date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-01-25
7,254
2 yaşlı körpə faciəvi şəkildə öldü
Bu gün gecə saatlarında Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. Rayonun Uzunoba kəndində 2012-ci il təvəllüdlü Abdullayev Etibar Rəhman oğlunun üzərinə qaynar su dağılıb. O, dərhal Xaçmaz Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. 2 yaşlı xəstəyə başın, gövdənin, aşağı və yuxarı ətrafların 2-ci, 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. Onun vəziyyəti ağır olduğundan paytaxtakı tibb müəssisələrindən birinə göndərilib. Lakin o, yolda dünyasını dəyişib. Hazırda fakt araşdırılır ( Trend ).
2014-01-25
7,255
DİN-dən "Xaçmaz olayı"na təkzib gəldi - Yeniləndi
*** 10:44 Yanvar 23-də Xaçmazın Susayqışlaq kəndində silahlı vəhhabi dəstəsi Susay qışlaq kənd tam orta məktəbin V sinif şagirdi Valeh adlı uşağı girov götürüb. Dərsdən evlərinə qayıdan uşaq yolda 15 nəfərlik dəstəni görür. Dəstə uşağı zorla saxlayaraq ləzgi dilində ona "Bizi gördüyünü heç kimə demə, yoxsa səni də, ailəni də öldürərik" deyə hədələyərək uşağı buraxıblar. Tələsik evə gələn uşaq bütün gördüklərini valideynlərinə danışıb, atası dərhal zəng edərək polisi bu barədə məlumatlandırıb. Dərhal başlanan cinayət-axtarış işlərindən xəbər tutan dəstə həmin ailənin evinə gələrək, uşağın ata və anasını döyüb, valideynlərə ciddi xəsarət yetiriblər. Valehin özünü isə girov götürüblər. Sakinlərdən aldığımız məlumata görə, hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir, yollarda polis patrullar xidmət aparır. Rayon Polis Şöbəsindən isə AzNews.az-a bildirilib ki, onlarda belə məlumat yoxdur. *** 11:10 Daxili İşlər Nazirliyinin mətbuat xidməti Xaçmazda vəhhabilərin silahlı dəstəsinin 5-ci sinif şagirdini girov götürməsi barədə məlumatı təkzib edib. Mətbuat xidmətindən qeyd ediblər ki, Xaçmazda belə bir hadisə baş verməyib, heç bir dəstə heç kimin evinə getməyib, heç bir uşaq da girov götürülməyib ("Musavat.com").
2014-01-25
7,256
Nazirlikdən Aqiyə Naxçıvanlı ilə bağlı açıqlama
Təhsil Nazirliyi son günlər Müəllimlər İnstitutu ilə bağlı yayılan saxta diplom xəbərlərinə münasibət bildirib. Nazirlik AzVision.az-ın sorğusuna cavab olaraq, bildirib ki, saxta diplomlarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda hazırda cinayət işi üzrə istintaq aparılır. Qeyd edək ki, Müəllimlər İnstitutunun Gəncə filialında aşkarlanan saxta diplomların hər birində institutun rektoru Aqiyə Naxçıvanlının imzası var. Mətbuatda saxta diplomun verilməsində rektorunda əlinin olduğunu bildirilir.
2014-01-25
7,257
Dəmiryolçular aclıq aksiyasına başladı
Bu gün səhər saatlarından etibarən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) işdən çıxarılan 100-dən çox kişi bələdçiləri aclıq aksiyasına başlayıb. Aclıq aksiyası "Azərbaycan Dəmir Yolları" QSC-nin qarşısında keçirilir.Aksiyaçıların əsas tələbi MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları, yerlərinə, beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsidir. Onlar əvvəlki işlərinə qaytarılmalarını tələb edirlər ("Publika.az"). Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC etiraz edən kişi bələdçiləri qanunsuz yükləri daşımaqda suçlamışdı. "Kişi bələdçilərin sərnişinlərə göstərdikləri xidmət səviyyəsinin aşağı olması, sərnişinlərin bu haqda şikayətlər etməsi bizə əsas verir ki, lazımi tədbirlər görək. Bundan əlavə, onların ölkə xaricinə səfərlər zamanı, ölkəyə gətirilməsi qadağan olunan məhsulların vaqonlarda yaratdıqları gizli bölmələrdə ölkəyə keçirmələri aşkar olunur. Hətta narkotik maddələr belə keçirmək istəyənlər olub ki, onları da hüquq-mühafizə orqanları aşkarlayıb və o şəxslər hazırda həbsdədir. Bu kimi mənfi halların baş verməsi bizim qadın bələdçilərin xidmətindən istifadə etməkdə nə qədər doğru seçim etdiyimizi göstərir".
2014-01-25
7,258
Həzi Aslanovun xatirə mərasimi keçirildi
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun doğum günü və həlak olmasının ildönümü ilə əlaqədar xatirə mərasimi keçirilib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər veirir ki, tədbir iştirakçıları - əsgər, kursant və zabitlər, qəhrəmanın ailə üzvləri, eləcə də veteran və gənclər təşkilatlarının nümayəndələri əvvəlcə Şəhidlər Xiyabanında sərkərdənin məzarını ziyarət edib, abidə-kompleksinin önünə Müdafiə Nazirliyi adından əklillər qoyub, xatirəsini hörmətlə yad ediblər. Sonra Təlim və Tədris Mərkəzinin meydanında 20 il öncə ulu öndərimizin təntənəli açılışını etdiyi "General Həzi Aslanov" abidəsi qarşısında təşkil edilmiş foto-sərgiyə baxış olub. Tədqiqatçı-jurnalist, Əməkdar incəsənət xadimi, professor Musa Bağırov sərgi barədə ətraflı məlumat vermiş və Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının reallaşması naminə apardığı çətin və şərəfli araşdırmalardan danışıb. Xatirə mərasimində Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi, Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani qəhrəmanın həyat və döyüş yolu barədə mərasim iştirakçılarına geniş məlumat verib, sənədli və bədii filmlərdən fraqmentlər nümayiş olunmuş, Azərbaycan Televiziya və Radiosu musiqi kollektivlərinin, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, Respulbika muğam müsabiqəsi qaliblərinin, aktyorların ifasında Həzi Aslanova həsr olunmuş vətənpərvərlik əsərləri ifa edilib. Tədbirdə əsgər xoru və istedadlı vokal ustası Ramil Qasımov Azad Zahidin "Həzilər yurdu" qəhrəmanlıq balladasını (sözləri A.Qurbaninindir) ilk dəfə ifa edib. Xatirə mərasiminin sonunda Aslanovlar ailəsi adından çıxış edən qəhrəmanın nəvəsi, polis general-mayoru Həzi Aslanov istər Böyük Vətən müharibəsi, istərsə də Qarabağ müharibəsi iştirakçılarına, veteranlara, şəhid ailələrinə ölkə Prezidentinin daim diqqət və qayğı göstərdiyini minnətdarlıqla qeyd edib, Xatirə mərasiminin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
2014-01-25
7,259
Şəhərin mərkəzini su basdı – Video
Paytaxtın Nizami küçəsində su borusu partladığından şəhərin mərkəzini su basıb. "Axar.az" "Oxu.az"a istinadən xəbər verir ki, küçələri su basması üzündən piyadaların hərəkəti üçün çətinliklər yaranıb. Küçə boyu əmələ gələn gölməçələr gediş-gəlişi xeyli məhdudlaşdırıb. Mövzu ilə əlaqədar Səbail rayonu İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Elman Yəhyayev bildirib ki, hal-hazırda problemin aradan qaldırılması üçün müvafiq işlər görülür: "Nizami küçəsində su borusu partlayıb, bizim nümayəndə ora gedib, oradakı işlərlə tanış olub. Lakin Nizami küçəsi Nəsimi rayonu ərazisinə aid olduğu üçün biz müdaxilə edə bilmirik. Hal-hazırda "Azərsu"nun Nəsimi rayon üzrə olan nümayəndələri əlavə tədbirlər görərək problemi aradan qaldırmağa çalışırlar".
2014-01-25
7,260
Bakıda da at və uzunqulaq qalıqları tapıldı
Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində kisələrdə at və uzunqulaq başları aşkarlanıb. Qəsəbə sakinlərinin verdiyi məlumata görə, "14-cü kalon" deyilən yerin yaxınlığında kisələrə doldurulmuş ölü heyvan başları var. Ərazidə yaşayanlar bu halın bir neçə gündür ki, müşahidə olunduğunu deyirlər. Qəsəbə sakinləri heyvan başlarının həmin əraziyə cənub bölgəsindən gələn yük maşınları tərəfindən boşaldıldığını bildiriblər. Xatırladaq ki, bir müddət öncə də Xaçmaz rayonunda yerləşən meşə massivində 428 ədəd at və uzunqulaq ayağı aşkarlanmışdı. Eyni zamanda, Xaçmaz rayonunun Qımıl kəndi ərazisində təxminən 1000-dək at və eşşək cəsədi aşkar edilmişdi. Heyvan qalıqlarının ora necə töküldüyü sirr olaraq qalır (ANS).
2014-01-25
7,261
Sələfilərin lideri: “Şeyxin sözünü rədd edərik”
Sələfi təriqətinin nümayəndəsi, Sumqayıtda sələfilərin lideri kimi tanınan Zöhrabdan "Xeberle.com" saytı geniş müsahibə alıb. Müsahibədə ötən ilin sonlarında Sumqayıtda "Soltan" kafesində baş verən qanlı toqquşmalar, Suriyada döyüşən azərbaycanlılar, ümumən sələfi təriqəti, onların digər təriqətlərlə münasibəti və s. haqqında suallar cavablandırılıb. Zöhrab Şıxəliyev hələ müsahibəyə başlamamışdan öncə belə söylədi: "Mən Sumqayıtda sələfilərin lideri deyiləm, sadəcə Allah mənə qismət edib, mən də üçmərtəbəli evimi onlara ibadət etmələri üçün istifadəyə verən sadə bir müsəlmanam" Bizdə xəvaricilər, şiələrdə rafizilər radikallardır - Sələfilər kimlərdir? - Sələfilər peyğəmbərimizin və onun səhabələrinin ardınca gedən tabinlərdir, ət-tabinlərdir. İndiyədək doğru və düzgün başa düşüb, əməl edib fəhmlə, hikmətlə onun ardıcılı olanlar sələfilər adlanır. "Sələf" deyiləndə Peyğəmbər başa düşülür. Çünki sələf – yəni bizdən əvvəlkilər. Biz özümüzə sələf deyəndə utanırıq. Çünki onların əxlaqı o cür gözəl olub ki, kafir, yəhudi, nəsrani, bütpərəst – hamısı İslamı qəbul edib. İndoneziya indi ən çox müsəlman olan ölkələrdəndir. Bugünkü gündə elə olur ki, İslamdan xəbəri olmayan, özünü müsəlman adlandıran insan sələfiliyə nisbət edir, amma əslində, o, sələfilikdən uzaq olan radikal qruplardan olur. Bunlar elə bir hərəkət edirlər ki, özünü müsəlman adlandıran cahil insan da gedir ya nəsraniliyi qəbul edir, ya yəhudiliyi.. - təki buna müsəlman deməsinlər. Eynilə həmin vəziyyət şiələrdə də var. Həqiqi şiələrlə həqiqi sələfilərin heç bir ədavəti yoxdur. Onların içində də radikal rafizilər var. Necə ki, bizdə xəvaricilər özlərini sələfiliyə nisbət eləyir, eləcə də şiəlikdə rafizilər özünü şiəliyə nisbət edib radikallıq edirlər. Amma sələfilər elə deyil. Sələf qonşusu yəhudi, nəsrani olsa da, onu ziyarət etməlidir. Sələfin qonşusu kafir olsa belə, xəstələnibsə, onu ziyarət etməlidir, acından ölürsə, ona yemək bişirib gətirib verməlidir. Təbii məqsəd odur ki, İslamın gözəlliyin ona göstərəsən. Əsl sələfi onu yaxşı əməllərə, İslama dəvət etməlidir. Hətta valideyni kafir olsa belə, ona "uf" belə deməməli, qayğı göstərməlidir. Qoca vaxtında altını batırıbsa, onu təmizləməlidir. Təkcə Allah və onun rəsuluna asilikdə itaət yoxdur. Əmr sahibi kimdir Azərbaycanda? - "Cihad"ı sələfilər necə başa düşür? - İlk növbədə ən böyük cihad nəfsə qarşı olan cihaddır. Buna qələbə çalan digərlərini də qazanacaq. Döyüşdə sələfilərə geri qaçmaq olmaz. Şəriətdə başqa ibadətlərin qaydaları olduğu kimi, döyüşün də, ən fəzilətli əməl olan cihadın da şəriət qaydaları var. Birinci, hakimin və valideynlərin icazəsi olmalıdır. Hakim, əmr sahibi Azərbaycanda kimdirsə, yalnız o, icazə verəndə, döyüşə gedilir. İcazə vermirsə, getməməlisən. Valideyn də icazə vermirsə, getməməlisən. Sələfin qaydası – minhəci (vaxtında, zamanında edilən əməllər, hərəkətlər başa düşülür) var. O qaydanı peyğəmbərimiz (s.a.s.) qoyub, onun səhabələri və doğru-düzgün alimlər davam edib. Qamət Süleymanov yolunu azsa… - Sizi Azərbaycanda daha çox qamətçi, Əbu Bəkr məscidinin imamı Qamət Süleymanovun ardıcılları hesab edirlər… - Qamət bizim qardaşımızdır, elm tələbəsidir. Biz elmi tək ondan yox, Adil Rəcəbovdan, Ömərdən, Useyid Turabovdan, Elman Qasımovdan, Samindən və sairlərdən öyrənirik. Maşallah, o qədər elm tələbəmiz var ki! Hətta onların içindən hansısa Quran və sünnəyə müxalif hərəkət etsə, nəsihət olunacaq, özlərini düzəltməsələr, tərk ediləcəklər. Biz onları ilahiləşdirməmişik. Bizə örnək Peyğəmbərimiz Məhəmməddir (s.a.s.). Əgər Qamət yolunu azsa, ona da nəsihət olunacaq. Özünü düzəltməsə, tərk ediləcək. Bizə örnək peyğəmbər əfəndimiz Məhəmməddir (s.a.s.) Azərbaycanın hakimi Prezidentdir! - Belə çıxır ki, siz hakim dedikdə ölkə rəhbərini – prezidenti nəzərdə tutursunuz… - Bəli, əmr sahibi prezidentimizdir. Ərəbistanda əmr sahibi deyirlər. Misirdə başqa cür deyilir, Avropada başqa cür. Azərbaycanda prezident deyilir. Ümumiyyətlə hakim. Ölkənin hakimi bu dəqiqə hansısa bir məsələ ilə bağlı göstəriş versə, həmin iş yerinə yetirməlidir. Təbii ki, burada Quran və sünnəyə asilik istisnadır. Əgər hakim bizi Quran və sünnəyə asiliyə məcbur etsə, itaət etmirsən, amma ona qarşı da qalxmırsan. Mən Corat qəsəbəsində yaşayan bir əhli-sünnə və cəmaatdən olan əqidədə, minhəcdə sələfi olan adi bir müsəlmanam. Azərbaycanda başçı, hakim, əmiri ALLAH sübhanatəalanın təyin etdiyi İlham Heydər oğlu Əliyevdir. Hətta Qurani-Kərimdə Nisa surəsi 59-cu ayədə buyurulur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin. Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır". Təfsiri belədir ki, Allah əmr edir: içinizdən olan əmr sahiblərinə itaət edin. Şeyxin sözü rədd edilir - Bəs dini lider saydığınız birisi, yaxud sizin dillə desək, çox hörmətli elm tələbələrindən biri hakimə itaət etməmə göstərişi verərsə, onda necə? Yaxud Azərbaycanda deyil, başqa bir ölkədə döyüşməyə getməyi tövsiyə etsə necə? - Allah və rəsulu müsəlman hakimə qarşı qalxmağı haram edib, itaət etməyi əmr edib. Şeyx məsum deyil, hər bir insan xəta edəndir. Sabah şeyx desə ki, tutalım, belədir, amma bu, Allahın rəsulunun dediyinə ziddirsə, biz bunu etməməliyik. Şeyx desə ki, hakimə qarşı qalx. Şeyxin sözü rədd edilir. Sən deyirsən ki, şeyx, əmr sahibi Allah sübhanatəala onu hakim təyin edib. Peyğəmbər deyir ki, əmr sahibləri kürəyinizdən vurub əlinizdəkiləri alsa belə, eşidin və itaət edin. Yenə deyirəm, hakim deyəndə ancaq əmr sahibi götürülür. Şeyxlərdir, mollalardır, imamlardır - bunlar sadəcə olaraq elmli insanlardır. Yəni şeyxləri şişirtmək, ilahiləşdirmək məsələsi bidətçilərdədir. Misal üçün, Xomeyni ağa belə dedi, belə olmalıdır. Bizdə elə şey yoxdur. Azərbaycan Respublikasında bir hakim var. Topuqdan yuxarı geyməyi Abdulvahhab deməyib - Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, uzun saqqal saxlayan, qısa şalvar geyinən vəhhabilərdir. Ümumiyyətlə, vəhhabilər kimlərdir? Hər saqqal saxlayanı vəhhabi, radikal adlandırmaq olarmı? - Bu, düzgün fikir deyil. Üzü qırxılı o qədər əxlaqsız kişilər var ki, pis əməllərlə məşğuldurlar. Demək olarmı ki, bütün üzü qırxılı kişilər əxlaqsızdırlar? Demək olmaz, düzdürmü? Saqqallı terorçu da var, saqqallı dələduz da. İbrət kimdir? Peyğəmbərimiz, İmam Əli, İmam Hüseyn - biz onları ibrət götürürük. Peyğəmbərin (s.a.s.) sünnəsinə uyğun olaraq bütün kişilərə topuqdan yuxarı geyinmək həvalə olunub, mən də ona əməl edirəm. Əlhəmdülillah! Mən bu sünnəyə itaət etdiyimə görə, mənə belə deyilir. Bunu Mühammed ibn Abdulvahab deməyib. Onun heç bir kitabında yoxdur ki, saqqal saxlamalısan, topuqdan yuxarı geyinməlisən. Arayın, axtarın, onun kitabında belə şeylər yoxdur. Əgər kimlərsə bunu bilmək istəyirsə, Peyğəmbərdən (s.a.s.) gələn səhih hədislərə baxsın, Buxaridə də var, Müslümdə də. Bunlar əhli-sünnənin mötəbər alimləridir. Saqqal saxlamaq, topuqdan yuxarı geyinmək şiəlikdə də var. Bizi məscidə buraxmadılar - Bildiyimiz kimi, ötən il Sumqayıtda, 6-cı mkr.-dakı məsciddə əhli-sünnə ilə şiələr arasında anlaşılmazlıq olmuşdu. Bu nə ilə bağlı idi? - Bəli, Cənab Prezidentin sərəncamı ilə təmir etdirdiyi Sumqayıt Cümə Məscidində təmirdən sonra ibadətə getmişdik. Özünü sələfiliyə nisbət edən, ancaq xəvaric fikirli insanlar olan kimi özünü "şiə" adlandırıb onlardan uzaq olan radikal rafizilər bizim orada ibadət etməməyimiz üçün hər cür yola əl atdılar. Biz də fitnəyə getməmək üçün geri çəkildik. Məscidlə bağlı aiddiyyəti qurumlara müraciət etmişik. Dini Qurumlar üzrə Dövlət Komitəsinə müraciət olunmasına baxmayaraq, hələ də Sumqayıtda əhli-sünnə məscidi yoxdur. Biz də fitnə-fəsadın olmaması üçün mənə məxsus olan Corat qəsəbəsindəki evimdə sələfilərin ibadət etməsinə icazə vermişəm. Təki ölkəmizdə qarşıdurma yaranmasın, əmin-amanlıq olsun. Bəli, o zaman bizə mane oldular məsciddə namaz qılmağa. Fitnəyə getmədik, geri çəkildik. Məscidlə bağlı aidiyyəti qurumlara müraciət etmişik. O qanlı atışmada sələfi olmayıb - Ötən ilin sonlarında Sumqayıtda 10-cu mikrorayonda baş verən atışmada sələfi və xəvariclərin adları hallandı. Buna münasibətiniz? - Bunlar bizə aid deyil. Mən sizə tam məsuliyyətimlə deyirəm, orda sələfi olmayıb. - Suriyada döyüşən azərbaycanılara münasibətiniz necədir? - Müvafiq orqanlar bilir ki, sələfilər Coratda Zöhrabgildə yığışır. Orada vuruşan dəstələrin arasında sələfilərin adının hallanması doğru deyil. Suriyada vuruşanların bizə heç bir aidiyyəti yoxdur. Bizə şərait və ibadətimizə imkan yaradan məmurlara təşəkkür edirik. Suriyada olan müsəlmanlara isə Allah kömək olsun. Qarabağ kimi böyük problemimiz var. Ermənilərin də kafir olmasında ixtilaf yoxdur. Lazım gələrsə, Ali Baş Komandan İlham Əliyevin əmri ilə savaşa gedərik.
2014-01-25
7,262
Əli Həsənov: “Onları doğru yola dəvət edirik”
Prezidenti Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Freedom House" və "Human Rights Watch" təşkilatlarının bu günlərdə Azərbaycanla bağlı yaydığı hesabatı şərh edib. PA-nın şöbə müdiri Ə.Həsənov "Publika.Az"a açıqlamasında deyib: "Son 6-7 ildir ki, "Freedom House" və "Human Rights Watch" təşkilatları subyektiv mülahizələrini Azərbaycanın daxili inkişafı, vətəndaş cəmiyyəti quruculuğu və ictimai-siyasi münasibətləri ilə bağlı real həqiqət kimi təqdim etməyə çalışırlar. Dəfələrlə bu təşkilatların rəhbərlərinə Azərbaycanın rəsmi dairələri, qeyri-hökumət təşkilatları, siyasi partiya və mətbuat nümayəndələri öz etirazlarını bildiriblər və onları bu qərəzli yanaşmadan əl çəkməyə çağırıblar. Ancaq çox təəssüf edirik ki, həmin təşkilatlar bu siyasətlərini yenə də davam etdirirlər. Bu siyasət təkcə Azərbaycanın imicinə deyil, eyni zamanda, həmin təşkilatların öz imiclərinə də ciddi xələl gətirir. Çünki insanlar real Azərbaycanla həmin təşkilatların təqdim etmək istədiyi "Azərbaycan" arasındakı uyğunsuzluğu görəndən sonra onlara olmayan inam daha da itir. Odur ki, biz hər iki təşkilatın sözügedən subyektiv mülahizələrini qərəzli yanaşma və müxtəlif məqsədlər üçün Azərbaycan hakimiyyətinə və dövlətinə olan təzyiq kimi dəyərləndiririk. Biz indiyədək həmin təşkilatlara rəsmi müraciət ünvanladığımız kimi, yenə də müraciət edib onları doğru yola dəvət edəcəyik".
2014-01-25
7,263
İsmayıl Ömərov 100 minlik yeyintidən danışdı - Yeniləndi
11:54 Hesablama Palatasının İctimai Televiziyada apardığı yoxlamalar ciddi pozuntuları ortaya çıxarıb. "Axar.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, ötən il İTV-də həyata keçirilən rəhbər dəyişikliyi, İsmayıl Ömərovun baş direktor vəzifəsindən uzaqlaşdırılması Hesblama Palatasının telekanalda maliyyə yoxlamaları aparması ilə eyni vaxta təsadüf edib. İsmayıl Ömərov TV-dən sakit şəkildə uzaqlaşdırılsa da, bir neçə ay davam edən yoxlamalar nəticəsində onun haqqında onsuz da formalaşmış mənfi rəyi daha da qətiləşdirib. Belə ki, yoxlamalar nəticəsində Ömərovun İTV-nin büdcəsindən xərclədiyi vəsaitlərin bir hissəsinə təyinat tapılmayıb. Ona görə də, qurum İsmayıl Ömərovun 100 min manat məbləğində təyinatsız xərclədiyi vəsaitin İTV-nin büdcəsinə qaytarması haqqında akt tərtib edib. Bu pulun qaytarılması haqqında Ömərova rəsmi xəbərdarlıq da təqdim edilib. Ən maraqlısı isə İTV-nin təxminən 500 nəfərədək kollektinin arasında İsmayıl Ömərovun ailə üzvlərinin, yaxın qohumlarının, dostlarının, ən əsası isə həmyerlilərinin üstünlük təşkil etməsi ilə bağlı maraqlı faktların ortaya çıxması olub. Məlum olub ki, Ömərov təkcə İTV-nin London təmsilçisi təyin etdiyi qızına və onun həyat yoldaşına (kürkəni də İTV-nin əməkdaşı kimi çalışıb) ayda hərəsinə 2, 3 min manat məbləğində əmək haqqı yazıb. Həmin şəxslərin bir qrupu hələ də İTV də çalışmaqdadırlar. Digər pozuntular isə televiziyanın rəsmi təşkilatçısı olduğu "Eurovizion" yarışması ilə bağlıdır. *** 12:24 İctimai Televiziya və Radio yayım Şirkətinin keçmiş sədri İsmayıl Ömərov vaxtilə rəhbərlik etdiyi qurumdan maliyyə yeyintisi barədə yayılan xəbərə münasibət bidlirib. İ.Ömərov "AzNews.az"a açıqlamasında bildirib ki, haqqında yayılan xəbər həqiqəti əks etdirmir. O, Hesablama Palatasının İTV-də apardığı yoxlama zamanı onun haqqında deyilən yeyinti faktının aşkarlanmasını təkzib edib və deyib: "Mən bunu bir sözlə ifadə etmək istəyirəm. Yalançının...".
2014-01-25
7,264
Mehman Əliyev: “Həbs oluna bilərəm”
"Səs yazısının yayılması 2 məsələyə görə ola bilər. Bunun birincisi Ukrayna hadisələridir. Ola bilsin ki, Kiyevdə etiraz edən qüvvələrin Qərblə inqilabi danışıqlar aparması fikrini Ukrayna cəmiyyətində yaymaqla etirazların səngiməsinə nail olmaq istəyirlər. Azərbaycanla bağlı isə plan o ola bilər ki, vətəndaş cəmiyyətinə hökumətin nəzarətini daha da gücləndirmək istəyirlər. Azərbaycanda hakimiyyəti dəyişməklə bağlı heç bir danışıqdan söz getmir". Bu sözləri "Axar.az"a açıqlamasında "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev yayılan gizli səs yazısına münasibətini açıqlayarkən dedi. O bildirdi ki, yayılan səs yazısı həm də onun özünə qarşı istifadə üçün nəzərdə tutulub: "Səs yazısının yayılmasının Azərbaycanla bağlı hissəsi QHT sektorunu zəiflətməyə hesablanıb". Mehman Əliyev yayılan səs yazısı ilə bağlı həbs olunmasını da istisna etmədi: "Mənə qarşı təzyiqlər hər zaman olub. Həbs olunmaq təhlükəsi indi də var". Qeyd edək ki, yanvarın 23-də ölkənin bir sıra aparıcı qəzet və saytlarına "[email protected]" ünvanından audioyazı gəlib. Audioyazıya əlavə edilən qeyddə bildirilir ki, ABŞ fondları Azərbaycandakı qeyri-hökumət təşkilatlarını ölkədə "hakimiyyət çevrilişi məqsədi" ilə maliyyələşdirmək fikrindədir. Audioyazıda özünü ABŞ fondlarından birinin əməkdaşı kimi təqdim edən Yevgeni adlı şəxslə "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xaqani Hüseynov arasında telefon danışığı əks olunub. Telefon danışığında Yevgeni "demokratik inqilaba kömək" ifadəsini işlədərək, Azərbaycanda bir neçə qurumla əməkdaşlıq etmək istədiklərini bildirir.
2014-01-25
7,265
Baş rejissor vəfat etdi - Foto
Azərbaycan daha bir sənətkarını itirdi. Mingəçevir Dram teatrının baş rejissoru İldırım Cabbar vəfat edib. Bu barədə mərhum sənətkarın nəvəsi Elsevər Cabbarov məlumat verib (ANS). 73 yaşında həyatını itirən sənətçi barədə danışan nəvəsi qeyd edib ki, babası heç bir xəstəlikdən şikayət etməyib, sonuncu dəfə qrip xəstəliyinə yoluxub onunla da dünyasını dəyişib. "Babam hər zaman Allaha dua edərdiki, məni həyat yoldaşımdan qabaq öldür, heç kimə möhtac qalmayım. O məndən qabaq dünyasını dəyişsə qolum-qanadım qırılar". Dahi insanın arzusu istədiyi kimi həyata keçdi", deyə Elsevər Cabbarov bildirib.
2014-01-25
7,266
Namaz qılan CHP-çi namizədə sərt reaksiya – Video
CHP illərdir AKP-yə deyirdi ki, dini siyasətə alət etməyin. İndi nə oldu ki, özünüz bu yolu tutdunuz? "Axar.az" Türkiyənin ana müxalifət partiyası CHP-nin (Cümhuriyyət Xalq Partiyası) İstanbul Bələdiyyə sədrliyinə namizədi Mustafa Sarıgül vətəndaşları ziyarəti zamanı yaxınlıqda olan məsciddə cümə namazı qılıb. Məsciddən çıxdıqdan sonra bir vətəndaş Sarıgülə sərt reaksiya göstərərək, "Cənab Sarıgül, bu partiya illərdir dini siyasətə alət etməyin deyirdi. İndi nə oldu ki, özünüz dini siyasətə alət edirsiniz",- deyib.
2014-01-25
7,267
ABŞ eksperti: “Zakir Həsənov hərbçi deyil”
"Zakir Həsənov hərbçi deyil". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə "Caucasian Review of International Affairs"ın redaktoru, Qafqaz üzrə ekspert Alek Cekson çıxış edib. O, son günlər cəbhənin təmas xəttində vəziyyətin pisləşməsinin hər iki ölkənin nazirlərinin görüşü ilə əlaqələndirib. "Ermənistan ola bilsin ki, sülh danışıqlarını dayandırıb prosesi tərk etmək istəyir. Azərbaycan isə əksinə, bununla münaqişəyə daha çox diqqət ayırmaq niyyətindədir". Ekspert başqa bir səbəbi Azərbaycanın hərbi rəhbərliyində olan dəyişikliklə əlaqələndirib. "İkinci bir ssenari isə yeni Müdafiə naziri ilə əlaqədardır. Zakir Həsənov hərbçi deyil. O, sadəcə, daxili işlər orqanlarının aparat rəhbəri olub. Bundan sonra isə o özünün professionallığını sübut etmək istəyir". Qeyd edək ki, general-polkovnik Zakir Həsənov 1985-ci ildə Almaniyada Sovet qoşunları sıralarında xidmət edib. Daha sonra o, 1985-1993-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında, 1993-2003-cü illərdə isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş idarəsində çalışıb. Müdafiə Naziri olana qədər isə o, Daxili Qoşunların komandanı vəzifəsini yerinə yetirib. 22 oktyabr 2013-cü ildən Prezidentin sərəncamı ilə Müdafiə naziridir. Xatırladaq ki, Zakir Həsənov Müdafiə naziri təyin olunarkən erməni saytları "Azərbaycan müharibəyə hazırlaşır" manşeti ilə "qərargah işçisi" əvəzinə səhra komandirinin və peşəkar zabitin nazir təyin edilməsindən narahatlıqlarını bildirirdilər. Amma cəbhədəki son hadisələrdən və Azərbaycan Ordusunun erməni diversantlarına qarşı uğurlu cavab zərbəsindən sonra erməni saytları erməni rəsmilərinə istinadla Azərbaycanın Müdafiə Nazirliyindəki son dəyişikliklərə qarşı kampaniya aparmağa, "qeyri-peşəkarlıq"dan yazmağa başlayıblar.
2014-01-25
7,268
Dünən ölkədə 98 cinayət baş verib
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların da 58-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 49 nəfər tutulub.
2014-01-25
7,269
İçimizdə yatan hökmranlıq sevdası...
Adətən insanlar həyatda hər şeyin yolunda getməsi, daha yaxşı yaşaya bilmək üçün çabalayırlar. "Daha yaxşı yaşamaq" birinin düşüncəsinə görə bir başqa, digərinə görəsə ondan fərqli ola bilir. Biri üçün yaxşı yaşamaq dinclik içində olmaqdır, digəri üçün çoxlu varidata sahiblənmək... Bəzən baxırsan ki, kimsə doğru yaşamır, kimsə də doğrunun necə olduğunu anlayıb tam ortaya qoya bilmir, nəticədə hər kəs hansısa şəkildə bunun əzabını çəkir. Bəlkə bu ondandır ki, dünya yaşamaq, daha doğrusu, xoşbəxt, dinc olmaq üçün münasib yer deyil. Ən azından inansaq ki, biz bura göndərilmişik, cəzalandırılaraq endirilmişik, özü də fitnəsinə uyub günaha batdığımız şeytanla birgə, onda məsələ qəlizləşir. Məsələyə bu yöndən baxsaq, onda demək ki, biz xoşbəxt, hüzurlu olmaq üçün lazım olan yerdə deyilik. Əgər belədirsə, yanlış dünyada doğru yaşamaq olarmı? Amma gəlin, dünyanı bir tərəfə qoyaq, bir anlığa təsəvvür edək ki, biz hər şeyə qadirik. Deyilikmi? Məncə, qadirik, hər şeyə: ölməyə qadir olduğumuz kimi öldürməyə, düzəltməyə qadir olduğumuz kimi sındırmağa, danışmağa qadir olduğumuz kimi susmağa... Dünyada müxtəlif insanlar olduğu kimi, müxtəlif xalqlar da var. Birinin səviyyəsi yüksəkdir, birininki yox... Biri az danışıb, çox iş görən xalqdır, digəri əksinə... Biz... Biz o xalqlardanıq ki, susmağa, haqqımızı başqalarına verməyə daha çox həvəsliyik, hətta bəlkə bu barədə bizim qədər səxavətli xalq yoxdur. Biz daxilən kölə olmağa qadirik... – daxilən azad olmağa qadir olduğumuz kimi! Amma biz nədənsə bu komplekslərdən azad olmaq haqqımızdan heç istifadə etmək istəmirik. Biz yanlış dünyanın yanlışlarından, qorxusundan, dəbdəbəsindən, harınlığından və nəhayət, özündən azad deyilik. Əvəzində biz içimizdəki hökm etmək sevdasına köləyik. Özümüzə deyil, başqalarına hökm etmək hissinə köləyik. Bu da bizim azadlığımıza olan sevgimizi hökmranlıqla əvəz etməyimizdən doğur. Birinə hökm etmək istəyən, bunu arzu edən azad ola bilməz, çünki onun içindəki hökm etmək hissi yanlış dünyanın bütün pisliklərini onun qəlbinə dolduracaq. Ancaq özünə hakim olan insan azad ola bilər. Hamımızın içində balaca padşahlar yatır, ürəyimizdə hökm etməyə aşiqlik, hökmranlıq, zülmət hərisliyi var. Biz yanlış dünyada yanlış yaşayırıq. Amma düzgün də yaşamaq olar. İçimizdəki hökm etmək iddiasını öldürüb özümüzə hakim olmaqla... Özünə hakim oldunsa, demək ki, azadsan. Azadsansa, sən pislik edə bilməzsən. Kimsəni yaralamaqdan, qeybətdən, dedi-qodudan, qibtədən, pislik etməkdən və ən nəhayət, dünyadan azad olacaqsan. Azad olmaq elə bir səviyyəyə çatmaqdır ki, insan o yerə çatanda bütün bu yanlışlıqları özünə rəva görmür. Ruhunun keşikçisinə çevrilir... Əxlaq və ləyaqət qapısında vicdanla keşik çəkir... Demək ki, dünyanın yanlışlıqlarını bir kənara qoyub düzgün yaşamaq olar.
2014-01-25
7,270
Dil Qanununu pozan KİV-lər bağlanmalıdır
AMEA Dilçilik İnstitutunun yeni direktoru - AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, türkoloq, professor Tofiq Hacıyevin "Axar.az"a eksklüziv müsahibəsini oxucularımıza təqdim edirik. - Dilçilik İnstitutunda orfoqrafiya qaydalarının təkmilləşdirilməsi ilə bağlı hansı işlər görülür? - Bununla bağlı çox böyük həcmdə yeni orfoqrafiya lüğəti hazırlanır. Əvvəlki nəşrdə xeyli qüsurlar vardı. Amma o qüsurları müzakirə eləmişik və nəticələr hamısı nəzərə alınıb. Prezidentin sərəncamı ilə bağlı o işləri tezləşdiririk. Prezidentin özü də lüğətlərin, dilin leksik, fonetik inkişafı ilə bağlı çıxışlar edib. Biz indi qərara gəlmişik ki, bu lüğətlər 3 ildən bir çap olunsun. Orfoqrafiya lüğətinə jurnalistika, sənaye, kənd təsərrüfatı və digər sahələrlə bağlı hər gün təzə söz, termin daxil olur. Onları həmin lüğətə daxil edəcəyik. Yəni üç ildən bir dərc olunan kitabda həm yazılış qaydası (orfoqrafiyası) veriləcək, həm də yeni sözlər lüğətə daxil ediləcək. Tərcümə lüğətləri 5 ildən bir, amma orfoqrafiya və orfoepiya lüğətləri 2-3 ildən gec olmayaraq çap olunacaq. Bir sözlə, satışda həmişə lüğət olmalıdır. Necə deyiriksə, elə də yazaq - Əsas müzakirə olunan məsələlərdən biri də əcnəbi sözlərin, xüsusi isimlərin, internet ünvanların, sayt-portal adlarının yazılması məsələsidir. - Mən o fikirdəyəm ki, biz necə tələffüz eləyiriksə, elə də yazaq. Məsələn, beynəlxalq reklam olan "Koka-kola"nı götürək. Biz onu "Coca-cola" kimi oxumalıyıq. Təklif edirəm ki, onun altından azərbaycanca tələffüzü yazılsın. Türklər bəzi sözləri fransız və ya ingilis orfoqrafiyasıyla yazırlar. Olmaz o şəkildə. Türkün hamısı fransız-ingilis dilini bilmir axı. Ona görə də o sözləri oxuya bilmirlər. Hamısını öz orfoqrafiyamızla verməliyik. Xarici söz əslində necə yazılır, özü bilər, amma biz onu nə şəkildə tələffüz ediriksə, o şəkildə də yazmalıyıq. Türk Dil Qurumunda mənim məqaləm də çıxıb. Nəzərə alınmalıdır ki, Türkiyə türkcəsi təkcə türkiyəlilərin deyil. Sənin kitabın orijinal variantda Azərbaycana gəlirsə, mən onu necə oxumalıyam?! Bu şəkildə olmaz axı! Onlar əndazəni aşıblar və mən hər dəfə onları buna görə tənqid edirəm. Məsələn, əgər bunun adı "nişan"dırsa, niyə "rozet" deyirsən? "Görüş"ə niyə "randevu" deyirsən? "Sıxıntı"ya niyə "depressiya" deyirsən və s. Sayt adları isə dırnaqsız, kiçik hərflə, həm də seçilmək şərtilə yazılmalıdır. O, bizim işimizin yarıtmazlığıdır - Ədəbiyyatımızda, publisistikamızda çoxlu yeni sözlər yaranır. Lakin bunların çox az qismi Orfoqrafiya lüğətinə daxil edilir. Səbəb? - O, bizim işimizin yarıtmazlığıdır. Yeni çap olunacaq lüğətdə özünüz də görəcəksiz ki, nə qədər yeni sözlər var. Qərara gəlmişik ki, hər ilin sonu yeni yaranan sözlərdən ibarət kiçik kitab nəşr edək. Daha sonra o sözləri "Terminologiya" jurnalının axırında verəcəyik. Bu il işlənən sözləri hətta ayrıca broşür şəklində də çıxaracağıq. Bunun üçün müvafiq tapşırıqlar vermişəm. Mətbuatın dilindən çox narazıyam - Yeni dərc olunacaq lüğətdə sözlərin sayı nə qədər olacaq? - Onu deyə bilərəm ki, keçmiş qüsurlar aradan qaldırılıb, lüğətə daxil olan sözlərimizin sayı iki dəfə artıb. - Mətbuatın dilindən razısınızmı? - Çox narazıyam. Əvvəla, bizdə lüğətin yaradılmasında, işlədilməsində tənbəllik var. Kimsə rusca və ya ingiliscə eşidir, lakin onun azərbaycanca qarşılığını axtarıb tapmır. Dünyada işlədilən sözlərin əksəriyyətini qəbul edə bilmərik, lakin onların arasından gərəkəni seçməliyik, mənşəyini tapmalıyıq. Məsələn, "admiral" sözünü yunan mənşəli söz kimi verirlər, hərçənd ki, ərəb mənşəli sözdür – "Əmir əl bəhr" deməkdir; "protokol" – "bərat əl qol"dur. Üzeyir Hacıbəyov "Rusi" lüğətini yazanda bu sözləri qeyd edib ki, çoxları bu sözləri yunan mənşəli kimi verirlər, amma əslində, ərəb mənşəlidirlər. Ona görə deyirəm ki, dilimizə gələn sözləri ağına-bozuna baxmadan götürüb işlətmək düzgün deyil. Əvvəlcə yaxşıca axtarmaq, araşdırmaq lazımdır. Yalnız qarşılığını tapmadıqda beynəlxalq söz kimi götürüb işlətmək olar. Monitorinq şöbəsi yaratmışıq - Dil İnstitutunun keçirdiyi monitorinqlər barədə nə deyə bilərsiz? - Biz artıq Prezidentin sərəncamı ilə bağlı ayrıca monitorinq şöbəsi təşkil eləmişik. Əvvəl Dil tarixi şöbəsi, Dialektologiya şöbəsi fəaliyyət göstərirdi, artıq Monitorinq şöbəsi də yaratmışıq. Bu şöbə təzə yaranıb, bu ildən fəaliyyət göstərir. Əsas məqsəd reklamları qaydaya salmaqdır. Bundan başqa, rayonlara qruplar göndərəcəyik ki, icra hakimiyyətlərinə gedib, onların elanlarına, sənəd dilinə nəzarət etsinlər və bilavasitə o işlərlə məşğul olsunlar. Hələ Dövlət Dili haqqında Qanunu qəbul edəndə mediaya ayrıca bölüm olmalıydı, qaydanı pozanların cəzalandırılması nəzərdə tutulmalıydı. Onlara ya pul cəzası tətbiq edilməli, ya da həmin qəzet bir aylıq, ya da ümumiyyətlə, fəaliyyətini dayandırılmalıydı. Lakin bu qaydalar az sonra unuduldu. Məhz buna görə də yenidən monitorinq qrupu yaradılıb və bunun qarşısı alınacaq. Hər qəzetlə ayrıca dəyirmi stol keçirdəcəyik, daha sonra ümumiləşdirib, televiziyada çıxış edəcəyik. Bir sözlə, bu monitorinq artıq sistem şəklində fəaliyyət göstərəcək. - Dilçilik İnstitutunda hansı yeniliklərdən danışmaq olar? - Çoxlu planlarım var. Türk diliylə, türk tarixiylə bağlı beynəlxalq yığıncaqlar, qurultaylar nəzərdə tutulub. Onları hələ ki, elan edə bilmərəm. Amma onu deyə bilərəm ki, burada dialektoloji atlas sektoru yaratmaq istəyirəm. Bizdə bu vaxta qədər dialektoloji atlas olub, lakin ancaq Sovet ərazisi nəzərə alınıb. İran, Dərbənd, Gürcüstan, İraq və s. yerlər nəzərə alınmayıb, hərçənd ki, orada Azərbaycan dialekti var. Bizim dialektoloqlar Dərbənd dialektini tədqiq ediblər və artıq kitab da çıxıb. Cənubi Azərbaycan dialektlərindən də 5 dissertasiya yazılıb. Gürcülərin özü Gürcüstandakı Azərbaycan şivələrindən, dialektlərindən dissertasiya yazıblar. Bu atlas həm də tarixi coğrafiyanı göstərəcək.
2014-01-25
7,271
Emin Ağalarov: “Müslim Maqomayev və nənəm” - Foto
Emin Ağalarovun 3 yaşında Müslim Maqomayevlə çəkilmiş şəkli yayılıb. "Axar.az" xəbər verir ki, Emin Ağalarov öz "Feysbuk" səhifəsində Müslim Maqomayev, nənəsi və özünün də olduğu şəkli paylaşıb. Şəklin üzərində isə 30 il öncə ingiliscə "Müslim Maqomayev və nənəm" sözü yazılıb.
2014-01-25
7,272
Aksiya iştirakçıları nazirlik binasını ələ keçirdi
Ukraynanın Vinitsa şəhərində etiraz aksiyasının iştirakçıları vilayət administrasiyasının binasını ələ keçiriblər. Verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları kütlənin qarşısını ala bilməyiblər. UNN saytı isə məlumat yayıb ki, paytaxt Kiyevdə mitinq iştirakçıları Energetika və kömür sənayesi Nazirliyinin binasını ələ keirib ("Musavat.com").
2014-01-25
7,273
Ukraynada şəhər administrasiyası ələ keçirildi - Video
Ukraynanın Vinnitsa Şəhər Administrasiyasının ələ keçirilməsi ilə bağlı video kadrlar yayılıb. "Axar.az" xəbər verir ki, bu kadrları sosial şəbəkələrə etirazçılar yerləşdiriblər. Etirazçılar Administrasiya binasının qapılarını qırdıqdan sonra qubernatorun otağına daxil olmağa çalışıblar. Lakin sonradan bu fikirlərindən vaz keçiblər. Kadrlarda kütlənin içərisində millətçilərin aktivliyi daha çox diqqət çəkib. Qeyd edək ki , Ukraynada artıq 8 şəhər administrasiyasının binası ələ keçirilib.
2014-01-25
7,274
General hərbi hissədə döyüş hazırlığını yoxladı - Foto
Daxili İşlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov 2014-cü ildə qarşıya qoyulmuş xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın vəziyyətinin yoxlanılması məqsədi ilə yanvarın 25-də qoşunların Qubada yeləşən "N" saylı hərbi hissəsində olub. Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların mətbuat xidmətindən Trend ə verilən məlumata görə, hərbi hissə komandiri bütün xidmət sahələri üzrə mövcut vəziyyəti məruzə edərək, son illər ərzində hərbi hissənin maddi-texniki bazasının gücləndirildiyini, müasir texnika və avadanlıqlarla təchiz olunduğunu, təlim-tədris prosesinin keyfiyyətlə həyata keçirildiyini bildirib. Daxili Qoşunların komandanı hərbi hissədə xidməti-döyüş fəaliyyətinin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə də yaxından tanış olub. O, həmcinin hərbi hissənin tibb məntəqəsində olan əsgərlərin səhhəti ilə maraqlanıb, aparılan müalicənin yüksəldilməsi istiqamətində səylərin artırılmasını önə cəkib. Nəzəri məşğələlərin keçirildiyi sinif otaqlarına, eləcə də əsgər yataqxanalarına baxılıb, qış mövsümünə uyğun olaraq otaqlarda temperatur rejiminin ciddi nəzarətə götürülməsi barədə tapşırıq verilib. Sonra general-mayor Ş.Məmmədov hərbi hissədə xüsusi-taktiki təlimi izləyib, bu kimi məşğələlərin keyfiyyətlə və real şəraitə uyğun keçirilməsinə diqqətin artırılmasının vacibliyini vurğulayıb. Hərbi hissənin xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr hərbi hissə komandanlığının diqqətinə catdırılıb. Daha sonra Daxili Qoşunların komandanı əsgər valideynləri ilə görüş keçirlib, onların fərdi qaydada müraciətləri dinlənilib. Bir sıra məsələlərin yerindəcə həl olunması üçün müvafiq tapşırıqlar verilib. Xatırladaq ki, general-mayor Ş.Məmmədov Daxili Qoşunların komandanı vəzifəsinə təyin olunduqdan sonra regionlara səfərinə ilk olaraq keçən həftə Zaqataladakı "N" saylı hərbi hissədən başlayıb.
2014-01-25
7,275
Mircəfər Bağırov, Voroşilov, Zərri nənə və Heydər Əliyev...
Əvvəli burada: I yazı II yazı III yazı Ötən yazılarımda haqqında bəhs etdiyim, SSRİ-də kommunizimin qurulmasını bəyan edən "Zəhmət" kolxozunun adı yaxşılığa necə çıxmışdısa, sədrin həbs olunmasından sonra pisliyə də eləcə ildırım sürəti ilə yayıldı. Sədrin əmlakı yağmalanır Qonşu kəndlərdə və başqa yerlərdə qabaqcıl kolxoz sədrinin – "geroy" Dünyamalının həbs olunması ilə bağlı söz-söhbət səngimək bilmirdi. Onun əmlakının müsadirə olunması, satışa çıxarılması haqda da əfsanələr dolaşmaqda idi. O günlərin şahidləri ilə söhbətim davam edir. 85 yaşlı kənd sakini Narınc Səfərova başındakı örpəyinin uclarına düyün vura-vura yaddaşının vərəqlərin açır: "Qohumları, özünü dayıma yaxın adam kimi tanıdanlar, ailənin içinə girib qaynayıb-qarışanlar çox narahat idilər. Həyət-bacada ona yalmananlar, atının üzəngisini basmaq üçün irəli atılanlar isə ondan, onun qohumlarından üz döndərmişdi. Elə naxələf çıxan qohumlar da tapıldı. Amma bunlar qan qohumları, əmi uşaqları deyildi. Gecə ilə hələ ailə həyatı qurmamış övladlarının adına alınan qızıl-zinət əşyalarını, xalı-xalçalarını, yorğan-döşəyi qohum-əqrəba, özlərini yaxın kimi sırıyanlar tərəfindən bölüşdürdülər. Ki, qoruyub saxlayaq, yad ələ düşməsin. Qalanlarını, ələ keçənlərini hökumət apardı. Amma ona naxələf çıxanlar da az olmadı. Hamısı hampaydı. İndi bir elin adamlarıyıq da, qoca vaxtı adlarını çəkmirəm, namazqılan arvad xeylağıyam, ad çəkmək mənə yaraşmaz. Tayfalarımız qaynayıb-qarışıb, bir-birimizin içinə girmişik. Amma kənddə hamı bilir kim kimdi. Kim nələri dahıdı (dahımaq – danmaq, boyun almamaq. - F.B), vermədi. O adamlara, qurbanolduğum özü qənim oldu. Hamısı etdikləri naxələfliyin altını çəkdi, burunlarından gəldi hər şey. Birinin oğlu şikəst doğuldu, o birinin övladı dünyasını dəyişdi, əzab çəkdilər, görk oldu onlara əmanətə xəyanət etmək. Bir sözlə, ona sataşan xeyir görmədi. Mən təzə gəlin gəlmişdim. Bu hadisə baş verəndə bir il deyildi yoldaşım tutulmuşdu. Uşaqların adına alınan qızıllardan mənə də verdilər ki, saxlayım. Əvvəlcə evin banında gizlətdim. Qorxurdum ki, aparalar. Tez-tez çıxıb yoxlayırdım. Yalan olmasın, gündə 5-10 dəfə eyvandan bana nərdivanla çıxardım. Qaynanam deyərdi ki, a köpəyin qızı, dədənin başını itiribsən orda, çıxıb-düşürsən? Qorxumdan qaynanam görməyəndə evin banına odun qırığı, talaşa-zad atırdım və deyirdim ki, təndirdə yandırmaq, "pıç"a (soba, "peç" sözünün təhrif edilmiş forması. – F.B) atmaq üçün talaşadan-zaddan yığıram oradan. Qaynanam üstümə çımxırırdı ki, çıxma, deyərlər, filankəsin gəlini oğlu tutulub deyə, bana-zada dırmaşır. Qızılı götürüb tumanımın lifəsində saxladım. Bu arada rəhmətlik ərim də buraxıldı gəldi. Adam vurmuşdu deyə, tutmuşdular. Şofer işləyirdi. Xırda qızıl bağlamasını döşlərimin arasında saxlayırdım arada. Gecə yatanda yüz cürə fikir aparırdı məni, necə edim, kişi bilməsin. Birdən əl atdı-elədi... Xülasə, sən də mənim balam, Dünyamalı dayım türmədən gələnə qədər heç kəsə bildirmədim. Qayıdandan sonra xəlvətcə aparıb verdim. Dayıdostum dedi ki, səndən və bir neçə nəfərdən başqa heç kəs heç nə qaytarmadı və heç özləri də istəmədi. Sonra kişi mənə deyirdi ki, ay arvad, sən canın, necə edirdin ki, mən o qızıllardan xəbər tutmurdum? Nə isə, bir nəfər də, elə o da qohumlardandı, gecəynən gedib "pojarni"dan paltar alıb, əyinlərinə geyiblər. Əllərində ot çəkən, guya nizədir, giriblər qohumlardan birinin evinə. Yaşlı qadını qorxudublar ki, bəs biz çekistlərik, sənə filan qədər əmanət verilib. Gətir, yoxsa səni də, oğlanlarını da həbs edəcəyik. O yazıq arvad da qorxusundan vermişdi. Bunlar maska da geyinibmişlər ki, tanınmasın. Bolqarıstanda olanda oranın başçısı (Bolqarıstan Kommunist Partiyasının baş katibi Tedor Jivkov nəzərdə tutulur. T. Jivkovun Dünyamalı Məmmədovun təşkilatçılığı, bacarığı və təcrübəsinin rəhbəri olduğu ölkədə istifadə olunmasıyla bağlı Sovet rəhbərliyinə minnətdarlıq məktubu da Kremlin arxivində qorunur.- F.B.) vardı ha, rəhmətliyə bir xalça bağışlamışdı, üstündə də at şəkli. Hər gün o xalçadan sarı gəlirdilər. Axırı onu qohumlardan birinə verdilər ki, apar bunu dəyər-dəyməzinə sat ki, bunların əlinə düşməsin. Salyanda satdılar, gətirib pulunu verdilər". Mircəfər Bağırovun sədrin həbsində marağı Maraqlıdır, bəs Mircəfər Bağırov niyə sədrin həbs olunmasında maraqlı olub? Bunların arasında hər-hansı bir inciklik və qarşıdurma vardımı? Apardığım araşdırmalardan məlum olur ki, "Zəhmət" kolxozunun sədri həmişə M.Bağırov haqda kolxozçular arasında xoş sözlər deyib, onu rəhbər kimi dəyərləndirib. Bəzən Stalini və Bağırovu partiya ilə bərabər tutub. Lakin inandığı adamların arasında gileyləri də olurmuş. Onun dar çevrədə dediyi sözlər gedib yuxarılara çatırmış. Belə ki, kolxozda əldə olunan yüksək məhsula görə, kolxozçulara yüksək əməkgünü bölməsi, əlsiz-ayaqsızlara yardım edilməsi kolxoz malının dağıdılması kimi təqdim edilirmiş. O, həmişə deyirmiş ki, bu məhsul bizimdir və bizim camaat arasında da bölünməlidir. Partiyanın tapşırığı, planlar, öhdəlilkər yerinə yetirilib, daha nə istəyirlər? Elə Bağırovun da kəndə qəfil gəlişləri bununla əlaqədar olubmuş. Artıq torpaq ittihamı Sədrə qarşı irəli sürülən ittihamlardan biri də sənəddə göstərilən torpaqlardan artıq əkməsi və yüksək məhsuldarlığa saxta yolla nail olmasıydı. Sədr artıq torpaq əkməsini etiraf edir və qeyd edir ki, bu artıq sahələr, əslində, əkin yerini suvarmaq üçün çəkilən suvarma kanallarının itkisinə gedən torpaq sahəsini əvəzləyib. Belə ki, əkin sahəsinin içindən çəkilən eni 2-3, uzunluğu isə kilometrlərlə olan kanallar onlarla hektar torpağın itkisidir. Biz məhsulu səpdiyimiz əkin sahəsi ilə hesablayırıq. Voroşilovla görüşən Zərri nənə Bağırov haqda nə deyib? Dünyamalı Məmmədovun həbs olunub SSRİ Hərbi Məhkəməsinin hökmü ilə 18 il müddətinə həbs edilərək sürgünə göndərilməsinə sevinənlər də az olmayıb. Lakin onun qohum-əqrəbası və digər yaxın ətraf bununla heç vəchlə barışmayıblar. Onlar Azərbaycan K(b)P-nin birinci katibi M. Bağırova, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri K.E. Voroşilova, dahi rəhbər Stalinə məktublar yazıb, haqqın-ədalətin yerini tapmasını xahiş ediblər. Dünyamalı Məmmədovun bacısı Zərri nənə əvvəlcə Bakıya, sonra isə Moskvaya gedib. Bakıda onu qəbul edən tapılmayıb. Moskvada isə... Ağbirçək kənd sakini Narınc Səfərova: "Bala, Zərri nənə kişi kimi qadın idi. Dedi, qardaşımı darda qoymaram. Dediyini elədi də. Rəhmətlik Zərri bibim deyərdi ki, qurban olum Malenkoya (Malenkov. - F.B), qardaşımın qaranlıq zindandan çıxmağına səbəb o oldu". Lakin sənədlər Narınc nənənin dediklərinin əksini deyir. Zərri nənə 1953-cü ilin iyul ayında Kremldə olub. Bəs Malenkovun adı nə üçün yaşlı qadının dilində tez-tez hallanırmış? Ehtimal olunur ki, Zərri nənə Malenkovla da görüşüb və onun təklifi ilə digər böyük səlahiyyət sahibi olan Voroşilovla görüşü baş tutub. Onu SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Voroşilov qəbul edib. Qəbulda bir nəfər tərcüməçi şərqşünas da olub. Zərri nənə kabinetə girən kimi başındakı qara rəngli yaylığını açıb Voroşilovun ayaqları altına atıb. Bu hərəkəti başa düşməyən, bu olaydan heç nə anlamayan Voroşilov təəccüblə tərcüməçiyə baxıb: "Bu, nə deməkdir?". Tərcüməçi Voroşilova deyib ki, bu, şərq xalqlarının ən müdrik, hörmət olunan qanunudur. Əgər qadın yaylığını başından açıb ayaqlar altına atırsa, bunun ciddiliyinə varmaq gərəkdir. Qan davası da olsa, dayanmalıdır. Bu hərəkətlərlə Şərq dünyasında ta qədimdən neçə-neçə qan-qada bağlanıb, sülh əldə olunub. Qadına Şərqdə belə dəyər verilir. Əgər onun yaylığını ayağı altına atdığı adam doğurdan da kişi adamdırsa, onun xahişi, tələbi dərhal yerinə yetirilməlidir. Bu sözlərə heyranlıqla qulaq asan Voroşilov: "Bizim şərqli kişilərdən nəyimiz əskikdir ki,- deyib.- Xalqın adət-ənənəsinə hörmət edilməlidir". Zərri nənənin şikayətinə qulaq asdıqdan sonra Voroşilov SSRİ Baş prokuroru Rudenkoya zəng edir. Dünyamalı Məmmədovun dərhal azad olunmasını və onun haqda olan məhkəmə işinin ibtidai istintaqa qaytarılıb yenidən obyektiv araşdırma aparılmasını tələb edir. Sonra da Zərri nənədən hal-əhval tutur, necə gəlməsi ilə maraqlanır və Mircəfər Bağırov haqda fikirlərini soruşur. Zərri nənə qardaşının həbsində bir başa maraqlı olan adam haqda pis söz demir: "O, seyid balasıdır, onun cəddi var, seyid adam haqda nə deyim ki..."- deyir. Rudenkonun məktubunda yazılanlar Zərri nənə kəndə gəlib çatmamış Rudenkonun məktubunun sorağı kəndi dolaşır. Sevinənlər daha çox olub. Lakin uzaq səfərdən qayıdan bacı, azad olunmuş qardaşını kənddə görə bilmir. Dünyamalı Məmmədov azad olunsa da, kəndə qayıtmır. İki ay Lənkəranda qalır, "qala-həbsxanada olan 11 nəfər həmkəndlim nə qədər türmədədir, kəndə qayıtmaram" deyir. Onları ərzaq, dəyişək geyim və başqa lazım olan əşyalarla təmin edir. İki ay davam edən təkrar istintaqdan sonra azadlığa çıxmış kəndliləri ilə birgə doğma kəndinə dönür. Heydər Əliyev və sədr Onun kolxoz quruculuğundakı əməli işinə sonralar da yüksək dəyər verilir. Uzun müddət Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev Dünyamalı Məmmədovu şəxsən tanıyıb və ona çox böyük dəyər verib. Sovet Hakimiyyətinin yaranmasının 60 illiyi münasibəti ilə ona təbrik məktubu göndərib. Sonralar "Zəhmət" kolxozu "Azərbaycan SSR-nin 40 illiyi" adına sovxoz olur. Bu sovxoza Dünyamalı Məmmədovun oğlu Qılıncxan Məmmədov uzun illər rəhbərlik edir. Qılıncxan Məmmədovun zamanında da sovxoz öz göstəriciləri ilə respublikada daima qabaqcıl sovxoz kimi tanınıb. Körpəlik yaddaşından Mənim yaddaşımda qalan bir xatirə də ondan ibarətdir ki, yaşının ahıl vaxtlarında kəndin mərkəzində onun təşəbbüsü ilə kənd cavanları iməcilik edib park saldılar. Hazırda kəndlilərin yeganə istirahət yeri həmin parkdır. Lakin indi bu kəndin qazı belə yoxdur. Kənd əhalisi ötənlərin bol, firavan günlərini nostalji hisslərlə yada salır və yaşayır...
2014-01-25
7,276
7 telefon, 18 mühafizəçi ilə gəzən Bakı oliqarxı
Fransa mətbuatında "Baglan Grup"un prezidenti Hafiz Məmmədov haqqında bir-birin ardınca yazılar dərc olunur. "Axar.az"ın Fransa mediasına istinadən verdiyi məlumata görə, həmin yazılarda Məmmədov barədə Azərbaycan oxucusunun bilmədiyi məqamlar yer alıb. Yazıların birində göstərilir ki, öz ölkəsində uğurlu iş adamı olan Hafiz Məmmədov üç dildə - Azərbaycan, rus və ingilis - sərbəst danışır. Sən demə, o, evdən çıxanda özü ilə 7 mobil telefon götürür. Londonda və İsveçrədə ofisləri var. Həftənin cümə günləri onu tapmaq müşküldür. Çünki həmin günü özünə və ailəsinə həsr edir. "Roman Abramoviç və Dmitri Rıblovlev kimi futbol pərəstişkarı olan Məmmədov hələ 2004-cü ildə "Bakı" klubunu təsis edib. O, təkcə Fransa "Lans"ı ilə kifəyətlənməyib, "Atletiko" və "Porto"da pay sahibi olmaq niyyətindədir. 7 mobil telefon gəzdirən, 18 mühafizəçinin müşaiyəti ilə zirehli "Mersedes"də hərlənən Məmmədov istər ölkəsinin, istərsə də xarici KİV-də öz imicini müsbət çalarlarda göstərmək istəyir". Fransız KİV-in yazdığına görə, azərbaycanlı miylarderin "Lans" futbol klubunun prezidenti Jerve Martellə əvvəllər tanışlığı olmayıb. Məmmədovun bu klubla tanışlığı 2012-ci ildə Kannda olub. Məmmədov ora dincəlməyə gəlibmiş. Onlar kazinoda tanış olublar. Yerli kazinodakı tanışlıq sonradan onlarını birgə əməkdaşlığına çevrilib. Elə oyun avtomatları arxasındaca "Lans" söhbəti edilib və Hafiz Məmmədov kluba 20 milyon ayırmağa razılaşıb. "Məmmədov bir sıra biznes strukturlarının sahibidir: neft və qaz daşıımaları, nəqliyyyat şirkətləri… Siz Bakıda taksiyə əyləşib harasa gedirsizsə, bilin ki, bu taksinin dizel yanacağı Məmmədova məxsusdur. Onun pulu həddən artıq çoxdur". Fransız KİV-in yazdığına görə, elə buna görədir ki, Jerve Martel ondan bərk-bərk yapışıb. Və tərəflərin iddiaları böyükdür.
2014-01-25
7,277
VHP Bələdiyyə seçkilərinə hazırlaşır
Vətəndaş Həmrəyliyi Partiyası bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşır. Bu haqda "Axar.az"a VHP Ali Məclisinin katibi Asif Şəkərli bildirib. Asif Şəkərli deyib ki, bələdiyyə seçkiləri ilə bağlı partiyanın Mərkəzi İcra Aparatı müvafiq iş planı hazırlayıb, Seçki Qərargahı da hazırlıqlara başlayıb və seçkiyə hazirliq gedir: "Respublikanın kənd, qəsəbə və şəhər bələdiyyələrinə namizədlər irəli sürüləcək. 2009-cu ilin bələdiyyə seçkilərində VHP-nin 115 üzvü müxtəlif bələdiyyələrə seçiliblər. Həmin seçkilərdə partiyanın 800 üzvü namizədliyini irəli sürmüşdü, Təəssüf olsun ki, yaradılan süni maneələr, icra hakimiyyətlərinin seçki dairələrinə müdaxiləsi nəticəsində 350 namizədimiz qeydə alındı. Hesab edirik ki, bu seçkilərdə bu manelər olmayacaq". Asif Şəkərli qeyd etdi ki, rayon təşkilatları seçkidə iştirak edəcək namizədləri artıq müəyyənləşdirməyə başlayıb: "Biz partiya olaraq bələdiyyə seçkisinə təkbaşına qatılacağıq. Amma seçkilərdə iştirak edəcək müxalifət partiyaları ilə əməkdaşlıq edəcəyik. Nazmizədlərin qarşılıqlı dəstəklənməsi, birgə təbliğatın aparılması məqsədi ilə. Cünki seçki məntəqələri üzrə namizədlərin birgə təbliğat aparması önəmlidir".
2014-01-25
7,278
Cəlil Cavanşir Aysel Əlizadəni məhkəməyə verdi
Bu gün Niyazi Mehdinin təşkilatçılığı ilə "Qanun" nəşriyyatında "rəmzi məhkəmə" keçirililib. "Axar.az" xəbər verir ki, tədbirdə Azərbaycan ədəbiyyatında insan haqları mövzusuna olan biganəlik müzakirə edilib. Rəmzi məhkəmədə iddiaçı Cəlil Cavanşir, cavabdeh tərəf isə Aysel Əlizadə olub. Yazarların müzakirələri zamanı bütün suallara Aysel Əlizadə cavab verib. O, Pərviz Cəbrayılın "Yad dildə", Sayman Aruzun "Yüz il inqilab" və bir neçə əsərlər ilə sübut etməyə çalışıb ki, Azərbaycan ədəbiyyatında insan hüquqları mövzusuna toxunulur. Sonda səsvermə nəticəsində Cəlil Cavanşirin təqdim etdiyi çıxış auditoriyanın alqışları ilə nəticələnib. Rəmzi məhkəmənin qalibi isə yazar Cəlil Cavanşir olub. Qarşı tərəf Aysel Əlizadə isə ədalətsiz məhkəmə modelindən, heç bir arqument gətirməyən Cəlil bəyin qalibiyyətinə etiraz edib. (Rəmzi olaraq.) Qeyd edək ki, 25 nəfərin iştirakı ilə keçirilən rəmzi məhkəmənin hakimi Şahbaz Xuduoğlu olub. Niyazi Mehdinin təşkilatçılığı ilə baş tutan rəmzi məhkəmələrin davam edəcəyi planlaşdırılır. Mövzular isə açıqdır. Bütün təkliflər yazarlar və jurnalistlər tərəfindən gözlənilir.
2014-01-25
7,279
Bakıda bina çökdü: 4 maşın altında qaldı, 2 nəfər öldü - Fotolar
null
2014-01-25
7,280
Dağıntının altında qalan uşaq xilas edildi – Video
Suriyada Əsəd rejimi tərəfindən bombalanan Hələb şəhərində dağıntıların altında qalan bir uşağın xilas edilməsi kameraya çəkilib. "Axar.az" xəbər verir ki, Hələbin Maasraniya bölgəsində üç gün əvvəl Əsəd ordusu tərəfindən həyata keçirilən hava hücumları zamanı qadın və uşaqlar olmaqla onlarla insan ölüb. Ancaq dünən mülki vətəndaşlar dağıntılardan əllərinin, bel və kürəklərin köməkliyi ilə bir uşağı canlı olaraq xilas ediblər.
2014-01-25
7,281
“Hövsanda oğlanlar var, zalatoy, zalatoy...” - Reportaj
Metronun 20 yanvar stansiyasından çölə çıxmağa macal tapmamış taksi sürücüləri qışqıra-qışqıra üstümə tökülüşdü. "Saray... Sumqayıt... Masallı... İmişli..." "Bir nəfər, bir nəfər... Gedirsənsə, çıxıram..." Yola çıxmayan günahkar Metronun pilləkənlərini bitirməmiş bəziləri az qala qolumdan tutub maşına oturtmaq istəyirdilər. Toplu halında üstümə elə gəldilər ki, dedim, daha canımı qurtara bilməyəcəyəm. Hətta özünü bir az da günahkar hiss etdim ki, niyə harasa getmirəm ki, barı onlardan birinə xeyrim toxunsun... Ancaq niyə axı burda hamını yola çıxan zənn edirlər və adamı özünü günahkar kimi hiss etməyə məcbur edirlər? Bu səs-küyün, qarışıqlığın içində yüksək səslə eşidilən meyxana sədaları diqqətimi çəkdi, mənə canımı qurtarmaq üçün üz tutacağım yolu göstərdi. Əslində, bu gün iş olaraq məqsədim də elə buydu – disklər satılan dükanların birindən yazı hazırlamaq. Hövsanda oğlanlar var, zalatoy, zalatoy... Son zamanlar taksilərin, disk satılan yerlərin qarşısından keçəndə ən çox eşitdiyim sözlər idi bunlar. Meyxana sözləri. Arif adam Bu musiqilərə kimlər qulaq asır? Dinləyiciləri ən çox kimlərdir? Sürücülərdən canımı qurtarıb, özümü disk satılan dükana saldım. Satıcı ilə söhbət etmək üçün əvvəlcə meyxana diski soruşdum: "Oxutduğunuz meyxana diskindən varmı?" Satıcı arif adammış, gülümsəyib üzümə baxdı: "Deyəsən siz disk alana oxşamırsınız axı? Oxutdururamsa, demək var da. Yüz faiz, ən çox oxunulan musiqilərdən də xəbəriniz yoxdur. - Ən çox oxunulan musiqi hansıdır ki? - Sizin istədiyiniz meyxana "Hövsanda oğlanlar var, zalatoy, zalatoy"du. Bu an satıcının ürəyi açıldı. Az qaldı ki, meyxananın bütün tarixini, məşhur meyxanaçıların hamısının tərcümeyi-halını bir-bir mənə danışsın. - Bəs ən çox hansı musiqi alınır sizdən? - Musiqi deyəndə, sırf musiqi alan yoxdu. Hamı meyxana alır. Musiqili meyxana. O da Pərviz Bülbülənin meyxanaları. Bu dəqiqə hamı ona qulaq asır. - Hamı kimdi ki? - Cavanlar, orta nəsil. Şəhər əhalisinin hamısı. Satıcıdan adını soruşmağımdan dalağı sancdı. Tərs-tərs üzümə baxdı: "Birdən jurnalist-zad olarsız a, biabır olarıq". Hiss elədim ki, satıcı qorxur. Ancaq nədən?.. Dükanımın yerini yazma Pirat disklərlə dolu olan bu dükanın satıcısının adı Rüstəmmiş. Üç ildi ki, bu yolla çörək qazanır. Jurnalist olduğumu bilir, danışmağa etiraz etmir, amma deyir ki, onun dükanının harda yerləşdiyini və soyadını yazmayım. Şəklini çəkməyə də icazə vermir. Səhər saat 9-dan 10-a kimi satıcılıqla məşğul olan Rüstəm ancaq meyxananın çörəyini yeyir desək, yanılmarıq. 24 yaşı var. Meyxana – kasıbların umudu - Satıcılıq işi elə bir şeydi ki, burda hər cür adam görürsən. Amma hələ indiyə kimi dükana varlı adam girməyib. Gələnlərin hamısı kasıb-kusub balalarıdır. Rüstəmdən özünün də meyxanaya marağı olub-olmadığını soruşuram. Dediyinə görə, adamlar indi ciddi şeylərlə məşğul olub başını yormaq istəmir. Əslində baş qalıb ki... Hamı başını qarışdırmaq üçün bir az yüngül, ürəyi toxdadan şeylər axtarır. Bəli, o özü də meyxana "xəstəsidi", hətta tay-tuşları ilə ara-sıra yığışıb həvəslərini öldürmək üçün meyxana da deyirlər: "Bilirsiniz, bu meyxananın fanatları necə adamlardır? Bəziləri gündə bir-iki dəfə gəlib yeni meyxana diski varmı, deyə soruşurlar. Yəni meyxana onların üçün hava-su kimidi". Bəs Rüstəm boş vaxtlarını necə keçirir? Kinoya baxmağa, musiqi dinləməyə gedirmi hansısa kinoteatra, yaxud konsertə? Deyəsən, sual onun üçün qeyri-adi səslənir. O dəqiqə üzündə təəccüb ifadəsi yaranır, sanki – "bu, nə sualdır mənə verirsiz?" kimi bir ifadə. Çox cəld və istehza ilə "nə danışırsız, orta əmək haqqı alan azərbaycanlı belə, əyləncəsini kinoya, konsertə getməklə keçirtmir",- deyir. - Kinoya getməyə vaxt tapmıram, həm də mən elə hər gün bir kino biletinin qiyməti qədər pul qazanıram, onu da kinoya xərcləsəm, necə yaşayaram? Gündə ancaq 10-15 manat. Bəzən bir az aşağı, bəzən bir az yuxarı. O da baxır bazardakı məhsula. Əgər yaxşı meyxana satışa çıxsa, yaxşı da bazar olur. Rüstəmin ümidləri ilə meyxana haqqında öz fikirlərimi müqayisə edirəm. Müsahibim meyxananın el arasında yayılıb geniş şəkil almasına sevinir, bu işə qazanc kimi baxır. Meyxana onuncun sənət deyil, səs şəklində, disk formasında çörəkdi. Biz isə hər gün taksidə, metro keçidlərində bu səsdən zinhara gəlib donquldanırıq. Daha nə demək olar? Bazar olsun, qardaş. Qoy mənə də meyxana çörəkdən bir pay düşsün...
2014-01-25
7,282
3 yaşlı azərbaycanlı alimin inanılmaz istedadı - Video
Azərbaycanda və dünyada öz istedadı ilə hər kəsi təəccübləndirən uşaqlar yetərincədir. Belə istedadlı uşaqlardan biri də 3 yaşlı İsadır. Ona "balaca alim" də demək olar. Çünki balaca İsa böyüyəndə elə alim olmaq istəyir. Cəmi 3 yaşı olsa da, İsa vurma cədvəlini əzbər bilir, onluqları, yüzlükləri, minlikləri, hətta milyonları asanlıqla toplaya bilir. "Axar.az"ın müxbirlərini qarşılayanda da qələmi əlində, yazı taxtası, silgisi, hesablayıcı maşını da yanında idi. Valideynləri deyir ki, İsanın hələ bir yaşı, yaş yarımı olanda onun bu qeyri-adi istedadı üzə çıxıb. O vaxtlar rəqəmləri bir dəfə deməklə artıq İsanın yaddaşına həkk olunurdu. Ən qısa müddətdə 100-ə qədər saymağı öyrənib. Anası bildirir ki, İsa ağlayanda belə, adi misal deyən kimi sakitləşir, əlavə sözə ehtiyac olmur. İsanın ən sevdiyi rəqəm isə 7-dir. "Balaca alim" qohumların mobil telefonların nömrələrini də əzbər bilir. Bir az da əsəbi olan İsanın başqa bir istedadı da var. O, rus, ingilis və ərəbcə saymağı da bacarır.
2014-01-25
7,283
Gənc fəal narkotik ittihamı ilə həbs edildi
NİDA təşkilatının keçmiş üzvü, hazırda "Axın" hərəkatının təsisçilərindən olan Ömər Məmmədov dünən yoxa çıxıb və bu gün sorağı hüquq-mühafizə orqanlarından gəlib. "Musavat.com" NİDA təşkilatının "Feysbuk" səhifəsinə istinadla xəbər verir ki, Ö.Məmmədova qarşı narkotik maddə saxlama ittihamı verilib və onun barəsində həbs qətimkan tədbiri seçilib. O, hazırda Nərimanov rayon Polis İdarəsində saxlanılır. Məmmədov Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Qeyd edək ki, Ö.Məmmədov bir neçə ay öncəyə qədər "Nida"nın fəallarından olub, daha sonra ayrılaraq, "Axın" təşkilatını yaratmağa başlayıb. Onun Şimali Kiprdə təhsil aldığı bildirlir. Vətəndaş Həmrəyliyi Partiyasının İcra Aparatının rəhbəri Samir Əsədli "Axar.az"a açıqlamasında faktı təsdiqləyib: "Ö.Məmmədov Quzey Kıprısda təhsil alan savadlı gənclərimizdəndir, 2 ildən artıqdır ki, VHP-nin üzvüdür. Onun narkotik istifadəçisi olduğuna inanmaq istəmirəm. Hər halda, aydınlaşdıracağıq".
2014-01-25
7,284
Ramil Usubov Şeyxin qohumuna vəzifə verdi
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə yeni təyinat aparılıb. "Axar.az" "Aznews.az"a istinadla xəbər verir ki, əvvəllər bu vəzifəni tutmuş polis polkovniki Şıxəliyev Cavad Süleyman oğlunun yerinə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olmuş polkovnik Şərif Əsədullayev təyin edilib. Nazir Ramil Usubovun sərəncamı ilə vəzifəyə təyin edilən Ş.Əsədullayev bu gün kollektivə təqdim edilib. Məlumatlara görə, Ş.Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahkürür Paşazadənin qohumudur.
2014-01-25
7,285
Ermənilər əsgərimizi yaraladılar
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Erməni silahlı bölmələri son günlər Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndindəki mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Tovuzdakı qaynaqlarımızdan aldığımız məlumata görə atışma zamanı ordumuzun 1 əsgəri yaralanıb. Həmin əsgər Tapdıq Əhədli hərbi hospitala yerləşdirilib. Ağsudan hərbi xidmətə çağırılan T.Əhədlinin ayağından yaralandığı bildirilir. Bundan əvvəlsə düşmən tərəfinin açdığı atəş nəticəsində Əlibəyli kənd sakini, 38 yaşlı Ruhiyə Əhməd qızı Hüseynova ayaq nahiyəsindən yaralanıb. Əlibəyli sakinləri deyirlər ki, hava qaralandan sonra kənddəki bütün evlər düşmən tərəfindən fasiləsiz olaraq iri çaplı silahlardan atəşə tutulur. Sakinlər ordumuzun düşmənə layiqincə cavab verməməsindən də şikayətlənirlər. Məlumatı gec aldığımızdan Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilmədik. Növbəti sayımızda Müdafiə Nazirliyinin də mövqeyini dərc etməyə çalışacağıq.
2014-01-25
7,286
Geologlar həyəcan təbili çalır
Respublikanın seysmik zonası sayılan Şamaxıda hər gün yeraltı təkanlar qeydə alınır. Azərbaycan ərazisinin 2013-cü ildə seysmik xüsusiyyətləri haqqında keçirilən konfransda Şamaxının ən aktiv seysmik zona olduğu bidirilib. Təkçə 2013-cü ilin dekabr ayının 18-22 tarixlərində Şamaxı və İsmayıllı rayonları ərazində ümumilikdə 100 dən çox kiçik yeraltı təkanlar qeydə alınıb. Nəticədə bu rayonların ərazisində bir sıra sürüşmələr baş verib. Yerin daxilində gedən proseslər, zəlzələ ocaqları, vulkanlar, onların yaranma səbəbləri, bu sahədə aparılan tədqiqatlar, zəlzələölçmə cihazlarının funksiyaları, kosmosda gedən proseslər, Yer planetinə komet, asteroid və meteroit təhlükəsi barədə məlumatlar verilib. Ötən il Azərbaycanda 24 hiss olunan zəlzələ baş verib ki, onlardan 6-sı Şamaxıda qeydə alınıb. (Trend)
2014-01-25
7,287
Eks müdafiə naziri xalqı silaha sarılmağa səslədi
Ukraynanın eks müdafiə naziri Anatoli Qriçenko Maydanda çıxış edərək Kiyevin küçələrini qorumaq üçün xalqı silaha sarılmağa səslədi. Eks nazir bildirib ki, kimin qanuni silahı varsa, ilk növbədə ölkənin bu çətin günündə qabaqda getməlidir. "Silahı isə yalnız sizə atəş açılan zaman işlətmək lazımdır. Mən bu addımı bir siyasətçi kimi birinci atacam, çünki hal-hazırda mənim üstümdə qanuni silahım var. Mən təhsilli və ağıllı insanam. İnsan hüquqlarından başlaayaraq bütün qanunları oxumağı bacarıram, harda insana hansı hüquq verilməlidir, onu yaxşı bilirəm. Kimsə mənə atış açsa, özümü qorumaq üçün onu öldürməyə hazıram. Bütün bunlar qanunda yazılıb", - deyə Anatoli Qriçenko bildirib. "Ukrainskaya pravda" qəzetinin yazdığına görə, hazırda təkcə Kiyevdə deyil, ölkənin qərb bölgəsində də qarşıdurmalar davam edir. Ölən və yaralananlar haqda məlumatlar da verilir. Artıq İvano-Frankovsk, Jitomir, Xmelnitski, Lvov, Ternopol, Çerkassı demək olar ki, müxalifətçilərin əlindədir. Onlarin əsas tələbi yerli icraedici orqanların istefaya getməsidir. (ANS)
2014-01-25
7,288
İlham Əliyev general-qubernatoru təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Kventin Braysa ölkənin milli bayramı - Avstraliya günü münasibətilə təbrik məktubu göndərib. Məktubda son illərdə Azərbaycan-Avstraliya əlaqələrinin genişlənməsinin məmnunluq doğurduğu, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığın inkişafı yolunda bundan sonra da birgə səylər göstəriləcəyi vurğulanıb. Dövlətimizin başçısı əlamətdar gün münasibətilə General-Qubernatora ən xoş arzularını çatdırmış, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah diləyib. (AzərTac)
2014-01-25
7,289
Müxalifətin prezidentlə növbəti görüşü də nəticəsiz bitdi
Müxalifətin prezidentlə növbəti görüşü də nəticəsiz bitdi; "UDAR" ölkənin ən nüfuzlu iş adamına vasitəçilik təklif elədi... Ukraynadakı siyasi böhran getdikcə dərinləşməkdədir. Yanvarın 21-də "Berkut"un vətəndaşlara silahlı hücumu və 3 nəfərin həlak olması bu böhranı daha da dərinləşdirib. Böhranı dinc yolla aradan qaldırmaq tərəfdarı olan müxalifət yanvarın 25-də yenidən prezident sarayında prezident Yanukoviçlə danışıqlar aparıb. "UDAR"ın rəhbəri Vitali Kliçko, "Batkivşina"nın rəhbəri Arseniy Yatsenyuk, "Azadlıq" fraksiyasını başçısı Oleq Tyaqnebok görüşdə bir daha növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi tələblərini səsləndiriblər. Lakin axşam saatlarınadək sürən görüş nəticəsiz bitib. Siyasilər danışıqlar masası ətrafında çözüm axtardığı dönəmdə isə müxalifət fəalları regionlarda bir neçə inzibati binanı ələ keçiriblər. Bəzi regionlarda milis xalqın tərəfinə keçib. Yanvarın 24-də gecə saatlarında Kiyevdə müxalifətçilər Daxili İşlər Nazirliyinin 2 əməkdaşını girov götürüb. 3-cü milis isə mitinqçilərdən qurtula bilib. Yanvarın 25-də Ukrayna Daxili İşlər Nazirliyi girov götürülən milislərin dərhal azad edilməsini tələb edib. DİN-in bu haqda açıqlamasında bildirilir ki, tələb yerinə yetirilməsə, milislər azad edilməsi üçün xüsusi əməliyyat keçiriləcək. Donetskdə isə "UDAR" partiyasının yerli bölməsinin fəalları iş adamı Renat Axmetovun evinin qarşısında aksiya keçiriblər. "UDAR"ın yerli təşkilatının rəhbəri Yeqor Firsov aksiyadakı çıxışında deyib ki, Axmetov Ukraynada iqtidarla xalq arasında vasitəçilik edərək siyasi böhrana son qoymağa qadir yeganə şəxsdir. Sitat: "Bu gün əsas məsələ odur ki, prezident Viktor Yanukoviç Avromaydanın səsini eşitsin, aylardır səsləndirdiyimiz tələbləri yerinə yetirərək növbədənkənar prezident və parlament seçkiləri keçirsin. Çünki bu günlər şahidlik etdiyimiz qarşıdurma güclənsə, Ukraynada sonu bilinməyən vətəndaş müharibəsi başlayacaq. Axmetov Ukraynada nüfuzuna görə ölkədə prezidentdən sonra ikinci yerdə dayanır. O, həm də Ukraynanın ən zəngin adamıdır. Onun müəssisələrində 300 mindən çox insan çalışır. Ölkədə hər kəs bilir ki, o, nüfuz dairəsində olan deputatlar, hökumət üzvləri ilə ölkədəki siyasi duruma yetərincə ciddi şəkildə təsir etmək gücündədir. Bir Ukrayna vətəndaşı kimi onu ölkə üçün gərgin və ağır günlərdə seyrçi mövqe tutmamağa çalışırıq". Hələlik Renat Axmetov "UDAR"ın vasitəçilik təklifinə cavab verməyib. Onun mətbuat xidmətinin yaydığı açıqlamada yalnız o bildirilir ki, Axmetov ölkədəki böhranın istisnasız olaraq dinc yolla aradan qaldırılmasına tərəfdardır. Ukraynanın siyasi ekspertləri isə düşünür ki, artıq ölkə elə bir nöqtəyə yaxınlaşıb ki, beynəlxalq vasitəçilərin dəstəyi olmadan böhrandan çıxmaq mümkün olmayacaq. Bir sıra politoloqlar iddia edir ki, müxalifət partiyaları vasitəçilik üçün dünyanın nüfuzlu siyasət adamları ilə danışıqlar aparır. Məsələn, "Batkivşina"nın rəhbəri Arseniy Yatsenyukun AB-nin komissarı Ştefan Füle ilə danışıqlarında da bu məsələnin müzakirə edilməsi ilə bağlı xəbərlər var. Görüşdən sonra jurnalistlərə açıqlamasında Yatsenyuk bu faktı təsdiq edib: "Ukrayna ciddi siyasi böhran içərisindədir. Biz bir sıra avropalı siyasilərlə böhrandan çıxış yollarını müzakirə edirik. Bizim də fikrimiz belədir ki, beynəlxalq vasitəçilər olmadan siyasi böhranı aradan qaldırmaq mümkün olmayacaq". ("Musavat.com")
2014-01-25
7,290
Donetsk Yanukoviçi Maydana qarşı güc tətbiqinə çağırdı - Video
Bu gün Ukraynanın Donetsk şəhərində prezident Viktor Yanukoviçin rəhbəri olduğu Regionlar Partiyasının tərəfdarlarının mitinqi keçirilib. Mitinqdə 600-ə yaxın adam iştirak edib. Əsasən Donetskin müəssisələrindən gəlmiş mitinq iştirakçıları prezidentin siyasətini dəstəklədiklərini bildiriblər. Bir sıra mitinq iştirakçıları Kiyev Maydanına qarşı sərt tədbirlər görməyə çağırıblar. Donetskdə yerləşən "Promstroyniiproekt" elmi-tədqiqat institutunun direktoru Stanislav Malikov bildirib: "Güc tətbiq edənlərə qarşı güc tətbiq etmək lazımdır. Onlarla danışıq aparmaq olmaz. Onların məqsədi ayrıdır". Daha sonra o, Maydana qarşı güc tətbiq edən güc strukturlarını qəhrəman adlandırıb: "Bizim güc sturturları - bizim qəhrəmanlardır. Onlar məhz güc tətiq etmək üçün "güc strukturları" adlanırlar". (ANS)
2014-01-25
7,291
Suriyada savaş sonlana bilər
Suriya hökuməti və müxalifəti arasında əsas danışıqlar Cenevrədə bazar ertəsi başlayacaq, bundan əvvəl yalnız məsləhətləşmələr olub. Bu barədə şənbə günü jurnalistlərə Suriya müxalifətinin nümayəndə heyətinin rəsmi nümayəndəsi Luay Safi bildirib. "İndi yalnız məsləhətləşmələr aparılıb. Əsas danışıqlar bazar ertəsi başlayacaq. Danışıqlar zamanı biz keçid hökumətinin yaradılmasını müzakirə edəcəyik", - Safi deyib. "Cenevrə-2" beynəlxalq konfransı çərçivəsində Suriya hakimiyyətinin müxalifət nümayəndə heyəti ilə görüşün ilk mərhələsi şənbə günü baş tutub, danışıqlarda BMT və ƏDL-in xüsusi nümayəndəsi Lahdar Brahimi iştirak edib. (Trend)
2014-01-25
7,292
Ağstafada atışma başladı
Bu gün axşam saat 20.00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri Ağstafa rayonunun Köhnə Qışlaq kəndini bərk atəşə tutub. Emənilərin əsas məqsədi son günlər Azərbaycanın digər cəhbə bölgələrində olduğu kimi burada da vəziyyəti gərginləşdirməkdir. Atəş əsasən erməni əsgərlərinin dayandıqları postlardan Azərbaycan əsgərlərinin dayandıqları postlara və Köhnə Qışlaq kəndi istiqamətinə açılır. Hazırda atışma davam edir. (ANS)
2014-01-25
7,293
Qocalar evində yanğın: 32 ölü
Kanadanın Kvebek əyalətindəki qocalar evində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, faciə Monrealdan 450 km aralıda yerləşən İl-Vert şəhərində qeydə alınıb. Məlumata görə, qocalar evində 60-dək insan yaşayırmış, yanğın baş verən an binada olanların dəqiq sayı məlum deyil. Yanan binadan 20 nəfəri təxliyə etmək mümkün olub, onlardan çoxu müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Yanğının səbəbləri araşdırılır.
2014-01-25
7,294
Misirdə partlayışlar davam edir: 9 yaralı
Misirin şimal-şərq şəhəri Süveyşdə baş vermiş partlayışda 9 nəfər yaralanıb. "Axar.az" xəbər verir ki, təhlükəsizlik mənbələrindən verilən məlumatda bildirilir ki, şəxsiyyəti məlum olmayan şəxslər şəhərdəki binalardan birinə bomba atdıqdan sonra silahla atəş açıblar. Təhlükəsizlik qüvvələri cinayətkarın tutulması üçün geniş miqyaslı əməliyyata başlayıb.
2014-01-25
7,295
1974: Kennedi Tiflis bazarında – Tarixi foto
Bu şəkil 1974-cü çəkilib. Həmin il SSRİ-yə təşrif buyuran Edvard Kennedi paytaxt Moskva ilə barəbər, Tiflis şəhərinə də səfər edib. "Axar.az"ın araşdırmasına görə, Sovetlər Birliyində "liberal senator" ləqəbi ilə tanınan senatorun ən yaxın dostu sayılan yazıçı Andrey Voznisenski xatirələrində yazır ki, Edvard onun şeirlərini sevə-sevə oxuyarmış: "Edvard Kennedi 1974-cü ildə SSRİ-yə gəldi. Onu yüksək səviyyədə qarşıladılar. O, müxtəlif məkanlara, o cümlədən Gürcüstan Sovet Sosialist Respulikasının paytaxtı Tiflis şəhərinə getmək istədiyini bildirdi. Dostum sadəliyi sevərdi, mühafizəsiz gəzərdi, arzusu Sovet metrosunda hərəkət etmək idi. Səfərinin ikinci günü metrodan çıxan Kennedi mənə, "dostum, təəcüblənirəm, məni heç kim tanımadı", - deyərək gülümsədi. Səfərinin üçüncü günü Edvard onu müşayiət edən qrupla Tiflisə uçdu". Xatırladaq ki, şəkil Tiflisin mərkəzi bazarlarından birində çəkilib. "Dezertin" bazarı adlanan sözügedən məkan uzun illər kənd təsərrüfatı məhsullarının alış-verişi üçün nəzərdə tutulurdu. Qəribədir, bütün nöqsanları ört-basdır edən, əcnəbilərə SSRİ-də hər şeyin səliqəli, sahmanlı olduğunu durmadan vurğulayan Sovet rəhbərliyi Edvard Kennediyə natəmizliyin baş aldığı bazarlardan birinə getməsinə nə yaxşı razılıq verib? Qeyd edək ki, Demokratlar Partiyasının üzvü olan Edvard Kennedi 1962-2009-cü illərdə, fasiləsiz olaraq 47 il müddətində ABŞ-ın Massaçuses ştatının senatoru olub. 2009-cu ildə 78 yaşında vəfat edib. O, sui-qəsd nəticəsində qətlə yetirilən Amerikanın 35-ci prezidenti, məşhur Con Kennedinin kiçik qardaşıdır.
2014-01-26
7,296
Viktor Yanukoviçin təklifini müxalifət rədd etdi - Yeniləndi
Ukrayna prezidenti Vikor Yanukoviç müxalifət liderlərindən olan Arseniy Yatsenyuka Baş nazirlik təklif edib. "Axar.az" Cihan xəbər agentliyinə istinadən xəbər verir ki, müxalifət liderinin ölkə prezidentinin təklifini qəbul edib-etmədiyi ilə bağlı məlumat verilməyib. 23.05 Ukrayna prezidenti Viktor Yanukoviç "UDAR" partiyasının lideri Vitali Kliçkoya da baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsini təklif edib. Əgər müxalifət liderləri Yanukoviçin təklifini qəbul edərlərsə prezident hökumətin istefasına dair qərar verəcək. 01.12 Ukrayna müxalifətin liderləri – Arseni Yasenyuk və Vitali Kliçko prezident Viktor Yanukoviçin onlara təklif elədiyi baş nazir və baş nazirin müavini postlarından imtina ediblər. Bu barədə jurnalistlərə parlamentin üzvü Yuri Stes deyib. ("Musavat.com")
2014-01-25
7,297
Azərbaycanda yeni böyük teleskop quraşdırılacaq
Şamaxıda rəsədxananın yanında onun işinə mane olacaq otellərin tikintisi dayandırılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının gecə müşahidələrinə maneə yaradan ətrafdakı binaların tikintisi dayandırılıb. Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev bildirib ki, rəsədxanaya yaxın olan yaşayış məntəqələri ən azı 5 kilometr aralı məsafədə yerləşməlidir. 60 il öncə bu astrofizika rəsədxanası inşa edilən zaman əvvəlcə onun yerləşəcəyi ərazinin astroiqlimi tədqiq olunub. Astrofizika rəsədxanasının böyük şəhərlərdən, rayon mərkəzlərindən uzaqda, dağlıq ərazidə tikilməsinin əsas səbəbi gecənin vaxtı səma cisimlərini rahat şəkildə müşahidə etmək olub. Onun sözlərinə görə, rəsədxanaya yaxın ərazidə olan yaşayış məntəqələrinin gecə işıqlandırılması rəsədxananın teleskoplarının fəaliyyətinə mane olur. Həmçinin, rəsədxananın ətrafında evlərin, otellərin tikilməsi onun işinə ciddi problem yaradır: "Həmin binaların işıqları gecələr rəsədxananın işini xeyli çətinləşdirir. Tikintilər adətən rəsədxanaların ətrafında, yəni ən azı 5 kilometr aralı məsafədə aparılmalıdır. Evlərə, otellərə gələn maşınların işığı da bizə mane olur. Bu günədək evlər və xırda obyektlərlə birgə razılığa gələ bilirdik və gecələr onlar işıqlarını söndürürdü, biz də müşahidələrimizi apara bilirdik". Əyyub Quliyevin sözlərinə görə Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında son vaxtlar otelin və böyük binaların tikintisinə qadağa qoyulması üçün Prezident Administrasiyasına müraciət edilib. Rəsədxana ətrafında tikilən binaların işıqlarının gecələr teleskopun fəaliyyətinə nə dərəcədə mane olmasının araşdırılması üçün Fövqəladə Hallar Nazirliyinə məktub ünvanlanıb. Hazırda həmin binaların inşası dayandırılıb. Əyyub Quliyev onu da bildirib ki, hazırda gündəlikdə olan yeni bir məsələ isə Azərbaycanda yeni böyük optik teleskopun quraşdırılmasıdır. "Həmin teleskopun Şamaxı Astrofizika Rəsədxanasının ərazisində quraşdırılması məqsədəuyğun hesab edilmir. Yeni teleskopu elə bir yerdə quraşdırmaq lazımdır ki, avtomobillərdən, evlərdən və digər obyektlərdən gələn suni işıqlardan çox uzaqda olsun. Yəni, yeni teleskop yaşayış məntəqələrindən çox kənarda, hündür bir dağda quraşdırılacaq ki, qarşıdakı 20-30 il ərzində süni işıq mənbələri həmin yerə gəlib çata bilməsin. Yeni teleskop üçün Şamaxıda bir çox yerə baxış keçirilib. Dəniz səviyyəsindən 2500-3000 metr hündür olan, gecə vaxtında səma cisimlərinin rahat şəkildə müşahidə edildiyi dağ zirvəsi, buludların nisbətən aşağı olduğu bir yer teleskop üçün əlverişli hesab edilir. Hazırda teleskopun yerləşəcəyi ərazinin astroiqlimi tədqiq olunur", deyə Əyyub Quliyev bildirib.
2014-01-25
7,298
Cenevrədə ilk görüş nəticəsiz başa çatıb
BMT və Ərəb Birliyinin xüsusi nümayəndəsi Əl Əhdər əl İbrahimi bu gün Cenevrədə keçirilən görüşlə bağlı münasibət bildirib. "Axar.az" xəbər verir ki, İbrahimi bildirib ki, ilk görüşdə əhəmiyyətli addımlar atılmayıb. Ancaq iqtidar və müxalifətlə əldə ediləcək razılaşmanın ardından Suriyaya humanitar yardım göndəriləcək. Bundan əlavə hər iki tərəf arasında girov dəyişdirilməsi məsələləri müzakirə ediləcək. Görüşlərin gələn həftə də keçirilməsi nəzərdə tutulub.
2014-01-25
7,299
İsmayıl Ömərov: "Sözümü hər kəs öz tərbiyəsinə uyğun yozmasın"
"Mənim leksikonumda söyüş yoxdur. Ona görə də mənim sözümü hərə öz tərbiyəsi çərçivəsində yozmasın". Bu sözləri İTV-nin keçmiş baş direktoru İsmayıl Ömərov İTV-də Hesablama Palatasının yoxlaması zamanı 100 min manat təyinatsız maliyyə vəsaiti xəbərinə verdiyi "yalançının..." reaksiyasına aydınlıq gətirərəkən "Axar.az"a dedi. Tanınmış jurnalistin sözlərinə görə, onun fikirlərinin yanlış anlaşılması hər kəsin öz əxlaq məsələsidir: "Müxbir məndən soruşub ki, "Qafqazinfo"da Hesablama Palatasının sizin ünvanınıza olan 100 min manat ittihamından xəbəriniz varmı? Mən də söylədim ki, nə yaxşı getdikcə azaldırsınız? Əvvəl 15, sonra 12 milyon, indi də 100 min manat yazırsınız. Yəqin bir azdan 100 manata düşəcək. Burda deyirlər yalançının... Bəli, bunun ardınca o gəlir ki, yalançının yaddaşı olmaz. Bunu başqa cür yozmaq ayıbdır".
2014-01-25
7,300
Bakıda yaşayış evi yandı
Bakıda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, mətbəx və dəhliz 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-26
7,301
İqtidar və müxalifət razılığa gəldi: "Küçələr boşaldılacaq"
Ukraynanı böhrandan çıxarmaq üçün Viktor Yanukoviç müxalifət liderləri ilə üçüncü görüş keçirib. Görüşdə etirazçıların Kiyevin mərkəzi küçələrini boşaltmasına dair razılıq əldə edilib. "Axar.az" Cihan xəbər agentliyinə istinadən xəbər verir ki, Yanukoviç Prezident iqamətgahında Ana Vətən Bloku partiyasından Arseniy Yatsenyuk, "UDAR" lideri Vitali Kliçko və millətçi lider Oleq Tyaqnibokla bir araya gəlib. Danışıqlar zamanı müxalifət və iqtidar Kiyevin mərkəzi küçələrinin boşaldılmasına dair razılığa gəlib. Bundan əlavə Yanukoviç nümayişlər zamanı həbs olunanların azadlığa çıxması üçün amnistiya haqqında qanunun qəbuluna razılıq verib.
2014-01-26
7,302
Daşaltı əməliyyatından 22 il ötür
Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 22 il ötür. "Axar.az" APA-ya istinadən məlumat verir ki, Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb. Daşaltı əməliyyatı 1992-ci il, yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib. Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.
2014-01-26
7,303
Avropa Birliyi Ukrayna ilə sazişə hazırdır
Avropa Birliyi yenə də əvvəlki kimi Ukrayna ilə sazişə hazır olduğunu bəyan edib. Bu barədə AB sədri Herman van Rompey Varşavada Polşanın baş naziri Donald Tuskla görüşü zamanı bildirib. Onun sözlərinə görə, burada əsas şərt hakimiyyətin azad, vahid və demokratik Ukraynaya sadiqliyini nümayiş etdirməsidir. Rompey həm də "Ukrayna hakimiyyətinin çoxu dinc sakin olan etirazçılara qarşı güc tətbiq etməsini" qınayıb. O, nümayişdə iştirak etdiklərinə görə tutulanların da tezliklə buraxılmasını arzulayıb. (ANS)
2014-01-26
7,304
Soçini terrordan kazaklar qoruyacaq
Yaxınlaşan qış olimpiadası öncəsi Soçi küçələrində öz ənənəvi geyimləri ilə yüzlərlə kazak keşik çəkir. Bildirilir ki, Krasnodar vilayətinin qubernatoru qeyri-leqal immiqrantların, ələlxüsus müsəlmanların şəhərə qəfil axınının qarşısını almaq üçün 1000-ə yaxın kazak patrulla anlaşıb. "Sizin bacara bilmədiyinizi kazak edə bilər", – deyə yerli polisə qubernator Aleksandr Tkaçov söyləyib. Kazakların hərbi birləşməsi terror aktları ilə əlaqədar rusiyalılara müraciət də ünvanlayıb. "Prezident Putinə qarşı üsyana qalxın, əks halda, növbəti hücumlarla üzləşəcəksiniz", – deyilir müraciətdə. ("Musavat.com")
2014-01-26
7,305
Rusiya və Çin hərbi təlimlərə başladı
Rusiya və Çinin hərbi gəmiləri Aralıq dənizində hərbi təlimlərə başlayıb. "Axar.az" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, təlimdə Rusiyanın ağır nüvə kruvazörü Pyotur Veliki və Çinin sahil təhlükəsizlik gəmisi iştirak edir. Təlim zamanı gəmilərin açıq dənizdə koordinasiyası, rabitə zabitlərinin dəyişdirilməsi kimi tədbirlər görüləcək. Bundan əlavə təlimə vertolyotlar da qatılacaq. Rusiya Müdafiə Nazirliyi təlimdə əsas məqsədin Rusiya və Çin arasında açıq dənizdə əməliyyat peşəkarlığının artırılmasının olduğunu deyib. Rusiya və Çinin hərbi gəmiləri arasında əməkdaşlıq ilk dəfə bu ilin 7 yanvarında Suriyanın kimyəvi silahlarının Aralıq dənizidə daşınması zamanı yaranıb. Rusiyanın Aralıq dənizində 10-dan çox hərbi gəmisi var. Rusiyanın hərbi gəmilərinin Aralıq dənizidə 2015-ci ilə qədər qalacağı gözlənilir. Xatırladaq ki, Sovet Rusiyasının 1967-ci ildə Aralıq dənizində 30-50 arası hərbi gəmisi var idi.
2014-01-26
7,306
Prezidentin mətbuat katibi vəzifəsindən azad edildi
Ukrayna prezidenti Viktor Yanukoviç mətbuat katibi Darya Çepakı vəzifəsindən azad edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, müvafiq fərman prezidentin saytında dərc edilib. Bundan başqa Ukrayna prezidenti Andrey Yermolayevi Milli Strateji Tətqiqatlar İnstitutunun direktoru vəzifəsindən azad edib. Qeyd olunan vəzifələrə yeni təyinatlar barədə hələlik məlumat yoxdur.
2014-01-26
7,307
Tanınmış telejurnalist Türkiyəyə əməliyyata getdi
Tanınmış telejurnalist Anar Yusifoğlu bu gün səhhəti ilə bağlı Türkiyəyə müalicəyə gedir. "Axar.az"ın məlumatına görə, həmkarımızın hər iki gözündə ağır cərrahiyyə əməliyyatı aparılacaq. Qeyd edək ki, A.Yusifoğlu uzun müddətdir keratakonusdan əziyyət çəkir. Hazırda vəziyyət daha kritik olduğundan, cərrahi müdaxilə qaçılmazdır. Əməliyyat yanvarın 28-də, İstanbulun Alman Xəstəxanasında professor Ömər Faruk Yılmaz tərəfindən aparılacaq. Həmkarımıza Allahdan şəfa diləyirik.
2014-01-26
7,308
Daha bir homoseksual gənc intihar anonsu verdi
Bir neçə gün əvvəl intihar edən homoseksual gənc İsa Şahmarlının Azad LGBT təşkilatının daha bir nümayəndəsi intihar anonsu verib. Rəşad Hüseynli "Facebook"da intihar edəcəyini yazıb: "Mən yaxşı deyiləm. Ağlamaqdan telefonun rəqəmlərini görmürəm. İsa bəlkə bir neçə saatdan sonra yanına gəldim. Amma səndən neçə gün arxadayam, yəqin çataram. Mən həyatın mənasını səndə tapdım və sən olmadan mənasızdır. Ona görə gələcəm yanına". Rəşad Hüseynli başqa bir statusunda yazır: "Anama deyirəm özümü Azərbaycan bayrağından asacam. Anam mənə deyir ki, mən də sizin bayraqdan (Azad LGBT-red.) asacam, homoseksual olacam". Rəşad Hüseynlinin statusları dotslarının narahatlığına səbəb olub. Onlar gəncdən xəbər ala bilmirlər. ("Musavat.com")
2014-01-26
7,309
Ərdoğan Türkiyə prezidenti ola bilər
Çox güman ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu yay ölkə prezidenti postuna namizədliyini irəli sürəcək. Bu barədə hakim Ədalət və inkişaf partiyasının (AKP) rəhbərinin müavini Hüseyn Çelik bildirib. Onun sözlərinə görə, həm ölkə prezidenti, həm də baş nazir birbaşa ümumxalq səsvermə yolu ilə seçilsə, bu fakt hökumətdə xaos yaratmamalıdır. "Mən hesab edirəm ki, prezidenti birbaşa səsvermə yolu ilə seçmək lazımdır. Onda prezident və baş nazir münaqişə yaratmayacaqlar fikri ilə razı deyiləm", - Çelik deyib. O, əlavə edib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və inkişaf partiyasından bir nömrəli namizəddir. (Trend)
2014-01-26
7,310
Bakıda minik avtomobili yandı
Bakıda minik avtomobilində yanğın baş verib. "Axar.az" FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda "MERCEDES" markalı minik avtomobilinin mühərriki və şiti yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-26
7,311
Bakıda kişi 8-ci mərtəbədən yıxılıb öldü
Bu gün səhər saat 07:00 radələrində Bakının Yasamal rayonu ərazisində bir nəfər 8-ci mərtəbədən yıxılıb. Təxmini 50 yaşında olan bir kişi yaşadığı binanın 8-ci mərətbəsindən yıxılıb. Araşdırmalar zamanı onun Ceyhun Kamran oğlu Məmmədov olduğu məlum olub. Ehtimal olunur ki, kişi intihar edib. Lakin hadisənin dəqiq təfərrüatları aparılacaq istintaqdan sonra məlum olacaq. Hazırda hadisə yerində təcili yardım həkimləri, polis və prokurorluq əməkdaşları çalışır. Faktla bağlı araşdırma aparılır. (ANS)
2014-01-26
7,312
Şimali Koreya liderinin dayısının bütün ailəsi edam olunub
Şimali Koreyada ölkə rəhbərinin bir müddət əvvəl edam olunmuş dayısı Çan Son Txekin bütün ailəsi Kim Çen Inın əmri ilə edam olunub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə "Renhap" xəbər agentliyi məlumat yayıb. Məlumata görə, kütləvi edama azyaşlı uşaqlar da daxil olmaqla Çan Son Txekin bütün ailə üzvləri məruz qalıb. Agentliyin məlumatına görə, Çan Son Txekin böyük bacısı Çan Qe Sun və onun əri - KXDR-in Kubadakı səfiri Çon En Çjin, Çan Son Txekin bacısı oğlu – Şimali Koreyanın Malayziyadakı səfiri Çan En Çxol və onun 20 yaşda olan övladları Te ren və Te Un hələ ötən ilin dekabrında Pxenyana çağırılaraq edam olunublar. Qeyd edək ki, Çan Son Txekin iki qardaşı daha əvvəl xəstəlikdən vəfat ediblər, buna görə kütləvi repressiyaya onun bacılarının ailələri (azyaşlı nəvələri də daxil olmaqla) məruz qalıb. Məlumata görə, Çan Son Txekin müqavimət göstərməyə cəhd edən ailə üzvləri yaşadıqları evlərinin qarşısında, qonşuların gözü qabağında güllələnərək edam olunublar. Qeyd edək ki, Şimali Koreya rəhbərinin dayısının qan qohumları olmayan qadınlara ölüm cəzası şamil edilməyib. Belə ki, Çan Son Txekin bacısı oğlu Çan En Çxolun həyat yoldaşı ailəsi ilə birlikdə ölkənin şimalına sürgün olunub. Xatırladaq ki, Şimali Koreyada uzun müddət ikinci adam hesab edilən Çan Son Txek ötən ilin dekabrında dövlət çevrilişinə cəhddə günahlandırılaraq edam edilib.
2014-01-26
7,313
Bakıda 2 yaşlı uşaq diri-diri yanıb öldü - Dəhşət
Ötən gün saat 20:40 radələrində Bakının Binəqədi rayonu rəazisində faciə baş verib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Rəsulzadə qəsəbəsində baş verən faciə zamanı bir ailənin 2 yaşlı körpəsi dünyasını dəyişib. Hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, 2012-ci il təvəllüdlü Bəxtiyar Muradovun üstünə qaynayan su tökülüb. Uşaq ağır dərəcəli yanıq xəsarətləri alıb. Hadisə yerinə həkim çağrılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. (ANS)
2014-01-26
7,314
Əfqanıstan ordusuna hücum: 4 ölü, 22 yaralı
Əfqanıstanın paytaxtı Kabildə orduya qarşı edilən hücum nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb. "Axar.az" Cihan xəbər agentliyinə istinadən xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zahir Əzmi hücumun Kabilin Karte Nev bölgəsində baş verdiyini açıqlayıb. reallaşdığını söyləyib. Hücumun məsuliyyətini Taliban təşkilatı boynuna götürüb
2014-01-26
7,315
Boks üzrə çempionat ilk dəfə baş geyimi olmadan keçiriləcək
Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında Azərbaycan çempionatına start veriləcək. Yanvarın 30-dək davam edəcək yarışda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 150-yə yaxın dəri əlcək ustasının çıxışı gözlənilir. Bu il böyüklər arasında dünya və Avropa çempionatı keçirilməyəcəyindən milli komandamızın bir çox liderləri turnirdə iştirak etməyəcəklər. 2 qat dünya çempionu Məhəmmədrəsul Məcidov, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov ölkə çempionatında mübarizə aparmayacaqlar. Soltan Migitinov "Baku Fires" klubunun heyətində Meksikaya yollandığından yarışa qatıla bilməyəcək. Ötən il Qazaxıstanda dünya çempionu olmuş Cavid Çələbiyev, Avropa çempionatının bürünc mükafatçıları Elvin Məmişzadə, Salman Əlizadə, son dünya çempionatının iştirakçıları Pərviz Bağırov, Elvin İsayev və Rauf Rəhimov da yenidən ölkə miqyasında "birinci nömrə" olduqlarını sübut etməyə çalışacaqlar. Ümumdünya boks seriyasında yarışan "Baku Fires" klubunun 11 üzvü də Azərbaycan çempionatında gücünü sınayacaq. Onların arasında London olimpiadasının iştirakçısı Məhəmməd Abdulhəmidov (52 kq), WSB liqasında 13 döyüşün 10-da qalib gəlmiş Xaybulla Musalov (75 kq) və Abdulqadir Abdullayev (91 kq) daha tanınmışlarıdır. Qeyd edək ki, ilk dəfə olaraq Azərbaycan çempionatı baş geyimi olmadan keçiriləcək. (Trend)
2014-01-26
7,316
Suriya müxalifəti özü-özünü qırır – Video
"Cenevrə-2" nümayəndələri Suriya münaqişəsinə siyasi çözüm axtararkən, Suriya ekstremist qüvvələri öz aralarında münasibətləri müəyyənləşdirməyə çalışır. Ölkədə "Əl-Qaidə" ümümdünya terror təşkilatının dəstəklədiyi qüvvələrlə digər müxalif qüvvələr arasında böyük şəhərlərə giriş uğrunda qanlı müharibə gedir. Toqquşmaların baş verdiyi Aleppo şəhərindən RT müxbiri Mariya Finoşina xəbər verir. ("AzVision.az")
2014-01-26
7,317
Ərəb prezident xəstəxanalıq oldu
Birləşmiş Ərəb Əmirliklərinin prezidenti iflic diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəlifə ibn Zeyd Əl Nəxayyan cümə günü axşam xəstəxanaya yerləşdirilən kimi əməliyyat olunub. Həkimlər onun vəziyyətin stabil qiymətləndirir. Qeyd edək ki, dünyanın ən varlı adamları siyahısında (`Forbs`) olan şeyx 2004-cü ildən bəri hakimiyyətdədir. ("AzVision.az")
2014-01-26
7,318
Polislər “Ukrayna Evi”ni tərk edirlər
200-dək milis əməkdaşı Kiyevin mərkəzində etirazçılar tərəfindən mühasirəyə alınmış "Ukrayna Evi"ni tərk edib. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, milis işçiləri binanı yan çıxışdan müqavimətsiz tərk edib. Bundan sonra onlar "Berkut" xüsusi təyinatlıların müşayiəti ilə Mixaylovski meydanı istiqamətində aparılıb. Məlumatda milis işçilərinin Kiyev və Odessa post-patrul xidmətinin əməkdaşları olduğu ehtimal edilir.
2014-01-26
7,319
TRT aparıcısı bu ifadəsinə görə işdən çıxarıldı - Foto/Video
Dünən axşam xəbərlərində TRT-də maraqı hadisə yaşanıb. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, TRT aparıcısı Anda Özmənin MHP-ni "bala müxalifət" adlandırması MHP-çiləri özündən çıxarıb. Belə ki, CHP ilə bağlı xəbərdən sonra aparıcı "Bəli, ana müxalifətdən bala müxalifətə keçək" deməsi MHP-çilərin etirazına səbəb olub. Bu hadisədən sonra MHP TRT-dən üzr istənilməsini tələb edib. Hadisədən sonra TRT Xəbər və İdman Nəşrləri İdarəsi rəhbəri Nəsuhi Güngörün təimatıyla Anda Özmən vəzifədən uzaqlaşdırılıb. Aparıcı Anda Özmən isə "Twitter" hesabından üzür istəyərək bildirib ki, "iki xəbər arasında əlaqə yaratmaq üçün belə bir səhvə yol verdim. Təkrar üzr istəyirəm"
2014-01-26
7,320
Bakıda II "Global Shared Societies" Forumu keçiriləcək
Bakıda keçiriləcək II "Global Shared Societies" Forumuna hazırlıq məqsədilə Yunanıstanın paytaxtı Afina şəhərində 19-21 fevral 2014-cü il tarixində təşkil olunacaq "II High Level Meeting" (Yüksək Səviyyəli Görüş) öz ətrafında dünya liderlərini toplamaqda davam edir. Belə ki, forumun işində Latviyanın sabiq prezidentləri xanım Vayra Vike-Freyberqa və Valdis Zatlers, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Albaniyanın sabiq Prezidenti Rexhep Meidani, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Gürcüstan Universitetinin sədri xanım Giuli Alasania, İsveçrə Prezidentinin müşaviri səfir Valter Füst, Yunanıstanın sabiq Baş naziri George Papandreous, sabiq xarici işlər naziri Dora Bakoyannis və bir sıra digər liderlərin iştirakı nəzərdə tutulub. Ali toplantı YUNESKO-nun xoşməramlı səfiri xanım Marianna V.Vardinoyannisin himayəsi və İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Dünya Elmlər və Mədəniyyət Akademiyası tərəfindən təşkil olunur. (Trend)
2014-01-26
7,321
Bir sutkada 150 atəşkəs pozuntusu - Rəsmi
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 150 dəfə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar, Berkaber kəndləri və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində, Noyemberyan rayonunun Berdavan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Baş Qərvənd, Tərtər rayonunun Göyarx, Çiləbürt, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-01-26
7,322
Misirdə iğtişaşlar zamanı ölənlərin sayı 49 oldu
Misirdə 2011-ci il 25 yanvar inqilabının ildönümünə həsr olunmuş nümayişin iştirakçıları ilə polis arasında baş vermiş qarşıdurma zamanı ölənlərin sayı 49 nəfərə çatıb. Bu barədə "Frans Press" agentliyi xəbər yayıb. Bundan əvvəl 29 nəfərin öldüyü bildirilib. Məlumata görə, hüquq mühafizə orqanlarının əməkdaşları 1079 aksiya iştirakçısını saxlayıblar. (Trend)
2014-01-26
7,323
Misirlilər ABŞ-da da ayağa qalxdı - Etiraz
ABŞ-da yaşayan bir qrup misirli Nyu-Yorkda Misir səfirliyinin qarşısında nümayiş keçirib. "Axar.az" Cihan xəbər agentliyinə istinadən xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, əksəriyyəti qadın və uşaqlardan ibarət olan nümayişçilər etirazlara davam edəcəklərini bildiriblər. Etirazçılar şüarlar səsləndirərək keçmiş prezident Məhəmməd Mursi və digər siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər. "Rabia" işarəsini tutaraq siyasi fəallara dəstək olublar. Nümayişçilər ölkədə hərbi rejimin yaradılmasını istəmədiklərini bildiriblər. Aksiya zamanı Mursi və Ərdoğanın birlikdə foto şəkili nümayiş etdirilib. Polis nümayiş boyuna təhlükəsizlik tədbirləri görüb.
2014-01-26
7,324
Qubada mağaza yandı
Quba rayonunda mağazada yanğın olub. Rayonun Birinci Nüqədi kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan mağazada quraşdırılımış avtomat tədavül məntəqəsinin içərisinin plastik hissələri və məbləği məlum olmayan maddi vəsait yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, mağaza yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
2014-01-26
7,325
Rafiq Tağı qəbri üstə udqunduğum şəhər…
"Axar.az" Güneyli şairimiz Sayman Aruzun yeni şeirlərini təqdim edir. Rafiq Tağı qəbri üstə udqunduğum şəhər… Yollar səna yaxınlaşır, Amma xoruzlar banlamır. Bizim sevgimizi gülüm, Polis maşınlar anlamır! Anlamır, dustaq olursan, Qəfəsdə gül böyütməyə... Anlamır, torpaq olursan, Bir dəstə gül böyütməyə... Küçələrdən ev küncünə, Sürgün olmuş adamlarıq. Anlamırlar, qəbirlərin İki ölmüş adamlarıq. Anlamırlar, yorulmuşuq, Qəlbi qırıq kafelərdən. Ayrılıqdan vaxtın olsa, Yolunu sal bizə hərdən! Sənlə mənim görüşümüz... Sahil bağının kədəri... Rafiq Tağı qəbri üstə Udqunduğum bu şəhəri... Sevgi şeiri umma, mənə, Həyat işkəncə yeridir! Uzaqdan bir qatar gəlir, İntiharın lap yeridir... Biz sovrulmuş arzularıq, Yarımçıqlar hekayəsi. Dini kitabların mütləq Bizdən vardır bir ayəsi... Bir qarış torpaq ver, yıxılıb ölək Allahım, darısqal evlərimizdə, Az qalır qəbir tək sıxılıb ölək. Torpaq ki, vermədin vətən salmağa, Bir qarış torpaq ver, yıxılıb ölək. Yenə oturmuşuq, sigaret və mən... Bu rəngli şəhərin adı paytaxtdır. Yorğunam bir qurdun tənhalığı tək, "Allahım qoyunlar necə xoşbəxtdir"! Hər şeyi bilirsən, amma Tanrıcan, Heç kim olduğumçün məni bilmədin! Qəlbimdə qəzəb var, gözümdə araq, Yazıq, sən heç gecə yata bilmədin... Mənim kimilərin nəslin kəsiblər, Sənin göndərdiyin molla "mələklər"! Bütün bu yolların sonunda "heç" var, Gedənlər bir daha gəlməyəcəklər! Fantanlar bağında, Qız qalasında Təbrizi düşünmək, maraqlı işdir... Bu yetmiş metrəlik bayrağın altda Vətənsiz üşünmək, maraqlı işdir... Bizim payımıza söyüş yazıblar, Bir qurup "ziyalı", yəni avara! Bir ovuc vətəni olmayan quşlar Bir ovuc dən üçün, qonar divara... O qədər satdı ki, kişinin oğlu, And içmək istədi, torpaq tapmadı. Tanrı yuxarıdan üç alma atdı Səni düşünürdü, heç nə qapmadı... Bir şeylər vardı ki, sən anlamadan Anlına yazılır və səni seçir... Görsən küçənizdə polis dayanıb Bil ki, ürəyindən azadlıq keçir. Qara il Nə qara ili, Nə qara yeli, Nə qara yelkəni, Nə sənin gözlərindən axan qaranı, Nə mənim ürəyimdən axmayan yaranı, Nə sənin öldüyün Oranı, Nə mənim yaşamadığım buranı, Nə qara vətən, Nə qara müharibə, -Qaranlığı istəmirəm Azadlığa bürünsədə! Nə qara ümid, Nə qara imdad, Nə qara qapı, Nə qara pəncərə. Dartılmış, Darısqal, Uzun-uzun yolları, Qara örtüklərilə! Nə qara qəpik, Nə qara bilərzik, Nə önümdə dayanan bu utanqac döyüşçülər, Azadlığı bağıran, Azadlığı bağlayan. Kövrəlmiş, Arığ, Kölə qizcığazları, Qara örtüklərilə! Nə qara sevgi, Nə qara səadət, Biz, Ayı əritməyə getdik bulutlardan, Və günəş çıxacaydı deyə, Əridik! - Dənizi axtaranlar Odu qarşılayırlar Və küçənin ürəyi soyusun deyə Ölürər! Və həyat məndə böyüyür, həyat məndə böyüyür, həyat məndə böyüyür! Sabir Rüstəmxanlıya ithaf: Sonunda bir şəkil olacağıq uzağı, Azərbaycan Yazıçılar Birliyinin divarında Və ya vətəndən azmışam, bir küsgünün dodağında. Nisgil-nisgil səslənəcəyik. Görəcəyik, amma dinə bilməyəcəyik, Baxacağıq, amma ağlaya bilməyəcəyik, Huyuxlana-huyuxlana divarların üstündə közərəcəyik! "A" hərfinə uduzacağıq, Azadlığa, Araza, Azərbaycana uduzacağıq! Bu "kabinet siyasətçiləri" nin, Bu "teknokravatlar" ın Bu "demomillətsizlər" in içində qəhrəman yaşamaq, Bu Arazı mikrofon arxasında bağıranların önündə, Səməd* kimi boğulmaq Və müştəbeh kölgələrin içində öz qatilini axtarmaq kimi, Yaşamaqdır bizimki. Diktatora de: bizi öldürməyə gəlməsin, Ölüyə ölüm fətvası kimi bir şeydir həyatımız. Internetin bütün səhifələrində axtarışdadır adımız, Tarix kitablarındaki bütün satılanlar bizik. Elmin hələ çözə bilmədiyi formullar, Fəlsəfənin hələ ayağı dəymədiyi yollar... Bu "liberal yarımçıqlar", Bizi necə başa düşə bilərlər?! Bu dünən solçu, bu gün millətçilər, Bu tamada qarınlar, bu "toylar mollaları" Bu Amerika əmcəyində süd əmənlər, Vətəndaş ovuna çıxmış ingiltərəli hörümçəklər.. Vətənsizliyin qorxusundan, Vətəni çiynimdə daşıdım. Sayları çox idi, sayımız az. Sevincimiz iynə qədər, Biraz, Biraz. Nə edə bilərdik qaranlığa? Sığına bildiyimiz adamlar az, Olanlarsa bir az soyuq, bir az dayaz!
2014-01-26
7,326
"Dünya Çempionatı 2014"ə etiraz edənlər saxlanıldı
Braziliyanın San Paulu şəhərindəbu il keçiriləcək futbol üzrə Dünya Çempionatına xərclərin çoxluğuna etiraz edənlərin 100-dən çoxu polis tərəfindən saxlanılıb. Associated Press-in verdiyi məlumata görə, ötən gecə şəhər küçələrinə minlərlə etirazçı çıxıb və polislə toqquşmalar baş verib. İğtişaş törədənlər San Paulu otellərindən birində gizlənməyə çalışsalar da, saxlanıblar. "Qara blok" kimi tanınan qruplaşmanın üzvləri isə polis maşınlarını çevirib, maşınlara və iş yerlərinə ziyan vurublar. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Aksiya sosial media vasitəsilə "Dünya Çempionatını Dayandır Əməliyyatı" adlandırılan kampaniyanın təşkilatçıları tərəfindən təşkil edilib. Təşkilatçılar bu aksiyanın yayda futbol üzrə Dünya Çempionatına qədər keçiriləcək aksiyaların başlanğıcı adlandırıb. Ötən il də Braziliyanın müxtəlif şəhərlərində milyonlarla insan küçələrə çıxaraq, çempionata çox vəsait xərclənməsinə qarşı etiraz aksiyaları keçirmişdi (Anspress).
2014-01-26
7,328
Müxalifət lideri öldürüldü
Tailand paytaxtındakı kütləvi etirazların təşkilatçılarından biri - Sutxin Taratin bu gün qətlə yetirilib. BBC-nin verdiyi məlumata əsasən, o, Banqkok yaxınlığında hökumət təərfdarları və əleyhdarları arasındakı tqquşmalar zamanı güllə ilə vurulub Sutxin Taratin həmin vaxt yük maşınının üstünə çıxaraq əhalini bu günə təyin edilən ilkin parlament seçkilərini boykot etməyə çağırırmış. Ağır yaralanan müxalifət lideri xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb (Musavat).
2014-01-26
7,329
Bakıda top mərmisi tapılıb
Bakıda top mərmisi tapılıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda döyüş sursatı aşkarlanıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız olan 1 ədəd top mərmisidir. Mərmi aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 10:10-da başa çatıb.
2014-01-26
7,330
Burada atanın dayısı yaşayıb, Stalinlə dost olub... - Foto/Özəl
Bu yazını bir qış axşamı yazdım. Əli müəllimlə görüşdən qayıtdığım axşam... Əli müəllim Rusiyada, Amerikada samballı elmi əsərləriylə tanınan alimdi, professordu, texniki eləmlər doktorudu və Məhəmməd Əmin Rəsulzadənin yeganə bacısı Şəhrəbanu xanımın nəvəsi. Öndərin bacısı gəlin köçür Axund Hacı Ələkbərin yeganə qızı Şəhrəbanu xanım gəlin köçməyə hazırlaşırdı. Novxanıda bağ qonşuları olan əsilli-köklü, üç şəcərə Hacı kimi nüfuz sahibi - Hacı İsgəndər nəvəsi, Hacı İmaməli oğlu Hacı Nağının böyük övladı Kərbəlayi Əlinin evinə. Amma o qədər də uzağa getməyəcəkdi. Qızını gözündən uzağa qoymaq, həm də şəhər mühitindən ayırmaq istəməyən atası əvvəlcədən belə şərt kəsmişdi. Mülkləri Novxanıda olan Hacı Nağı oğlu üçün Şəhrəbanu xanımın atası evinə yaxın bir yerdə - Dəvəçi küçəsində mülk almışdı. 1898-99-cu illər idi. El adətiylə toy elədilər, bu evdə onların dörd övladı dünyaya gəldi: Suğra, Tutu, Həsən, Kübra. Əli kənddəki təsərrüfatı idarə elədi, Şəhrəbanu çocuqların tərbiyəsilə məşğul oldu. Şəhrəbanu xanımla Kərbəlayi Əli ömrünün ən bəxtəvər günlərini yaşadılar. Ölüm hər şeyi alt-üst eləyənə qədər. Günlərin birində Əli dünyasını dəyişdi, yenidən Novxanıya "qayıtdı"... Şəhrəbanu xanım Əlinin dörd yadigarıyla xatirələrin ümidinə qaldı. Şəhrəbanu xanım xüsusi təhsil görməsə də, ailə tərbiyəsi, yaşadığı mühit öz sözünü demişdi və bu müdrik qadın bütün çətinliklərə rəğmən övladlarını fədakarlıqla böyüdə bildi. Zamanı gəlincə qızlar ailə qurub ata yurdundan köçdülər. Həsənağanın (Həsəni belə çağırırdılar) toyunu görmək isə Şəhrəbanu xanıma qismət olmadı... Səksəkə içində keçən günlər Həsənağa Rabitə texnikumunda oxuyurdu, yaxşı cavan idi, amma zaman pis zamandı. Məhəmməd Əmin Rəsulzadənin doğmaları ömrünün səksəkə içində keçən günlərini yaşayırdı. Şəhrəbanu xanım deyərdi ki, Məhəmməd Əmin elə bir alovdu ki, şöləsi kimə dəysə, onu qarsalayar... Hökumət ailə başçılarını yığıb təşviqat xarakterli iclaslar keçirirdi. Şəhrəbanu xanım bu iclasların birindən çox dalğın qayıdır və az keçmədən ürək tutmasından vəfat eləyir. Qızı Kübra xanım deyirmiş ki, mən tüxnikumu bitirən il - 1938-də diplom alıb evə qayıdan gün itirdim anamı. Qardaşı Məhəmməd Əminin həsrətiylə yaşayan Şəhrəbanu xanım övladlarından, yeganə oğlundan da nigaran köçür dünyadan. O vaxt Həsənağa 21 yaşındaydı... Radiodan eşitdiyi səs Həsənağa illər sonrası Anaxanım adlı bir qızla evləndi. İlk övladına anasının adını verdi. Sonra Əli, Zemfira, Məlahət doğuldu. O, radio mütəxəssisi idi, müxtəlif dövlət idarələrində işlədi. Sovet dönəmində yaşayıb Kommunist Partiyasına üzv olmadığı üçün yaxşı mütəxəssis olsa belə, ona vəzifə verilmədi. Heç Həsənağa da bu dövlətdən heç nə istəmədi. Dilinə gətirməsə də, ürəyində dayısının qurduğu dövlətin həsərti yaşayırdı. İndi köhnə fotolardan boylanan bu adamın dayısı Məhəmməd Əminə zahiri oxşarlığı hiss olunur. Hətta illər sonra oğlu Əli Məhəmməd Əmin Rəsulzadənin "Azadlıq" radiosunda çıxışını eşidəndə bu səsin atasının səsinə bənzərliyinə heyrətini gizlədə bilməmişdi. Ona elə gəlmişdi ki, o bu səsi nə vaxtsa, lap yuxuda olsa belə, eşitmişdi... Heyf ki, bu, Həsənağanın özünə qismət olmadı. Həsənağa 1964-cü ildə 47 yaşında dünyasını dəyişdi. Ölümündən səkkiz il sonra Dəvəçi küçəsində Kərbəlayi Əliylə Şəhrəbanu xanıma toy hədiyyəsi kimi alınmış bu mülk də öz ömrünü başa vurdu... Vaxtilə burda atanın dayısı yaşayıb, Stalinlə dost olub İndi o ev, o ocaq, həyatı keşməkeşlərlə keçən o adamlar xatirələrdə yaşayır. Kərbəlayi Əlinin adaşı, nəvə Əli Novxanı bağlarında həm də qonşu olduqları atasının əmisi oğlanları - Hacı Behiştin, Hacı Bəybalanın əmidostuları, atasının bibisi Həvva xanımın Şərəbanu nənəsi haqqında necə böyük sevgiylə danışdıqlarını, anasının ilk dəfə Nizami metrosunun qabağında yavaş səslə "vaxtilə burda atanın dayısı yaşayıb, Stalinlə dost olub" deməyini xatırlayır. O vaxt balaca Əli ata dayısının dövlət başçısı yox, Stalinin dostu olduğu üçün böyük adam olduğunu düşünübmüş... İkinci-üçüncü sinifdə oxuduğu vaxtlarda Məhəmməd Əmin Rəsulzadənin oğlu onların bağına gəlib. Səhərə kimi Həsənağayla söhbət eləyib gedib. Evlərində bir tablo vardı, anası deyərdi ki, bu tablonu Azər çəkib, atanın dayısı oğlu... O vaxt bu söhbətlərdə anlaşılmaz, müəmmalı nəsə vardı. Amma zaman aram-aram bütün həqiqətləri üzə çıxarır... Azər bəylə ikinci görüş Azər bəylə ikinci görüşü də elə həqiqətlərin üzə çıxdığı məqamlara təsadüf elədi. O vaxt Azər bəy Bakıda Leçkomissiya deyilən xəstəxanada yatırdı. Məhəmməd Əminin yadigarı "heç nə gətirmə, təki özün gəl" deyirmiş ona. Bütün ömrünü qürbətdə yaşayan Azər bəy doğmalarının sözünü-söhbətini, bir də tar səsi eşitmək istəyirmiş. Bir dəfə Azər bəy Bakıda olanda Məhəmməd Əminin qız nəvəsi Füruzə xanımgildə yığışıblar. Füruzə xanım deyib: "Biz gərək özümüzü elə ləyaqətli aparaq ki, heç vaxt Rəsulzadənin adından istifadə eləməyək, Rəsulzadənin adına layiq olaq". Bu söz Şəhrəbanu xanımın nəvəsi Əlinin yaddaşında silinməz iz buraxır. Çünki Məhəmməd Əmin də öz ömrünü ləyaqətlə yaşadı və heç vaxt əyilmədi, heç bir sarsıntı onu sındıra bilmədi. O, güclü şəxsiyyət idi. Ruhun təmizliyi qəlbin iztirablarından keçir. Məhəmməd Əmin qürbət, ayrılıq acılarından keçib böyük sevdasını yaşatmağa özündə güc tapdı. Sovet imperiyası Azərbaycanı əridib tamam yox eləmək istəyirdi. Rəsulzadə isə dünyanı gəzib Azərbaycanın itirilmiş istiqlalından danışırdı. Böyük bir imperiya ilə təkbaşına vuruşmaq idi bu. O, ilk gəncliyindən ta ömrünün sonuna kimi bu mübarizədən geri çəkilmədi. Ölüm ayağında deyilən söz İnsan ölüm ayağında bəlkə həyatda heç vaxt olmadığı qədər səmimi olur, doğmalarını xatırlayır, əzizlərinin adını çağırır, deyirlər. Məhəmməd Əmin Rəsulzadə son nəfəsdə üç dəfə "Azərbaycan" deyib! O, ürəyində, əməllərində yaşatdığı gerçək və təmənnasız Azərbaycan sevgisini ölümüylə də təsdiqləyən böyük Azərbaycanlıdı. Amma son anadək əhdinə, sevdasına sadiq qalan bu yenilməz adamın içində özündən belə gizlətdiyi bir qərib yaşayırmiş. Qəmlərin şırım açdığı bu ürəkdə əlbət ki, Şəhrəbanu xanım kimi bütün döğmalarının həsrəti əriyib böyük Azərbaycan həsrətinə qarışmışdı... Evinin yerində "Nizami" metrosu Gün gələcəkdi, evlərini söküb yerində metro stansiyası tikəcəkdilər, stansiyaya Nizaminin adını verəcəkdilər. Adı məmləkətində yasaq olan qardaşı "Azərbaycan şairi Nizami" əsəriylə bütün dünyaya bu böyük söz ustadının Azərbaycan şairi olduğunu sübut eləyəcəkdi. Sovetlər Birliyinə taleyin istehzası kimi elə bu məkanda, öz doğma ocağında Nizaminin adı hər çəkiləndə qardaşının adı da səssiz-səmirsiz xatırlanacaqdı... Və yüz il sonra bu şəhərdə ulu nənəsinin adını daşıyan, Məhəmmməd Əmin Rəsulzadənin qurduğu dövlətdə, bir kərə yüksələn bayrağın hər əsintisiylə qürur duyan bir qızcığaz - balaca Şəhrəbanu yaşayacaqdı. Heyflər olsun ki, o, bütün bunlardan xəbərsiz dünyadan köçəcəkdi... Fotolarda: Məhəmməd Əmin Rəsulzadənin tək bacısı Şəhrəbanu Bacısı oğlu Həsən
2014-01-26
7,331
Heydər Əliyevin görülməmiş fotosu yayıldı
Prezident İlham Əliyevin qızı, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva öz "Feysbuk" səhifəsində babası, mərhum eks-prezident Heydər Əliyevlə birgə fotosunu paylaşıb. "Axar.az" xəbər verir ki, foto ilk dəfədir ki, mediada yayımlanır. Leyla xanım fotoyla bərabər müəllifi olduğu "Elegiya" adlı şeirini də paylaşıb. Ekskluziv fotonu və şeiri təqdim edirik. Elegiya Ulduzlara uçan quşa dönəydim, Ay da yollarıma nur ələyəydi. Məğrur yerişinlə qoşa dönəydin, Sənə yer üzündə yer eləyəydim. Dinlə kədərimin pıçıltısını - Mən yaxşı bilirəm ayrılıq nədi!.. Küləklər könlümün qışqırtısını Kaş ki kainata yaya biləydi. Könüllər yaşadır gur nəfəsini, Sənsiz hər bir anın öz qüssəsi var. Müqəddəs səsinin xatirəsini Anlada bilərmi çağlayan çaylar? Bulud karvanına qoşulum yenə, Gəzim asimanı, hardasan görüm. Çatıb ucalığa, yetişim sənə, Əlimi əlindən yapışan görüm! Acı göz yaşını sel elə gəlsin, Ey yağış, soyumur dərdimin odu. Qüssədən qocalan Ay dilə gəlsin, Söyləsin, ruhunun haradı yurdu? Dağ idin, çiynimi dağlara verdim, Dağların dərdini çəksə, dağ çəkər. Sənə məhəbbətim dağlar qədərdi, Yerini dağlardan soruşum bəlkə? Bəlkə çinarlarla baş-başa verim, Görən qovuşarmı boyum boyuna? Gərək sənə yetə bu qəmli şeirim, Gərək sənə yetə... haqqım var buna. Nurunu gözümdə saxlayım necə? - Möcüzə yaratmaq gəlmir əlimdən. Parçalan, ey zülmət, çəkil, ey gecə, Günəşə qovuşmaq istəyirəm mən!
2014-01-26
7,332
Daxili Qoşunların komandanı Bakıda hərbi hissədə olub
Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov yanvarın 26-da gənc əsgərlərin qəbulu, yerləşdirilməsi və tədris prosesinin vəziyyətini yoxlamaq məqsədilə qoşunların Bakı şəhərinin Nərimanov rayonunda yeləşən "N" saylı hərbi hissəsində olub. Daxili İşlər Nazirliyi Daxili Qoşunların mətbuat xidmətindən verilən məlumata görə, hərbi hissə komandanlığı gənc əsgərlərin mövcud şəraiti, aparılan fərdi psixoloji söhbətlər, həmçinin sağlamlıq durumları barədə geniş məruzə edib. Daxili Qoşunların komandanı gənc əsgərlərin hərbi xidmətə çağırışa qədərki dövrdə ailə vəziyyəti, məşğul olduqları peşə sahələri, eləcə də hazırkı mənəvi-psixoloji keyfiyyətlərinin dərindən öyrənilməsinin zəruriliyini vurğulayıb. O, eyni zamanda, hərbi hissənin tibb məntəqəsində müalicə olunan gənc əsgərlərlə maraqlanıb, səhhətlərində əsasən mövsümü xəstəliklərin müşahidə olunduğu bir neçə hərbi qulluqçuların daima həkim nəzarətində olması tapşırığını verib. Sonra ənənəvi olaraq əsgər valdeynləri ilə görüş keçirilib, onların fərdi qaydada müraciətləri dinlənilib. Əsgər valideynləri övladları üçün yaradılmış hərtərəfli şəraitə görə ölkə və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər (Trend).
2014-01-26
7,333
Türkiyəyə müdaxilə etmək vaxtıdır
"Ərdoğana qarşı səssiz qalmaq vaxtı deyil". "Axar.az" xəbər verir ki, bu sözləri ABŞ-ın Türkiyədəki keçmiş səfirləri Erik Edelman və Marto Abramoviç yazdıqları məqalədə işlədiblər. Onlar Ərdoğanın Türkiyəni uçuruma apardığını iddia ediblər. Eks-səfirlərin fikrincə artıq Barak Obamanı hadisələrə müdaxilə etmək vaxtı çatıb. E.Edelman və M.Abromoviçə görə, əgər prezident B.Obama baş nazirlə bağlı heç bir tədbir görməsə bunun ABŞ üçün zərərli olacağını bildiriblər. "Ərdoğan qarşısında heç kimi görmək istəmir. Müxalifəti o sıradan çıxartmağa çalışır. Əsgərləri siyasətdən uzaqlaşdırdı. Ən sonda da Gülənçilərə ilişdi. Türklər amerikalılara çox da inanmırlar, amma nəyəsə ümid etmək olar. Artıq hadisələrə müdaxilə etmək, Ərdoğana lazımı cavabı vermək vaxtıdır".
2014-01-26
7,335
Sanitar normalara cavab verməyən 16 obyekt bağlanıb
Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi əməkdaşlarının son bir neçə ayda ictimai iaşə, yeyinti sənayesi və ərzaq ticarəti obyektlərində apardıqları yoxlamalar nəticəsində sanitar normaların çoxlu sayda pozulması halı aşkar edilib. "Axar.az" xəbər verir ki, yoxlamalar zamanı sanitariya qanunvericiliyinin pozulmasına görə 32 obyekt sahibi cərimələnib, 16 obyektin fəaliyyəti dayandırılıb. Toyuq dönəri satılan obyektlər isə tamamilə bağlanıb.
2014-01-26
7,336
Gürcüstan assosiasiya müqaviləsinə imza atacaq
Gürcüstan Avropa İttifaqı ilə assosiasiya müqaviləsinə cari ilin avqust ayında imza atacaq. "Axar.az" xəbər verir ki, bu barədə açıqlamanı İsveçin Xarci İşlər naziri Karl Bild Gürcüstanın Baş naziri İrakli Qaribaşili ilə görüşdən sonra verib. Xatırladaq ki, isveçli diplomatla Gürcüstan hökumətinin başçısı arasında danışıqlar Davosda keçirilən Beynəlxalq İqtsadi Forumda baş tutub. Qeyd edək ki, tərəflər müqavilənin texniki parafirlənməsinə ötən ilin noyabrın 28-29 aralığında Vilnüsdə razılığa gəliblər.
2014-01-26
7,338
Rusiya xüsusi təyinatlılarını Ukraynaya göndərdi - Şok İddia
Avromaydanı dağıtmaqdan ötrü Rusiyadan xüsusi təyinatlılar gətirilib. Axar.az xəbər verir ki, bu açıqlama ilə Batkivşina Partiyasından olan deputat Andrey Parubiy çıxış edib. O, artıq Rusiyadan gətirilmiş xüsusi təyinatlıların 1 saatdır ki, Ukraynada olduğunu bildirib: "Bizə bununla bağlı informasiyalar daxil olub. Əsas məqsədin "Berkut"la birgə Avromaydanı dağıtmaqdan ibarət olduğu deyilir. Ona görə də bizim adamlarımız artıq bu faktı yoxlayırlar".
2014-01-26
7,339
“Əvvəla Allahın, sonra Ərdoğanın sayəsində...”
"17 dekabr" rüşvət və korrupsiya qalmaqallarından sonra Türkiyənin gündəmdən düşməyən Ətraf Mühit və Şəhərsalma naziri Ərdoğan Bayraqdar ilk dəfə Tvitter sosial şəbəkəsindən mesaj paylaşıb. "Axar.az" xəbər verir ki, rüşvət və korrupsiya iddiaları əsasında başladılan 17 dekabr əməliyyatından sonra həm nazirlikdən həm də millət vəkilliyindən istefa verdiyini açıqlayan Bayraqdar Tvitter hesabından "Əvvəla Allahın, ondan sonra Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın sayəsində parlament üzvü, millət vəkili, TOKİ başqanı və nazir olduğum həqiqəti ortadadır", - deyə yazıb.
2014-01-26
7,340
Qəzzafinin hərəmxanası ilk dəfə görüntüləndi – Video/Foto
Liviyanın devrilmiş lideri Müəmmər Qəzzafinin uzun illər gənc qızlara qarşı törətdiyi işgəncə və təcavüz otaqlarının görüntüləri yayımlanıb. "Axar.az" xəbər verir ki, görüntülər "BBC 4" kanalının hazırladığı sənədli filmdə öz əksini tapıb. Ölümündən iki il keçməsinə baxmayaraq, onun ölkədə yaratdığı qorxu hələ də davam edir. 42 il iqtidarda olan Qəzzafinin 14 yaşından aşağı olan qızlara qarşı törətdiyi cinsi təzyiqlərin məkanları ilk dəfədir ki, yayımlanıb. Vurğulanır ki, gənc qızlar təcavüz olmamışdan öncə tibbi müayinədən keçirilib. Bunun üçün tibbi personal və avadanlıqlar otağı müəyyənləşdirilib. Cakuzi, mühafizə otaqları və digər təlabatlı məkanlar hərəmxananın əsasını təşkil edib. Adı çəkilən məkanların video və fotolarını təqdim edirik.
2014-01-26
7,341
Azərbaycanlılar ABŞ-da televiziya yaradır
Nyu York şəhərində azərbaycanlı gənclər tərəfindən onlayn televiziya yaradılacaq. "Axar.az" xəbər verir ki, yeni yaradılmış televiziyanın əsas məqsədinin Azərbaycan mədəniyyətini Nyu Yorkda təbliğ etməkdən ibarət olduğu bildirilib. Yaradılacaq TV-nin ilk buraxılışının 30 dəqiqə olması nəzərdə tutulub. ACCNY (Azerbaijan Cultural Center in New York) TV-nin əsas heyətinin 7 nəfərdən ibarət olduğu deyilir. Siyahını təqdim edirik: 1. Təsisçi - Telman Cəlil. 2. Baş rejissor - Zeke Gase. 3. Rejissor assistenti - İlahə Məmmədova. 4. Redaktor - Aytən Nəbiyeva. 5. Səs rejissoru - Fərid Ismayılov. 6. Aparıcı - Nabat Mahmud Turk. 7. Aparıcı - Vüqar Əzizov.
2014-01-26
7,342
Cennifer Lopezin əri Bakıda konsert verəcək
Məşhur müğənni Mark Entoni Bakıda konsert verəcək. Dünya şöhrətli ulduzun konserti mayın 23-də "Baku Crystal Hall"da baş tutatacaq. Qeyd edək ki, bu, Mark Entoninin ilk dünya turu olacaq. O, müğənniliklə yanaşı aktyorluğu ilə də məşhurdur. Onun salsa stilində ifaları çox sevilir. Mark Entoni məşhur müğənni Cennifer Lopezlə evli olub. Cütlüyün əkiz övladı var ("Axşam.az").
2014-01-26
7,343
Ənvər paşanın nəvəsi ermənilərə məsləhət verdi
"Erməni soyqrımı bir nağıldır". Türkiyənin "Doğan" xəbər ağentliyi xəbər verir ki, bunu Azərbaycan üçün də böyük xidmətləri olan türk hərbiçisi Ənvər paşanın nəvəsi Osman Mayatəpək deyib. O, ermənilərin soyqrım iddialarının çox kiçik bir qrup tərəfindən şişirdildiyini bildirib: "Ermənistanda çox kiçik bir kütlə soyqrım iddialarını şişirdib və nəticədə də mükəmməl şəkildə ondan istifadə edərək yaşayırlar. Amma yazıq camaatın ətrafı qapalıdır, dəniz və bir açıq səmti yoxdur. Soyqırım iddiaları ilə bu insanlar aldadılır, özləri isə rifah içində həyat sürürlər". Osman Mayatəpək soyqırım iddiaları aradan qaldırdıqdan sonra Ermənistan - Türkiyə münasibətlərinin yaxşılaşacağına ümid etdiyini söyləyib: "İnşallah, bu soyqırım iddiaları aradan qalxandan sonra qonşumuz olan Ermənistanla münasibətlərimiz yaxşılaşacaq. Onlarla mədəni və ticarət əlaqələri qura bilərik" (ANS).
2014-01-26
7,344
Beşmərtəbəli binanın uçması ilə bağlı cinayət işi açıldı
Bakının Nərimanov rayonunda sökülməkdə olan beşmərtəbəli binanın uçması ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, faktla bağlı dərhal Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə zəruri ekspertizalar təyin olunub. İstintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, yanvarın 25-də Bakı şəhəri, Nərimanov rayonunda hazırda yaşayış olmayan, sökülməkdə olan beşmərtəbəli bina uçub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bina uçaraq yaxınlıqda olan avtomobilin üzərinə tökülüb. Nəticədə 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu vəfat ediblər ( Trend ).
2014-01-26
7,345
12 xəstəliyə səbəb olan içki
İçərkən dadına doymadığınız qazlı içkilər bir çox xəstəliklərə yol açır. Məşhur yazar Karen Hill "Bəsdir! Artıq pəhriz saxlamaq istəmirəm!" adlı kitabında bu içkilərin səbəb olduğu 12 xəstəliyin adını açıqlayıb. Məmin kitabda colanın sağlamlığa vurduğu böyük ziyanlar barədə oxucularını məlumatlandırır. İnsanlar arasında sanki cola asılılığı var. Colanın ziyanlarını hər tərəfdən eşitsələr də bunu içməyi tərgitməyənlər, colanı su əvəzinə içənlər var. Cola asılılıq yaradan bir içkidir və onu tərgitmək çətindir. Colanı tərgitmək istəyən insanlar ilk anlar miqren, kəskin baş ağrıları, əsəbilik və yuxusuzluq kimi problemlərlə qarşılaşırlar. Ancaq iki gün keçdikdən sonra yaxşılaşırlar ("Ailəm.az"). Colanın səbəb olduğu 12 xəstəlik: - Artıq çəki və yağlanma - Qaraciyər zədələnməsi - Diş çürüməsi - Böyrək daşları və xroniki böyrək xəstəliyi - Şəkər xəstəliyi - Turşu refleksi - Sümük əriməsi - Yüksək təzyiq - Ürək xəstəliyi - Həzm pozğunluğu - Unutqanlıq - Xərçəng
2014-01-26
7,346
İnsanların çoxunda vampirliyə meyl var...
Populyar yazıçı Paulo Koelyo, 66 yaşında, vətəni Braziliya ilə abstrakt bağlılığından, hippilikdən ayrılmağından, tanımadığı adamlarla kofe içməsindən danışır. Yazmaq - paylaşmaq deməkdir. Nələrisə paylaşmaq, fikirlərini, ideyalarını, rəyini bölüşmək istəyi insaniyyətə xas bir cəhətdir. Lap erkən yaşlarımdan özümçün kəşf eləmişdim ki, mənim üçün ünsiyyətin ən münasib yolu yazmaqdır. Amma özümü bu işə həsr etmək zərurətini yalnız illər keçəndən sonra anladım. Doğulmağımdan sonrakı anlar da yadımdadır. İçəri kimsə girdi və mən öz-özümə dedim: "Bu mənim nənəmdir". Heç kəs inanmır mənə. Həkimlərdən də soruşmuşam ki, belə bir şey mümkündürmü? Onların cavabı həmişə "yox" olub. Amma mən həmin gün gördüklərimi həqiqətən də xatırlayıram. Yazmaq - özünə qapanmaq deməkdir. Mən sınamalara çox inanıram. Əgər yazdığım kitabı bitirməmiş onun haqqında danışsam, yaxud adını ucadan desəm, yazmaq üçün lazım olan enerjinin tükəndiyini hiss edəcəyəm. Bu, elə bir məhrəm məsələdir ki, onu hətta həyat yoldaşımla da bölüşmürəm. Mənim Braziliya ilə bağlantım çox abstraktdır. Qanım Braziliya qanıdır, düşüncə tərzim də. Vəssalam. Keçmişimə qayıtmağa meylli birisi deyiləm. Düzdür, Braziliyada mənzilim var, amma orda nadir hallarda oluram. Mən gedəndə birdəfəlik gedirəm. Çox pul qazanmışam. Əlbəttə, Cenevrənin qışında (Koelyo indi orada yaşayır - red) paltonun əlasını geymək yaxşıdır, amma məndə belə bir hissiyyat var ki, həmişə varlı olmuşam. Ən çox zövq aldığım şeylərə elə varlı olmadığım vaxtlarda da imkanım çatıb. Səyahət etmək, ox atmaq, yazmaq və mütaliə etmək elə də bahalı məşğuliyyətlər deyil. Taleyimin məndən asılığı var, aqibətiminsə yox. Tale o deməkdir ki, sənin sağa, yaxud sola dönmək seçimin var. Aqibət isə döngəsiz yoldur. Mən əminəm ki, bizim hamımızın seçim edib öz taleyimizin axarını müəyyən etmək imkanımız var. Amma aqibətimiz alın yazımızdır. Çox adamı zəhmim basır. Onların mənim məşhurluğuma reaksiyası iki cür olur: ya özlərini çox utancaq aparırlar və mən məcbur olub dayanmadan danışmalı oluram, bu da məndən ötrü çox darıxdıcıdır, ya da hansısa gurultulu adlar çəkməyə, necə zəngin olduqlarından dəm vurub lovğalanmağa başlayırlar. Hippilikdən ayrılmağıma təəssüflənmirəm. Düzdür, bunun kefini də çıxarmışam, beş-üç manatla dünya səyahətinə də çıxmışam. Amma mən o həyat tərzinə ömürlük davam edə, yer üzünü daim hallı vəziyyətdə gəzib dolaşa bizlməzdim. İnsanlar təbiətən monoqam deyillər. Bu, insan nəslinin qorunması zərurəti ilə bağlıdır. Amma mənim nikaha inamım böyükdür. 34 ildir ki evliyəm. Mənim həyatımda ən mühüm dəyər - sevgidir. Hirsli vaxtlarımda reaksiyam vəhşi heyvan kimi ola bilər. Bu, Latın temperamentimlə bağlıdır. Ovqatım təlx olubsa, bunu mütləq hiss edəcəksiniz. Məndən çox pis siyasətçi çıxardı, çünki daim düşündüyümü deyirəm. Bir çox insanlarda vampirliyə meyl var. Halbuki qocalma prosesinə qarşı mübarizə aparmağın xeyri yoxdur. Mən xoşbəxtəm ki, cavanlıqda ölməmişəm və ağrı-acısız qocalıram. Mən bundan həzz alıram. Boş vaxtım çox olur. Belə bir təsəvvür var ki, əgər sən yazıçı kimi uğur qazanmısansa, deməli başını qaşımağa vaxtın yoxdur. Məndə belə deyil. Mənim gəzməyə də, tanımadığım adamlarla kofe içməyə də nə qədər desən vaxtım olur. Mən ən ucqar kitab dükanlarına yalnız ona görə baş çəkirəm ki, görüm hələ də satışda kitablarım varmı? "Azadlıq.org" www.theguardian.com Tərcümə: R.Qəmbərov
2014-01-26
7,347
Ukrayna növbəti qalda: Rumıniyadan ərazi iddiası
Kiyevdəki hadisələrin gərgin bir vaxtında Rumıniyada bəzi dairələr və kütləvi informasiya vasitələri fürsətdən yararlanaraq, Ukraynaya qarşı torpaq iddiası ilə çıxış ediblər. "Axar.az"ın məlumatına görə, Rumıniyadan səslənən bəyanatlar o qədər ciddi xarakter alıb ki, hətta hərbi müdaxilənin mümkünlüyü istisna olunmayıb. "Ukrayna vətəndaş müharibəsi astanasındadı. İstisna olunmur ki, olkə iki hissəyə bölünəcək: Qərbi və rusiyameyilli Şərqi Ukrayna. Belə olan təqdirdə Rumıniya Şimali Bukovina, Hersok dairəsi, Şimali və Cənubi Bessarabiyadakı rumınların müdafiəsinə qalxa bilərmi?" – başlığı ilə nüfuzlu "Adevarul" rumın dərgisində ictimaiyyətə müraciət olunub. Materialda vuğulanır ki, Ukrayna SSRİ tör-töküntüsündən yaranan qeyri-xalq dövlətidir. Rumıniyanın 24 illik tarixə malik qonşusuna haqlı ərazi iddiası var. Güc tətbiqinə üstünlük verən Yanukoviç administrasiyasının müxalifətlə gərginliyi ökəldə vətəndaş muharibəsini qaçılmaz edir: "Məgər belə durumda Rumıniya Ukraynada yaşayan soydaşlarının hüquqlarının müdafiəsinə, eləcə də tarixi torpaqlarının hərbi yolla qaytarılmasına addım atmamalıdımı?" – dərgidə vurğulanır. Dərginin iddiasına görə, hazırda Ukrayna əraziləri olan Şimali Bukovina, Hersok dairəsi, Şimali və Cənubi Bessarabiya 28 iyun 1940-cı ilə qədər Böyük Rumıniyanın tərkibində olub. Hətta alman faşistlərinin zəbtindən sonra belə bu torpaqlarda 1941-1944-cü illərdə Rumın qanunları işləyib.
2014-01-26
7,349
Şabranda cücə sexi yandı
Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1200 kv.m olan, hal-hazırda fəaliyyət göstərməyən cücə sexinin içərisində olan avadanlıqların yanar konstruksiyaları (8 ədəd təmizləyici qurğu, 2 ədəd istilik generatoru, yem və su qabları) yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sex və yaxınlıqdakı otaq yanğından mühafizə olunub. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-26
7,350
Bərdə sakini özünü öldürmək istədi
Bərdə sakini intihara cəhd edib. Verilən məlumata görə, rayonun Xanərəb kəndinin sakini odlu silahla özünü öldürmək istəyib. 30 yaşlı Xəlilov Elmir Xəlil oğlu açdığı atəşdən yaralanıb. O dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda həkimlər ona tibbi yardım göstərir. Faktla bağlı Bərdə rayon prokurorluğunun və Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. Hələlik hadisənin səbəbi barədə açıqlama verilmir (ANS).
2014-01-26
7,351
Xırdalanda aldadılan sakinlər etiraza qalxdılar
"HAYAN MMC" 360 ailəni evsiz qoyub; "bir mənzil 2, hətta 3-4 nəfərə satılıb"; şirkət rəhbərliyi bəhanələrlə problemdən yayınır... Xırdalanda "HAYAN MMC" tikinti şirkəti ilə payçılar arasında ciddi narazılıq yaranıb. Belə ki, 2006-cı ildə şirkət şəhərin mərkəzi küçəsində bina inşa etməyə başlayıb və mənzil almaq istəyən yüzlərlə insan ona üz tutub, pul ödəyib. Amma binanın tikintisi naməlum səbəblərdən getmir. 8 ildir gözlənti içərisində olan və kirayələrdə yaşayan, şikayət etmədikləri qurum qalmayan sakinlər yanvarın 26-da binanın önündə toplaşaraq aksiya keçirdilər. Şikayətçi Elmira Əhmədova bildirdi ki, onlar "HAYAN MMC" şirkətindən ev aldıqları gündən etibarən zülm çəkirlər. "2006-cı ildə Elman Tağıyev adlı şəxsin rəhbərlik etdiyi "HAYAN MMC" şirkətinə mənzil almaq üçün müraciət etmişik. Buna baxmayaraq həmən gündən indiki günə kimi tikinti başa çatmayıb. Binada 360 payçı var. Payçıların böyük əksəriyyəti mənzilin pulunu tam olaraq ödəyib, digər payçılar arasında 20 min, 40 min, hətta 60 min manat ödəyənlər də var. Buna baxmayaraq mənzillər tikilib təhvil verilməyib və nə vaxt bitəcəyi də deyilmir. Biz bununla bağlı Elman Tağıyevin qəbulunda olmuşuq, ona şikayətimizi bildirmişik. Bizə hər dəfə söz verib ki, narahat olmayaq, hər şey yaxşı olacaq, tikinti davam edəcək. Amma bu vədlərin heç biri yerinə yetirilməyib. Elə bir qurum qalmayıb ki, ora müraciət etməyək. Heç bir qurum bizim şikayətimizə baxmır. Vəziyyətimiz çox pisdir. 360 ailənin 70-80 faizi kirayələrdə qalır. Bəzən bir neçə fəhlə yalandan gəlib burda gəzişir ki, guya iş gedir. Amma heç bir iş getmir, baş aldatmaq üçün edilən hərəkətlərdir. Elman Tağıyev deyir pul yoxdu, tikə bilmirik". Sakinin sözlərinə görə, Elman Tağıyevin başqa adlarda da bir neçə tikinti şirkəti var: "Bizdən öncə başqa insanlardan, onlara mənzil vədi ilə pullarını alıb ancaq binanın tikintisinə başlamayıb. Həmən iş üzrə hazırda məhkəmə prosesi gedir. Hər dəfə yeni şirkət yaradaraq insanları aldadır. Aldatdığı insanların bəzilərini razı salmaq üçün bu binaya yollayıb ki, oradan mənzilinizi verəcəyəm. Bu binada söz verdiyi mənzil isə artıq başqasına satılmış olur. Yəni bir mənzili iki nəfərə, bəzən isə 3-4 nəfərə satır". Digər şikayətçi Hüseyn İsmayılov Elman Tağıyevə açılmış məhkəmə prosesinin Həzi Aslanov metrostansiyası yaxınlığındakı tikinti ilə bağlı olduğunu söylədi: "Orada tikdiyi binandakı mənzilləri bir neçə nəfərə satdığı üçün onu 2011-ci ildə məhkəməyə vermişdilər. Elman Tağıyev həbs edilmişdi. Amma 2012-ci ildə həbsdən buraxdılar, bir şərtlə ki, altdatdığı insanları evlərlə təmin etsin. Mən də o binadan ev alanlardan biriyəm. Oradan bu binaya göndərdilər ki, sənin mənzilini bu binadan verəcəyik. Maraqlısı burasındadır ki, mənə bu binanın 13-cü mərtəbəsindən ev veriblər, amma bina 12 mərtəbəlidir. Məni iki dəfə aldadıblar". Binanın digər payçılarından olan Tahir Bəxtiyarov isə ona satılmış evin iki sahibi olduğunu dedi: "Hər ikimizin də bu mənzilə müqaviləmiz var. Elman Tağıyevə deyəndə ki, bəs bu nə məsələdir, cavabında deyir ki, mənzil sənindi, digər ev sahibinə də deyir ki, mənzil sənindi. Mənim heç vaxt ağlıma gəlməzdi ki, məni aldadarlar. Biz milyoner deyilik, hamımız adi insanlarıq, güclə pul toplayıb ev almışıq. Yenə də kirayələrdəyik. Kimə müraciət etsək heç bir fayda vermir". Başqa bir şikayətçi Mehman Mustafayevun sözlərinə görə, şikayətçilərdən binanın üstünə çıxıb özünü atmaq istəyən olub: "2006-cı ildə "HAYAN MMC" şirkətindən mənzil almışam. Ümid edirdim ki, artıq mənim də evim olacaq. Amma dəyişən heç bir şey yoxdur hələ də kirayədəyəm. Bina göz qabağındadır, şikayətimizə baxan yoxdur. Artıq boğaza yığılmışıq". Tikinti şirkəti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən tapılmadı ("Musavat.com").
2014-01-26
7,352
Ərdoğanın müavini Gülən camaatına meydan oxudu
"Türkiyədə AKP hökümətini yıxmağa çalışan bir mərkəz var". Verilən məlumata görə, bu sözləri baş nazirin müavini Bülənt Arınç bildirib. Onun sözlərinə görə, artıq həmin mərkəz təsbit olunub: "Bu mərkəzdə ictimai rəyə təsir göstətməyə çalışan, tək bir məqsədə xidmət edən və planlı hərəkətdə olan insanlar var". Daha sonra Türkiyə hökümətinin özünü qorumaq üçün lazımı tədbirləri gördüyünü bildirən Bülənt Arınc qeyd edib ki, onlar sonacan mübarizələrini davam etdirəcəklər: "Hər kəs yalnız konstitusiyada təyin olunan səlahiyyətlərindən istifadə edə bilər. Hər məmurun fikrindən fərqli partiyalar keçə bilər. Siyasi düşüncələri fərqli ola bilər. Amma gördüyü işdə bunu hiss etdirmək olmaz. 76 milyon insanı maraqlandıran vəzifələrdə partiya maraqlarını güdə, partizanlıq, hələ-hələ hökumət düşmənliyi edə bilməzsən. Bunlar ortaya çıxdılar. Hökumət tədbirini görüb və görməyə də davam edəcək. Tək məqsədləri hökuməti yıxmaqdır. Bizim də tək məqsədimiz hökuməti qorumaq və bu oyunu pozmaqdır. Yalnız biz deyil, bütün Türkiyə bunun bir oyun olduğunu başa düşdü" (ANS).
2014-01-26
7,353
Hakimiyyəti ələ keçirməyə cəhd edənlərə cinayət işi açıldı
Bu gün Ukraynada müxalifətin radikal əhval-ruhiyyəli tərəfdarları şəhər Meriyası və Kremençuq Radasının yerləşdiyi binanı ələ keçirməyə çalışıblar. "Axar.az" bu haqda Rusiya mətbuatına istinadən xəbər verir. Bildirilir ki, Kremençuq Şəhər Milis İdarəsi şəhər Meriyasının və Kremençuq Radasının yerləşdiyi binanı ələ keçirmək faktıyla bağlı cinyat işi açıb. Bu haqda şəhər porkuroru Timofey Koloda məlumat yayıb. Cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 341-ci (hakimiyyət orqanlarının fəaliyyətini təmin edən binanın ələ keçirilməsi cəhdi) maddəsilə açılıb. Xatıladaq ki, 2013-cü il noyabrın sonlarında Ukraynada Avrointeqrasiya proseslərinin dayandırılmasına etiraz hərəkatı başlayıb. Hadisələrin sonradan daha şiddətli hal almasına isə bu il Radanın "icazəsiz küçə aksiyaların keçirilməsi, KİV-lərdə böhtan, internetdə haker hücumları və ümumiyyətlə, vətəndaşların istənilən etiraz hərəkətlərinə qarşı sərtləşdirilmiş qanunlar paketi"nin qəbul edilməsi səbəb olub. Qanun yanvarın 22-sində qüvvəyə minib. Yanvarın 22-də Kiyevin mərkəzi Qruşevski küçəsində müxalifət tərəfdarları ilə hakimiyyət qüvvələrinin toqquşması nəticəsində maydançılardan Sergey Niqoyan və Mixail Jiznevski həyatını itirib. Onların odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilir. Ukrayna Daxili İşlər Nazirliyi isə bu şəxslərin ölümünə səbəb ola biləcək silahlardan istifadə etmədiyini iddia edir.
2014-01-26
7,354
Ölkəni döyüş meydanına çevirən qanun qüvvədə qalacaq
Yanvarın 16-da Ukrayna Ali Radası tərəfindən qəbul olunan qanun quvvədə qalacaq. "Axar.az" xəbər verir ki, bunu bu gün Rusiya mediasına açıqlamasında sözügedən ölkənin ali qanunverici orqanının hakim Regionlar Partiyasından olan üzvü Oleq Çaryov bildirib. Onun sözlərinə görə, qanun artıq qüvvəyə minib və sənədin ləğvindən söhbət gedə bilməz: "Qanun qüvvəyə minib, hazırda sənəd hüquqi təsirə malikdir. Sənədin ləğvindən söhbət gedə bilməz. Lakin mümkündür ki, maddələr üzrə müəyyən dəqiqləşdirmələr aparaq". Xatırladaq ki, 16–da qəbul olunan qanun Ali Radada ciddi etirazlara səbəb oldu. Sonra etirazlar Kiyevin mərkəzi küçələrinə sirayət etdi və hazırda Ukrayna böyük xalq aksiyalarının keçirildiyi ölkəyə çevrilib. Müxalifət nümayəndələr hesab edir ki, sənəd insan hüquq və azadlıqlarını ciddi şəkildə məhdudlaşdırır.
2014-01-26
7,355
Partlayıcı qurğu ilə oynayan 6 uşaq ölüb
Pakistanda partlayıcı qurğu ilə oynayan 6 uşaq ölüb. Hanqu şəhərinin polisi deyib ki, uşaqlar çöldə partlayıcı qurğu tapıb və qurğu ilə oynayan zaman partlayış baş verib. Ölənlərin 5-i oğlan, 1-i qızdır ("Azadlıq.org").
2014-01-26
7,356
Turistləri daşıyan gəmi qəzaya düşdü - 21 ölü
Associated Press agentliyi xəbər verir ki, turistləri daşıyan gəmi Benqal körfəzində qəzaya düşüb. Qəza nəticəsində 21 nəfər həlak olub, əlavə 13 nəfəri isə xilasedicilər sahilə çıxara biliblər. Hazırda fövqaladə xidmət əməkdaşları qəzaya uğrayan gəmidə qalan 9 nəfərin tapılması istiqamətində işləri davam etdirirlər. Verilən məlumata görə bütün turistlər Hindistanda yaşayanlardır. Qəzanın səbəbləri hələ ki, məlum deyil. Agentliyin məlumatına görə Hindistanda gəmi batması nadir baş verən hadisələrdən deyil. Mütəxəssislərin rəyinə görə bunun səbəbi təhlükəsizlik qaydalarına məhəl verilməməsi və həddindən artıq yükləmələrdir ("AzNews.az").
2014-01-26
7,357
Qara Tofiqə ağır itki üz verib
Müsavat Partiyası başqanının müşaviri, Milli Şuranın üzvü, Qara Tofiq ləqəbi ilə tanınan Tofiq Hüseynliyə ağır itki üz verib. Tofiq Hüseynlinin bacısı ağır xəstəlikdən dünyasını dəyişib. Başqan müşavirinin 58 yaşında vəfat edən bacısının xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi ("AzNews.az"). Allah rəhmət etsin!