date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-30 | 818,392 | DTX-yə yeni səlahiyyət verilir | Bu gün Milli Məclisin iclasında “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Axar.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan terrorçuluq məqsədilə ölkə xaricinə səfər edən şəxslər haqqında məlumatların mübadiləsi üçün sutkada 24 saat, həftədə 7 gün ərzində fəaliyyət göstərən əlaqə məntəqəsi qismində Dövlət Təhlükəsizliyi Xidmətini təyin edir. Bu Əlavə Protokolun müddəaları nəticələri tamamilə aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. |
2023-12-30 | 818,393 | Qaza 100 manat vurursan, 50-si mənimsənilir - Millət vəkili | Qanun elə qəbul olsunsun ki, buna sonradan hansısa bir yamaq vurulmasın. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib. "Ona görə də qanun layihəsi ilə bağlı hərtərəfli araşdırılma daha yaxşı olar. Biz burada yerli müəsissələrin taleyini düşünməliyik. Qaz-işıq məsələsi bu gün insanlar üçün olduqca həssasdır. Bu gün qaza 100 manat pul vurursan, sistem onun 50 manatını mənimsəyir. Axı sən necə mənim vəsaitimin yarısını mənimsəyə bilərsən? Ona görə də limitlə bağlı məsələlərə də aydınlıq gətirilməlidir”, - o əlavə edib. |
2023-12-30 | 818,394 | TƏBİB sədri bu xanımı işdən çıxardı - Yeni təyinat | 13:09 Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova vəzifəsindən azad edilib. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. *** Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Sumqayıt Tibb Mərkəzinə direktor təyin edilib. TƏBİB-dən bildirilib ki, Mərkəzin direktoru vəzifəsi Elnur Azadxanova həvalə olunub. O, bundan əvvəl Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. |
2023-12-30 | 818,396 | İlin son günü hava necə olacaq? | Dekabrın 31-də, ilin son günündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq. |
2023-12-30 | 818,397 | Məişət zorakılığına görə cəzalar sərtləşdirilir | Azərbaycanda məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir. Axar.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. Belə ki, hazırda Məcəllədə qeyd edilib ki, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Dəyişikliklə isə yuxarıda nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla altmış saatdan yüz saatadək ictimai işlər və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq. |
2023-12-30 | 818,404 | MM təsdiqlədi: bu şəxslər həbs olunacaq | Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti müəyyənləşib. Axar.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında lII oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə və ya yayma, yaxud nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirməyə görə 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Məcəllənin 281-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Məcəllənin 281-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə isə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Məcəlləyə dəyişiklik layihəsi səsverməyə qoyularaq lII oxunuşda qəbul edilib. |
2023-12-30 | 818,406 | Milli Məclis Prezident və birinci xanımı təbrik etdi | Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin spikeri Sahibə Qafarova parlametin payız sessiyasının bugünkü iclasında bildirib. Sədr təklif edib ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik məktubu göndərilsin. Deputatlar sədrin təklifinə alqışlarla razılıq veriblər. |
2023-12-30 | 818,410 | Avrora Yeni ildə kimsəsiz uşaqlarla birlikdədir | Avrora MMC “Ümid yeri” uşaq sığınacağında məskunlaşan kimsəsiz uşaqlar üçün Yeni il şənliyi təşkil edib. Uşaq əyləncə mərkəzində keçirilən görüşdə uşaqlar həm gün ərzində müxtəlif oyunlar oynayıb, həm də animator və cizgi film personajlarının iştirakı ilə keçirilən şou proqrama qatılıblar. Tədbirin sonlarında şaxta baba uşaqların arzularını həyata keçirib. Uşaqlara isti geyimlər və hədiyyələr verilib. Sosial aksiyanın məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Avrora Qrup 2023-cü il ərzində "Korporativ sosial məsuliyyət proqramı"nda xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlamış və 2024-cü ildə də silsilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur. #AvroraQrup #AvroraMMC #Avroramektub #Yeniil #bayramhediyyesi #Şaxtababa #sosialproqram #uşaqevi |
2023-12-30 | 818,412 | “Kontakt” artıq Binədə - Açılışa özəl 60%-dək endirim | “Kontakt” mağazalar şəbəkəsi bu ilin son mağazasını paytaxtın Binə qəsəbəsində təqdim edib. Şəbəkə əyləncəli, bol hədiyyəli, bol endirimli açılış tədbiri ilə Yeni il qabağı Binə sakinlərinə əsl bayram ab-havası yaşadıb. Mağaza ziyarətçiləri arzuladıqları məhsulları öz doğma ünvanlarından 60%-dək endirimlərlə ala biliblər. Nəzərinizə çatdıraq ki, 1500 m2 sahəsi olan 3 mərtəbəli mağazada rəqəmsal - smartfon, notbuk, televizor, kiçik və böyük məişət, qab-qacaq, ev tekstili, mebel bir sözlə, 30 000-dən çox çeşiddə hər növ ehtiyaca və büdcəyə uyğun məhsulların satışı həyata keçirilir. Açılışa qatıla bilməyənlər üzülməsin. Çünki sərfəli kampaniya yanvar ayının 7-dək davam edəcək. Yeni açılmış Binə mağazasına üz tutan müştərilər nağd alışda endirimlərlə yanaşı, hissəli alışda da sərfəli imkanları dəyərləndirə bilərlər. Belə ki, yalnız yanvarın 7-dək bu mağazada smartfonlar ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət texnikası, ev tekstili və qab-qacaqlar 18, mebellər isə 24 aylıq ilkin ödənişsiz, faizsiz, həmçinin komissiyasız şərtlərlə təqdim olunacaq. İndi isə vaxt itirmədən gəlin cəlbedici təkliflərə nəzər salaq. Beləliklə: -190 sm ekranlı, smart Toshiba televizorunu nağd alışda 3000 deyil, yarı qiymətinə; -7 kq tutumlu LG paltaryuyanını 1300 yox, endirimlə cəmi 800 manata; -2000 Vt gücü olan, keramik altlıqlı Philips ütüsünü 100 yerinə, cəmi 50 manata; -Yataq mexanizmli və bazalı Novella 3 yerli divanını isə 480 yox, cəmi 280 manata ala bilərsiniz. Odur ki, bayram fürsətlərini əldən verməmək üçün Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən “Kontakt” mağazasına mütləq gəlin! “Luks Palace”-ın yaxınlığı. |
2023-12-30 | 818,415 | Ordumuz haqda bu məlumatları yayanlar həbs olunacaq | Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymağa görə cinayət məsuliyyəti müəyyənləşir. Axar.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında lII oxunuşda müzakirəyə çıxarılır. Dəyişikliklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməllər ağır nəticələrə səbəb olduqda isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilməyəcək. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə 10 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 614-1-ci maddəsinin qüvvəsi şamil edilməyəcək. Məcəllələrə dəyişiklik layihəsi səsverməyə qoyularaq lII oxunuşda qəbul edilib. |
2023-12-30 | 818,416 | Millət vəkilləri tətilə çıxdı | Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb. Axar.az xəbər verir ki, spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasında görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, payız sessiyası dövründə parlamentin 39 plenar iclası keçirilib: "2023-cü ildə 268 qanun və 27 qərar qəbul olunub". Sonra spiker Milli Məclisin payız sessiyasını bağlı elan edib. Sonda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Bununla da Milli Məclisin payız sessiyası işini yekunlaşdırıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır, dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü işinə başlayır. |
2023-12-30 | 818,417 | Rus hərbçilərin Ermənistanda qalma müddəti... - Qaluzin | Rusiyanın Ermənistanda hərbi bazasının olması ilə bağlı hər hansı müzakirələr yersiz və zərərlidir. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. “Rusiya hərbi qulluqçularının Ermənistanda qalma müddəti 1995-ci il martın 16-da bağlanmış müqaviləyə əsasən 49 ildir, bundan sonra avtomatik olaraq daha 5 il uzadılır”, - Qaluzin bildirib. Onun sözlərinə görə, bu müqavilə hər iki dövlətin milli maraqlarına əsaslanır: “Rusiya əsgər və zabitləri təkcə Ermənistanda deyil, həm də bütün Cənubi Qafqazda sülh və təhlükəsizliyi effektiv şəkildə təmin etməkdə davam edirlər”. |
2023-12-30 | 818,418 | Zakir Həsənov müalicə olunan hərbçilərə baş çəkdi - Video | Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Baş Klinik Hospitalı ziyarət edib. Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib. Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçularla və tibb personalı ilə görüşən general-polkovnik Zakir Həsənov onlara Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini çatdırıb. Nazirliyin rəhbər heyəti hospitalda aparılan müalicə prosesi ilə maraqlanıb, xəstə və yaralıların tezliklə sağlamlıqlarına qovuşmalarını və ordu sıralarında xidmətlərini davam etdirmələrini arzulayıb. Hospitalın tibb personalının peşəkarlığı, burada xəstə və yaralı hərbi qulluqçuların müalicəsi zamanı göstərilən xidmətlər yüksək qiymətləndirilib. Şəxsi heyətə bayram hədiyyələri təqdim edilib. |
2023-12-30 | 818,419 | Tanınmış meyxanaçı vəfat etdi - Foto | Meyxanaçı Elçin Alatavalı dünyasını dəyişib. Kult.az xəbər verir ki, bu barədə meyxanaçının həmkarı Mehman Əhmədli məlumat yayıb. Mərhum bir müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin! |
2023-12-30 | 818,420 | ABB yeni rəqəmsal əmanət məhsulunu təqdim etdi! | ABB mobile istifadəçiləri artıq əmanət hesablarını da birbaşa tətbiq üzərindən yarada bilərlər. ABB-nin yeni rəqəmsal əmanət məhsulu olan DigiDepozit-lə Bankda etibarlı qaydada vəsait yerləşdirib yüksək gəlir əldə etmək imkanı hər kəs üçün rahat və əlçatandır. Əmanət yerləşdirmək üçün Banka gəlməyə ehtiyac yoxdur. Müqavilə SİMA ilə təsdiqlənir. Bankda əmanəti ABB mobile tətbiqi vasitəsilə yerləşdirməyin bir çox başqa üstünlükləri də var. Əmanəti həm AZN, həm ABŞ dolları ilə yerləşdirmək mümkündür. Bir müştəri tətbiq üzərindən 20-yə qədər əmanət müqaviləsi yaradaraq 500 000 AZN-ə qədər vəsaiti Bankda yerləşdirə bilər. Minimal məbləğsə 300 AZN-dir. Faiz gəlirlərini həm müqavilə müddətinin sonunda, həm aylıq əldə etmək mümkündür. Müştərinin ABB mobile vasitəsilə əmanət müqaviləsini istədiyi vaxt ləğv etmək, yaxud müddəti avtomatik uzatmaq imkanı var. ABB-də yerləşdirilən bütün əmanətlərin 100 000 AZN-ə qədər olan hissəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müvafiq qaydada sığortalanır. DigiDepozit ABB mobile tətbiqinin iOS əməliyyat sistemində artıq aktivdir. Qısa müddətdə məhsul Androiddə də aktiv olacaq. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. |
2023-12-30 | 818,425 | Bərdədə 300 minlik pirotexniki vasitələr aşkarlandı | Bərdə rayonunda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində piroxtexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib. Həmin ṣəxslərdən aşkarlanan külli miqdarda pirotexniki vasitələr götürülüb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib. DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, aşkarlanan vasitələrin dəyəri 300 min manata yaxındır. |
2023-12-30 | 818,427 | Ukraynanın raketi bitdi, NATO-nun üç seçimi var... - Markov | Rusiya Silahlı Qüvvələrinin hücumundan sonra Ukraynada rus ordusunun raketlərinin tükəndiyi ilə bağlı bütün söhbətlər dayandı. Eyni zamanda, bu söhbətlər Qərbdə də bitdi. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. Markov bildirib ki, indi bütün söhbət Ukrayna Silahlı Qüvvələrinin raketlərinin tükənməsi ətrafında gedir: “Bəs NATO nə etməlidir? Üç variant var. Birincisi, Rusiyaya güzəştə getmək və münaqişəni dondurmaq. İkincisi, NATO ölkələrinin iqtisadiyyatını sürətli şəkildə hərbiləşdirmək. Üçüncüsü isə 1 və 2-ci variantı birləşdirmək. Yəni Minsk-3 modelinə uyğun barışıq və 2024-cü ilə qədər Ukrayna ordusunu yenidən silahlandırıb, 2025-ci ildə yeni müharibəyə başlamaq. Seçim çətindir. Onlar bir neçə ay ərzində yeni strategiya hazırlamalıdırlar. Bunun nə olacağı hələ bəlli deyil. Hətta ictimai müzakirələr də aparılmır - hər şeyi birbaşa adlandırmaqdan qorxurlar". |
2023-12-30 | 818,429 | “Türksell” 3 Ukrayna şirkətindəki aktivlərini satır | Türkiyənin “Türksell” mobil operatoru üç Ukrayna şirkətindəki bütün aktivlərini Fransanın “NJJ Capital”a vermək qərarına gəlib. Axar.az xəbər verir ki, bu barədə “Türksell”dən məlumat verilib. “Şirkətimizin Direktorlar Şurasının 20 dekabr 2023-cü il tarixli qərarı çərçivəsində törəmə şirkətlərimiz olan “Lifesell” MMC, “Global Bilgi” MMC və “Ukrtower” MMC-nin səhmlərinin bütün hüquqlarının borcları ilə birlikdə “NJJ Capital”a verilməsi haqqında 29 dekabr 2023-cü il tarixində müqavilə imzalanmışdır”, - məlumatda qeyd olunub. Qeyd olunub ki, faktiki olaraq, aktivlərin verilməsi hələ həyata keçirilməyib və əməliyyatın dəyəri və onun yekun şərtləri ilə bağlı danışıqlar prosesi başlayıb. “Türksell“in “Lifesell”də türk şirkətinin hazırkı məzənnə ilə 334 milyon dollar, “Global Bilgi”də 1,2 milyon dollar, “Ukrtover”də 51,6 milyon dollar dəyərində səhmləri var. |
2023-12-30 | 818,431 | Partlayış: bütün Ukraynada hava xəbərdarlığı işə düşdü | Ukraynanın Zaporojye vilayətində partlayış olub. Axar.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” məlumat yayıb. Bildirilib ki, bütün ölkə ərazisində hava həyəcanı siqnalları işə düşüb. Partlayışın səbəbi və nəticələri hələ ki məlum deyil. Qeyd edək ki, dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu həyata keçirilmişdi. |
2023-12-30 | 818,432 | DİN-dən müharibə iştirakçısının iddialarına cavab | Sumqayıt şəhərində sürücülük hüququ olmadan avtomobil idarə edən 1989-cu il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı Xəzər Abdullayev işıq dirəyinə çıxaraq əsassız və qərəzli iddialar səsləndirib. Axar.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, X.Abdullayev sürücülük hüququ olmadan ayrı-ayrı avtomobillərlə hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratdığına görə polis əməkdaşları tərəfindən tədbirlər görülüb. Daha əvvəl də bu hərəkətlərə yol verən X.Abdullayevlə polis əməkdaşları profilaktiki iş aparılmaqla bu qanun pozuntusuna yol verməməyi onun diqqətinə çatdırılıb. Lakin X.Abdullayev edilən xəbərdarlıqlara məhəl qoymayıb, qanunamüvafiq tədbirlərdən nəticə çıxarmayıb, təkrarən sürücülük hüququ olmadan, həmçinin konstruksiyası dəyişdirilən və əlavə avadanlıqlar quraşdırılan avtomobili idarə edərək insanların həyat və sağlamlığına təhlükə yaradan hərəkətlərə yol verib. Buna görə də o, yenidən polis əməkdaşları tərəfindən saxlanılıb və avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Onun hərəkətlərinə adekvat olaraq zəruri tədbirlər polis tərəfindən görülüb. |
2023-12-30 | 818,435 | 2023-cü ildə itirdiyimiz məşhurlar - Siyahı | Artıq 2023-cü il başa çatmaq üzrədir. Təəssüf ki, bu il Azərbaycan ictimaiyyəti üçün itkisiz ötüşmədi. Kult.az 2023-ci ildə vəfat edən məşhurları təqdim edir: - Azərbaycanın əməkdar artisti, “Toppuş bacı” kimi tanıdığımız Tünzalə Əliyeva - 22 yanvar, uzun sürən xərçəng xəstəliyindən, 49 yaşında; - Xalq artisti, aktyor Ramiz Novruz - 21 fevral, xərçəng xəstəliyindən, 67 yaşında; - İlahiyyatçı, din xadimi Hacı Şahin Həsənli - 2 mart, ürək çatışmazlığından, 48 yaşında; - Əməkdar mədəniyyət işçisi, prodüser, rejissor kimi tanıdığımız Oqtay Əliyev - 22 mart, avtomobil qəzasında, 54 yaşında; - Akademik Rus Dram Teatrının rejissoru, xalq artisti İranə Tağızadə - 9 aprel, ürəktutmadan, 65 yaşında; - Akademik Milli Dram Teatrının bədii rəhbəri, xalq artisti Azər Paşa Nemətov - 9 aprel, 75 yaşında; - Məşhur qarmon ifaçısı, Azərbaycan və Dağıstan Respublikasının xalq artisti Aftandil İsrafilov - 29 aprel, xəstəlikdən, 82 yaşında; - Kinorejissor, aktyor, Azərbaycanın əməkdar artisti Elxan Qasımov - 29 may, 78 yaşında; - Tanınmış jurnalist Zülfüqar Hüseynzadə - 18 iyun, ürəktutmadan, 52 yaşında; - Milli Məclisin deputatı Madər Musayev - 14 iyul; xəstəlikdən, 75 yaşında; - Tanınmış aparıcı Natavan Babayeva - 20 iyul, onkoloji xəstəlikdən, 45 yaşında; - Tanınmış jurnalist Mübariz Əhmədov - 13 sentyabr, ürəktutmadan, 54 yaşında; - Milli Məclisinin deputatı Qənirə Paşayeva - 28 sentyabr, naməlum mənşəli hipotonik vəziyyət, 48 yaşında; - Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə - 3 oktyabr, 93 yaşında; - Xalq rəssamı Akif Əsgərov - 18 noyabr, 83 yaşında; - Tanınmış diplomat Yaşar Əliyev - 8 dekabr, 75 yaşında; - Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli xalq artisti Ramiz Məlik - 14 dekabr, xərçəng xəstəliyi, 80 yaşında; - Əməkdar artist, Gülarə Əliyeva adına “Dan ulduzu” ansamblının ilk skripka ifaçısı Esmira Babayeva - 15 dekabr, 76 yaşında; - Heydər Əliyev Sarayının keçmiş baş rejissoru, əməkdar mədəniyyət işçisi Gülçöhrə Şəfiyeva - 23 dekabr, şəkər xəstəliyi, 74 yaşında; - Tanınmış bəstəkar, SSRİ xalq artisti Murad Kajlayev - 23 dekabr, 74 yaşında. |
2023-12-30 | 818,436 | Metroda gediş haqqını bu cür də ödəyə biləcəksiniz - Yenilik | Bakı Metropoliteni QSC-nin bütün stansiyalarında sərnişinlərə QR bilet sistemi ilə gediş haqqını ödəmək imkanı yaradılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, sərnişinlər QR ödəniş üsulundan mobil cihazlarına “BakıKart” mobil tətbiqini yükləməklə istifadə edə bilərlər. Xatırladaq ki, bu sistem pilot layihə kimi ilk dəfə bu ilin sentyabr ayında Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında tətbiq edilib. Artıq bütün stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki 350-dən artıq qurğuda (turniketdə) texniki işlər tam yerinə yetirilərək proqram təminatını həyata keçirən cihazlar quraşdırılıb və sınaqlar uğurla başa çatdırılıb. Yeni ödəniş üsulunun üstünlükləri bunlardır: - kartsız olması “BakıKart” plastik kartını almağa sərf olunan vəsaitə qənaət etməyə imkan yaradır. QR bileti yaratmaq üçün sadəcə mobil telefonun internetə çıxışının olması kifayətdir. - Vaxta qənaət – artıq “BakıKart” plastik kartının balansını artırmaq üçün yükləmə terminalından istifadə etməyə ehtiyac yoxdur. Sərnişin hesabının balansını rahatlıqla “BakıKart” mobil tətbiqi üzərindən artıra və izləyə bilər. - Ödəniş tarixçəsinin izlənilməsi – sərnişin tətbiqdə ictimai nəqliyyata sərf etdiyi vəsaiti izləyərək dövri büdcəni hesablaya bilər. QR bileti “BakıKart” mobil tətbiqini “Google Play” və ya “App Store” platformalarından yükləyərək və qeydiyyatdan keçərək yaratmaq mümkündür. Bu zaman “pul kisəsi”ndə balans ən azı 1 manat artırılmalıdır. Sərnişin yaradılmış QR bileti turniketdə ödəmə displeyinə yaxınlaşdıraraq keçid edə bilər. QR bilet istifadəçiləri bunları bilməlidirlər: - QR bilet yalnız bir gediş üçün etibarlıdır; - QR bilet 5 dəqiqə ərzində etibarlıdır; - QR bilet üçün “pul kisəsi”ndə 1 manat bloklanır; - Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ “pul kisəsi”nə qaytarılır; - QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır. Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər. Bu ilin iyun ayında avtobuslarda nağdsız ödənişlər üçün “BakıKart” mobil tətbiqi istifadəyə verilib.Bu tətbiq istifadəçilərə asanlıqla səfərlərini planlamaq, “BakıKart” plastik kartlarının balansını artırmaq və gediş haqqını ödəmək imkanları yaradır. Həmçinin istifadəçilər tətbiqdə QR biletlər yarada və QR bilet tarixçələrini görə bilərlər. Hazırda ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan birbaşa ödəniş etmək mümkün olacaq. 2024-cü ilin yanvar ayından bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra 2024-cü ilin ilk rübünün sonunda müvafiq ödəniş sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur. |
2023-12-30 | 818,438 | Rusiyaya PUA hücumu: Mühüm zavodlar vuruldu | Bu gecə Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərə hücum həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Liga.net” saytı xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, Ukrayna hərbçiləri onlarla müxtəlif tipli PUA-dan istifadə edib və rusların hərbi sənaye kompleksinə əhəmiyyətli zərbə vurulub: “PUA-ların hədəfi Bryanskdakı kimya zavodu, eləcə də raket sistemləri üçün elektron komponentlər istehsal edən zavodlar olub. Bundan əlavə, Moskva, Tver, Tula və Belqorodda yerləşən hərbi infrastruktur obyektləri də hücuma məruz qalıb. Bəzi PUA-ların Rusiya hava hücumundan müdafiəsi tərəfindən vurulmasına baxmayaraq, əhəmiyyətli bir hissəsi hədəflərinə çatıb”. Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyi 4 vilayətə Ukrayna tərəfdən PUA hücumu edildiyi ilə bağlı məlumat yaymışdı. |
2023-12-30 | 818,439 | Rusiya NATO-ya qarşı müdafiə taktikası yürüdür - Çepa | Rusiya NATO-ya qarşı müdafiə taktikası yürüdür. Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa deyib. Onun sözlərinə görə, NATO-ya Moskvadan heç vaxt təhlükə olmayıb: “Amma Alyans üçün iqtisadi təhlükələr mövcuddur. Bir çox siyasətçi başa düşür ki, münaqişənin daha da gərginləşməsi NATO ölkələri üçün iqtisadi problemlərə gətirib çıxaracaq. Bundan sonra siyasi problemlər yarana bilər”. |
2023-12-30 | 818,440 | Azərbaycan startaplar üçün cəlbedici məkana çevrilir | Azərbaycan inkişaf edən və əlverişli bazara daxil olmaq istəyən startaplar üçün əsas məkana çevrilir. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə "Business Insider"də dərc olunan Azərbaycanda texnoloji bum barədə məqalədə qeyd edilib. Bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bazarda dəyişiklikləri təşviq etməyi öz üzərinə götürüb, bu, bütün dünyadan olan sahibkarlara və İT həvəskarlarına Azərbaycanın dinamik ekosisteminin imkanlarından yararlanmağa imkan verəcək: “Azərbaycan innovasiyaların təşviqi və bütün dünyadan istedadları cəlb etmək məqsədi daşıyan innovativ təşəbbüslər vasitəsilə startap mənzərəsini dəyişməyə hazırlaşır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən yeni tədbirlər iş icazələrinə ehtiyacı aradan qaldırır, texnoparklar üçün vergi güzəştləri tətbiq edir və köçürülməyə hərtərəfli yardım təklif edir”. Vurğulanıb ki, bundan əlavə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vasitəsilə İT şirkətlərinin inkişafı üçün müxtəlif imkanlar təklif edilir. Materialda qeyd olunub ki, bu strateji addım Azərbaycanı startapların bazara asanlıqla daxil olması üçün potensial olaraq əsas məkana çevirir. |
2023-12-30 | 818,442 | Bakıda 2 qəza: bu yollarda sıxlıq yarandı | Heydər Əliyev prospekti, ASAN Xidmətin yaxınlığında və Ziya Bünyadov ilə Azadlıq prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Nəticədə həm Heydər Əliyev prospektindən mərkəz, həm də Ziya Bünyadov prospektindən “Koroğlu” metrostansiyası istiqamətlərində sıxlıq yaranıb. |
2023-12-30 | 818,444 | Putin Ərdoğanı təbrik etdi | Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Yeni il münasibətilə təbrik edib. Axar.az xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb. Təbrikdə bildirilib ki, son zamanlar Rusiya ilə Türkiyə arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün çox işlər görülüb. Birgə səylər nəticəsində ölkələr ardıcıl olaraq iri enerji və infrastruktur layihələrini həyata keçirib, regional münaqişələrin həllinə töhfə verib: “Gələn il Moskva və Ankara Avrasiya qitəsində təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi maraqları, dost xalqların mənafeyi naminə müxtəlif sahələrdə ikitərəfli siyasi dialoq və məhsuldar əməkdaşlığı davam etdirəcəklər”. |
2023-12-30 | 818,445 | Ölkəmizlə İran arasında yeni keçid məntəqəsi açıldı | Bu gün İran və Azərbaycan arasında Astarada yeni sərhəd-keçid məntəqəsinin açılışı olub. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Açılış mərasimində Azərbaycan-İran Müştərək Komissiyasının həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş iştirak ediblər. |
2023-12-30 | 818,449 | Şuşa və Suqovuşana səfər edəcək sürücülərə çağırış | DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib. Axar.az müraciətin mətnini təqdim edir: "Ötən illərin təcrübəsi deməyə əsas verir ki, ölkəmizdə uzunmüddətli qeyri-iş günlərində əhalinin bölgələrə və paytaxta axını yollarda hərəkət intensivliyinin artmasına bilavasitə təsir göstərir. Lakin təəssüf ki, bir sıra hallarda sürücülərin tələskənliyi, yolda müəyyən edilmiş hərəkət sürətini aşmaları, ötmə və manevretmə qaydalarını pozmaları bu günlərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını da əhəmiyyətli dərəcədə artırır. Qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval-ruhiyyədə keçməsi üçün ötən illərdə olduğu kimi dövlət yol polisinin şəxsi heyəti yenə də gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarət gücləndiriləcək. Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını, xüsusilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilində ilk dəfə səfər edəcək sürücüləri diqqətli olmağa, sükan arxasına yorğun, yuxulu və ya hər hansı dərman preparatlarının təsiri altında əyləşməməyə, yola çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlamağa, yol və hava şəraitini nəzərə almağa, ələlxüsus dağlıq relyefdə təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, özlərinin və doğmalarının həyatını təhlükə qarşısında qoymamaq üçün tövsiyələrə əməl etməyə çağırır”. |
2023-12-30 | 818,450 | İvanişvili yenidən siyasətə qayıdır | Gürcüstanda hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının qurultayında keçmiş baş nazir, milyarder Bidzina İvanişvili fəxri sədr seçilib. Axar.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan mediası yayıb. Bildirilib ki, 2021-ci ilin əvvəlində siyasi fəaliyyətini başa vuran B.İvanişvili yenidən siyasətə qayıdır. "Üç il əvvəl mən fəal siyasi proseslərdən uzaqlaşmaq qərarım barədə cəmiyyətə məlumat verdim. İndi isə öz təşəbbüsümlə partiyanın fəxri sədri statusunda siyasi həyata qayıdıram", - o qeyd edib. |
2023-12-30 | 818,455 | Nazir Xankəndidəki oyundan yazdı | 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol matçının Xankəndi şəhərində keçirilməsi idman tariximiz üçün şərəfli səhifədir. Axar.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov dekabrın yekunlarına həsr olunmuş yazısında bildirib. Nazir dekabrın 21-də Azərbaycan Kubokunun 1/8 final mərhələsində baş tutan “Qarabağ”-MOİK görüşünü ilin hadisəsi adlandırıb: “Şübhəsiz, təkcə dekabrın deyil, ilin ən sevincli idman hadisəsi Xankəndidə yaşandı. Oyunu Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın stadionda şəhid övladları ilə birgə izləməsi qürurverici idi”. |
2023-12-30 | 818,457 | Xankəndidə SOCAR-ın yanacaq stansiyası açıldı - Foto | "SOCAR Petroleum” QSC işğaldan azad olunmuş torpaqlarımızda bərpa və yenidənqurma işlərinə dəstək olmaq məqsədlə növbəti “SOCAR” brendli modul tipli yanacaqdoldurma stansiyasını (YDS) Xankəndidə istifadəyə verib. Axar.az "SOCAR Petroleum”a istinadən xəbər verir ki, 2 yanacaqpaylayıcı kalonka quraşdırılan stansiyada “Aİ-92”, “Aİ-95 Premium” və “Dizel” markalı yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb. Qeyd edək ki, keyfiyyətli yanacağa olan tələbat nəzərə alınaraq modul tipli stansiya tezlikdə müasir interyerə sahib stasionar yanacaqdoldurma stansiyası ilə əvəz ediləcək. Bunun üçün QSC tərəfindən təmir-tikinti işləri sürətlə davam etdirilir. "Heydər Əliyev İli" çərçivəsində Xankəndidə istifadəyə verilən yeni stansiya ilə birlikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "SOCAR PETROLEUM"a məxsus yanacaqdoldurma stansiyalarının sayı 8-ə çatdırılıb. Hazırda Şuşa, Ağdam, Laçın, Xankəndi şəhərləri, Qubadlı (Eyvazlı kəndi), Xocavənd (Hadrut qəsəbəsi) və Cəbrayıl (Şükürbəyli) rayonlarında SOCAR brendli YDS-lər fəaliyyət göstərir. Ümumilikdə isə ölkə ərazisində “SOCAR” brendli yanacaqdoldurma stansiyalarının sayı 58-ə çatdırılıb. "SOCAR Petroleum” QSC-nin strateji inkişaf planına uyğun olaraq ölkə ərazisində müasir standartlara cavab verən “SOCAR” brendli YDS-lərin sayının bundan sonra da artırılması planlaşdırılır. |
2023-12-30 | 818,459 | Putin İlham Əliyevi təbrik etdi | Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib. Axar.az xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb. “Təbrik teleqramında Putin qeyd edib ki, ötən il Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri çox uğurla inkişaf edib və liderlərin müntəzəm görüşləri müxtəlif sahələrdə qarşılıqlı faydalı razılaşmaların əldə olunmasına töhfə verib. Həm ikitərəfli gündəliyin aktual məsələləri üzrə, həm də Cənubi Qafqazda və Xəzər regionunda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə səmərəli birgə işin davam etdiriləcəyinə ümid ifadə olunub”, - məlumatda bildirilib. |
2023-12-30 | 818,461 | Yanvarın havası: Bakıda 2 dərəcə şaxta olacaq | Yanvarda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxındır. Həmçinin gələn ilin ilk ayının birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-28 mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-3 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 8-13 dərəcə şaxta, dağlarda 14-19 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-25 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-28 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 0-5 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-30 mm). Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 10-32 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 22-49 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 17-31 mm). Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 44-98 mm) |
2023-12-30 | 818,465 | "Publika.az" ilin ən yaxşısı seçildi | Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AİPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilin ənənəvi qalib nominasiyalarını açıqlayıb. Axar.az xəbər verir ki, ilin qaliblərin siyahısında "Publika.az" da olub. İctimai-siyasi saytlar üzrə ilin idman saytı seçilib. AİJA idman mükafatları – 2023 İlin idman xadimi – Asif Əsgərov ("Qarabağ” FK-nın baş meneceri) İlin idmançısı Kişilər 1. Həsrət Cəfərov (yunan-Roma güləşi) 2. Zelim Kotsoyev (cüdo) 3. Nicat Abbasov (şahmat) Qadınlar 1. İrina Zaretska (karate) 2. Gültac Məmmədəliyeva (cüdo) 3. Zöhrə Ağamirova (bədii gimnastika) İlin klubu Kişi – “Qarabağ” Futbol Klubu Qadın – “Neftçi” 3X3 Basketbol Klub İlin komandası Kişi – yunan-Roma güləşi üzrə yığma komanda Qadın – şahmat üzrə Azərbaycan yığma komandası İlin futbol məşqçisi – Qurban Qurbanov (“Qarabağ” FK) İlin futbol kəşfi – Azər Bağırov (“Araz-Naxçıvan” FK) İlin idman məşqçisi – Rüstəm Alimli (cüdo) İlin idman kəşfi – Xədicə Qədəşova (cüdo) İlin futbol hakimi – Əliyar Ağayev İlin idman hakimi – Nazim Umbayev (cüdo) İlin idman həkimi – Ramil Vəliyev (cüdo) İlin idman hüquqşünası – Elcan Həsənli İlin idman federasiyası – Azərbaycan Güləş Federasiyası İlin idman layihəsi – “Qızlara ağ yaraşır” (Azərbaycan Cüdo Federasiyası) İlin idman jurnalisti Televiziya üzrə – Rəvan Mahmudzadə (CBC Sport) Qəzetlər üzrə – Kənan Ağəliyev (Futbol+) İdman saytları üzrə – Anar Xanlarov (Rekord.az) İctimai-siyasi saytlar üzrə – Təbriz Quliyev (Report.az) Xarici dilli media üzrə – Sahib Əsədbəyli (Azerisport.com) İlin televiziya aparıcısı Kişi – Nurlan Hacıyev (İdman TV) Qadın – Fəridə Abdulla (İctimai TV) İlin idman şərhçisi – Sənan Əliyev (basketbol) İlin fotoreportyoru – Ehtiram Cəbiyev (Report.az) İlin informasiya agentliyi – AzərTAC İlin telekanalı – İctimai TV İlin qəzeti – Futbol+ İlin saytı İdman saytları üzrə – Offsideplus.az İctimai-siyasi saytlar üzrə – Publika.az |
2023-12-30 | 818,471 | Bu ölkə İsrailə qarşı soyqırım aktı irəli sürdü | Cənubi Afrika Respublikası (CAR) Beynəlxalq Ədalət Məhkəməsindən İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərəkətlərini soyqırım aktı kimi təsnif etməyə çağırıb. Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. "Cənubi Afrika Respublikası öz bəyanatında İsrailin Qəzza zolağındakı hərəkətlərinin fələstinliləri məhv etmək məqsədi daşıdığı üçün soyqırım kimi təsnif edilə biləcəyini iddia edir", - məlumatda deyilib. Qeyd olunur ki, İsrail ittihamları rədd edib və bu iddiaların heç bir faktiki və hüquqi əsası olmadığını bildirib. |
2023-12-30 | 818,473 | Bu tarixdə Ukraynada matəm elan ediləcək | Yanvarın 1-i Ukraynada matəm günü elan ediləcək. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi Anton Gereşenko X-də yazıb. Onun sözlərinə görə, buna səbəb dekabrın 29-da Ukraynada həyata keçirilmiş kütləvi raket hücumudur. A.Gereşenko bildirib ki, bu kütləvi hücum nəticəsində rekord sayda insan həlak olub. Qeyd edək ki, dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu olub. Nəticədə 27 nəfər ölüb, 144 nəfər yaralanıb. |
2023-12-30 | 818,476 | Deputata sui-qəsd olayı: istintaq başa çatdı | Milli Məclisin deuputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib. Axar.az xəbər verir ki, cinayət işinə gələn il yanvarın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə iclasında baxılacaq. Qeyd edək ki, bu il martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdəbirini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib. Cinayəti törətməkdə şübhəli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov Elşad Əsgərov, Səbuhi Şirinov saxlanılıb. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. |
2023-12-30 | 818,477 | Rusiyada nazir qəzaya düşdü - Video | Rusiyanın Başqırdıstan Respublikasının səhiyyə naziri Ayrat Raxmatullinin olduğu avtomobil qəzaya düşüb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, nazirin olduğu “Toyota Kamri” avtomobili ötmə əməliyyatını həyata keçirmək istəyib. Lakin sürücü çovğun səbəbindən qarşıdan gələn “Lada Larqus”u görməyib və toqquşma olub. Qəza nəticəsində Raxmatullinin körpücük sümüyü sınıb və qapalı kəllə-beyin travması alıb. Nazir və köməkçisi xəstəxanaya yerləşdirilib. |
2023-12-30 | 818,478 | "Azəriqaz" gücləndirilmiş rejimə keçir | Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz" İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Axar.az-a “Azəriqaz”dan məlumat verilib. “Azəriqaz” abonentlərin nəzərinə çatdırır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər: “Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan Vatsapnömrəsinə də mesajlarını göndərə bilərlər. Bayram günlərində Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) əməkdaşları dekabrın 31-dən yanvarın 6-də saat 10:00-dan 14:00-dək BRQSD-nin inzibati binası və Xəzər xidmət sahəsində xidmət göstərəcəklər”. Bildirilir ki, həmçinin yanvarın 3-4-də saat 10:00-dan 16:00-dək Sabunçu, dekabrın 31-dən yanvarın 5-də saat 10:00-dan 14:00-dək Qaradağ xidmət sahələrində əsasən itirilmiş və ya zədələnmiş smart-kartların bərpası, qüsurlu ödənişlərin bərpası, koda düşmüş kartların bərpası, bir sözlə abonentin qazsız qalmaması üçün ən zəruri əməliyyatların icrası təmin ediləcək. Bundan başqa “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin Qəza təmir bərpa sahəsinin, 104/185 Çağrı Mərkəzinin əməkdaşları da sutkanın 24 saatı ərzində abonentlərin xidmətində olacaq. Bakı şəhəri və ətraf ərazilərdə qaz təchizatı ilə bağlı baş verəcək qəzalar, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq. Qeyd edək ki, bölgələrdə də eynilə növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaq. |
2023-12-30 | 818,479 | 675-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 675-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 564 təyyarəsi, 263 helikopteri, 10 241 PUA-sı, 445 zenit-raket kompleksi, 14 403 tank və digər zirehli texnikası, 1 191 reaktiv yaylım atəş sistemi, 7 566 artilleriya və minaatanı, 16 868 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-30 | 818,481 | İranda bir gündə 11 məhkum edam edildi | İranın Bircənd, Kaşan, Qorqan və Həmədan şəhərlərinin həbsxanalarında 11 məhkum edam edilib. Axar.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Bildirilib ki, məhkumların hamısı narkotik maddələrin alverində günahlandırılıb. Qeyd edək ki, cari ildə İran həbsxanalarında 20-si qadın olmaqla, 800-dən çox məhkum edam edilib. Onlardan 746-nın kimliyini dəqiqləşdirmək mümkün olub. |
2023-12-30 | 818,483 | MSK İlham Əliyevin namizədliyini qeydə aldı | Mərkəzi Seçki Komissiyası (MSK) Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb. Axar.az xəbər verir ki, bu barədə MSK-nın bugünkü iclasında qərar qəbul olunub. Məsələ barədə məlumatı MSK sədri Məzahir Pənahov təqdim edib. Xatırladaq ki, YAP İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 16-da YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib. MSK dekabrın 19-da İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. YAP dekabrın 26-da İlham Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə MSK-ya təqdim edib. Qeyd edək ki, Azərbaycanda gələn il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. |
2023-12-30 | 818,484 | Prezidentliyə namizədlərin sayı 16-ya çatdı | Mərkəzi Seçki Komissiyası (MSK) daha bir şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Namizəd Heydər oğlu Səfərovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 16-ya çatıb. Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. Daha sonra MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub. MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. |
2023-12-30 | 818,486 | Birbankın “10 001 hədiyyə” lotereyası yekunlaşdı | Ölkənin ilk rəqəmsal bankı Birbank-ın 13 oktyabr – 15 dekabr tarixlərində keçirilən “10 001 hədiyyə” lotereyası yekunlaşdı. 3 tirajdan ibarət lotereyanın final tirajında ümumilikdə 1 583 683 karta məxsus 30 519 156 şans iştirak edirdi. 27 dekabr tarixində canlı yayımda təsadüfi üsulla seçilən 3 335 kart qalib oldu. 3 tirajın sonunda 1 ədəd 2 otaqlı təmirli mənzil, 3 ədəd 10 000 AZN pul mükafatı, 3 ədəd 2 000 AZN və 4 ədəd 1 000 AZN dəyərində səyahət paketi, 90 ədəd “Umico Market”dən 500 AZN dəyərində hədiyyə kuponu da daxil olmaqla uduş fondunda olan 10 001 hədiyyə öz sahibini tapdı. Ötən gün isə lotereyanın final tirajının qaliblərinə hədiyyələr təqdim edildi. Hamının qazanmağı arzuladığı “Xəzri Rezidens” yaşayış kompleksindən 2 otaqlı mənzilin qalibi Sonya xanım həyəcanını tədbir iştirakçıları ilə bölüşdü. “İnanın, mən hələ də şokdayam. Baxmayaraq ki, bu gün Kapital Bankda bizə hədiyyələrimiz təqdim edilir, amma yenə də inana bilmirəm ki, mənzil udmuşam. Çox sevincliyəm, hər kəs məni təbrik edir. Artıq, ailəm, qohumlar, dostlar məndən mənzildə qonaqlıq sözü alırlar. Mən heç vaxt lotereyaların doğruluğuna inanmamışam, Kapital Bank isə fikirlərimi alt-üst elədi. Mənim ən böyük arzumu reallaşdırdığınız üçün sizə təşəkkür edirəm”. Bu dəfə 10 000 AZN pul mükafatını lotereyada 185 şansla iştirak edən Hacıbaba bəy qazandı. “Maraqlısı odur ki, mənim lotereyada iştirak etdiyimdən belə xəbərim olmayıb. Neçə şansım olduğunu belə bura gələndə əməkdaşlarınız dedilər mənə. İlk dəfə zəng gələndə dedim yəqin yalandır. Çünki ətrafımda bank adı ilə aldadılan adamlar olub. Amma fikir verdim ki, məndən kod, kart nömrəsi, heç nə istəmədilər. Neçə dəfə eşitmişəm ki, şəxsi məlumatlarınızı istəyən adamlara inanmayın. Nə deyim, qalib olmaq gözəl hissdir. Xüsusən də 10 000 manat pul qazanmısınızsa. Mən müştərilərinizə belə gözəl imkanlar yaratdığınız üçün sizə təşəkkür edirəm”. Final tirajında 2 000 AZN dəyərində səyahət paketi isə Tərlan bəyin şansına düşüb. “Mən rəqəmsal keçirilən lotereyalara inanıram. Təbii ki, bu şans məsələsidir, amma qazanacağıma inanırdım. Səyahət bayram öncəsi əla hədiyyədir. Mən 15-20 il xarici ölkələrdə yaşamışam, səyahət də etmişəm. Son 3 ildə isə maddi səbəblərdən bu alınmırdı. Mənim üçün yeni bir həyəcan olacaq. Heç vaxt olmadığım bir ölkəyə getməyi planlaşdırıram. Sizə isə bu şansı yenidən mənə verdiyiniz üçün təşəkkür edirəm”. Qaliblərin siyahısı ilə linkdən tanış ola bilərsiniz: https://kbl.az/bblotqf Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Feysbuk və İnstaqram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, Vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin. |
2023-12-30 | 818,487 | Çap olunacaq seçki bülletenlərinin sayı açıqlandı | 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar 6 milyon 524 min 203 seçki bülleteni çap ediləcək. Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında məlumat verib. Onun sözlərinə görə, seçki bülletenlərinin hazırlanması ilə bağlı bir sıra tədbirlər var: “Səsvermə gününə 35 gün qalmışa qədər səsvermə bülletenlərinin mətni, forması, sayı və qaydası hazırlanmalıdır. Seçki bülletenlərində namizədləri soyadı, adı, atasının adı əlifba sırası ilə göstərilir”. |
2023-12-30 | 818,488 | Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd ediləcək | Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, sərəncamda deyilir: “2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur. Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”. |
2023-12-30 | 818,489 | Prezidentdən Sahib Alıyevlə bağlı sərəncam | Sahib Eyvaz oğlu Alıyev “Şöhrət” ordeni ilə təltif edilib. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. |
2023-12-30 | 818,490 | Prezident daha bir sərəncam, 3 fərman imzaladı | 16:49 Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, Sərəncamda qeyd edilir ki, 2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir. Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə, qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar. Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur. Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır. Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika yaşıl enerji zonası elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğunu nəzərə alaraq qərara alınır: - Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi geniş qeyd olunsun. - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin. - Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı tədbirlər planının hazırlanmasını və həyata keçirilməsini təmin etsin. - Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1047-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 15.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.3. həmin Qanunun 15.3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də üç ay müddətində müvafiq dəyişiklik edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1047-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072; 2017, № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; 2019, № 1, maddə 73, № 2, maddə 245, № 5, maddə 845, № 6, maddə 1036, № 7, maddə 1232, № 8, maddə 1397, № 11, maddə 1718, № 12, maddə 1935; 2020, № 3, maddə 247, № 6, maddə 717, № 8, maddə 1036; 2021, № 4, maddə 318, № 8, maddə 922, № 12, maddə 1403; 2022, № 7, maddə 762, № 8, maddə 871; 2023, № 3, maddə 361, № 5, maddə 650, № 7, maddələr 936, 958; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 noyabr tarixli 2360 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.49-1-ci yarımbənd əlavə edilsin: “3.1.49-1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq, yekun tibbi müayinənin aparılmasını təmin etmək;”. 4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82; 2015, № 2, maddə 138, № 7, maddə 831, № 11, maddə 1320; 2016, № 6, maddə 1034, № 10, maddə 1612; 2017, № 12 (I kitab), maddələr 2282, 2294; 2018, № 11, maddə 2258; 2019, № 5, maddə 847; 2020, № 7, maddə 878, № 11, maddə 1349; 2021, № 1, maddə 36; 2022, № 4, maddələr 314, 324, № 8, maddə 871; 2023, № 1, maddə 84, № 3, maddə 344, № 4, maddə 471, № 7, maddələr 964, 982) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 4.1. 5.1-ci bəndə “31.1-ci” sözlərindən əvvəl “15.3-cü maddəsinin birinci və ikinci cümlələrində,” sözləri əlavə edilsin; 4.2. 5.2-1 – 5.2-3-cü bəndlər müvafiq olaraq 5.2-2 – 5.2-4-cü bəndlər hesab olunsun və aşağıdakı məzmunda 5.2-1-ci bənd əlavə edilsin: “5.2-1. həmin Qanunun 15.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”; 4.3. 5.13-cü bənddə “orqan (qurum)” dedikdə,” sözləri “və 15.3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qismində” sözləri ilə əvəz edilsin. 5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; 2021, № 5, maddə 446, № 6 (I kitab), maddə 572, № 8, maddə 923, № 9, maddə 987, № 12, maddə 1403; 2022, № 4, maddələr 323, 329; 2023, № 4, maddə 493, № 7, maddə 936; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 noyabr tarixli 2358 və 2360 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin: 5.1. 3.1.14-cü yarımbənddə “çağırışyaşlı şəxslər” sözləri “çağırışçılar və hərbi vəzifəlilər” sözləri ilə əvəz edilsin; 5.2. aşağıdakı məzmunda 3.1.14-1-ci yarımbənd əlavə edilsin: “3.1.14-1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq, yekun tibbi müayinəni aparmaq;”. 6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1047-VIQD nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər. 7. Bu Fərman 2024-cü il iyulun 1-dən qüvvəyə minir. *** Prezident İlham Əliyev “Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası”nın və “Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanın mətni ilə BURADAN tanış ola bilərsiniz. *** Prezident İlham Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinin ikinci cümləsində, 6.1-ci maddəsində, 6.2-ci maddəsinin üçüncü cümləsində, 6.3-cü maddəsində, 6.4-cü maddəsinin birinci cümləsində, 6.6-cı, 17.2-ci maddələrində, 23.2-ci maddəsinin ikinci cümləsində, 27.1.1-ci (hər iki halda) maddəsində və 27.1.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 5.4-cü maddəsinin ikinci cümləsində, 6.2-ci maddəsinin üçüncü cümləsində, 6.6-cı, 17.2-ci maddələrində, 23.2-ci maddəsinin ikinci cümləsində və 27.1.1-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.3. həmin Qanunun 6.1-ci, 6.3-cü maddələrində, 6.4-cü və 27.1.2-ci maddələrinin birinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur; 1.4. həmin Qanunun 27.1.1-ci (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin: 2.2.1. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydasını və həmin şəxslərə dair tələbləri; 2.2.2. həmin Qanunun 17.2-ci maddəsinə uyğun olaraq, icra sənədləri əsasında aparılan qiymətləndirməyə görə xidmət haqqının yuxarı həddini; 2.2.3. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla, həmin Qanunun 23.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına və sığorta məbləğinə dair minimum tələbləri; 2.3. bir ay müddətində: 2.3.1. həmin Qanunun 6.2-ci maddəsinin üçüncü cümləsinə və 6.6-cı maddəsinə uyğun olaraq, ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini, habelə ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3.2. həmin Qanunun 27.1.1-ci maddəsinə uyğun olaraq, Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən 3 (üç) nəfər və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 2 (iki) nəfər nümayəndə daxil olmaqla, 5 (beş) üzvdən ibarət təşkilat komitəsinin yaradılmasını təmin etsin; 2.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 3. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı: 3.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları həmin Qanunun müvafiq maddələrinin qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin; 3.2. qanunların layihələri hazırlanarkən həmin Qanunun müvafiq maddələrinin qüvvəyəminmə tarixi nəzərə alınsın. |
2023-12-30 | 818,491 | Tələbələrin təcrübə keçmə qaydası təsdiqləndi | “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası” təsdiq edilib. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası ilə BURADAN tanış olmaq mümkündür. |
2023-12-30 | 818,493 | Nazir Fransanın ölkədən çıxardığı diplomatları qəbul etdi | 30 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası tərəfindən 27 dekabr tarixində heç bir əsas olmadan persona-non-qrata elan edilmiş Fransadakı səfirliyimizin əməkdaşlarını qəbul edib. Bu barədə Axar.az-a Azərbaycan XİN-dən məlumat verilib. Nazir Ceyhun Bayramov səfirlik əməkdaşlarına göstərdikləri səmərəli diplomatik xidmətə görə təşəkkür edib. Fransa tərəfindən atılan bu əsassız addımın sözügedən ölkə tərəfindən Azərbaycan və Fransa arasında mövcud ikitərəfli münasibətlərə vurulan növbəti zərbə olduğu bildirilib. İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarının ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirərək əsassız addımlar atan Fransa tərəfinin olduğu qeyd edilib. Nazir Ceyhun Bayramov səfirlik əməkdaşlarına bundan sonrakı diplomatik fəaliyyətlərində uğurlar arzu edib. |
2023-12-30 | 818,498 | Elektrik enerjisindən istifadə qaydaları dəyişdi | Nazirlər Kabineti 2 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, müstəqil enerji istehsalçıları ilə istehlakçılar arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilələr bu Qaydalara əlavə edilmiş birtipli müqavilələr nəzərə alınmaqla fərqli formada bağlanıla bilər. |
2023-12-30 | 818,499 | Bu işçilərin maaşlarına əlavənin vaxtı uzadıldı | Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əmək haqlarına əlavənin müddəti uzadılıb. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına əlavənin verilməsinin müddəti gələn il aprelin 1-dək uzadılıb. Qeyd edək ki, daha əvvəl bu müddət 2024-cü il yanvarın 1-dək uzadılmışdı. |
2023-12-30 | 818,500 | Yeni il axşamı Bakıda ictimai nəqliyyat necə işləyəcək? | Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sakinlərin və paytaxt qonaqlarının Dənizkənarı Milli Parka səfər etmələrini və ictimai nəqliyyata kütləvi şəkildə axını nəzərə alaraq, dekabrın 31-də marşrutların fəaliyyəti saat 01:30-dək təşkil olunacaq. Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. "Sıxlığın yaranmaması və ictimai nəqliyyata olan sərnişin tələbatının ödənilməsi üçün müntəzəm marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi tapşırılıb", - məlumatda deyilir. |
2023-12-30 | 818,501 | Benzema Səudiyyə Ərəbistanını tərk etdi | “Əl İttihad” klubunun fransalı hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanını tərk edib. Axar.az xəbər verir ki, bu barədə Səudiyyə mətbuatı məlumat yayıb. Məlumata görə, 36 yaşlı hücumçu klubun cümə axşamı və cümə günləri keçirilən məşqlərində iştirak etməyib və adı “Əl Tai” ilə bu gün keçiriləcək oyunun iştirak ərizəsinə salınmayıb. Onun Səudiyyə Ərəbistanını hansı səbəbdən tərk etməsi barədə məlumat verilməyib. Benzemanın klub rəhbərliyi ilə arasında münaqişənin olduğu bildirilir. Qeyd edək ki, Kərim Benzema 2023-cü ilin iyunundan “Əl İttihad”da çıxış edir. |
2023-12-30 | 818,503 | ETTELAAT güneyli yazarı saxladı | Güney Azərbaycanın tanınmış fəalı, "Savalan" təxəllüsü ilə tanınan yazar İbrahim Rəşidi ETTELAAT tərəfindən saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə milli fəallar məlumat yayıb. Fəalın həbs səbəbi, hazırda harada saxlanıldığı haqda məlumat yoxdur. |
2023-12-30 | 818,504 | Bakı şəhərinin Baş planı təsdiqləndi | Bakı şəhərinin Baş planı təsdiqlənib. Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib. |
2023-12-30 | 818,507 | Niger fransız ordusunun çıxmasını bayram edir | Nigerin paytaxtı Niameydə son fransız kontingentinin çıxarılması şərəfinə cümə namazı qılınıb və konsert keçirilib. Axar.az xəbər verir ki, bu barədə ANB agentliyi məlumat yayıb. Məlumata görə, minlərlə insan Fransa əleyhinə şüarlar səsləndiriblər. Aksiya zamanı Niger bayrağı ilə yanaşı, Burkina-Faso, Mali və Rusiya bayraqları da dalğalandırlıb. Təbdirdə Nigerin Baş naziri Əli Lamin Zeyn, Burkina-Fasonun Baş naziri Yoahim Kyelem və Malinin Baş naziri Çogel Kokalla Maiqa iştirak edib. Qeyd edək ki, Nigerdəki fransız qoşunları dekabrın 22-dək ölkəni tərk edib. |
2023-12-30 | 818,512 | Səudiyyənin Atatürkə düşmən münasibətinin səbəbi | Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının paytaxtında keçirilməsi nəzərədə tutulan “Qalatasaray” və “Fənərbağça” oyununa klubların Atatürkün rəsmi olan köynəklərlə çıxmaq istəməsi yerli hökumət tərəfindən qəbul edilməyib və bu səbəbdən matç təxirə salınıb. Axar.az xəbər verir ki, bu hadisə dünəndən ciddi şəkildə müzakirə edilir, Səudiyyə rəhbərliyinin rəftarı ciddi şəkildə qınanılır. Mustafa Kamal Atatürkə münasibətin bu cür olması Türkiyə və Azərbaycan vətəndaşlarını da hiddətləndirib. İndi əksər platformalarda Səudiyyənin M.K.Atatürkə bu münasibətinin səbəbləri araşdırılır. Mövzunu Globalinfo.az-a şərh edən tarixçi alim Zaur Əliyevin sözlərinə görə, dünən Ər-Riyad şəhərində Türkiyənin iki super klubunun görüşü ilə bağlı xoşagəlməz hadisə bir daha göstərdi ki, Ərəbistanda uzun illərdir hakimiyyətdə olan Səud ailəsinin türk dünyasının böyük liderlərindən olan Mustafa Kamal Paşa Atatürkə münasibəti eyni qalıb. Tarixçi Atatürkün düşmənləri haqda danışıb: “İllərdir bu mövzu barədə yüzlərlə məlumat oxumuşam və mənə görə, Atatürkə düşmən olanların ümumi xüsusiyyətləri eynidir: 1. Onlar türklərin düşmənləridir 2. Onların milliyyəti yoxdur 3. Onlar dini tacirdirlər 4. Ərəbləşiblər 5. Onlar yunan azarkeşləridir. Maraqlısı bilirsiniz nədir? Bu günə qədər heç bir Səudiyyə kralı Ankaraya rəsmi səfəri zamanı Anıtqəbiri ziyarət etməyib. Kral Əbdüləziz də səfəri zamanı Anıtqəbiri ziyarət etməmişdi. Səbəbini də Səudların öz inanclarına bağlayırlar. Səudiyyə Ərəbistanının hakimiyyəti altında olan vəhhabilərin inancına görə, qəbirlərin üzərinə yazı yazmaq, türbə tikdirmək və s. şirk və ilhada aparan ən pis əməllərdəndir. Bu səbəbdən qəbirləri ziyarət etmək, məqbərələr tikmək hər hansı şəkildə qəti qadağan edilməlidir. Belə ki, ölülərə dua etmək, şəfaət etmək, münəccimlərə, qəbiristanlığa və falçılara inanmaq tamamilə bidətdir”. Z.Əliyev reallığın başqa olduğunu deyib: “Atatürk ərəblərin dini bizneslərinə birbaşa qadağa qoyan, islamı modernləşdirən şəxsdir. Bunun eyni zamanda Osmanlı dövlətində baş verən hadisələrə gedib çıxan səbəbləri də var. Səudların Məkkə və Mədinəni hədəf alaraq basqınlar təşkil etməsinə Osmanlıların cavabı sərt olub. 1811-ci ildə Osmanlı sultanının təlimatı ilə Misir paşası Məhəmməd Əli Paşa oğlu İbrahim paşanın komandanlığı ilə Səudilər üzərinə böyük ordu ilə yürüş edildi, 1817-ci ildə Səudilərin son müqavimət qalası və mərkəzi Dəriyyə darmadağın olundu. Bununla da ilk Səudi dövləti süquta uğradı. Osmanlılar Səudilərin öndərlərini edam etdi. 1871-ci ildə Osmanlılar yenidən Səudilərə qarşı genişmiqyaslı müharibəyə başladı. Bu dəfə Osmanlı Sultanı özünə sadiq olan Əl-Rəşid qəbiləsini dəstəkləyərək Səudiləri cəzalandırdı və 1891-ci ildə ikinci Səudi dövləti də süquta uğradı. Buna görə Birinci Dünya müharibəsindən sonra ingilislər Ərəbistanda Osmanlı-Türkiyəyə qarşı loyal olmayan ailənin üzərində dayandılar”. Alim deyib ki, Atatürkün ingilislərə qarşı münasibəti elə də isti deyildi: “O dövrdə ingilislər Məhəmməd (s) peyğəmbərin məzarının köçürülməsini istəyirdilər və Atatürk buna ciddi mane olmuşdu. Ona görə 1932-ci ildə Ərəbistanda hakimiyyətə gələn Səud ailəsinin qarşısında ingilislərin qoyduğu ən önəmli tələblərdən biri də Türkiyə ilə münasibətlərdə aqressiv mövqe göstərmək idi. Məlumat üçün deyim ki, Hicazın qubernatoru və xarici işlər naziri Kral Malik Əbdüləzizin oğlu Əmir Feysəl başda olmaqla, Səudiyyə Ərəbistanı nümayəndə heyəti 8-23 iyun 1932-ci il tarixləri arasında Türkiyəyə səfəri zamanı dostluq mesajlarını təkrarlamış və Atatürkün onların fəaliyyətində rolunu minnətdarlıqla qeyd etmişdi. 22 sentyabr 1932-ci ildə Hicaz və Necd Krallığının adı dəyişdirilərək “Səudiyyə Ərəbistanı Krallığı” edildi. 1926-cı ildə olduğu kimi, 1932-ci ildə də yeni dövlətin qurulmasını tanıyan ilk ölkə Türkiyə Cümhuriyyəti oldu. Səud ailəsinə bütün dəstəyə baxmayaraq, ortada ingilis barmağı var idi və onlar ərəbləri istədikləri kimi idarə edirdilər. İngilslərin Atatürkə düşmən olmasının səbəblərindən biri də Atatürkün Türkiyə Cümhuriyyətinin qurulması zamanı və ondan sonra ərəb xalqlarının müstəqilliyini və öz müqəddəratını təyinetmə hüququnu müdafiə etməsi olmuşdur. Lozanna danışıqları zamanı Türkiyə nümayəndə heyəti Atatürkün göstərişi ilə Yaxın Şərq ərəblərinin müstəqillik hüququnun müdafiə olunmasını təmin etmişdi ki, bu da Britaniyaya sərf etmirdi. Ona görə də Səud ailəsini tez-tələsik Ərəbistana hakim təyin edən Britaniya ərəblərə məxsus milyardlarla dollarlıq neftin əllərindən çıxmasından qorxurdular”. Zaur Əliyev qeyd edib ki, dövlət elan ediləndən sonra birdən-birə Səud ailəsi Atatürkə qarşı aqressiv siyasət yeritməyə başladı: “Sosial mediada guya Atatürkün Səud kralına göndərdiyi “teleqram” paylaşılır. Bu yanlışdır. O dövrdə Səud ailəsi hakimiyyətdə deyildi və teleqramın orjinalı heç bir qaynaqda yoxdur. Əslində, “teleqram"da yazılan sözlər Türkiyənin Britaniyada səfiri tərəfindən ingilis hökumətinə deyilib: “O qəbrin bir daşına toxunsanız, Qurtuluş Savaşını tərk edib ordularımla yerə enərəm”. Lakin sosial mediada yayılan “teleqram” saxtadır və Atatürk tərəfindən imzalanmayıb. O dövrdə Mustafa Kamal Paşa heç Atatürk adını belə almamışdı. Qeyd edim ki, həm islam dünyasında, həm də digər dinlərdə Atatürkün modern islam modelindən narahat olanlar da olub. Atatürkü mənfi şəkildə göstərmək istəyən bir qrup var. Bunlar da dünən özlərini oyun zamanı göstərdi. Atatürkə ərəblərin belə aqressiv münasibətinin kökündə eyni zamanda azanın türk dilində verilməsi ilə bağlı təkliflərinin olmasıdır. Atatürk dövründə qəbul edilmiş türkcə azan qərarını tənqid edərkən bir məsələni də nəzərə almaq lazımdır. Əhli-sünnə fiqhinin əsas prinsiplərindən biri müqəddəs Qurani-Kərimin bu ayəsinə əsaslanır: “Allaha, Onun Rəsuluna və içinizdən olan əmr sahiblərinə itaət edin”. Lakin ərəblər Atatürkün bu addımını islama zidd kimi qəbul edirdilər, baxmayaraq ki, Türkiyədə möhkəm dayaqları olan hənəfilərin əqidəsinə görə, bu səhv addm deyildi. Həm də dünən Amerika-ingilis sistemi Atatürkə olan aqressiiv siyasətlərini əlləri altında fəaliyyət göstərən Səud ailəsi vasitəsilə bir daha göstərdilər. 2 oktyabr 2018-ci il Qaşıqcı cinayəti və Səudiyyə hökumətinin Şərqi Aralıq dənizində Türkiyəyə qarşı Yunanıstana dəstəyini ifadə etməsi bu iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə yol açan əsas amillərdir. Məlumat üçün bildirim ki, zaman-zaman Səudiyyədə ingilis-amerikan maliyyəsi ilə nəşr edilən qəzet və saytlar Atatürkün heykəllərinin yıxılması barədə yazılar dərc ediblər. Çünki türk milləti islam dinindən sonra ümmətçi olub ərəb kimi düşünməyə başlamışdı. Atatürk yenidən türklüyü ədalətə qaytardı! Son olaraq qeyd edim ki, Atatürkü sevmək, onunla qürur duymaq çağdaş dünya düzənində bizlərin kimlik davamızın səbəblərini bilmək deməkdir. Atatürkü dərindən bilmək türkün inkişaf edən dünya düzənində yerini bəlirləməkdir. Atatürkçü olmaq demokratik dəyərlərə tam şəkildə sahib çıxmaqdır. Başqalarına zərər vermədən, barış və dostluq şəraitində yaşamaq deməkdir. Ondan zərər görməyiniz nadir hallarda ola bilər…” |
2023-12-30 | 818,522 | Ombudsman Fəxri mediator diplomu ilə təltif olundu | Mediasiya Şurası və mediatorların fəaliyyətinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fəxri mediator diplomu ilə təltif edilib. Axar.az xəbər verir ki, diplomu Səbinə Əliyevaya Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov təqdim edərək, ona 2023-cü ildə Mediasiya Şurasının fəaliyyətinə göstərdiyi dəstəyə görə dərin təşəkkür edib və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxsahəli fəaliyyətində uğurlar arzu edib. |
2023-12-30 | 818,523 | İvanişvili baş nazir olacaq? - Özü bəyan etdi | Mən Baş nazir vəzifəsi üçün namizəd olmayacam. Baş nazir dəyişməyəcək. Nazirlər də öz postlarında qalacaqlar. Axar.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, “Gürcü arzusu” bu gün 60 faizə qədər real reytinqə malikdir və partiya 2024-cü il seçkilərində qalib gələcək: “Gürcü arzusu” 2024-cü il seçkilərində mütləq qalib gələcək. Biz 2012-ci ildən bəri izlədiyimiz xətti gedəcəyik, ölkəmizi 2030-cu ilədək Avropa Birliyinə üzv edəcəyik, insan haqlarını mümkün qədər yaxşılaşdıracağıq”. Qeyd edək ki, o, bu gün aktiv siyasətə qayıtdığını elan edib. |
2023-12-30 | 818,524 | NK-dan sementin bəzi növləri ilə bağlı qərar | Sementin bəzi növləri əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən malların siyahısından çıxarılıb. Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarında dəyişikllik edilib. Dəyişikliyə əsasən, “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”ndan boyanmış və ya boyanmamış, hazır və ya klinker formasında portlandsement, giltorpaqlı sement, şlaklı sement; supersulfat sementi və analoji hidravlik sementlər çıxarılıb. |
2023-12-30 | 818,525 | "Traktor"dan möhtəşəm qələbə... | İran çempionatında 15-ci turun oyunları keçirilir. Axar.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" doğma meydanda "Sanat Naft Abadan"la qarşılaşıb. Matç Təbriz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində xallarını 28-ə yüksəldən "Traktor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Sanat Naft Abadan" 11 xalla 14-cüdür. |
2023-12-30 | 818,527 | Belqoroda raket hücumu: Putinə məlumat verildi | Rusiya Prezidenti Vladimir Putinə Ukrayna Silahlı Qüvvələrinin Belqorodun yaşayış məntəqələrinə hücumu barədə məlumat verilib. Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. "Ukrayna Silahlı Qüvvələrinin Belqorodu atəşə tutması nəticəsində azı on nəfər ölüb, 45 nəfər yaralanıb", - Kremldən verilən açıqlamada vurğulanıb. Qeyd edək ki, bu gecə Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərə hücum həyata keçirib. |
2023-12-30 | 818,528 | Bakıdan bölgələrə gedən sürücülərə çağırış | Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) paytaxtdan bölgələrə gedən sürücülərə çağırış edib. İdarədən Axar.az-a verilən məlumata görə, bütün şəxsi heyəti gücləndirilmiş formada yollarda hərəkəti tənzimləyir. "Bu gündən etibarən paytaxtdan bölgələrə doğru böyük avtomobil axının olması nəzərə alınaraq DYP-nin bütün şəxsi heyəti yollarda hərəkətin tənzimlənməsinə cəlb edilib. Bütün bu tənzimləmələrə baxmayaraq, bəzi yollarda yenə də sıxlıq müşahidə edilir. Bu səbəbdən bütün sürücülərdən xahiş olunur ki, yolda tələskənliyə yol verməsinlər, sürət həddinə xüsusilə ciddi əməl etsinlər və yol hərəkəti qaydalarını pozmasınlar", - məlumatda qeyd olunub. |
2023-12-30 | 818,530 | Kiyevin ultimatumuna Moskvanın cavabı... | Rusiya heç vaxt ultimatumlara və ya şantajlara boyun əyməyib. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın müvafiq bəyanatını şərh edərkən deyib. Zaxarova əlavə edib ki, Rusiyanı və ya onun xalqını məhv etməyə çalışan hər kəsə “insanlıqdan sıyrılma resept"i verilib. O, həmçinin ən azı on nəfərin ölümünə səbəb olan Ukrayna Silahlı Qüvvələrinin zərbəsindən sonra Belqorod sakinlərinə dəstək ifadə edib. Qeyd edək ki, bu gün səhər saatlarında Mixail Podolyak Ukraynanın Rusiya ilə sülh danışıqları aparmayacağını, ancaq ultimatum verəcəyini bildirib. |
2023-12-31 | 818,533 | Ukraynanın Belqoroda zərbəsi: 20 ölü, 111 yaralı | 2023.12.30. 19:40 Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib. Məlumata görə, daha 108 nəfər yaralanıb. *** Belqoroda endirilən zərbələr nəticəsində ölənlərin sayı 18-ə, yaralıların sayı isə 111 nəfərə çatıb. *** Belqoroda hücumda ölənlərin sayı 20-yə çatıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir. Qeyd edək ki, bu gecə Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərə hücum həyata keçirib. |
2023-12-30 | 818,534 | Azyaşlı övladını nikaha məcbur edən ata həbs olundu | Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edilib. Daxili Işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, 1979-cu il təvəllüdlü Mübariz Musa oğlu Quliyev cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə Polis Şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir. |
2023-12-30 | 818,535 | Çin gəmisi ilə Sinqapur tankeri toqquşdu: itkin düşənlər var | Çinin balıqçı gəmisi Bohay dənizində Sinqapur tankeri ilə toqquşub. Axar.az xəbər verir ki, Çinin Şandon vilayətinin yaxınlığında baş verən qəza nəticəsində balıqçı gəmisinin 8 heyət üzvü itkin düşüb. Hazırda ərazidə axtarış işləri aparılır. |
2023-12-30 | 818,536 | Naxçıvanda mühüm sərəncamlar imzalandı | Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən dekabr ayının ikinci 15 günü ərzində bir sıra qərarlar qəbul edilib, sərəncamlar imzalanıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, “Naxçıvan Muxtar Respublikasının “Arazboyu” Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Fərmanının ləğv edilməsi və “Naxçıvan Muxtar Respublikasının “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması haqqında Ali Məclisi sədrinin müvafiq Fərmanında dəyişiklik edilməsi barədə Ali Məclisi sədrinin müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 2023-cü il 25 dekabr tarixində Sərəncam imzalanıb. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırılmaqla, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etmələri tapşırılıb. Həmçinin Nazirlər Kabinetinin eyni tarixli digər Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Ali Məclis sədrinin müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılıb. Bundan başqa, Nazirlər Kabinetinin 2023-cü il 27 dekabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib. Qərara əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən xidmətlər zərfində dəyişikliklər edilərək tibbi xidmətlərin sayı və çeşidi artırılıb, eləcə də bəzi xidmətlərin qiyməti yenilənib. Belə ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3344-ə çatdırılıb. Bu xidmətlərin 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub. Təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər əlavə olunub. Nazirlər Kabineti tərəfindən “Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının strukturu və ştat cədvəlinin təsdiq edilməsi” və “Bir sıra təşkilatların, publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan bəzi hüquqi şəxslərin ştat cədvəllərinin təsdiq edilməsi barədə” qərarlarında dəyişiklik edilmiş, Zəngəzur Milli Parkının strukturu və ştat cədvəli təsdiq edilib. Eləcə də, Nazirlər Kabinetinin 2023-cü il 27 dekbar tarixli Qərarı ilə “İcbari tibbi sığorta üzrə “Xidmətlər Zərfi”ndə nəzərdə tutulmayan, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri tərəfindən həyata keçirilən bir sıra tibbi xidmətlərin haqqının müəyyənləşdirilməsi barədə” və “Naxçıvan Muxtar Respublikasının Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən göstərilən ödənişli tibbi xidmət növlərinin qiymət cədvəli”nin təsdiq edilməsi haqqında” qərarları ləğv edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının ləğv edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişaf Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi barədə” sərəncamlarının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 2023-cü il 29 dekabr tarixində Sərəncam imzalanıb. Aidiyyəti dövlət orqanlarına normativ-hüquqi aktların Sərəncama uyğunlaşması barədə təkliflərin Nazirlər Kabinetinə təqdim edilməsi üçün vaxt müəyyən edilib. Həmçinin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilib. |
2023-12-30 | 818,539 | Ombudsman Axundov və Bəbirovla görüşdü - Foto | Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2023-cü ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülərək həbs edilmiş və bu yaxınlarda əsirlikdən azad edilmiş Azərbaycan Ordusunun əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirovla görüş keçirib. Bu barədə Axar.az-a Ombudsman Aparatından bildirilib. Qeyd edilib ki, görüş zamanı Ombudsman ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin davamlı səyləri və əzmkarlığı sayəsində Ermənistan əsirliyindən azad olunmaları münasibətilə H.Axundov və A.Bəbirovu təbrik edib. Müvəkkil hərbi qulluqçularımızın səhhəti və indiki vəziyyətləri, habelə qayğıları ilə maraqlanıb. Onlar Ermənistanda saxlanıldıqları müddət ərzində məruz qaldıqları qeyri-insani rəftar halları barəsində məlumat veriblər Ombudsman öz növbəsində hərbi qulluqçularımızın qeyd etdikləri məsələlərin müvafiq beynəlxalq qurumlar qarşısında qaldırılacağını, hüquqlarının təmini istiqamətində lazımi addımların atılacağını bildirib. |
2023-12-30 | 818,543 | Türkiyədə özəl təyyarə qəza enişi etdi | Türkiyədə özəl təyyarə qəza enişi edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Məlumata görə, İstanbulun Atatürk Hava Limanından havaya qalxan şəxsi təyyarə Diyarbəkir hava limanına enərkən uçuş-enmə zolağından çıxıb. Hadisənin digər detalları açıqlanmayıb. |
2023-12-30 | 818,544 | Bu məhsullar gömrük rüsumundan azad edildi | Azərbaycana idxal edilən bəzi məhsullar daha 2 il gömrük rüsumundan azad edilib. Axar.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Dəyişikliyə əsasən, ölkəyə idxal edilən inəklər, toyuqlar, toyuq əti, kərə yağı, rekombinə edilmiş yağ, zərdab yağı, təzə və soyudulmuş tomat, xiyar və kornişonlar, üzümün süfrə növləri, alma, armud, bəzi portağal və digər sitrus meyvələrinin şirələri, meyvə və tərəvəz şirələri əsasında içkilər, bəzi energetik içkilər, istehsal məqsədli tütün növləri, emal edilməmiş gönlər, südlü pastalar daha 2 il gömrük rüsumundan azad edilib. |
2023-12-30 | 818,548 | 4 sığorta vasitəçisinin lisenziyası ləğv olundu | Azərbaycan Mərkəzi Bankı (AMB) daha 4 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib. Bu barədə Axar.az-a tənzimləyici qurumdan bildirilib. Məlumata görə, bu qərar dekabrın 20-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar 12 ay ərzində lisenziyalarının qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, lisenziyaların qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığı üçün ləğv olunub. |
2023-12-30 | 818,549 | Bu hücum cəzasız qalmayacaq - Rusiya MN | Biz vurğulayırıq ki, Rusiya Silahlı Qüvvələri yalnız hərbi obyektlər və onlarla birbaşa əlaqəli infrastrukturlar üzərində işləyir. Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfinin Belqoroda raket zərbələri endirməsini şərh edərkən deyib. "Biz bu şəkildə hərəkət etməyə davam edəcəyik. Bu hücum cəzasız qalmayacaq", - Rusiya Müdafiə Nazirliyi bildirib. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb, 108 nəfər isə yaralanıb. |
2023-12-30 | 818,552 | Bəzi idxal məhsulları rüsumdan azad edildi | Azərbaycana idxal edilən bəzi məhsullar 2026-cı il dekabrın 31-ə qədər 3 il müddətinə gömrük rüsumundan azad edilib. Axar.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Dəyişikliyə əsasən, daha 3 il gömrük rüsumundan azad edilən məhsullara aşağıdakılar daxildir: - vəzi tərəvəz bitkilərinin toxumları, - maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları, - balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar, həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar. |
2023-12-30 | 818,557 | Sali Berişa ev dustaqlığına məhkum olundu | Albaniyanın keçmiş baş naziri Sali Berişa barəsində ev dustaqlığı qərarı çıxarılıb. Axar.az xəbər verir ki, ölkənin Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq üzrə Xüsusi İnstansiya Məhkəməsi əvvəlki məhdudlaşdırıcı tədbirləri pozduğuna görə 79 yaşlı Berişanın ev dustaqlığına məhkum edilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib. Onun xaricə çıxışı da qadağan olunub. Qeyd edək ki, bir müddət öncə ölkə parlamenti Berişanın hüquqi toxunulmazlığının ləğvinə qərar verib. Oktyabr ayında prokurorluq Berişa barəsində kürəkəni Camarber Maltesiyə 17 çoxmənzilli bina tikmək üçün dövlət torpaqlarının özəlləşdirilməsinə yardım etmək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi iddiası ilə cinayət işi açıb. |
2023-12-30 | 818,560 | Prezidentdən Həmrəylik Günü ilə bağlı paylaşım - Foto | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. Axar.az xəbər verir ki, paylaşımda “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!” sözləri qeyd edilib. |
2023-12-30 | 818,561 | 20 minlik pirotexniki vasitə aşkarlandı | Polis əməkdaşları yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirləri davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını təşkil edən şəxs saxlanılıb. Ondan ümumi dəyəri 20 min manatdan çox olan müxtəlif növ pirotexniki vasitə aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb. |
2023-12-30 | 818,562 | Rusiya BMT TŞ-nin iclasını çağırdı | Rusiya Ukrayna Silahlı Qüvvələrinin Belqorod şəhərinə zərbə endirməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsini istəyib. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib. “Biz bu gün, dekabrın 30-da Nyu York vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 31 dekabr, saat 00:00) Təhlükəsizlik Şurasının Belqorod üzrə iclasının keçirilməsini istəmişik. Biz həmçinin Çexiyanın daimi nümayəndəsinin iştirakını tələb etdik, qoy o, ölkəsinin mülki insanların ölümünə səbəb olan sursatları tədarük etməsinə görə cavab versin”, - Polyanski qeyd edib. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb, 108 nəfər isə yaralanıb. |
2023-12-30 | 818,564 | İsrail Hələbə zərbələr endirdi | İsrail bu gün Hələb şəhərinin cənubunda bir sıra hədəflərə hava zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi bildirib. Bildirilib ki, İsrail Latakiyanın qərbində hava hücumu həyata keçirərək Hələb şəhərinin cənubunda bir sıra hədəflərə zərbələr endirib. Hücum nəticəsində müəyyən qədər maddi ziyan dəyib. |
2023-12-30 | 818,566 | Belqoroda hücumun arxasında bu iki ölkə var | Belqoroda hücumun arxasında ABŞ-la birgə Böyük Britaniya dayanır. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya XİN sözçüsü Mariya Zaxarova çıxış edib. O bildirib ki, Moskva ilə danışıqlar aparmağı qadağan edən məhz London olub. Bununla belə, Ukrayna Silahlı Qüvvələri üçün cəbhədə ağır vəziyyət olduğundan və bunu düzəltmək şansı olmadığından, Böyük Britaniya mülki şəxslərə qarşı terror hücumları təşkil etmək taktikasına keçib. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb, 108 nəfər isə yaralanıb. |
2023-12-30 | 818,569 | Ölkədə qızılca ilə bağlı vəziyyət nə yerdədir? | Qızılca yüksək yoluxuculuq qabiliyyətinə malik xəstəlikdir. Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsul hesab olunur. Hazırda vəziyyət kifayət qədər nəzarət altındadır və yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Axar.az xəbər verir ki, bunu Azərtaca-a müsahibəsində TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib. “Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bəzən yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Onu da qeyd edim ki, müalicə xərcləri icbari tibbi sığorta üzrə xidmətlər zərfi çərçivəsində ödənilir. Təəssüf ki, əksər hallarda ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlar olur. Bu isə peyvəndin nə dərəcədə effektiv müalicə üsulu olduğunu bir daha sübut edir”, - Qurbanov bildirib. |
2023-12-30 | 818,571 | Serbiya müxalifəti aksiyanı dayandırdı | Serbiya müxalifəti bundan sonra Respublika Seçki Komissiyasının binası önündə etiraz aksiyası keçirməyəcək. Axar.az xəbər verir ki, bu barədə Serbiya müxalifətinin liderlərindən Miroslav Aleksiç məlumat verib. “Artıq Respublika Seçki Komissiyasının qarşısına toplaşmağın mənası yoxdur, çünki orada heç kim yoxdur, Yeni ildən sonra planlar, tədbirlər olacaq. Biz belə vaxtaşırı böyük görüşlər təşkil edəcəyik", - Aleksiç deyib. Qeyd edək ki, bu gün müxalifət Belqradın mərkəzində dekabrın 17-də keçirilən parlament və bələdiyyə seçkilərinin nəticələrinə etiraz olaraq böyük mitinq keçirib. |
2023-12-30 | 818,573 | Müdafiə naziri şəxsi heyəti təbrik etdi | Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəxsi heyəti təbrik edib. Axar.az xəbər verir ki, təbrikdə qeyd olunur: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, əzmli və iradəli olmağınızı arzulayıram. Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm zəmin yaratmışdır. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artmışdır. Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi yazıldı. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Xankəndi şəhərində keçirilən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş Zəfər Paradı gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyini bir daha təsdiq etdi. Dövlət müstəqilliyimizin əsas atributlarından biri sayılan üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə yenidənqurma-bərpa işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, böyük qayıdışa layiqli töhfələrini verməkdədir. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız. Hərbi Anda sədaqətə, çətin və şərəfli xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm. Hər zaman olduğu kimi bu bayram günlərində də Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, unudulmaz xatirələrini əziz tuturuq. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram. Bayramınız mübarək olsun!" |
2023-12-30 | 818,575 | 500 hərbçi axtarış apardı və rus raketini tapmadı | Polşa hərbçiləri Rusiya raketinin düşdüyü ehtimal edilən ərazidə (Lyublin bölgəsində - red.) axtarışları yekunlaşdırıb və təhlükə yaradan heç nə tapmayıblar. Axar.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin məlumatında deyilir. Bildirilib ki, təxminən 500 əsgər raketin düşdüyü ərazidə raket qalıqlarının axtarışlarına cəlb olunub. Qeyd edək ki, ötən gün Ukraynadan Polşa hava məkanına Rusiya raketinin daxil olduğu, qısa müddət sonra isə radarlardan itdiyi açıqlanmışdı. Bununla bağlı Polşa tərəfi Rusiya müvəqqəti işlər üzrə vəkilini XİN-ə çağıraraq xəbərdarlıq etmişdi. |
2023-12-30 | 818,579 | Afrikanın ən varlı adamı bir ildə 3,6 milyard itirdi | Afrikanın ən varlı adamı, Nigeriyanın ən böyük sənaye şirkətinin sahibi Aliko Danqote son bir ildə 3,6 milyard dollar itirib. Axar.az Report-a istinadən xəbər verir ki, onun sərvəti 18,7 milyard dollardan 15,1 milyard dollara düşüb. Danqotenin maliyyə problemləri əsasən Nigeriya Mərkəzi Bankının iyunun 14-də bir neçə məzənnə əvəzinə milli valyutanın - nairanın vahid üzən məzənnəsini tətbiq etdiyi qərarı ilə bağlıdır. Bu, nairanın 50%-dən çox dəyər itirməsinə səbəb olub. Nəticədə oliqarxın əsasən Nigeriyada yerləşən aktivləri ucuzlaşıb. Buna baxmayaraq, əvvəllər qitənin aparıcı sement istehsalçısı kimi tanınan Danqote Nigeriyada gündə 650 min barrel neft emal etmək üçün nəzərdə tutulmuş və 20 milyard dollara başa gələn ən güclü neft emalı zavodunu müvəffəqiyyətlə inşa edib. Onun istifadəyə verilməsinin ölkənin enerji sektorunda inqilab olacağı güman edilir. Zavodun planlaşdırılan dövriyyəsi ildə 27 milyard dollar təşkil edəcək. |
2023-12-30 | 818,580 | Məşhur britaniyalı aktyor 75 yaşında öldü | Məşhur britaniyalı aktyor Tom Uilkinson 75 yaşında vəfat edib. Kult.az xəbər verir ki, bu barədə “Skay Nyus” telekanalı məlumat yayıb. Qeyd edək ki, aktyor “Yataq otağında” və “Maykl Kleyton” filmlərindəki rollarına görə iki dəfə “Oskar”a layiq görülüb. Aktyor 1948-ci ildə İngiltərənin şimalındakı Lids şəhərində anadan olub və uşaqlığının bir hissəsini Kanadada keçirib. O, aktyorluq karyerasına 1970-ci illərdə başlayıb, ilk böyük işi “Bərabərlər arasında birinci” (1986) adlı siyasi serialda olub. |
2023-12-30 | 818,582 | Gəncədə yaşayış binasında yanğın baş verdi | Gəncədə yanğın hadisəsi baş verib. Axar.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən yaşayış binasında qeydə alınıb. Sözügedən ünvanda yerləşən yaşayış binasında anidən yanğın olub. Hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Bina sakinləri təxliyə edilib. |
2023-12-30 | 818,583 | Ölən İsrail hərbçilərinin sayı 500-ü ötdü | Qəzzada davam edən əməliyyatlar zamanı daha iki İsrail hərbçisi həlak olub, 5-i isə xəsarət alıb. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir. Bununla da 7 oktyabrdan bəri həlak olan İsrail hərbçilərinin sayı 504-ə çatıb. |
2023-12-30 | 818,584 | İndoneziyada güclü zəlzələ baş verdi | İndoneziyanın Papua əyalətində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Axar.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Təbii fəlakətin episentri Cayapura şəhərindən 179 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 46 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. |
2023-12-31 | 818,586 | BMT Belqoroda hücumla bağlı açıqlama yaydı | Dinc sakinlərə qarşı hücum qəbuledilməzdir, bu kimi hallar qınanılmalıdır. Axar.az xəbər verir ki, bu barədə BMT Baş katibinin ofisi Belqoroda həyata keçirilən hücumlarla bağlı məlumatında deyilir. “Mülki əhaliyə və infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüququ pozur, qəbuledilməzdir, dərhal dayandırılmalıdır və şübhəsiz ki, pislənilməlidir”, - deyə bildirilib. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 18 nəfər ölüb, 111 nəfər isə yaralanıb. |
2023-12-30 | 818,587 | Rusiyanın sülhməramlı eyhamı: Bayramov artıq tarix dedi… | Rusiyalı rəsmilərin, generalların və diplomatların Qarabağda Rusiya hərbi kontingentinin qalma müddətinin uzadılmasıyla bağlı eyhamlarına baxmayaraq, biz istəməyəndən sonra onlar Azərbaycanı tərk etməli olacaqlar və bu, münasibətlərdə gərginlik yaratmayacaq. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, xarici işlər naziri Ceyhun Bayramovun ilin son mətbuat konfransında “sülhməramlıların Qarabağda qalma müddəti 2025-ci ilin noyabrına qədər nəzərdə tutulub” sözləri həm də Prezident İlham Əliyevin baxışını əks etdirir: “Yəni vaxt bitdikdən sonra qalmalarına ehtiyac yoxdur. Azərbaycanın yaxın tarixdə Rusiya hərbçilərinin yola salmasına aid iki müsbət nümunəsi var. Mərhum Prezident Əbülfəz Elçibəy Rusiya hərbi bazalarını ölkədən çıxartdı, Prezident İlham Əliyev isə Rusiyanın Qəbələ RLS-lə bağlı sazişin müddətini uzatmadı və Rusiyanın sonuncu hərbi bazası da ölkəmizin ərazisini tərk etdi. 2025-ci ilin noyabr ayına qədər Rusiyanın Qarabağda işi-gücü olmayan hərbi kontingentini də yola salacağıq”. |
2023-12-30 | 818,588 | Azərbaycanda yol çökdü: çay evlərə yaxınlaşır - Video | Xaçmaz şəhərinin Fətəli xan Xoyski küçəsində yol çöküb. Axar.az apa-ya istinadən xəbər verir ki, Qudyalçayın kənarında yerləşən küçədə çayın kənarı uçulub, nəticədə yol dağılıb. Yaxınlıqdakı evlər üçün təhlükə yaranıb. |
2023-12-30 | 818,589 | Putinin tapşırığı: nazir təcili Belqoroda getdi | Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə təcili olaraq Belqoroda yola düşüb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilib ki, onunla birgə xilasedicilərin böyük qrupu da gedib. Xatırladaq ki, Ukrayna ordusu Belqorodun mərkəzinə raket zərbəsi endirib, nəticədə 14 nəfər ölüb, 108 nəfər yaralanıb. |
2023-12-30 | 818,591 | Bakıda 40 yaşlı kişi öldürüldü | Bakıda 40 yaşlı kişi qətlə yetirilib. DİN-in mətbuat xidmətindən Axar.az-a bildirilib ki, dekabrın 30-da saat 23 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Cabbarov Zamiq Zakir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. |
2023-12-31 | 818,593 | Podolyakdan Arestoviçə cavab: Özünü nə sayır? | Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş ştatdankənar müşaviri Aleksey Arestoviçin indi ölkəmizdə baş verən proseslərə təsiri yoxdur. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. Onun sözlərinə görə, Arestoviç özünü gələcəyin siyasətçisi hesab etsə də, reallıq bir qədər fərqlidir: “Onun subyektiv davranışa haqqı var. Amma indi, müharibənin içində olduğumuz mərhələ üçün bu, artıq əhəmiyyət kəsb etmir. Bəzi insanlar müharibənin bu mərhələsinə təsir edir, bəziləri də moderatorluq edir. Belə də davam edəcək. Ukraynada hər zaman sona qədər gedəcək insanlar olacaq”. Qeyd edək ki, Arestoviç mediaya son açıqlamalarında müharibənin əleyhinə olduğunu bildirib və Rusiya ilə sülh bağlamağın yollarının tapılmasını təklif edib. |
2023-12-31 | 818,594 | Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür | Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Axar.az xəbər verir ki, bu bayram dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəylik bağlarının yaranmasında mühüm rol oynayır. Təbii ki, azərbaycanlılar arasında birlik və həmrəylik hər zaman müşahidə olunub. Bu bayramın qeyd edilməsi isə artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verib. 1991-ci ilin 16 dekabrında Azərbaycan xalqınının ümummilli lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər. |
2023-12-31 | 818,596 | Azərbaycanda bayram tətili başladı | 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 7 gün iş olmayacaq. Axar.az xəbər verir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir. Gələn il yanvarın 6-sı isə şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq. Yeni ilin ilk iş günü isə yanvarın 7-də olacaq. Beləliklə, Yeni ildə 7 gün ardıcıl qeyri-iş günü olacaq. |
2023-12-31 | 818,597 | Əliyevadan Yeni il və Həmrəylik Günü ilə bağlı paylaşım | Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı paylaşım edib. Axar.az xəbər verir ki, birinci xanım instaqramda qeyd edib: “Əziz bacılar və qardaşlar! Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy, dünya azərbaycanlılarını hər zaman Vətənimizə olan ən nurlu, ən xoş hisslər, ölkəmizin uğurları, nailiyyətləri və qələbələri ilə qürur hissi birləşdirsin. Uca Tanrıdan hər bir vətəndaşımıza möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə isə sülh, tərəqqi və əmin-amanlıq diləyirəm. Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.