date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-10 | 821,566 | Qəzzada təcili yardım maşını vuruldu: ölənlər var | İsrailin Qəzza zolağında təcili yardım maşınına endirdiyi zərbə nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. Məlumata görə, avtomobildə sürücü, həkim, təcili yardım işçisi və könüllü fotoqraf, eləcə də zərbədən xəsarət alan, lakin sonradan dünyasını dəyişən daha iki nəfər olub. |
2024-01-10 | 821,568 | Prezident Fransanın müstəmləkələrindən danışdı | Biz yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. “Biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”, - İ.Əliyev vurğulayıb. Xurşidbanu Natəvanın Fransada heykəlinin təhqir olunması məsələsinə də toxunan Prezident bu hadisə ilə ermənilərin Natəvanın Ağdamdakı məzarını qazmaları arasında müqayisə aparıb, burada bir oxşarlığın olduğunu qeyd edib. |
2024-01-10 | 821,570 | Polşa İsrailə dəstək verdi: Sizinlə həmrəyik! | Polşa Xarici İşlər Nazirliyinin yeni rəhbəri Radoslav Sikorski israilli həmkarı İsrail Katz ilə telefon danışığı aparıb. Axar.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib. Məlumata görə, nazirlər ikitərəfli münasibətləri, Yaxın Şərq və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Yaxın Şərqdəki vəziyyətdən danışan nazir Sikorski HƏMAS-ın hücumu qarşısında İsraillə tam həmrəy olduğunu bildirib. Nazirlər həmçinin Livanın cənubunda və Qırmızı dənizdə davam edən qeyri-sabitlik məsələsini gündəmə gətiriblər. |
2024-01-10 | 821,575 | Əgər dediyim marşrut açılmasa... - Prezidentdən mühüm | Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir. Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlətimizin başçısı deyib ki, əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir. |
2024-01-10 | 821,576 | Navalnı uzun müddət sonra üzə çıxdı | Rusiyalı müxalifətçi Aleksey Navalnı uzun müddət sonra məhkəmə iclasında iştirak edib. Axar.az xəbər verir ki, Yamal rayonunun Xarp kəndinin xüsusi rejimli koloniyasında olan Navalnı məhkəməyə onlayn şəkildə qatılıb. Qeyd edək ki, 19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalif lider Navalnının tərəfdarları onunla əlaqənin kəsildiyini bildiriblər. Dekabrın 15-də federal penitensiar xidmət siyasətçinin Vladimir koloniyasından aparıldığını bildirib, 10 gün sonra onun Xarp kəndindəki müvafiq həbsxana kamerasında olduğu məlum olub. |
2024-01-10 | 821,578 | Pensiyalar niyə hələ də hesablara köçməyib? - DSMF | Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənildiyi, vətəndaşlar pensiyalarını ala biləcəyini bildirib. Amma artıq axşam saatları olmasına baxmayaraq, hələ də pensiyalar kart hesablarına oturmayıb. Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili deyib ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsinə başlanılıb. “Proses 24 saat ərzində yekunlaşacaq”, - o bildirib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək. |
2024-01-11 | 821,579 | Ciddi məsələ olsa, qardaşım Ərdoğana zəng edərəm | 2024.01.10 - 21:50 Prinsipcə, deyə bilərəm ki, mən, ümumiyyətlə, çox nadir hallarda hansısa dövlət başçısını telefon zəngi ilə narahat edirəm. Çünki hesab edirəm ki, mənim həmkarlarımın hamısı çox məşğul insanlardır və elə bir ciddi mövzu yoxdur ki, bu mövzu ilə bağlı nəsə təcili demək lazımdır. Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib. "Adətən hər hansı bir mövzu olanda Xarici İşlər Nazirliyi vasitəsilə bu mesajlar göndərilir, ya da ki, köməkçim vasitəsilə. Mən dövlət başçılarının bəzilərini ancaq onların doğum günlərində telefonla zəng edib təbrik edirəm. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığım insanlar Türkiyə Prezidenti və Rusiya Prezidenti idi. Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi və Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun. Ona görə Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır və daim zəngləşirdik, söhbətləşirdik, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan maraqlanırdı müharibənin gedişatı ilə bağlı və məni Şuşa qələbəsi münasibətilə ilk təbrik edən də o olmuşdur. Prezident Putinlə də dəfələrlə söhbətim olmuşdur. Çünki bilirsiniz ki, Rusiya bir neçə dəfə müharibəni dayandırmaq üçün səylər göstərmişdi və mən də şərtləri qoymuşdum. Mən hələ oktyabrın ilk ongünlüyündə aramızda olan telefon söhbəti zamanı demişdim ki, biz dayanmağa hazırıq, amma şərtlərimiz var. Onlar bizim torpağımızdan çıxmalıdır və mənə tarix verməlidir, təqvim verməlidir nə vaxt çıxacaq. Mən artıq bunu Azərbaycan ictimaiyyətinə də dedim, yəqin ki, yadınızdadır. Mənim televiziya çıxışlarım da yəqin yadınızdadır ki, Ermənistan bizə vaxt versin, tarix versin və biz müharibəni dayandırmağa hazırıq və belə də oldu. Noyabrın 10-da bizə tarix verildi və biz müharibəni dayandırdıq. Ona görə təmaslar daha çox bunun ətrafında idi və əlbəttə ki, noyabrın 9-da, dediyim kimi səhərdən noyabrın 10-da erkən saatlara qədər bu razılaşma, mətn razılaşması prosesi getmişdir. Bu gün prinsip etibarilə mən kimi doğum günü münasibətilə təbrik edirəm, bu mətbuatda var. Məni də kim təbrik edir, onların sayı çox deyil, 4-5 Prezidentdir, mən tərəfimdən də 4-5 Prezidentə zəng edib telefonla təbrik edirəm. Amma yəqin bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram", - dövlət başçısı müsahibəsində söyləyib. |
2024-01-10 | 821,583 | Peterburqda ayaqüstü söhbət zamanı bu məsələni qaldırdım | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə danışıb. Axar.az xəbər verir ki, dövlət başçısı bu gün işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib. “Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, - Prezident İlham Əliyev vurğulayıb. |
2024-01-10 | 821,587 | Ərdoğandan Qarabağ açıqlaması: Tam sadiqik! | Türkiyə öz müstəqil siyasətinə sadiqdir. Bunun təzahürlərindən biri də Qarabağın 30 illik işğaldan azad edilməsində qardaş Azərbaycana dəstək verməsidir. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Türkiyə başqa ölkələr üçün hərəkət etmir. Xarici və daxili siyasətimizdə Türkiyənin və türk xalqının maraqlarına tam sadiqik", - Ərdoğan qeyd edib. |
2024-01-10 | 821,588 | Prezidentdən məcburi köçkünlərə müjdə | İnfrastruktur layihələri (Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən – red.) imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq. Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib. Dövlətimizin başçısı Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. |
2024-01-10 | 821,593 | Prezident seçkilərin qabağa çəkilməsinin səbəblərini açıqladı | Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqlayıb. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bunun, ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirib. O qeyd edib ki, ikinci səbəb müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir. Dövlətimizin başçısı digər səbəbi isə bu cür izah edib: “Mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”. |
2024-01-10 | 821,596 | Bu tarixdə qonşumuzda parlament seçkiləri olacaq | Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb. MSK seçkilərdə iştirak etmək üçün siyasi partiyalara lazımi prosedurlara başlamağı tövsiyə edib. Bildirilib ki, 2020-ci ildə parlament seçkilərində parlamentdə mandat qazanmış siyasi partiyalar MSK-ya ərizə ilə müraciət etməlidirlər. Digər partiyalar isə iyulun 15-dək imza vərəqələri almalı və topladıqları 25 min imzanı avqustun 1-dək MSK-ya təqdim etməlidirlər. Qeyd edək ki, builki seçkilər yalnız proporsional sistem üzrə keçiriləcək. Seçkilərdə iştirak edən siyasi partiyalar parlamentə düşmək üçün 5 faizlik həddi keçməlidir. |
2024-01-10 | 821,597 | Bu ölkə Ermənistanı müharibəyə hazırlayır - Prezident | Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirib. Dövlət başçısı deyib ki, bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun, burada da Fransa yenə ön plandadır. “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”, - deyə Prezident vurğulayıb. |
2024-01-10 | 821,598 | Azərbaycan səfiri İraq prezidenti ilə görüşdü - Foto | Azərbaycanın İraqdakı fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşüb. Axar.az xəbər verir ki, bu barədə N.Məmmədov X hesabında paylaşım edib. Tərəflər ikitərəfli münasibətləri müzakirə edib. Görüşdə tərəflər bir daha Azərbaycanla İraq arasında bir çox sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb. |
2024-01-10 | 821,600 | İlham Əliyev COP29-un əhəmiyyətindən danışdı | Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı böyük dərəcədə bizim mövqeyimizdən asılı olacaq. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirib. Artıq bir neçə ölkədən əməkdaşlıq təklifi aldığımızı deyən dövlətimizin başçısı qeyd edib: “Biz bütün ölkələrlə əməkdaşlığa hazırıq və bu, bizim üçün də böyük bir təcrübə olacaq. Çünki yenə də hesab edirəm ki, bu, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həmçinin dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən BMT Baş Assambleyasından da daha mötəbərdir”. |
2024-01-10 | 821,603 | Blinken husiləri hədələdi: 20-yə yaxın ölkə... | Biz 20-yə yaxın ölkəni bir araya gətirdik ki, bu hücumlar dünənki kimi davam edərsə, bunun nəticələri olacaq. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Yəmən husilərini Qırmızı dənizdə gəmilərə qarşı davam edən hücumların nəticələri ilə hədələyərkən deyib. O, davam edən hücumların dünya ölkələrinin maraqlarına real təhlükə yaratdığını vurğulayıb. |
2024-01-10 | 821,606 | Hökumət Ödəniş Portalının saytı fəaliyyətini dayandırdı | Azərbaycandakı bankların, əksər bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həllərinin Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya edildiyi, bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanı olduğu nəzərə alınaraq HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. "HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə apardığınız ödənişləri bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz", - məlumatda qeyd olunub. |
2024-01-10 | 821,609 | Bu su anbarının açılışını edəcəyik - Prezident | Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışını edəcəyik. Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq, o da böyük ərazini suvarma suyu ilə təmin edəcək. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib. Özəl sektoru Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya qoymağa çağıran dövlət başçısı bildirib ki, artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə özəl sektor tərəfindən icra edilir. |
2024-01-10 | 821,610 | ABŞ-ın daha bir bazası raket atəşinə tutuldu | “İslam Müqaviməti Cəbhəsi” Suriyada Konoko neft sahəsində yerləşən ABŞ hərbi bazasını raket atəşinə tutub. Axar.az xəbər verir ki, bu barədə qruplaşmanın bəyanatında deyilir. Bildirilib ki, siyonist rejimin (İsrail – red.) Qəzzada xalqa qarşı qətliam aparmasına cavab olaraq sözügedən hücum həyata keçirilib. Hücumun nəticələri ilə bağlı açıqlama verilmir. |
2024-01-10 | 821,611 | Bizimlə təkəbbürlə davranmaq mümkün deyil - Prezident | İkinci Qarabağ müharibəsindən sonra Qarabağda nələr baş verdiyindən tam xəbərdar idik, həm vizual, həm operativ nəzarət edirdik. Yəni, bunu Ermənistana çatdırmağa çalışırdıq ki, bu, bizim nəzarətimizdədir və istənilən an biz əməliyyat keçirə bilərik. Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. Həm Ermənistan rəhbərliyinə, həm də beynəlxalq aktorlara bir dəqiqə ərzində düyməyə basıb bu əməliyyatı keçirəcəyini, onların heç nə də edə bilməyəcəklərini açıq şəkildə dediyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”. |
2024-01-10 | 821,612 | Lavrov çinli nazirlə Ukraynanı müzakirə etdi | Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Vanq Yi arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Tərəflər Ukrayna böhranı, Fələstin-İsrail münaqişəsi, həmçinin Koreya yarımadası ətrafında və Asiya-Sakit okean regionunda vəziyyəti müzakirə ediblər. |
2024-01-11 | 821,613 | Nikol ABŞ-a yox, İrana doğru qaçmalıdır - Xaçikyan | Bakının bütün tələblərinin yerinə yetirilməsini nəzərdə tutan sülh müqaviləsi Ermənistan üçün geri dönüşü olmayan nöqtəyə çevriləcək. Axar.az xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib. “2018-ci ilə qədər çoxlu səhv olub: korrupsiya və digər səhvlərə yol verilib, amma xarici siyasət düzgün aparılıb. Qərblə yaxşı münasibətlərimiz var idi və Rusiya ilə fəal əməkdaşlıq edirdik. Bununla da Türkiyənin regiondakı gücünü və təsirini balanslaşdırıb, Bakı və Ankaranı cilovlayırdıq. 5 il əvvəl baş verən və bəzilərinin inqilab adlandırdığı çevrilişdən sonra Ermənistan de-fakto rasional xarici siyasətdən əl çəkdi, biz emosiyalarla düşünməyə başladıq. Bunun nəticəsində Ermənistan birtərəfli güzəştlər yolu ilə həll etməyə çalışdığı mühüm problemlərlə üzləşib. Tarix elə bir halla üzləşməyib ki, bir ölkə ərazilərini güzəştə gedərək gələcəyini və təhlükəsizliyini təmin etdin. Heç bir ölkə ərazi və xalqının bir hissəsini qurban verməklə sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışmayıb. Mövcud vəziyyət tarixdə edilən ilk cəhddir”, - o bildirib. Erməni professor qeyd edib ki, Paşinyan komandası hakimiyyətdə qalsa, ölkə fəlakətlə üzləşəcək: “İndiki siyasi komanda hakimiyyətdə qalsa, Ermənistanın Gürcüstana girişini kəsəcək anklavları sülh müqaviləsi ilə təslim etsə, Zəngəzurun tamamilə itirilməsinə səbəb olacaq eksterritorial dəhlizlərə yol versə, bütün bunlar Ermənistan üçün geri dönüşü olmayan nöqtəyə çevriləcək. Bundan sonra nə Rusiya, nə də İran bizə kömək edə bilər. Hətta bunu istəsə belə. Biz yaşayan dövlət olmaqdan çıxacağıq. Amma Ermənistanın real tərəfdaşlarla əməkdaşlıqda hələ də şansı var. Real faydaları mədəni üstünlüklərlə qarışdırmayaq. Vaşinqtona qaçmaq yox, İranla əməkdaşlığa diqqəti cəmləmək zəruridir”. |
2024-01-10 | 821,619 | Rusiya metallomunu verib, ABŞ texnikası alacağıq - Noboa | Ekvador ümumilikdə 200 milyon dollar dəyərində yeni avadanlıqlar müqabilində Rusiya istehsalı avadanlıqları ABŞ-a təhvil verəcək. Axar.az xəbər verir ki, bu sözləri Ekvador Prezidenti Daniel Noboa deyib. "Bəli, ABŞ-dan kömək var. Birincisi, Ukrayna və Rusiya metal qırıntılarının 200 milyon dollar dəyərində müasir avadanlıqla mübadiləsi olacaq", - o bildirib. Noboa razılaşmanın bu ayın sonuna qədər tamamlanacağını qeyd edib. |
2024-01-11 | 821,624 | Prezident: Bu 4 kənd qeyd-şərtsiz qaytarılmalıdır! | 2024.01.10. 23:56 O ki qaldı işğal altında olan kəndlərə - bizim təklifimiz də hesab edirəm ki, çox məntiqlidir – orada (Qazaxın kəndləri nəzərdə tutulur – red.), bildiyiniz kimi, anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav deyil – 4 kənd – onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklavdır – Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir – bununla bağlı ayrıca ekspert qrupu yaradılmalıdır və bu, müzakirə edilməlidir. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib. “Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır, bu anklavlara gedən yollara şərait yaradılmalıdır və bu anklavlara oranın sakinləri yerləşdirilməlidir. Yəni bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik”, - deyə dövlət başçısı bildirib. |
2024-01-11 | 821,625 | ABŞ Ekvadora qoşun göndərəcəkmi? | ABŞ iğtişaşların hökm sürdüyü Ekvadora qoşun göndərməyi düşünmür. Axar.az xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. “Bununla bağlı heç bir plan yoxdur, lakin təbii ki, biz Ekvador hökuməti ilə onların nəyə ehtiyacı ola biləcəyi, ola bilsin ki, istintaqda hansısa yardım haqqında danışmağa hazırıq", - Kirbi vurğulayıb. Xatırladaq ki, bir neçə gün öncə Ekvadorun ən məşhur “Los Çoneros” cinayətkar qruplaşmasının “Fito” ləqəbli rəhbəri Adolfo M.V həbsdən qaçmışdı. Ekvador Prezidenti Daniel Noboa mafiya liderinin həbsdən qaçması ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırmış, ölkədə 60 günlük fövqəladə vəziyyət elan etmişdi. Bunun ardınca cinayətkarların polisə hücumları, əsir götürdükləri hüquq-mühafizə orqanı əməkdaşlarını vəhşicəsinə qətlə yetirmələrini əks etdirən görüntülər yayıldı. |
2024-01-11 | 821,626 | Moldova səfiri Rusiya XİN-ə çağırıldı: Kəskin etiraz... | Moldovanın Rusiyadakı səfiri Lilian Dariy Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı ona sərt etiraz ünvanlanıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bildirilib ki, Moskva cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Səfirə Moldova rəhbərliyinin fəaliyyətinə cavab olaraq respublikanın bəzi rəsmilərinin Rusiya ərazisinə girişinin qadağan edilməsi barədə məlumat verilib. |
2024-01-11 | 821,627 | Yük avtomobili avtobusla toqquşdu - Video | Abşeron rayonu, Yeni Saray qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verib. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Yeni Saray qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, DAF markalı yük avtomobili ilə “Otoyol” markalı avtobusun toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Otoyol” markalı avtobusun sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Xilasedicilər avtobusda sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. |
2024-01-11 | 821,628 | Dedilər, xahiş edirik, geri qayıdın! Dedim, hara qayıdaq? | Deyirlər ki, “güzgü şəklində” tərəflər geri çəkilsin. Amma hara çəkilsin? Bu məsələni hələ 2021-ci ilin may ayında mənə bəzi həmkarlarım demişdi. Yadınızdadırsa, o vaxt sərhəddə bəzi dəqiqləşmə aparılmışdı. Və bir telefon zəngi əsanasında mənə dedilər ki, xahiş edirik ki, siz qayıdasınız. Deyirəm, hara qayıdaq? Deyirlər, hardan gəlmisiniz, ora! Deyirəm, biz Bakıdan gəlmişik (gülür), Bakıya qayıdaq? Biz 30 il orda olmamışıq. Əgər o sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını qoyaydı – o axı o sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi Ağdamdadır. Biz Bakıdan gəlmişik, orda olmamışıq, deyin hara qayıtmaq lazımdır, qayıdaq (gülür). Mənim sualıma cavab olmadı. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib. “Əlbəttə ki, biz heç yerə qayıdan deyilik: nə 21-ci ilin may ayındakı mövqelərdən, nə 22-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri çəkilən deyilik. Çünki o sərhəd müəyyən edilməlidir. Ancaq indi bizim Ermənistan tərəfindən mübahisələndirilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim indi durduğumuz təpələrdəki mövqelərdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir və hesab edirəm ki, komissiyaların (delimitasiya komissiyaları – red.) bu ayın axırındakı görüşündə bu məsələyə aydınlıq gətiriləcəkdir”, - deyə dövlət başçısı bildirib. |
2024-01-11 | 821,629 | "Fənərbağça"nın oyununda 8 qol vuruldu | Futbol üzrə Türkiyə Super Liqasında XVI turdan təxirə salınmış növbəti oyunlar keçirilib. Axar.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub. Günün ilk matçlarında “Hatayspor” “Qaziantep”lə qolsuz,”Adana Demirspor” isə “İstanbulspor”la 2:2 hesablı heç-heçə edib. “Karagümrük” “Kayserispor”a qalib gəlib - 4:1. Digər oyunda isə “Fənərbağça” doğma meydanda “Konyaspor”u darmadağın edib. Səkkiz qolun vurulduğu görüşdə meydan sahibləri inamlı qələbə qazanıblar - 7:1. İstanbul nəhənginin heyətində Edin Ceko het-trik edib. Digər qolları isə Mert Müldür, Sebastian Şimanski, Mişi Batşuayi və Uğurcan Yazqılı (avtoqol) vurublar. Qonaqların heyətində isə Gilyerme fərqlənib. Bu qələbə ilə xallarını 50-yə çatdıran “Fənərbağça” ilk pillədəki mövqeyini qoruyub. İkinci sırada 47 xala malik “Qalatasaray” qərarlaşıb. |
2024-01-11 | 821,631 | Türkiyədə növbəti zəlzələ baş verdi | Türkiyənin Hatay vilayətinin Samandağ ilçəsində 4,2 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Təkanların yerin 7 km dərinliyində meydana gəldiyi bildirilib. |
2024-01-11 | 821,632 | Prezident Kaledoniyada saxlanılan jurnalistdən danışdı | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Fransanın müstəmləkə siyasətindən bəhs edərkən ötən ay Yeni Kaledoniyada saxlanılan azərbaycanlı jurnalist qadın barədə danışıb. Axar.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib. “Bu yaxınlarda Yeni Kaledoniyada bir azərbaycanlı jurnalist qadını saxlayıblar. Ümumiyyətlə, bu, hansı çərçivəyə sığır? Ondan casusluqda da şübhələniblər. O, hadisələri işıqlandırmağa gəlmişdi”, - prezident qeyd edib. |
2024-01-11 | 821,637 | Münaqişə Dnestryanıya sıçrayır? - Silahlı insident... | Qondarma “Dnestryanı respublikası”nın “dövlət təhlükəsizliyi nazirliyi” Ukrayna ilə sərhəddə silahlı atışmanın olması barədə məlumat yayıb. Axar.az xəəbr verir ki, insidentin yanvarın 7-də baş verdiyi və qondarma respublikanın iki vətəndaşının Ukraynaya yerləşdirildiyi bildirilib. Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko hadisədən xəbərdar olmadığını açıqlayıb və bu yöndə məlumatların provokasiya olma ehtimalını istisna etməyib. |
2024-01-11 | 821,638 | Əgər Şuşa işğaldan azad olunmasaydı... - Prezident | Üçtərəfli Bəyanatın qəbul edilməsi, o şərtlərlə qəbul edilməsi, hesab edirəm ki, bizim böyük siyasi uğurumuzdur. Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. "Əlbəttə, əgər Şuşa işğaldan azad olunmasaydı, o şərtləri biz o Bəyanata saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı", - Prezident bildirib. |
2024-01-11 | 821,639 | Bu, bizə əvəzolunmaz təcrübə verdi - Əliyev | Qoşulmama Hərəkatına sədrlik bizə BMT-dən sonra ən iri təşkilata rəhbərlik etmək kimi əvəzolunmaz təcrübə verib və doğru yolda olduğumuza dair daha böyük özünəinam yaradıb. Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib. “Hərəkatın yaranmasının təməl prinsiplərini – daha dəqiq desək, dövlətlərin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini həmişə tam dəstəkləmişik və dəstəkləyirik, həmçinin Hərəkatın təsisçilərinin 60 ildən də çox müddət əvvəl rəhbər tutduqları ideyaları bölüşürük - məhz böyük geosiyasi mərkəzlərdən uzaq durmaq və heç kimin dediyi ilə oturub-durmamaq”, - İlham Əliyev bildirib. |
2024-01-11 | 821,640 | Biz bunu köklü şəkildə həll etməliyik - Prezident | Biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada əlverişli görünə biləcək hansısa nailiyyət dalınca qaçmaq lazım deyil. Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib. “Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsin. Bax, əsas məsələ bu idi”, - dövlət başçısı qeyd edib. |
2024-01-11 | 821,641 | Qərargah rəisi açıqladı: İsrail ordusu Livana girəcək! | İsrail hərbçilərinin Livanda məhv edə bilməyəcəyi yer yoxdur. Axar.az xəbər verir ki, bu barədə İsrail Baş Qərargah rəisi Herzi Halevi hərbçilərə müraciətində deyib. “Necə ki, Qəzzada məhv edə bilməyəcəyimiz bir kilometr belə yoxdursa, eyni şəkildə də Livana daxil olub yox edə bilməyəcəyimiz dayanıqlı yer yoxdur. Sizi (hərbçilər – red.) lazımi yerlərə yerləşdirəcəyik, siz də tapşırıq üzrə onu icra edəcəksiniz”, - deyə Halevi bildirib. |
2024-01-11 | 821,642 | Bakıda daşınmaz əmlak bu qədər bahalaşacaq – Qiymətlər | Ötən ilə nəzər salsaq görərik ki, əmlak qiymətlərində 25-30%-dək artım oldu. Artım, əsasən, ilkin mənzil bazarında müşahidə olundu. Bu sözləri Axar.az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib. O bildirib ki, ötən illə müqayisədə bu il də qiymət artımı olacaq: “Çünki Bakı şəhərində əmlaka tələbat çox yüksəkdir. Hesab edirəm ki, bu il yeni tikililərdə qiymətlər 10%-dək artacaq. Bina tikən sahibkarlar əvvəllər 1 kvadratmetrin maya dəyərinin 800-1200 manat olduğunu deyirdilərsə, artıq bu qiymət torpaq sahəsi ilə birlikdə 2000 manata çatıb. Son vaxtlar qiymətlər kvadratmetr üçün 1500-2000 manat arasında dəyişir. Qiymət artımı təkrar mənzil bazarına da təsir edir, əsasən burada 30% artım müşahidə olunur”. Mütəxəssis vurğulayıb ki, ümumiyyətlə, Azərbaycanın daşınmaz əmlak bazarında hər 5 ildən bir artım olur: “Qiymət artımı əsasən Nərimanov, Xətai, Nizami, Nəsimi və Səbail rayonlarında müşahidə olunacaq. Qeyri-yaşayış sahələrində isə ötən il 20% artım oldu. Bu il 10%-dək bahalaşma ola bilər. Çünki biznes sahələrinə də maraq artdığından, sahibkarlar qiymət artımı ilə üzləşəcək. Mərkəzi hissələrdə yerləşən qeyri-yaşayış sahələrində daha çox qiymət artımının olacağı gözlənilir. Qiymət 1 kvadratmetr üçün 1-ci mərtəbələrdə 8-10 min manat, minimum qiymətlər 5-7 min manat aralığında dəyişəcək. Qiymətlərin artması icarə haqlarına da təsir göstərəcək. İcarə qiymətlərinin təxminən 10-15% civarında artımı müşahidə olunacaq”. |
2024-01-11 | 821,643 | Əliyevdən mühüm ismarıc: Zəfəri istismar etmək olmaz! | Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində söyləyib. “İndi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Birincisi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir”, - deyə dövlət başçısı bildirib. |
2024-01-11 | 821,644 | Somalidə BMT nümayəndələri əsir götürüldü | Somalidə “Əş-Şəbab” radikal qruplaşmasının yaraqlıları təcili eniş edən BMT helikopterinin ekipajını əsir götürüb. Axar.az xəbər verir ki, bu barədə “Vaşington Post” qəzeti məlumat yayıb. Qeyd olunub ki, helikopter mərkəzi Qalqudud bölgəsindəki Visil şəhərinə gedərkən təcili eniş etmək məcburiyyətində qalıb. Bu zaman terrorçular helikopteri yandırıb və naməlum sayda ekipaj üzvünü əsir götürüb. BMT məlumatı hələlik şərh etməyib. |
2024-01-11 | 821,645 | Sülh sazişi: Əgər İrəvanla razılığa gəlməsək... - Video | Əsas məsələ odur ki, mən hesab edirəm, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır. Ona görə mətn üzrə işlər fəal getməlidir. Bir məsələ də var. Yəqin, siz də bunu bilirsiniz, Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib. "Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür", - İlham Əliyev vurğulayıb. |
2024-01-11 | 821,646 | Bu nazirliklər Ağdama və Gəncəyə köçürülə bilər - Video | 08:15 Bakının Baş Planının təsdiq olunması vacib məslədir. Milli Məclisdə dəfələrlə bu məsləyə toxunmuşuq. Bu sözləri Axar.az-a Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı haqda danışan millət vəkili Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirlikləri Bakıdan köçürülməlidir: “Bu nazirliklər rayonlarla işləyirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyini Gəncə şəhərinə köçürmək olar. Bir ara Kənd Təsərrüfatı Nazirliyini Ağdam rayonuna köçürmək məsələsi var idi, bu da məqbul variantdır”. |
2024-01-11 | 821,647 | Zəngəzur və İnkişaf Yolu dəhlizi birləşərsə... – Professor | Zəngəzur dəhlizinin açılmasının Azərbaycan üçün milli və beynəlxalq baxımdan əhəmiyyəti var. Milli baxımdan Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birləşir. Beynəlxalq səviyyədə isə Zəngəzur alternativlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir. Bu sözləri Axar.az-a yaxın gələcəkdə Zəngəzur və Türkiyəni Bəsrə körfəzinə bağlayacaq İnkişaf Yolu dəhlizlərinin birləşməsi imkanlarından danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri professor Toğrul İsmayıl deyib. Professor yaxın gələcəkdə sözügedən dəhlizlərin əlaqələndirilməsini mümkün və real hesab etdiyini bildirib: “Tarixin bütün dövrlərində dövlətlər ticarət yollarına nəzarət uğrunda mübarizə aparıblar. Hazırda da biz açıq və qapalı şəkildə ticarət yolları üzərində qlobal geosiyasi mübarizənin şahidi oluruq. Zəngəzur dəhlizi də Şimal-Cənub, Şərq-Qərb marşrutunun ən önəmli nöqtələrindən biridir. Əslində Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tiflis-Qars dəmir yolu xətti var. Lakin Rusiya Gürcüstanla olan münaqişə səbəbindən ora ilə yüklərini göndərə və qəbul edə bilmir. Digər tərəfdən İranın təklif etdiyi dəhliz də sanksiyalar və təhlükəsizlik səbəbindən əlverişli deyil. Ancaq Ermənistana embarqo tətbiq edilmir və hansısa iddialarla çıxış edib ətrafındakı ölkələrə təhlükə törədəcək gücü də yoxdur. Yəni Zəngəzur dəhlizi bütün tərəflər üçün əlverişlidir. Üstəlik Ermənistan özü də buradan çox fayda götürəcək. Amma ABŞ başda olmaqla, Qərb ölkələri buna qarşıdır, çünki onlar Rusiya sərhədçilərinin bölgədə müddətsiz qalmasını istəmirlər”. Professor bildirib ki, ABŞ ötən ilin sentyabrında Hindistanda keçirilən G-20 Zirvə Görüşündə İMEC layihəsini elan edib: “Layihə ilə Hindistan, Səudiyyə Ərəbistanı, İsrail və Yunanıstan üzərindən Avropaya ticarət dəhlizinin açılması planlaşdırılır. Ona görə də Zəngəzura qarşıdırlar. Əlbəttə, ortada çox güclü rəqabət var”. T.İsmayıl 2028-ci ilədək Türkiyə və İraq arasında 1200 km-lik İnkişaf Yolu dəhlizinin reallaşdırılması planlarına da diqqət çəkib: “Bu çərçivədə dəmir yolu və avtomobil xətlərinin çəkilməsi ilə Türkiyə Bəsrə körfəzindəki Böyük Fav limanına çıxış əldə edəcək. Bəsrə körfəzindən başlayacaq və İraqın Divaniyə, Nəcəf, Kərbəla, Bağdad və Mosul kimi şəhərlərindən keçəcək dəhliz Türkiyə vasitəsilə Avropaya qədər uzanacaq. Körfəz ölkələrindən olan Birləşmiş Ərəb Əmirlikləri də dəhlizin çəkilməsində iştirak edəcək. BƏƏ-nin Azərbaycan və Ermənistanla da geniş iqtisadi əlaqələri var. Prezident Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın Azərbaycana rəsmi səfəri zamanı bir milyard dollar maliyyə imkanına sahib olacaq Birgə İnvestisiya Fondu yaradıldı. Fikrimcə, BƏƏ də Zəngəzur dəhlizinin açılmasında iştirak edə bilər. Bu məqamda ötən ilin noyabr ayında İraq Prezidenti Əbdüllətif Rəşidin Azərbaycan və Ermənistana səfərini xatırlatmaq istəyirəm. Zəngəzurdan həm dəmir yolu xətti, həm də avtomobil yolu çəkiləcək. Artıq Azərbaycan və Türkiyə bu istiqamətdə ciddi iş aparır. Hər iki dəhlizdə dəmir yolu xəttinin olacağını nəzərə alsaq, əlbəttə, yaxın gələcəkdə onların Türkiyə ərazisində əlaqələndirilməsi də mümkündür”. |
2024-01-11 | 821,652 | Neft yenidən bahalaşdı | Dünya birjalarında neft yenidən bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 77,09 dollara, yüngül neftin bir barreli isə 71,61 dollara təklif olunur. |
2024-01-11 | 821,654 | Tapança satmaqda şübhəli bilinən şəxs həbs edildi | Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində tapança satmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq silah əldə edərək satmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Hüseynov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə müvafiq qaydada keçirilən baxış zamanı 1 ədəd "Makarov" markalı tapança və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. |
2024-01-11 | 821,656 | Bakıda sui-qəsd planlaşdıran əcnəbilərin məhkəməsi başlayır | Xarici ölkə vətəndaşları Yazdan Şinas Xalis Hüseyn Ramazanəli (Yazdan Shenas Khales Hossein Ramezanali) və Cavidan Hilan Ehsan Hüseynin (Javidanhelan Ehsan Hossein) barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaqı başa çatmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Axar.az Trend-ə istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmə baxışı hakim Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı 17 yanvara təyin edilib. Yazdan Ramazanəli və Cavidan Hüseyn Ehsan Azərbaycana əfsanə motiv altında gələrək, digər xarici dövlət rəsmisi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşının Azərbaycan Respublikasına növbəti səfəri zamanı Bakı şəhərində ona qarşı sui-qəsd (terror aktı) törətməyə hazırlıq hərəkətlərində ittiham olunurlar. Həmin şəxslər 2023-cü ilin may ayının 31-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb, cinayət əməlləri ifşa olunub, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə məsuliyyətə cəlb edilərək həbs ediliblər. Qeyd edək ki, Cinayət Məcəlləsinin 277-ci maddəsi ilə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. |
2024-01-11 | 821,660 | Deputatlığa namizəd qətlə yetirildi | Pakistanın Hayber-Paxtunxva əyalətində parlament seçkilərində iştirak etmək üçün qeydə alınmış müstəqil namizəd Malik Kalimullah Xanın avtomobili atəşə tutulub. Axar.az Report-a istinadən xəbər verir ki, nəticədə deputatlığa namizəd və onun iki mühafizəçisi öldürülüb. Hələlik bölgədə fəaliyyət göstərən radikal qruplaşmaların heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. |
2024-01-11 | 821,665 | Bu günə kimi qrip əleyhinə nə qədər vaksin vurulub? | 2023-2024-cü il payız-qış mövsümü ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələri üzrə 15 550 nəfərin vaksinasiyası aparılıb. TƏBİB-dən Axar.az-a verilən məlumata görə, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeli rayon mərkəzi xəstəxanalarında, Bakı şəhəri üzrə isə müəyyən olunan müvafiq ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər. Qeyd edək ki, ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalıdır. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə müvafiqdir. |
2024-01-11 | 821,668 | Ukrayna NATO gəmilərini Qara dənizə gətirir | Ukrayna taxıl dəhlizindəki yük gəmilərinin qorunmasına hərbi gəmiləri cəlb etmək üçün NATO ölkələri ilə danışıqlar aparır. Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa deyib. “Ukrayna limanlarında mülki daşımaların təhlükəsizliyini təmin etmək üçün NATO gəmilərinin cəlb edilməsi ilə bağlı danışıqlar aparılır. Bunun tətbiq edilib-edilməyəcəyi barədə hələlik məlumat yoxdur. Mən şəxsən tərəfdaşlarımızdan bu barədə xahiş etmişəm”, - Neijpapa bildirib. |
2024-01-11 | 821,669 | Bayden Rusiya əleyhinə qanunu dəstəkləyəcək | Ağ Ev Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinə dair qanun layihəsini dəstəkləməyə hazırdır. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. “Bayden administrasiyası aktivlərin müsadirəsinə icazə verən qanun layihəsini əsaslı şəkildə dəstəkləyir”, - məlumatda deyilib. |
2024-01-11 | 821,673 | Fransaya qarşı etiraz: Bayrağımız qaldırıldı - Video | Yanvarın 11-də Yeni Kaledoniya parlamentinin (Konqres) qarşısında etiraz aksiyası keçirilib. Axar.az xəbər verir ki, aksiya iştirakçıları Fransa hokumətinin Yeni Kaledoniyanın daxilinde destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər. Aksiyada Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb. Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, kanaklar əhalinin maraqlarına zidd “konstitusiya islahatlarına” yox deyirlər. |
2024-01-11 | 821,675 | Ukrayna Rusiyanın bu vilayətlərinə hücum etdi | Ukrayna ordusu Rusiyanın Rostov, Tula və Kaluqa vilayətlərinə PUA-larla hücum edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hava hücumundan müdafiə vasitələri 3 PUA-nı zərərsizləşdirib. Hücum zamanı dağıntı və xəsarət alan olmayıb. |
2024-01-11 | 821,681 | Almaniyanı keçmişik, dünyada beşinciyik - Putin | Rusiya iqtisadiyyatı alıcılıq qabiliyyəti pariteti baxımından Avropada birinci, dünyada isə beşinci olub. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Bizi hər tərəfdən boğur, əzirlər, amma bütövlükdə iqtisadiyyatın həcminə görə Avropada birinciyik. Almaniyanı üstələdik və dünyada beşinci yeri tutduq: Çin, ABŞ, Hindistan, Yaponiya, Rusiya. Avropada isə bir nömrəyik. Alıcılıq qabiliyyəti paritetinə görə biz bütün Avropanı ötmüşük, lakin adambaşına düşən məbləğdə hələ də cəhd etməliyik. Buna görə də işləməliyik”, - Putin bildirib. |
2024-01-11 | 821,683 | Bakıda “Prius” “Mustanq”la toqquşdu – Qəza anı | Bakıda "Toyota Prius" və "Mustanq" markalı avtomobillərin toqquşması ilə nəticələnən qəza baş verib. Axar.az xəbər verir ki, qəza Azneft meydanı ərazisində qeydə alınıb. Qəza nəticəsində ölən və ağır yaralının olmadığı bildirilir. |
2024-01-11 | 821,684 | Tramp söz verdi: ABŞ tarixinin ən böyük deportasiyası | ABŞ-ın keçmiş prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkisində qalib gələcəyi təqdirdə ölkə tarixindəki ən böyük deportasiyanı təşkil edəcəyinə söz verib. Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb. O qeyd edib ki, hazırda ABŞ-da milyonlarla qanunsuz miqrant var və bununla yaşamaq mümkün deyil: “Hamını gəldiyi yerə qaytaracağıq”. |
2024-01-11 | 821,685 | 687-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 687-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 367 620 hərbçi, 6 050 ədəd tank, 11 238 ədəd zirehli döyüş maşını, 8 699 ədəd artilleriya sistemi, 957 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 641 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 596 ədəd avtomobil texnikası, 6 834 ədəd PUA, 1 806 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 337 xüsusi avadanlıq itirib. |
2024-01-11 | 821,687 | Xankəndidə 11 qumbara aşkarlandı | Xankəndi ərazisində 3 müxtəlif markalı avtomat və 1 tüfəng aşkarlanıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, bundan başqa polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 10-da şəhər ərazisində 11 ədəd qumbara, 22 ədəd patron darağı, 1988 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. |
2024-01-11 | 821,689 | Qafqazda Makronun ağzından vuran... - Markov | Azərbaycan Prezidenti İlham Əliyev geniş müsahibə verib. Müsahibədə olduqca maraqlı məqamlar var. Xüsusilə də Ermənistan və Fransa haqqında. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Fransa hazırda Ermənistanı silahlandıran, ruhlandıran, bu ölkəyə hərbi təlim keçirən və onu yeni müharibəyə hazırlayan ölkədir. Prezident Əliyevin bu sözlərini dinləməyə dəyər. Əslində bu o deməkdir ki, Ermənistan indi Fransanın müttəfiqinə çevrilib, Fransa isə Rusiyanın düşmənidir. Buna gözümüzü yuma bilmərik. Əks halda Ermənistan ikinci kiçik Ukraynaya çevriləcək. Bakı bu yaxınlarda fransız casusunu həbs etdi. Eyni zamanda, hər iki ölkə bir-birinin bir neçə diplomatını ölkədən çıxarıb. Azərbaycan getdikcə daha çox Rusiyanın təkcə dostuna deyil, həm də əslində müttəfiqinə çevrilir”, - o bildirib. Markov onu da qeyd edib ki, Azərbaycan Prezidentindən sonra Amerikanın “Voll Strit Jurnal” qəzeti də Fransaya zərbə vurur: “Qəzet Fransanın niyə Afrikadan qovulmasına dair böyük bir araşdırma aparıb. Səbəblərdən biri şəxsən Makrondur, onun hər çıxışı sadəcə olaraq fəlakətli nəticələr verir. Makron uğursuz və təkəbbürlə zarafat edir. Makron və Fransa yalançı hesab olunur. Makron hər zaman demokratiyadan danışır və eyni zamanda açıq-aydın çox antidemokratik və korrupsioner siyasi liderləri dəstəkləyir. Ümumiyyətlə, Makron Fransanı böyük Rusiyanın düşməninə çevirdi, Afrikada özünü biabır etdi və indi də Ermənistan vasitəsilə Qafqaza soxulur. Yaxşı ki, Qafqazda Makronun ağzından vuran var”. |
2024-01-11 | 821,691 | Bakıda qardaş qardaşı güllələdi | Yanvarın 10-da saat 20 radələrində Bakı şəhəri Pirallahı rayonu ərazisində bir nəfərin odlu silahdan açılmış atəşdən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Araşdırmalarla əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü İlham Həşimovun yaşadığı evdə sərxoş vəziyyətdə münaqişə zəminində tüfəngdən açdığı atəşlə 1969-cu il təvəllüdlü qardaşının ayaq nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə İ.Həşimov saxlanılıb. Hadisə yerindən qanunsuz saxladığı “Bum” markalı tüfəng götürülüb. Araşdırma aparılır. |
2024-01-11 | 821,695 | Təhlükəli arıqlama məhsulları satanlar tutuldu - Video | Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkələrdə arıqlama və insan sağlamlığı üçün təhlükəli digər bioloji aktiv qida məhsulları satan şəxslərə qarşı tədbir keçirib. Axar.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Məlumata görə, ölkə ərazisinə qanunsuz yollarla gətirilən keyfiyyətsiz, mənşəyi və tərkibi standartlara cavab verməyən bioloji aktiv qida məhsullarının sosial şəbəkələrdə reklam edilərək qanunsuz satışının təşkil edildiyi barədə çoxsaylı məlumatlar daxil olub. Bu istiqamətdə polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri növbəti tədbirlər zamanı 1993-cü il təvəlüldlü Cəlal Həmidov və 1994-cü il təvəllüdlü Elşən Məmmədovun qeyd olunan qeyri-qanuni fəaliyyətlə məşğul olaraq mənşəyi məlum olmayan bioloji aktiv qida məhsullar satmaları aşkar edilib. Həmin məhsullardan götürülən nümunələr tərkibinin müəyyən edilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Alınmış mütəxəssis rəyində qida əlavələrinin tərkibində üzərindəki göstəricilərə uyğun olmayan, kənar zərərli kimyəvi maddələrin aşkar edildiyi və onların insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq olunub. "Faktla bağlı araşdırmalar davam etdirilir. Sonda qeyd edək ki, insan sağlamlığı fərdi məsələdir və vətəndaşlara sağlamlıqlarının qeydinə qalan zaman yalnız tibbi təhsili olan həkimlər tərəfindən təyin edilən preparatlardan istifadə etməyi tövsiyə edirik", - məlumatda bildirilib. |
2024-01-11 | 821,698 | ABŞ kəşfiyyatı: Hizbullahın hücumu gözlənilir | Kəşfiyyat hesab edir ki, Hizbullah yaraqlıları ABŞ ərazisində və ya xaricdəki Amerika diplomatlarına hücum həyata keçirə bilər. Axar.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti Bayden administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. “İranın dəstəklədiyi silahlı qruplaşma əvvəlcə Yaxın Şərqdəki Amerika silahlı qüvvələrinə zərbə endirə bilər. ABŞ kəşfiyyatı Hizbullahla əlaqədar kəşfiyyat məlumatları toplayır. Bu da onun ABŞ ordusuna və ya diplomatik personalına hücumları nəzərdən keçirdiyini göstərir. Regionda gərginlik artdıqca ABŞ ərazisinə hücum ehtimalı da artır”, - mənbə bildirib. Qeyd olunur ki, Hizbullah ABŞ-da hücum həyata keçirmək üçün agentlərdən istifadə etməyə imkan verəcək geniş beynəlxalq şəbəkəyə malikdir: “Amma Yaxın Şərqdəki digər qrupların belə imkanları yoxdur. Ümumiyyətlə, ABŞ ərazisinə və ya xaricdəki Amerika ordusuna, eləcə də diplomatlarına hücum Bayden administrasiyasına zərbə olacaq. Bu, həm də ABŞ-ın milli təhlükəsizlik resurslarını Çin və Rusiyaya qarşı mübarizəyə yönəltməyə çalışdığı bir vaxtda yenidən Yaxın Şərqə sürüklənməsinə səbəb olacaq”. |
2024-01-11 | 821,704 | Zaqatalada maşın aşdı: sürücü belə xilas edildi - Video | Zaqatala rayonu, Gözbarax kəndi ərazisində qəza baş verib. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA Sorento”” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb və avtomobilin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Xilasedicilər minik avtomobilində sıxılı vəziyyətdə qalan 1989-cü il təvəllüdlü sürücü Rövşən Əbdulsalam oğlu Qurbanovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. |
2024-01-11 | 821,707 | Rusiya müasir aviabombanın istehsalına başlayır | Rusiya 2024-cü ildə yeni “Drel” aviabombasının istehsalına başlamaq niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə “Rostex”dən məlumat verilib. “Drel” müasir aviabombası hərbi idarənin təyin etdiyi bütün sınaqlardan uğurla keçdi. Bu il bombaların seriyalı istehsalına başlanılacaq. Bombanın yaradılması ilə bağlı ilk dəfə 2016-cı ildə məlumat verilmişdi. Onun radarlarda faktiki olaraq aşkar edilməyəcəyi gözlənilir. "Drel" müstəqil olaraq lazım olan məsafəni uçur və lazımi anda onun üstündə açıla bilir”, - məlumatda qeyd olunub. Rusiya mətbuatının məlumatına görə, “Drel” aviabombaları zirehli texnikanın, yerüstü radiolokasiya stansiyaları, enerji qurğularının idarə olunması məntəqələri və zenit-raket komplekslərinin məhv edilməsi üçün nəzərdə tutulub. |
2024-01-11 | 821,711 | ABŞ Kiyevdən dəqiq plan istəyir: Yeni strategiya... | ABŞ Ukraynanın Rusiyaya qarşı müharibə planını təkmilləşdirməsini istəyir və gələn həftə İsveçrənin Davos şəhərində Prezident Vladimir Zelenski ilə bu məsələni müzakirə edəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, məsələ ilə bağlı ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Zelenski ilə danışacağı gözlənilir: “ABŞ Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında yaranan fikir ayrılığından narahatdır. Bu da yeni strategiyanın hazırlanması səylərini ləngidir. Ukrayna ordusu indi 2024-cü il üçün planlar hazırlayır və bütün variantlar nəzərdən keçirilir. Kiyevin müttəfiqləri deyirlər ki, mövcud mövqeləri müdafiə etmək və Rusiyanın müdafiə xətlərini yarmaq üçün aydın hərbi strategiyanın hazırlanması çox vacibdir”. |
2024-01-11 | 821,714 | Qusarda 30 minlik su borularını oğurlayanlar saxlanıldı | Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Quxur-oba kənd sakin Nurmət Əskərov saxlanılıb. Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində olan meyvə bağından ümumi dəyəri 30 000 (otuz min) manat olan su borularını oğurlaması müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Edik Vəzirov və Ayaz Zərbəliyev saxlanılıblar. Həmin şəxslərin bağ massivindən ümumi dəyəri 1800 (min səkkiz yüz) manatdan çox olan 1 ədəd işıq generatoru və 1 ədəd 2 ton tutumlu plastik su çəni oğurlamaları müəyyən edilib. Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. |
2024-01-11 | 821,719 | Ukrayna bu istiqamətdə 500 rus hərbçisini məhv etdi | Ukrayna ordusu son sutkada Tavriya istiqamətində 500 rusiyalı hərbçini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, bu istiqamətdə Rusiyanın 45 hərbi texnikası da məhv edilib. Ümumilikdə son sutkada Rusiya Tavriya istiqamətində 35 hava zərbəsi endirib, 591 artilleriya atəşi və 45 hərbi əməliyyat həyata keçirib. |
2024-01-11 | 821,720 | İsrail Qəzzanı işğal etmək istəmir - Netanyahu | İsrailin Qəzzanı daimi olaraq işğal etmək və ya onun mülki əhalisini köçürmək niyyəti yoxdur. Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. “İsrail Fələstin xalqı ilə deyil, HƏMAS terrorçuları ilə mübarizə aparır və biz bunu beynəlxalq qanunlara tam uyğun şəkildə edirik”, - o vurğulayıb. Netanyahu Qəzzada mülki itkilərin sayının az olduğunu, lakin HƏMAS-ın itkilərin sayını süni şəkildə artırmağa çalışdığını bildirib. |
2024-01-11 | 821,721 | Azərbaycanda yəhudi dini mədəni mərkəzi tikilir | Azərbaycanda yəhudi dini mədəni mərkəzi inşa edilir. Axar.az xəbər verir ki, bu barədə Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev jurnalistlərə açıqlamasında deyib. "Azərbaycan Prezidentinin Sərəncamı ilə yəhudi dini mədəni mərkəzi tikilir. Bu, yəhudilər üçün önəmli dəyərdir. Bundan öncə də dağ yəhudiləri üçün ibadət ocağı olan sinoqoq tikilmişdir. Bütün bunlar Azərbaycan dövləti tərəfindən həyata keçirilir", - o qeyd edib. |
2024-01-11 | 821,723 | Putin: Yumurtanın qiyməti buna görə artdı! | Rusiyada yumurtanın bahalaşması istehlakın artması və hakimiyyət orqanlarının vaxtında hərəkətə keçib idxalı çoxaltmaması səbəbindən baş verib. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “İstehsal həcmimiz azalmayıb. İstehlak artıb. Əhalinin real gəlirləri də buna təsir edib, insanların gəlirləri artıb. Yumurta və toyuğu daha çox almağa başladıq. Vaxtında idxal barədə düşünmədik və qiymətlər qalxdı”, - o bildirib. |
2024-01-11 | 821,726 | Bakıda həbsdə olan Fransa casusunun şok etirafları - Video | Görünməz olmaq, danışmamaq, kütləyə qarışmaq - bütün dünyada kəşfiyyatçılara məhz bunu öyrədirlər. Lakin görünür “qəhrəmanımız” dərslərini yaxşı oxumayıb. Xatırladaq ki, Fransa Respublikasının vətəndaşı Martin Rayan 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Daha sonra, onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İki il əvvəl ARB televiziya kanalına verdiyi müsahibədən Rayanın tərcümeyi-halının bəzi təfərrüatı məlum olub. Məsələn, o, hərbi və geosiyasi tarix üzrə təhsil alıb, 2015-ci ilə qədər hərbi və qlobal təhlükəsizlik sahəsində çalışıb. Lakin 2015-ci ildə Rayan qəfil işinin istiqamətini dəyişmək qərarına gəlib və hörmətli bir iş adamına çevrilib. 2019-cu ildə o, Bakıda görünüb və burada “Merkorama” şirkətinin təsisçisi və direktoru olub. Bu, Azərbaycanın xüsusi xidmət orqanlarının ifşa etdiyi casusun əfsanəsidir. Əslində isə o, Fransanın xeyrinə kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Rayan bir neçə il ölkəmizdə işləyib, müşahidələr aparıb, casusluqda faydalı ola biləcək insanlarla əlaqə qurub. Həmin şəxslər isə Fransa kəşfiyyatının əməliyyatının iştirakçısına çevrildiklərinin fərqinə varmayıblar. Axar.az sözügedən müsahibəni təqdim edir: |
2024-01-11 | 821,729 | İranda husilərin təlim mərkəzləri ifşa olundu | Yəmənin İrana bağlı üsyançı silahlı qruplaşması husilər Gilan əyalətinin Rəşt şəhərinin yaxınlığındakı Xamenei adına Dəniz Elmləri və Texnologiyaları Universitetində təlim keçiblər. Axar.az xəbər verir ki, bu barədə “Teleqraf” qəzeti İrandakı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, SEPAH-ın nəzarətində olan mərkəzdə Yəmən husiləri 2022-ci ildə 6 aylıq hərbi təlim keçiblər. Bir mərhələdə 200 üsyançının iştirak etdiyi təlimlərdə məlumat sızmaması üçün husilərin təcrid olunduqları bildirilib. Bununla yanaşı, Hörmüzqan əyalətinin Farur adasında da SEPAH-ın husi üsyançıları və başqa ölkələrdən olan silahlılara təlim keçdiyi qeyd edilib. |
2024-01-11 | 821,733 | İlham Əliyev komanda verdi: Hazırlaşın! | Prezident İlham Əliyev heç vaxt təsadüfən söz demir, müsahibə vermir – xüsusilə yerli mediaya. Əgər müsahibə verirsə, demək, xalqa ciddi mesajı var. İlham Əliyevin 2024-cü ilin ilk ongünlüyünün tamamında verdiyi müsahibə də bu sıradandır və qətiyyən sıradan deyil: 3 saatlıq müsahibədə işlətdiyi bütün ifadələri, jestləri, ritorikası ilə olduqca mühüm və tariximizə yazılacaq yeni tarix yazacağının sorağını verdi. Nələr dedi? İnanılmaz qədər mütəvazi şəkildə 20 illik dövrə yekun vurdu: son 4 ilə yaxın bir müddətdə qanqaynadan, ruhu ayaqda tutan pafosdan məharətlə istifadə edirdi – çünki torpaqların işğaldan azad edilməsi, ərazi bütövlüyünün, suverenliyin tam bərpası üçün taleyüklü və tarixi bir missiyanı yerinə yetirirdi və xalqı məhz Dəmir Yumruq kimi ayaqda tutmalıydı. Ancaq indi bu mərhələnin bitdiyini açıq şəkildə elan etdi: Tarixi Zəfəri istismar etməməyi əmr etdi... Bəli, məhz Ali Baş Komandan kimi əmr etdi. Bundan sonra, məcazi desək, min il Tarixi Zəfərə sığınıb, hakimiyyətdə qala biləcəyini dəqiq anladığını göstərdi, ancaq rəsmən komandasına bu istismarı – halbuki bu, qətiyyən sui-istifadə deyil, tarixi haqqıdır, milli haqqıdır, halal haqqıdır – qadağan etdi. Həm də sübut etdi ki, tarixin kəsimlərindən maksimum istifadə etməyi bacardığı qədər də zamanı dəyərləndirən və psixoloji halı qiymətləndirməyi bacaran böyük filosofdur. İlham Əliyev bilir ki, xalqın yaşaması, inkişafı üçün ilk növbədə passionarlığını saxlaması vacibdir: tənbəllik olmaz, arxayınlaşmaq qəti olmaz, qürurlanıb, Tarixi Zəfərin kölgəsində mürgüləmək isə faciələrə səbəb ola bilər. İlham Əliyev xalqı məhz buna çağırdı: arxayınlaşmayın, tənbəlləşməyin, hansı zamanda, hansı qonşular əhatəsində, necə şəraitdə yaşadığınızı unutmayın! Özünün arxayınlaşmadığını da buna görə xatırlatdı, 2020-ci il zəfərinin dərhal ardından hansı addımlar atdığına üstüörtülü işarə etdi: ordunun inkişafı elə 10 noyabrdan davam etdi, yeni, müasir birliklər yaradıldı: 2021 may, 2022 və 2023-ün sentyabr sürətli əməliyyatlarını məhv yeni qüvvələrin həyata keçirdiyini bircə cümlə ilə anlatdı. Nə anladıq? İnsan o qədər yaradıcı, o qədər strateq, o qədər passionar və böyük nüvəyə sahibdir ki, bir an da dayanmır: ən böyük qələbənin qeyd olunduğu gün artıq yeni hədəfi təkcə müəyyən etmir, həm də onun dərhal icrası üçün hərəkətə keçir! Ona görə Azərbaycanda qələbələr, tarixi günlər bir-birini əvəz edir və biz “ayıla bilmirik”: çünki az qala yaşadığımız hər gün tariximizin şərəfli səhifəsinə çevrilir. İlham Əliyev məhz “ayılmağımızı” tapşırdı, məhz tariximizə yazılan şərəfli səhifədə ilişib qalmamağa, bu səhifəni çevirib, yeni səhifədən tarix yazmağa səslədi bizi. Mayak, nümunə, etalon isə özüdür: iş rejimi ilə, diplomatiyası ilə, qurduğu münasibətlərlə... Anlatdı ki, Azərbaycan üçün taleyüklü məsələdə qərar verəndə zəng edəcəyim yeganə şəxs Ərdoğandır – qardaşımdır; Türkiyədir – Azərbaycanın qardaşıdır! Anlatdı, daha doğrusu, bəlkə də ilk dəfə bu qədər açıq şəkildə adı ilə dedi – politoloqlar, ziyalılar, siyasətçilər – yeni dövrü təhlil etməli, strategiyasının hazırlanmasında iştirak etməlidir. Siz doğrudanmı elə sandınız ki, İlham Əliyevin buna ehtiyacı var? Qətiyyən! O artıq 20 ilə yekun vurdu, seçkiləri də bu yekun üçün qabağa çəkdi; O artıq yeni tarix yazmağa hazırlaşır – adım kimi əminəm - artıq Yol Xəritəsi deyil də, konkret strategiyası var: əmin, inamlı tərzdə, həm də xoşgörü ilə yeni mərhələyə nə qədər yüksək səviyyədə hazır olduğunu bizə göstərdi. Sadəcə, politoloqlara, ziyalılara səsləndi ki... Özünün müəyyən etdiyi yeni strategiya, milli hədəflərə köklənsinlər və düşüncələrini də bu istiqamətə yönəltsinlər; yeni dövrün tələblərini anlasınlar və təbliğatda vintcik rolunu oynaya bilsinlər. Nəyi başa saldı? Yeni milli hədəflər üçün qorxularımız varmış: Avropaya qaz satışımıza embarqo, sanksiyalar, insan haqları və digər məsələlərin bəhanəsi ilə təzyiqlər... İzah etdi ki, Avropaya qaz satışına qadağa qoya bilməzlər - əks halda ölkəmizlə müqavilə imzalayan şirkətlər yüzmilyonlar, milyardlarla kompensasiya verməli olar; İzah etdi ki, Azərbaycanın qaz satışından əldə etdiyi gəlir siz düşündüyünüz səviyyədə deyil – hətta bu gəlir dayansa, vətəndaşlarımız bunu hiss etməyəcək. Ancaq Avropa bizdən qaz almasa, bəzi ölkələr “donacaq” – həm siyasi, həm də həqiqi mənada... İzah etdi ki, haqq, ədalət və hüquqa əsaslanır gücümüz; başa saldı ki, ölkənin xarici iqtisadi əlaqələri də elə qurulub ki, enerji satışımızı dayandırmaqla bizə təzyiq etmələri mümkün deyil, əksinə, bu “enerji əlaqələri” Azərbaycanın etibarlı tərəfdaş olaraq nüfuzunu, dostlarının sayını və mövqelərini beynəlxalq müstəvidə gücləndirir. Əliyev elə bir strategiya qurub ki, bu əlaqələr əksimizə çevrilə bilməz! Nə gördük? Bir daha gördük ki, İlham Əliyev təkcə mahir siyasətçi, diplomat, dövrümüzün beynəlxalq səviyyəli siyasətçisi yox, həm də güclü yumor hissinə malik son dərəcə hazırcavab şəxsdir. Sərhəddən qoşunları geri çəkməklə bağlı hansısa liderin zəngini xatırladanda bu, bir daha çılpaqlığı ilə üzə çıxdı. “Hara çəkilək?” “Hardan gəlmisiniz, ora!” “Biz Bakıdan gəlmişik... Ora çəkilək? Biz 30 il orda olmamışıq, sərhəd hardadırsa, göstərin, ora çəkilək”! Əliyev bilirdi o sərhədi göstərən olmayacaq – çünki yoxdur o sərhəd. Ancaq bunun ifadə tərzi, sərt və peşəkar diplomatik ifadəsi möhtəşəmdir! Son 100 ildə çox nadir siyasətçi olub ki, ən sərt mövqelərini son dərəcə incə-satirik diplomatiya ilə ifadə edərək, ən güclü rəqiblərini belə masada tərk-silah edib. Bəzən onların deyimləri “beynəlxalq status” da alıb, indi də işlədilir və yəqin, dünya durduqca qalacaq. Məsələn, Çörçill! Görünür, 21-ci əsr üçün bu ad İlham Əliyev olacaq – incə, sərrast, milli maraqlardan “bir santim” geri çəkilməyən diplomatiyanın ən yüksək səviyyədə hazırcavablıqla ifadəsi və güclü iradə! Nələri açıqladı? 1970-ci illərin xəritələri üzərində erməni tərəfinin manipulyasiyalarına tam aydınlıq gətirdi – tam-tamına! Bəlkə də media bu vaxta qədər ən ağıllı şəxslərdən, politoloqlardan, ziyalılardan, tarix bilicilərindən onlarla, yüzlərlə açıqlama alıb, İrəvanın niyə bu xəritələrdə israr etdiyinin səbəbini öyrənməyə çalışıb. Belə məlum olur ki, İlham Əliyev bütün bunlardan xəbərdardır və bəzi mətləbləri açmağa ehtiyac hiss etdi. Ermənistanın “70-ci illər xəritəsi” cəhdinin üstündən qırmızı xətt çəkdi! Səbəbini də izah etdi: ya siyasi – 1918-ci il 28 may və ya 1920-ci il 28 aprel, ya xronoloji, ya da heç bir xəritə, yerlərdə qarış-qarış müəyyənləşdirməklə! O cümlədən sülhdən danışdı: sülh olmaya da bilər, onda Ermənistan dalan ölkə olaraq qalacaq və Azərbaycanın “B Planı” var. Amma təkcə “B” deyil – İlham Əliyevin “c”si, “ç”si... də var – çünki Əliyev yeni dünya düzəninin hazırda formalaşdırılan ƏLİFBAsının yaradıcıları sırasında rol alır – bu “əlifba”nın “a”sından başqa heç bir hərf tanımayanlara dərs deyə bilər – zatən diplomatlara hələ çox gənc yaşında dərs keçib! Nə nəticə çıxarmalıyıq? İlham Əliyev elan etdi: tarixi zəfər missiyası tamamlandı, sərhədlərimizə çıxdıq, ərazimizi tam bərpa etdik, Qarabağ yarasını ermənilərlə birgə - heç kəsin ağlının ucundan keçməyəcək səviyyədə - kəsib atdıq, indi o əraziləri “müalicə” edirik, bərpa edirik, qururuq, yaradırıq, köçürük; anklavlara da köçəcəyik, orda da yaşayacağıq... İlham Əliyev elan etdi: yeni tarixi səhifə açılır və bu, Azərbaycanın sərhədlərindən kənara çıxmasıdır. Müasir tarixdə bir ilkə imza ataraq, ərazi mübahisəsini ən yüksək səviyyədə, unitarlığını qorumaqla bərpa edən Azərbaycan tarixində ilk dəfə sərhədlərini aşır – gücü ilə, ordusu ilə, iqtisadiyyatı ilə, siyasəti ilə! İlham Əliyev Azərbaycanın regional iddiasını ilk dəfə açıq şəkildə elan etdi və bütün cəmiyyəti ardınca gəlməyə çağırdı. Azərbaycan gücünü qardaşı ilə birləşdirir və Xəzərin o tayından Qara və Aralığa qədər təsir dairəsi yaradır... Yeni möhtəşəm tariximiz başlayır! Tanrı Əliyevi bu arzusuna çatdırsın! |
2024-01-11 | 821,734 | Daha bir erməni zabit öldü | Göyçə mahalında Ermənitan ordusunun N saylı hərbi hissənin zabiti N.Qriqoryan yol qəzasında ölüb. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, bundan öncə Göyçə mahalında yerləşən döyüş mövqelərində Ermənistanın iki zabiti xidmət yoldaşları tərəfindən güllələnərək öldürülmüşdü. |
2024-01-11 | 821,735 | Xəbərdarlıq: Bu sürücülər 40 AZN cərimələnəcək! | Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadaların üzərinə su çiləyən sürücülərə xəbərdarlıq edib. Bu barədə Axar.az-a BDYPİ-dən məlumat verilib. "Yollardakı su gölməçələri piyadalar üçün böyük problemdir. Çünki bəzi sürücülər hava şəraitini nəzərə almır və yağıntılı havalarda yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə, əksinə, daha da artıraraq, yol kənarında dayanan piyadaları üst-başlarını batırırlar, İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 1.5 bəndində bu məsələnin həlli öz təsdiqini tapıb. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir. Bütün sürücülərin nəzərinə çatdırırıq ki, bu qaydanı pozan hər kəsə 40 manat miqdarında cərimə tətbiq olunacaq" – məlumatda qeyd olunub. |
2024-01-11 | 821,737 | ABB onlara yüksək məbləğdə dividend ödəməyi hədəfləyir | Regionun ən böyük banklarından olan ABB dünən 32 yaşını qeyd etdi. 1992-ci ilin 10 yanvarında fəaliyyətə başlamış ABB 32 ildir ki, müştərilərə, o cümlədən bizneslərə universal maliyyə xidmətləri göstərir, strateji hədəflərinə uyğun olaraq inkişaf edir, böyüyür. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovla müsahibəmizdə Bankın 2023-cü il üzrə maliyyə nəticələrinə nəzər saldıq: - Abbas müəllim, ABB 2023-cü ili hansı maliyyə nəticələri ilə tamamladı? - Ötən il ABB-nin yeni, 2023-2025-ci il strateji inkişaf dövrünün ilk ili idi və biz bu strateji ili olduqca uğurlu nəticələrlə başa vurduq. Prudensial hesabatlara əsasən, ABB ötən il 322 mln. manat xalis mənfəət qazanıb. Bu, 2022-ci illə müqayisədə 27% artım deməkdir. 2023-cü ildə ABB-nin cəmi əməliyyat mənfəəti 388 mln. manatdan 484 mln. manata yüksəlib. Vergidən əvvəl xalis mənfəətimiz isə 421 mln. manata çatıb. - Gəlirlərin artmasına hansı amillər təsir göstərib? - Ötən il həm korporativ, kiçik və orta biznes müştərilərimizin, həm də riteyl müştərilərimizin sayı böyük həcmdə artıb. Yeni texnologiyaların tətbiqinin, xidmət keyfiyyətinin yüksəlməsinin burada, təbii ki, böyük rolu var. Bazara təqdim etdiyimiz yeni məhsul və loyallıq proqramları sayəsində müştərilərimizin aktivliyi də artıb. Belə ki, aktiv müştərilərimizin sayında il ərzində 25% artım qeydə alınıb. Kredit portfelimiz 2023-cü ilin əvvəli ilə müqayisədə 1.5 mlrd. AZN, yəni 43% artaraq 5 mlrd. manatı ötüb. İl ərzində korporativ biznes və kiçik sahibkarlar üzrə kredit portfelimizdə də 900 mln. manata yaxın və ya 53% artım olub. - Bank ötən ilin nəticələrinə əsasən dövlət büdcəsinə nə qədər vergi ödəyib? - ABB 2023-ci il ərzində dövlət büdcəsinə ümumilikdə 117 mln. manat vergi ödəyib. Bunun 84 mln. manat hissəsi mənfəət vergisi olub. Bundan başqa, ABB 2022-ci ilin mənfəətindən ötən il səhmdarlarına 156 mln. manat dividend də ödəyib. Bankın səhmlərinin 96,4%-i dövlətə məxsus olduğundan dividendlərin 151 mln. manatı məhz dövlətə ödənib. Ümumən, son 5 ildə mənfəət vergisi, səhmdarlara ödənilən dividendlər nəzərə alınmaqla dövlət büdcəsinə və sosial yönümlü layihələrə ABB 1.3 mlrd. manatdan çox ödənişlər edib. - Bu il səhmdarları hansı məbləğdə dividend gözləyir? - ABB əsas səhmdarımız olan dövlətə, həmçinin sayı 1800-ü ötən fiziki şəxs və özəl səhmdarlarımıza son beş ildə davamlı şəkildə yüksək dividendlər ödəməkdədir. Bu il də istisna olmayacaq. Bilirsiniz ki, səhmdarlara dividend qərarı üçün, əvvəlcə konsolidə edilmiş maliyyə hesabatlarımıza kənar audit şirkəti tərəfindən rəy verilməli, daha sonra Səhmdarların Ümumi Yığıncağında dividendlərin ödənilməsi ilə bağlı qərar qəbul olunmalıdır. 2023-cü il ABB-nin sağlamlaşma dövründən sonra ən yüksək əməliyyat mənfəəti qazandığı ildir. Biz ABB menecmenti olaraq bu il, səhmdarlarımıza ödənilən dividendlərin artırılması və minimum 15% gəlirliliyin təmin olunması məqsədilə 185 mln. manat həcmində dividend ödənişi təklif edəcəyik. Beləliklə, ABB bu il səhmdarlarına yüksək məbləğdə dividend ödəməyi hədəfləyir. |
2024-01-11 | 821,742 | Türkiyə valyutası tarixi minimumu yenilədi | Türkiyənin milli valyutası tarixi minimumunu yeniləyib. Axar.az xəbər verir ki, hazırda bir dollar 30,01 lirə, avro isə 32,95 lirəyədir. Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı 2023-cü il 21 dekabrda uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldırıb. |
2024-01-11 | 821,743 | Əliyevə təşəkkür edirəm: buna imkan vermədi - Ağacanyan | İlham Əliyevə təşəkkür edirəm ki, reallıqdan danışıb, Paşinyan və onun xuntasının xalqı çaşdırmağa davam etməsinə imkan vermədi. Axar.az xəbər verir ki, bunu erməni bloger Vahe Ağacanyan Feysbuk səhifəsində yazıb. “İlham Əliyevin müsahibəsi, tezisləri, mesajları bir məqamı aydınlaşdırır. Paşinyan tamamilə iflasa uğradı, onun gündəliyi rədd edildi, elan etdiyi bütün qırmızı xətlər pozuldu. Buna görə də Nikolun istefası və onun qazana bilməyəcəyi növbədənkənar seçkinin keçirilməsi zəruridir. Paşinyan səmimi şəkildə gündəliyinin iflasa uğradığını bəyan etməli, üzr istəməli və getməlidir. Biz müharibəyə hazır deyilik və uzun müddətə də hazır olmayacağıq. Ölkəni ətçəkən maşına məhkum etmək yolverilməzdir. Əgər məni satqın adlandırıb buna görə qınamaq istəyirlərsə, qoy etsinlər. Ancaq ölkəni çıxmayacağı yeni fəlakətə sürükləməyin. Dürüst, açıq şəkildə çıxın, uğursuzluğunuz üçün üzr istəyin və heç olmasa əlimizdə qalanı saxlamağa imkan verin”, - o bildirib. |
2024-01-11 | 821,745 | Bir zamanlar separatçıların olduğu binada məntəqə quruldu | Bir zamanlar separatçıların fəaliyyət göstərdiyi binada seçki məntəqəsi yaratmışıq. İşğal illərində həmin yerlərdə separatçı rejim bölücülük fəaliyyəti ilə məşğul idi. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları"na həsr edilən müşavirədə çıxışı zamanı deyib. "Xankəndi, Xocalı, Ağdərə və Əsgəranda ayrıca məntəqələr yaratmışıq, mediadan bu əraziləri diqqətdə saxlamağı xahiş edirik. Orada gedən prosesləri, düşünürəm ki, indidən ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır. Beynəlxalq ictimaiyyət görməlidir ki, əslində, yerində olan vəziyyət çox fərqlidir", - MSK sədri qeyd edib. |
2024-01-11 | 821,748 | Sabahın hava proqnozu açıqlandı | Bakıda və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65% olacaq. Azərbaycanın rayonlarında əsasən qərb rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. |
2024-01-11 | 821,749 | Əliyevin müsahibəsi Norikyanı qorxuya saldı | Azərbaycanlıların bütün tələbləri addım-addım yerinə yetirilir. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni ekspert Norayr Norikyan deyib. “Azərbaycan Prezidentinin çıxışlarından belə başa düşürəm ki, ortada konkret sülh müqaviləsi yoxdur. Bakının istəkləri tək-tək yerinə yetirilir. İndi növbə 8 kəndin qaytarılmasındadır. Bu, Ermənistanın son deqradasiya prosesidir. Nikol Paşinyan İlham Əliyevlə konkret nə danışdığını xalqa açıqlamalıdır”, - N.Norikyan bildirib. |
2024-01-11 | 821,752 | Çalışacağıq ki, beynəlxalq müşahidəçilər bunu görsün | Azad edilən ərazilərdə seçkilərlə bağlı müşahidə aparmaq azaddır. Çalışacağıq ki, beynəlxalq müşahidəçilər oradakı şəraiti öz gözləri ilə görə bilsinlər. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. MSK sədri xatırladıb ki, azad edilən ərazilərdə də səsvermə keçiriləcək və orada 26 seçki məntəqəsi yaradılıb: “Həmin məntəqələr yüksək səviyyədə lazımi seçki ləvazimatları ilə təchiz olunub”. |
2024-01-11 | 821,753 | Bakıda bir ailənin 6 üzvü qidadan zəhərləndi | 13:05 Bakının Xəzər rayonun Binə qəsəbəsində bir ailənin 6 üzvü qidadan zəhərlənib. TƏBİB-dən Axar.az-a bildirilib ki, bu gün saat 10:04 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qida zəhərlənməsi səbəbilə çağırış daxil olub. Qeyd olunub ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və 6 nəfər müvafiq tibb müəssisəsinə hospitalizasiya olunub: "Onlardan 3 nəfər böyük (2-si qadın cinsli, 1-i kişi cinsli olmaqla) Sabunçu Tibb Mərkəzinə, digər 3 uşaq isə Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri stabildir". *** Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Bu barədə AQTA-dan məlumat verilib. Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək. |
2024-01-11 | 821,758 | Voronejdə PUA qəzaya uğradı | Voronej vilayətində PUA qəzaya uğrayıb, bələdiyyələrdən birində qeyri-yaşayış binasının damı zədələnib, lakin itki yoxdur. Axar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev məlumat verib. “Bu gecə Ukraynaya məxsus PUA Voronej vilayətinin bələdiyyələrindən birində qeyri-yaşayış binasının damına ziyan vurub. İtki yoxdur. Yanğın halı baş verməyib”, - o bildirib. Qusev əlavə edib ki, vəziyyəti şəxsən nəzarətdə saxlayır. |
2024-01-11 | 821,760 | Bakının tələbi Ermənistana 3 milyarda başa gəldi | Arazdəyəndəki zavodun Vedi rayonuna (Ararat) köçürülməsi Ermənistan hökumətinə 3 milyard drama başa gəlib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan məlumatı məlumat yayıb. “Ermənistan hökuməti yanvarın 11-də keçirilən iclasda 3,5 milyard dram məbləğində büdcə ayıraraq GTB STEEL MMC tərəfindən Ararat kəndində metallurgiya zavodunun tikintisi barədə qərar qəbul edib. Qərara əsasən, 2023-cü il dekabrın 14-də hökumət Vedi rayonunun Ararat qəsəbəsində metallurgiya zavodunun tikintisi üzrə investisiya proqramını qəbul edib və təsdiqləyib. Torpaq sahələrinin isə GTB STEEL şirkətinə verilməsinə razılıq verilib. Müəssisənin tikintisi üçün şirkət artıq bir sıra tikinti işlərinə 2 milyard dram vəsait xərcləyib”, - məlumatda deyilir. Qeyd edək ki, sərhədimizdə tikilən bu zavod Azərbaycanın tələbi ilə köçürüldü. |
2024-01-11 | 821,761 | Bakıda, Sumqayıtda hər tində ev tikməkdənsə... - Prezident | Dövlət öz üzərinə düşən vəzifəni icra edəcək, biz keçmiş məcburi köçkünləri qaytaracağıq. Amma, eyni zamanda, mən hesab edirəm ki, Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış insanlar yaşamamalıdır. Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq üçün imkanlara malik olmalıdır. Təbii ki, məsələn, Bakıdan, ya Sumqayıtdan oraya gedib yaşamaq istəyən getsin, ev alsın özünə, mənzil alsın, torpaq alsın, ev tiksin və orada yaşasın. Yəni, onun üçün dövlət, təbii ki, heç bir ev tikən deyil. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. "Onu da mən bizim bütün aidiyyəti qurumlarımıza bildirmişəm ki, biz orada yaşamaq istəyənlər üçün evlər tikirik, orada bir bağ evi əldə etmək istəyən üçün yox. Ora bağ evi deyil, ora yaşamaq yeridir. Kim orada yaşamaq istəyirsə, dövlət onun üçün pulsuz ev də tikir, hər şey də təşkil edir. Əgər kimsə orada, sadəcə olaraq, gözəl təbiəti və təmiz havanı nəzərə alaraq köçmək istəyirsə, özəl sektor onlar üçün orada, məsələn, Ağdam şəhərində indi özəl sektor bir yaşayış kompleksi inşa edir, çoxmərtəbəli ev, kim istəyir gedib ondan ev alar, orada da yaşayar. Daşaltıda da, Hadrutda da bu gün bu layihələr icra edilir. Ona görə özəl sektora da mənim tövsiyəm budur ki, bundan istifadə etsinlər. Çünki vaxt gələcək, dediyim o Qarabağı və Zəngəzuru cənnətə çevirəcəyik, bu, reallığa çevriləcəkdir. Mənim heç bir şübhəm yoxdur, çünki şəhərlərin bütün Baş planları təsdiqləndi. Şəhərlərin bütün Baş planları dünyanın, daha doğrusu, Avropanın ən qabaqcıl şirkətləri tərəfindən hazırlanmışdır, o cümlədən Şuşa şəhəri. Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət bir vəhdət təşkil edəcək. Ona görə bizim özəl sektorumuz Bakıda, Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər və görərlər ki, o iqtisadi cəhətdən də səmərəli olar və eyni zamanda, biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar. Çünki bu gün biznes dairələri üçün Azərbaycanda çox gözəl şərait yaradılır və dövlət tərəfindən dəstək göstərilir. Ona görə biznesin sosial məsuliyyəti, hesab edirəm ki, bu olmalıdır. Getsinlər, müəssisələr qursunlar, evlər tiksinlər, zavodlar, fabriklər inşa etsinlər, dövlət isə öz üzərinə düşən bütün işləri görəcək - infrastruktur, xəstəxanalar, məktəblər, su anbarları, qazlaşdırma, içməli su, elektrik enerjisi, evlər, yollar, körpülər. İndi ancaq Murovdağın altındakı tuneli nəzərə alsaq, bunun uzunluğu təxminən 12 kilometrdir. İndi təsəvvür edin, bir tunel 12 kilometrdir, amma belə tunellərin sayı, - düzdür, o ölçüdə yox, - onlarladır. Yəni, 2024-cü ildə bu işlərə çox güclü təkan veriləcək və bütün qarşıda duran vəzifələr təmin ediləcək", - Prezident bildirib. |
2024-01-11 | 821,769 | Abutalıbov İstanbulda tarixi binaya müdaxilə etdi - Foto | Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib və orada bərpa işləri aparıb. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Bir gün" qəzeti məlumat yayıb. Bildirilir ki, vətəndaşlıq aldıqdan sonra Türkiyədə otellər alaraq tikinti fəaliyyətinə başlayan İsrafil Abutalıbov İstanbulun Fateh səmtində də bir çox mülk alıb. 2017-ci ildə Kiçik Ayasofya məhəlləsində qorunan ərazidə yerləşən və biri qismən Vəqf mülkiyyəti olan iki sənədli bina alan Abutalıbovun bərpa işləri çərçivəsində binalara qanunsuz hissə əlavə etdiyi iddia olunub. Məsələ ilə bağlı şikayət edilsə də, binada inşaat işləri davam etdirilib. İstanbul Böyükşəhər Bələdiyyəsinə, Fateh Bələdiyyəsinə, Ekologiya və Şəhərsalma Nazirliyinə və Vəqflər Ümumi Müdirliyinə edilən şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib. Lakin heç bir söküntü aparılmayıb. |
2024-01-11 | 821,770 | Bakıda marşrut avtobusu yandı - Video | Bakıda avtobus yanıb. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, Bakı Bus MMC-yə məxsus avtobus şəhərin mərkəzi küçələrinin birində tüstüləməyə başlayıb. Qurumdan bildirilib ki, hadisə bu gün baş verib: “Bu gün saat 11:31-də Hüseyn Cavid prospektində 17 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda anidən tüstülənmə baş verib. Avtobusda mövcud avtomatik qoruma sistemi işə düşüb. Sərnişinlər avtobusdan operativ olaraq düşürülüb. Nəqliyyat vasitəsi qarajdan ehtiyat avtobusla əvəz edilib, marşrutun hərəkət qrafiki bərpa edilib. Sərnişinlər arasında xəsarət alan yoxdur. Hazırda hadisə ilə bağlı daxili araşdırma aparılır”. Həmin görüntüləri təqdim edirik: |
2024-01-11 | 821,772 | Türkiyə Kəşfiyyat Akademiyası yaratdı: Bakıya dəstəyi... | Türkiyədə ötən il fəaliyyətə başlayan Milli İstehbarat Akademiyası əsas fəaliyyətini kəşfiyyat, təhlükəsizlik və strategiya istiqamətlərində quracaq. Burada magistratura, doktorantura təhsili veriləcək, araşdırmalar aparılacaq və müxtəlif məsələlər üzrə strategiya hazırlanacaq, xarici siyasət üçün yeni yollar, perspektivlər açılacaq, prioritetlər müəyyən olunacaq. Bu sözləri Axar.az-a Milli İstehbarat Akademiyasının açılmasının məqsəd və fəaliyyət istiqamətləri barədə danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. General Akademiyanın açılması ilə qazanılacaq təcrübənin Azərbaycan başda olmaqla bütün türk dövlətləri ilə paylaşılacağını vurğulayıb: “Artıq ilk elmi araşdırma “Dünyadakı ifrat sağcı hərəkətlər” adı altında yayımlandı. Akademiyanın fəaliyyətə başlaması ilə Türkiyə kəşfiyyat sahəsində öz iddialarını, təşəbbüslərini, nüfuzunu gücləndirir. Buradakı insanlar həm təhlükəsizlik bürokratiyasında, həm də kəşfiyyat sahəsində xarici siyasətin təhlükəsizliyə təsiri mövzusu üzərində işləyərək dövlətə istiqamət verəcək. Kursantlar kəşfiyyat, təhlükəsizlik, strategiya, regional fəaliyyət, kiber təhlükəsizlik, peyk sistemləri, süni intellekt, məlumat bazasının analizi və s. sahələrdə çox yüksək səviyyəli təhsil alacaq, sonra isə ortaya mükəmməl işlər qoyacaqlar. Aparılan elmi araşdırmalarla birgə bir sıra tətbiqi layihələr də gerçəkləşdiriləcək. Bu hadisə Türkiyə Respublikasının e.ə. 209-cu ildə qurulan ordusu ilə Anadoluda var olan min illik dövlətçilik ənənəsinin məntiqi nəticəsidir. Akademiyanın açılması qlobal güc olma, Türkiyə Yüzili və Türk Yüzili idealını reallaşdırma yolunda çox böyük addımdır. Əlbəttə, əldə edəcəyimiz təcrübə və qazandıqlarımız başda Azərbaycan olmaqla, bütün qardaş ölkələrimizə də güc verəcək, Türk Dövlətləri Təşkilatı çərçivəsində bilgi mübadiləsinə əhəmiyyətli dərəcədə töhfə verəcək. Akademiyanın açılması Qafqazda, Balkan ölkələrində, Liviyada, Rusiya-Ukrayna, İsrail-Fələstin münaqişəsində və Yaxın Şərqdəki proseslərdə, səmada və dənizdə ortaq gələcəyimiz üçün həyata keçirdiyimiz fəaliyyətlərdə gücümüzə güc qatacaq. Hamımız üçün xeyirli olsun”. Qeyd edək ki, Türkiyə Milli İstehbarat Akademiyası 2023-cü ilin fevralın 9-da fəaliyyətə başlasa da, ictimaiyyətə bu yaxınlarda məlumat verilib. |
2024-01-11 | 821,774 | Afinaya niyə “qaz xəbərdarlığı” etmirik? | Diplomatiyamızın və diasporumuzun fəallaşmasına ehtiyac var. Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına verdiyi ötəngünkü müsahibədə əsas tezislərdən biri də “tənbəlləşmək olmaz” idi. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistan və bu ölkənin havadarları Azərbaycana qarşı informasiya savaşını genişləndiriblər: “Misal üçün Parisin mərkəzində “Dağlıq Qarabağda erməni irsi təhlükə altındadır” şüarı altında sərgi keçirilir. Sərginin təşkilatçıları arasında Paris meriyası da var. Biz nəyi gözləyirik? Tutaq ki, ermənipərəst Parisdə Qarabağda dağıdılan məscidlərlə bağlı sərgi keçirmək çətindir, axı Avropada bizə dost dövlətlər də var, orada niyə sərgi keçirməyək? Bu arada, Ermənistanda səfərdə olan Yunanıstatın xarici işlər naziri deyib ki, Afina “Dağlıq Qarabada erməni irsinin qorunması üçün Avropa Birliyində və UNESKO təşkilatında təşəbbüslərlə çıxış edəcək. Yunanıstana öz vətəndaşlarını bu soyuq qışda evlərini Azərbaycan qazı ilə qızdırmalarıyla bağlı xatırlatmanın vaxtı deyilmi?” |
2024-01-11 | 821,775 | Əliyev nöqtə qoydu: kəndlərin “barteri” olmayacaq | İlham Əliyevin yerli telekanallara müsahibəsində Ermənistan işğalında qalan 8 kəndin (Qazaxın 7 kəndi və Kərki) taleyi ilə bağlı dedikləri iki məsələyə aydınlıq gətirdi. Birincisi, rəsmi Bakının bu kəndlərin qaytarılması ilə bağlı planı nədir? İkincisi, ayın sonunda məsələ Ermənistanla müzakirə ediləcək. Daha öncə bir neçə dəfə bu haqda yazmışdıq: rəsmi Bakı işğal altında qalan 8 kəndin qaytarılması ilə bağlı “mərhələli həll” variantından çıxış edir. Prezident İlham Əliyev bunu təsdiq etdi. - birinci mərhələ: anklav olmayan 4 kənd – Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri qaytarılır; Əliyev bu 4 kəndin qeyd-şərtsiz qaytarılmalı olduğunu vurğuladı; - ikinci mərhələ: anklav olan – Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri müzakirə olunur, çünki anklavların qaytarılması üçün bu kəndlərə dəhlizlər açılmalıdır; Ki, iki ölkə və xalqlar arasında etimad mühiti formalaşmadan buna nail olmaq çətindir, digər tərəfdən, bu dəhlizlərin ən azı ilk dövründə təhlükəsizliyin necə təmin edilməsi üzərində razılıq olmalıdır. Ermənistan tərəfi dəhliz məsələsinin çətinliyinə istinad edərək, anklavların qaytarılması məsələsini arxa plana keçirmək istəyir. Nikol Paşinyan “barter”dən – SSRİ dövründə Ermənistana verilmiş və anklav kimi qəbul edilən Başkəndlə Kərki və Qazaxın 3 anklav kəndinin dəyişdirilməsi variantına işarə edib. Hərçənd, Əliyev anklavların qaytarılmasının vacibliyinə toxundu və bəyan etdi ki, bununla bağlı ekspert qrupu yaradılmalı, həll yolları tapılmalıdır. Burada əsas diqqətçəkən məqamlardan biri Prezidentin “Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir” deməsidir. Söhbət Başkənddən gedir və bu, dövlət başçısı səviyyəsində ilk dəfə dilə gətirilir. Və Əliyevin “erməni anklavı” ifadəsinin iki istiqamətdə manevr xarakterli olması istisna edilməməlidir. 1. Cari dövrdə anklav olmayan 4 kəndin qaytarılmasına nail olmaq; 2. Sərhədin delimitasiyasının 1920-ci illərin xəritələrinə əsasən aparılmasını gündəmə gətirməklə həmin dövrdə Ermənistana “bağışlanmış” Başkəndin “erməni anklavı” olması iddiasını aradan qaldırmaq; Əliyevin XX əsrin əvvəllərinə aid xəritələrin əsas götürülməsi haqda dedikləri də bu konteksdə diqqət çəkir. Bu ayın sonunda Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının görüşü nəzərdə tutulur. Əliyev bəyan etdi ki, görüşdə Qazax-Tovuz bölgəsinin delimitasiyası müzakirə olunacaq – anklav olmayan 4 kəndin qaytarılması. |
2024-01-11 | 821,776 | Ötən gün faciəvi şəkildə ölən biznesmenin - Fotosu | Dünən Lənkəran rayonunun Vilvan kəndində ağır yol qəzası baş verib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, rayonun Xarxatan kəndində yaşayan 1968-ci il təvəllüdlü Natiq Məmmədovun idarə etdiyi “Mersedes 600” markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəyinə çırpılıb. Nəticədə ağır xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib. Məlumata görə, N.Məmmədov baş vermiŞ yol qəzasından əvvəl dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, hadisədən bir neçə saniyə əvvəl N.Məmmədov sükan arxasında olarkən onun ürəyi tutub. Nəticədə sürücü özündən gedib və N.Məmmədovun sürdüyü avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaclara və dirəklərə çırpılıb. Sükan arxasında hərəkətsiz qalan şəxsin öldüyü müəyəyn edilib. Qeyd edək ki, vəfat edən şəxs Lənkəranda məşhur “Nat petrol” yanacaqdoldurma məntəqəsinin sahibi olub və iş adamı kimi tanınıb. Vəfat edən biznesmenin fotosunu təqdim edirik: |
2024-01-11 | 821,777 | Fransa casusu azərbaycanlı qızla nişanlı imiş - Təfərrüat | Azərbaycanda iki fransız diplomatın persona-non-qrata elan edilməsi və bu ölkədən çıxarılması ilə başlayan səs-küylü casus qalmaqalına dair yeni təfərrüatlar məlum olub. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Fransanın “L’Opinion” nəşri məlumat yayıb. Bildirilib ki, əvvəlcə heç kəs Martin Rayanın saxlanılması və 4 ay müddətinə həbsini Azərbaycan xüsusi xidmət orqanlarının Bakıda fransız casus şəbəkəsinin ifşasına dair açıqlaması ilə əlaqələndirməyib. Üstəlik, Fransanın Xarici İşlər Nazirliyi də bununla bağlı gözləmə mövqeyi tutmuşdu. Lakin daha sonra məlum olub ki, artıq ötən il dekabrın 4-dən həbsdə olan M.Rayanın Azərbaycandan çıxarılan bu “diplomatlar”la əlaqəsi olub. Nəşrdə o da qeyd olunub ki, Fransa və Böyük Britaniya vətəndaşlığı olan M. Rayan 4 il Bakıda yaşayıb və hətta azərbaycanlı qızla nişanlanıb. O, “Merkorama” adlı kiçik şirkət quraraq ixrac-idxalla, xüsusən şərab ticarəti ilə məşğul olub. M.Rayan heç bir siyasi fəaliyyətlə məşğul olmayıb: “Lakin Fransa xüsusi xidmət orqanlarının nümayəndələri M.Rayanın iradəsinə zidd olaraq onu üçüncü ölkələr haqqında məlumatların toplanması və ötürülməsinə cəlb ediblər. M.Rayan səfirliyin iki əməkdaşı - “Frederik” və “Loran”la isti, hətta mehriban münasibətlər saxlayırdı. Amma onlar 2023-cü ildə Bakını tərk ediblər. “Loran”ı əvəz edən “Andre” onunla görüş istəyib. Görüş zamanı “Andre” M.Rayana siyasi məsələlərlə bağlı həddən artıq çox sual verib”. Məqalədə vurğulanıb ki, Martinin səfirliklə əlaqələri ictimaiyyətə açıq olan sadə məlumatların toplanılmasından, xüsusən də İran və Türkiyə ilə bağlı məlumatların toplanılması və ötürülməsinə çevrilib: “Başqa sözlə, söhbət yalnız passiv deyil, həm də aktiv əməkdaşlıqdan gedir”. “Bu qarşılıqlı inamsızlıq mühitində Martin əmin olub ki, səfirliyin nümayəndələri onu təhlükəli oyunlarında sadəcə “piyada” kimi istifadə etməyə çalışırlar”, - məqalə müəllifi əlavə edib. Onun sözlərinə görə, Azərbaycan xüsusi xidmət orqanları iki diplomatı, o cümlədən “Andre”ni şahid qismində dindirmək istəyib: “Lakin bundan imtina edildiyinə görə, onların hər ikisi ölkədən çıxarılıb”. “Görünən odur ki, fransız “diplomatlar” Fransa Xarici İşlər Nazirliyindən daha çox Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinə (DGSE) hesabat veriblər... Onların kimliyi açıqlanmayıb. Ola bilsin, Martin Rayan hətta özünün də xəbəri olmadan həmin idarənin “fəxri müxbir”i seçilib, amma o, DGSE agenti olmayıb”, - “L’Opinion” nəşrində qeyd edilib. |
2024-01-11 | 821,779 | Əfqanıstanda güclü zəlzələ baş verdi | Əfqanıstanda 6,1 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Məlumata görə, zəlzələ Künduz şəhərindən 160 kilometr cənubda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur. |
2024-01-11 | 821,780 | Bakını su ilə təmin edə biləcək böyük anbar varmış | Bakının Yasamal rayonunda yerləşən yeraltı su anbarı şəhərin su təminatını ödəmək məqsədilə keçən əsrin sonlarında yaradılsa da, laqeydlik səbəbindən fəaliyyətsiz qalır. Bunu Axar.az-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib. Sahib Məmmədov Bakı şəhərinin Baş planında bu su anbarının adının çəkilmədiyini bildirib: “Yasamal rayonunda su anbarı fəaliyyətsiz qalır. Dövlətin sənədlərində də su anbarı ilə bağlı məlumat yoxdur, gizlədilir. Səsim çatan hər yerə demişəm, ancaq diqqət cəlb etmir. Görünür yaxşı ərazidir, üzərində bina tikintisi gedir. Həm də böyük kompleksdir. Mən hay-küy salandan sonra gedib kiçik bir su çəni qoydular. Bir az istifadə etdikdən sonra deyəsən, dayandırdılar. Ekologiya Nazirliyi maraqlandı, gedib baxdılar, amma məsələ həllini tapmadı. Adın da qoyublar ki, guya bu “Nizami” metrosunun su-nasos stansiyasıdır. Hərçənd məsələyə aidiyyəti yoxdur. Orada milyonlarla kub yeraltı su var. Həmin su sızıntı nəticəsində Xəzər dənizinə sızıb. İndi Xəzərdə şirinləşdirici zavod tikəcəklər, litri də 50 qəpiyə başa gələcək. Halbuki burada 0 qəpikdir. Həmin sudan küçələrin, yaşıllıqların suvarılması kimi sənaye məqsədləri üçün istifadə etmək olar”. Onun sözlərinə görə, Yasamal rayonunun icra başçısı olduğu illərdə su anbarından istifadə edib: “Yasamal rayonun icra başçısı olduğum illərdə o sudan istifadə etmişəm. Hətta qonşu rayonlara da tövsiyə etmişəm. Onlar da sudan istifadə edirdilər. Orada 200 ton rezervuar tikməyi planlaşdırırdım ki, 24 saat ərzində fasiləsiz su daşımaq mümkün olsun. Plan da hazır idi. Məndən sonra o plan həyata keçmədi”. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən saytımıza bildirildi ki, adıçəkilən su anbarı “Azərsu” və FHN-in tabeliyindədir. “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayılı isə su anbarının onların balansında olmadığını deyib: “O anbar bizim balansımızda deyil. Bildiyim qədəri ilə fəaliyyət göstərmir”. |
2024-01-11 | 821,786 | SEPAH-ın raketi “geri” qayıtdı, 11 əsgər yaralandı | SEPAH-ın Sistan və Bəlucistan əyalətinin Çabahar şəhəri yaxınlığında keçirdiyi “Peyambər-i Əzəm 18” hərbi təlimi zamanı 11 hərbçi xəsarət alıb. Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr sosial mediada məlumat yayıblar. Bildirilib ki, SEPAH-ın şərti düşmənə raket hücumunu simulyasiya etdiyi zaman texniki nasazlıq səbəbindən buraxılan reketlərdən ikisi geri qayıdaraq raket buraxılışı platformasının yaxınlığına düşüb. Yaralı SEPAH üzvlərinin Çabahar şəhərinin “Seyyid əl-Şühəda” xəstəxanasına yerləşdirildikləri, bir neçəsinin durumunun ağır olduğu bildirilir. Qeyd edək ki, yanvarın 10-da keçirilən genişmiqyaslı təlim zamanı buraxılan raketlərdən üçü Çabaharın neft-kimiya zavoduna düşüb. |
2024-01-11 | 821,790 | İrandan gətirilən 32 kq narkotiki Bakıda satmaq istədilər | Polis əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Daxili İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, bu istiqamətdə Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Bakının Sabunçu rayonunda keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər əvvəllər məhkum olunmuş paytaxt sakini Zaur Hacıyev və tanışı Bəhruz Cəbiyev saxlanılıblar. Onların üzərindən və B.Cəbiyevin idarə etdiyi avtomobildən ümumilikdə 32 kiloqram, o cümlədən 26 kiloqram heroin və 6 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxslər ölkəyə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Cəlilabad rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. |
2024-01-11 | 821,791 | Əliyev bunun üçün hər şeyi edəcək - Geqamyan | Azərbaycan Serj Sərkisyan və Robert Köçəryanın həbs olunması üçün hər şeyi edəcək. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni türkoloq Varujan Geqamyan deyib. “Bakı Ermənistanın keçmiş prezidentləri Serj Sərkisyan və Robert Köçəryanı tutmaq üçün hər şeyi edəcək, Əliyev bunu birbaşa dedi. Azərbaycan qaz təchizatı baxımından Avropa Birliyinin əsas tərəfdaşlarından biridir. Ona görə də heç bir halda Qərbin təzyiqindən qorxmur, çünki belə bir şey olmayacaq”, - V.Geqamyan bildirib. Qeyd edək ki. Prezident İlham Əliyev yerli teveiziyalara müsahibəsi zamanı Bakıda istintaq təcridxanasında saxlanılan qondarma rejimin “liderlərindən” danışıb. İ.Əliyev “O qruplaşmada sadəcə 2 nəfər çatışmır, onlar da hazırda İrəvandadırlar. Onlar olsa, heyət tam formalaşacaq” deyib. |
2024-01-11 | 821,792 | Qriqoryan Ukraynanın sülh formuluna qatılır | Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukraynanın sülh formulu ilə bağlı 4-cü iclasda iştirak məqsədilə İsveçrəyə işgüzar səfərə gedəcək. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından məlumat verilib. Məlumata görə, görüş yanvarın 14-də Davos şəhərində keçiriləcək. Sülh formulu ilə bağlı əvvəlki görüş ötən ilin sonunda Ər-Riyadda keçirilmişdi. |
2024-01-11 | 821,795 | Narışkin: ABŞ bu ruslara “təlim” keçir | Vaşinqton Rusiyada beşinci kolon yaratmağa çalışır, həmçinin ABŞ-ın mübadilə proqramlarının məzunu olan ruslarla işi gücləndirmək niyyətindədir. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib. “ABŞ Dövlət Departamentinin hesablamalarına görə, Vaşinqtonda təhsil və mədəniyyət proqramları üzrə təqaüd alan rusiyalıların sayı 80 mini ötüb. Amerika hesab edir ki, lazımi elektron məktubla onlar Qərbə qaçan sistemsiz müxalifəti əvəz edəcəklər. Əsas diqqət məzunlara həm millətlərarası, həm də sosial nifrətin qızışdırılması üsullarının öyrədilməsinə yönəldiləcək. Onlar Rusiya seçkisinə müdaxilə etmək və sosial şəbəkələrdə ölkə hakimiyyətini gözdən salmaq üçün təlim keçəcəklər”, - o bildirib. |
2024-01-11 | 821,796 | Ukraynada türk jurnalistlərin qaldığı otelə raket düşdü - Video | Ötən gecə Ukraynanın Xarkov şəhəri Rusiya tərəfindən raket hücumuna məruz qalıb. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Ukrayna-Rusiya müharibəsini işıqlandıran Türkiyənin “Anadolu” xəbər agentliyinin əməkdaşlarının qaldığı “Park Otel”ə də iki raket düşüb. Partlayış nəticəsində otelin yuxarı mərtəbələri xarabalığa çevrilib, bina alovlanıb. Jurnalistlər hoteli kiçik xəsarətlərlə tərk edə biliblər. Əməkdaşların ikisi də yoxlamalar üçün xəstəxanaya göndərilib. Həmçinin komandanın istifadə etdiyi avtomobil də otelin yaxınlığındakı bir çox digər maşın kimi, zədələnərək yararsız hala düşüb. Ukraynanın Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov sosial media hesabından verdiyi açıqlamada hücumun S-300 raketləri ilə həyata keçirildiyini bildirib. 30-dan çox mülki şəxsin olduğu otelin vurulduğuna diqqət çəkən Sinequbov qeyd edib ki, hadisə zamanı 11 nəfər yaralanıb. |
2024-01-11 | 821,800 | SSRİ xalq artisti vəfat etdi | SSRİ xalq artisti Yuri Solomin 89 yaşında vəfat edib. Kult.az xəbər verir ki, bu barədə Moskva Kiçik Teatrından məlumat verilib. “SSRİ xalq artisti, Kiçik Teatrın bədii rəhbəri Yuri Mefodyeviç Solomin bu gün dünyasını dəyişib”, - məlumatda qeyd olunub. Qeyd edək ki, Solomin ötən ilin noyabrın 6-da insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.