date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-12-26
5,186
Cəbhədə atışma: itki yoxdur
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" məlumat verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Novruzlu, Tərtər rayonunun Seysulan və Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
2013-12-26
5,187
Şəkidə evin əşyaları öz-özünə yanır – Video
Hadisənin baş verməsi kameraya çəkilib. Şəkinin Vərəzət kəndində Həsənovlar ailəsində son bir həftə ərzində müəmmalı hadisə yaşanır. "Axar.az" "KanalS"ə istinadən xəbər verir ki, ailə üzvləri təşviş içindədir. Belə ki, mənzildə qəflətən yanğın hadisələri baş verir. Ən maraqlısı isə yanğının səbəblərinin məlum olmamasıdır. Əvvəlcə yanğının elektrik naqillərindən və ya odun sobasından baş verə biləcəyini düşünən ailə üzvləri mənzilin bütün elektrik naqillərini əsas xəttdən ayırıb, odun sobalarını isə evdən çıxarıblar. Lakin bundan sonra yanğının baş verməsi ev sahiblərini sözün əsl mənasında təşvişə salıb. Qeyd edək ki, yanğın sadəcə evdəki əşyalarda baş verir. Gün ərzində bir-iki dəfə təkrar olunan yanğın ailə üzvlərinin gözü qarşısında yaşanmır. Ötən gün isə "KanalS"-in əməkdaşları hadisə yerində olub və bu dəfə hadisə onların gözü qabağında baş verib. Hadisənin təfərrüatları ilə maraqlanmaq istəyən jurnalist hadisə yerinə - Vərəzət kəndinə yollanıb. Məlum olub ki, baş verən hadisələrdən sonra ev sahibi gəlininin cehizlərini yağış altında qalmasın deyə ata evinə aparıblar. Həsənovlar baş verənləri danışdığı bir vaxtda gəlinin ata evində çaxnaşma düşüb. Belə ki, əşyalar həmin evdə də yanmağa başlayıb. Çəkiliş qurupu da ev sahibləri ilə birgə hadisə yerinə gedib. Hər şey onların gözü qarşısında baş verib. Təşvişə düşən insanlar əşyaları evdən çölə atıblar. Demək olar ki, hər kəs bu müəmmalı hadisənin şokunu yaşamaqdadır. Ailə, kənd sakinləri, din xadimləri - hər kəs yanğının nədən baş verdiyini anlamağa çalışırlar. Qeyd edək ki, Həsənovlar ailəsində bu hadisə ilk dəfə noyabr ayında qeydə alınsa da, dekabrın 18-dən etibarən intensivləşib. Hər gün müxtəlif saatlarda ev əşyaları yanğına məruz qalır.
2013-12-26
5,188
İranda zəlzələ olub
İranda zəlzələ baş verib.Yeraltı təkan 4.1 bal gücündə olub. Bu barədə Tehran universitetinin seysmoloji mərkəzindən məlumat verilib. Məlumata görə, yeraltı təkanların eoisentri Sirah şəhərinin cənub şərqində qeydə alınıb. Ölüm və dağıntı haqqında məlumat yoxdu (Anspress.com).
2013-12-26
5,189
Nazir istefa verməyib, işdən çıxarılıb – Foto/Sənəd
Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Ərdoğan Bayraqdar özü istefa verməyib. "Axar.az" məlumat verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Mətbuat, nazirin Rəcəb Tayyib Ərdoğanın əmri ilə vəzifədən uzaqlaşdırıldığını yazıb. Qeyd edək ki, dünən NTV-dəki çıxışında Ərdoğan Bayraqdar​ digər iki nazir kimi istefa verdiyini söyləmişdi.
2013-12-26
5,190
Türkiyə neft hasilatına başlayır
Türkiyədə ilk dəfə olaraq böyük həcmdə neft ehtiyatı tapılıb. Verilən xəbərə görə, Türkiyənin Siirt bölgəsində yüksək çəkili neft aşkarlanıb. Siirt şəhərinin Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Afif Dəmirkıran bildirib ki, keçən il başlanılan qazma işlərində açılan ilk quyuda gündəlik olaraq 150 barel neft əldə olunacaq. Onun sözlərinə görə, Siirt bölgəsində olduqca zəngin neft yataqları var: "Türkiyənin "Güney Yıldızı" və TPAO şirkətlərinin birgə apardığı qazma əməliyyatlarında Siirtin "Doğu Sadak-1" quyusunun 2 400 metr dərinliyində zəngin neft ehtiyatı kəşf edilib". O qeyd edib ki, gündəlik 150 barel neftin əldə olunması TPAO-nun Türkiyədə gündəlik bir quyudan əldə etdiyi neftin 3 qatına bərabərdir və bu gün üçün Türkiyənin ən keyfiyyətli nefti hesab oluna bilər: "Şirkət bu yataqda neft hasilatını stabil bir duruma gətirməyi və daha çox neft əldə edilməsini hədəf götürüb. Ehtiyac yarandıqda ölkənin digər neft şirkətləri də bölgədə neft hasilatına cəlb oluna bilər. Çünki Siirtdə olduqca böyük həcmdə neft var". Millət vəkili deyib ki, bu yatağın aşkar edilməsi Türkiyə iqtisadiyyatına böyük dəstək olacaq: "Türkiyə hər il 60 mlrd. dollar dəyərində neft və enerji idxal edir. Daha bir neçə belə neft yatağı aşkar edilərsə, bu, ölkəmizə idxal edilən neftin həcmini nisbətən azaldacaq" (Apa.az). Artıq Siirtdəki neft yatağında tapılan neftin nümunələri laboratoriyaya göndərilib və onun analizi aparılıb. Bu bölgənin digər ərazilərində də neft yataqlarının axtarışları davam etdiriləcək.
2013-12-26
5,191
Azərbaycan yazıçıları kimsəsiz bir adaya düşərsə...
Jan Pol Sartrın "Ürəkbulanması" əsərində maraqlı sual səslənir: "Kəşf edilməyən bir adaya düşsəydiniz, yenəmi yazardınız?" Təbii ki, bu sualı hansı yazara versəniz o, indiyə qədər səsləndirilən cavabları verəcək: "yazmasam, yaşaya bilmərəm", "yazmaq ruhumu sakitləşdirir", "uşaqlıqdan yazmağı sevirdim" və s. Amma gəlin etiraf edək ki, heç vaxt dərc edilməyəcəyinə ümid etmədən yazmaq çox çətindir və bu baxımdan da yazarların, məsələn, daha çox göz önündə olmaq istəyən müğənnilərdən az eqoist olduğunu düşünmürəm. Eyni zamanda bu suala səmimi cavab verənlərin sayının çox olacağına da ümid etmək çətindir. Amma biz ümidsizliyimizi bir kənara qoyaraq, eyni sualla yazarlarımıza müraciət etdik. Görək yazarlarımız iddiasız-filansız ədəbiyyat, yazmaq aşiqləridirmi? Yoxsa oxucu olmadan yazmağın əhəmiyyəti yoxdur? Şəxsən mən kimsəsiz bir adaya düşsəm… Əkrəm Əylisliyə eyni sualla müraciət etdik və bəlli oldu ki, yazar belə bir adaya düşərsə, yazıb-yazmayacağını bilmir: - Yaşın bu çağında ola bilər ki, hər hansı bir yaradıcı insan yalnız özü üçün yazsın, amma mən inanmıram ki, onların sayı çoxluq təşkil edə. Bu gün elə yazarların sayı çox azdır. Şəxsən mən kimsəsiz bir adaya düşsəm, yazıb- yazmayacağımı bilmirəm. Bir yazar yazılarının oxunmasını hər zaman istəyir. Bu yazarlıqda bir qaydadır. Ona görə də kimsəsiz adada yazacağıma tərəddüd edirəm. Həbsxana da kimsəsiz ada kimidir Sayman Aruz hesab edir ki, yazmaq ruhun boşalmasıdır: - Necə ki, insan genetik baxımdan öz ehtiyaclarını müəyyən vasitələrlə ödəyir, ruh da ehtiyacını yazaraq ödəyir. Mən şəxsən yazmadıqda pessimist oluram, sanki həyatımda nəsə çatışmır. Heç vaxt oxucularımın çoxluğu barədə düşünməmişəm. Həmişə öz ideologiya və arzularımdan yaranan sözlər ilə özümü yazmışam. Heç vaxt reytinq xatirinə yazı yazmazdım. Kimsəsiz adaya düşsəydim, əlbəttə, yenə də yazardım. O kimsəsiz ada da mənim dostum, həmsöhbətim olar. Əslində, buna bənzər hisslər yaşamışam. Həbsdə olanda da kimsəsiz adada olan insanın hisslərini keçirirdim. Orada yalnız düşünürdüm və fikirlərimi heç kimə demədən yalnız vərəqlərə həkk edirdim. Yazmamaq üçün bəhanələr tapan yazarlar Qismət bu suala cavab verərkən bildirdi ki, bəzən yazarlar heç adaya düşmədən də yazmamaq üçün bəhanələr uydururlar: - Təbii ki, söhbət əsl sənətkarlardan gedirsə, onlar yazmadan yaşaya bilməzlər. Amma bu məsələnin başqa tərəfi də var.Təcrübə göstərir ki, istənilən yazarlar müəyyən müddət yazmaqdan imtina edirlər. Bu barədə İspan yazıçısı Enrike Vila Matasın bir romanı var. Romanda yazmaqdan imtina edən yazarlardan söhbət gedir. Bəlli olur ki, yazmamaq üçün bəhanələr tapan yazarların müəyyən istinadları olur. Onların böyük əksəriyyəti yazmaq üçün mövzuların qalmadığını düşünürlər. Kimsəsiz adaya düşəcəyim halda yazıb-yazmayacağıma gəlincə, bu məsələnin indiki çağda əsas tərəfi oxucudur. Biz hələ onu özümüzdə formalaşdıra bilməmişik. Əgər yazı kitaba çevrilibsə, artıq o əmtəədir. Ona görə də onun oxucusunun olması mütləqdir. Yəqin ki, səhraya düşsən, yenə də yazarsan, ən azından özünü ifadə etmək üçün, məşğuliyyət üçün ən gözəl vasitədir... Dünyanın inkişaf etmədiyi vaxtda elə insanlar var idi ki, daşların üzərinə belə içindəkiləri həkk etdirdilər. Əgər insanın içində yazmaq impulsu varsa, o, mütləq yazacaq. Şair Aqşin isə hətta dünyada tək yaşasaydı belə, yenə də yazacağını bildirdi: - Oxunub-oxunmamaq istedadın göstəricisi deyil. Sadəcə, indi insanların içində yaşadığımız üçün oxunuruq və bu da bizə yaxşı təsir bağışlayır. Bu mənim içimdə olan düşüncə tərzi, vergimi-nədir bilmirəm, bunun adını qoya bilmirəm. Keçmişdə elə insanlar olub ki, təklikdə qayalıqlar üzərində fikirlərini əks etdiriblər. Bu, insanların içində olan təlabatdır. Kitablarımı oxumasalar da, mən yenə yazaram. Oxucu mənim ilham mənbəyim deyil. Oxucu sayının mənim yaradıcılığıma heç bir təsiri, əhəmiyyəti yoxdur. Yazmadan da yaşamaq olar Cəlil Cavanşir "yazmayanda və ya yaza bilməyəndə özümü çox pis hiss edirəm" dedi. Daha sonra yazar bildirdi ki, yazmayanda onda ruh düşkünlüyü yaranır: - Gərginləşirəm, hətta depressiyaya düşürəm. Belə anlarda çoxlu içmək və tək qalmaq istəyirəm. Amma yəqin ki, bu yazıya olan alışqanlıqdır. Özümü başqa formada ifadə edə bilmirəm. Dostlarla dərdləşmək, söhbətləşmək belə anlarda kömək etmir. Amma böyük ehtimalla bu vəziyyətdən xilas olmaq mümkündür. Özümü ifadə etmək üçün başqa vasitələr tapsam, yazmadan da yaşamaq olar. Yazıçılıq yaradıcı insanın özünüifadə vasitəsidir. Əgər yaradıcı insan özünü ifadə etmək üçün başqa vasitə tapa bilsə, yazmadan da məhv olmaz. Şəxsən mən özünüifadə forması kimi başqa bir vasitə tapsam, yazmadan yaşaya bilərəm. Tənhalığı, təkliyi sevən adamam. Bəzən yaxınlarım, doğmalarım da mənim üçün olduqca darıxdırıcı olur. Tənha bir adada, bütün texnologiyalardan uzaqda və ya uzaq bir dağ kəndində kitablarımla və yazdıqlarımla baş-başa qalmaq istərdim. Amma istənilən əsəri nə vaxtsa heç olmasa bir nəfər oxuyur. O bir oxucunun nə vaxtsa məni oxuyacağı ümidi ilə yazardım. Yazmayan yazarın ürəyi dayanıb Fikrət Qocaya görə yazar artıq yazmırsa, demək ki, artıq onun ürəyi dayanıb: - Yazar necə yazmaya bilər? Yazar yazmırsa, demək ki, o, yoxdur artıq... Kimsəsiz adaya düşən yazar yazmırsa, demək ki, onun yazıçılıq ruhu yoxdur. Əlbəttə, müəyyən kədər hissi keçirə bilərsən ki, yazılarını heç kim oxumayacaq, amma bu sənə heç vaxt yazmamaq üçün bəhanə ola bilməz. Mən də sözün xəstəsiyəm Kənan Hacıya görə yazarın yazmaqdan başqa çıxış yolu yoxdur: - Orxan Pamuk esselərindən birində yazır ki, şəkər xəstəsi daim dərmanla yaşadığı kimi, mən də sözün xəstəsiyəm və mənim dərmanım gündə bir neçə saat yazmaqdır. Bu mənada yazmayan yazıçı artıq istedadından könüllü imtina etmiş bir adamdır. Əgər adaya düşsəydim, əlbəttə, yenə yazardım. Yazmaq dəli bir ümidin ətəyindən tutub getməkdi. Mən kimsənin olmadığı səhrada belə, yenə də yazardım. Məhv olan onlarla yazıçı var Sevinc Elsevərsə bildirdi ki, yaza bilmədiyinə görə, məhv olan onlarla yazıçı var. Onlardan ən məşhuru Mehdi Bəyaziddi. Əslində, hər şey iradədən asılıdır. Yazmaq da sevmək kimi bir şeydi, birini sevirsən, gözün ondan başqa heç kimi görmür. Elə bilirsən o olmasa, ölərsən. Sonra görürsən yox, başqasını da sevə bilirmirsən. Yazanda rahat olur insan… Adam var, yazıçılığa başlayır, sonra yazmağın daşını atır, bənnalıq etməyə başlayır. O, bənnalıqda rahatlıq tapdı demək ki… Bu, işin bir tərəfidi. Bir də var, sən yaza bilirsən, amma səni yazmağa qoymayan səbəblər olsun. Bu daha çox məhv edir adamı… İçkiyə qurşanırlar, intihar edir... Ədəbiyyat sevdası da hardasa narkotik, içki aludəçiliyi kimi bir şeydi. Nə isə, bu çox çətin sualdı, inanın, mən cavab verə bilmədim. Amma bir şeyi bilirəm ki, ədəbiyyatın məhv elədiyi həqiqi ədəbiyyat sevdalıları çox olub... Adaya düşsəydim, mütləq yazardım.Təklikdən-tənhalıqdan bəhs edərdi bütün yazılar… Həbsxanadan şeir yazıb göndərənlərinkinə oxşayardı. Rəqabət hissi də mənə əziyyət verməzdi. Ədəbi iddialar-filan olmazdı. Qələmim olmasaydı, qumlara nəsə cızardım, dalğalar gəlib yuyardı. Bu çox romantik sualdı… Yadıma bir kədərli əhvalatı saldı. Deməli, birinci dünya müharibəsi vaxtı necəsə bir adaya düşən kişi oğluna məktub yazıb butulkanın içinə salır və dənizə atır. Bir əsrdən sonra həmin butulka tapılıb keçmiş əsgərin nəvəsinə çatdırılıb. Yüz ildən sonra kişi dünya ilə, insanlarla, doğmalarıyla əlaqəyə girə bilib. Bundan gözəl, bundan işıqlı nə ola bilər?!
2013-12-26
5,192
Hərbi Prokurorluqdan Səfər Əbiyevlə bağlı açıqlama
Ölkə mərbuatı son günlər sabiq Müdafiə naziri Səfər Əbiyevlə bağlı yeni məlumatlar yayıb. Generalın keçmiş fəaliyyətinin milli təhlükəsizlik orqanları tərəfindən araşdırıldığı, Səfər Əbiyevin özünün isə ev dustağı kimi xüsusi xidmət orqanları əməkdaşlarının tam nəzarəti altında saxlanıldığı iddia olunur. Eyni zamanda, hərbi prokurorluq orqanları tərəfindən Müdafiə Nazirliyi sistemində genişmiqyaslı yoxlamalar aparıldığı və bunun eks-nazirlə əlaqəli olduğu vurğulanır. Modern.az saytı məsələyə aydınlıq gətirilməsi üçün Respublika Hərbi Prokurorluğuna müraciət edib. Hərbi Prokurorluqdan verilən açıqlamada hərbi sahədə, hərbi hissələrlə bağlı yoxlamaların mütəmadi aparıldığı inkar olunmayıb, amma bunun Səfər Əbiyevlə bağlılığını təkzib ediblər. "Respublika Hərbi Prokurorluğu hərbi sahədəki fəaliyyətlə bağlı mütəmadi olaraq yoxlamalar aparır, amma bu o demək deyil ki, həmin yoxlamalar mediada iddia olunduğu kimi, Səfər Əbiyevlə bağlıdır. Bu yoxlamaların sabiq nazirlə hər hansı əlaqəsi yoxdur", - deyə Hərbi Prokurorluqdan bildirilib. Açıqlamada eyni zamanda Səfər Əbiyevin ev dustağı kimi saxlanılmasından da xəbərsiz olduqları qeyd edilib.
2013-12-26
5,193
Bakıda avtobus qəzası baş verib
Bakıda növbəti avtobus qəzası olub. Hadisə bir neçə dəqiqə öncə paytaxtın Nobel prospektində baş verib. İlkin məlumatlara görə, yüksək sürətlə hərəkət edən marşrut avtobusu yol ayrıcında yük maşını ilə toqquşub. Hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsinin yaralandığı bildirlir. Əraziyə bir neçə təcili tibbi yardım maşını cəlb olunub. Hadisənin avtobus sürücüsünün sürət həddini aşması səbəbindən baş verdiyi ehtimal edili (Azvision.az).
2013-12-26
5,194
Dövlət qulluğuna qəbulla bağlı yeni qurum yaradılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət olan Əməkdaşlıq Şəbəkəsi (Şurası) yaradılıb. Məlumatına görə, Əməkdaşlıq Şəbəkəsinin (Şurasının) ilk toplantısında çıxış edən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Aparat rəhbəri Vilayət Hüseynov bildirib ki, görüşün məqsədi Komisiya ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunmasıdır. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi nəzərdə tutulub. Bununla əlaqədar Komissiyanın sədri tərəfindən dövlət qulluğuna qəbulda şəffaflığın təmin edilməsinə dair Əməkdaşlıq Şəbəkəsinin (Şurasının) yaradılması haqqında əmr imzalanıb. Milli Fəaliyyət Planı barədə geniş məlumat verən Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseynli isə qeyd edib ki, dövlət qulluğuna qəbul məsələsində vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edilir. Belə ki, dövlət qulluğuna 957 nəfərin seçilməsi məhz onların iştirakı ilə baş tutub. Bundan əlavə, dövlət qulluğuna qəbulun cəmiyyətdə təbliğ olunması ilə bağlı geniş informasiyalar təqdim olunur. Artıq 11-dən artıq ali məktəbdə tələbələr arasında bu istiqmətdə müxtəlif maarifləndirici işlər aparılıb. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yarandığı ilk gündən QHT-lərlə əməkdaşlığa üstünlük verdiyini deyən Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini və daha da genişləndiriləcəyini deyib. Onun sözlərinə görə, bu şəbəkə QHT nümayəndələrinin Komissiyanın dövlət qulluğuna qəbulla bağlı təşkil etdiyi test imtahanları və müsabiqələrdə sərbəst şəkildə iştirak etməsinə zəmin yaradır. Görüşdə çıxış edən QHT nümayəndələri belə bir Şəbəkənin yaradılmasını alqışladıqlarını bildirib, eləcə də müxtəlif fikir və təkilfərini irəli sürüblər. Görüşdə Əməkdaşlıq Şurasının üzvləri qurumun Əsasnaməsinin hazırlanması, onun koordinatorunun seçilməsi, o cümlədən funksiyalarının müəyyənləşdirilməsinə dair ilkin razılığa gəliblər. Toplantıda Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən tətbiq olunan elektron xidmətlərin təqdimatı da keçirilib. Səsvermə yolu ilə "Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev yeni qurumun koordinatoru seçilib (Trend.az).
2013-12-26
5,195
Baş Prokurorluq tender keçirir
Azərbaycan Respublikası Baş Prokurorluğu 2014-cü ildə mal-materialların, inventarların, avadanlıqların satın alınması ilə əlaqədar açıq tender elan edib. Baş Prokurorluqdan "Axar.az"a daxil olan məlumata görə, tender 7 (yeddi) lot üzrə keçirilir: Lot – 1. Dəftərxana ləvazimatlarının satın alınması; Lot – 2. Təsərrüfat mallarının satın alınması; Lot – 3. Geyim formasının satın alınması; Lot – 4. Tikinti materiallarının satın alınması; Lot – 5. Katriclərin satın alınması; Lot – 6. Ofis və kabinet mebellərinin satın alınması; Lot – 7. Avadanlıqların satın alınması. Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, öz yazılı tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlanmış zərfdə təqdim etsinlər. Malların təchiz olunma müddəti - il ərzində Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: səmərəli tender təklifinə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçının maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 500 AZN məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7 ünvanından (Əlaqələndirici şəxs: Mikayılov İmran Mirzəağa oğlu, telefon:492-93-79) ala bilərlər.
2013-12-26
5,196
Bakının ən bahalı avtomobilləri – Fotolar
Lentə aldığımız avtomobillər arasında "Bentley" və "Maseratti" salonlarında olan modellər yer alır. Model: "2014 Bentley - Flying Spur" Avtomobil W12 tipli mühərriklə təchiz olunub. 2 Turbolu və 6 litrlik mühərrik sayəsində yeni "Flying Spur" 625 a.g-nə malikdir. 100 km-ə sürətlənmə müddəti 4.6 saniyədir. Avtomobilin maksimal sürəti saatda 340 km-dir. Salon başdan-başa öküz dərisindən olan işləmələrlə hazırlanıb. Məlumat üçün qeyd edək ki, "Bentley" avtomobilləri İngiltərənin Kryu şəhərində istehsal edilir. Bu modelin Azərbaycan bazarında satış qiyməti 285.000 AZN-dir. Model: "Maseratti Quattroporte" Sürətlənmə (0-100) 4.7 saniyə. Yeni Quattroporte 3.8 litrlik mühərriki ilə 530 a.g-nə sahibdir. Bu modelin qiyməti 151.200 AZN-dir. "Maseratti" öz modellərini "Quattroporte", "GTS" və Grand Turismo Sport" variantlarında təqdim edir. Qiymətlər "GTS" modeli üçün 150.600 AZN, "Grand Turismo Sport" modeli üçün isə 143.000 AZN olaraq dəyərləndirilib.
2013-12-26
5,197
Əli Həsənov Anar Məmmədlinin həbsindən danışdı
"Azərbaycan cəmiyyəti Anar Məmmədlinin həbsi ilə bağlı müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin dəyərləndirmələrini və bəyanatlarını mənasız, əhəmiyyətsiz məsələ hesab etmir". Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib (APA). Şöbə müdiri qeyd edib ki, Azərbaycan hakimiyyəti bu bəyanatları öyrənir və dəyərləndirir: "Biz bu bəyanatlarda səsləndirilən fikirləri təhlil edirik. Lakin Azərbaycan cəmiyyətinin özünün idarə olunma metodları, prinsipləri və qanuni əsasları var. Azərbaycanın müvafiq orqanları bu və ya digər addımları atmazdan əvvəl ilk növbədə Azərbaycan dövlətinin maraqlarını, qanunlarımızın tələblərini nəzərə alır. Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorluq lazımı açıqlamanı verib və təhqiqat gedir. Başqa yeniliklər olacaqsa, bununla bağlı da açıqlamalar veriləcək".
2013-12-26
5,198
Nazir qohumları arasında dava - Yeniləndi
11:27 Heydər Əliyev adına Beynəlxalq Hava Limanında kütləvi dava baş verib. AzNews.az-a daxil məlumata görə, hadisə dekabrın 25-i gecə saatlarında qeydə alınıb. İki qrup arasında mübahisə hələ Rusiya paytaxtı Moskvadakı Şeremetova hava limanında başlayıb. Hər iki qrupun Azərbaycana gəlmək üçün eyni təyyarə reysinə bilet aldığı və daha sonra hava limanında tərəflər arasında mübahisə yarandığı bildirilir. Moskvada başlayan mübahisə təyyarə Bakıda yerə endikdən sonra da davam edib. Hava limanının dayanacağında saxlanan maşınlarını götürmək üçün gələn mübahisə iştirakçıları burada yenidən əlbəyaxa olub. Məlumatlara görə, kütləvi davaya qatılanlar ölkənin tanınmış məmurlarının övladlarıdır. Hava limanının mühafizə polisi və hətta gömrük əməkdaşları da davaya müdaxilə edib. Kütləvi davada bir neçə nəfərin xəsarət aldığı bildirilir ki, onların da arasında müdafiə naziri Zakir Həsənovun yaxın qohumu var. Nazirin qohumunun ayağı sınıb, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. *** 11:45 Dünən gecə saatlarında Beynəlxalq Hava Limanında məmur övladları arasında baş verən kütləvi dava ilə bağlı bəzi təfərrüatlar məlum olub. Belə ki, Müdafiə nazirinin qohumunun da xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi davanın iştirakçıları arasında Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun kürəkəni, eləcə də keçmiş Baş prokuror İxtiyar Şirinovun digər yaxınları da olub. Bundan başqa, davada Müdafiə naziri Zakir Həsənovun qohumu, hazırda Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini olan polis general-mayoru Elxan Həsənovun oğlu da iştirak edib. Davada xəsarət alan şəxsin kimliyi də məlumdur. Bu, Müdafiə naziri Zakir Həsənovun əmisi oğludur. Ayağı sınan və müxtəlif dərəcəli bədən xəsarətləri alan bu şəxs də Müdafiə Nazirliyində çalışır. Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəis müavini Ehsan Zahidov bildirib ki, hadisə ilə bağlı nazirliyə hər hansı bir məlumat daxil olmayıb
2013-12-26
5,199
Uruqvay qonşu ölkələrə öz ərazisini təklif etdi
Uruqvayın prezidenti Xose Muxika okeana çıxışı olmayan Boliviya və Paraqvaya öz liman şəhərlərindən birinin istifadəsini təklif edib. Bununla qonşu ölkələr arasında sıx əlaqələr də yaranmış olacaq. Son qərarın müsbət nəticələnməyi üçün ya Argentina, ya da Braziliyanın razılığını almaq lazımdır. Boliviya və Paraqvay qonşu olsalar da, Uruqvayın ərazisinə keçmək üçün ya Braziliya, ya da Argentinadan keçmək lazımdır.
2013-12-26
5,200
Braziliyada təbii fəlakət 40 nəfəri öldürdü
Braziliyanın cənub-şərqində leysan yağışın səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində azı 40 nəfər ölüb. Rəsmi məlumatlara görə, azı 50 min sakin evsiz qalıb. Daşqından ən çox Minas-Jerays və Espiritu-Santu ştatları zərər çəkib. Burada əksər evlər, yollar və körpülər dağılıb, ştatların əksər şəhərlərinin sakinləri elektrik enerjisiz və içməli susuz qalıb. Ştat rəsmiləri Braziliyada baş verən daşqının son 90 ildə ölkədə ən güclü daşqın olduğunu bildirirlər. Yaxın günlərdə bölgədə leysan yağışın davam edəcəyi proqnozlaşdırılıb və torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq edilib. Təyyarə ilə fəlakət zonasının üzərindən uçaraq vəziyyətlə maraqlanan ölkə prezidenti Dilma Russef fəlakətin nəticələrinin aradan qaldırılması üçün milyonlarla dollar vəsait ayrılacağını vəd edib (Anspress.com).
2013-12-26
5,201
Ərdoğan: "Rüşvət əməliyyatında son hədəf mənəm”
"Keçirilən əməliyyatın hədəfi Ərdoğandır". "Axar.az" məlumat verir ki, bu sözləri "Yeni Şafak" qəzetinin köşə yazarı Əbdülqadir Səlvi deyib. O, Rəcəb Tayyib Ərdoğanın Pakistandan dönən zaman təyyarəsində baş nazirin jurnalistlərlə şəxsən etdiyi söhbət zaman dediyi sözləri təkrarladığını bildirib: "Keçirilən əməliyyatların əsas hədəfi mənəm. Oğlum Bilalın üzərindən məni vurmaq istəyirlər".
2013-12-26
5,202
Nazarbayev Azərbaycanın xoşuna gəlməyə çalışır
"Nursultan Nazarbayevin Kremldə Gömrük İttifaqının sərhədləri ilə bağlı verdiyi açıqlama Türkiyə və Azərbaycanın xoşuna gəlmək üçün atılmış addımdır". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə rus politoloqu Mixail Aleksandrov çıxış edib. O, N.Nazarbayevin, sadəcə, oyun oynadığını bildirib: "Nazarbayev, sadəcə, Azərbaycana onların da mövqeyini nəzərə aldığını göstərir. Ermənistanın Gömrük İttifaqına qəbuluna heç kim müdaxilə edə bilməyəcək. Dağlıq Qarabağa gəlincə isə, onunla Ermənistanın münasibətləri necə idisə, elə də qalacaq". Politoloq gələcəkdə Qarabağın da Gömrük İttifaqına Ermənistan vasitəsilə daxil olmasının da mümkün ola biləcəyini təxmin etdiyini bildirib.
2013-12-26
5,203
Fətullah Gülən tərəfdarlarının 80%-ni itirəcək – Video
"Axar.az" xəbər verir ki, Türkiyə tarixinin araşdırmaçısı və yazar Qədir Misiroğlu korrupsiya əməliyyatına görə dini çevrələri və Fətullah Güləni sərt bir şəkildə tənqid edib. Misiroğlu "Fətullah Gülən tərəfdarlarının 80%-ni itirəcək",- deyib. Həmin videonu təqdim edirik:
2013-12-26
5,204
Ərdoğan Rza Zərrabı təriflədi: “Xeyirxah insandır”
"O, ölkəyə xeyir verən insan idi, saflığının qurbanı oldu". Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan rüşvət və korrupsiyada ittiham olunaraq saxlanılan iş adamı Rza Zərrabdan danışıb. Baş nazir Pakistan səfərindən Ankaraya qayıdarkən təyyarədə jurnalistlərin Rza Zərrabla bağlı sualını cavablandırıb. Ərdoğan bildirib ki, Rza Zərrab ölkəyə xeyri dəyən, xeyirxah insandır. Baş nazir vurğulayıb ki, Xalq Bankın İdarə Heyətinin sədri Süleyman Aslanın dürüst olduğuna şübhə etmir, onun təmizürəkliliyinin qurbanı olduğunu düşünür (Azvizion.az).
2013-12-26
5,205
Aksiya keçirilməsinə imkan verilməyəcək
"Fəvvarələr" meydanında razılaşdırılmamış aksiya keçirilməsinə imkan verilməyəcək. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib Rəis müavini qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: "Kimlərinsə şikayəti varsa, gedib həmin quruma öz şikayətlərini yazılı şəkildə bildirsinlər və problemlərini hüquqi qaydada həll etsinlər. Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, bunun qarşısı alınacaq". Qeyd edək ki, sosial şəbəkələrdə Qarabağ qazisi Zaur Həsənovun özünü yandırmasına etiraz olaraq dekabrın 28-də "Fəvvarələr" meydanında aksiya keçiriləcəyi ilə bağlı elanlar yayılıb (APA) .
2013-12-26
5,206
Erməni nazir Qarabağın sonrakı taleyindən danışdı
"Ermənistanın Gömrük İttifaqına daxil olması ilə Qarabağın sonrakı taleyinin birgə müzakirəsi doğru deyil". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə tanınmamış Dağlıq Qarabağ Respublikasının baş naziri Ara Arutyunyan çıxış edib. O, Ermənistanla Dağlıq Qarabağ arasında heç vaxt nəzarət buraxılış məntəqələrinin yaradılmayacağını deyib: "Ermənistan və Dağlıq Qarabağ arasında sərhəd keçid məntəqələrinin yaradılması istisnadır. Buna əsas səbəblərdən biri hər iki tərəf arasında iqtisadi cəhətdən gəlirli əlaqədir. Eləcə də, Dağlıq Qarabağ Gömrük İttifaqına çox şey verə bilər".
2013-12-26
5,207
Səttar Mehbalıyev danışdı: “Bizi təhqir edirdi“
"Ötən gün özünü yandıran Qarabağ əlili Zaur Həsənov dəfələrlə özünü yandıracağı ilə bağlı təşkilata məktublar göndərib". Bunu ötən gün Həmkarlar İttifaqının qarşısında özünü yandıran II qrup Zaur Həsənovla bağlı Azad Həmkarlar İtifaqları konfederasiyasının sədri Səttar Mehbalıyev "Salam Azərbaycan"a açıqlamasında deyib. S.Mehbalıyev qeyd edib ki,onun özünü yandırma səbəbi məhkəmə qərarından narazı olması olub. Konfederasiya sədri bildirib ki, Z.Həsənovun 40 kvadratmetr torpaq sahəsi olub. "Zaur Həsənov o əraziləri qeyri qanuni zəbt edib və Ali Məhkəmə də buna uyğun olaraq qərar qəbul edib. Mənə dedi ki, məhkəmə qərarlarını ləğv et. Mən dedim ki, mənim səlahiyyətim yoxdur. Məhkəmə bunun sökülməsi barəsində qərar verib. Mən bunu edə bilmərəm. Ancaq sənə sanatoriyada iş verilməsi ilə bağlı tapşırıq verə bilərəm. O dedi ki, mən sanatoriyada işləmək istəmirəm." S.Mehbalıyev qeyd edib ki, Zaur Həsənov şər atmaqla məqsədini həyata keçirmək istəyib: "Bizi təhdid edirdi ki, mən özümü yandıracam. Bu adama dırnaq vursan bütün Azərbaycanı qatar bir-birinə.Şər atmaqla şantaj etməklə bu məsələni həyata keçiridi". 5 saylı xəsətəxananın baş həkimi Ziya Əsədovun ANS-ə verdiyi məlumata görə, 5 uşaq atası əlil olan özünü öldürməyə cəhd göstərən Zaur Həsənovun xəstəxananın yanıq şöbəsindədir və vəziyyəti çox ağırdır. Baş həkimin sözlərinə görə, xəstənin yanında səhərə qədər xüsusi həkim birqadası qalıb. Reanimasiyada olan xəstənin təziqi sfıra düşüb.Həkimlərin səyi nəticəsində xəstəni həyata qaytarıblar. Səhər saatlarında xəstəxanada konsiliyum olub. Xəstənin vəziyyəti kritikdir.
2013-12-26
5,208
General Hava limanındakı davanı təsdiqlədi - Açıqlama
"Mənim oğlum Heydər Əliyev Hava Limanındakı davada iştirak etməyib. Oğlumun o davada iştirak etməsi ilə bağlı xəbər yalandır". Bu sözləri "Axar.az"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Elxan Həsənov Heydər Əliyev Hava Limanında baş verən dava ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, heç bir oğlan övladı yoxdur: "Heydər Əliyev Hava Limanında baş verənlər polis tərəfindən araşdırılır. O ki qaldı mənim övladımın orda iştirak etməsinə, Allah hamının övladını saxlasın, mənim iki qız övladım var, oğlum yoxdur. Oğlum yoxdursa, hansı davada iştirakından söhbət gedə bilər?" Xatırladaq ki, dünən axşam saatlarında məmur qohumları arasında Heydər Əliyev Hava limanında dava olması və Müdafiə Nazirliyində çalışan bir şəxsin isə bu davada ayağının sınması barədə xəbər yayılıb. Xəbərdə dava edənlərin Müdafiə naziri Zakir Həsənov, Rabitə və Texnologiyalar naziri Əli Abbasov və keçmiş Baş prokuror İxtiyar Şirinovun qohumları arasında baş verdiyi bildirilir.
2013-12-26
5,209
Ermənilər Şaxta babanı da özününküləşdirdilər
Nuhun gəmisi Ağrı dağının zirvəsində dayanıb. Hər il Yeni il ərəfəsində bütün dünyada bayramla yanaşı onun ayrı-ayrı personajları və elementlər də geniş müzakirə obyektinə çevrilir. Müzakirə olunan əsas mövzulardan biri isə Şaxta baba yaxud da Santa Klausun hansı millətdən olması, nə ilə yaşamasıdır. Təbii ki, hər bir ölkənin Şaxta babanın haradan gəlməsi barədə öz rəyi var. Azərbaycandakı Şaxta baba Rusiyanın "Ded Moroz"unun bir versiyasıdır. Ad isə "Ded Moroz" deyiminin dilimizə tərcüməsindən irəli gəlir. Şaxta babanın hansı millətdən olması barədə açıqlamalarla çıxış edən xalqlardan biri isə ermənilərdir. Tarixi köklü şəkildə dəyişməyi sevən "qonşularımız" hər il ardıcıl olaraq, Şaxta babanın əsli-kökü barədə məsələ qaldırır və əlbəttə ki, onu, dünyada hər bir şey kimi, "ermənilərə məxsus olduğunu" bəyan edirlər. Bu mövzunun aktuallığını nəzərə alaraq, Oxu.Az oxucularına "nüfuzlu" tarix elmləri doktoru, professor, etnoqraf və sadə erməni Rafel Naapetyanın məsələ ilə bağlı rəyini təqdim edir: "Yeni il Ermənistanda qədimdən "Amanor", "Nor tarı", "Taremut", "Tarequlx" adlandır. Bundan başqa, ermənilər – şahdan sadə adamadək bu bayramı böyük şənliklə qeyd ediblər, cıdır yarışları keçiriblər" – deyə, tarix elmləri doktoru Rafael Naapetyan bildirir. Onun sözlərinə görə, bu bayramın eramızdan əvvəl 2492-ci ilə gedib çıxması barədə məlumat var. Həmin ildə ermənilərin "ulu babası" Ayk Belə qalib gəlib, İncilə əsasən, həmin ildə Nuhun gəmisi Ağrı dağının zirvəsində dayanıb. Rafael Naapetyan qeyd edib ki, Şaxta baba – Müqəddəs Nikolaydır. Məlumat var ki, o, 280-cı ildə anadan olub və erməni əsillidir. Avropada bu adamın adına yüzlərlə kilsə var. "Onun missiyası budur ki, insanları müalicə edirdi. Sonradan o, Şaxta baba adını aldı", - deyə, etnoqraf vurğulayır. Bundan başqa, Rafael Naapetyan qeyd edib ki, ermənilərdə Şaxta babanın müavini də olub və erməni tarixçilərin sözlərinə görə, bu rolu Saak Partev icra edirmiş. "Onun adı Mets Papuk olub" – deyə, Rafael Naapetyan bildirib (Oxu.az)
2013-12-26
5,210
5 nəfər kimyəvi məhluldan zəhərlənib
Azərbaycanda 5 nəfər zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib. "Axar.az"ın Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, zəhərlənmələr müxtəlif bölgələrdə 25 və 26 dekabr tarixlərində baş verib. Dekabrın 25-də Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yaşayan Ülviyyə Qarayeva, Xırdalan şəhərində yaşayan azyaşlı Aysel Məmmədova, Gəncə şəhərində yaşayan azyaşlı Yusif Quliyev evlərindən dərmandan zəhərlənmə ilə, Sumqayıt şəhərində yaşayan Lamiyə Vəliyeva evindən dəm qazından zəhərlənmə ilə, dekabrın 26-da Masazır kənd sakini Qönçə Məhərrəmova evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
2013-12-26
5,211
İlham Əliyev Zabrat-Kürdəxanı-Pirşağı yolunun açılışını etdi - Foto
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Əvvəlcə dövlətimizin başçısı Bilgəh-Novxanı-Xırdalan avtomobil yolunda qovşaqların və piyada keçidlərinin tikintisini əks etdirən plana baxdı. Prezident İlham Əliyev yenidən qurulan Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun texniki göstəriciləri ilə tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, birinci texniki dərəcəli dördzolaqlı yolun hərəkət hissəsinin eni 15 metrdir. Yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində aparılıb. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi (ANS) .
2013-12-26
5,212
Qonşusunu qətlə yetirib, qaçdı
"Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, dekabrın 25-də Yasamal rayonu A.Ağayev küçəsində Bakı şəhər sakini Rövşən Abdullayev münaqişə zəminində qonşusu Bəxtiyar Quliyevə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Xəstəxanaya yerləşdirilmiş B.Quliyevi xilas etmək mümkün olmayıb. Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
2013-12-26
5,213
İxtiyar Şirin davadan danışdı: "Qohumlarım ağır xəsarət alıb"
"Heydər Əliyev adına Beynəlxalq Hava Limanında mənim qohumlarımın döyülməsilə bağlı yayılan xəbərlər doğrudur. Dava hər kəsin gözü qarşısında, təhlükəsizlik kameralarının yaxınlığında olub. Qohumlarım ağır bədən xəsarəti alıblar. Hazırda araşdırmalar gedir". Bunu "Teleqraf.com"a açıqlamasında keçmiş Baş prokuror İxtiyar Şirinov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onun da qohumlarının iştirak etdiyi dava ilə bağlı yazılanlara münasibət bildirərkən qeyd edib. Qeyd edək ki, dekabrın 25-i gecə saatlarında Rusiya paytaxtı Moskvadakı Şeremetova hava limanında başlayan mübahisə Bakıda da davam etdirilib. Hər iki qrupun Azərbaycana gəlmək üçün eyni təyyarə reysinə bilet aldığı və daha sonra hava limaninda tərəflər arasında mübahisə yarandığı bildirilir (Aznews.az). İ.Şirin qeyd etdi ki, onun qohumları olan iki şəxs həmçinin başqa vəzifəlilərin qohumudur: "Hadisə barədə qohumlarımın valideynləri də xəbərsizdir. O biri tərəf 6-7 nəfər olub. Günahkar da, zərərçəkən də bəllidir".
2013-12-26
5,214
Şahzadə Diananı kim öldürüb - Yeni dəlil
Şahzadə Diananın ölüm səbəbi hələ də sirr olaraq qalır. Fərqli sui-qəsd versiyaları, şahidlər, dəlillər də sirri açmağa kömək olmur. London polisi dekabr ayında şahzadə Diana və onun sevgilisi olduğu söylənilən misirli milyarderin oğlu Dodi əl- Fayedin ölümü ilə bağlı yeni dəlillərin araşdırmasını bitiriblər. Bu dəlillərə əsasən, Britaniyanın xüsusi təyinatlı dəstəsinin hərbçisinin qatil olması sübut olunmalı idi. Qeyd edək ki, onlar 16 il bundan öncə Parisdə avtomobil qəzasında həlak olmuşdular. Lakin yayılmış elanda qeyd edilir ki, Britaniyanın xüsusi təyinatlı dəstəsinin hərbçisinin Diana və əl-Fayedin ölümünə aidiyyətinin olması haqda heç bir dəlil tutarlı olmayıb. Bu iş haqqında yeni informasiyanın yaranması haqda London polisi bu ilin avqustunda xəbər vermişdi. Skotlənd-yardın bəyanatında qeyd olunur ki, işi aparan araşdırmaçılar birbaşa Britaniya xüsusi xidmətinin sənədlərinə giriş əldə ediblər. Məlumat üçün qeyd edək ki, 2008-ci ildə Londonun Ali Məhkəməsi bu nəticəyə gəlmişdi ki, cütlük onların sərxoş və diqqətsiz sürücüsünün sürəti artırması nəticəsində həlak olub.
2013-12-26
5,215
Dünən ölkədə 55 cinayət baş verib
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınmış, onların da 17-si "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 18 nəfər tutulub.
2013-12-26
5,216
Bakı Hava Limanında biznes ortağını öldürdü
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında adam öldürməkdə təqsirli bilinən Sahib Musayevin məhkəməsi başlayıb. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı 2014-cü il yanvarın 7-nə təyin edilib. İttihama görə, bu il mayın 23-də Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında Sahib Musayev Ordubad rayon sakini Alim Əhmədovu bıçaqlayaraq öldürüb. Sahib Musayev cinayəti törətdikdən sonra meyiti avtomobilə qoyaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gətirib, könüllü olaraq polisə təslim olub. Qeyd edək ki, Sahib Musayev qaydasız döyüş üzrə idman ustası, 44 yaşlı Musa Musayevin kiçik qardaşıdır. O, hətta Bakıda qaydasız döyüş məktəbi də təşkil edib. KİV-də onun barəsində məlumat verilməsə də, Musa Musayev idman dünyasında kifayət qədər nüfuzlu insandır. Alim Əhmədovu öldürən Sahib Musayev qardaşı, ötən il noyabrın 25-də Moskvanın Novqorod küçəsində güllələnmiş Natiq Musayevin qisasını alıb. O, zaman killer Natiq Musayevi yaşadığı yerdə gözləyib. Natiq Musayev 15-ci mərtəbədə liftdən çıxarkən cinayətkar üç dəfə onun başına atəş açıb. Öldürülmüş Natiq Musayev Moskvada geyim mağazaları şəbəkəsinini sahibi olub. Bundan sonra şənbə günü Musayevin yaxınları öldürülmüş şəxsi yad etmək üçün "Zimnyaya veranda" restoranında toplaşıblar. Çay sifariş verərək, onları narahat etməməyi xahiş ediblər. Təxminən saat 18:00 radələrində Musayevin qohumları - 50 yaşlı Şirin Hümbətov və onun bacısı oğlu Şahin Nağıyev restorana gəliblər. Bir saatdan sonra Şahin Hümbətov onu söhbət etmək üçün bayıra çağırmış naməlum kişi tərəfindən alından 2 güllə vurulmaqla qətlə yetirilib, onun 48 yaşlı bacısı oğlu Şahin Nağıyev isə sinəsindən yaralanıb. Hümbətov Moskvadakı Azərbaycan diasporasının tanınmış təmsilçisi olub və əsasən, Riqa bazarına nəzarət edirmiş. Qatil hadisə yerindən qaçıb. Kafedə qətllə bağlı cinayət işi qaldırılsa da, elə Natiq Musayevin qətli kimi həmin qətlin də üstü açılmır. Musa və Sahib Musayev qardaşları özləri üçün müəyyənləşdirirlər ki, qohumlarının qatili, daha doğrusu, sifarişçisi o zamanlar Natiq Musayevin biznes ortağı olan Alim Əhmədovdur. Onların fikrincə, Alim Əhmədovun digər qardaşlarının ölümündə də əli olub. İki il əvvəl Moskva xəstəxanasında Musayevlərin daha bir doğma qardaşı dünyasını dəyişib. Saxlanılmış Sahib Musayev qardaşının hansısa dərmanın ölümcül dozasının vurulması nəticəsində öldüyünü bildirib. Guya Alim Əhmədov işi elə qurub ki, Musa xəstəlikdən ölsün. Sahib Musayev bildirib ki, tərəfdaşlarını aradan götürməkdə məqsəd onların biznesinə yiyələnmək olub. Bu hadisələrdən dərhal sonra Alim Əhmədov gizlənib. O, Musayevlər tərəfindən axtarıldığını bilərək, müxtəlif ölkələrdə gizlənib. Musayevlər onu tapmaq üçün hətta Birləşmiş Ərəb Əmirliklərinə də gediblər (Teleqraf).
2013-12-26
5,217
Dükanlardan partlayıcılar müsadirə edildi
Partlayıcı oyuncaqlar aşkarlanıb. "Axar.az"ın Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, dekabrın 25- də paytaxtın üç rayonu ərazisindəki ticarət obyektlərindən partlayıcı oyuncaqlar aşkar olunub. Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Səbail, Nizami və Sabunçu rayonları ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətə malik olan 9800 ədəd partlayıcı oyuncaqlar götürülüb.
2013-12-26
5,218
Timoşenko prezident seçkilərinə buraxılmayacaq
"Yuliya Timoşenko prezident seçkilərinə buraxılmayacaq". "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə keçmiş Daxili İşlər naziri Yuri Luçenko çıxış edib. O, Viktor Yanukoviçin eks-baş nazirin seçkilərdə iştirak etməməsi üçün əlindən gələni edəcəyini bildirib: "Əgər məntiqlə məsələyə baxsaq, görərik ki, bütün mexanizmlər Yanukoviçin əlindədir. Hətta Avropa İnsan Haqları Məhkəməsi qərar çıxarsa belə, buna məhəl qoyulmayacaq". Qeyd edək ki, Yuliya Timoşenko hazırda həbsdədir.
2013-12-26
5,219
Ərdoğanın yeni kabineti “Xuntaya qarşı” qurulub
"Məlum korrupsiya əməliyyatını "polis-məhkəmə xuntasının" şantajı olaraq adlandıran AKP lideri yeni komandası ilə xunta olaraq adlandırdığı bu qruplara qarşı sərt bir mübarizəyə girişəcəyinin siqnalını vermiş oldu". "Axar.az" xəbər verir ki, bu haqda "BBC Türkcə" məlumat yayıb. Türkiyənin Baş naziri R.T.Ərdoğan üç nazirinin istefa verdiyi və bütün bu prosesi "İstiqlal mübarizəsi" olaraq adlandırdığı üçün Nazirlər Kabinetində vacib bir dəyişiklik edib. Təyin etdiyi yeni nazirlərlə "İstiqlal mübarizəsi" olaraq adlandırdığı prosesə tab gətirəcək bir komandayla girmək istəyən Ərdoğan Əfqan Ala, Mövlud Çavuşoğlu və Bəkir Bozdağ kimi şəxsləri ətrafına yığaraq demək olar ki, "müharibə kabineti" yaradıb. Bildirilir ki, bu nazirlər də əvvəlkilər kimi rüşvət əməliyyatı qurbanı olmasalar və bu kabinet dəyişməsə Ərdoğan hər üç seçkiyə onlarla birgə hazırlaşacaq. Əmrullah İşlər, Fikri İşıq, Lütfü Əlvan, İdris Güllücə, Akif Çağatay, Ayşənur İslam kimi sürpriz şəxsləri kabinetinə daxil edən Ərdoğan hər mənada ona bağlı olan, ən çətin vəziyyətdə etibar edə biləcəyi şəxslərlə işləmək istədiyini göstərmiş olub. "Polis-məhkəmə xuntası"na qarşı Ancaq Baş nazirin kabineti yenidən yaratmasında ən çox diqqət cəlb edən iki şəxs – məsləhətçisi Əfqan Alanı Daxili İşlər naziri, müavini Bəkir Bozdağı isə Ədliyyə naziri təyin etməsi olub. Məlum korrupsiya əməliyyatını polis-məhkəmə xuntasının şantajı olaraq adlandıran AKP lideri bu təyinatlarla "xuntaçı qruplara qarşı sərt bir mübarizəyə girişəcəyinin siqnalını da vermiş olub. Baş nazirin katibi olaraq 2009-cu ildən indiyə kimi Ərdoğan adına böyük bürokratiyaya və ictimai işlərə nəzarət edən Ala ondan qabaq həm Diyarbəkir valisi, həm də Daxili İşlər Nazirliyində vəzifədə çalışmış şəxs kimi tanınır. Polis təşkilatına nüfuz etmiş olan "paralel quruluşu" təmizləməyə söz verən Ərdoğan, Əfqanı bu vəzifəyə təyin edərək ilk hədəfinin Daxili İşlər Nazirliyini Gülənçilərdən təmizləmək olduğuna işarə edib. Bəkir Bozdağın da Baş nazir müavini olaraq Ərdoğanın sözündən heç çıxmaması və AKP liderinə sədaqəti ilə tanınan bir siyasətçidir. Dolayısı ilə Bəkir Bozdağın da Alayla bərabər AKP-nin "polis-məhkəmə xuntası" olaraq adlandırdığı quruluşa qarşı mübarizə aparacaqları gözlənilir. Ancaq Bozdağın kürd probleminin həllinə keçmiş Ədliyyə naziri Sədullah Ərgin kimi isti yanaşmadığı, kürd siyasətçilərlə dialoqa daha soyuq yanaşdığı bilinir. "Yeni AKP" portreti Mətbuat və kulislərdə nazir namizədi olaraq adı çox da çəkilməyən şəxsləri Ərdoğanın nazir təyin etməsi də diqqəti cəlb edib.
2013-12-26
5,220
Alparslan Türkeşin ermənilərlə əlaqəsi – Şok iddia
"Alparslan Türkeş ermənilərlə bağlı elə faktlar deyib ki, onu heç bizim özümüz də bilmirdik". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə 1993-cü ildə Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanla Alparslan Türkeşin görüşünü təşkil edən Fransa ermənisi Samson Azarat çıxış edib. O, Alparslan Türkeşin dediyi faktların çoxları tərəfindən bəlli olmadığını da bildirib: "Ermənilərlə türklərin əlaqəsi 1915-ci il yox, ondan 600 il əvvələ qədər uzanır. Biz bir yerdə mahnılar oxuyur, qohumluq münasibətləri yaradırdıq. Malazgird döyüşündə, İstanbulun fəthində, Çanaqqala savaşında ermənilər hər zaman türklərin yanında olublar. Atatürkün əmri ilə hazırlanan müasir əlifbanın da müəllifi erməni filoloqu Akop Martayandır". O , Türkeşin Ermənistanla münasibətlərin düzələcəyi zaman Türkiyənin dəniz, torpaq yollarının ermənilərin üzünə açıq olacağına, eləcə də, Transqafqaz magistralının həyata keçiriləcəyinə söz verdiyini deyib. Qeyd edək ki, 1997-ci ildə vəfat edən Alparslan Türkeş Türkiyə Millətçi Hərəkat Partiyasının yaradıcısıdır.
2013-12-26
5,221
Gəmi buzlaqlar arasında qaldı – Təhlükə
Antarktikada içində 74 sərnişinin də olduğu gəmi buzlaqların arasına sıxışıb qalıb. Çətin vəziyyətdə qalan gəmiyə xilasetmə dəstəsinin ən azı 2 günə çatacağı bildirilib. Turistləri və elm adamlarını daşıyan araşdırma gəmisi Antarktika buzlaqlarının qalın hissəsində sıxışaraq qalıb. Gəmidə olan 50 sərnişin və 24 ekipaj üzvü Milad bayramını buzlaqların ortasında keçirdiklərini və onları xilas edə biləcək dəstəsinin həmin yerə 2 gün sonra çatacağını bildirib. Ancaq bu müddət uzansa turistləri aclıq və soyuqdan ölmə kimi böyük bir təhlükə gözləyir. Deyilənə görə, akademik Şokalski adını daşıyan Rus gəmisində olanlar avstraliyalı geoloq Duqlas Mavsonun Antarktikanı kəşf etməsinin yüzüncü ilini xatırlamaq üçün gəzintiyə çıxıb.
2013-12-26
5,222
Saakaşvili Ukraynaya giriş yasağından danışdı - Video
"Mən Ukraynadan ölkəyə girişimə qadağa qoyulmasıyla bağlı heç bir xəbərdarlıq almamışam". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili çıxış edib. O bununla bağlı nə hökumətdən, nə də başqa bir yerdən məktub aldığını bildirib: "Mən heç kimdən Ukraynaya girişimlə bağlı qadağanın tətbiq olunmasıyla əlaqədar heç bir xəbərdarlıq almamışam. Yalnız onu deyə bilərəm ki, sonuncu səfərim zamanı aeroportda problem yaradılmışdı". Qeyd edək ki, bir müddət öncə Ukraynana Gürcüstanın eks-prezidentini persona non-qrata elan etmişdi.
2013-12-26
5,223
Yanukoviç 2013-ü ili ən çətin il adlandırdı
"2013-cü il Ukrayna üçün ən çətin il oldu". "Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ukrayna prezidenti Viktor Yanukoviç çıxış edib. O, başa çatmaqda olan ili iki əsas probleminin olduğunu bildirib: "Bu ilin əsas iki problemi insan haqları, azadlıqları və total korrupsiya ilə mübarizədir. Bu il Ukrayna üçün əsas təcrübə dövrü idi. Biz çox çətin günlər yaşadıq".
2013-12-26
5,224
“Yaxşı ki, hansısa mətbu orqanda işləmirəm”
Orxan Pamuk "Tabernakul Ədəbiyyat Mükafatı"na layiq görülüb. Üsküp Yeni Xalq Kitabxanasında təşkil edilən mətbuat konfransında çıxış edən Pamuk "Başımda bir qəribəlik" adlanacaq yeni romanı haqqında danışıb. Çıxışı zamanı Türkiyədəki düşüncə azadlığına da toxunan yazar jurnalistlərə qarşı müəyyən təyziqlərin olduğunu vurğulayıb. Yazırsansa, bəlaya düşə bilərsən "Təyziq daha çox jurnalistlərə, olub bitənləri yazanlara edilir. Əgər yazarsınızsa, demək, başınız bəlaya düşə bilər. Bu sahə ilə məşğul olanlar həbsə girib cəmiyyətdən təcrid oluna bilərlər. Yazılarımda özümə heç vaxt senzura tanımıram. Yaxşı ki, hansısa mətbu orqanda işləmirəm. Redaksiya rəhbərləri daim bu basqılar qarşısında qalır. Belə insanların daim işdən çıxmaq təhlükəsi olur. Mənimsə belə problemim yoxdur".
2013-12-26
5,225
TV-lərimiz yanvarın 1-dən rəqəmli yayıma keçir – Rəsmi
"Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən bildirir ki, Respublika ərazisində rəqəmli televiziya yayımına keçidlə əlaqədar efirdə çoxproqramlı TV yayımların test edilməsi məqsədilə Bakı şəhərində və bəzi bir neçə bölgədə açıq rəqəmli paketə milli ümumrespublika TV proqramları ilə yanaşı, bir neçə xarici kanallar da daxil edilib. Test işlərinin nəticələrinin uğurla başa çatdığı və ölkə əhalisinin 97%-nin açıq (əsas) paketli rəqəmli TV yayımı ilə əhatə olunduğu nəzərə alınaraq, 2014-cü ilin yanvar ayının 1-dən etibarən rəqəmli əsas (açıq) paketdə Milli Televiziya və Radio Şurasının müvafiq qərarına əsasən Bakı şəhərində və respublika ərazisində yalnız milli TV proqramları (AzTV, Mədəniyyət, İdman Azərbaycan, İTV, Lider TV, ANS TV, Space TV, ATV, Xəzər TV və TRT1) açıq yayımlanacaq. Bakı və Gəncə şəhərlərində digər kanalların yayımının isə bu yayımları həyata keçirən şirkətlərlə vətəndaşların istəyinə uyğun müqavilə bağlamaqla aparılacağının nəzərə alınması xahiş olunur.
2013-12-26
5,226
Röya naxçıvanlı iş adamı üçün kürdcə oxudu – Video
Müğənni Röya Ayxanın bəstəkar-müğənni Murad Şamilin "Ürəyimsən" mahnısını kürdcə oxuması sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Məlumatlara görə, müğənni naxçıvanlı iş adamının sifarişi ilə kürdcə oxuyub. Xəbəri dəqiqləşdirmək üçün Röyanın prodüseri Kənan Bayramovla əlaqə saxladıq. O bildirdi ki, naxçıvanlı iş adamı məsələsi tamamilə boş söhbətdir: "Mahnını Röya öz istəyi ilə oxudu. Tanımadığımız insanların sosial şəbəkədə bu ifa haqqında nə dedikləri bizi maraqlandırmır" (Publika.az).
2013-12-26
5,227
554 azərbaycanlı qətlə yetirilib
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası azərbaycanlı əsir, girov və itkinlərlə bağlı 2013-cü ilin son statistikası açıqlayıb. Komissiyanın İşçi qrupundan verilən məlumata görə, 2013-cü il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində rəsmi sənədlərdə itkin düşmüş kimi qeydiyyata alınmış şəxslərdən 25 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb. Həmin şəxslərdən 1 nəfərin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 19 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyən edilib. Beləliklə, 2013-cü ilin 11 dekabr tarixinə əsir, itkin düşmüş və girov götürülmüş azərbaycanlıların sayı 4013 nəfər təşkil edir. Onlardan 3254 nəfər hərbçi, 757 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 44 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (15 nəfər azyaşlı qız), 254 nəfər qadın, 351 nəfər yaşlı şəxsdir (154 nəfər qadın). Əsir, itkin düşmüş 4013 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır. Münaqişə müddətində 1412 nəfər əsir və girovluqdan azad edilib. Onlardan 342 nəfər qadın, 1069 nəfər kişidir. Eyni zamanda 177 nəfər uşaq (63 nəfər azyaşlı qız), 289 nəfər yaşlı şəxsdir (112 nəfər yaşlı qadın). Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 449 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.(Modern.az)
2013-12-26
5,228
Ərdoğanın sonu çatdı
"Ərdoğanın artıq sonu çatıb". "Axar.az" məlumat verir ki, bu sözləri "Tayms" qəzeti yazıb. Qəzet Türkiyədə siyasi gərginliyin Ətraf mühit və Şəhərsalma nazirinin vəzifədən uzaqladırılması ilə kuliminasiyaya çatdığını qeyd edib: "Nazirin "Baş nazir də istefaya getməlidir" sözləri artıq hər şeydən xəbər verir. Bu, Türkiyə hökumətini sarsan böhranın ilk itkiləridir".
2013-12-26
5,229
"Bu, yeni dövlətlər üçün bir nümunədir"
Ramiz Mehdiyev: "Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasındadır". Azərbaycana qısa müddət ərzində böyük nailiyyətlər qazandıran Prezident İlham Əliyevin fəaliyyəti xaricdə də böyük maraqla izlənilir. "Axar.az" xəbər verir ki, bunu Ukraynanın "Şəxsiyyətlər" jurnalının Prezident İlham Əliyevə həsr olunan xüsusi buraxılışının təqdimat mərasimində çıxışı zamanı Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. O bildirib ki, Azərbaycanın keçid dövründə əldə etdiyi iqtisadi inkişaf, çoxsaylı nailiyyətlər yeni müstəqillik qazanan dövlətlər üçün bir nümunədir: "Bu gün Azərbaycan dünya siyasi arenasında öz layiqli yerini tutub. Cənubi Qafqaz regionunun lideri kimi çıxış edən Azərbaycanın razılığı olmadan regionda heç bir iri layihə həyata keçirilmir. Prezident İlham Əliyevin şəxsi istedadı və bacarığı sayəsində bu gün Azərbaycan dünyanın ən surətlə inkişaf edən ölkələri sırasındadır. Prezident İlham Əliyevin fəaliyyəti artıq Azərbaycanın hüdudlarını aşıb. Qərblə Şərq arasında körpü rolunu oynayan ölkəmiz hazırda bir sıra iri böyük layihələrin əsas iştirakçılarından biridir. Bütün bunlar isə Azərbaycanın qarşısında yeni parlaq səhifələr açır. Bu gün heç kim şübhə etmir ki, müasir Azərbaycan dünya dövlətləri tərəfindən tanınan, hesablaşılan nüfuzlu dövlətlərdən birinə çevrilib. Hakimiyyətdə olduğu müddətdə Prezident İlham Əliyev Azərbaycan xalqının böyük hörmət və ehtiramını qazanıb, bunun nəticəsidir ki, o, prezident seçkilərində böyük fərqlə qalib gələrək növbəti dəfə Azərbaycanın prezidenti seçildi". "Şəxsiyyələr" jurnalının növbəti xüsusi buraxılışının Prezident İlham Əliyevə həsr olunmasını yüksək qiymətləndirən Ramiz Mehdiyev əminliklə bildirib ki, bu nəşr Ukrayna ictimaiyyətinin Prezient İlham Əliyevin həyat və fəaliyyəti haqqında daha geniş məlumat almasına kömək edəcək.
2013-12-26
5,230
Bakı bulvarında yenilik olacaq
Dənizkənarı Bulvar İdarəsi dəniz gəzintisi üçün yeni nəhəng gəmi alıb. Dəniz gəzintisi üçün nəzərdə tutulan "Mirvari" adlı bu gəmi dekabrın 28-31-i arası vətəndaşların istirahəti məqsədilə istifadəyə veriləcək. Bu barədə İdarənin rəis müavini Nazim Məcidov bildirib. Onun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsinin sayca 3-cü dəniz gəzintisi gəmisi olan "Mirvari" ölçülərinə görə digərlərindən çox fərqlənir: "3 mərtəbədən ibarət bu gəmidə eyni zamanda 250 nəfər səhayət edə biləcək. Gəminin digər fərqli cəhəti ondan ibarətdir ki, onun iki qapalı zalı var. Burada qış mövsümündə rahat hərəkət etmək olacaq. Gəminin 3-cü mərtəbəsi isə açıq olacaq və insanlar yay mövsümündə dəniz gəzintisi zamanı ətrafı oradan seyr edə biləcəklər. Bundan əlavə, gəminin içində "fast food" deyilən tez hazır olan yeməklər, çay, kofe və sərinləşdirici içkilər təklif olunacaq, insanlar istirahət edərkən musiqi dinləyə və videolara baxa biləcəklər. Digərlərinə nisbətən yeni gəmidə gəzintinin vaxtı uzadılaraq 40-50 dəqiqəyə çatdırılacaq". N.Məcidov qeyd edib ki, "Mirvari"də dəniz səyahəti etmək istəyənlər üçün biletlərin qiyməti də müəyyənləşib. Belə ki, 5 yaşına qədər uşaqlar üçün gəzinti pulsuz, 5 yaşından böyük şəxslər üçün isə 3 manat olacaq. Qeyd edək ki, Türkiyə istehsalı olan "Mirvari" gəmisi artıq Xəzər dənizinə gətirilib və bulvarda sahilə yan alıb (Trend.az).
2013-12-26
5,231
Müsavat İbrahimbəyovun istefasına nail oldu
Yazıçı və kino xadimi Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurası üzvlərinə müraciət edib. Müraciətdə deyilir: - Prezident seçkisindən dərhal sonra demokratik müxalifətin sıralarında kəskinləşən partiyalararası fikir ayrılıqları ictimaiyyətin diqqətini ölkənin əsas problemlərindən yayındırır. Milli Şuranın fəaliyyətinin nəticələrini şübhə altına alanların məqsədlərini analiz etmək fikrində deyiləm, lakin şübhəsiz ki, onların fəaliyyəti demokratik qüvvələrin birliyini pozmağa yönəlib və Milli Şuranın mövcudluğu faktının beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsindən narahatlıq keçirən hakimiyyətin maraqları ilə üst-üstə düşür. Milli Şuranı tənqid edənlər öz destruktiv hərəkətlərini bizim təşkilatın "sıralarının təmizliyindən" narahatlıqları ilə ört-basdır edirlər, lakin ardıcıl olaraq qurumun yaradılmasına, prezident seçkisində Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinə necə mane olduqlarını unudurlar. Və bu gün yalnız özlərinə aydın olan hansısa məqsədlərinə nail olmaqla Milli Şuranın tənqidçiləri iyirmi il ərzində qarşılıqlı irad və ittihamlar səbəbindən pərən-pərən düşmüş demokratik qüvvələrin bu geniş koalisiyasının tarixi əhəmiyyətini kiçildirlər. Dünya demokratik birliyi Milli Şuranı Azərbaycanda demokratik müxalifətin yeni inkişaf pilləsi kimi qəbul edir, faydalı qarşılıqlı əməkdaşlığı mümkün olan nüfuzlu təşkilat kimi görür. Bu, hakimiyyəti və öz hərəkətləri ilə Milli Şuranı iki-üç partiyanın ittifaqına çevirmək istəyənləri narahat edir. Bütün bunları başa düşərək və Müsavat Partiyası rəhbərliyinin mənim Milli Şuranın fəxri sədri seçilməyim ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm. Ümidvaram ki, mənim qərarım heç olmasa bir müddət partiyalararası gərginliyi aradan qaldıracaq və Milli Şuranın saxlanmasına yardım edəcək. Demokratik birliyin yaradılması uğrunda səylərimə haqq qazandıranlara və dəstəkləyənlərə bir daha öz təşəkkürümü bildirirəm və bu məktubun istefam barədə rəsmi bəyanat hesab olunmasını xahiş edirəm. Müraciəti www.contact.az yayıb.
2013-12-26
5,232
Külli miqdarda partlayıcı aşkar edildi - Gömrük
Son zamanlar, xüsusilə bayram günləri öncəsi bəzi üzdəniraq işbazlar mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə pirotexniki və tezalışan mallar gətirirlər. "Axar.az" Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən bildirir ki, Respublikamızın gömrük orqanları bu kimi halların qarşısını almaq məqsədilə mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirir. Daha bir fakt Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Əldə olunmuş əməliyyat məlumatı əsasında "İpək Yolu" Terminalında Gvasalıa Revaz Mixayloviçin idarə etdiyi "SCANİA" markalı IAI 831/QZ 821 dövlət nömrə nişanlı avtomobilin üzərində Çin Xalq Respublikasından daxil olmuş konteynerə gömrük baxışı həyata keçirilərkən Yük Gömrük Bəyannaməsində qeyd edilən oyuncaq yükündən əlavə, bəyan edilməmiş 87540 ədəd müxtəlif adda fişənglər, 40000 ədəd partlayıcı pitarda və pirotexnik məmulatları aşkar edilərək götürülüb. Bu kimi halların qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri davam etdirilir.
2013-12-26
5,233
“Kamaz” avtobusla toqquşub, ağır yaralı var
"Axar.az" xəbər verir ki, bu gün saat 12 :00 - da Bakının Fəhlə prospektində ağır yol qəzası baş verib. Prospektlə hərəkət edən "Kamaz" markalı yük maşını, 95 nömrəli avtobusun ortasından vurub. Qəza nəticəsində ölən olmasa da, sərnişinlərdən bir neçəsi ağır xəsarət alıb. Hadisə yerində olan şahidlərin "Axar.az"ın əməkdaşına verdiyi məlumata görə, sərinişinlərdən bir nəfərin vəziyyəti ağırdır. Qəza nəticəsində onun baş və qulaq nahiyəsindən qan açılıb.
2013-12-26
5,234
İlham Əliyev dağıstanlı həmkarı ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin genişləndirilməsində ölkəmiz ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Dağıstan Respublikası arasında əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Prezident İlham Əliyev Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovun ölkəmizə səfərinin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, eləcə də Dağıstan Respublikası ilə tarixi və mədəni köklərə əsaslanan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev səfərin iqtisadi sahədə əməkdaşlığa dair məsələlərin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını deyib. Ramazan Abdulatipov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Dağıstan ilə Azərbaycan arasında münasibətlərin fəal şəkildə davam etdirilməsinə önəm verdiyini söyləyib. Fəxri xiyabanda mərhum prezident Heydər Əliyevin və görkəmli dövlət xadimi Əziz Əliyevin xatirələrini ehtiramla yad etdiklərini vurğulayan Ramazan Abdulatipov Dərbənddə Heydər Əliyevin xatirəsinə yeni xiyaban və parkın salınması istiqamətində də işlərin görüləcəyini deyib. Dövlət başçısı Dağıstanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərin ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayaraq bunun xalqımız tərəfindən əlaqələrimizin daha da gücləndirilməsi işində böyük xidmətlər göstərmiş mərhum prezidentə olan ehtiramın və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin təcəssümü kimi dəyərləndirildiyini dedi. Prezident İlham Əliyev görkəmli dövlət xadimi Əziz Əliyevin həyat və fəaliyyətinin bir hissəsinin Dağıstanla bağlı olmasını da məmnunluqla xatırlayıb. Prezidentlər İlham Əliyev və Ramazan Abdulatipov daha sonra birgə nahar ediblər.
2013-12-26
5,235
Adnan Şənsəsin vəsiyyəti
Dünən axşam saatlarında vəfat edən məşhur müğənni Adnan Şənsəs vəsiyyətində tabutunun qaraçı mahnısı müşayiəti ilə götürülməsini istəyib. "Axar.az" xəbər verir ki, "Memorial" özəl xəstəxanasında müalicə alan Şənsəsin Türkiyə vaxtı ilə 20:30-da vəfat etdiyi bildirilib. Şənsəs xəstəxananın kardiologiya, onkologiya və hematologiya şöbəsində müalicə alırdı. Qəribə vəsiyyət Adnan Şənsəs vəfatından sonra qəribə bir vəsiyyət etdiyi məlum olub. Məşhur müğənni 2012-ci ilin aprel ayında "Bir dəstə yasəmən" proqramında aparıcının "vəsiyyətinizi yazdınızmı?" sualına "tabutumun qaraçı mahnısı müşayiəti ilə götürülməsini istəyirəm" deyə cavab vermişdi.
2013-12-26
5,236
AKP-çi məşhur 4.5 milyon dolları geri istədi
AKP-çi millət vəkili 17 dekabr əməliyyatlarında ələ keçirilən 4.5 milyon dollarla əlaqədar danışıb. AKP-nin İstanbul millət vəkili Hüseyn Bürgə ələ keçirilən 4.5 milyon dolların Beynəlxalq Balkan Universiteti üçün yığılan ianə olduğunu bildirərək "pullar vəqfimizə təhvil verilməlidir. Buna nail olmaq üçün cəhd edəcəyik"-, deyib.
2013-12-26
5,237
Ukrayna Türkiyə yoluyla getməyə hazırlaşır
"2014-cü ilin yanvarından etibarən Ukrayna hakimiyyətində radikal islahatlar baş tutacaq". "Axar.az"ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə prezident Viktor Yanukoviç çıxış edib. O, Ukrayna hakimiyyətinin yeni fikirli insanlara ehtiyacı olduğunu da bildirib: "Bizim hökumətin yeni fikirli şəxslərə ehtiyacı var. Mən son dəfə deyirəm, bundan sonra hökumətdə baş verən pozuntulara qarşı səbirli olmayacağam". Prezident eləcə də gələn ilin yanvarından etibarən hökumətdə radikal dəyişikliklər ediləcəyini bildirib.
2013-12-26
5,238
Eldəniz Quliyev də Milli Şuradan gedir
"Milli Şuranın kəlimeyi-şəhadətini bu günə qədər ürəyində oxuyanlar, bundan sonra bunu bərkdən oxuya bilərlər. Psevdomillətçi şüarlarla fəaliyyət göstərən partiyalar üçün meydan boşdur. Qoy, yenə də 20 il öz enerjilərini bir-biriləri ilə didişməyə sərf etsinlər". Bunu Milli Şuranın üzvü, "El" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, bu istefa ilə Milli Şuranın kəlimeyi-şəhadəti oxundu və artıq orada təmsil olunmaq öz mənasını itirdi: "Mən özümün orada təmsilçiliyimin nədən ibarət olduğunu aydınlaşdıra bilməmişəm. Növbəti sessiyada bu məsələni də qaldıracam. " E.Quliyev bəyan edib ki, böyük ehtimalla MŞ-in növbəti sessiyasında bu qurumdan istefa verəcəyini açıqlayacaq: "Mən indiki şəraitdə bu cür siyasi qurumda olmaqdan xəcalət hissi keçirirəm. Sizin vasitənizlə Milli Şuranın sədri Cəmil Həsənlidən bu məsələyə diplomatik yox, səmimi münasibət gözləyirəm".(Lent.az)
2013-12-26
5,239
Həmkarlar İttifaqı yeni açıqlama verdi
II qrup Qarabağ əlili Zaur Həsənovun özünü Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binası qarşısında yandırması və bu olayda AHİK sədri Səttar Mehbalıyevin adının hallandırılması iki gündür medianın və sisoal şəbəkələrin ən çox müzakirə etdiyi mövzudur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu gün olayla bağlı yeni açıqlama verib: "İddia da, ittiham da ədalətlilik prinsipinə söykənməlidir... 2013-cü il dekabrın 25-də Bakının Səbail rayonu ərazisində Zaur Həsən oğlu Həsənovun özünü yandıraraq intihara cəhd etməsi faktı cəmiyyət və kütləvi informasiya vasitələri tərəfindən birmənalı qarşılanmadı. Baş vermiş intihara cəhdin ilk saatlarda əsil məğzi, mahiyyəti, səbəbləri çoxlarına bəlli olmadığından bəzi media vasitələrində əsasən Z.Həsənovun və yaxınlarının iddialarına və ittihamlarına istinadən birtərəfli işıqlandırılıb. Azərbaycan Həmkarlar İttifaqlarının adı hadisəyə səbəb kimi hallandırılıb. Reallıqda isə, səbəbi Həmkarlar İttifaqlarında deyil, Z.Həsənovun Azərbaycan Respublikasının qanunlarına münasibətində axtarmaq lazım idi. Z. Həsənovun"Şıx" sanatoriyasına məxsus ərazidə tikib işlətdiyi iaşə obyektinin üzərində yerləşdiyi torpaq sahəsi keçmiş Bakı şəhər Xalq Deputatları Sovetinin 22 mart 1985-ci il tarixli 1/12 saylı qərarı ilə dənizkənarı sahil zonası yaratmaq üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyətinin tabeliyində olan "Şıx" sanatoriyası üçün ayrılıb. Həmin torpaq sahəsi hətta inzibati ərazi kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 avqust 2000-ci il tarixli 811 saylı qərarı ilə Bibi-Heybət bələdiyyəsinə təhvil verilmiş olsa belə, onun mülkiyyətinə verilməmiş və torpaq istifadəçisi dəyişdirilməyib. Bundan başqa, "Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2003-cü il tarixli sərəncamı ilə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaqların dövlətin müstəsna mülkiyyətində olması müəyyənləşdirib. İcarə müqaviləsi bağlanan zaman mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olmaqla "Şıx" sanatoriyasının qanuni istifadəsində olub. Məhz yuxarıda göstərilən faktlara əsasən, Bibi-Heybət Bələdiyyəsi tərəfindən "Şıx" sanatoriyasının qanuni və daimi istifadəsində olan 1,67 ha torpaq sahəsi hüdudlarındakı 70 kv.m torpaq sahəsinin Həsənov Zaur Həsən oğluna icarəyə verilməsi, həmin ərazidə iki otaqdan ibarət ictimai-iaşə obyektinin tikilməsi, sahil boyunca stol və stulların qoyulması Bibi-Heybət Bələdiyyəsi tərəfindən yol verilmiş qanunsuzluq kimi qiymətləndirilməlidir. Z. Həsənova verilmiş torpaq sahəsi bələdiyyə mülkiyyəti deyil və həmin torpaq sahəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına "Şıx" sanatoriyasının istifadəsi üçün verilmiş dövlət mülkiyyətidir. Ona görə də bələdiyyənin həmin torpaq sahəsinə dair sərəncam vermək səlahiyyəti yoxdur. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən bələdiyyələr yalnız öz əmlaklarına dair mülkiyyət hüququna malikdir, yəni sərbəst olaraq öz əmlaklarına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyətinin tabeliyində olan "Şıx" sanatoriyasının qanuni istifadəsində olan torpaq sahəsinin Həsənov Zaur Həsən oğlu tərəfindən zəbt edilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və Z. Həsənovun şikayətləri əsassız sayılmışdır. Z.Həsənovun iddialarının əsassızlığını təsdiq edən məhkəmə qərarlarını sizə təqdim edirik: Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qətnaməsi: Bibi-Heybət Bələdiyyəsi ilə Həsənov Zaur Həsən oğlu arasında bağlanmış 25 saylı 8 aprel 2005-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilsin. "Şıx" sanatoriyasına məxsus 1,67 ha torpaq sahəsini əhatə edən çimərlik zonasında 70 kv.m torpaq sahəsində Həsənov Zaur Həsən oğlu tərəfindən qanunsuz inşa edilmiş tikililər cavabdehlərin hesabına sökülsün və sahə boşaldılsın. İddiaçılar tərəfındən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara müştərək qaydada ödənilsin. Apellyasiya şikayəti qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi: Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)- 1434/09 saylı iş üzrə 10.09.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Həsənov Zaur Həsən oğlunun apellyasiya şikayəti təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər. Bakı Apellyasiya Məhkəməsinin qərardadı: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-139/2010 saylı iş üzrə 26 aprel 2010-cu il tarixli qətnaməsindən cavabdeh Həsənov Zaur Həsən oğlunun kassasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-139/2010 saylı iş üzrə 26 aprel 2010-cu il tarixli qətnaməsindən cavabdeh Həsənov Zaur Həsən oğlunun kassasiya şikayəti geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim verdiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı: Cavabdeh Həsənov Zaur Həsən oğlu və vəkili Salahova Züleyxa Əbdül Qasım qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qətnaməsi Səbail rayon icra şöbəsinin icra məmurları tərəfindən yerinə yetirilərək icarə müqaviləsi ləğv edilib, Z.Həsənov tərəfindən qanunsuz inşa edilmiş tikililər sökülüb, avadanlıqlar çıxarılaraq sahə boşaldılıb. İddiaçılar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara müştərək qaydada ödənilib. Qəbul edilən məhkəmə qərar və qətnamələrinə baxmayaraq Z. Həsənov israrla öz iddialarından geri çəkilməyib, müxtəlif vaxtlarda yuxarı instansiyalara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi haqqında böhtan dolu, təhqiramiz, şantaj xarakterli məktublar yollayib, media mənsublarına müsahibələr vermiş, həqiqətə uuğun olmayan fikirlərlə ictimaiyyəti çaşdırıb. AHİK-in rəhbərliyi Z.Həsənovun heç bir hüquqi əsas olmadan Konfederasiyanın qarşısında özünü yandıracağı ilə bağlı təhdidləri barədə rəsmi olaraq Səbail rayon Polis İdarəsinə məktublar göndərib. Maraqlıdır ki, sonralar Z. Həsənov AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyevə unvanladığı məktublarının birində öz dediklərini özü də təkzib edib. Həmin məktubun bir hissəsini sizə təqdim edirik: "Bunları yazmaqda mənim - döyüşlərdə sağlamlığını itirmiş bir döyüşçünün məqsədi Sizdən dəfələrlə üzr istəməkdir. Belə ki, Sizin böyük ziyalı olmağınızı, kasıb-küsuba əl tutan, ehtiyacı olanlara yardım edən, xeyirxah bir insan olmağınızı mən bilməmişəm. Mənim komandirlərim Sizin haqqınızda mənə elə sözlər dedilər ki, yazdıqlarıma görə xəcalət hissi keçirdim. Daha dəqiq desək, yazdıqlarıma görə yox, vəkillərimin mənim üçün yazdıqlarına və mənim isə onları oxumadan altından qol çəkməyimə görə. Çox xahiş edirəm, məni bağışlayasınız". Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq baş vermiş insidentlə bağlı bildiririk ki, hər hansı mübahisəli məsələnin və münaqişələrin bütün sivil cəmiyyətlərdə olduğu kimi, məhkəmə yolu ilə həll edilməsi prinsipinə hörmətlə yanaşır, öz əməli fəaliyyətimizdə bu prinsipə sözsüz riayət etməyə özümüzü borclu sayırıq.
2013-12-26
5,240
Tarkan bir il məcburi müalicəyə məhkum edildi
Müğənni Tarkan Təvətoğlunun 1 il narkomaniyadan müalicə almasına qərar verilib. İstanbul 3-cü Ağır Cinayətlər Məhkəməsi müğənni Tarkan Təvətoğlunun da mühakimə olunduğu narkotik prosesi başa çatıb və hökm oxunub. Hökmə görə, Tarkan bir il müddətində narkomaniyadan müalicə alacaq. Hər üç həftədən bir müalicəsinə dair kontrola gələcək. Əks təqdirdə iki ilə qədər həbsə məhkum oluna bilər.
2013-12-26
5,241
Ərdoğana daha bir zərbə
"Türkiyənin yeni baş nazirə ehtiyacı var". "Axar.az" məlumat verir ki, bu sözləri Avroparlamentin deputatı Hans Svoboda öz Tvitter səhifəsində yazıb. O, yeni istefaların Ərdoğan üçün başağrısı olduğunu ifadə edib: "Türkiyənin yeni - daha az avtoritar və dialoqa hər zaman açıq olacaq baş nazirə ehtiyacı var". Qeyd edək ki, H.Svoboda bir müddət əvvəl Gəzi parkı hadisələrinə görə də R.T.Ərdoğanı tənqid etmişdi.
2013-12-26
5,242
Müharibə veteranlarına şad xəbər
Hərbi ekspert Üzeyir Cəfərov "feysbuk" səhifəsində "Müharibə Veteranları"nı sevindirəcək xəbər paylaşıb. "Axar.az" Üzeyir Cəfərlinin statusunu təqdim edir: "Dəyərli dostlarım, yeni 2014-cü təqvim ili yaxınlaşır. Mənim də bu bayram öncəsi hörmətli müharibə veteranlarımıza, döyüşçü dostlarımıza xeyir dolu xəbərlərim var. İnşallah, bir neçə saatdan sonra mən burda o xeyirli xəbərlərdən bir neçəsini bölüşəcəyəm. Bəri başdan demək istəyirəm ki, 2012-ci ilin may ayından bizim qan pulu saydığımız "Müharibə Veteranı" kimi şanlı, varlı və şöhrətli hökumətdən aldığımız 11 manat pulla bağlı çox mühüm qərar var. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə bizə o pullar verilməlidir. O qərar artıq əlimizdədir və burdan o ədalətli və düzgün qərarı vermiş hakimlərə çoxsaylı veteranlarımız adından minnətdarlıq etmək istəyirəm. Dövlət Sosial Müdafiə Fondu yəqin ki, 2014-cü ilin ilk ayında bizim indiyə kimi qeyri-qanuni şəkildə ödənməsini dayandırdığı müavinətlərimizi verməyə başlayacaqdır. Biz yaxın bir neçə günə ƏƏSM naziri cənab Səlim Müslümovdan tələb edəcəyik ki, onun vaxtında yol verilmiş özbaşnalıq və qanunsuzluq aradan qaldırılsın. Qısaca onu deyim ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş "Sosial müavinətlər haqqında" qanun və həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il tarixli, 373 nömrəli Fərmanı isə Azərbaycan Respublikası Prezidentinin 11 manat məbləğində müavinətlə əlaqədar olan 26 dekabr 2001-ci il tarixli, 613 nömrəli və 11 iyul 2005-ci il tarixli, 257 nömrəli fərmanları ləğv etməmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə 01.05.2012-ci il tarixindən ödənilməsi dayandırılan 11 manat müavinətin həmin tarixdən ödənilməsinin davam etdirilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş departamentinə həvalə edilmişdir. Bu qərarın əldə edilməsində zəhməti olan hər kəsə, xüsusən də hörmətli dostumuz Azər Qasımov cənablarına dərin təşəkkürümü bildirmək istərdim. Təbrik edirəm, "Müharibə Veteranı" adını həqiqi mənada daşıyan və haqqı olan hər bir kəsi. Yeni ilə qədər digər sevindirici xəbərlərimiz də gözlənilir..."
2013-12-26
5,243
Prokurorun istintaqdan uzaqlaşma səbəbi - Yeniləndi/Video
Porkuror Müəmmər Akqaş deyib ki, tərəfimdən icra edilən istintaqda qarşılaşdığım basqılara görə açıqlama verməyə ehtiyac duydum: "Bu gündən etibarən istintaq materiallarında olan axtarış, müsadirə və həbs qərarlarından məhrum edilmişəm". "Axar.az" xəbər verir ki, Türkiyədəki korrupsiya əməliyyatının ikinci dalğasında Baş Prokurorluq tərəfindən səlahiyyətləndirilən prokuror Müəmmər Akqaş istintaqın onun öhdəçiliyindən alındığını bildirib: "Bundan sonra məsuliyyət Respublika Baş prokurorunundur. Bütün həmkarlarım və ictimaiyyət bilməlidir ki, bir respublika prokuroru olaraq istintaqı araşdırmağıma son qoyulub". *** 23.18 Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan bu ölkədə "rüşvət əməliyyatı" ilə bağlı saxlanılıb. Bilal Ərdoğan prokuror Müəmmər Akqaşın çağırışı ilə istintaqa cəlb edilib. Prokurorun göndərdiyi çağırışda Baş nazirin oğlunun ifadəsinin alınması məqsədi ilə istintaqa cəlb edilməsinin səbəbi onun qanundankənar təşkilat qurmaq və qurulan təşkilata üzv olmaqda təqsirli bilinməsidir. Qeyd edək ki, bir müddət əvvəl də Baş nazir Ərdoğan bildirmişdi ki, bu olayda oğlu Bilal üzərindən onu vurmaq istəyirlər.
2013-12-26
5,244
Generalların azad edilməsi yalan çıxdı - Özəl
"Fazil Aşumov və Rafiq Hüseynovun vəzifədən azad edilməsi dəqiq məlumat deyil. Müdafiə naziri səfərdən bu gün qayıdır, nazir burda olmaya-olmaya generallar vəzifədən necə azad edə bilər?" Bu sözləri hərbi ekspert Üzeyir Cəfərli "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisi general-mayor Fazil Aşumov və Artilleriya idarəsinin rəisi general-mayor Rafiq Hüseynovun vəzifələrindən azad edilməsi barəsində verilən məlumata cavab olaraq "Axar.az"a dedi. Üzeyir Cəfərov onda olan mənbələrin bu məlumatı təsdiqləmədiyini bildirdi: "Adətən nazir burda olanda yayılan məlumatın həqiqəti əks etdirdiyini demək olar, amma səfərdə olan nazir generalları vəzifədən necə azad edə bilər, axı? Müdafiə Nazirliyi ilə əlaqədar ən xırda xəbərlər belə gözümdən yayınmır, elə bir şey olsaydı, özəl mənbələrdən dəqiq məlumat əldə edərdim. Onu da qeyd edim ki, bu məsələdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin susqunluğu da təəccüb doğurur".
2013-12-26
5,245
Nazir özünü yandıran Qarabağ qazisinə baş çəkdi
Deputat Səttar Mehbalıyev məsələdə adının hallanmasına münasibət bildirib. O, "Azadlıq" radiosuna deyib ki, Qarabağ əlili Zaur Həsənov həmin ərazini zəbt edibmiş: "Tək o deyil, 7-8 nəfər həmin ərazini zəbt ediblər. Həmin ərazini boşaltmaq barədə məhkəmənin qərarı olub. Məhkəmə icraçıları da öz vəzifələrini yerinə yetiriblər. Dəfələrlə həmin şəxs mənim qəbulumda olub. Və məndən məhkəmənin qərarını ləğv etdirməyimi istəyib. Mən ona buna səlahiyyətim çatmadığını demişəm. Bu məsələdə adımızın hallanmağına çox pis olmuşam". *** Səhiyyə naziri Oktay Şirəliyev isə bu gün səhər xəstəyə baş çəkib. Həkimlərə göstərişlər verib. Müalicə üçün lazımi tədbirlərin görülməsini tapşırıb. Keçmiş Daxili İşlər naziri İsgəndər Həmidov və keçmiş Müdafiə naziri Rəhim Qazıyev yaralıya baş çəkib. Qarabağ əlilinin yanığı 3-cü dərəcəli dəyərləndirilir.
2013-12-26
5,246
Ebru Gündəş: "Məgər, Rza dünənə qədər azərbaycanlı deyildi?"
"Bu, çox ağır bir dönəmdir. Sevdiyim insan, həyat yoldaşım, övladımın atası həbsdədi. Biz ondan ilk dəfə bu cür bir səbəb üçün ayrılırıq. Mən onun günahsızlığına inanıram, içim rahatdı. Amma bu olanların övladıma təsir etməsini istəmirəm". Әbru Gündəşin müsahibəsini təqdim edirik: - Əvvəlcə keçmiş olsun diləklərimizi qəbul edin. "O Səs Türkiyə"də verdiyiniz açıqlama insanları çox kövrəltdi. - Mən kimlərinsə duyğularını qabartmaq üçün danışmırdım. Sadəcə, neçə gündü içimdə yığılıb qalmış acımı dilə gətirdim. Bunun üçün Acun bəy ("O Səs Türkiyə" yarışmasının müəllifi Acun Ilıcalı – red.) mənə şərait yaratdı, ona da bu qədər böyük ürək sahibi olduğu üçün təşəkkür edirəm. Əslində indiyədək dost dediyim, bağrıma basdığım çoxlarından daha insan çıxdı. Dar günümdə yanımda oldu. Mənim doğrudan da acı çəkdiyimi anladı. - Çoxları deyərkən kimləri nəzərdə tutursunuz? Dostlarınız yanınızda deyilmi? - Yanımda olan, məni dəstəkləyən, telefon açıb mənəvi dəstək olan insanlar, etibarlı dostlarım var. Amma bu 9 gün ərzində bir çoxlarının da simasını gördüm. Həyatın reallıqları ilə üz-üzə qaldım. Dar günümdə sevinən insanlar var, onlara baxıram, "yazıqlar olsun" deyirəm. On gün öncəyə qədər mənimlə göz-gözə gəlməkdən şərəf duyanlar bu gün Rza və mənimlə bağlı uydurma şeylər danışırlar. Onlar özlərinin çəkilərinin nə qədər olduqlarını göstərdilər. - Amma nədənsə ad çəkmirsiniz... Kimdi bu insanlar? - Bilirsiniz, mən gözləyirəm. İnsanın həyatı enişli-yoxuşludur. Hər qaranlıqdan sonra bir aydınlıq var. O aydınlığı gözləyirəm. İndi qoy onlar danışsın, mən baxım. Sonra mən danışacam, onlar rəzil olacaq. - Çox solğun görsənirsiniz. Hətta bir neçə dəfə halınızın pisləşdiyi və xəstəxanaya düşdüyünüz xəbəri yayıldı. - Bu, çox ağır bir dönəmdir. Sevdiyim insan, həyat yoldaşım, övladımın atası həbsdədi. Biz ondan ilk dəfə bu cür bir səbəb üçün ayrılırıq. Mən onun günahsızlığına inanıram, içim rahatdı. Amma bu olanların övladıma təsir etməsini istəmirəm. - Bu həbsdən sonra həyat yoldaşınızın sizə aldığı hədiyyələrin də müsadirə olunacağı bildirilir. - Çox şey deyilir. Hər kəs bir şey söyləməyə, durumdan faydalanıb məni üzməyə çalışır. Heç bilməzdim ki, bu qədər sevməyənimiz var. Çünki olaydan öncə hər kəs dost idi, bizə sevgi ilə yanaşırdı. Nə Rza, nə də mən heç bir şeyi gizlətməmişik. Əgər çəkinəcək bir şey olsaydı, heç vaxt media qarşısında o hədiyyələr haqda açıqlama verməzdik. Rza iş adamıdır, zəhməti ilə bu yerə gəlib. İndi bütün iş adamlarını arasınlar, kimdə sərvət yoxdu? Bu məsələlərə çox girmək istəmirəm, gec-tez həqiqət ortaya çıxacaq. Hazırda istintaq getdiyi üçün bəzi şeyləri deyə bilmirəm. - İndiyədək siz Azərbaycan gəlini kimi tanınırdınız. Amma indi Rza bəyin azərbaycanlı olmadığı da iddia olunur. - Maraqlıdır, indiyədək niyə deyilmirdi? Hər kəs sevə-sevə qəbul edirdi. Nə oldu? Həbs olundu deyə, indi o, azəri olmamalıdır? Məgər, Rza dünənə qədər azərbaycanlı deyildi? Bu cür açıqlamalar utancvericidir. Kaş bunu indiyədək söyləsəydilər. Hamı bilir ki, Rza Bakıda doğulub və İran əsilli azəridir. Bundan artıq şey söyləmirəm, azəriləri sevirəm. Rza özü zamanı gəlincə nə lazımdısa, söyləyəcək. - Rza bəyin Bakı ilə əlaqələri hansı formada idi? Orada dostları vardımı? - Rzanın Bakıda və bir çox ölkədə yaxın dostları var. Hər zaman onlarla əlaqə saxlayır, işlə bağlı danışıqlar aparırdı. - Həyat yoldaşınızın Türkiyədə daha bir iş adamı Mübariz Mənsimovla yaxın olduğu bildirilirdi. Amma Mənsimov bu xəbərləri təkzib edib. - Mən Rzanın iş adamları ilə münasibətlərinin olduğunu bilirdim. Amma onları tanımırdım. Bu, mümkün də deyildi. Biz ikimiz də məşğul insanlar idik. Rza mənə kimlə nə iş gördüyünü demirdi. Heç mən də maraqlanmırdım. O, bir iş adamıdır. Rzanın işlərinə qarışmamağa çalışmışam. O ki qaldı birilərinin onu təkzib etməsinə, buna təəccüblənmədim. İndi hamı Rza ilə münasibəti təkzib edir. - Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva isə Rza bəyin onun dostlarını aldatdığını deyib. - O zaman mən soruşuram ki, niyə indiyədək bu barədə polisə, prokurorluğa məlumat verməyiblər? Bu, indimi yadlarına düşdü? Allah xatirinə, mənə bu insanların nə dediklərini söyləməyin. - Rza bəyin xəstə olması xəbəri də həbsindən sonra çıxdı. - Həbsindən əvvəl də onun xəstəliyi vardı, müalicə alırdı. Rza çox xəstədi. İnsanın səhhəti ilə bağlı məsələ şouya çevrilməz. Həkimin qoyduğu diaqnoz var. İndi də tez-tez həkim nəzarətindən keçirilir. - Ən son nə zaman görüşmüsünüz? - Bir gün əvvəl Metris cəza evində görüşmüşük. Rza özünü çox pis hiss edirdi. Dünən səhər isə ailəsi, vəkili görüşdü. - Bundan sonra nə etməyi planlaşdırırsınız? - Ədalətin yerini tapmasını gözləyəcəm. Mən çox sınaqlardan keçmişəm, bu da onlardan biridir. Bu sınağı da keçəcəm. Mən hər zaman sevərək evləndiyim insanın yanında olacam. - Bu hadisə yaradıcılığınıza da təsir edib? - Təbii ki. Mənim üzüntümü kimsə anlaya bilməz. Çox çətin bir dönəmdən keçirik. Amma işimi görməliyəm. Mən sənətçiyəm. Rzadan əvvəl də mahnı oxuyurdum, evləndikdən sonra da. Kimsə Ebrunu yıxılmış görməyəcək. Biz Rza ilə yenə bərabər xoş günlər keçirəcəyik. O zaman bu gün danışanlar susacaq, mən danışacam və danışdıqlarım daha tutarlı olacaq. ("Axşam.az")
2013-12-26
5,247
Prezident “Böyükşor” gölü ilə bağlı sərəncam verdi
Azərbaycan Prezidenti İlham Əliyev Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanda deyilir: "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planı"nın icrası, habelə Böyükşor gölünün bərpa edilməsi, mühafizəsi və istifadəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram: 1. Bakı şəhərində yerləşən Böyükşor gölünün (bundan sonra - Göl) istifadəsi və mühafizəsi sahəsində idarəetmə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilsin. 2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi: 2.1. Gölün (onun mühafizə zonasının) bərpa edilməsini (o cümlədən Göldə (onun mühafizə zonasında) mövcud olan istehsalat və məişət tullantılarının kənarlaşdırılmasını), mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını və gələcəkdə ondan səmərəli istifadə olunmasını təmin etsin, habelə qorunub saxlanılmasına nəzarəti həyata keçirsin; 2.2. bu Fərmanın 3-cü və 4-cü hissələrində nəzərdə tutulmuş işlərin idarə edilməsini təmin etsin; 2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 3. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Gölə (onun mühafizə zonasına) tullantı sularının axıdılmasının qarşısının alınması üçün zəruri tədbirlər görsünlər. 4. Bakı Şəhər İcra Hakimiyyəti Gölə (onun mühafizə zonasına) istehsalat və məişət tullantılarının atılmasının, Gölün səthinin azalmasına səbəb olan kənar yerlərdən torpaq qruntunun daşınması və yayılmasının qarşısının alınmasını təmin etsin. 5. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 5.1. bir ay müddətində Gölün (onun mühafizə zonasının) sərhədlərini dəqiqləşdirsin; 5.2. Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin əsaslandırılmış hesablamalarına uyğun olaraq bu Fərmanın 2.1-ci bəndində və 3-cü hissəsində nəzərdə tutulmuş işlərin həyata keçirilməsinin maliyyələşməsini təmin etsin; 5.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 5.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 5.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Gölə aid bütün sənədləri və digər məlumatları bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə təhvil versin. 7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. (Trend)
2013-12-26
5,249
Əjdahanın mini forması aşkar edildi
Braziliyanın şimal-şərq sahillərində yeni bir dəniz ilbizi peyda olub. Tritonidae ailəsindən olan bu varlığa artıq ad da təyin olunub. Balaca, əjdahaya bənzər bu varlığa "Xalesi" adı verilib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, yeni kəşf edilən Xalesini əjdahaların gümüşü rəngli anasına bənzətdiklərindən ona bu adı veriblər.
2013-12-26
5,250
Çexiyada yeni hökumət formalaşdırılacaq
Gələcək hakim koalisiya partiyaları – sosial-demokratlar, xristian demokratlar və "ANO" ("HƏ") artıq gələcək Nazirlər Kabinetinin proqramı və şəxsi heyəti barədə razılıq əldə ediblər. Milad və Yeni il bayramlarından sonra yanvarın 6-da koalisiya müqaviləsinin təntənəli surətdə imzalanması mərasimi olacaq. Prezident Zeman Nazirlər Kabinetinin şəxsi heyətinə etiraz etməsə, yanvarın ortalarında yeni hökumət təyin ediləcək. Lakin Miloş Zeman sosial-demokrat Lubomir Zaoralekin xarici işlər naziri vəzifəsinə təyin olunması ilə razılaşmadığını artıq qeyri-rəsmi şəkildə bildirib. Amma hüquqşünasların əksəriyyəti belə bir fakta diqqəti çəkir ki, Konstitusiyaya görə, Prezident mühüm səbəb olmadan hər hansı bir nazirin təyin edilməsinə etiraz edə bilməz. Yeni hökumətin formalaşdırılması haqqında danışıqları yeni baş nazir olacaq sosial-demokratların lideri Boquslav Sobotka aparıb. (AzərTac)
2013-12-26
5,251
Ərdoğan Kılıçdaroğlunu canlı yayımdan çıxardı – Video
CHP lideri Kamal Kılıçdaroğlu "CNN Türk"də pis vəziyyətdə qalıb. "Axar.az" xəbər verir ki, Türkiyənin ana müxalifət partiyasının lideri Kılıçdaroğlu "CNN Türk" kanalında "Tərəfsiz Bölgə" proqramına qonaq olub. Kılıçdaroğlu gündəmə dair suallara cavab verdiyi vaxt studiyada qəribə anlar yaşanıb. Baş nazir Ərdoğan dünən gecə yeni Nazirlər Kabinetində olan nazirlərin adlarını açıqladığı vaxtı Kılıçdaroğlunun məlumatı olmadan yayımı kəsiblər. Bir müddət ekranda Ərdoğanın görüntüsü, Kılıçdaroğlunun səsi ilə yayımda komik anlar yaşanıb. Daha sonra təkrar olaraq studiyadakı yayıma bağlanan rejissor aparıcının sərt reaksiyası ilə qarşılaşıb.
2013-12-26
5,252
Azərbaycan səfiri vyetnamlı nazirlə görüşdü
Bu gün Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Vyetnamın sənaye və ticarət naziri Vu Huy Hoang ilə görüşüb. Azərbaycan XİN mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq, iqtisadiyyat, ticarət, sənaye və investisiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmış, hökumətlərarası komissiyanın yaradılması, yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, biznes forumların təşkili, müqavilə-hüquq bazasının genişləndirilməsi barədə müzakirələr aparılıb. Görüşdə tərəflər iki ölkə arasında tarixən mövcud olan dostluq münasibətlərinin müasir dövrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Həmçinin iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün geniş potensialın olduğu vurğulanıb, son illər Azərbaycan və Vyetnamın sürətlə inkişaf etdiyi, hər iki ölkənin yerləşdiyi regionda mühüm rol oynadığı qeyd olunub. Görüşün sonunda tərəflər səfirliklə nazirlik arasında əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəliblər. (APA)
2013-12-26
5,253
Gürcü nazir Azərbaycan xalqını təbrik etdi
Gürcüstanın baş nazirinin müavini, enrgetika naziri Kaxa Kaladze Azərbaycan xalqını, o cümlədən ölkədə yaşayan azərbaycanlıları yeni il münasibəti ilə təbrik edib. Bu barədə K.Kaladze Gürcaani rayonunun Axalşeni kəndinin qazlaşdırılması ilə bağlı keçirilmiş tədbirdə azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanın "SOCAR Georgia Gas" şirkəti Gürcüstanda qazlaşdırma sahəsində böyük işlər həyata keçirir: "Gələn il qazlaşdırma davam edəcək və ölkə əhalisinin 75% əhalisi təbii qazla təmin olacaq". Gürcaani rayonundakı Axalşeni kəndinə təbii qaz verilməsi tədbirində iştirak edən "SOCAR Georgia Gas"-ın direktoru Anar Məmmədov jurnalistlərə açıqlamasında Axalşeni kəndində hələlik 350 abonentə təbii qaz verildiyini bildirib: "Bu iş davam edəcək və kənddə yaşayan 940 ailənin hamısı qazla təmin olunacaq". Qeyd edək ki, bu günlərdə Gürcüstanda ARDNŞ prezidenti Rövnəq Abdullayev və Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və sabit inkişaf naziri Georgi Kvirikaşvili və Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze ilə bu ölkənin qazlaşdırılmasına dair memorandum imzalanıb. Sənəddə qeyd olunub ki, ARDNŞ-in Gürcüstan nümayəndəliyi 2017-ci ilədək Gürcüstanda qazlaşdırılmanı yenə də davam etdirəcək və 100 min ailəni təbii qazla təmin edəcək. (APA)
2013-12-26
5,255
AXCP-dәn: "İstefa Müsavatın bəhanələrinə son qoymaq üçün idi"
"Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən getməsi Müsavat Partiyasının bu istiqamətdə fəaliyyətinin nəticəsidir". Bu sözləri "Axar.az"a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən getməsi ilə bağlı xəbəri şərh edərkən dedi. O bildirdi ki, Rüstəm İbrahimbəyovun bu addımı Müsavat partiyasının bəhanələrinə son qoymaq üçün idi: "Özünün də dediyi kimi, Müsavat partiyası onun qurumdakı təmsilçiliyinə qarşı çıxmaqla əslində Milli Şuranın bütövlüyünə qarşı çıxırdı. Rüstəm İbrahimbəyov fəxri sədrlikdən ona görə getdi ki, Müsavat partiyasının dDemokratik qüvvələrlə bir yerdə fəaliyyət göstərməsinə heç bir bəhanə qalmasın". AXCP funksioneri onu da dedi ki, Müsavat partiyası qurumdakı təmsilçiliyi ilə bağlı mövqeyini qətiləşdirməli və nəyə görə Milli Şuradakı qüvvələrlə əməkdaşlıq etmək məsələsində qərarsız olduğunu açıqlamalıdır: "Müsavat Partiyası Milli Şuradan çıxmaq məsələsini nəyə görə müzakirə mövzusu etməsi barədə suallara cavab verməlidir. İndiyə qədər Rüstəm İbrahimbəyovu bəhanə edirdilər, ona da nail oldular. İndi açıqlama versinlər ki, nəyə görə demokratik qüvvələrlə birgə fəaliyyət göstərmək məsələsini müzakirə mövzusu edirlər?"
2013-12-26
5,256
Rza Zərrabın sensasion telefon danışıqları yayıldı
Azərbaycanlı iş adamının Baş nazirin müavini Əli Babacan və Maliyyə naziri Mehmet Şimşəkdən çəkindiyi bəlli olub. "Rüşvət əməliyyatı"nda həbs edilən Rza Zərrabın sensasion telefon danışığının stenoqramı yayılıb. İstintaq dosyesində yer alan telefon danışıqlarında Zərrabın dünən istefa verən nazir Müəmmər Gülərlə də danışıqları öz əksini tapıb. Qeyd edək ki, telefon danışıqları zamanı Zərrabın Baş nazirin müavini Əli Babacan və Maliyyə naziri Mehmet Şimşəkdən çəkindiyi məlum olub. Dosyedə yer alan telefon danışıqlarının stenoqramını təqdim edirik: 08.10.2013 17:50. Rza Zərrab ilə Abdullah Happani arasında keçən telefon danışığı: Rza: Dedi, bu qurama, şantaj üçün, amma aldı onun fotokopyasını, Maliyyə Cinayətləri Araşdırma İdarəsinə (MASAK) verəcək. Mənə demədi, amma məni aparan dostuma deyib. Deyib ki, soruşum, görüm nədir bu. Abdullah: Araşdıracaq yəni. Rza: MASAK ondan asılıdır. Səncə, onunla görüşməyim yaxşı oldu, ya pis? Abdullah: Yaxşıdır, ya pisdir, bilmirəm, o şeyin surətini alıb, mütləq "bunu bir yoxlayın" deyəcək. Oradakı sənin şirkətlərində daxil olmaqla... elə işin ən pis tərəfi bu idi. Sən də öz əlinlə işi bu məcraya gətirdin. Yəni lazım bilsə, araşdıracaq. Rza: Səncə, lazım biləcək? Abdullah: Məncə, mütləq bir məlumat alacaq. Rza: MASAK-dan soruşacağını dedi. Abdullah: MASAK-da müfəttişlərə deyəcək ki, araşdırın bunu. Rza: Səncə, yaxşı oldu, ya pis? Abdullah: Yaxşı bir şey yoxdur, amma piş bir şey ola bilərmi, onu bilmirəm. İki gündür həyəcan keçirdiyimiz şeyə xeyri olmadı. Rza: Onları bilirsən, Əli Babacanla eyni düşüncədədirlər. Kağızı almamışdı, sonradan aldı (təəssüflənir). Abdullah: Dəftərlərin araşdırılmasına hazır olmaq lazımdır. Bizim tərəfdən bir şey olmaz, nə ola bilər ki, yəni. Gec-tez o biri şirkətləri də yoxlayacaqlar onsuz da. MASAK-a deyəcək, onlar müfəttişlərə deyəcək, qısa müddətdə olan şey deyil bu. Rza: Qəribə insandi, digərləri kimi deyil. Mənə əvvəlcədən də demişdilər. Hələ gözləyək, görək nə olur. Kağızı almağı heç yaxşı olmadı. Dosyedə bildirilir ki, Rza Zərrabla Abdullah Happani Maliyyə naziri Mehmet Şimşək haqqında danışırlar. 08.10.2013 18:59. Rza Zərrab və Rüçhan Bayar arasındakı telefon danışığı: Rza: Maliyyə nazirinin yanına getmişdim. O, bir az soyuqdur. Rüçhan: Daxili İşlər Nazirliyindən, yaxud da hansısa bir istintaqdan belə bir əməliyyat-zad olub? Rza: Yox, heç bir şey olmayıb. Rüçhan: Elə bir məlumat yoxdur, olsa, eşitmiş olardın. Rza: Onunla görüşdüm bu gün. Yazını verdim, oxudu, təəccübləndi, sonra da fotosurətini aldı. MASAK-da araşdıracaq. Rüçhan: Yəni elə bir ehtimal var? Rza: Yaxşı biridi, ya pis, anlaya bilmədim. Rüçhan: Məncə, bu məsələni çox da qurdalama... Rza: Yox, qurdalamıram, amma ucu hara qədər gedər, bilmirəm. Rüçhan: Etməsək, daha yaxşı olardı, məncə. Rza: Deyəsən, közü alovlandırdıq. Rüçhan: Deyəsən, yatan adamı oyandırdıq. İnşallah, elə olmaz. Rza: Yəni elə olsa, nəticə nə olar? Uzaq başı bizimkiləri araşdırarlar. Rüçhan: Bizdə bir problem yoxdur ki! Digər 35 firmanı da araşdırarlar, əgər iddia varsa, amma bizim tərəfdə üç dənə firmamız var. "AİR"-imiz var, "Royal"-ımız var... xırda-para pozuntular, kəsir var yəni, mütləq unutduğumuz nəsə var, ondan başqa bir şey yoxdur. Abdullahlada danışdım, bizim tərəfdən bir şey olmasa da, sənin adına olan daşınmaz əmlakları bir az yüngülləşdirmək lazımdır. 08.10.2013 18:11. Rza Zərrab və nazir Müəmmər Gülər arasında olan telefon danışığı: Gülər: Gedə bildinizmi Maliyyə Nazirliyinə? Rza: Gedib görüşdüm bəylə. Gülər: F.K (ad, soyad açıqlanmır: red) mənə zəng elədi, dedi, mən məsələyə qol qoydum. Rza: Hörmətli nazirimiz Zəfər (Çağlayan nəzərdə tutulur: red) bəyin də yanına getdim, o da zəng edib ona. Gülər: Mənə zəng elədi, dedi ki, məsələyə əl qoydum, bütün sənədləri gətizdirdim, bu iş mənim nəzarətimdədir, heç bir şey olmaz, narahat olmayin. Xəbərin olsun, yaxşımı?! Orxan barəsində də mən özüm izləyirəm, sən arxayın ol. Rza: Cənab nazir, ən mühüm məsələ odur. Hər şeydən vacibdir ("Avropa.info").
2013-12-26
5,257
Obama boşanmadığını sübut etdi - Video
Bir neçə gündür ki, mediada ABŞ "First lady"-si (Birinci xanımı) Mişel Obamanın həyat yoldaşı Pprezident Barak Obamadan ayrıldığı xəbərləri yayılıb. Yayılan məlumatlara görə, "National Enquirer" jurnalında Obamalar ailəsində gərginliklərin baş verməsi və ailədaxili münaqişələrin yüksək həddə çatdığı bildirilirdi. Bu gün səhər saatlarında Barak Obama və xanımı M.Obamanın İsa Məsihin doğum günü münasibəti ilə qeyd olunan bayrama görə Amerikan xalqını təbrik etdiyi video-çarx yayılıb. Bu video-çarxla Obama ailəsi birlikdə olduqlarını bir daha ictimaiyyətə çatdırmış olub.
2013-12-27
5,258
Rus keşişindən müsəlmanlara aid inanılmaz sözlər - Video
Feysbuk sosial şəbəkəsində yayımlanan bu video çox güman ki, Rusiya kilsələrindən birində keşiş moizə edərkən çəkilib. Amma maraqlı olan videonun harada çəkilməsi deyil, səsləndirilən fikirlərdir. Videoda keşiş etiraf edir ki, gələcək Allaha yaxın olanlarındır. Bəs yaxın olanlar kimlərdir?
2013-12-27
5,259
Yeni il bayramına münasibət - Dini
"Axar.az" olaraq qarşıdan gələn Yeni il bayramına ölkə dindarlarının və ilahiyyatçılarının münasibətini öyrənməyə çalışdıq. Məlum olduğu kimi, ölkəmizdə hər il 31 dekabr Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur. Mənbələrdə verilən məlumata görə, bu ilin 31 dekabrı İslam Peyğəmbərinin və Hz. İmam Həsənin vəfat gününə təsadüf edir. Bu günü təntənəli şəkildə keçirməyin nə dərəcədə doğru olub-olmadığına aydınlıq gətirən ilahiyyatçı Elşad Miri, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov və ilahiyyatçı, "Təzə Pir"in mollası Hacı Mübariz mövzu ilə əlaqədar bu fikirləri bildirdi: Azərbaycan dünyəvi bir dövlətdir Elşad Miri: - Peyğəmbərin vəfatının dekabrın 31-nə düşməsi doğru məlumat deyil. Bu, sadəcə, müəyyən mənbələrdə bu formada qeyd olunub. Əslində vəfat günü hicri-qəməri tarixi ilə rəbiül-əvvəl ayının 12-sinə təsadüf edir. Yeni il bayramı ilə bağlı isə bu fikirdəyəm ki, əgər bir xristian Ramazan bayramını, Qurban bayramını keçirmirsə, bir müsəlman niyə Yeni il bayramını keçirməlidir? Mən həmişə bu fikirdəyəm və bu fikrə uyğun da hərəkət edirəm. Yeni ili qeyd etməməyimin məhərrəmlik ayı ilə heç bir əlaqəsi yoxdur. Dekabrın 31-i ölkədə Yyeni il bayramının qeyd olunmasına və telekanallarda şənliklərin keçirilməsinə münasibətim budur ki, Azərbaycan dünyəvi bir dövlətdir və belə bir dövlət hər bir vətəndaşın hüququna hörmətlə yanaşmalıdır. Bu halda da heç kimə qadağa qoya və etiraz edə bilmərik. Hər kəs öz inancına görə bu həyatı yaşayır və davam edir. İslamla heç bir təzad təşkil etmir... ​Aqil Şirinov: - İslami çərçivədə bayramın qeyd olunmasının problemi yoxdur. İslamda əsasən iki bayram qeyd olunur. Bunlardan biri Ramazan, o biri isə Qurban bayramıdır. Bundan əlavə günlərdə insanlar pis işlərlə məşğul olmadan bayram keçirirlərsə, bunda heç bir problem yoxdur. Lakin bu il dekabr ayının 31-i həm Həzrəti Peyğəmbərin, həm də İmam Həsənin vəfat gününə təsadüf edir. İnsanların bir qismi də bu səbəbdən bu il yeni ili qeyd etməyəcək. Amma bayramı qeyd etmək istəyən insanlar daha yaxşı olar ki, bir gün sonra qeyd etsin yeni ili. Elə əslində yeni il yanvarın 1-idir. 31 dekabr isə Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Mən ayın 31-ini həmrəylik günü olaraq qeyd edəcəyəm. Bu da islamla heç bir təzad təşkil etmir. Peyğəmbərin müqəddəs ruhuna xatir Hacı Mübariz: - Ayın 31-i həm Peyğəmbərin, həm də İmam Həsənin vəfat günüdür. Bu günə İslam Peyğəmbərinin müqəddəs ruhuna xatir ehtiram göstərməliyik. Mən özüm evə heç yolka da almıram. O günü dualar etməklə, namaz qılmaqla keçirəcəyəm. Hazırda səfər ayıdır, bu ayda bayramı qeyd etmək qadağa deyil, sadəcə, Allah buyuran şəkildə olmalıdır. Həddi aşdıqda isə Allaha xoş getməz.
2013-12-27
5,260
Dünyanın ən gözəl qış fəsli yaşayan məkanları - Siyahı
Qış fəsli dünyanın müxtəlif ölkələrində fərqli şəkildə yaşanır. Bəzi yerlər var ki, burada qış fəsli daha maraqlı və romantik keçir. Hətta qış fəslində həmin yerlərə hədsiz böyük turist axınları müşahidə olunur. "Axar.az"sizə dünyanın ən gözəl qış fəsli yaşayan yerlərinin adlarını təqdim edir. Bu siyahıda birinci yerdə Fransada yerləşən Alp dağları dayanır. Yağan qar dağın üzərində xüsusi mənzərə yaradır. Bura məhz dağın üzərində qarı seyr etmək üçün gələn turistlər olduqca çoxluq təşkil edir. Turistlər gördükləri mənzərə qarşısında qeyri-adi, ifadəsi çətin olan hisslər keçirdiklərini də qeyd edirlər. Siyahıda ikinci yerdə Yaponiyanın Kyota şəhərində yerləşən məşhur Kinkakuji (ikimərtəbəli mədəniyyət nümunəsidir. Turistlər üçün otel kimi istifadəyə verilib) üzərinə yağan qar olduqca maraqlı, yapon filmlərini xatırladan fərqli mənzərə meydana gətirir. "Axar.az" dünyanın ən gözəl qış fəsli keçirən yerlərinin adlarını təqdim edir: Almaniya: Bavariya vilayəti Norveç: Berqin şəhəri İsveçrə: 4-cü böyük şəhər olan Bern Sloveniya: Bled gölü Kanada: Britiş Kolumbiyası İngiltərə: Yorkşir adası Kanada: Laprador Yaponiya: Fukisima
2013-12-27
5,261
PKK-çının qardaşı bələdiyyə sədrliyinə namizəddir
PKK terror təşkilatının liderinin müavini Murad Qarayılanın qardaşı Bazan Qarayılan Türkiyənin Qaziantəp əyalətinin Şəhidkamil rayonunun bələdiyyə sədrliyinə namizəd irəli sürülüb. Türkiyədə yaşayan kürd etnik qrupunun təmsilçisi sayılan BDP-nin sədri Səlahəddin Dəmirtaş dekabrın 26-da Diyarbakırda onun da adının bələdiyyə sədrliyinə namizədlər arasında çəkib. Bozan Qarayılan BDP-nin Şanlıurfadakı yerli məclisinin üzvüdür. Onun Birəcik qəsəbəsinin Qonaq kəndində fermer təsərrüfatı olduğu da bildirilib. ("Lent.az")
2013-12-27
5,262
Türkiyədə təyinatla bağlı polis amirləri etiraz etdi
Türkiyədə "Rüşvət əməliyyatı"ndan sonra həyata keçirilən polis müdürlərinin təyinatı ilə bağlı polis amirləri etiraz ediblər. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı olaraq Qaçaqmalçılıq, Maliyyə, Narkotik və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində vəzifədə olan polis müdirləri etiraz ərizələrini Dövlət Hüquq Şurasına təqdim ediblər. Ərizədə vəzifə yerlərinin səbəb göstərilmədən dəyişdirilməsini, bu günə qədər hər hansı bir istintaq keçirmədiklərini və təyinatla bağlı hər hansı bir tələblərinin olmadığını bildiriblər.
2013-12-27
5,263
Qardaşını ölümdən xilas etdi – Video
ABŞ-ın Kolorado ştatında xizək sürdüyü zaman uçqun altında qalan bir xizəkçini qardaşı qar yığınının altından qurtarıb. "Axar.az" xəbər verir ki, Kolorado ştatında yerləşən bir turizm mərkəzində xizək sürdüyü zaman 22 yaşındakı İdvin LeMeyr bir anda uçqunun altında qalıb. Sürətlə arxasınca gələn qardaşı artıq öldü zənn etdiyi qardaşını qar yığınının altından çıxartmağa çalışıb. Həmin vaxtı hadisə yerinə başqalarının da gəlməsi ilə xilas etmə prosesi uğurla tamamlanıb. Və İdvin yaralı olaraq xilas edilib. Həmin videonu təqdim edirik:
2013-12-27
5,264
İstanbul baş prokuroru açıqlama verdi
İstanbulun baş prokuroru Turan Çolakkadı korrupsiya və rüşvət ittihamı ilə bağlı aparılan istintaqa təzyiq edilməsi barədə iddiaların yalan olduğunu deyib. Türkiyədə ötən gün rüşvət, korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə bağlı başlamış cinayət işinin istintaqından kənarlaşdırılmış prokuror Müəmmər Akkaş istintaqa təzyiq olduğunu bildirib. Baş prokuror deyib ki, prokuror səhv məlumatlar təqdim edib: " Mən 35 ildir ki, bu sahədə çalışıram, bu vaxtadək hələ heç kim mənə əmr etməmişdi, heç bir əmri qəbul etmərəm. Baş prokuror prokurorları təyin etmək və işdən kənarlaşdırmaq hüququna malikdir. Bizdə 200 nəfər prokuror çalışır və onların heç biri işi özbaşına qəbul edib-ata bilməz". Baş prokuror qeyd edib ki, prokurorluğun heç bir əməkdaşı mətbuatda müstəqil bəyanatla çıxış etməməlidir: "Bizim öz qaydalarımız və tələblərimiz var. Vəzifə təlimatında da qeyd olunub ki, mətbuata açıqlamanı yalnız baş prokuror və mətbuat katibi verə bilər. Bütün digər açıqlamalar razılaşdırılmalıdır, əks halda, xaos baş verə bilər. Bizdə istintaqı iki ilədək davam edən cinayət işləri olur və bu istintaqlar çərçivəsində mətbuata heç bir açıqlama verilmir". (APA)
2013-12-27
5,265
Daha üç millət vəkili AKP sıralarını tərk edə bilər
AKP partiyasından olan İzmir millət vəkilləri Ərtoğrul Günay, Erdal Qalxan və Ankara Millət vəkili Haluk Özdalğa partiyadan kənarlaşdırılmaları tələbi ilə İntizam Komitəsinə cəlb edilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir k, hakim partiya bununla bağlı olaraq bildirib ki, adları qeyd edilən millət vəkilləri partiyanın nizamnaməsinə, prinsiplərinə və hökumətin icra etdiyi qanunlara zidd addımlar sərgilədikləri üçün partiya sıralarından kənarlaşdırılması tələbi ilə İntizam Komitəsinə verilib. Qeyd edək ki, daha əvvəl də İdris Naim Şahin və Hakan Şükür AKP partiyası sıralarından öz istəkləri ilə istefa verib.
2013-12-27
5,266
2014-cü ildə proseslər nəzarətdən çıxa bilər - Astroloji
Tanınmış astroloq Səbuhi Rəhimli 2014-cü ildə bizi gözləyən yeniliklər haqda "Axar.az"a danışdı. Astroloq üzümüzə gələn ildə xeyirlə şər qüvvələrin bərabərləşəcəyini bildirdi: "At ilində belə bir tendensiya var ki, xeyir və şər qüvvələr bərabərləşir, bu da mübarizə əzminin artmasına səbəb olur. Yəni biri güclü, biri zəif olanda mübarizə güclü olmurdu, amma indi ikisi də bərabər gücdədir və qarşı qarşıya gələcəklər. Yəni bu il sabitliyi saxlamaq çox çətin olacaq. İlin rəngi isə göy atdır. Bu da ictimai-siyasi proseslərin hətta nəzarətdən çıxmasına da səbəb ola bilər. Ona görə qədim insanlar göy at ili yaxınlaşanda ona ehtiyatla yanaşırdılar və bədbəxtlik gətirən dövr kimi qələmə verirdilər. Bu ilin əsas vəzifəsi isə dini və mistik məsələləri həll etməkdir. Camaatı narahat edən qlobal problemlər, dünyanın gərdişi, insanların birləşməsi, Yer kürəsinin təhlükədən qorunması 2014-cü ilin əsas öhdəliklərindən olacaq".
2013-12-27
5,267
2013-də bizə əlvida dedilər – Kədərli
Bir neçə gündən sonra 2013-cü il geridə qalır. Adətən insanlar ilin uğurlu olub-olmadığından, nələrlə yadda qaldığından danışır. Amma bəziləri var ki, həmin il onların dünyaya vida ilidir, onlar daha bu dünyaya çıxacaq günəşi görməyəcək, səhərləri qarşılayıb gecənin qaranlığında üşüməyəcək. Yola salmağa hazırlaşdığımız il də bir çox tanınmış insanlar üçün son il oldu. Nelson Mandela 2013-cü il dekabrın 6-da Cənubi Afrika Respublikasının keçmiş prezidenti və Nobel mükafatı laureatı Nelson Mandela uzun sürən xəstəlikdən sonra 95 yaşında vəfat etdi. 27 ilini həbsxanada keçirəndən sonra CAR-ın ilk qaradərili dövlət başçısı seçilmişdi. Pol Uolker "Forsaj" filminin ulduzu, amerikan aktyor və modeli Pol Uolker noyabrın 30-da avtomobil qəzasında vəfat edib. Uqo Çaves 1954-cü ildə anadan olmuş Uqo Rafael Çaves Fria Kuba lideri Fidel Kastronun yaxın dostu və ölkəsində yoxsulların haqlarını qoruyan ilk Venesuela lideri olaraq tanınıb. Kubada xərçəng müalicəsindən sonra ölkəsinə qayıdan Venesuela prezidenti Uqo Çaves bu il martın 5-də dünyasını dəyişib. Marqaret Tetçer Siyasətdəki sərt mövqeyinə görə "Dəmir Ledi" ləqəbi ilə tanınan, Böyük Britaniyanın tarixində yeganə qadın baş nazir olan Marqaret Tetçer də bu il dünyasını dəyişib. Mixail Kalaşnikov Kalaşnikov avtomatının yaradıcısı, general-polkovnik Mixail Timofeyeviç Kalaşnikov 2013-cü il dekabrın 23-də vəfat edib. Bu il ölkəmizdə də bir çox tanınmış insanlar dünyasını dəyişib. Elnarə Tofiqqızı Bu il Azərbaycan ədəbiyyatına da ağır itki üz verib. Məşhur tənqidçi, "Axar.az" saytının baş direktoru Anar Niftəliyevin həyat yoldaşı Elnarə xanım Tofiqqızı həkim məsuliyyətsizliyi üzündən bu il sentyabrın 20-də əbədiyyətə qovuşdu. Səyavuş Aslan Hamının sevdiyi aktyor Səyavuş Aslanı bu il itirdik. Səyavuş Aslan iyunun 27-də dünyasını dəyişib. Şəfiqə Axundova Şərqdə ilk opera yazan bəstəkar qadın, Azərbaycanın xalq artisti Şəfiqə Axundova 2013-cü ilin 26 iyulunda vəfat edib. Aslan İlyasov Qarmon ifaçısı Aslan İlyasov dekabrın 20-də dünyasını dəyişib. Uzun müddət serrozdan əziyyət çəkən Aslan İlyasov yataq xəstəsi idi. Yusif Seyidov Azərbaycanın görkəmli dilçi alimi professor Yusif Seyidov bu il noyabr ayının 18-də vəfat edib. Tofiq Qarayev 2013-cü ilin 26 oktyabrında tarixində Respublikanın əməkdar artisti Tofiq Qarayev uzun sürən xəstəlikdən sonra Ağdam Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
2013-12-27
5,269
"Çalıquşu"nun qəhrəmanı sevgilisindən ayrıldı - Foto
"Çalıquşu" serialının baş rol ifaçısı Burak Özçivit 2 illik sevgilisi Ceylan Çapadan ayrılıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Çalıquşu" serialının Kamranı Burak Özçivit, evlilik planlaşdırdığı Şəbnəm-Cəlal Çapa cütlüyünün qızı Ceylan Çapayla yollarını ayırıb. Sevgilisinin qısqanclıqlarından təngə gələn Özçivit dostlarına da bu haqda fikirlərini deyib. Buna görə tez-tez mübahisə edən cütlük 2 illik əlaqələrinə nöqtə qoyub.
2013-12-27
5,270
Beyninizi cavan saxlamaq istəyirsinizsə… - Araşdırma
İnsan beyni haqqında çox şey yazılıb. Amma indi təqdim edəcəyimiz məlumatlar haqqında bəlkə də heç yerdə eşitməmisiniz. "Axar.az" türk mətbuatına istinadən bildirir ki, insanlarda üç fərqli xatırlama növü var. Bunlar uzun zaman ərzində unudulmayanlar, qısa vaxtda unudulanlar və duyğusal yaddaşdan ibarətdir. Uzun zaman unudulmayanları, hətta kompüterin yaddaş kartı da hesab etmək olar. Araşdırmalara görə, insan beyni yeddi rəqəminə qədər baş verən hadisələri rahatlıqla xatırlaya bilir. Buna 7 hadisə, 7 kitab adı, 7 film və.sairi misal çəkmək olar. Hətta psixoloqlara görə insan beyni 7-yədək olan şeyləri yaxşı xatırladığına görə telefon nömrələri də 7 rəqəmli olur. Araşdırmalardan o da bəlli olub ki, beyin dörd rəngə qarşı daha həssasdır. Bunlar sarı, yaşıl, mavi və qırmızıdır. Beyin bu rənglərə qarşı daha diqqətli olur. Rənglərin cazibəsinə uyan gözlər dərhal beyinə siqnal ötürür ki, bu da beyinin ani aktivliyi ilə müşahidə olunur. Şüuraltı insandan daha ağıllıdır Beyin şüuraltı verdiyi qərarlarda heç vaxt yanılmır. Uzun zaman düşünülən qərarlarla müqayisədə, adətən, şüuraltına söykənərək verilən ani qərarlar daha effektli olur. Zehni işlər nə qədər yorucu görünsə də… Zehni işlər yaddaş pozğunluğu, gec qavrama kimi halların qarşısını alır. Elm adamlarının fikrincə, beyinin çox işləməsi insanı ruhi baxımdan gücləndirir. Əhval yüksəldən alfa dalğası Araşdırmalardan o da bəlli olub ki, dua edən insanların beynində əhvalı yüksəldən, inam yaradıcı alfa dalğası yaranır ki, bu da insanın özünü xoşbəxt hiss etməsinə səbəb olur. Özünüzdən ağıllı insanlarla danışmaq İnsan beynini kəşf etməklə məşğul olan bir qrup araşdırmaçının fikrinə görə, özündən ağıllı insanla danışmaq beyinə xoş təsir bağışlayır. Üstəlik, çılğınlıq etmək beyinin daima gənc qalmasına səbəb olur. Araşdırma nəticəsində alimlər o qənaətə gəliblər ki, insan beyni bədəndən daha gec oyanır.
2013-12-27
5,271
Rektor işdən çıxarıldı
Gəncə Dövlət Universiteti (GDU) ətrafında yaranmış qeyri-müəyyən vəziyyətə və söz-söhbətlərə son qoyuldu. Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyev işdən çıxarılıb. Bu barədə Təhsil Nazirliyi rəsmi məlumat yayıb. "Dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yadigar Əliyev tutduğu vəzifədən azad olunub. Müvafiq qaydalara uyğun olaraq, universitetin rektoru vəzifəsinin icrası müvəqqəti olaraq GDU-nun tədris işləri üzrə prorektoru Yusif Yusibova həvalə edilib." Gəncədə olan əməkdaşlarımız GDU-da nələr baş verdiyinə dair rəhbərliyin özündən açıqlama ala bilib. GDU-nun kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev açıqlama verərək qeyd edib ki, rektorun əlindən kimsə universitetin möhürünü ala bilməz. Onun sözlərinə görə, yazılanlar şayiədir: " Rektordan möhürünü kim ala bilər? Tamamilə yalandır. Mətbuat yazır ki, guya prorektor möhürü onun əlindən alıb. Qəti surətdə deyirəm ki, belə bir iş olmayıb. Dekabrın 14-də Yadigar Əliyev işə çıxıb. Ona qədər isə bir ay öz hesabına məzuniyyətdə olub. Qayıdıb gələndən sonra ayın 18-də istefa ərizəsini yazıb. Bildiyimə görə, cənab nazir də ərizəsini qəbul edib. Ərizədə göstərib ki, istefası səhhəti ilə əlaqədardır". İ.Alverdiyev bildirdi ki, hazırda prorektor Y.Yusifov rektor vəzifəsini icra edir. Dekan rektorun fəaliyyətində qüsurlara yol verdiyini açıqlayıb. Bildirib ki, rektor 8 aylıq fəaliyyəti dövründə çoxlu səhvlərə yol verib, müəllim-professor heyəti ilə iş münasibətləri qura bilməyib: "Rektor idarəçilikdə qüsurlara yol verirdi. 5 min nəfərlik kollektivin dərdi-səriynən maraqlanmırdı. Maddi-texniki bazanın yaxşılaşdırılmasına ayrılan vəsaiti xərcləməyib saxlayırdı. Bu da haqlı narazılığa səbəb olurdu. Cənab nazir bir dəfə ona şiddətli töhmət vermişdi. Ancaq şiddətli töhmət də təsir etmədi, Yadigar Əliyev dönüş yaratmaq istəmədi. Sonda da öz ərizəsini yazıb, çıxıb getdi. Kollektivlə vidalaşmadı, xəbərdarlıq etmədən getdi. Əgər vəzifəsini idarə edə bilsəydi, cənab nazir ərizəsinə əsasən əmrini verməzdi". Qeyd edək ki, bir neçə gün öncə redaksiyamıza universitetdən daxil olan məktubda iddia olunurdu ki, prorektor Yusif Yusifov təhsil müəssisəsinin möhürünü əlinə keçirib və onu rektora təhvil vermir. Məktubda qeyd olunurdu ki, illərdir bu elm ocağında təhsil alan tələbələrin arzusunda olduğu şəffaflıq, rüşvətsiz, korrupsiyasız təhsil sistemi yaranan bir vaxtda müəyyən qruplaşma hərəkətə keçib. Rektor Yadigar Əliyev təhsil ocağında illərdir hökm sürən problemlərin həllinə çalışdığı və buna müəyyən qədər də nail olduğu, zamanın tələbi olan mütərəqqi metodları tətbiq etməyə, islahatlara başladığı bir vaxtda maddi maraqlarını, mənfəətlərini güdən qruplaşma bu prosesi süngü ilə qarşılayıb (müsavat).
2013-12-27
5,272
Gəncədə qəza: ölən var
Dekabrın 26-sı axşam saat təxminən 19:30 radələrində Gəncənin Azərbaycan küçəsində piyadanın ölümü ilə nəticələnə yol nəqliyyat qəzası baş verib. "Axar.az" Kəpəz TV-yə istinadən xəbər verir ki, 1989- cu ildə Kəlbəcər rayonunda anadan olan, hazırda Samux rayonun Kolayır kəndində yaşayan Mehdiyev Şəhriyyar Zahid oğlu idarə etdiyi "Niva" markalı 90 RU 047 qeydiyyat nişanlı avtomobili ilə yolu keçmək istəyən piyadanı - 1955 -ci il təvəllüdlü Gəncə şəhər sakini Quliyeva Ziba Məmməd qızını - vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər baş polis idarəsində araşdırma aparılır.
2013-12-27
5,273
“Vkontakte” məhkəməyə verilir
Rusiyada musiqi nömrələri hazırlayan 9 şirkət "Vkontakte" sosial şəbəkəsini məhkəməyə verməyə hazırlaşır. Bu informasiyanı Rusiya Milli Federal Musiqi sənayesinin başçısı Leonid Aqronov yayıb. Onun sözlərinə görə, "Vkontakte" sosial şəbəkəsi bir çox müğənnilərin, xüsusilə Madonna, Linkin Park, Metallica, Beyonce, "Splin", DDT, Zemfira və bir çoxlarının musiqi nömrələrini qeyri-qanuni olaraq öz səhifəsində yerləşdirib. Ümumilikdə isə belə musiqi nömrələrinin sayının 6 minə çatdığı deyilir. Leonid Aqronov qeyd edib ki, artıq 4 ildir ki, onların rəhbərlik etdiyi təşkilat piratçılığa qarşı mübarizə aparır. "Vkontakte" sosial şəbəkəsinin mətbuat xidməti bu olayla bağlı münasibət bildirməyib. Xatırladaq ki, bu ilin iyun ayında bir sıra şirkətlərin tələbi ilə bu sosial şəbəkənin səhifəsindən 7 min audioyazı çıxarılmışdı (anspress).
2013-12-27
5,274
“Əl Qaidə”nin girovu Obamaya müraciət etdi
"Əl Qaidə" terroristləri girov götürdükləri amerikalının Barak Obamaya ünvanlanan video-müraciətini yayınlayıb. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, 72 yaşlı Uoren Vaynşteyn ABŞ-ın prezidentinin onun xilas olması üçün terroristlərlə danışıqlar aparmağa çağırıb. Video Əfqanıstanda işləyən jurnalistlərə göndərilib. Qeyd edək ki, Vaynşteyn 2001-ci ilin avqustunda Pakistanda qaçırılıb. Ağ evdə bəyan ediblər ki, "Əl Qaidə" ilə heç bir danışıq aparılmayacaq, lakin Vaynşteyni oğurlayanları tapmaq üçün pul ayıracaqlar.
2013-12-27
5,275
Milli Məclis bu gün tətilə çıxır
Bu gün Milli Məclisin payız sessiyasının son iclası keçiriləcək. Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, bugünkü iclasdan sonra millət vəkilləri tətilə çıxaracaq. İclasın gündəliyinə 29 məsələ daxildir. Bunlar Ombudsmanın, Ali Məhkəmə sədrinin, hakimlərinin, Konstitusiya Məhkəməsi hakimlərinin aylıq vəzifə maaşlarının artımı ilə bağlı sənədlər, o cümlədən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə bağlı bir neçə sənədə dəyişikliklər, Cinayət və Mülki məcəllələrə dəyişiklər və daha bir sıra qanunlara dəyişiklər, eləcə də "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında" Sazişin təsdiqi ilə bağlıdır. Bu gün keçiriləcək iclasda həmçinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət də qəbul olunacaq (AzVision.az)
2013-12-27
5,277
“Kədərli vaxtlarım çox olur”
Tanınmış aparıcı, şoumen, bəstəkar və prodüsser Murad Ariflə müsahibəni "Axar.az"ın oxucularına təqdim edirik: - Sizi həmişə gülərüz, pozitiv görürük. Bu qədər enerjini hardan alırsınız? - Yəqin ki, tipim belədir. Amma hərdən mən də melanxolik oluram, sadəcə, o məqamlarda kameralar məni çəkmir deyə, görən olmur. "Feysbuk" dostlarım isə paylaşdığım musiqilərdən hiss edə bilir ki, Murad Arif heç də hər zaman təbəssümlü olmur. Aldığım qonorardan, bir az da dadlı yeməklərdən… - Çoxu pozitiv enerjini məhz sizdən alır. Bəs siz o enerjini kimdən və ya nədən alırsınız? - Təbiətdən, səyahətdən, mahnılardan, sevdiyim adamlardan, ailəmdən, uğurla apardığım məclislərdən, tədbirlərdən, yaxşı məhsuldar işdən, aldığım qonorardan və bir az da dadlı yeməklərdən… Bu, tufanöncəsi sakitlikdir - Bu yaxınlarda hit mahnılardan biri olan "Get lucky" mahnısını ifa eləmisiniz və artıq yetərincə sevilib. Niyə məhz bu mahnı? Və bunun davamı olacaqmı? - Çünki zövqüm yaxşıdır. "Get lucky"ni başqa kim oxuya bilərdi ki? Davamı gəlir. Bu, tufanöncəsi sakitlikdir hələ. Öz mahnımı hazırlayıram. Ciddi hazırlaşıram. - Özünüzü bir çox sahələrdə sınamısınız. Bəs filmdə çəkilmək, aktyor kimi sınamaq istərdinizmi? - Yox. Aktyorluq mənə maraqlı gəlmir... Ən azı, ölkəmizdə film-serial industriyasına etibar etmirəm. Bəlkə də buna görədir... Mənimki musiqidir, bu barədə danışım, yazım, oxuyum. - Bir vaxtlar İTV kanalıyla əməkdaşlıq eləyirdiniz. İndi isə Lider TV-də solo verilişi aparırsınız. Gələcəkdə başqa kanalda aparıcı kimi işləmək planınız varmı? - Space radiosundan başladım. Sonra İTV-yə dəvət edildim. Ardınca "Maşın Şou"da qalib olandan sonra həyatıma Lider TV gəldi və bundan hələ ki, məmnunam. Bu gün məni bütün kanallar çəkir, göstərir, dəvət edir. Amma aparıcı kimi, yalnız Lider TV-də qalmağı üstün bilirəm. Bu ölkədə bütün müğənnilər məndən mahnı istəyib - Nura Suri, Brilyant Dadaşova, İlhamə Qasımova, Röya, bu siyahını daha kimlər davam etdirəcək? - İnanın ki, bu ölkədə BÜTÜN müğənnilər məndən mahnı istəyib. Amma istəmək azdır... Ürəkli olan, səxavətli olan məndən oxuyacaq. - Rusiyanın birinci kanalında "Qolos" mahnı müsabiqəsində azərbaycanlı Fərid Əsgərov yarışırdı və əksəriyyətimiz kimi siz də onun ifasını bəyənirdiniz . Feysbuk sosial şəbəkəsində Azərbaycanın Fərid kimi ifaçını kəşf etdiyini yazmışdınız. Sizcə, bizim səhnədə Fərid kimi kəşf ediləcək ifaçılar çoxdurmu? - Yox. O qədər də çox deyil. Hələ ki, maraqlı və kəşf olunmamış yeni səslər görmürəm. İstəklərim, planlarımdan böyükdür - Bilirik ki, bir oğlunuz var. Atalıq çətin deyil ki? - Valideynlik, atalıq həyatımın ən böyük anlamıdır. Çətin sözünü dilimə gətirə bilmirəm. Bir şey ki, səni xoşbəxt edir, buna çətinlik demək olmaz. - Həyatınızı planlaşdırdığınız kimi yaşayırsınız? - Tərəzi bürcündən olduğum üçün, plan, hesab, siyahı, cədvəl, təqvim, miqdar, zaman və punktuallıq anlamları mənim üçün çox vacibdir... Amma istəklərim, planlarımdan böyükdür deyə, Allahın ixtiyarına buraxıram çox şeyi... Artıq çəkimdən xoşum gəlmir - Özünüzdə xoşunuz gəlmədiyiniz cəhət? - Kimisə yerində otuzdurmaq üçün deyiləsi kəlmə anında ağlıma gəlmir. Buna əsəbiləşirəm. Səbrsizəm. Bir də ki, 10-15 kilo artıq çəkimdən xoşum gəlmir! - Murad Arifi nə təəccübləndirə bilər? - Arxadan vurulan zərbə... - Bəs həyatda əsas hədəfiniz nədir? - Ailəmin rifahi!
2013-12-27
5,278
Əmioğlanlarını bıçalayan şəxs yaxalanıb
Ötən gün Xaçmaz rayonunda Təhməzov Əli Əkbəroğlu və onun əmisi oğlanları, Mustafa və Məhəmməd Malik oğlu Təhməzovları bıçaqlayan şəxs, rayon polisi tərəfindən yaxalanıb. Xaçmaz Rayon Polis Bölməsinin rəsi müavini Valid Vəlimətovun verdiyi məlumata görə saxlanılan şəxs 1997-ci il təvəllüdlü rayon sakini Elgün Əhmədovdur. Xatırladaq ki, bıçaqlananlardan Əli Təhməzov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onu əməliyyat ediblər. Vəziyyətinin ağır olduğu bildirilir. Digərlərinə isə ambulator yardım göstərilib(ANS).
2013-12-27
5,279
Qazilər sosial güvənlik tələb etdilər – Yeniləndi/Video
10:11 Bu dəqiqələrdə bir qrup vətəndaş Prezident Administrasiyasına qarşısına toplaşıb. "Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, şəhid ailəsi, müharibə veteranları və Qarabağ əlillərindən ibarət 35-40 nəfər şəxs Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə verilən pensiya, təqaüd və sağlamlıqlarının sığortalanaraq xərclərinin dövlət sığorta şirkəti tərəfindən ödənilməsi istəyi ilə Prezident Administrasiyasının qarşısındadırlar. Aksiyada iştirak edənlər Konstitusiya Məhkəməsinin onların istəklərinə zidd qərar qəbul etməsinə etiraz edirlər. *** Bu dəqiqələrdə Prezident Administrasiyasının məsul şəxsləri qaziləri qəbul otağına dəvət etdi və onların şikayətini dinləməyə hazır ollduqlarını bildirdilər. *** 11:45
2013-12-27
5,280
Bir sutkada 12 nəfər zəhərləndi
Dünən səhər saat 09:00-dan bu gün səhər saat 09:00-dək Bakı şəhərində 12 nəfər dəm qazından zəhərlənib. Bakı Şəhər Təcili Təxirə Salınmaz Yardım Stansiyasından verilən məlumata görə, zəhərlənən şəxslərdən 10-u xəstəxanaya yerləşdirilib. Digər iki nəfərə isə yerindəcə tibbi yardım göstərilib. Xatırladaq ki, dekabrın 25-də Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yaşayan Ülviyyə Qarayeva, Xırdalan şəhərində yaşayan azyaşlı Aysel Məmmədova, Gəncə şəhərində yaşayan azyaşlı Yusif Quliyev evlərindən dərmandan zəhərlənmə ilə, Sumqayıt şəhərində yaşayan Lamiyə Vəliyeva evindən dəm qazından zəhərlənmə ilə, dekabrın 26-da Masazır kənd sakini Qönçə Məhərrəmova evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər (ANS).
2013-12-27
5,281
Tövlədən meyit tapılıb
Şəmkirdə intihar etdiyi ehtimal edilən 28 yaşlı gəncin meyiti tapılıb. Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 26-da Şəmkir rayonu Şiştəpə kənd sakini, 1985-ci il təvəllüdlü Əhmədov Samir Yolçu oğlunun meyiti onun qonşusunun tövləsinin yanında tapılıb. İlkin ehtimala görə, Samir Əhmədov intihar edib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır (ANS).
2013-12-27
5,282
Mövqelərimiz atəşə tutulub
"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub. Goranboy rayonunun Tapqaraqoyunlu və Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub
2013-12-27
5,283
Səhiyyə Nazirliyi həkimlərin günahını təsdiqlədi
"Səhiyyə Nazirliyi 3 aya yaxındır etdiyim müraciətə bu gün cavab verib və Elnarə Tofiqqızının "Medi Sina" klinikasındakı cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olduğunu təsdiqləyib". Bu barədə zərərçəkən Anar Niftəliyev bildirib: "Bu gün Səhiyyə Nazirliyindən rəsmi məktub almışam. Məktubda qeyd olunur ki, E.Niftəliyevanın "Medi Sina Klinikası" özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb: "Mütəxəssislərin rəyinə görə, E.Niftəliyevaya "Medi Sina Klinikası" özəl tibb müəssisəsində "hər iki süd vəzinin axardaxili papillomaları" diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilmişdir". A.Niftəliyev Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri G.Poladovun imzası ilə gələn məktubda aylardır iddia etdiyi kimi, "anesteziya metodunun seçilməsi"nin yanlış olduğunun mütəxəssislər tərəfindən təsdiqləndiyini bildirib: "Səhiyyə Nazirliyi mütəxəssislərinin araşdırması bir daha təsdiqlədi ki, bu əməliyyatda narkoza heç bir ehtiyac olmayıb. Narkozun verilməsinin yeganə səbəbi dələduz həkimlərin əməliyyatın ağır olduğu təsəvvürünü yaratmaqla, daha çox pul almaq istəyidir. Bu qatil həkimlərin əvvəlcədən əlbir olaraq qurduqları planın faciəsini yaşayıram və Azərbaycan səhiyyəsində bu cür dələduzluqların qarşısının alınması üçün addımı artıq Baş Prokurorluq atmalıdır. Fakt ortadadır, mütəxəsislər rəy verib və cinayət işi birbaşa cənab Baş prokurorun nəzarətindədir. Ümid edək ki, Baş Prokurorluq qısa müddətdə öz sözünü deyəcək". Qeyd edək ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.
2013-12-27
5,284
"Qafqaz"ın tələbələri Gülənə "amin" deməkdən bezdilər
Qafqaz Universitetinin rektoru Əhməd Sanıc tələbələri toplayaraq Fətullah Gülənin Rəcəb Tayyib Ərdoğana etdiyi qarğışa amin deməyə çağırıb. "Axar.az" məlumat verir ki, bu sözlər redaksiyamıza universitetin tələbələrindən birindən daxil olmuş şikayət məktubunda yer alıb. Məktubda bu cür halların Çağ Öyrətimin orta məktəblərində və Araz kurslarında da təkrarlandığı bildirilib: "Fətullah Gülən Rəcəb Tayyib Ərdoğana bəddua edib deyə başımı xarab ediblər. Qafqaz Universitetinin konfrans zalında universitetin rektoru Əhməd Sanıc bizi toplayıb deyir ki, Hoca Əfəndinin duasına amin deyin. Böyük ekranda Fətullah Gülənin bədduasını qoyub bizə amin dedizdirirlər. Çox tələbə etiraz edir və etiraz edəni universitetdən qovmaqla ittiham edirlər". Universitetdə həmçinin toplu şəkildə duaların keçirildiyi də qeyd edilib. "Fətullah Gülən xəstələnən kimi hamını duaya toplayırlar. Nə bilim hoca əfəndimiz xəstədir, toplu dua edin. İndi də bəddua etdirirlər". Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Fətullah Gülənin Türkiyədəki hadisələrlə əlaqədar Baş nazir Rəcəb Tayyib Ərdoğana etdiyi qarğış videosu yayılmışdı.
2013-12-27
5,285
“Le Monde”: “Türk Modeli” yolun sonuna gəldi
Fransanın "Le Monde" qəzeti AKP və Gülən hərəkatı kimi iki ideoloji cərəyanın üstündə qurulan "Türk Modeli"nin artıq yolun sonuna gəldiyini yazıb. "Axar.az" xəbər verir ki, Vaşinqtonla Ankara arasındakı münasibətlərin pozulmasını nəzərə çatdıran qəzet Türkiyədə hökmdarlığın son küləklərinin əsdiyini iddia edib. Demokratiya ilə kapitalizm ittifaqı "Le Monde" Türkiyədəki modelin bir çox ərəb ölkəsinin xəyalı olduğunu və uzun müddət qərbliləri rahatlaşdırdığını yazıb: "Bu nə diktatura və Qərbə qarşı olan İran, nə də diktatura və İslam düşüncəsini yayan Səudiyyə modeli idi. Bu, "Türk Modeli" demokratiya ilə kapitalizmin ittifaqı idi". Yeni bir sintez Qəzet həmçinin bu modelin özünə güvənən İslami mühafizəkar və ABŞ-a yaxın bir partiyanın rəhbərliyində oldğunu bildirib: "Türkiyə müsəlman-ərəb dünyasında moderinzm yolunu təmsil edirdi. Yeni bir sintez olaraq al-ver mərkəzini məscid ilə nikaha salırdı". ABŞ ilə münasibətlər pozuldu "Türk Modeli"nin digər qolunun Ankara ilə Vaşinqton arasındakı əlaqələr olduğunu qeyd edən qəzet, uzun müddət mükəmməl olan əlaqələrin az əvvəl pisləşdiyini bildirib. Qəzet bu cür davam edib: "Xüsusilə Misirdə "Müsəlman Qardaşlar"ı və Suriya üsyanının ən radikalları olan İslamçı fraksiyaları müdafiə edən Baş nazir Ərdoğan Suriya və Misir mövsuzunda prezident Barak Obamadan uzaqlaşdı".
2013-12-27
5,286
Ramil Usubov istirahətə getdi
Daxili İşlər naziri Ramil Usubov ölkəni tərk edib. Nazir səyahətə yollanıb. Azərbaycanı dekabrın 25-də tərk edərək istirahətə gedən nazirin yeni ili ölkədən kənarda keçirəcəyi bildirilir. Nazirin qisamüddətli istirahətə getməsi barədə AzNews.az-a daxil olan xəbərə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov "Bizdə bu barədə məlumat yoxdur" deyə münasibət bildirib.
2013-12-27
5,287
Nərimanov rayonunda içməli su olmayacaq
Bu gün Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə "Axar.az" saytına "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən məlumat verilib. İçməli suyun kəsiləcəyinə səbəb isə Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığından keçən 500 mm. diametrli magistral su xəttinin yerinin dəyişdirilməsidir.
2013-12-27
5,289
Daha üç general vəzifədən gedir – Özəl
Azərbaycan Silahlı Qüvvələrində xidmət edən daha üç general yeni ildən təqaüdə göndəriləcək. Ancaq bu, onların yaş həddi ilə bağlıdır. "Axar.az"ın əldə etdiyi məlumata görə, yanvar ayının 15-20 arasında yaş həddi ilə əlaqədar olaraq Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, nazirliyin İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev və Baş Qərargah rəisinin müavini, Səfərbərlik İdarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov təqaüdə göndəriləcəklər. Məlumatda qeyd edilir ki, Müdafiə naziri Zakir Həsənovun, təcrübəsini nəzərə alaraq, Yaşar Aydəmirovu daha bir il müddətində ordu sıralarında saxlamaq ehtimalı çox yüksəkdir. Mənbə onu da bildirir ki, mətbuatda yazıldığı kimi, Məmməd Beydullayev və Yaşar Aydəmirov istefaya göndərilməyib: "Onlar hal-hazırda məzuniyyətdəliər. Yanvar ayında məzuniyyətdən qayıdacaqlar və bundan sonra onlar haqda qərar veriləcək".
2013-12-27
5,290
İlham Əliyev onları vergidən azad edir – Qanun
Məktəbəqədər müəssisələr 10 il mənfəət və sadələşdirilmiş vergini ödəməkdən azad olunacaqlar. Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştləri nəzərdə tutulur. "Axar.az" xəbər verir ki, bununla bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən parlamentə qanun layihəsi daxil olub və həmin sənəd parlamentin payız sessiyasının dekabrın 27-də keçirilən son iclasının gündəliyinə salınıb. Cəmi 2 maddədən ibarət olan qanun layihəsində qeyd olunur ki, körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri gələn il yanvarın 1-dən başlayaraq 10 il Vergi Məcəlləsi ilə müəyyən edilmiş xüsusi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad olunurlar. Həmçinin qanunun birinci maddəsi ilə vergiləri ödəməkdən azad edilmiş hüquqi şəxslər digər fəaliyyətlə məşğul olduqda, Vergi Məcəlləsinin tələblərinə uyğun vergiyə cəlb olunacaqlar.