date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-12-13
813,240
AB-dən Macarıstana xoş xəbər
Avropa Birliyi Macarıstan üçün əvvəllər dondurulmuş 10 milyard avroya bloku götürəcək. Axar.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi AB-nin bəyanatına istinadən məlumat yayıb. "AB Macarıstan üçün 10 milyard avroluq maliyyə dəstəyini təsdiqləyəcək", - agentliyin məlumatında deyilib.
2023-12-13
813,241
Bülbüloğlu yaponiyalı səfirlə görüşdü
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyadakı diplomatik korpusun duayeni qismində Yaponiyanın Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Akira Mutonu qəbul edib. Səfirlikdən Axar.az-a verilən məlumata görə, görüşdə Polad Bülbüloğlu həmkarını təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanın səfiri Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan hüquqi və sosial-iqtisadi sahəsinə reinteqrasiyası ilə bağlı ölkəmizin təklifləri barədə ətraflı məlumat verib. O, Xankəndidə müvafiq dövlət strukturları tərəfindən humanitar və sosial yardımların göstərilməsini davam etdirdiyini diqqətə çatdırıb. Söhbət zamanı Akiro Muto Naxçıvandan nəqliyyat kommunikasiyalarının açılması məsələsi ilə maraqlanıb. Cavab olaraq Yaponiya səfirinə bununla bağlı mövcud məlumat verilib, İran ərazisindən hazırda yolun inşa işlərinin aparıldığını bildirib. Daha sonra, Azərbaycan və Yaponiya arasında əməkdaşlıqla bağlı bəzi məqamlar nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Yaponiyanın səfiri maraqlı və faydalı görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Görüşün sonunda səfir Akira Mutoya Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib.
2023-12-13
813,244
Azad edilən hərbçilərimiz xəstəxanaya yerləşdirildi
21:35 Xəbər verdiyimiz kimi, bu gün Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub. Axar.az Baku TV-yə istinadla xəbər verir ki, hərbçilərimiz xəstəxanalara yerləşdirilib. Onlar müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcəklər.
2023-12-13
813,247
AB Serbiya və Kosovaya çağırış etdi
Avropa Birliyi Serbiya ilə Kosovanı münasibətləri normallaşdırmaq istiqamətində lazımi addımları atmağa və dialoqu davam etdirməyə çağırıb. Axar.az xəbər verir ki, AB-nin Ümumi Məsələlər Şurası Avropa Komissiyası və Avropa Şurasına iki ölkə arasında dialoq çərçivəsində normallaşma prosesini inkişaf etdirməyi tapşırıb. Bundan əlavə, Serbiya və Kosova arasında münasibətlərin normallaşdırılması haqqında sazişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və AB-yə üzvlük danışıqlarının meyarlarına düzəlişlər edilməsi ilə bağlı təkliflərin 2024-cü ilin yanvar ayının sonuna qədər şuraya göndərilməsi vurğulanıb.
2023-12-13
813,249
Gürcüstan yaxşı yoldadır, davam etməlidir - Borrell
Genişlənmə bizim ən vacib xarici siyasətimizdir. Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin (AB) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib. "Uzun zamandır ki, insanlar qarşısında öhdəliklərimiz var və biz bunların yerinə yetirilməsini sürətləndirməliyik. Gürcüstan yaxşı işləyir və uğur qazanıb. Gürcüstan işləməyə davam etməlidir, onlar yaxşı yoldadırlar”, - Borrell bildirib. Qeyd edək ki, bu gün Avropa Parlamenti AB-nin genişlənmə siyasəti üzrə qətnamə qəbul edib.
2023-12-13
813,250
İnanmıram ki, Orban məni həvəslə dinləsin... - Tusk
Macarıstanla digər AB ölkələri arasında Ukraynaya yardım məsələsində fikir ayrılıqları var. Bu, həqiqətən də uçurumdur. Axar.az xəbər verir ki, bunu Polşanın yeni Baş naziri Donald Tusk bildirib. "Cənab Orbanı inandırmaq üçün bəlkə də yeni açar tapmağa çalışacağam. Bilirsiniz və mən də bilirəm ki, Baş nazir Orban qeyri-adi praqmatik siyasətçidir. Bilmirəm, Brüsseldə bu qədər insanın Viktor Orbanı razı salmağımı gözləməsi tərifdirmi? Ola bilər ki, uzun illər dostluğumuza, daha sonra uzun illər əməkdaşlığımıza, sonra isə uzun illər fikir ayrılıqlarına baxmayaraq, Ukrayna mövzusunda danışıqlarda ciddi arqumentlərim var. Lakin əmin deyiləm ki, mən Viktor Orbanın ən həvəslə dinləyəcəyi şəxsəm", - Tusk qeyd edib.
2023-12-13
813,255
Sülh mətni ilə tanış olan erməni deputatlar niyə narahatdır?
“Tam məxfi” kimi təsnif edilən “sülh mətni” ilə ilə tanış olan erməni deputatlar bildiriblər ki, sənəddə Azərbaycan tərəfinin tələbi, Ermənistan tərəfinin razılığı var. Onların iddiasına görə, Azərbaycan Ermənistanın 29,8 min kv.km ərazisini tanımaq fikrində deyil. Erməni deputatlar yazışmalarda ümumi ifadələrə üstünlük verildiyini, Ermənistan ərazisinin sərhəd delimitasiyasından sonra bəlli olacağını bildiriblər. Təkliflərə anklavlar və yolların blokdan çıxarılması da daxildir. Başqa necə olmalıydı? Müharibədə qalib tərəfin məğluba şərtlərini diktə etmək hüququ var. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu erməni müxalif deputatların sülh mətni ilə tanış olandan sonra verdikləri açıqlamalara münasibətində qeyd edib. O bildirib ki, anklavlar - kəndlər məsələsi həll olunmayana qədər Azərbaycanın Ermənistanın konkret ərazisi çərçivəsində ərazi bütövlüyünü tanıması mümkün deyil: “Kəndlərimiz hansısa formada və ya ərazi mübadiləsi şəklində geri qaytarılmalıdır. Əgər Ermənistan Qərbi Zəngəzurun əlindən çıxacağından qorxursa, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu halda Azərbaycan da Qərbi Zəngəzur daxil Ermənistanın ərazi bütövlüyünü tanıyacaq, əks halda, yəni İrəvan Qarabağ bəndinin sülh sazişinə salınmasına çalışacaqsa, Azərbaycanın da Qərbi Zəngəzura iddiası davam edəcək və sülh sazişi imzalanmayacaq. Bu isə Baş nazir Nikol Paşinyanın sonunu gətirəcək. Ona görə Nikol Paşinyan və Ermənistan üçün ən optimal yol zəif müxalifətin reaksiyasından asılı olmayaraq Azərbaycanın şərtləri çərçivəsində sülh sazişini imzalamaqdır”.
2023-12-13
813,256
NATO-nun növbəti ildə büdcəsi nə qədər olacaq?
NATO-nun hərbi strukturunun 2024-cü il üçün büdcəsi 2023-cü illə müqayisədə 12% artıb. Axar.az xəbər verir ki, bu barədə NATO-nun məlumatında bildirilib. Ümumilikdə alyansın 2024-cü ildə təxminən 3,768 milyard avro büdcəsi olacaq. Təşkilatın büdcəsinin üçüncü əsas komponenti olan NATO Müdafiə İnvestisiya Proqramı, ayrı-ayrı üzv ölkələrə deyil, təşkilata məxsus olan komanda və idarəetmə obyektlərinin tikintisi xərclərini özündə əks etdirən 1,3 milyard avro təşkil edəcək ki, bu da cari ilə nisbətən 30% artım deməkdir.
2023-12-13
813,258
Azərbaycanın qaytardığı 32 erməni ailələrinə verilmədi
Bu gün sərhəddə əsirlərin dəyişdirilməsindən sonra Azərbaycanın təhvil verdiyi 32 erməni xəstəxanaya yerləşdirilib. Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Bildirilib ki, hərbi polis əməkdaşları geri qaytarılan hərbi əsirlərin valideynlərini siyahı ilə bir-bir xəstəxanaya buraxırlar.
2023-12-13
813,259
Gürcüstanın gələcəyi sual altına düşərsə... - Zurabişvili
Gürcüstanın Avropa gələcəyi sual altına düşərsə, hər şeyi nəzərdən keçirəcəyəm. Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstan Prezidenti Salome Zurabişvili çıxış edib. Zurabişvili növbəti parlament seçkilərində iştirak edə biləcəyini bildirib.
2023-12-13
813,261
Bir övlad evdə yoxdursa... - Hərbçimizin anası
Yuxum bu gün çin oldu. Allahım o günü mənə nəsib etdi, övladıma qovuşdum. Axar.az xəbər verir ki, bunu əsirlikdən azad edilən hərbçimiz Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Baku TV-yə açıqlamasında deyib. D.Bəbirova Aqşin və Hüseyn arasında fərq qoymadığını, hər gün onların azad edilməsi üçün dualar etdiyini deyib: “Hüseynə ömürlük həbs cəzasının verildiyini eşitdiyimiz gün biz Şəlalə xanımla olan-qalan sağlamlığımızı da itirdik. Bir gün əvvəl Şəlalə xanım mənə zəng edib fəryad edirdi, sonra isə sevinc xəbərini çatdırdı. Çox şükür, ilahi bu günü bizə yaşatdı. Artıq bundan sonra yaşamaq istəyirəm”. D.Bəbirova onu da vurğayılb ki, bir övlad evdə yoxdursa, ananın yarısı yoxdur deməkdir: “Şükürlər olsun ki, yarı param evdə olmasa da, mən yenidən dünyaya göz açmışam. Sanki balamı yenidən dünyaya gətirdiyimi hiss edirəm”, - o söyləyib.
2023-12-13
813,264
İlk dəfədir ki, Ermənistanla bu cür böhran yaşanır - Krılov
Bu gün biz bütün postsovet dövründə Ermənistan-Rusiya münasibətlərində ən kəskin böhranın şahidi oluruq. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Aleksandr Krılov erməni mediasına müsahibəsində deyib. O qeyd edib ki, əvvəllər heç vaxt belə bir şey olmamışdı: “Müttəfiqlik münasibətlərinin pozulması ehtimalını heç kim inkar edə bilməz. Ermənistan rəhbərliyi öz siyasətində Qərb vektorunu hər cür inkişaf etdirmək və Rusiya vektorunu məhdudlaşdırmaq istəyini nümayiş etdirir - o cümlədən KTMT də daxil olmaqla, ən yüksək səviyyədə keçirilən sammitlərdə iştirak etməməklə. Amerika administrasiyasının nümayəndələri bəyan ediblər ki, Rusiyanın hərbi mövcudluğu Ermənistanın uğurlu inkişafına mane olur. Avropa Birliyi ölkələri də bununla razılaşır”. O bildirib ki, əgər Ermənistan rəhbərliyi kollektiv Qərbin xeyrinə seçim edərsə və Ukrayna yolu ilə gedirsə, o zaman Rusiya qoşunlarının və sərhədçilərinin bu dövlətin ərazisindən çıxarılmasından başqa perspektiv olmayacaq.
2023-12-13
813,265
Ermənistanla sülh üçün imkan yaranıb - Gülər
Azərbaycan və Ermənistan arasında uzunmüddətli və davamlı sülhü təmin etmək üçün imkan yaranıb. Axar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​deyib. "Bizim gözləntilərimiz ondan ibarətdir ki, Ermənistan başqa ölkələrlə deyil, qonşuları ilə əməkdaşlıq mövqeyindən çıxış edəcək”, - nazir qeyd edib.
2023-12-13
813,266
Nazir məhv edilən terrorçuların sayını açıqladı
Türkiyə istər ölkə daxilində, istərsə də sərhəddən kənarda terrorla mübarizədə ən uğurlu dövrünü yaşayır. Axar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. "Ölkə daxilindəki separatçı terror təşkilatı məhv olmaq həddinə çatdırılıb. Sərhədlərimizdə yaradılması arzulanan terror dəhlizi dağıdılıb. Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən bu ilin əvvəlindən indiyədək 2 min 67 terrorçu zərərsizləşdirilib", - nazir söyləyib.
2023-12-13
813,267
ABŞ-dan əsirlərin dəyişdirilməsinə münasibət
ABŞ Azərbaycan ilə Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsini alqışlayır. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinq zamanı deyib. "Biz bu addımı təşviq edirik və hər iki hökumətlə müzakirələr aparmışıq. Əvvəllər həbs edilmiş azərbaycanlıların və ermənilərin geri qaytarılmasını, həmçinin tərəflər arasında əlavə etimad tədbirlərinin müzakirə olunduğu barədə xəbərləri alqışlayırıq. Prosesi irəli aparmaq üçün Ermənistan və Azərbaycanla işləməyə davam edəcəyik. İnanırıq ki, hər iki tərəf buna səy göstərsə, sülh mümkündür”, - M.Miller qeyd edib.
2023-12-13
813,268
Mənsimovun obrazı məşhur Türkiyə serialında - Video
Türkiyənin məşhur "Mən bu cahana sığmazam" (Ben bu cihana sığmazam) serialına Emir Qardaşov adlı azərbaycanlı obraz daxil olub. Kult.az Globalinfo.az-a istinadən xəbər verir ki, serialda Türkiyədə böyük yatırımlar etdiyi deyilən azərbaycanlı iş adamı E.Qardaşovun əslində Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun obrazı olduğu iddia edilir. Sözügedən obraz sosial şəbəkələrdə müzakirələrə səbəb olub. E.Qardaşov seriala daxil olduğu ilk səhnədə baş rol Cezayir Türkü xilas edir.
2023-12-13
813,270
Müqəddəs deyiləm, gözəl qadınları sevirəm - Kadırov
Həyatı və gözəl qadınları sevirəm. Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. “Mən sağlam düşüncəli, dərin inanclı biriyəm. Bu həyatı, gözəl qadınları sevirəm. Çalışıram gözəl geyinim. Bir çox insanlar kimi...” - deyə Kadırov bildirib. Kadırov eyni zamanda mənfi nə isə etməməyə çalışdığını, bununla yanaşı “müqəddəs” olmadığını da söyləyib.
2023-12-13
813,274
Bayramov və Mirzoyan bu tarixdə görüşəcək
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü 2024-cü ilin yanvarında Vaşinqtonda baş tutacaq. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib. "Hazırda imzalanacaq yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, yanvarda XİN rəhbərlərinin görüşündə biz bu mətni razılaşdıracağıq", - deyə diplomat bildirib.
2023-12-14
813,275
Krılov İrəvanı hədələdi: Rus bazası çıxsa, müharibə olacaq!
Rusiya hərbi bazasının və sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı məsələ yaranarsa, Cənubi Qafqaz regionunda stabillik pozula bilər. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Aleksandr Krılov erməni mediasına deyib. O, bu halda erməniləri müharibə ilə qorxudub: “Bundan sonra Türkiyə və Azərbaycan Qarabağdakı son əməliyyat kimi erməni probleminin nəhayət həlli üçün əməliyyata başlaya bilərlər”. O, kollektiv Qərbin Ermənistanın köməyinə gələcəyinə böyük şübhə ilə yanaşdığını bildirib: “Birinci Ermənistan respublikasının artıq təcrübəsi var - Antanta dövlətlərindən çoxsaylı vədlər almışdı, lakin müharibə başlayanda onlar öz donanmalarını Qafqaz dağlarına göndərə bilməyəcəklərini bəyan etdilər. Bununla da onların iştirakı başa çatdı, Birinci Respublika isə süqut etdi. Müxtəlif siyasi addımlar atılanda tarixi xatırlamağa dəyər. Hər şeyin öz qiyməti var, kiçik dövlətlər üçün səhvlər isə xüsusi qiymətə malikdir. Onlar erməni dövlətçiliyi üçün ölümcül ola bilər”. O, əminliklə bildirib ki, Ermənistanı tərk etmək Rusiya üçün kritik olmayacaq: “Rusiya artıq bütün Qafqaz silsiləsi boyu müasir hava və raketdən müdafiə sistemi qurub”. Eyni zamanda o, hadisələrin bu istiqamətdə mümkün inkişafını kədərli adlandırıb, çünki bu, Rusiyanın maraqlarına, eləcə də Ermənistan-Rusiya münasibətlərinin maraqlarına ziddir.
2023-12-14
813,277
Kadırov açıqladı: Müharibə bu tarixdə bitəcək!
Düşünürəm ki, Ukraynada hərbi əməliyyatlar növbəti yayda – iyun, yaxud iyul aylarında başa çatacaq. Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. Kadırov onu da qeyd edib ki, əgər qərar qəbul edilsəydi, üç aya münaqişəyə son qoyula bilərdi. Fikrini onunla əsaslandırıb ki, Rusiya hərbçilərinə şəhərləri dağıtmaq yox, təslim olmaq istəyən Ukrayna hərbçiləri ilə danışıqlar aparmaq tapşırılıb: "Əgər belə bir tapşırıq olmasaydı, o zaman biz Kiyevi çoxdan götürərdik”. O, həmçinin qeyd edib ki, Ali Baş Komandanın əsas vəzifəsi şəhərləri dağıtmamaq və Qərbin ərazimizə daxil olub, öz şərtlərini qoymasının qarşısını almaqdır.
2023-12-14
813,279
Bu, Azərbaycan tərəfdən müsbət addımdır - Marukyan
Bu addım tərəflər arasında inam yaratmağa imkan verir. Sülhə nail olmaq üçün biz körpülər tikməliyik, divarlar çəkməməliyik və ya bir-birimizə daha böyük inamsızlıq yaratmamalıyıq. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan Azərbaycanın erməni əsirləri təhvil verməsi haqda Ermənistan İTV-yə açıqlamasında qeyd edib. O, Azərbaycanın bu addımını müsbət qiymətləndirdiyini bildirib: “Yekun sülhün bağlanması üçün etimad mühiti lazımdır. 32 hərbi əsirin qaytarılması Ermənistan üçün vacib və fundamental addımdır”. Qeyd edək ki, bu gün sərhəddə Azərbaycan 32 erməni əsiri, Ermənistan isə 2 azərbaycanlı hərbi əsiri azad edib.
2023-12-13
813,280
FES-dən uçot dərəcəsi ilə bağlı qərar
ABŞ Federal Ehtiyat Sistemi (FES) baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb. Axar.az xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir. Qərar FOMC üzvləri tərəfindən yekdilliklə qəbul edilib, əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb. Bununla da FES ardıcıl üçüncü dəfə uçot dərəcəsini saxlamaq qərarına gəlib.
2023-12-14
813,281
Bu, müharibəyə qoşulmaqdır, Rusiya mənə xəbərdarlıq etdi
Rusiya üçün Ukrayna F-16 qırıcılarının NATO bazalarından uçması "qırmızı xətt"dir və bu, Rusiya ilə açıq toqquşmaya gətirib çıxaracaq. Axar.az xəbər verir ki, bunu Slovakiya parlamentinin vitse-spikeri Lubos Blaqa bildirib. “Rusiya səfiri mənə vacib bir məsələ ilə bağlı məlumat verdi. Rusiya tərəfinin fikrincə, bəzi Qərb ölkələri Ukraynadakı müharibəyə birbaşa qoşulmaq niyyətindədirlər, onlar döyüşlərə qatılacaq Ukrayna F-16 qırıcıları üçün öz aerodromlarını verəcəklər. Rusiya üçün bu, "qırmızı xətt"dir və onlar xəbərdarlıq edirlər ki, əgər söhbət açıq münaqişədən gedərsə, eskalasiya III Dünya müharibəsinə gətirib çıxara bilər", - Blaqa qeyd edib.
2023-12-14
813,284
Papikyan Kiprdən Yunanıstana getdi
Ermənistan müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Kiprdən Yunanıstana səfər edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. Səfərlə bağlı təfərrüat açıqlanmır. Qeyd edək ki, erməni nazir bundan öncə Kipr Respublikasında səfərdə idi.
2023-12-14
813,285
Livanın cənubunda vəziyyət daha da pisləşib
İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra Livanın cənubunda vəziyyət daha da pisləşib. Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. "İsrailin Müdafiə Ordusunun əsgərləri Livanda Hizbullah qruplaşmasına zərbələr endirib. Bundan əlavə, qırıcılar Hizbullahın infrastrukturunu və hərbi obyektini də vurub", - məlumatda bildirilib. Qeyd olunur ki, İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra Livanın cənubunda vəziyyət pisləşib. İsrail ordusu və Livan Hizbullahının döyüşçüləri sərhəddə yerləşən ərazilərdə bir-birinin mövqelərini atəşə tutur.
2023-12-14
813,288
Virus yayılır: bu əlamətlər qızılca xəstəliyinə aid deyil
Son vaxtlar xüsusilə azyaşlı uşaqlar arasında burun axması, öskürək, yüksək hərarət müşahidə olunur. Bu əlamətləri tam olaraq qızılca xəstəliyi ilə əlaqələndirmək doğrudurmu? Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla Axar.az-a bildirib ki, uşaqlar arasında son vaxtlar yayılan bu kimi əlamətlər təkcə qızılca ilə bağlı deyil. “Bu, hazırda fəallaşan respirator xəstəlikləri, qrip virusu, adena viruslar, koronavirusun omikron ştammı, eləcə də Çində uşaqlar arasında geniş yayılan pnevmoniya kimi çoxsaylı səbəblərlə bağlı ola bilər. Xəstəliyi yaradan səbəb dəqiq müəyyən olunmalı və ona uyğun da müalicə tətbiq edilməlidir”, - deyə həkim bildirib. A.Qeybulla milli peyvənd təqvimi ilə uşaqların peyvəndlənməsinin bundan sonra ciddi şəkildə həyata keçirilməsinin əhəmiyyətini də vurğulayıb: “Təəssüflər olsun ki, immunoprofilaktikanın dəqiq aparılmaması bu gün bəzi xəstəliklərin baş alıb getməsinə səbəb olur. Qızılca praktikasında bunun bir daha şahidi olduq. Bu baxımdan valideynlərin hər birinə bu məsələyə ciddi yanaşmağı məsləhət görürük. Milli peyvənd təqvimi ilə tələb olunan bütün peyvəndlərin vaxtında olunması sağlamlıq üçün vacib şərtdir”.
2023-12-14
813,291
Əliyar Ağayev "Mançester Siti"nin matçını idarə etdi
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının oyununu idarə edib. Axar.az xəbər verir ki, o, Serbiyada “Srvena Zvezda” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilən matçın baş hakimi olub. 36 yaşlı hakimə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib. Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olub. Ə.Ağayev "Mançester Siti"nin 3:2 hesablı qələbəsi ilə başa çatan matçda dörd futbolçuya sarı vərəqə göstərib. Azərbaycanlı referi meydan sahiblərindən Uroş Spayiç, Srcan Mixayloviç və Nasser Ciqanı, qonaqlardan isə Kelvin Filipsi cəzalandırıb.
2023-12-14
813,292
Müzakirəyə hazırıq - HƏMAS
HƏMAS hərəkatı İsrailin təcavüzünə son qoyacaq istənilən ideyanı müzakirə etməyə hazırdır. Axar.az xəbər verir ki, bunu HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə deyib. “Biz təsdiq edirik ki, təcavüzün dayandırılmasına gətirib çıxaracaq, İordan çayının qərb sahilində və Qəzza zolağında asayişin bərpası üçün qapı açacaq hər hansı ideya və ya təşəbbüsləri müzakirə etməyə hazırıq”, - deyə Haniyə bildirib.
2023-12-14
813,293
Şirvanda yeniyetmə qızılcadan öldü
Şirvan şəhərində 12 yaşlı yeniyetmə qızılca xəstəliyindən ölüb. Axar.az-ın Report-a istinadən məlumatına görə, bir müddət əvvəl qızılca xəstəliyinə yoluxan şəhər sakini, 2011-ci il təvəllüdlü Ömər Kürdoğlu oğlu Şahbazzadə ağırlaşmış vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. O, həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
2023-12-14
813,294
Nikolun “qovşağı” ABŞ-ın layihəsidir: Bakıya qarşı…
Suren Papikyan Cənubi Kiprə səfəri zamanı həm öz həmkarı, həm də parlament sədri ilə görüşərək əməkdaşlıq istiqamətlərini müzakirə edib. Müzakirələrin əsas məqsədlərindən biri təhlükəsizlik sahəsində Yunanıstanın da daxil olduğu əməkdaşlıq platformasını formalaşdırmaqdır. Bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kiprin Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib. Sadiq Akyar Qərbin Ermənistanı Aralıq dənizinə çıxarmaq və İMEC layihəsi ilə Avropaya çəkiləcək dəhlizə qoşmaq istəyindən danışıb: “Ermənistan və Cənubi Kiprin hərbi gücünü nəzərə alsaq, Papikyanın oraya səfər etməsi ilk baxışda əhəmiyyətsiz hadisə təsiri bağışlayır. Ancaq müzakirə edilən addımların Türkiyə, Şimali Kipr və Azərbaycana qarşı olduğu aydın şəkildə ortadadır. Əsas diqqət çəkən məqam isə Suren Papikyanın öz həmkarı Mixalis Yorqallasa Paşinyanın ortaya atdığı “Sülh kəsişməsi” (“Dünyanın kəsişməsi”) layihəsini təqdim etməsidir. Layihə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması prosesi ilə bağlıdır. Əsl problem Zəngəzur dəhlizinə yanaşmadadır. Layihəyə görə, buradan keçən bütün xətlərin nəzarəti Ermənistanda olmalıdır. 10 noyabr tarixli Üçtərəfli bəyanatın 9-cu maddəsində də nəqliyyat üzrə nəzarətin Rusiyanın Sərhəd Xidməti tərəfindən həyata keçiriləcəyi təsbit olunub. Rəsmi İrəvan nəqliyyat əlaqəsinin təmin edilmə xərclərini Ankara və Bakının üzərinə yıxmaq, ancaq yolu öz nəzarətində saxlamaq, gələcək üçün təzyiq vasitəsi əldə etmək istəyir. Ancaq SSRİ dövründə də ordan keçən dəmir yoluna nəzarət Ermənistanda yox, Azərbaycanda idi. Bəs Cənubi Kiprdə Paşinyanın layihəsinin təqdim edilməsində hədəf nədir? Bildiyimiz kimi, ABŞ sentyabr ayında Hindistanda keçirilən G-20 Zirvəsində İMEC layihəsini dünyaya elan etdi. Layihə ilə Hindistan, Səudiyyə Ərəbistanı, İsrail və Yunanıstan üzərindən Avropaya ticarət dəhlizinin açılması planlaşdırılır. Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Zəngəzur dəhlizi də Orta Dəhlizin mərkəzində yerləşir. Ona görə də burada böyük geosiyasi rəqabət var. Türk Dövlətləri Təşkilatının Qazaxıstanda keçirilən son Zirvə Görüşünün yekun sənədində də Orta Dəhlizlə bağlı işlərin sürətləndirilməsi xüsusi vurğulanıb. Görünən odur ki, Papikyanın “Sülh kəsişməsi” (“Dünyanın kəsişməsi”) təqdim etməsi hansısa direktivlər əsasındadır. Diqqətli olmalıyıq. Hadisələrin gedişatı Paşinyanın layihəsinin əslində ABŞ-ın İMEC layihəsinin bir parçası olduğunu göstərir. Məqsəd Türkiyə və Azərbaycanın milli təhlükəsizlik maraqlarına zidd şəkildə Ermənistanı Aralıq dənizinə çıxarmaq və Avropaya gedən böyük ticarət dəhlizinə birləşdirməkdir”.
2023-12-14
813,295
Saxta iş elanları: insanlar bu cür aldadılır - Hüquqşünas
Son günlərdə ictimai nəqliyyat, avtobus dayanacaqları, insanların sıx olduğu yerlər, əsasən də sosial şəbəkələrdə verilən iş elanlarından şikayətlərin sayı artır. Bununla bağlı Axar.az-a danışan zərərçəkənlərdən biri, Bakı şəhər sakini Elman Zeynalov bildirib ki, bir müddət öncə sosial şəbəkədə gördüyü iş elanı ilə maraqlanıb. “Elanda yazılmışdı ki, iş qrafiki sərbəst, əmək haqqı isə yüksəkdir. Əlaqə saxladığım zaman dedilər ki, ofisə gəlməliyəm və mənimlə müqavilə bağlamalıdırlar. Müqavilə üçün isə 20 manat məbləğində ödəniş istədilər. Vurğuladılar ki, müqavilə bağlamadan iş yerinə yönləndirə bilməzlər. Məbləği verdim, müqavilə imzaladım, sonra mənə bildirdilər ki, əlaqə saxlayıb, digər məlumatları verəcəklər. Artıq bir neçə gündür ki, xəbər yoxdur və həmin şəxslərlə əlaqə saxlamaq mümkün deyil”, - o qeyd edib. Zeynalovun sözlərinə görə, onunla bərabər həmin ofisdə bir çox insan olub: “Onlar da ödəniş edib müqaviləyə qol çəkirdilər”. Bəs belə məqamda hüquqları pozulmuş vətəndaş hansı addımlar atmalıdır? Məsələ ilə bağlı hüquqşünas Anar Qasımlı bildirib ki, vətəndaşlar bu kimi elanlara həssas yanaşmalıdırlar: “Onlardan hansısa bir məbləğ tələb olunursa, anlamalıdırlar ki, burada niyyət başqadır. Bu kimi hallarda dərhal hüquq-mühafizə orqanlarına bildirməlidirlər. Zərər çəkmiş şəxslər şikayət edə, eyni zamanda, mülki qaydada məhkəmədə iddia qaldıra bilərlər. Vətəndaş əvvəlcədən müraciət etdiyi işi və şirkəti araşdırmalıdır. Ən əsası isə müqavilə imzalayan zaman onu sonadək diqqətlə oxumaq, şərtlərlə tanış olmaq vacibdir”.
2023-12-14
813,296
İlon Mask universitet açacaq
Amerikalı iş adamı İlon Mask Texas ştatının Ostin şəhərində universitet açmağı planlaşdırır. Axar.az xəbər verir ki, əvvəlcə təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat təmayüllü məktəb açılacaq. Sonra ən yüksək səviyyədə təhsil verəcək universitet yaradılacaq. Təhsil müəssisələri təcrübəli müəllimlərdən ibarət olacaq və ənənəvi kurrikulumlarla, o cümlədən simulyasiyalar, nümunələr, layihə və laboratoriya işləri ilə birləşdiriləcək. Qeyd edək ki, Ostin şəhərində İlon Maskın “Tesla” şirkətinin baş ofisi yerləşir.
2023-12-14
813,297
Peskovdan Zelenskinin iddialarına cavab...
Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya hərbçilərinin son bir ildə xüsusi əməliyyat zamanı (Ukraynaya müdaxilə– red.) heç bir uğur əldə etmədiyi iddiaları həqiqətə uyğun deyil. Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Peskov Ukrayna Silahlı Qüvvələrinin (AFU) sürətlə mövqelərini itirdiyinə diqqət çəkib və bunun qaçılmaz bir proses olduğunu da vurğulayıb. “ABŞ kəşfiyyatı Ukrayna qoşunlarının nə qədər itkilər verdiyini görməli, həmçinin onların irəliləyiş potensialının olmadığını da müşahidə etməlidir”, - deyə o bildirib.
2023-12-14
813,299
Çətindir, amma Bakı ilə təkbətək danışmalıyıq – Darbinyan
Türkiyə və Azərbaycanla danışıqlar vasitəçi ölkə olmadan aparılmalıdır. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Armen Darbinyan deyib. “Hər yerdə belə bir fikir eşidirik ki, Ermənistan-Azərbaycan danışıqlarına vasitəçisiz getmək lazım deyil. Mən bu cür fikirləri ağrılı hesab edirəm. Düşmənlərimizlə mübarizə aparmaq üçün arxamızda niyə rus və ya amerikalıya ehtiyacımız olmalıdır? Yox, biz ayağa qalxıb onlara öz ləyaqətimizlə yanaşacağıq. Mən orada heç bir problem görmürəm”, - o bildirib. Darbinyanın sözlərinə görə, Ermənistan hazırda danışıqların çox çətin mərhələsindədir: “Bu, diplomatiyadır: harada dayanmaq, nəyi saxlamaq, danışıqlar yolu ilə nə vermək və əvəzində nə almaq lazımdır! Təəssüf ki, biz belə bir vəziyyətlə üzləşmişik. Amma bu halda da optimal həll yollarını axtarmaq və tapmaq olar. Addım atmaq, həll yollarını tapmaq lazımdır, əks halda sabah daha pis ola bilər”.
2023-12-14
813,304
İrəvanda qarşıdurma: Bakının qaytardığı ermənilər... - Video
İrəvanda Azərbaycanın təhvil verdiyi və xəstəxanaya yerləşdirilən 32 erməni əsirin ailələri ilə polislər arasında qarşıdurma yaşanıb. Axar.az xəbər verir ki, yaxınları hərbçiləri ziyarətə gəlsə də, onlar xəstəxanaya buraxılmayıb və bu səbəbdən dava baş verib. Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Azərbaycan tərəfində saxlanılan 32 erməni hərbçi Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil verilib.
2023-12-14
813,305
Rusiyaya uduzmayacağıq, çünki... - Danilov
Ölkəmiz Rusiyanın başlatdığı müharibədə uduzmayacaq. Axar.az xəbər verir ki, bunu Ukrayna Milli və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib. "Müharibədə biz qətiyyən uduzmuruq, çünki həqiqət bizim tərəfimizdədir, Rusiya Federasiyası adlanan bu iyrəncliyə qarşı mübarizədə bizə kömək edən çox sayda ölkə var", - A.Danilov vurğulayıb. O, həmçinin vurğulayıb ki, cəbhədə çətin vəziyyətlərin olması göz qabağındadır: "Müharibə çox mürəkkəb şeydir və bu və ya digər mövqe çox şeydən asılıdır".
2023-12-14
813,306
ABŞ Polşaya 224 milyonluq hərbi vasitə göndərir
Dövlət Departamenti Polşaya 224 milyon dollar dəyərində hərbi rabitə avadanlığının və lazımi maddi-texniki təchizatın verilməsini təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə Pentaqonun müvafiq strukturu məlumat yayıb. Məlumata görə, Polşa hakimiyyəti ABŞ-dan avadanlıq, o cümlədən şəbəkə radiostansiyaları, SAASM qoruyucu modulu olan GPS qəbulediciləri, həmçinin köməkçi avadanlıq və ehtiyat hissələri istəyib. ABŞ həmçinin Polşaya logistika, təlim və texniki dəstək xidmətləri göstərəcək.
2023-12-14
813,307
Ermənilər başa düşmür: Bakı niyə 32 ermənini qaytardı?
Hökumətin məhbusların müqabilində Azərbaycana nəsə vəd etməsi ilə bağlı yayılan şayiələr doğru deyil. Axar.az xəbər verir ki, bu sözləri hakim “Mülki müqavilə” fraksiyasının deputatı Ovik Ağazaryan deyib. “Əsirlərin mübadiləsi əslində beynəlxalq tərəfdaşlarımızın məcburiyyətinin nəticəsidir. Ona görə də hökumətin Azərbaycana nəsə vəd etmiş ola biləcəyindən narahat olmağa dəyməz”, - deyə o bildirib. Ağazaryan qeyd edib ki, Azərbaycan rəhbərliyi son vaxtlar danışıqların ikitərəfli formatına hazır olduğunu göstərir. Qeyd edək ki, 7 dekabrda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmaya uyğun olaraq, Azərbaycan ötən gün sərhəddə 32 erməni əsiri qarşı tərəfə təhvil verib, əvəzində isə 2 əsiri geri qalıb. Erməni müxalifəti Azərbaycanın bu humanist və etimad yaradan addımını anlamaq əvəzinə bunun müqabilində Paşinyanın hansısa güzəştə getdiyini iddia edirlər.
2023-12-14
813,308
Belarus Ukrayna ilə sərhəddə hərbi şəhərcik inşa edir
Belarus Ukrayna ilə sərhəddə yeni hərbi şəhərcik inşa edir. Axar.az xəbər verir ki, bu barədə “Belarus Qayun” monitorinq qrupu məlumat yayıb. Bildirilib ki, Cənub Əməliyyat Komandanlığının hərbi şəhərciyi tərk edilmiş beş uşaq düşərgəsinin (Çayka, Oqonyok, Qalaktika, Liteyşçik və Lesnaya Polyana) bazasında tikiləcək. Obyekt Ukrayna ilə sərhəddən çox da uzaq olmayan Qomel vilayətinin Novaya Buda kəndi yaxınlığındakı obyektdə yerləşəcək.
2023-12-14
813,311
Qlobal transformasiya gedir, düzən dəyişir - KTMT
Hazırda qlobal dəyişikliklər baş verir. Axar.az xəbər verir ki, bu sözləri KTMT Baş katibi İmanqali Tasmaqambetov deyib. “Bu gün baş verən genişmiqyaslı dəyişikliklər qlobal miqyasdadır, biz qlobal transformasiyalar, dünya düzəninin modelində dəyişikliklər dövrünü yaşayırıq. Bu dəyişikliklərin davamlı inkişaf prinsiplərinə əsaslanacaq dünya birliyinin təkamülünə yol açması çox vacibdir”, - deyə o, “Dayanıqlı inkişaf. Qlobal çağırışlar və milli maraqlar” adlı konfransda bildirib.
2023-12-14
813,312
Hakan Fidanın Bakıya məhz indi gəlməsi… - Ekspert
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana gəlişi indiki dövrdə əhəmiyyətlidir, biz strateji müttəfiqik, Şuşa Bəyannaməsi daimi məsləhətləşməni diktə edir. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Hakan Fidanın Bakıya səfəri ilə bağlı bildirib. Onun sözlərinə görə, ciddi hadisələr baş verib, Azərbaycanla Ermənistan arasında birbaşa rabitə formalaşıb, əsirlər dəyişdirilib, inam atmosferinin güclənidirlməsi və sülh sazişinin imzalanması üçün təmaslar genişlənib: “Türkiyə bu prosesdən kənarda qala bilməz. Çünki Ermənistan Azərbaycanla sülh sazişi imzalayan kimi İrəvanın Türkiyə ilə münasibətlərinin də normallaşması prosesi başlayacaq. Ona görə də Bakı ilə Ankaranın İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə olduğu kimi sinxron hərəkət etməsinə ehtiyac var”. Qeyd edək ki, Hakan Fidan bu gün Bakıya gələcək.
2023-12-14
813,313
Daha 20 ailə Laçına yola salındı
Bu gün Laçının daha 86 sakini Bakıdan doğma şəhərə yola salınıblar. Axar.az xəbər verir ki, 20 ailə yurduna köçüb. Onlar Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksindən yola salınıblar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Köçürülən sakinlər üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur. Qeyd edək ki, indiyədək Laçın şəhərində 383 ailənin, yəni 1 475 nəfərin daimi məskunlaşması təmin edilib.
2023-12-14
813,314
Ramiz Məlik vəfat etdi
Azərbaycan kino və teatr sənətinə ağır itki üz verib. Akademik Milli Dram Teatrının mətbuat xidmətindən Kult.az-a verilən məlumata görə, Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordeni xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) dekabrın 14-də ömrünün 80-ci payızında vəfat edib. Qeyd edək ki, Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb. Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…" (Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb. O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə əməkdar artist, 1998-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub. Allah rəhmət eləsin.
2023-12-14
813,317
Elnur Hidayətoğluna yeni vəzifə verildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib. Axar.az xəbər verir ki, bu vəzifəyə Elnur Hidayətoğlu gətirilib. Qeyd edək ki, o, bundan əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri olub.
2023-12-14
813,318
Bakı metrosunda ölüm
Saat 6:30 radələrində Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyasında 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb. Bu barədə Axar.az-a Bakı Metropoliteni QSC-dən bildirilib. Bildirilib ki, yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım xidməti dəvət olunub, stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar. Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib.
2023-12-14
813,324
Neft yenidən ucuzlaşdı
Dünya birjalarında neft yenidən ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 74,59 dollara, yüngül neftin bir barreli isə 69,69 dollara təklif olunur.
2023-12-14
813,328
Ağstafada 3 maşın toqquşdu: ölən var
Ağstafada 3 avtomobil toqquşub, ölən var. Axar.az xəbər verir ki, Tariyel İsgəndərovun idarə etdiyi "Mersedes" markalı avtomobil Ağstafa şəhəri ərazisində hərəkətdə olan zaman həmin yola çıxan Aqil Osmanovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub. O, sonra qarşı hərəkət zolağına çıxaraq Qazax şəhəri istiqamətində hərəkətdə olan İslam Məmmədzadənin idarə etdiyi "Opel Astra" markalı avtomobillə toqquşub. Nəticədə "Opel Astra" markalı avtomobilin sürücüsü xəsarət alıb, "Mersedes" markalı avtomobilin sürücüsü isə aldığı bədən xəsarətlərindan ölüb. Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayat işi başlanılaraq istintaqı aparılır.
2023-12-14
813,330
AB-də Ukraynaya dəstəklə bağlı şübhələr artır
AB ölkələri Brüsselin son iki il ərzində əməl etməyə çalışdığı “Ukrayna və xalqına nə qədər vaxt lazımdırsa” dəstək şüarının həyat qabiliyyətinə getdikcə şübhə ilə yanaşır. Axar.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb. Bildirilib ki, münaqişə Avropa liderləri üçün prioritet olmaqdan çıxıb: "AB-nin yüksək rütbəli rəsmiləri və diplomatları ictimaiyyətin qarşısında deyirlər ki, Ukraynanı dəstəkləməkdə davam edirlər. Lakin onların çoxu şəxsi olaraq etiraf edir ki, blok liderlərinin əksəriyyətinin gündəlik həyatında müharibə artıq əsas prioritet deyil. 2024-cü ilin iyun ayına təyin edilmiş Avropa Parlamentinə seçkilər yaxınlaşdıqca, Avropa liderləri Ukraynaya üstünlük verməkdən ehtiyatlanır və diqqəti vətəndaşların gündəlik qayğılarına yönəltməyə çalışırlar”.
2023-12-14
813,331
Rusiya Budanovu axtarışa verdi
Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu axtarışa verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Onun hansı maddə ilə axtarışa verildiyi açıqlanmayıb. Qeyd edək ki, 2023-cü il aprelin 21-də Moskvanın Lefortovo Rayon Məhkəməsi Budanovu qiyabi həbs edib. O, Krım körpüsündə partlayışa görə ittiham edilib. Xatırladaq ki, 2022-ci il oktyabrın 8-də Krım körpüsündə güclü partlayış baş verib. Yük maşınının partlaması nəticəsində avtomobil yollarına və dəmiryol relslərinə ciddi ziyan dəyib. Sonradan məlum olub ki, partlayışı Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib.
2023-12-14
813,334
Bakıda təmir sexi içindəki maşınla birgə yandı
Bakıda avtomobil təmiri sexi yanıb. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 65 m² olan, 2 boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan “Mersedes” markalı minik avtomobili yanıb. Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2023-12-14
813,337
Ukrayna PUA-larla Moskvaya hücum etdi
Ukrayna ordusu Rusiyanın Moskva və Kaluqa vilayətlərinə PUA ilə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Hava hücumundan müdafiə sistemləri Kaluqa və Moskva vilayətlərinin üzərində Ukraynanın 9 PUA-sını məhv edib və ələ keçirib”, - məlumatda bildirilib.
2023-12-14
813,339
YAP toplanır: Prezidentliyə namizəd irəli sürülücək
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin dekabrın 15-də genişləndirilmiş iclası keçiriləcək. Axar.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçiriləcək tədbir saat 10:00-da başlayacaq. İclasda 2024-cü il 7 fevrala təyin edilmiş növbədənkənar prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.
2023-12-14
813,343
Azərbaycana münasibətdə ikili standartlar hələ də davam edir
"Avronyus" telekanalına verdiyi müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev regional əməkdaşlıq amilinin ölkəmizin xarici siyasətinin əsasında duran vacib baza prinsiplərindən biri olduğunu vurğulayıb. Hazırda Azərbaycan bir çox nüfuzlu beynəlxalq oyunçu tərəfindən etibarlı tərəfdaş hesab edilir. Bu əməkdaşlığın real nəticələri bütün tərəflər üçün kifayət qədər uğurludur. Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib. Prezident İlham Əliyevin ölkəmizdə iqtisadi inkişafla bağlı risklərin olmadığını bəyan etməklə beynəlxalq ictimaiyyətə önəmli mesaj göndərdiyini vurğulayan deputat bu məqamın son dərəcə vacib bir amil olduğunu vurğulayıb: “Azərbaycanın iqtisadi inkişafı ilə bağlı risklərə dair sualı cavablandıran dövlət başçımız birmənalı olaraq bu sahədə hər hansı bir riskin olmadığını bəyan etdi. Həqiqətən də, nəzərə alsaq ki, hətta 30 il davam edən işğal dövründə belə Azərbaycan iqtisadiyyatı inkişaf edib, bundan sonra, yəni ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa ediləndən sonra bu inkişafın yalnız daha da sürətlənəcəyini gözləmək lazımdır. Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş əraziləri iqtisadiyyatımız üçün əlavə aparıcı qüvvə olacaqdır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözlənilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı iqtisadi islahatlar aparılır. O cümlədən gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirilib. Bütün bunlar öz bəhrəsini verir və iqtisadi inkişafla bağlı risklərin olma ehtimalını sıfıra endirir. Bununla belə, dövlət başçısı belə bir vacib məqamı da vurğulayaraq bildirdi ki, hər hansı potensial risklər sərhədlərimizin xaricindən qaynaqlana bilər. Sərhədlərimizin xaricində, Yaxın Şərqdə qeyri-sabit vəziyyət mövcuddur, regionumuzda potensial gərginliklər var. Bu, Azərbaycan üçün potensial risk ola bilər. Buna görə də, Azərbaycan özünün sərhədlərinin müdafiəsinə daha çox diqqət yetirməlidir". K.Qafarov bildirib ki, Ermənistandan qovulmuş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaları məsələsini diqqət mərkəzinə gətirməklə Prezident İlham Əliyev artıq bundan sonra Azərbaycanın ikili standartlara göz yummaq niyyətində olmadığını açıq şəkildə bəyan etmiş oldu: "Azərbaycanla Ermənistan arasında münasibətlər müzakirə olunarkən hətta bu gün də bəzi Qərb təmsilçiləri ikili yanaşma tərzini nümayiş etdirirlər. O cümlədən, "Avronyus"un müxbiri də Qarabağdan köçmüş ermənilərin geri qayıtma ehtimalları ilə maraqlanarkən, nədənsə Ermənistandan qovulmuş 300 min azərbaycanlının taleyi ilə bağlı bircə sual belə vermədi. Lakin Prezident İlham Əliyev öz cavabında hər iki məsələyə bir daha aydınlıq gətirdi. Qeyd olundu ki, qayıtmaq istəyən hər kəsin belə bir hüququ var və onların mülkiyyəti lazımi dərəcədə qorunur. Sadəcə olaraq geri qayıtmaq üçün həmin insanlar Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Dövlət başçımızın verdiyi açıqlamada ən maraqlı məqamlardan biri isə imzalanacaq sülh müqaviləsinə milli azlıqlarla bağlı müddəaların salınması barədə oldu. Prezidentimiz konkret olaraq bildirdi ki, əgər onlar Azərbaycanda erməni azlığı məsələsini sənəddə əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Azərbaycanın mövqeyi belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən, azərbaycanlıların Ermənistana qayıtması məsələsi də paralel həll olunmalıdır. Sülh sazişində də bu məsələ ya məhz bu cür əks olunmalı, ya da, ümumiyyətlə, əks olunmamalıdır. Bu mövqe bir daha Azərbaycan Prezidentinin qətiyyətini və siyasi iradəsini nümayiş etdirən vacib məqamlardan biridir” .
2023-12-14
813,346
Ruslar 42 “Şahid”lə Odessaya hücuma keçdi
Rusiya ordusu bu gecə Ukrayna ərazisinə 42 “Şahid” PUA-sı ilə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. “Hücumun əsas istiqaməti Odessa vilayəti olub. Səma müdafiəçiləri 42 “Şahid” PUA-sından 41-ni vurmağa müvəffəq olublar”, - məlumatda bildirilib.
2023-12-14
813,348
Qazlaşma işlərinə yerində baxış keçirildi - Video
Masallı rayonunun Şərəfə kəndinin genişlənən hissəsində aparılan qazlaşma işləri ilə tanışlıq məqsədilə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran RQİİ-nin rəhbər şəxsləri və Masallı Rayon İcra Hakimiyyətinin başçısı sözügedən əraziyə baxış keçiriblər. Axar.az xəbər verir ki, 2610 metr uzunluğunda müxtəlif diametrli polad borular vasitəsilə paylayıcı qaz təchizatı şəbəkəsinin qurulması nəzərdə tutulan massivdə 50-dək fərdi ev mövcud olduğu diqqətə çatdırılıb. Noyabrın əvvəlindən başlanan tikinti-quraşdırma işlərinin dekabr ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Bununla da işlər başa çatdıqdan sonra bütün evlərin qaz təchizatı şəbəkəsinə əlçatanlığı tam təmin ediləcək. Görüşdə iştirak edən kənd sakinləri ölkə başçısına təşəkkür ediblər. Ətraflı video materialda:
2023-12-14
813,351
Bu ərazimizə 24 sm qar yağdı
Saat 10:00-a olan məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Oğuzda 22 mm, Qəbələdə 21 mm, Göyçay, Mingəçevirdə 20 mm, Kürdəmir, Balakəndə 19 mm, Biləsuvar, Şəkidə 18 mm, Qax (Sarıbaş), Neftçala, Yevlax, Gədəbəydə 16 mm, Zaqatala, Qobustanda 15 mm, Şərurda 14 mm, Lənkəranda 13 mm, Astara, Sabirabad, Naxçıvan, Ordubadda 12 mm, Lerik, İmişlidə 11 mm, Zərdabda 10 mm, Gəncə, Göytəpə, Tərtər, Yardımlı, Şahbuzda 9 mm, Göygöl, Ağdam, Beyləqan, Culfa, Sədərək, Şabran, Şahdağ, Xaltan, Bərdə, Cəfərxan, Qrız, Qusar, Şamaxı, Altıağac, Ceyrançöl, Ağstafa, İsmayıllı, Şəmkir, Naftalanda 7mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 11 mm, Bakı, Maştağa, Pirallahıda 10 m, Binədə 7 mm-dək olub. Əlibəydə (Zaqatala) 24 sm, Daşkəsəndə 9 sm, Gədəbəy, Şahdağda 5 sm, Qrızda 1 sm qar örtüyü əmələ gəlib. Naftalan, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Yevlax, Göyçay, Beyləqan, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Xaltan, Lerik, Sumqayıt, Çilov adasında duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 4 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 2-6 dərəcə şaxta olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü axşamadək davam edəcək, 15-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.
2023-12-14
813,352
Zelenski batdı, Putinin işi əla gedir - Stavridis
ABŞ Ukrayna ordusunun uğursuz əks-hücumuna görə Zelenskiyə arxa çevirib. Axar.az xəbər verir ki, bunu NATO-nun keçmiş komandanı, Amerika Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis deyib. “Dürüst şəkildə etiraf etməliyik ki, Ukrayna Silahlı Qüvvələrinin yay hücumları uğur qazanmadı. Doğurdan da hücum puç oldu. Ukraynanın əks-hücumu batdı. Bu, məyusluğa səbəb oldu (ABŞ-da – red.), indi Zelenski bir il əvvəlkindən tamamilə fərqli mövqedədir. Vəziyyət Rusiya Prezidenti Vladimir Putin üçün ən yaxşı şəkildə inkişaf edir. O, bir çox ölkə ilə əlaqələri möhkəmləndirir. Ümumiyyətlə, Putinin işləri əla gedir. Onun üçün yaxşı ildir”, - o bildirib.
2023-12-14
813,353
Evdə tək qalan 3 yaşlı uşaq belə xilas edildi - Video
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında bir nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-nin Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qapının kilidlənməsi nəticəsində onyeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə tək qalan azyaşlının - 2020-ci il təvəllüdlü M.Abbasovun köməyə ehtiyacı yaranıb. Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə mənzilə pəncərədən daxil olub və azyaşlını xilas edərək yaxınlarına təhvil veriblər.
2023-12-14
813,359
Məhəmmədinin ailəsi İsveçin kralı ilə görüşdü
Nobel Sülh mükafatının laureatı Nərgiz Məhəmmədinin ailəsi dekabrın 13-də İsveçin kral sarayında olub. Kult.az xəbər verir ki, bu barədə İsveç kral ailəsinin İnstaqram səhifəsi məlumat yayıb. Kral Qustav və kraliça Silvia Renate Sommerlat Məhəmmədinin ailə üzvləri ilə foto çəkdirib, onun insan haqları uğrundakı fəaliyyətlərini təqdir ediblər.
2023-12-14
813,361
Ramiz Məlik dəfn olundu
10:43 Azərbaycanın Xalq artisti Ramiz Məlik dəfn olunub. Kult.az xəbər verir ki, mərhum ll Fəxri xiyabanda torpağa tapşırılıb. Qeyd edək ki, xalq artisti bu gün 80 yaşında dünyasını dəyişib.
2023-12-14
813,362
Bakı və İrəvanın siyasi iradəsi var: nikbinəm - Mişel
Azərbaycan və Ermənistanla qarşılıqlı inamın bərpası üçün çox yaxından işləmişik. Axar.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının sədri Şarl Mişel “Azadlıq” radiosuna müsahibəsində deyib. “Məlum olduğu kimi, tərəflər arasında istər tarix, istərsə də bir-birinə münasibət baxımından çox böyük çətinliklər olub. Amma biz müəyyən irəliləyişə də nail olmuşuq və mən çox nikbinəm. Bir neçə gün öncə Azərbaycan və Ermənistan rəhbərliyi birgə açıqlama yayıb. İndi ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və nəqliyyat əlaqələrinin bərpası, bu istiqamətdə modellərin tapılması yönündə çalışmaq məsələsində hər iki tərəfdə siyasi iradə müşahidə hiss olunur. Biz Avropa Birliyində tərəflər arasında sülh sazişinin imzalanması üçün səy göstərməkdə qərarlıyıq”, - Mişel bildirib.
2023-12-14
813,363
Bayden ilk dəfə İsraili sərt şəkildə qınadı
ABŞ Prezidenti Co Bayden göstərilən dəstəyə baxmayaraq, Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində mülki əhali arasında itkilərin artması fonunda İsrail Baş naziri Benyamin Netanyahunu açıq şəkildə qınayıb. Axar.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb. “Biz israillilərə aydın şəkildə başa saldıq ki, günahsız fələstinlilərin təhlükəsizliyinin təmin edilməsi vacibdir. Onlar günahsız mülki şəxslərə zərər verməməli və onları öldürməməlidir”, - Bayden bildirib. ABŞ prezidentinin bu addımı oktyabrda münaqişə başlayandan bəri ən kəskin tənqidi olub. Bayden qeyd edib ki, Netanyahu Fələstin Administrasiyasının sülh prosesinə daxil edilməsinə razılıq verməlidir.
2023-12-14
813,364
Sülh sazişi buna əsaslanmalıdır - Mişel
Münasibətləri normallaşdırmaq üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ehtiyac var. Axar.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının sədri Şarl Mişel “Azadlıq” radiosuna müsahibəsində deyib. “Bu sülh sazişi sərhədlərin delimitasiyasına əsaslanmalıdır. Bu sülh sazişi həm də yaxşı bir çərçivə ola bilər ki, regionda nəqliyyat əlaqələri yaxşılaşsın. Bu, həmin regionda iqtisadi inkişafa müsbət təsir edərdi. Eləcə də başqa ölkələrin, məsələn Gürcüstanın”, - Mişel bildirib. Onun sözlərinə görə, Avropa Birliyi Qarabağ erməniləri ilə bağlı məsələni hərtərəfli diqqətdə saxlayır: “Biz bu məsələdə səylər göstəririk. Azərbaycan tərəfini inandırmağa çalışırıq ki, milli azlıqların haqlarının qorunması və beynəlxalq standartlara əməl olunması məsələsində xoş niyyətlərini açıq nümayiş etdirsinlər. Mən səmimi şəkildə inanıram ki, apardığımız bu müzakirələrin nəticəsi olaraq Avropa Birliyi üçün prioritet olan bir məsələdə irəliləyişə nail ola bilərik”.
2023-12-14
813,365
Yaxın vaxtlarda sülh sazişinin imzalanması… - Paşinyan
Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması realdır. Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.
2023-12-14
813,370
Azərbaycanla bağlı bu addımları atmağa hazırıq - Video
Ermənistan regionda kommunikasiyaların açılması üçün təsirli və konkret addımlar atmağa hazırdır. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Bu gün biz bu barədə çox danışırıq və regionda nəqliyyat kommunikasiyalarının açılması imkanlarını müzakirə edirik. İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına yanaşmaları “Dünyanın kəsişməsi” konsepsiyasında öz əksini tapıb. Əminəm ki, bu təşəbbüsün həyata keçirilməsi region ölkələrinə daha çox imkanlar yaradacaq, həm də Ermənistanın dənizə çıxışını təmin edəcək”, - Paşinyan bildirib. Erməni baş nazir vurğulayıb ki, Ermənistan Azərbaycanla nəinki keçmişdə mövcud olan dəmir yolu əlaqəsini bərpa etməyə, həm də yenilərini tikməyə hazırdır: “Xüsusilə, şimal istiqamətində Qazaxı Ermənistanın Tavuş rayonu ilə, cənub istiqamətində isə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək yoldan söhbət gedir”. Paşinyan şimal, orta və cənub istiqamətlərindən keçə bilən avtomobil yollarından istifadəyə də işarə edib və bildirib ki, bununla Ermənistan şimalla cənub, şərqlə qərb arasında bir qovşağa çevrilə bilər. Onun sözlərinə görə, İrəvan Türkiyə ilə dəmir yolu və avtomobil yollarının açılmasına da hazırlıq görür.
2023-12-14
813,371
Bankomatdan pul çıxaranlara “yardım” edənlər saxlanıldı
Abşeron rayonunda bankomatdan pul çıxaranlara “yardım” edən şəxslər saxlanılıblar. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı bank kartlarından oğurluq edən Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Babək Cəfərzadə və 1978-ci il təvəllüdlü Kamal Kərimli saxlanılıb. Araşdırma zamanı onların bankomatların yanında dayanaraq pul çıxaran vətəndaşlara “yardım” etmək adı ilə yaxınlaşdıqları, daha sonra onların hesablarında olan vəsaitləri ələ keçirdikləri məlum olub. Qeyd edək ki, B.Cəfərzadə və K.Kərimli saxlanılan zaman onların üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
2023-12-14
813,376
Göndərişlərin verilməsi qaydası dəyişdi
Agentlik tərəfindən vətəndaşlara göndərişlərin verilməsi qaydasında dəyişiklik edilib. Əsas dəyişiklik vətəndaşların vaxt, maliyyə vəsaiti itirmədən öz yaşadığı inzibati ərazi daxilində və ya tibbi ərazi bölməsi (TƏB) ərazisində dövlət və ya özəl tibb müəssisəsində xidmətdən yararlanmasını təmin etməkdir. Axar.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, məsələn, əvvəlki qaydaya görə Qaxda yaşayan şəxsə həmin ərazidə və ya TƏB-in daxilində (məsələn, Şəkidə) dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda digər TƏB-də yerləşən (məsələn, Mingəçevir) həmin xidməti göstərmək imkanına malik olan dövlət tibb müəssisəsinə göndərilirdi: “Hazırkı qaydaya görə isə Qaxda yaşayan şəxsə həmin ərazidə və ya TƏB-in daxilində (məsələn, Şəkidə) dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda həmin TƏB-in ərazisində yerləşən (pasiyentin seçiminə əsasən məsələn, Şəkidəki) Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə xidmətdən yararlanması üçün göndəriş verilir. Yəni əvvəlki qaydadan əsas fərqi və üstünlüyü ondan ibarətdir ki, vətəndaşa xidməti TƏB daxilindəki dövlət xəstəxanasında göstərmək mümkün deyilsə, vətəndaşa seçim hüququ verilir. Belə ki, ya vətəndaş TƏB-dən kənarda yerləşən dövlət tibb müəssisəsini seçir, yaxud da özünün aid olduğu TƏB-in ərazisindəki müqaviləli özəl tibb müəssisəsini seçir”.
2023-12-14
813,377
Mişel ermənilərin Qarabağa qayıtmasından danışdı
Etnik ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmaq, ən azından ora səfər etmək haqları təmin edilməlidir. Və beynəlxalq standartlara uyğun olaraq, milli azlıqların təhlükəsizliyinin qorunması baxımından buna təminat verilməlidir. Azərbaycan Konstitusiyasında yer alan milli azlıqların qorunması çərçivəsində buna təminat olmalıdır. Axar.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının sədri Şarl Mişel “Azadlıq” radiosuna müsahibəsində deyib. “Biz həm Nikol Paşinyan, həm də İlham Əliyev ilə bütün çətinliklərin aradan qaldırılması yönündə danışıqlar aparırıq. Mən səmimi şəkildə inanıram ki, bugünlərdə əldə edilmiş irəliləyişin ardınca münasibətlərin normallaşması və bu mühüm regionda təhlükəsizliyin gücləndirilməsi yönündə - doğru istiqamətdə əlavə addımlar atılacaq”, - Mişel bildirib.
2023-12-14
813,380
Bəzi dərmanlar sığorta hesabına qarşılanacaq
Mərhələli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrini sığorta hesabına qarşılamağı nəzərdə tuturuq. Axar.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, hazırda həmin layihəyə aidiyyəti qurumlara göndərilib: "İlk il ürək-damar sistemi xəstəlikləri, 2-ci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil etməyi hədəfləmişik. Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub. Həmçinin, dərman vasitələrinin pozitiv siyahısı hazırlanacaq. Pozitiv siyahı ambulator şəraitdə sığorta ilə qarşılanan dərman vasitələrinin məcmusudur. Əlbəttə ki, bütün bu qeyd etdiklərim layihə şəklində hazırlanır, rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim ediləcək".
2023-12-14
813,382
Paşinyan hərbçilərin mübadiləsindən danışdı
Hərbçilərin mübadiləsi İrəvanla Bakı arasında münasibətlərdə “sıfır nöqtə” hesab oluna bilər. Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib. “Bundan sonra biz heç olmasa cəhd edə bilərik ki, bütün sonrakı xəbərlər Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması ehtimalını artırsın”, - o bildirib.
2023-12-14
813,385
Azərbaycanı Naxçıvanla birləşdirəcək yol... - Mişel
Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqələrinin müxtəlif modelləri ilə bağlı müzakirələr aparılır. Axar.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının sədri Şarl Mişel “Azadlıq” radiosuna müsahibəsində deyib. “Prezident Əliyev dəfələrlə aydın şəkildə bildirib ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Amma konkret modellərlə bağlı müzakirələr aparılır. Elə bir model olmalıdır ki, Ermənistanın ərazi bütövlüyü pozulmasın. Bu konkret mövzulardır ki, müzakirə edilir. Mühüm mövzudur, çünki bu məsələni həll edə bilsək, regionda iqtisadi əməkdaşlığın güclənməsinə və beləliklə, regionun iqtisadi cəhətdən daha da inkişaf etməsinə nail ola bilərik”, - Mişel bildirib.
2023-12-14
813,387
659-cu gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 659-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 342 800 hərbçi, 5 692 ədəd tank, 10 616 ədəd zirehli döyüş maşını, 8088 ədəd artilleriya sistemi, 920 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 675 ədəd avtomobil texnikası, 6206 ədəd PUA, 1 606 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 185 xüsusi avadanlıq itirib.
2023-12-14
813,388
Arif Hacılı və İqbal Ağazadə namizəd olacaq? - Açıqlama
Azərbaycanda 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə iştirak etmək üçün siyasi partiyalarda artıq müzakirələr başlayıb. Müsavat Partiyasının sədri Arif Hacılı Axar.az-a bildirib ki, növbədənkənar prezident seçkilərində iştirak etməklə bağlı məsələ partiyanın toplantısında müzakirə olunub. “Təbii ki, hər bir siyasətçi və siyasi təşkilat seçkilərdə iştirak etməkdə maraqlıdır. Sadəcə olaraq demokratik seçki mühitinin, bərabərhüquqlu siyasi rəqabət şəraitinin olmaması, Seçki Məcəlləsində olan problemlər və digər bu tipli məsələlər bizim növbədənkənar prezident seçkilərində iştrakımızla bağlı tərəddüd yaradır. Biz hələlik ümumi vəziyyəti öyrənib, partiya strukturlarında müzakirələr aparırıq. Artıq partiyanın bir neçə toplantısı keçirilib və bu toplantılarda seçkilərdə iştrakımızla bağlı yekun qərar verilməyib. Yaxın vaxtlarda seçkilərdə iştirak edib-etməməyimizlə bağlı qərarımızı açıqlayacağıq”, - A.Hacılı qeyd edib. Ümid Partiyasının sədri İqbal Ağazadə də prezident seçkilərində iştirak etməklə bağlı partiyanın bir neçə dəfə toplantı keçirdiyini, ancaq yekun qərar qəbul edə bilmədiklərini vurğulayıb: “Bizim əsas məqsədimiz növbədənkənar prezident seçkilərində iştirak etməkdir. Seçkilərdə hansı formada iştirak edəcəyimiz isə İdarə Heyətinin qərarından asılı olacaq. İdarə Heyətinin iclasını keçirdik, lakin prezident seçkilərində iştirak etməklə bağlı qərar qəbul edə bilmədik. Çünki İdarə Heyətində müxtəlif fikirlər var. Buna görə də İdarə Heyəti partiyanın rayon təşkilatları ilə məsləhətləşmək üçün vaxt istədi. Gələn həftənin axırına qədər İH-ə məsləhətləşmələr aparmaq üçün vaxt verilib”. ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə bildirib ki, istənilən halda növbədənkənar prezident seçkilərində iştirak edəcəklər: “Seçkilərdə iştirak etməmək kimi fikrimiz yoxdur. Biz istənilən halda növbədənkənar prezident seçkilərində iştirak edəcəyik. Lakin hansı formada və necə iştirak etməyimizlə bağlı qərar İdarə Heyətinin toplantısında veriləcək. Biz seçkilərdə vətəndaş aktivliyində və vətəndaşların öz səsvermə hüququndan istifadə etməsində maraqlıyıq”.
2023-12-14
813,390
Cəbrayıl və Qubadlıda modul xəstəxanalar quraşdırılacaq
Gələn il Cəbrayıl və Qubadlı rayonlarında modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulub. Axar.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun illik hesabatını təqdim edərkən məlumat verib. Onun sözlərinə görə, Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda bu tip xəstəxanalar quraşdırılıb.
2023-12-14
813,393
Nikol Bakını inandırmaq üçün hər şeyə hazırdır - Martirosyan
Nikol Paşinyan Azərbaycanı revanşın olmayacağı, hücuma keçilməyəcəyinə inandırmaq üçün hər şeyi etməyə hazırdır. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Artur Martirosyan deyib. O, Paşinyanın xalqı artıq Azərbaycanla sülhə hazırlamağa çalışdığını bildirib: “Nikol erməniləri Qarabağ məsələsinin bağlanmasının və sülhün əldə edilməsinin daha doğru qərar olduğuna inandırmalıdır. Əlaqələr yaranmağa başladıqdan sonra İrəvan bir sıra iqtisadi dividentlər qazanacaq ki, bunu da insanlara müsbət nəticə kimi təqdim edəcəklər. Paşinyanın fikrincə, “erməni soyqırımı” məsələsi də bağlanmalıdır. O, türk dünyası üçün məqbul sayılacaq addımları atmağa çalışır. İnsanların düşüncəsini öyrənmək və müxalifətin nəbzini yoxlamaq üçün müxtəlif yolları sınayırlar. Məsələn, dərsliklər vasitəsilə bunu etdilər, lakin əhalinin narazılığından sonra ara sakitləşdi. Amma geri çəkilməyəcəklər”.
2023-12-14
813,394
Kreml Bakı ilə əlaqəmizi həzm etmir, Qaluzini qısqırdır
AB Ermənistandakı mülki missiya heyətinin sayını 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib. Təbbi ki, buna da İrəvanın özü qərar verməlidir ki, ölkəsinə kimlər və hansı sayda gələ bilər. Biz müstəqil dövlətik və bunun üçün heç kimdən, o cümlədən tərəfdaşlarımızdan və qondarma müttəfiqlərimizdən icazə istəmək məcburiyyətində deyilik. Biz belə düşünürük, amma nədənsə davranışımızın şərtlərini diktə etmək hüququna sahib olduqlarına inanan bəzi “müttəfiqlər” ərazimizdə kiminlə dost olmağımız və kimi qəbul etməyimizə müdaxilə etməyə çalışır. Söhbət, yəqin ki, artıq təxmin etdiyiniz kimi, AB-nin Ermənistandakı missiyasının genişlənməsinə görə sözün əsl mənasında qeyri-insani səslə qışqıran Rusiyadan gedir. Axar.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Tevos Arşakyan deyib. “Bu dəfə Moskva Lavrovun müavini Mixail Qaluzini zəncirindən açıb üzərimizə buraxdı. O, bir tərəfdən bizə mühazirə oxumağa, digər tərəfdən isə AB missiyasının qeyri-konstruktivliyinə işarə vurmağa başladı. Onun sözlərinə görə, AB-nin Cənubi Qafqazda siyasəti yalnız Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlib. O deyir: “Görürük ki, AB-nin Cənubi Qafqaz siyasəti sırf Rusiyanı oradan sıxışdırıb çıxarmaq məqsədi daşıyır. Eyni zamanda, onlar Ermənistanla Azərbaycan arasında sülhün nizamlanması prosesindəki nailiyyətlərimizdən istifadə edirlər”. Moskva belə narahatdır! Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindən narahatdır. Əlbəttə, İrəvan və Bakı indi fəal şəkildə, birbaşa danışıqlar aparmağa başlayıb. Bunu birgə bəyanat və ilk müsbət nəticə kimi hərbi personal mübadiləsi sübut edir. İlk dəfədir ki, Bakı və İrəvan Moskvanın vasitəçiliyi olmadan danışmağa başladı, təbii ki, Rusiya bunu həzm edə bilməz. Əminəm ki, ruslar olmasaydı, azərbaycanlılar və ermənilər çoxdan ortaq məxrəcə gələ bilərdilər”, - o bildirib.
2023-12-14
813,396
Hərbçilərimiz yaşadıqları dəhşətləri danışdılar - Video
Ötən gün əsirlikdən azad edilən hərbçimiz Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistanda yaşadıqları dəhşətlərdən danışıblar. Axar.az AzTV-nin süjetini təqdim edir:
2023-12-14
813,402
Bu hərbçilərə yeni rütbələr veriləcək
Tam orta təhsilli gizir və miçmanlara “Kiçik leytenant” hərbi rütbəsi veriləcək. Axar.az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna görə, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş orta ixtisas və ya natamam ali təhsilli gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra “Kiçik leytenant” hərbi rütbəsi verilib. Dəyişikliyə əsasən, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş tam orta (yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövr ərzində) təhsilli gizir və miçmanlara da hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra “Kiçik leytenant” hərbi rütbəsi veriləcək.
2023-12-14
813,406
İlham Əliyev Hakan Fidanı qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Axar.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə töhfə verdiyi bildirildi. Söhbət zamanı əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.
2023-12-14
813,412
Bakının İrəvana təzyiq qorxusu aradan qalxdı - Kireyev
Altı ay əvvəl vəziyyəti müşahidə edəndə, hər iki tərəfin nümayəndələri ilə danışanda belə bir təəssürat yaranmışdı ki, proses daha mürəkkəb olacaq və ikitərəfli danışıqlarda Azərbaycanın Ermənistana ciddi təzyiq göstərməsinə gətirib çıxaracaq. Lakin gözlədiyimin əksinə olaraq, belə ikitərəfli danışıqlar daha konstruktiv oldu. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Kireyev Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli danışıqlara münasibət bildirərkən deyib. “Çünki əksi olduqda, hər üçüncü tərəf danışıqlara öz gündəmini daxil etməyə başlayır. Yəni Azərbaycan-Ermənistan münasibətləri oyuna, böyük dövlətlərin xarici siyasətinin bir hissəsinə, onların ziddiyyətlərinə, qarşılıqlı maraqlarına və qarşılıqlı düşmənçiliyinə çevrilir. Demək istədiyim odur ki, Brüssel Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir, Rusiya regionu öz təsir dairəsində saxlamaq istəyir, İran isə regionda Amerikanın hərbi bazalarının olmamasını istəyir və s. Azərbaycan və Ermənistan oturub öz aralarında razılığa gələ bilərlər. Görünür, hər iki tərəf bu münaqişədən yorulub və bir-birinə doğru addım atmağa hazırdır. Əlbəttə ki, bu, sürpriz oldu, amma etiraf edirəm ki, bu, kifayət qədər yeni formata bənzəyir. Tərəflərin belə razılığı müsbət siqnaldır”, - o bildirib.
2023-12-14
813,413
Sabah hava necə olacaq?
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
2023-12-14
813,415
“Azərpoçt”dan xəbərdarlıq: Saxta mesajlar… - Foto
Kiberdələduzlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Azərpoçt MMC-nin müştərilərini, eləcə də digər vətəndaşları hədəfə alıblar. Axar.az xəbər verir ki, bu barədə MMC məlumat yayıb. Məlumata görə, son zamanlar vətəndaşlara “Azərpoçt”un adından kütləvi şəkildə saxta mesajlar göndərilir, həmin mesajlarda vətəndaşların bağlamasının ölkəyə daxil olduğu, amma guya ev ünvanının natamamlığı səbəbindən mənzilə çatdırılmadığı qeyd olunur və elə həmin mesajda da saxta link göndərilir ki, ünvan və digər fərdi məlumatlar daxil edilsin. “Belə olduğu halda da vətəndaşlar, çox təəssüf ki, aldanaraq, öz fərdi, xüsusilə bank kartı məlumatlarını daxil edirlər və dərhal kiberdələduzların qurbanına çevrilirlər. “Azərpoçt” olaraq, vətəndaşlarımızı ayıq-sayıq olmağa, onlara gələn mesajlara, linklərə həssas yanaşmağa çağırır, xüsusilə bildiririk ki, “Azərpoçt” bağlama çatdırılmasının ödənişini onlayn qaydada həyata keçirmir və heç bir halda vətəndaşa məxsus kart məlumatlarını tələb etmir. Saxta mesajlarda vətəndaş yanlış linklərə yönləndirilir və ondan növbəti addımlar atması tələb olunur. Həqiqi mesajda isə vətəndaş heç bir linkə yönləndirilmir, mütləq poçt göndərişinin 13 simvoldan ibarət izləmə nömrəsi və təhvil almaq üçün poçt şöbəsinin indeksi qeyd olunur. Vətəndaşlardan “Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, dərhal “Azərpoçt”un 169 Çağı mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik", - açıqlamada qeyd olunub. Saxta və həqiqi mesaj nümunələri aşağıdakı kimidir:
2023-12-14
813,417
Baş nazirdən qərar: Koordinasiya Şurası yaradılır
Nazirlər Kabineti cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, onun İş Qaydasının təsdiq edilməsi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsinə, müvafiq sahədə həyata keçiriləcək qiymətləndirilməyə hazırlığın təşkil olunmasına və bu məqsədlərlə koordinasiya mexanizminin yaradılmasına dair bəzi tədbirlər haqqında” 21 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edib. Axar.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılacaq.
2023-12-14
813,419
Bakının təşəbbüsü: Cenevrədə Fransa müzakirə edildi
13:16 BMT-nin Cenevrədəki ofisində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib. Axar.az xəbər verir ki, konfransda Fransanın keçmiş və indiki müstəmləkələrindən olan nümayəndələr rəsmi Parisin bu ölkələrdə davam etdirdiyi yeni kolonializm siyasətinin ağır fəsadları barədə məlumat veriblər. Bildirilib ki, Fransa keçmiş müstəmləkələrinin daxili işlərinə kobud şəkildə müdaxilə edir, bu ölkələrdə sabitliyin pozulması siyasətini həyata keçirir, eyni zamanda, hazırda müstəmləkə altında saxladığı ölkələrdə fundamental insan hüquqlarını pozur, bu xalqların təbii sərvətlərini qanunsuz olaraq istismar edir. Təbii ehtiyatlarla zəngin olan bu ölkələrin xalqları Fransadan dəfələrlə çətin şəraitdə yaşayır, işsizlik və yoxsulluq səviyyəsi dəfələrlə yüksəkdir. Fransanın bu ərazilərdə həyata keçirdiyi nüvə sınaqları, uranın zənginləşdirilməsi istiqamətində fəaliyyəti əhalinin səhhətində ciddi fəsadlar yaradıb, ətraf mühitə böyük ziyan vurub. Bu ölkə yerli xalqların süni şəkildə assimilyasiya edilməsi siyasəti və qeyri-qanuni miqrantların bu ərazilərə köçürülməsi ilə yerli xalqların müstəqillik uğrunda mübarizəsini boğmağa çalışır. Vurğulanıb ki, Fransa 1980-ci ildə özünün də ratifikasiya etdiyi BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktı ilə xalqlar qarşısında götürdüyü bütün öhdəlikləri şüurlu şəkildə pozub. O, nəinki “xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi”ni “asanlaşdırıb”, əksinə, bütün vasitələrlə, o cümlədən ən ədalətsiz yollarla buna qarşı çıxıb. Konfrans iştirakçıları Fransanın özünün geostrateji mövqeyini möhkəmləndirmək məqsədilə müstəmləkəyə çevirdiyi ölkələri hərbiləşdirməsinə, hərbi bazalarını orada yerləşdirməsinə etiraz ediblər. İştirakçılar Fransa tərəfindən ölkələrində fundamental insan hüquqlarının və azadlıqlarının pozulması faktlarını sadalayıb, azadlıq uğrunda mübarizədə beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərin səylərinin birləşdirilməsinin vacibliyini qeyd ediblər. BMT institutları və Qoşulmama Hərəkatı çərçivəsində hüquqi əsasda mübarizənin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Konfransda Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri Qoşulmama Hərəkatının sədri kimi Azərbaycandan bu istiqamətdə onlara dəstək göstərilməsini xahiş ediblər. Konfransın sonunda Yekun Bəyannamə qəbul edilib. İştirakçılar onlara göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, eləcə də Bakı Təşəbbüs Qrupunun üzvlərinə dərin təşəkkürlərini ifadə ediblər. Qeyd edək ki, bu, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 2023-cü ildə keçirilən və kolonializmə qarşı mübarizə aparan, azad olmağa çalışan xalqlara həsr olunmuş IV beynəlxalq konfransdır.
2023-12-14
813,420
Əliyevin rəqibləri vicdanları ilə üz-üzə...
13:09 Azərbaycanda prezident seçkiləri 1 il 2 ay əvvələ çəkildi, 2024-cü il 7 fevrala təyin edildi. Prezident bununla bağlı sərəncamı 7 dekabrda verib. Onsuz da seçki üçün hazırlıq müddəti kifayət qədər azdır – cəmi 2 ay. Ancaq bu iki ayın artıq bir həftəsi başa çatıb, İlham Əliyevə rəqib olacaq partiyaların heç biri hələ də qərar verməyib. Müzakirələr apardıqlarını bildirirlər – az qala, “qəfil yaxalandıq” düşüncəsi ilə münasibət bildirməyə çalışırlar. Bütün dünyada daxili siyasi rəqabət haqda bir məşhur deyim var: seçki gününün səhərisi artıq növbəti seçkiyə hazırlıq başlayır. Yəni bu o deməkdir ki, partiyaların seçkiyə hazırlaşması üçün 2018-ci il 12 aprelindən üzü bəri tam 6 ilə yaxın – 5 il 8 ay vaxtları olub. 5 il 8 ay müddətində 2018-ci ildə uduzan siyasi partiyalar seçkiləri təhlil edib, strukturlaşmanı tamamlayıb, tezisləri müəyyən etməli idilər. Digər tərəfdən, seçkilərin irəli çəkilməsi bütün dünyada normal bir gedişdir: hətta gözlənilmədən parlamentlərin buraxılması və seçkilərin təyin edilməsi proseslərinin də şahidi oluruq. Partiyalar isə hər an bu “növbədənkənarlığa” nəinki hazır olurlar, hətta bunda maraqlıdırlar. İstənilən məğlub qurum növbəti mübarizə üçün vaxtın daha tez yetişməsinə çalışır. Ancaq Azərbaycanda partiyalar düşünməkdə davam edir. Ölkənin nisbətən daha aktiv siyasi müxalifəti – Müsavat, Ümid, ReAL belə seçkidə necə iştirak etmək barədə qərar verməkdə çətinlik çəkirlər. İş o yerə çatır ki, müasirmüsavatçı Hafiz Hacıyev də seçkilərə gedib, hansısa divident toplamaq ehtimalını düşünmür və “daimi namizəd” statusundan geri çəkilir. Anlaşılandır: Azərbaycanda əhalinin uzun müddət siyasi aktivliyinin, elə “klassik müxalifət”in ortaya çıxması və güclənməsinin səbəbi də Qarabağ münaqişəsi olub. Məhz Qarabağ münaqişəsinin həlli təklifləri ilə partiyalar gündəmdə qalıblar; məhz milli strateji proqramlarla çıxış ediblər; məhz torpaqları qaytarmağa özlərinin qadir olacağı ilə bağlı seçicinin inandırmağa çalışıblar. Qarabağ münaqişəsini İlham Əliyev həll etdi, ancaq müxaliflərin indiyə qədər irəli sürdüyü “ən ideal həll yolları”ndan tamamilə fərqli formada. İlham Əliyev yalnız 7 rayonu azad etmədi, bütövlükdə 12 rayonu təmizlədi, “Dağlıq Qarabağ” adlı 100 illik qarayaranı – “muxtar vilayəti” - tam şəkildə kəsib atdı, Azərbaycan dövlətinin unitarlığını təmin etdi, Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etdi; separatçı-terrorçuları həbs edib Bakıya gətirdi, 90-cı illərdə azərbaycanlılara qarşı qətliamlar törədənlərin mühakiməsinə başlanıldı; müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycan öz sərhədlərindən kənara çıxdı, Naxçıvana yol, Ermənistanda qalan eksklavlar tələbi başladı... İlham Əliyev Xankəndiyə belə qayıdışımızı təmin etdi! İndi Ermənistan neçəsə kv.km ərazisinin “işğalda qalmasından” danışır; indi ermənilər Zəngəzurun ələ keçiriləcəyi qorxusu ilə o tarixi ərazilərimizi boşaltmaqla məşğuldur! Bütün siyasi proqramların hədəfi 7 rayona azərbaycanlı köçkünlərin qaytarılması üzərində qurulmuşdu – indi 12 rayona, bütün ərazimizə Qayıdış proqramlı addım-addım icra edilir, amma bununla bitmədi, hazırda 300 min azərbaycanlının Ermənistana qayıtması gündəmdədir. Yalandan basıb-bağlamayaq ki, ay buna inanırdıq, ay bunu proqnozlaşdırırdıq! Əlbəttə ki, bu bizim haqqımızdır; Əlbəttə ki, bütün bunlar və daha ötəsi tarixi ədalətdir; Əlbəttə ki, bütün bunları arzulayırdıq, xəyal edirdik, bunun üçün dua edirdik! Amma kimsə bunların qısa müddətdə reallaşacağına qəti şəkildə inanmırdı. Hətta içimizdən “Şuşadan əlinizi üzün, oranı Ermənistandan icazə alıb, turist kimi ziyarət edəcəyik” deyənlər də tapılırdı. Bu xalqı inanmadığı arzularına qaldıran İlham Əliyevlə 7 fevralda kim rəqib olacaq? Hansı proqram-prospekt-strategiya ilə? Siyasi partiyaları bu baxımdan çox yaxşı başa düşürəm: seçkidə İlham Əliyevə ağır şəkildə məğlub olacağını hər kəs gözəl bilir. Və onu da bilir ki, bu kəz – müstəqillik tariximizdə bəlkə də ilk dəfə olaraq – ən radikal, ən qısqanc, qaşınmayan yerdən qan çıxaran müxalif belə seçkidə saxtakarlıq olduğunda inad edə bilməyəcək. Xalq bütövlükdə tam seçimini 27 sentyabrda etdi, 10 noyabrda təsdiqlədi, 20 sentyabrda isə bu seçimi artıq taleyinə yazdı. Yəni: İlham Əliyevin iştirak etdiyi sürəcə Azərbaycanda prezident seçkiləri belə olacaq – hələ onun yeni dönəmdə hansı sürprizlər hazırlayacağını bilmirik – ancaq bunu təxmin etmək olar, necə ki, erməni ekspertlər artıq indidən əndişədədirlər. Ona görə müxaliflərin - “cəsarət etmirlər” deməzdim, “cəsarət” sözü bu məqamda yerində deyil - vicdanları yol vermir. Debatlarda Azərbaycanın ərazi bütövlüyü dartışılacaq və onlar mütləq şəkildə İlham Əliyevin müstəsna xidmətini qeyd edəcəklər; axı, müxaliflərin də reallaşmasını gözləmədiyi arzularını İlham Əliyev həyata keçirib. Seçki debatlarında rəqibinin tarixi xidmətlərini etirafla isə “siyasi rəqabət” olmur! Ona görə ən yaxşısı parlament seçkilərinə hazırlaşın! Yeri gəlmişkən, parlament seçkisi yaxınlaşır və qəfil qərar parlament üçün də ola bilər – sonra deməyin ki, demədi...
2023-12-14
813,422
İsveç son 80 ildə ən pis vəziyyətlə üzləşib - Baş nazir
İsveçin Baş naziri Ulf Kristersson ölkəsindəki təhlükəsizlik vəziyyətindən narahatdır. Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb. “Skandinaviya ölkəsi İkinci Dünya müharibəsindən bəri ən pis təhlükəsizlik vəziyyəti ilə üzləşir”, - Baş nazir bildirib. Kristersson qeyd edib ki, söhbət Rusiyadan gələn təhlükədən yox, İsveçdə tüğyan edən quldurluqdan gedir.
2023-12-14
813,425
Günəş fırtınası gözlənilir: hansı fəlakətlər olacaq?
Günəş fırtınaları təkcə rabitə sistemləri və peyklərə deyil, həm də qatarların hərəkəti üçün təhlükə yarada, qəza riskini artıra bilər. Axar.az xəbər verir ki, bu barədə Lankaster Universitetinin alimləri məlumat yayıblar. “Güclü Günəş emissiyaları dəmir yollarında elektron siqnal stansiyalarına müdaxilə edərək maqnit fırtınalarına səbəb ola bilər. Bu müdaxilə, hətta dəmir yolunun “Dayan” və “Hərəkət et” nişanlarını dəyişə bilər. Siqnalın, məsələn, yaşıldan qırmızıya dəyişdirilməsi yalnız hərəkət edən qatarın dayanmasına gətirib çıxaracaqsa, əks vəziyyətdə ciddi fəlakətə səbəb ola bilər”, - məlumatda deyilir. Alimlər bildiriblər ki, 11 illik Günəş aktivliyi dövrünün ən pik vaxtında dəmir yolu sistemləri və digər infrastruktur üçün risklər xüsusilə yüksək ola bilər. Qeyd edək ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə, cari 11 illik dövrdə Günəşin ən pik həddə çatması 2024-cü ilin yanvar və oktyabr ayları arasında gözlənilir.
2023-12-14
813,428
Putinin mətbuat konfransı başladı
Rusiyanın paytaxtı Moskvada Rusiya Prezidenti Vladimir Putinin vətəndaşlarla “birbaşa xətt” və jurnalistlər ilə geniş mətbuat konfransı başlayıb. Axar.az xəbər verir ki, konfransda federal və regional Rusiya KİV-lərinin nümayəndələri, habelə Rusiya Federasiyasında akkreditə olunmuş xarici jurnalistlər iştirak edirlər. Bu formatda geniş mətbuat konfransı və “birbaşa xətt” bu vaxta qədər yalnız bir dəfə - 2020-ci ildə keçirilib.
2023-12-14
813,434
Kapital Bankın Yeni ilə özəl kredit kampaniyası davam edir
Xəbər verdiyimiz kimi ölkənin birinci bankı Kapital Bank Yeni ilə özəl nağd kredit kampaniyasına start verib. 2023-cü ilin 30 dekabr tarixinədək davam edəcək kampaniya çərçivəsində nağd kredit əldə edən hər 100-cü müştəriyə kredit ödənişi üçün 100₼ məbləğ hədiyyə ediləcək. Kampaniyadan yararlanmaq üçün həm onlayn müraciət edə, həm də sizə ən yaxın filiala yaxınlaşa bilərsiniz. Üstəlik onlayn əldə edilən kreditlərə 2%-dək endirim imkanı təqdim olunacaq. Qeyd edək ki, kampaniyadan yalnız bir dəfə yararlanmaq mümkündür. Kampaniya haqqında ətraflı məlumat: https://kbl.az/kp1alpfe1c Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
2023-12-14
813,436
Bayramovla Fidan görüşdü - Foto
13:33 Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Axar.az XİN-ə istinadən xəbər verir ki, nazirlər arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Geniştərkibli görüşdə iki ölkə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət, habelə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə 2023-cü ildə Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin, qardaş Türkiyədə isə Cümhuriyyətin 100 illik yubileyinin qeyd edilməsi fonunda iki ölkə arasında bütün səviyyələrdə təmaslarımızın daha intensiv, daha məhsuldar xarakter aldığı vurğulanıb. Çoxşaxəli və zəngin Azərbaycan-Türkiyə strateji müttəfiqlik gündəliyinin cari vəziyyətindən məmnunluq ifadə edilib, siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, humanitar, təhsil, mədəniyyət və digər sahələr üzrə münasibətlərin tarixi yüksəliş mərhələsində olduğu bildirilərək Şuşa Bəyannaməsinin bu xüsusda mühüm zəmin olduğu qeyd olunub. Habelə, beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığın nümunəvi xarakter daşıdığı diqqətə çatdırılıb. Çoxtərəfli platformalarda, o cümlədən BMT və onun təsisatları, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Mərkəzi Asiya ölkələri ilə üçtərəfli və dördtərəfli formatlar çərçivəsində birgə tədbirlərin intensivliyinin artırılmasının, yeni çoxtərəfli təşəbbüslərin irəli sürülməsinin əhəmiyyətindən söz açılıb. Nazirlər həmçinin bölgəmizdə sabitliyin qorunmasında Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin vacib roluna toxunub, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə bu gün bölgədə tarixi məqamın yarandığını, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınmasının və bu kimi təməl prinsiplərə hörmətlə yanaşılmasının bölgədəki davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yol olduğunu bir daha bəyan ediblər. Görüşdə nazir Ceyhun Bayramov həmkarını Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Ermənistanın 30 illik işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın geri qayıdış prosesi, habelə Azərbaycan Ermənistan arasında etimad quruculuğu istiqamətində atılan son addımlar barədə məlumatlandırıb. Nazir Cehyun Bayramov işğaldan azad edilmiş ərazilərdə fəaliyyətlərində Türkiyə tərəfinin aktiv iştirakını yüksək qiymətləndirildiyini vurğulayıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra nazirlərin iştirakı ilə keçirilmiş mətbuat brifinqində görüşün nəticələrinə dair bəyanatlar səsləndirilib, jurnalistlərin sualları cavablandırılıb.
2023-12-14
813,438
Seçkidən sonra hökumətdə ciddi islahat başlayacaq
7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra hökumətin tərkibində dəyişikliklər olacaq. Bu sözləri Axar.az-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib. V.Əhmədov bildirib ki, prezident seçkilərindən sonra çox ciddi gözləntilərimiz var: “Müəyyən istiqamətlər üzrə böyük islahatlar həyata keçiriləcək. Burada əsas gözləntilərimiz isə hökumətin tərkibində dəyişikliklərin olmasıdır”.
2023-12-14
813,443
Sədr təsdiqlədi: 60 min manat maaş alanlar var
Bu gün bizim məqsədimiz dövlət xəstəxanalarında həkimlərin 1000 manatdan az maaş almamasıdır. Sabit əlavə və bonuslarla birlikdə terapevtlər orta hesabla 1600 manata yaxın maaş alırlar. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, cərrah və oftalmoloqlarda bu məbləğ daha çoxdur: “Bu məbləğ digər ölkələrlə müqayisədə bir az aşağıdır. Xidmətlər zərfində bir çox qiymətlər artıb. Qurum tərəfindən xəstəxanalara xidmətlər çərçivəsində ödənən məbləğlər həmin əməliyyatları icra edən həkimə bonus olaraq yazılır. Cərrahlar təbii ki, nisbətən daha çox məvacib alırlar. Bu da onların icra etdikləri bahalı əməliyyatların qiymətlərinə görə dəyişir”. Sosial şəbəkələrdə həkimlərin 60 min manat maaş alması ilə bağlı iddialara cavab verən Zaur Əliyev bildirib ki, bu, bəzi yüksək ixtisaslı cərrahlara şamil edilə bilər: “Çox az sayda cərrah var ki, icra etdiyi bahalı cərrahi əməliyyatların bonusları, Vahid tarif cədvəli və aylıq sabit əlavələrlə birlikdə bu məbləği ala bilməsi mümkündür”.
2023-12-14
813,445
Rusiya bu məqsədlərinə çatanda sülh olacaq - Putin
Rusiya Prezidenti Vladimir Putin sülhə nail olmaq üçün əsas məqsədləri açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında deyib. “Rusiya öz məqsədlərinə çatanda sülh olacaq. Əsas məqsədlərdən biri Ukraynanın denasifikasiyası və demilitarizasiyasıdır”, - Putin bildirib. O, həmçinin vurğulayıb ki, İstanbulda aparılmış danışıqlar zamanı sülh məsələləri də müzakirə olunub, lakin bu danışıqların nəticəsi olmayıb.
2023-12-14
813,448
Urmiyada türk adlarının olduğu lövhələr dağıdıldı
Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində türk mənşəli yer adlarını bildirən lövhələr naməlum şəxslər tərəfindən dağıdılıb. Axar.az xəbər verir ki, bu barədə Urmiya Şəhər Şurasının Mədəniyyət və İctimai Komissiyasının sədri Əhəd Yusifi məlumat yayıb. O, bu hərəkətin qəbuledilməz olduğunu söyləyib. “Bu, qarşıdan gələn parlament seçkilərində şəhərdə qarışıqlıq və gərginlik yaratmağa xidmət edir”, - o bildirib. Qeyd edək ki, bundan əvvəl də Urmiya şəhərində dəfələrlə oxşar hadisələr yaşanıb. Əvvəlki təcrübələrə əsasən, bunun bölgəyə sonradan gələn mühacir qeyri-türklərin işi olduğu ehtmal edilir.
2023-12-14
813,450
Əks-hücum uğur qazanır: ruslar 13 min itki verib
Bayden administrasiyasının Kiyevə dəstəyin davam etdirilməsi ilə bağlı Konqres yanında mövqeyini gücləndirmək üçün ABŞ kəşfiyyatı Ukraynadakı əməliyyatlar barədə məlumatlar açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb. Kəşfiyyat bildirib ki, Rusiya Ukraynada hərbi əməliyyatların dalana dirənməsinin ona kömək etdiyinə inanır, çünki bu, Qərbin Kiyevə dəstəyini zəiflədir, müharibədə qalib gəlməyi asanlaşdırır. ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi Edrien Uotsonun sözlərinə görə, Rusiya itkilərə baxmayaraq, hücumu davam etdirməkdə qərarlıdır: “İndi Ukraynanı dəstəkləməyə davam etməyimiz həmişəkindən daha vacibdir ki, o, xətti saxlamağa və hətta öz ərazisini geri almağa davam edə bilsin”. ABŞ kəşfiyyatı son açıqladığı hesabatda qeyd edib ki, Qərbin dəstəklədiyi Ukrayna kampaniyası müəyyən uğur qazanır. Uotson bununla bağlı bildirib ki, oktyabr ayından bəri Ukraynanın şərqində Avdeyevka-Novopavlovka xətti boyunca 13 mindən çox rus əsgəri ölüb və ya yaralanıb, 220-dən çox hərbi texnika məhv edilib.
2023-12-14
813,451
Ermənilər təşvişdə: Əliyev yeni sürprizlər hazırlayır...
Azərbaycanda 7 fevral 2024-cü ilə təyin edilən prezident seçkilərinə erməni ictimaiyyətində də qəribə maraq hiss edilir. Axar.az xəbər verir ki, bir çox erməni ekspert bunu İlham Əliyevin 2024-cü ilə “ciddi hazırlaşması” ilə əlaqələndirir və 2018-ci ildə hər iki ölkədə keçirilən seçkilərlə müqayisələr aparırlar. Belə ki, yeni Konstitusiya ilə parlament respublikasına çevrilən Ermənistanda 2018-ci il seçkiləri ciddi qarşıdurmalarla yadda qaldı, “məxməri inqilab” baş verdi. Məhz bu ərəfədə ilk dəfə olaraq növbədənkənar seçkiyə gedən Azərbaycan Ermənistanda “legitim seçkilər”dən (8 may) təxminən 1 ay öncə - 11 apreldə prezident seçkisindən daha güclənmiş formada çıxdı. Erməni ekspertlər bu addımı İlham Əliyevin Ermənistandakı prosesləri qabaqlamaq və hadisələrin istənilən inkişafına hazır olmaq istəyi kimi qiymətləndirirlər. Konstitusiya dəyişikliyi ilə prezidentlik müddətini 7 ilə qaldıran Azərbaycan faktiki olaraq mərkəzləşmiş, daha güclü hakimiyyəti ilə dünyadakı yenilənən proseslərin iştirakçısına çevrildi. Erməni ekspertlər məhz bunun ardınca Ermənistan hakimiyyətinin beynəlxalq tribunalarda ard-arda zərbələr aldığı və mövqelərinin sarsıldığını, nəticənin isə 27 sentyabra gətirib çıxardığını bildirirlər. İlham Əliyevin prezident seçkilərini 2024-cü ilin əvvəlinə çəkməsində də eyni prosesin təkrar oluna biləcəyi qorxusu və əndişəsi erməniləri sarıb: iddialardan biri də budur ki, seçki yarışını regional marağı olan bütün ölkələrdən daha əvvəl tamamlayan Azərbaycan lideri yeni proseslərə başlaya və daha ciddi sürprizlərlə Ermənistanı üz-üzə qoya bilər. İlham Əliyevin istənilən sürprizi etməyə qadir olduğunu vurğulayan erməni ekspertlər eyni zamanda bunu Ukrayna müharibəsində Rusiyanın xeyrinə baş verən proseslər, o cümlədən Qəzza münaqişəsi ilə da əlaqələndirirlər. Ehtimallardan biri də budur ki, hər iki münaqişənin başa çatdığı və dünyanın yeni nizamı ilə bağlı daha ciddi proseslərin başladığı ana Azərbaycan lideri, həmişəki kimi, hazır olmağı hədəfləyir. Bu xüsusda Ermənistanda da parlament seçkilərinin – hakimiyyətin yenidən formalaşdırılmasının gündəmə gətirilməsi diqqət çəkir. Ancaq belə görünür ki, daxili proseslər Nikol Paşinyana qısa müddətdə növbədənkənar seçkiyə gedərək, 2024-cü ili güclü şəkildə başa vurmaq imkanı qazanmasına mane olur.
2023-12-14
813,453
Sərhədlərin delimitasiyası komissiyası... - Qərar
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti” təsdiqlənib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasına bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
2023-12-14
813,454
TBMM-in iclasında yıxılan deputat öldü
Türkiyə Böyük Millət Məclisinin deputatı, müxalif “Səadət” partiyasının üzvü Həsən Bitməz vəfat edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib. O qeyd edib ki, bütün cəhdlərə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, H.Bitməz parlamentdə çıxışı zamanı qəfil huşunu itirərək yıxılmışdı.
2023-12-14
813,455
İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Axar.az xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Qala və Buzovna qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 500,0 (beş yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
2023-12-14
813,457
Prezidentdən mühüm fərman
Prezident İlham Əliyev Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci (bundan sonra – hərbi kollec) üç ay müddətində yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 2. 2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna (bundan sonra – ali təhsil müəssisəsi) və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 (beş yüz) manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 (üç yüz) manat məbləğində birdəfəlik ödəmə təsis edilsin. 3. 2024–2025-ci tədris ilindən başlayaraq bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlar üçün təhsil müddətində aşağıdakı aylıq ödəmələr təsis edilsin: 3.1. ali təhsil müəssisəsi üzrə: 3.1.1. 150 (yüz əlli) manat məbləğində təqaüd; 3.1.2. 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə maddi yardım; 3.1.3. 200 (iki yüz) manat məbləğində hesabda yığılan ödəniş; 3.2. hərbi kolleclər üzrə: 3.2.1. 100 (yüz) manat məbləğində təqaüd; 3.2.2. 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə maddi yardım; 3.2.3. 150 (yüz əlli) manat məbləğində hesabda yığılan ödəniş; 3.3. hərbi liseylər üzrə: 3.3.1. 50 (əlli) manat məbləğində təqaüd; 3.3.2. 100 (yüz) manat məbləğində ailə üzvlərinə maddi yardım; 3.3.3. 100 (yüz) manat məbləğində hesabda yığılan ödəniş. 4. 2024–2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilsin. 5. Müəyyən edilsin ki: 5.1. bu Fərmanın 3.1.3-cü, 3.2.3-cü və 3.3.3-cü yarımbəndlərində göstərilən ödənişlər bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan kursantların hər biri üçün açılmış hesabda yığılır; 5.2. bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq hesabda yığılan vəsait və həmin vəsaitin idarə olunmasından əldə edilən gəlir aşağıdakı hallarda ödənilir: 5.2.1. ali təhsil müəssisəsini və hərbi kollecləri bitirmiş məzunlara – Azərbaycan Ordusunda müvafiq qaydada zabit və ya gizir kimi vəzifəyə təyin edilərək həmin vəzifənin icrasına başladıqda; 5.2.2. hərbi liseyləri bitirmiş məzunlara – ali təhsil müəssisəsinə qəbul olduqda; 5.3. bu Fərmanın 2-ci və 3-cü hissələrində nəzərdə tutulan ödəmələr (bundan sonra – ödəmələr) dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilir; 5.4. bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan şəxslər güzəştli ipoteka kreditindən istifadə etdikdə onlara “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının müddəaları şamil olunmur. 6. Hərbi kolleclərin fəaliyyətinin təşkili və zəruri infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ilkin olaraq 2 (iki) milyon manat məbləğində vəsait ayrılsın. 7. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində: 7.1. “Gənclərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almalarına dair 2024–2033-cü illər üçün Tədbirlər Planı”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 7.2. ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 7.3. bu Fərmanın 4-cü hissəsinə uyğun olaraq güzəştli ipoteka krediti üzrə yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsinin maliyyələşdirilməsi, habelə güzəştli ipoteka kreditinin bir hissəsinin ödənilməsinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 7.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi: 8.1. bu Fərmanın 2–4-cü hissələrində nəzərdə tutulan ödəmələrin maliyyələşdirilməsi məqsədilə tələb olunan vəsaitə dair təkliflərini müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 8.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 6-cı hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.