ford” markalı minik avtomobili hərəkətdə olarkən idarə etməni itirməsi nəticəsində yolun kənarındakı dərəyə aşıb. Sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri aldığından hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb. Əfqan Mahmudova ilkin tibbi yardım göstəriləndən sonra o, Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun müalicəsi davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb sürət həddinin yüksək olması olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, baş vermiş qəza ilə bağlı araşdırma başlanılıb.
2023-12-02
809,575
"İslami Cihad" Qüdsə raket zərbələri endirdi
Fələstinin "İslami Cihad" qruplaşmasının hərbi qanadı Əl-Qüds Briqadaları Qüdsə raket zərbəsi endirib. Axar.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. "Əl-Qüds Briqadaları Qüds şəhərinə raket hücumlarını bərpa edib", - məlumatda qeyd olunub.
2023-12-02
809,577
Lavrovun təyyarəsi Zaxarovaya görə Türkiyədən qayıtdı
Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsi Skopyedən Moskvaya Yunanıstan və Türkiyə ərazisindən keçməklə qayıdıb. Axar.az xəbər verir ki, bu barədə “Flightradar24” aviasiya izləyicisi məlumat yayıb. Qeyd edək ki, çərşənbə günü Lavrovun təyyarəsi Skopyedəki ATƏT Nazirlər Şurasına Bolqarıstandan yox, Yunanıstandan uçmuşdu. Belə ki, Bolqarıstan Rusiya XİN sözçüsü Mariya Zaxarovaya görə Lavrovun təyyarəsinə verdiyi icazəni ləğv etmişdi.
2023-12-02
809,578
Mişeldən Orbana cavab: Ukrayna ilə sazişimiz var
Bizim Ukrayna ilə assosiativ sazişimiz var və bu, Ukrayna ilə sıx əməkdaşlıq üçün bir çox imkanlar təqdim edir. Axar.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Macarıstan Baş naziri Viktor Orbanın Ukraynanın AB üzvlüyü ilə bağlı təklifinə cavabında deyib. "Dekabrda 27 həmkarımızla dərin müzakirələr aparacağıq ki, hansı qərarı qəbul edək", - Mişel söyləyib. Qeyd edək ki, Macarıstan Baş naziri Viktor Orban Ukraynanın AB-yə daxil olması ilə bağlı həll təklif edib: "Avropa Birliyi üzvlüklə bağlı danışıqlara başlamaqdansa, ilk növbədə Ukrayna ilə strateji tərəfdaşlıq sazişi imzalamalıdır".
2023-12-02
809,579
Vanqanın 2024 kəhanəti: Putinə sui-qəsd, hücum, böhran…
Dünya mediasında məşhur görücü Vanqanın 2024-cü illə bağlı kəhanətləri yayılıb. Axar.az Vanqanın növbəti il ilə bağlı proqnozlarını təqdim edir: 1. Putinə sui-qəsd Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə həmyerlilərindən biri tərəfindən sui-qəsdə məruz qalacaq. 2. Avropada terror Avropada terror artacaq və “böyük ölkə” ya bioloji silahları sınaqdan keçirəcək, ya da hücum edəcək. 3. İqlim fəlakətləri Gələn il çoxlu təbii fəlakətlər olacaq. Təbiət hadisələri ilə yanaşı, radiasiya səviyyələrində də artım baş verə bilər. 4. İqtisadi böhran Artan borc, qlobal gərginlik və gücün Qərbdən Şərqə dəyişməsi iqtisadi böhrana səbəb olacaq. 5. Kiberhücumlar Hakerlər milli təhlükəsizliyə təhdidləri artıraraq elektrik şəbəkələri və su təmizləyici qurğular kimi infrastruktura hücum etməyə başlayacaqlar. 6. Texnoloji inqilab Kvant kompüterlərində böyük bir irəliləyiş olacaq, çünki kvant kompüterləri standart kompüterlərdən daha sürətli məlumat emal edir. Həmçinin süni intellektin istifadəsi artacaq. 7. Tibbi kəşflər Həm xərçəngin, həm də Alzheimer xəstəliyinin müalicəsi olacaq. Qeyd edək ki, Vanqa həmçinin kommunizmin 2076-cı ildə geri dönəcəyini və insanların 2304-cü ilə qədər zamanda səyahət edə biləcəyini proqnozlaşdırıb. Onun kəhanətləri 5079-cu ildə başa çatır. Məhz həmin ildə o, dünyanın sonu olacağı ehtimal edilir. Xatırladaq ki, Vanqa simvol və bənzətmələrdən istifadə edib, onun kəhanətləri vaxtı gəldikcə ekspertlər tərəfindən “izahla oxunur”.
2023-12-02
809,580
ABŞ-ın İsrailə hansı bombaları verdiyi üzə çıxdı
ABŞ oktyabrın 7-dən İsrailə bunkerə qarşı bombalar və on minlərlə başqa növ silah və artilleriya mərmisi verib. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” ABŞ rəsmisinə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, təxminən 15 min bomba və 57 min artilleriya mərmisi də daxil olmaqla, silahların tədarükü oktyabrın 7-dən qısa müddət sonra başlayıb. ABŞ 100 ədəd BLU-109 bunker məhv edən bomba da tədarük edib. Qeyd edək ki, İsrail-HƏMAS müharibəsi 7 oktyabrda HƏMAS-ın Qəzza zolağından İsrailə hücumu ilə başlayıb. 24 noyabrda atəşkəs əldə edilsə də, ötən gündən hərbi əməliyyatlar bərpa edilib.
2023-12-02
809,581
Sistit hansı halda xərçəngin əlaməti ola bilər?
Sistit qorxulu xəstəlik olmasa da, bəzi hallarda sidik kisəsi xərçənginin də əlaməti ola bilər. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, uroloq həkimlər sistitin təhlükəli məqamlarını açıqlayıb. “Sistitin simptomları adətən, tez-tez və ağrılı sidiyə getmə, yandırıcı hiss, qoxulu, iltihablı, tünd sidikdir. Bu zaman qasıq və beldə daimi ağrı ola bilər. Çox vaxt xəstələr sistiti özbaşına müalicə edir. Amma bu sidik kisəsi şişlərindən də ola bilər. Sistit düşünərək, qiymətli vaxt itirilə bilər. Əksər halda (80%) sistit E coli bakteriyası tərəfindən törənir. Sistit zamanı da analiz və USM mütləqdir. 7 günlük antibakterial müalicədən sonra nəticə verməsə, əlavə müayinələr aparılmalıdır”, - uroloq həkimlər qeyd ediblər.
2023-12-02
809,582
Şolts Zelenskini əmin etdi: Dəstək davam edəcək!
Almaniya kansleri Olaf Şolts telefon danışığında Ukrayna Prezidenti Vladimir Zelenskiyə Almaniyanın Rusiya təcavüzünə qarşı mübarizədə sarsılmaz dəstəyini vəd edib. Axar.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt deyib. “Almaniya avropalı və beynəlxalq tərəfdaşları ilə sıx koordinasiya şəraitində Ukraynaya hərbi sahədə dəstəyini davam etdirəcək. Federal kansler Zelenskiyə Ukraynanın gələcəyinin Avropa Birliyində olduğunu vurğulayıb”, - deyə o bildirib.
2023-12-02
809,583
Bu, “15 günə sülh” deyil, İrəvanın tələb və şərtidir
Sülh müqaviləsinin bağlanması üçün Ermənistan Azərbaycanı günahlandırmaqdan çəkinməli və üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Əks halda proses uzanacaq. Bu fikirləri Axar.az-a politoloq İlyas Hüseynov bildirib. Onun sözlərinə görə, Ermənistan parlamentinin spikeri Alen Simonyanın “15 günə sülh əldə oluna bilər“ fikri yalnız o halda reallaşa bilər ki, Ermənistan qeyri-konstriktiv mövqedən əl çəksin: “Simonyanın sülhlə bağlı açıqlamasında belə siyasi tələb elementi sezilir və ona eyham vurur ki, əgər Azərbaycan şərtləri qəbul etsə və yaxud Ermənistanın gündəliyi ilə razılaşsa, sülh müqaviləsini imzalamaq mümkün olacaq. Bütün bunlar göstərir ki, Ermənistan rəhbərliyi Azərbaycanı günahlandırmaqla sülh prosesinə heç də açıq, səmimi və şəffaf münasibət sərgiləmir”. Politoloq sülh muqaviləsinin imzalanması istiqamətində böyük geosiyası mərkəzlərin mübarizə apardığını vurğulayıb: “Moskva, Brüssel və Vaşinqton arasında geosiyasi savaş gedir. Hər kəs istəyir ki, sülh müqaviləsi onun “meydanında” imzalansın. Qərb Vaşinqton, Brüssel formatını, Rusiya isə Moskva-Soçi formatını təklif edir. Ən uyğun, əlbəttə ki, regional platformalar və yaxud birbaşa, vasitəçisiz dialoqdur. Təəssüf ki, Ermənistan birbaşa və regional dialoqlardan da yayınır”.
2023-12-02
809,585
Bu, Azərbaycan futbol tarixində növbəti şanlı səhifədir
Avropa Liqasının qrup mərhələsinin sonuna bir oyun qalmış qitə səhnəsində çıxışımızı davam etdirəcəyimiz, minimum UEFA Konfrans Liqasında mübarizə aparacağımız qətiləşdi. Bu, Azərbaycan futbol tarixində “Qarabağ”ın yazdığı növbəti şanlı səhifədir. Axar.az xəbər verir ki, bunu “Qarabağ” klubunun prezidenti Tahir Gözəl "Molde" bərabərliyindən danışarkən deyib. "Çətin Norveç səfərində qazandığımız 1 xalla turnirdə növbəti mərhəyə çıxmaq şansımızı biraz da gücləndirdik. Hər zamankı kimi meydanda mübariz, cəsarətli, son ana qədər döyüşən bir “Qarabağ” gördük. Bu, məni çox sevindirdi. Komandamın göstərdiyi oyun, qazandığı nəticələr, ortaya qoyduğu birlik ruhu Qurban Qurbanovun şah əsəridir", - T.Gözəl vurğulayıb. Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin V turunda Norveçdə "Molde" ilə heçə-heçə edib - (2:2).
2023-12-02
809,590
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,88 dollara, yüngül neftin bir barreli isə 74,07 dollara təklif olunur.
2023-12-02
809,591
Qərb Rusiyaya görə bu ölkələrə təzyiq edir
ABŞ, Avropa Birliyi (AB) və Böyük Britaniya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə Liberiya, Marşal adaları və Panamaya təzyiq göstərir. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Üç dövlətə göndərilən məktubda Rusiya neftinin qiymətinə qoyulan məhdudiyyətlərdən yayınma hallarının sayının artması ilə bağlı xəbərdarlıqlar yer alıb. Bundan başqa, sözügedən ölkələrdən dəniz nəqliyyatına nəzarətin gücləndirilməsi də tələb edilib. Xatırladaq ki, AB-nin Rusiyadan dəniz yolu ilə neft tədarükünə tətbiq etdiyi embarqo 2022-ci il dekabrın 5-dən qüvvəyə minib.
2023-12-02
809,594
Fələstinlilər üçün qurulacaq dövlət... - Blinken
ABŞ Qəzza zolağındakı münaqişənin bölgəyə yayılmasının qarşısını almağa çalışacaq. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken BƏƏ-də jurnalistlərə açıqlamasında deyib. “Biz açıq şəkildə bildirdik ki, 7 oktyabrda baş verənlərin bir daha təkrarlanmaması üçün İsraili dəstəkləyəcəyik. Eyni zamanda, biz bu səyləri həyata keçirərkən mülki əhalinin qorunmasına və humanitar yardımın bölgəyə çatmasını təmin etməyə önəm verdiyimizi də açıq şəkildə ifadə etmişik”, - Blinken bildirib. Dövlət katibi Qəzza zolağında baş verən gərginliklə yanaşı, irəliləyən günlərdə baş verəcək prosesləri diqqətdə saxladıqlarını və bu məsələləri ərəb həmkarları ilə birgə müzakirə etdiklərini də açıqlayıb: “Qəzzada baş verənlər haqqında nə düşünürük? Bu necə idarə olunur? Təhlükəsizlik haradan qaynaqlanır? Yenidən qurmağa, yaratmağa necə başlayacağıq? Və daha da əhəmiyyətlisi, ədalətli və davamlı sülh yoluna necə çıxa bilərik? Biz hamımızı düşünürük. Bu suallar fələstinlilər üçün qurulacaq bir dövlətlə nəticələnməlidir”.
2023-12-02
809,596
Qəzzaya edilən humanitar yardım... - Qriffits
Qəzzaya humanitar yardımlar artsa da, yardımlar hələ də ehtiyacları tam olaraq qarşılamır. Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinator Martin Qriffits deyib. "Bu gün saatlar ərzində çoxlu sayda insan həlak olub və yaralanıb. Qəzza xalqı qorxu içində yaşayır. Qəzzaya humanitar yardımlar artırılmalı və atəşkəs yaradılmalıdır”, - o bildirib.
2023-12-02
809,597
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finalda
Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqədə finala yüksəlib. Axar.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı qızıl medal uğrunda görüşdə yerli idmançı Soişi Haşimoto ilə üz-üzə gələcək. 81 kq-dakı Zelim Tçkayev isə bürünc medal uğrunda qarşılaşmada Tacikistan təmsilçisi Somon Makhmadbekovun müqavimətini qırmağa çalışacaq. Bu gün tamamiya çıxan Rəşid Məmmədəliyev (73 kq), Səid Mollayi (81 kq), Vüqar Talıbov, Murad Fətiyev (hər ikisi 90 kq) Acelya Toprak (57 kq) medal şanslarını itiriblər. Xatırladaq ki, Azərbaycan millisi yarışda 8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunur.
2023-12-02
809,598
HƏMAS İsrail PUA-sını vurdu
HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam Briqadası İsrailə məxsus PUA-nı vurub. Axar.az xəbər verir ki, bu barədə silahlı qruplaşmanın açıqlamasında bildirilib. “Müharibəmiz davam edir - qurudan, dənizdən və havadan”, - məlumatda qeyd edilib.
2023-12-02
809,600
Boko Haramın 52 terrorçusu məhv edildi
Nigeriya ordusunun son bir həftə ərzində ölkənin şimalında Boko Harama qarşı keçirdiyi əməliyyatlar çərçivəsində 52 terrorçu məhv edilib. Axar.az xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin rəsmisi Edvard Buba məlumat verib. O bildirib ki, əməliyyatlar zamanı aralarında təşkilatın rəhbərləri də daxil olmaqla, 204 terrorçu ələ keçirilib.
2023-12-02
809,601
AQTA-dan bu məhsulla bağlı xəbərdarlıq
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərkibində təhlükəli kimyəvi maddə aşkarlanan bioloji aktiv qida məhsulu ilə bağlı xəbərdarlıq edib. Bu barədə Axar.az-a agentlikdən məlumat verilib. Bildirilib ki, AQTA bioloji aktiv qida məhsullarının satışı ilə bağlı sosial şəbəkələrdə edilən paylaşımlar və mediada dərc olunan məlumatlar müvafiq qaydada təhlil edilərək araşdırmalar aparıb. Belə ki, agentliyin həyata keçirdiyi monitorinqlər çərçivəsində elektron ticarət vasitəsilə istehlakçılara bioloji aktiv qida məhsulu kimi təqdim edilən “Samyun Wan” adlı kökəlmə üçün nəzərdə tutulan məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Nümunələrin sınaq nəticələrinə əsasən, “Samyun Wan” preparatlarının tərkibində bioloji aktiv qida məhsullarına xas olmayan və insan sağlamlığı üçün təhlükəli hesab olunan kənar kimyəvi maddə aşkar edilib. Həmin məhsulun istehsalında istifadəsi qadağan edilən bu yad kimyəvi maddə insan həyat və sağlamlığına mənfi təsirlər göstərərək ciddi fəsadlar törədə bilir. Qeyd edək ki, Azərbaycana qanunsuz yollarla gətirilən “Samyun Wan” preparatı bioloji aktiv qida məhsulu deyil və agentlik bu cür halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirir. Bioloji aktiv qida məhsullarının satışı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş müvafiq müşayiətedici sənədlərlə həyata keçirilir. Ona görə də vətəndaşlardan xahiş olunur ki, satıcıdan bu məhsulları alarkən qida təhlükəsizliyi sertifikatını tələb etsinlər. Eyni zamanda hər hansı uyğunsuzluq müşahidə olunduqda bununla bağlı Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər. Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını alacaqdır.
2023-12-02
809,603
647-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 647-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 331 110 hərbçi, 5 571 ədəd tank, 10 385 ədəd zirehli döyüş maşını, 7 941 ədəd artilleriya sistemi, 913 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 602 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 410 ədəd avtomobil texnikası, 5 994 ədəd PUA, 1 568 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 138 xüsusi avadanlıq itirib.
2023-12-02
809,606
İsrail Qəzza zolağında 4 girovun öldüyünü təsdiqlədi
İsrail oktyabrın 7-də hücum zamanı HƏMAS hərəkatı tərəfindən əsir götürülən 4 girovun öldüyünü təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari məlumat yayıb. Haqarinin sözlərinə görə, artıq ölən girovların ailələri məlumatlandırılıb. Qeyd edək ki, girovların necə və nə vaxt öldüyü açıqlanmayıb.
2023-12-02
809,611
Nazirlər DTX-nin tədbirində - Foto
Dekabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının (Akademiya) yaranmasının 25 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilib. Bu barədə Axar.az-a DTX-nin Mətbuat xidmətindən məlumat verilib. Tədbirdə hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbərləri, DTX-nin rəhbər heyəti və əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və təhlükəsizlik orqanlarının veteranları iştirak etmişlər. Öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Dövlət Himni səsləndirilmişdir. Sonra Akademiyanın 25 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilmiş, ardınca çıxış üçün söz DTX-nin rəisi general-polkovnik Əli Nağıyevə verilmişdir. Qonaqları salamlayaraq Akademiyanın professor-müəllim heyətinə və kursantlarına təbriklərini çatdıran Xidmət rəisi 25 il bundan əvvəl - 1998-ci il dekabrın 1-də Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə xüsusi xidmət orqanları üçün ali təhsilli kadrların hazırlanması məqsədilə təhlükəsizlik orqanının Akademiyasının yaradılmasının, eləcə də 25 illik yubileyinin məhz Ümummilli Liderin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi ilə təsadüf etməsinin bu orqanların tarixində mühüm hadisə olduğunu vurğulamış, hazırda təhsil ocağında Heydər Əliyevin peşəkarlıq məktəbinin və vətənpərvərlik irsinin sadiq davamçılarının yetişdirildiyini diqqətə çatdırmışdır. Mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanları qarşısında Ulu Öndərin əvəzsiz xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin dekabr ayının 20-də imzaladığı Fərmanla Akademiyaya dahi şəxsiyyət Heydər Əliyevin adının verilməsinin isə təhlükəsizlik orqanlarının tarixinə növbəti əlamətdar hadisə kimi daxil olduğunu qeyd edən general-polkovnik Əli Nağıyev bildirmişdir ki, bu gün DTX-nin və Akademiyanın şəxsi heyəti öz fəaliyyətini Ümummilli Liderin amalları və ideyaları üzərində qurmaqdadır. DTX-nin rəisi Əli Nağıyev Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ötən müddət ərzində Akademiyanın maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsilin müasir tələblərə uyğun şəkildə təşkil edilməsi, çağdaş texnoloji yenilikləri uğurla tətbiq etməklə tədris prosesinin səviyyəsinin yüksəldilməsi yönümündə görülən işlərdən ətraflı danışmış, son illərdə Akademiyanın kursantlarının ölkəmizin aparıcı ali təhsil müəssisələri arasında keçirilmiş müxtəlif bilik yarışlarında ardıcıl olaraq qalib adını qazanmasının qürurverici hal olduğunu demişdir. Daha sonra digər qonaqlar da çıxış edərək Azərbaycanda təhsil-tədris sahəsində aparılan islahatlardan, Akademiyanın bu strateji sektorun inkişafına verdiyi töhfələrdən bəhs etmiş, professor-müəllim heyətinə və kursantlara çətin və şərəfli yolda uğurlar arzulamışlar. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlara mədəniyyət və incəsənət xadimlərinin ifasında bədii proqram təqdim olunmuşdur. Akademiyanın yaranmasının 25 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər dekabrın 2-də “Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu Öndər irsinin daşıyıcıdır” adlı elmi-praktiki konfransla davam edəcəkdir.
2023-12-02
809,613
İrəvandan “Marqara” məntəqəsi ilə bağlı açıqlama
Türkiyə-Ermənistan sərhədindəki Marqara sərhəd-buraxılış məntəqəsi istismara hazırdır. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Ermənistan tərəfi sərhədin üçüncü ölkənin vətəndaşları, bundan başqa diplomatik pasportu olan şəxslər üçün açılması üzrə Türkiyədən pozitiv siqnallar gözləyir”, - məlumatda bildirilib.
2023-12-02
809,619
Banqladeşdə güclü zəlzələ baş verdi
Banqladeşdə 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.